Nadġr abdullayev


altında  gizlənir;  danıĢanın  özünə  yox,  sözünə  daha  çox  diqqət  et,  ölç,  biç



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   2   3   4   5   6   7   8   9   ...   22
Azf-277620


altında  gizlənir;  danıĢanın  özünə  yox,  sözünə  daha  çox  diqqət  et,  ölç,  biç 
sonra kəs; düĢün, daĢın, sonra danıĢ; anla, bil, sonra et və s.   
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və filosofları - 
Firdövsi  (934-1024),  Əbu  Reyhan  Biruni  (973-1048),  Mahmud  Kaşqarlı  (1029-
1126), Sədi Şirazi  (1184-1291) və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, 
danışıq  qabiliyyətinin,  sözdən  istifadə  bacarığının  insan  ləyaqəti  ilə  üzvi  bağlı 
olduğunu  həkimanə  sözlərlə,  ifadələrlə  oxucularına  çatdırmışlar.  Bu  baxımdan 
Sədi Şirazinin fikirləri daha səciyyəvidir:  
 
                      Nədir dil ağızda, ey ağlı olan? 
                      Hünər xəzinəsinə açardır – inan! 
 
                      Tələsik söyləmə sözünü bir dəm, 
                      Fikrini kamil de, gec olsa nə qəm... 
 
                      Əvvəl bir düşün, sonra dilə gəl, 
                      Divar tez yıxılar, olmasa təməl! 
 
Əbu  Əli  ibn  Sina  ritorika  elmi,  onun  qanunauyğunluqları,  söz  sənəti, 
gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. ilə bağlı dəyərli fikirlər söylə-
mişdir. 
Azərbaycanda  da  natiqlik  sənətinin  yaranması  tarixi  qədimdir.  Bu  sənət 
xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, 

 
18 
risalə,  təzkirə,  bədii  əsərlərində  yaranmış,  təşəkkül  tapmış,  həmin  mənbələrdə 
sözün qüdrəti ilə bağlı dəyərli fikirlər söylənilmişdir. 
Azərbaycan  şifahi  xalq  ədəbiyyatında    söz,  gözəl  danışmaq  qabiliyyəti 
bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin 
edilmişdir.  Ulu  əcdadlarımız  sözün  real  gücünü,  təbii  qüdrətini  həmişə  yüksək 
dəyərləndirmişlər. Babalarımız bəşər  tarixini obyektiv təhlil edərək belə bir nəti-
cəyə  gəlmişlər  ki,  insan  cismən  yox  olsa  da,  onu  tarixdə  yaşadan  sözdür.  Bizim 
çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz 
tariximizlə  ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü,  Füzulinin dövrü 
və  s.  Nizami  dövründə  yaşamış  sərkərdələr,  hökmdarlar  ancaq  Nizamiyə  görə 
tanınır,  yad  edilirlər.  Söz  müqəddəs,  sözü  cilalayan  ustad  isə  müqəddəslərin 
müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, 
ümid  qırır.    Söz  var  dağa  çıxarar,  söz  var  dağdan  endirər.  Söz  bir  olsa  dağ 
yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara. Söz var gələr keçər, söz var 
dələr  keçər.  Antik  dövrün  böyük  mütəfəkkiri,  qüdrətli  loğmanı  Hippokrat 
demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz. Min il bundan 
əvvəl  böyük  Firdovsi  yazırdı:  “Sözün  qədrini  bilin,  həyatda  ancaq  söz  yadigar 
qalır”. 
Orta  əsrlər  dövrünün  ən  görkəmli  alimlərindən  biri  olan  Nəsrəddin  Tusi 
özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrə-
tinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət 
göstəricilərindən  biri  sayırdı.  N.Tusi  göstərirdi  ki,  gözəl  nitq  üçün    birinci 
növbədə  dilin  özünün  səlisliyi,  ifadə  imkanlarının  genişliyindən  faydalanmaq  
vərdişlərinin  inkişaf  etməsi,  yəni  həmin  dildən  istifadə  edənlərin  hazırlığı  tələb 
olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə 
xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini 
zəruri saymışdır. Tusiyə görə,  insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, 
təbiətin  tərkib  hissəsidir;  onun  dünyaya  gəlməsində  Ana  və  Təbiət  Allahın 
buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən 
ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir 

 
19 
alim  fəzilət  sayır.  Bu  fəzilətin  insanda  nitfədən  (insan  yarandığı  gündən)  malik 
olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən 
çox  böyük  fərəh  duyur,  çünki  o  bütün bunları dərk  etmiş,  həqiqətə  yaxınlaşmış, 
Allaha  qovuşmuş  olur.  Məhz  bu  mənada  insan  dünyasında,  o  cümlədən,  Tusi 
nəzəriyyəsində  natiqlik  müqəddəs  sənət,  söz  söyləmək,  danışmaq  möcüzəvi 
qabiliyyət sayılır (49).  
Azərbaycan  ədəbiyyatı  tarixində  nitqin,  danışığın  gözəlliyinə  yüksək 
qiymət  verənlər  çox  olmuşdur.  Ədəbi-tarixi  mənbələrə  görə,  Fələki  Şirvani, 
İzzəddin  Şirvani,  Mücirəddin  Beyləqani,  Əfzələddin  Xaqani,  Nizami  Gəncəvi, 
Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd 
Füzuli,  Sahib  Təbrizi,  Molla  Pənah  Vaqif,    Qətran  Təbrizi,  Şah  İsmayıl  Xətai, 
Marağalı Ədhəvi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə 
natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, nitqdə forma və 
məzmun  vəhdətinin  gözlənilməsi  və  s.  haqqında  janrın  verdiyi  imkan  ölçüsündə 
elmi-nəzəri  fikir  və  mülahizələr  söylənilmiş,  söz  sənətinə  yüksək  qiymət 
verilmişdir. 
Nizami sözün insan həyatında ecazkar qüvvəyə malik olduğunu, dünyanın 
gözünün  ilk  dəfə  sözlə  açılması  ideyasını,  fikirlərini  qüdrətli  poetik  bir  dillə 
tərənnüm etmişdir. “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı “Sözün qüdrəti” adlı 
ayrıca fəsil vermiş, sözün şəninə ən ləyaqətli sözlər işlətmişdir: 
 
                        Sözü qızıl yatağı altunla tutdu qoşa, 
                        Dedi söz sərrafına: “De hansı gəlir xoşuna? 
                        İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır?” 
                        Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır...!” 
                        Söz qasidi bələdsiz başa vurar yolları, 
                        Söz hünər meydanında yenər mərd oğulları... 
                        Söz hər yerdə hakimdir. Hamıdan başda olur. 
                        Dünyanın sərvətidir, inci qaş-daş da odur. 
 

 
20 
Nizamiyə  görə,  dünyada  ən  çətin  işləri  “hikmət  adamları”,  söz  ustaları, 
natiqlər yerinə yetirə bilirlər.  
 
                               Sözün qanadları var, quş kimi incə-incə, 
                               Dünyada söz olmasa, nəyə gərək düşüncə. 
 
Nizami  “İsgəndərnamə”də  Qədim  Yunanıstanın  natiq  dövlət  başçılarının 
obrazını İsgəndərin şəxsində ümumiləşdirmiş, natiqliyin cəmiyyətin ictimai-siyasi 
həyatında oynadığı rolu aşağıdakı misralarda ifadə etmişdir:  
 
                               Ona rast gələndə bir qatı düşmən, 
                               Vuruşda işləri bərkə düşərkən, 
                                Əvvəlcə, qızılı işə salardı, 
                                Qızıl tək işləri həll olardı. 
                                Qızıl iş görməsə, iş olsa mahal, 
                                Qılınca atardı əlini dərhal. 
                                Bir iş görməsəydi onlar da əgər, 
                                Köməyə gələrdi onda natiqlər. 
 
Nizami  “İsgəndərnamə”  epopeyasında  natiq    surətini  yaratmış,  onu 
mütəfəkkir, uzaqgörən, dərin hikmət sahibi kimi səciyyələndirmişdir. 
Azərbaycanın  böyük  şairi  “Məndə  sığar  iki  cahan,  mən  bu  cahana 
sığmaram” deyən İmadəddin Nəsimi sözün zirvəsində dayanırdı. Onun söz sənəti, 
natiqlik  sənəti,  sözün  qüdrəti  ilə  bağlı  olduqca  dəyərli  fikirləri  vardır.  Hürufilik 
təriqəti  ideyalarını  yayanlardan  biri  olan  Nəsiminin  özü  məharətli  bir  natiq 
olmuşdur.  Hürufilik  təriqəti  ideyasını  təbliğ  etmək  məqsədilə  xalq  qarşısında 
etdiyi  çıxışlarında  insanlardan,  onların  azadlıq  və  sərbəstliklərindən  ehtirasla 
danışır, zülmü, əsarəti, ədalətsizliyi tənqid  və ifşa edərdi. 
Böyük Füzuli sözə, nitqə yüksək qiymət və əhəmiyyət vermişdi. O yazır: 
 

 
21 
                               “Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, 
                               Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz? 
                               Artıran söz qədrini sidq ilə qədrin artırar, 
                               Kim nə miqdar olsa da, əhlin eylər ol miqdar söz. 
                               Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, 
                               Edə hər saət səni ol yuxudan bidar söz...” 
 
Füzuliyə  görə, söz müqəddəs bir ilahi varlıqdır, ruhdur. Söz canlı varlıq 
kimi  yaşayır,  daim  fəaliyyət  göstərir.    Söz  olmadan  real  varlıq,  cisim    mövcud 
deyil. Bu fikir şairin aşağıdakı beytində poetikləşdirilir: 
 
                           Can sözdür, əgər bilirsə insan 
                           Sözdür ki deyirlər, özgədir can. 
                        
                           Söz vardır kəsdirər başı, 
                           Söz vardır kəsər savaşı. 
                           Söz vardır ağulu aşı, 
                           Bal ilən edər yağ bir söz. 
                           
Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, 
belə bir qənaətə gəlirdi ki, dil “səni-sən, məni-mən, səni-biz, bizi-hamımız” kimi 
formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır. O, elmlik, aydın diksiya və 
musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı. 
 
                            Nəfəsi əhli-dilin cövhəri-candır bilənə, 
                            Nitqimiz qüdrəti-həq, ruhi-rəvandır bilənə - 
 
deyən  Xətai  ana  dilini  xalq    ruhunu  ifadə  edən  başlıca  vasitə  saymış,  yazının, 
oxunun,  dövlət  və  siyasət  işlərinin  ana  dilində  aparılması  ideyasının  praktik 
həllinə nail olmuşdur. 

 
22 
Sahib Təbrizinin aşağıdakı iki misrası ta qədimdən nitqə, onun gözəlliyinə 
əhəmiyyət və qiymət verildiyini göstərir: 
“Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq 
ilə suvanmış divar surətinə bənzəyir”. 
Orta  əsrlərdə  yaşayıb-yaradan  şairlər,  söz  ustaları,  natiqlərin  söz  (suxən) 
və  onun  qüdrəti,  tutarlı  və  orijinal  fikir  söyləmək  bacarığı,  natiqlik  məharəti, 
nitqin kamilliyi, təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi, 
söz ustası (süxənvər), danışığına fikir verən, danışa bilən (süxəndan) və s. barədə 
fikir və mülahizələr söyləmişlər. 
XVII-XVIII  əsrlərdə  aşıq  poeziyasında  da  sözün  tələffüzünə,  yatımlı 
deyilişinə  çox  fikir  verilmiş,  “İmran  dili”  dedikdə  gözəl  danışıq  nəzərdə 
tutulmuşdur. 
XIX  əsrdə  Azərbaycanda  M.Ş.Vazeh,  M.F.Axundov,  A.A.Bakıxanov, 
Q.Zakir  kimi  praktik  natiqlər, bu sahənin  nəzəriyyəçiləri  yetişmişdir. M.F.Axun-
dov özünün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik məharəti, fəsahətli 
kəlam,  nitqin  müxtəsərliyi  və  aydınlığı,  səhnə  dili,  dilimizin  orfoqrafiya  və 
orfoepiya  normaları  və  s.  haqda  elmi-nəzəri  fikirlər,  mülahizələr  söyləmişdir. 
Onun  “Kritika”  və  “Tənqid  risaləsi”  adlı  məqalələrində  dilin  təkmilləşdirilməsi 
məqsədilə  söylədiyi  fikirlər  (nitq  prosesində  eyni  söz  və  ifadələrin  təkrarına  yol 
verməmək,  qəliz  sözləri,  ifadələri,  yerinə  düşməyən  təşbeh  və  mübaliğələri 
işlətməmək,  yazılı  və  şifahi  nitqin  fərqli  xüsusiyyətlərini  nəzərə  almaq, 
Azərbaycan  dilinin  orfoqrafiya  və  orfoepiya  qaydaları,  səhnə  nitqi  və  s.)  bu  gün 
də  öz    əhəmiyyətini  itirməmişdir.  XIX  əsrin  sonu  və  XX  əsrin    əvvəllərində 
yaşayıb fəaliyyət göstərən  qabaqcıl, mütərəqqi ziyalılar, maarifçilər, müəllimlər 
dilimizin  saflığı,  yad  təsirlərdən  qorunması,  bu  dildə  danışmağın  zəruriliyi, 
təlimin  Azərbaycan  dilində  aparılmasının  vacibliyi  və  s.  məsələlərlə  bağlı  çox 
faydalı fikirlər söyləmişlər. Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmməd-
quluzadə, Mirzə Ələkbər Sabir, Aleksey Çernyayevski, Seyid Əzim Şirvani, Rəşid  
bəy  Əfəndiyev,  Soltan  Məcid  Qənizadə,  Həbib  bəy  Mahmudbəyov,  Nəriman 
Nərimanov,  Ömər  Faiq  Nemanzadə,  Mahmud  bəy  Mahmudbəyov,  Abdulla  Şaiq 

 
23 
Talıbzadə,  Məmmədtağı  Sidqi,  Seyid  Ünsüzadə,  Firudin  bəy  Köçərli,  Fərhad 
Ağazadə,  Bəkir  Çobanzadə,  Hacı  Rəhim  Əfəndiyev  və  başqaları  yazdıqları 
məqalələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və  mədəniyyətimizə 
xeyli  kömək  etmişlər.  Onlar  –  Azərbaycanın  qabaqcıl  maarifçi  və  demokratik 
ziyalıları,  görkəmli  müəllimləri,  ana  dilində  məktəb  açmaq,  bu  məktəblər  üçün 
dərsliklər  tərtib  etmək,  ana  dilinin  tədrisi  metodikasını  yaratmaq,  əlifba, 
orfoqrafiya  və  bu  kimi  bir  sıra  mühüm  məsələləri  həll  etmək  barədə  uzun  illər 
boyu  bütün  təzyiq  və  məhdudiyyətlərə  baxmayaraq  yorulmadan  mübarizə 
aparmış,  öz  əsərlərində  dilimizin  praktik  məsələlərindən,  onun  orfoepiyası, 
orfoqrafiyası, lüğət tərkibi, üslubiyyatından da bəhs etmiş, məktəblilərin  yüksək 
nitq mədəniyyətinə yiyələnməsinin vacibliyini dönə-dönə vurğulamışlar. Məsələn, 
Hafiz Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çapdan çıxan “Fəsahət 
və  bəlağət,  fənni  inşa  və  üsuli-kitabət”  əsərinin  ikinci  fəsli  fəsahət  və  bəlağət 
məsələlərinə  həsr  olunmuşdur  (1,  185).  Orada  göstərilir  ki,  bəlağət  bir  məramın 
həsən (gözəl, göyçək) surətdə ədası, düzgün və  sənətli ifadə olunması, fəsahət isə 
bir  dilin  düz  və  xətasız,  asanlıqla  söylənilib  yazılması  deməkdir.  Kitabın  həmin 
fəslində  həmçinin  “Elmi-məani”  deyilən  fənlərdən  bəhs  edilir,    təşbeh,  məcaz, 
kinayə və istiarə kimi məsələlər şərh olunur. 
XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşayıb-yaradan şair, 
rəssam,  musiqişünas,  xəttat,  naqqaş,  maarifçi,  pedaqoq  kimi  tanınan  M.M.Nəv-
vabın söz, sözün qüdrəti, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsihətləri 
olmuşdur  ki,  bunlar  bugünkü  dəyərlər  baxımından  qiymətlidir,  əhəmiyyətlidir. 
Onun  “Nəsihətnamə”sindən  (beş  yüz  nəsihət)  danışıqla,  mədəni  nitqlə  bağlı 
verilmiş bir neçə nəsihəti nümunə göstərək:  bacardıqca qısa və mənalı danış, əks 
halda danışmasan yaxşıdır; sözü deyən vaxt fikrini düzgün ifadə et, bişirilməmiş 
söz  danışma;  danışarkən  tez  özündən  çıxmaq  axmaqlığın  nişanəsidir;  sözü  çox 
uzadıb təkrar etmə ki, avamlığa dəlalət edər; səndən bir söz soruşmasalar demə; 
o  adam  ki,  sənin  nəsihətini  eşitmir,  nəsihət  etmə;  məclisdə  öz  qədərindən  artıq 
danışma, yoldaşlara da fürsət ver; məclis əhli xahiş etsə, danışa bilərsən və s.  

 
24 
XX  əsr  özünün  natiqlərini  yaratmışdır.  Bu  dövrün  natiqləri  bir  çox 
cəhətdən yeni və orijinal sənət-peşə adamları olmuşlar. Belələrinə Məmməd Əmin 
Rəsulzadə, Fətəli xan Xoyski, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əli Nazim, 
Həmid  bəy  Şaxtaxtinski,  Səməd  Vurğun,  Mikayıl  Rəfili,  Cəfər  Xəndan,  Əli 
Sultanlı,  Şıxəli  Qurbanov,  İsmayıl  Şıxlı, Xəlil  Rza  Ulutürk kimiləri  nümunə  ola 
bilər.  Bu  natiqlər  ana  dilində  səlis, aydın, təmiz, eyni  zamanda  yığcam  və  təsirli 
danışmaq bacarığına sahib idilər. 
N.Nərimanov  öz  ana  dilini  hədsiz  məhəbbətlə  sevmiş,  onu  yüksək 
qiymətləndirmişdir.  “Ana  dili!  Nə  qədər  rəfiq,  nə  qədər  ali,  hissiyyati-qəlbiyyə 
oyandıran  bir  kəlmə!  Nə  qədər  möhtərəm,  müqəddəs,  nə  qədər  əzəmətli  bir 
qüvvə!    Ana  dili!  Bir  dil  ki,  mehriban  bir  vücud  öz  məhəbbətini  sənə  bu  dildə 
bəyan  edibdir.  Bir  dil  ki,    sən  hələ  beşikdə  ikən  bir  layla  şəklində  öz  ahəng  və 
lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..”. 
N.Nərimanov  ana  dilinə  xalqın  varlığını  təşkil  edən  əsas  amil  kimi 
baxmış, ədəbi dilimizin tədrisi, xəlqiliyi, saflığı, təmizliyi və inkişafı haqqında bu 
gün belə aktual olan fikirlər, mülahizələr söyləmişdir. 
N.Nərimanov    Azərbaycan  natiqlik  məktəbinin  banilərindən  biri  olmuş-
dur. “Öz xalqını ürəkdən sevən, onun azadlığı və səadəti üçün çalışan natiq Nəri-
manov  danışdığı  hər  hansı  bir  məsələnin  daha  kəsərli  sahələrini  qabarıq  şəkildə 
izah etməyə, dinləyicilərə başa salmağa, onları maraqlandırmağa, düşündürməyə, 
inandırmağa  və  diqqətini  həmin  məsələnin  həllinə  cəmləşdirməyə  ciddi  səy 
göstərmişdir.  Dinləyicilərlə  qaynayıb-qarışmaq,  onlara  həssaslıqla  yanaşmaq, 
fikirlərini bilmək, onları dinləmək məharəti N.Nərimanovun natiqlik sənətinə xas 
olan xüsusiyyətlərdən idi” (23, 80). 
Görkəmli ədəbiyyatşünas, yazıçı və dövlət xadimi Şıxəli Qurbanovun da 
Azərbaycan  natiqliyinin  yaranması  və  inkişafında  xüsusi  xidmətləri  olmuşdur. 
Mərhum  professor  A.Abdullayev  Ş.Qurbanovun  natiqlik  məharətindən  bəhs 
edərək yazır: “Şıxəli Qurbanov mükəmməl surətdə natiqlik məharətinə yiyələnmiş 
söz ustası idi. Güclü hafizəyə, zəngin nitq mədəniyyətinə, qüvvətli məntiqə sahib 
olan bu adam heç bir materiala baxmadan, ilk mənbələrdən gətirdiyi misallar və 

 
25 
əyani  şəkildə  nümayiş  etdirdiyi  çoxlu  faktlarla  fikrini  zənginləşdirib  onu  daha 
cazibəli və maraqlı etməyi bacarırdı” (35, 42).   
Görkəmli  yazıçımız  Y.V.Çəmənzəminli  “Dil  məsələsi”  adlı  məqaləsində 
yazırdı: “Dil çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, 
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə gözəl, zərif və 
geniş    bir  halə  gələr  ki,  hamını  heyran  qoyar”.  Dərin  zəka  sahibləri,  görkəmli 
şəxsiyyətlər  heç vaxt  öz    ana dilinə  laqeyd  olmamış,  etinasızlıq  göstərməmişlər. 
Onlar  hər  vasitə  ilə  ana  dilinin  saflığı,  təmizliyi,  varlığının    bütün  əzəməti  ilə 
qorunub saxlanılması üçün əllərindən gələni etmişlər. 
“Hər  bir  xalqın  milliliyini,  mənəvi  dəyərlərini  yaşadan,  inkişaf  etdirən 
onun  dilidir”  deyən  ulu  öndərimiz  Heydər  Əliyev  zəmanənin  görkəmli 
natiqlərindən  olmuşdur.  “Yüksək  kübarlıq,  ziyalılıq  etalonu  olan  Heydər  Əliyev  
həm də bənzərsiz natiq idi. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə 
də bu dilin keşiyində duran bənzərsiz bir insan, böyük mütəfəkkir və alim idi (33, 
s.319). 
Ulu  öndərimiz  Azərbaycan  dili  ilə  bağlı  söhbətlərində  nitq  mədəniyyəti 
məsələlərinə  xüsusi  diqqət  yetirirdi.  Azərbaycan    Milli  Elmlər  Akademiyası 
Dilçilik  İnstitutunun  sabiq  direktoru,  AMEA-nın  müxbir  üzvü  A.Axundov 
H.Əliyev haqqında xatirələrini danışarkən deyir ki, bir dəfə ulu öndərimiz məni və 
institutun  bir  neçə  əməkdaşını  yanına  çağırtdırmışdı.  O,  söhbətə  başlamazdan 
əvvəl  üzünü  mənə  tərəf  tutaraq  soruşdu:  “Nə  işlə  məşğul    olursunuz?”  Mən 
Azərbaycan  dilinin  ayrı-ayrı  sahələri  üzrə  tədqiqatların  aparılması,  kitabların 
yazılması,  müxtəlif  məzmunda  lüğətlərin  tərtib  olunması  və  s.  məsələlər  barədə 
məlumat  verdim.    Cavabımdan  razı  qaldı  və  dedi:  “Bunlar  öz  yerində,  bəs    nitq 
mədəniyyəti ilə bağlı nələr etmişsiniz? Siz bu sahəyə daha çox fikir verməlisiniz 
ki, xalq öz dilində sərbəst danışa bilsin”. 
H.Əliyev  Azərbaycan  dilini  çox  sevirdi  və  bu  dildə  danışmağı  ilə  fəxr 
edirdi.  O,  xalqla  onun  öz  dilində  danışırdı.  İnsanlar  onun  nitqinin  gözəlliyinə, 
zənginliyinə,  axıcılığına,  səlisliyinə,  məntiqliyinə  heyran  qalır,  onu  dinləməkdən 
məmnun  olurdular.  Ulu  öndərin  nitqi  həqiqi  mənada  yaradıcı  fəaliyyət  idi. 

 
26 
Cümlələrin  quruluşu,  sözlərin,  ifadələrin  işlədilməsində  orijinallıq,  özünə-
məxsusluq daima nəzərə çarpardı. 
H.Əliyev  bir  natiq  kimi  zəngin  söz  ehtiyatına  malik  idi.  Danışarkən  
duruxmaz,  söz  axtarmaq  üçün  fikirləşməzdi.  O,  nitqində  söz  və  ifadələrin 
təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən, yerində işlədilən ifadəlilik 
vasitələri – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik 
suallar  və  s.  onun    nitqini  təsirli  edir,  estetik  cəhətdən  gözəlləşdirirdi.  “Hər  bir 
Azərbaycan  vətəndaşı,  hər  bir  azərbaycanlı  öz  ana  dilini  –  Azərbaycan  dilini, 
dövlət  dilini  mükəmməl  bilməlidir”  deyən  Heydər  Əliyevə  bu  dil  əziz  idi, 
müqəddəs  idi.  O  bu  dilə  mükəmməl  yiyələnmişdi.  Bu  dildə,  demək  olar  ki, 
hamıdan yaxşı danışırdı. 
Heydər  Əliyevin  nitqində  bir  məntiq,  rabitə  vardı.  O,  heç  bir  qeydə 
baxmadan  danışar,  faktlar,  sübutlar  gətirər,  dinləyiciləri  qaneedəcək  şərhlər 
verərdi.  İti  yaddaş  və  güclü  hafizəyə  malik  olan  H.Əliyevə  dinləyicilər  böyük 
maraqla qulaq asar, onu bütövlükdə anlayar və qəbul edərdilər. 
H.Əliyev  yüksək  nitq  mədəniyyətinə  sahib  idi.  O  öz  səfərbəredici  nitqi, 
danışıq  tempi,  manerası,  jestləri,  mimikası  və  s.  ilə  auditoriyanı  ələ  alar,  öz 
ideyalarını dinləyicilərə aşılayardı. 
H.Əliyev görkəmli natiq, söz ustası kimi də tarixdə qaldı. Onun nitqləri, 
çıxışları,  söhbətləri,  natiqlik  məharəti  mütəxəssislər  tərəfindən  öyrənilmiş,  bu 
barədə  əsərlər  də  yazılmışdır.  Lakin  bu  sahədə  geniş  axtarışlara  yenə  də  ehtiyac 
vardır. 
Keçən əsrin 60-80-ci illərində nitq mədəniyyəti məsələlərinin həm nəzəri, 
həm  də  praktik  şəkildə  öyrənilməsi,  təbliği  sahəsində  bir  çox  səmərəli  işlər  
görülmüşdür.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Nəsimi  adına  Dilçilik 
İnstitutunda 1962-ci ildən dil mədəniyyəti şöbəsi fəaliyyət göstərmişdir. Şöbə nitq  
mədəniyyəti  ilə  bağlı  tədqiqatlar    aparmaqla  yanaşı,  mətbuatda,  radio,  televiziya 
verilişlərində, ədəbi və elmi əsərlərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil 
və üslub nöqsanlarının aradan qaldırılması üçün  əməli təkliflər vermişdir. Həmin 
dövrdə  mətbuat  səhifələrində  “Nitq  mədəniyyəti”,  “Ana  dilimizin  saflığı 

 
27 
uğrunda”,  “Dilimiz  qeyrətimiz”  və  s.  kimi  daimi  rublikalar  altında  yazılar  dərc 
edilir  ki,  onlar  dilimizə  qayğı,  hörmət,  diqqətin  göstərilməsi,  onun  bir  ünsiyyət 
vasitəsi  kimi  qorulub  saxlanılması  baxımından  zamanına  görə  olduqca 
əhəmiyyətli idi.  
1969-cu  ildə  Ə.Dəmirçizadə  və  1970-ci  ildə  M.Şirəliyevin  ayrı-ayrılıqda 
“Azərbaycan dili orfoepiyasının əsasları” adlı kitabları çap olunmuşdur. 
A.Abdullayevin  nəşr  etdirdiyi  əsərlər  (“Müəllimin  nitq  mədəniyyəti 
haqqında”,  Maarif,  1966;  “Nitq  mədəniyyəti  və  natiqlik  məharəti  haqqında”. 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1968) nitq mədəniyyəti məsələlərinin tədqiqi 
və təbliğində xüsusi rol oynamışdır. 
Ə.Əfəndizadənin  tərtib  etdiyi  “Orfoqrafiya  –  orfoepiya  –  qrammatika 
lüğəti”ndən (1983) yazı, tələffüz və qrammatika təlimində uzun illərdir ki, faydalı 
bir  vəsait  kimi  istifadə  edilir.  “Nitq  mədəniyyəti  məsələləri”  adlı  başqa  bir 
məcmuədə  (1985)  nitq  mədəniyyətinin  ayrı-ayrı  sahələri  üzrə  çalışan  alimlərin, 
görkəmli tədqiqatçıların məqalələri verilmişdir. Bu sətirlərin müəllifi N.Abdulla-
yevin  Z.Məmmədovla  birgə  nəşri  alınan  “Nitq  mədəniyyəti”  (1998), “Müəllimin 
nitq  mədəniyyəti”  (2003),  “Orfoqrafiya  və  orfoepiya  lüğəti”  (2003),  “Nitq 
mədəniyyətinin  əsasları”  (2005),  N.Abdullayevin  “Azərbaycan  dilinin  müxtəsər 
orfoepiya lüğəti” (2013) kimi kitablar nitq mədəniyyəti fənninin tədrisində yararlı 
bir vəsait kimi istifadə olunmuş və olunmaqdadır. 
Son illər H.Həsənovun  ali məktəblər üçün yazdığı “Nitq mədəniyyəti və 
üslubiyyatın  əsasları”  adlı  dərslik  də  bu  sahədə  atılan  ilk  addımlar  kimi 
əhəmiyyətlidir, dəyərlidir. Bu əsərdə  nitq mədəniyyəti, onun predmeti, nitq mədə-
niyyəti və üslubiyyat, nitq mədəniyyəti və norma, şifahi və yazılı nitqin predmeti, 
dilimizin fonetik, leksik, morfoloji, sintaktik üslubi imkanları, Azərbaycan dilinin 
funksional üslubları və s. məsələlərdən bəhs  edilmişdir.. 
Natiqlik sənəti, nitq mədəniyyəti  məsələləri ilə bağlı araşdırmalar aparan 
tədqiqatçılardan  biri  də  K.Əliyev  olmuşdur.  O,  özünün  “Üslub  və  üslublar 
sistemi” (1985), “Antik dövrün natiqlik məktəbləri” (1985), “Azərbaycan  dilinin 
praktik  üslubiyyatı”  (1992),  “Nitq  mədəniyyəti  və  üslubiyyatın  əsasları”  adlı 

 
28 
əsərlərində,  dərsliklərində  dünyada,  eləcə  də  Azərbaycanda  natiqlik  sənəti  və 
məktəbləri,  ədəbi  dilin  normalar,  üslublar  sistemi  haqda,  oxucu  kütləsini  maraq-
landıran digər məsələlər barədə ətraflı məlumat vermişdir. 
Nitq  mədəniyyətinin  təbliği  və  inkişafında  bədii  ədəbiyyatın,  kütləvi 
informasiya  vasitələrinin  (mətbuat,  radio,  televiziya  və  s.)  rolu  mühümdür.  Ulu 
öndərimiz  H.Əliyev  hələ  1981-ci  ildə  Azərbaycan  yazıçılarının  7-ci  qurultayın-
dakı nitqində xalqın sərvəti olan dilin təkmilləşdirilməsi və zənginləşdirilməsində, 
onun  lüzumsuz  dialekt  sözlərindən,  jarqon  ünsürlərindən  təmizlənməsində  nitq 
mədəniyyətinin  əhəmiyyətini  xüsusi  qeyd  edərək  demişdir:  “Azərbaycan  ədəbi 
dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir... Yazıçı 
nitq  mədəniyyətinin,  ədəbi  dil  normalarının  qanunvericisi  olmalıdır”  (“Kommu-
nist” qəzeti,  1981, 14 iyun). 
Ayrı-ayrı  illərdə  radio  və  televiziya  verilişləri  dilimizin  öyrənilməsində, 
təbliğində  xeyli  iş  görmüşdür.  Bu  verilişlərdə  ədəbi  dilimizin  bir  sıra  aktual 
məsələləri  –  dilimizin  tarixi,  üslubiyyatı,  leksikologiyası,  lüğətçiliyi,  etimolo-
giyası, terminologiyası və s.)  şərh olunmuş,  Azərbaycan dilinin  ictimai  ünsiyyət 
baxımından  yararlılığı və bu dildə danışmağın vacibliyi xüsusilə vurğulanmışdır. 
Məsələn,  1981-1989-cu  illərdə  dilimizin  formal  şəkildə  dövlət  dili  olduğu  bir 
dövrdə  respublika  televiziyası  ilə  “Azərbaycan  dili”,  “Dil  xalqın  mənəvi  sərvə-
tidir”  adlı  xeyli  sayda    veriliş  səsləndirilmişdir.  Onların  efirə  hazırlanması  və 
verilişlərin  aparılmasında  filologiya  elmlər  doktoru,  professor  İ.Məmmədovun 
əməyi  böyük  olmuşdur.  Onun  “Ədəbi  tələffüz  qaydalarını  gözləyək”,  “Azər-
baycan dilinin orfoepiya normaları haqqında”, “Dil də dəniz kimi təmizlik sevir”, 
“Ekran,  efir  və  dilimiz”  və  s.  kimi  əsərlərində  nitq  mədəniyyəti  məsələlərindən 
bəhs  olunmuş,  bu  sahə  ilə  bağlı  maraqlı  və  aktual  fikirlər  söylənilmiş,  ixtisa-
sından,  mövqeyindən  asılı  olmayaraq  hər  bir  kəsin  bu  keyfiyyətə  yiyələnməsi 
vacib və zəruri sayılmışdır. 
Keçən  əsrin  80-90-cı  illərində  nitq  mədəniyyətinin  tətbiqi  və  təbliği  ilə 
bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Milli Elmlər 
Akademiyasının  müxbir  üzvü,  prof.A.Qurbanovun  təşəbbüsü  və  rəhbərliyi  ilə 

 
29 
V.İ.Lenin  adına  APİ-də  (indiki  ADPU-da)  keçirilən    elmi  konfranslarda  respub-
likanın  və  keçmiş  ittifaqın  görkəmli  alimlərinin  nitq  mədəniyyəti  ilə  bağlı  
məruzələri  dinlənilib  müzakirə  edilmiş,  həmin  yığıncaqların  materialları  çap 
olunaraq oxuculara çatdırılmışdır. Lakin çox təəssüf ki, sonrakı illərdə bu sahəyə 
diqqət  bir  qədər  azalmış,    bəzi  istisnalar  nəzərə  alınmazsa,  nitq  mədəniyyətinin 
öyrənilməsi və yayılması ilə bağlı nəzərə çarpacaq elə bir əsər, vəsait yazılmamış, 
əməli  tədbir  həyata  keçirilməmişdir.  İstisna  dedikdə  Respublika  prezidenti 
H.Əliyevin dili ilə bağlı yazılmış əsərlər, monoqrafiyalar nəzərdə tutulur. Həmin 
əsərlərdə H.Əliyevin nitqi haqqında fikirlər söylənilir, onun məruzələri, çıxışları, 
söhbətləri nitq mədəniyyəti, natiqlik məharəti baxımından təhlil edilir, ulu öndərin  
dil  fenomeninin  bu  sahəsi  geniş  və  ətraflı  şərh  olunur.  “Heydər  Əliyev  dil 
haqqında və Heydər Əliyevin dili” adlı əsərdə Heydər Əliyevin natiqlik məharəti, 
nitq mədəniyyətinin təhlilinə həsr olunan ayrıca fəslində Ulu öndərin dili mədəni 
nitqə  verilən    tələblər  baxımından  təhlil  olunur,  onun  ifadəliliyi,  üslubu,  quruluş 
və s. xüsusiyyətləri maraqlı faktlar üzərində, oxucunu qaneedəcək bir tərzdə izah 
edilir, aydınlaşdırılır (36, 68-152). 
Son  illərdə    nitq  mədəniyyəti  ayrıca  fənn  kimi  bir  sıra  ali  məktəblərin 
bakalavr pilləsi üzrə tədris planına salınmış, bu sahədə proqramlar tərtib olunmuş, 
dərslik  və  dərs  vəsaitləri  yazılmışdır.  B.Muradov  və  H.Bayramovun  “Nitq 
mədəniyyəti”  (Bakı,  2008)  və  S.Hüseynovun  “Nitq  mədəniyyəti”  (Bakı,  2011) 
adlı  dərslikləri  buna  nümunədir.  Hər  iki  dərslik  nitq  mədəniyyəti  məsələlərinin 
həm nəzəri, həm də praktik yönümdə öyrənilməsi baxımından yararlıdır. 
Nitq  mədəniyyətindən,  dilimizin  qorunması  məsələsindən    söhbət 
düşəndə,  adətən  kütləvi  informasiya  vasitələrinin  –  radio,  televiziya  verilişləri, 
qəzet və jurnalların və s. dili önə çəkilir ki, bunu da təbii saymaq olar, ona görə ki, 
bu  vasitələr  ədəbi  dilimizin  təbliğatçıları,  yayıcıları,  tənzimediciləri,  qoruyucul-
arıdır. Bu informasiya vasitələrinin ümdə vəzifələrindən biri eşidənlərə, oxuyan-
lara  etalon  səviyyəli  nitq  nümunəsi  verməkdir  ki,  dinləyənlər,  oxuyanlar  onun 
məziyyətlərini  əxz  edib  mənimsəyə,  nitqlərini  həmin  ifadə  tərzinə  uyğun  qura 
bilsinlər.  Radio  və  televiziya,  eləcə  də  digər  informasiya  vasitələrində  səslənən 

 
30 
nitq (şübhəsiz, burada  daha çox diktor, aparıcı, ziyalıların nitqi nəzərdə tutulur) 
məzmunca  dolğun,  tələffüzcə  düzgün  olmalı,  oradakı  fikir  uyğun  səs  tərtibatı  – 
intonasiya çalarları, aydın diksiya ilə verilməli,   cümlələr düzgün qurulmalı, fikir-
lər  arasında  məntiqi  rabitə  gözlənilməlidir.  Ədalət  naminə  deyək  ki,  Milli  Tele-
viziya  və  Radio  Şurası  son  illərdə  kütləvi  informasiya  vasitələrinin  dili  ilə  bağlı 
bir  sıra  işlər  görmüş,  tədbirlər  həyata  keçirmişdir  ki,  bunların  mətbuat  dilinin 
inkişafına, formalaşmasına müəyyən qədər müsbət təsiri olmuşdur. 
Bu  illərdə  informasiya  vasitələrinin  dili  ilə  bağlı  müəyyən  əsərlər, 
məqalələr  yazılmışdır.  “Radio,  televiziya  və  ədəbi  dil”  adlı    sanballı  bir  əsərdə 
ekran-efir  vasitələrinin  linqvistik  məsələlərindən  bəhs  olunmuş,  buradakı    dil 
amilinin    ayrıca  mövzu  kimi    öyrənilməsi,  tədqiq  olunması  zəruri  sayılmışdır
1

“Ana  dili:  Azərbaycan  dili  efirdə”  adlı  digər  bir  kitab  Azərbaycan  radiosunda 
dilimizin ünsiyyət vasitəsi kimi işlənməsi problemlərinə həsr olunmuşdur. Orada 
əlli  veriliş  mətni  toplanmış,  onların  hər  biri  ayrılıqda  təhlil  edilmişdir.  Vəsaitdə  
dilimizin tədrisində və təbliğində ortaya çıxan problemlər, habelə dil və mədəniy-
yət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilmişdir
2
.  
Nitq  mədəniyyəti  təkcə  nəzəri  fənn  deyildir,  bu,  dil  siyasətidir,  dil 
normalarının  təbliğidir.  Bu işdə linqvistlərlə birlikdə  müəllimlər,  yazıçılar, digər  
sahələrdə çalışan ziyalılar əhəmiyyətli rol oynamalıdırlar. 
Ölkə  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilinin  qloballaşma  şərai-
tində  zamanın  tələblərinə  uyğun    istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 
Dövlət  Proqram  haqqında”  2012-çi  il  mayın  23-də    imzaladığı    sərəncamında 
dövlətçiliyimizin  başlıca  rəmzlərindən  olan  ana  dilinin  istifadəsinə  və  tədqiqinə 
dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı 
surətdə  yaxşılaşdırılmasını  təmin  etmək  baxımından  son  dərəcə  mühüm  bir 
sənəddir. Sərəncamda qeyd olunur: “Ölkəmizin zaman-zaman müxtəlif imperiya-
lar  tərkibində  yaşamağa  məcbur  olmasına  baxmayaraq,  ana  dilimiz  hətta  bu  ağır 
vaxtlarda  belə  milli  məfkurənin,  milli  şüar  və  milli-mədəni  dəyərlərin  layiqincə 
                                                 
1
 Bax:  N.Xudiyev. Radio, televiziya və ədəbi dil. Bakı, Azərnəşr, 2001.   
2
 F.Veysəlov. Ana dili: Azərbaycan dili efirdə. Bakı, 2012. 

 
31 
yaşamasını  və  inkişafını  təmin  etmişdir.  Bu  gün  onun  qorunması  və  qayğı  ilə 
əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.  
Sərəncam  nitq  mədəniyyəti  məsələlərinə  də  diqqətin  artırılması,  bu  sahədə 
aparılacaq işin məzmunca genişlənməsi, keyfiyyətcə yaxşılaşması üçün yetərincə 
əhəmiyyətli, faydalıdır. 
Yekun  olaraq  deyə  bilərik  ki,  nitq  mədəniyyəti  probleminin  tədqiqi  və 
təbliği  sahəsində  xeyli  işlər  görülmüş,  səmərəli  nəticələr  əldə  edilmişdir.  Lakin 
görüləsi  işlər  daha  böyükdür.  Ədəbi  dil  normalarının  –    (fonetik,  leksik, 
orfoqrafik,  orfoepik,  üslub  normalarının)  dəqiqləşdirilməsinə,  dürüstləşdiril-
məsinə,  bu  əsasda  zəruri  dəyişikliklərin  aparılmasına  ehtiyac  vardır.  Nitq 
mədəniyyətinin mərkəzi mövzusu olan üslubi normaların elmi cəhətdən əsaslı və 
ətraflı, ədəbi dildə gedən son inkişaf meyillərinə uyğun tədqiq olunması lazımdır, 
vacibdir. Nitq mədəniyyətinə dair dərslik, dərs vəsaitləri, lüğətlər, sorğu kitabları 
və  s.  bu  sahədə  aparılan  son  tədqiqatlar  əsasında  yenidən  işlənib  nəşr  edilməli, 
mədəni  nitq  məsələlərinin  tədqiqi,  təbliği  məqsədilə  vaxtaşırı  elmi  konfranslar, 
söhbətlər,  müzakirələr  keçirilməli,  radio  və  televiziya  verilişlərinin  bu  sahə  ilə 
bağlı imkanlarından səmərəli istifadə olunmalıdır. 
 
 
 
 
 
                            
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin