32
II F Ə S Ġ L
MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA
TƏLƏBLƏR
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında
dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın,
məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə,
yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və
aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı,
yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin
ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək
imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib
sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,
bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi
ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından
nümunə götürməlidirlər.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq
mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,
orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri
axtarışlar və təcrübi tədbirlər kompleksidir” (17, 194). Bu tərifi başqa bir şəkildə
ifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı
orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına
əməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını göz-
ləməkdir.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun
olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə
edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə
ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını
33
gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud
variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha
uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə
üslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izah
olunur: “Nitq mədəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadə
vasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadə
etmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin
formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin
inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitq
mədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədə-
niyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların
nitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq
düzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu
nəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç
dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq
üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün
böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əli
buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya
ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun
gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir.
“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm
söz anlayan olasan, həm də söz anladasan” (84).
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə
çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq
özü bir elmdir və onun xüsusi qanunları var”.
A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq
ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.
34
Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə
tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək
həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış
bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar
mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin
tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,
təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti
probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.
Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu
nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə
böyük uğurlar qazanırlar.
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd
etmək olar:
1. Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla
anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt
sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir.
Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq
obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında
danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək
üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr,
əhvalatlar və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha
maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə
olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq
danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun
nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy Köçərli nitqin
aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir.
“Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat
fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur” – deyirdi.
35
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi də dili, sözlərin mənasını,
işlənmə məqamını və s. yaxşı bilməmək, zəngin söz ehtiyatına sahib olmamaqdır.
Danışıq zamanı qüsurlu cümlələrə tez-tez təsadüf edirik. Radio və televiziya
verilişlərində nəzərə çarpan belə nöqsanlı cümlələrdən misal olaraq aşağıdakıları
göstərmək olar: Türk xalqları həmişə əxlaqlı olublar. Müşavirədə xeyli qonaqlar
çıxış etdilər. Təcili atəşin dayandırılması tələb olundu. Hadisə yerinə çıxılmış;
Rəis mədəni (birinci hecadakı ə uzadılaraq tələffüz olunur) adamdır. O, bu işə
məhsuldur. Dövlət film fondundan itmiş məşhur bəstəkar Müslüm Maqomayev
haqda film tapılmışdır; Başımıza gətirilən ermənilər tərəfindən vəhşilikləri
saymaqla qurtarmaz; Ona müvəffəqiyyət uğurları arzulayıram; Bu il havaların
pis keçməsi ilə bağlı qəbahət yaranmışdır; Biz bunlara müdaxilə göstərməyə
çalışırıq və s.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi,
qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna,
məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl
gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara
təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur.
Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”,
səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri
dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan
adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir.
Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf
və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq
və bu kimi şikəstliklər təsirini bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən
sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın üstünə
düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini
təsəvvürümə gətirirəm” (52, 62).
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün
aşağıdakılara əməl etməlidir:
36
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və
faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönə-
dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri)
aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4) Söz və qram-
matik formaları düzgün və aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya
seçə bilmək; 6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri,
terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək; 7) İstinad olunan
mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək; 8) Fikri,
çıxarılan nəticəni misallarla əsaslandırmaq; 9) Auditoriya ilə (eləcə də müsahiblə)
əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşül-
düyünü, mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək;
10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca
dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun
şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan
anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa
düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.
Diksiyanın pozulması digər tələblərə əməl olunduqda belə (sözlər
mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə
uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür
danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir,
səslər qarışdırılır, bitişik şəkildə tələffüz olunur. Məsələn; bizəldi (bizə gəldi),
gətdi (gətirdi), gə gedək (gəl gedək), lazım təĢkilatlar (lazımi təşkilatlar), çəkĢə
gələnlər (çəkilişə gələnlər), oagörə (ona görə), sonsamitlə bitən (sonu samitlə
bitən), ümqrammatik (ümumi qrammatik), sutiyada (studiyada) və s. Bəzən
düzgün tələffüz pis diksiya ilə təhrif olunur.
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin
anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez
yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir.
37
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü
böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək,
bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan
qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya
nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi)
nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi
bacarmalıdır
1
. Nitqin səs mədəniyyəti dedikdə bura artikulyasiya aparatının
düzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə
səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə
əməl olunması, nitqi eşitmə qabiliyyətinin yaradılması və s. daxildir. Nitqin səs
mədəniyyəti səs cihazı, onun funksiyasını normal şəkildə yerinə yetirməsi
məsələsi ilə sıx bağlıdır. “Nəfəs, səs və s. anlayışlardan ibarət olan bu səs cihazı
müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət
şəraitində reallaşdırır. Səs cihazı intonasiya, pauza, vurğu, orfoepiya, temp, ritm,
tembr, mimika, hərəkət kimi anlayışlarla birləşib nitqin texnikası adlı bir sahəni
təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub şifahi
nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir”
(14, 28).
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin
düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata
uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən,
cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə,
tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə
buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərt
etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki
boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı
1
Nitq səslərinin yaranmasında iştirak edən üzvlərin məcmusu danışıq cihazı adlanır. Nəfəsalma ilə daxilə alınan
hava səslərin yaranmasının maddi əsasını təşkil edir. Bu hava danışıq cihazı vasitəsilə səs törədə bilir. Nəfəsalma
zamanı ağciyərə daxil olan hava bronxdan nəfəs borusuna, oradan da qırtlağa, qırtlaqdan udlağa (hülquma),
hülqumdan da burun, ya da ağız boşluğuna keçərək bayıra çıxır. Səsin yaranmasında boğazda yerləşən səs
tellərinin və ağız boşluğundakı dilin rolu böyükdür. Səslərin yaranmasında səs telləri, ön dişlər, damaq (yumşaq və
sərt damaq), dilçək, udlaq iştirak edir. Bu üzvlərin səslərin yaranmasında bəzisi aktiv, bəzisi passiv iştirak edir.
Aktiv danışıq üzvlərinə səs telləri, dil, dodaqlar, yumşaq damaq, dilçək (həmçinin alt çənə) daxildir. Ön dişlər, diş
yuvaqları, bərk damaq səsin yaranmasında passiv iştirak edir.
38
hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə
deyir və ya oxuyur. Məsələn; Yaz gələndə bütün ağaclar kimi yasəmən də çiçək
açardı. Onun açıq-bənövşəyi gülləri salxım-salxım olub sallanardı. Birinci
cümlədə gələndə, kimi, ikinci cümlədə isə gülləri sözlərindən sonra ani fasilə
edilir, nəfəs alınır ki, bu da sözlərin, ifadələrin asan, aydın, həm də ahəngdar
tələffüz olunmasını təmin edir.
Aydın tələffüzdə danışıq üzvü kimi dişlərin də rolu böyükdür. “Dişlər
ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir.
Dişlər yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak
edir. Məsələn; s, z səslərinin əmələ gəlməsi üçün dişlər dilə, f, v səslərinin
yaranması üçün dişlər alt damağa kömək edir” (16, s.31). Natiqin ağzında dişlərin
normal vəziyyətdə olması bu səbəbdən xüsusi əhəmiyyət kəsb edir. Üst qabaq
dişlərin olmaması və ya seyrəkliyi d, z, l, n, s, t kimi dil-diş samitlərinin
tələffüzünü çətinləşdirir, səslər yarımçıq formalaşır, məna itir.
Düzgün tələffüzdə, səslərin formalaşmasında çənələr, xüsusən alt çənə
fəal iştirak edir. Alt çənənin enməsi və qalxması ilə ağız boşluğunun həcminin
daralması və genişlənməsi nəticəsində müxtəlif səslər yaranır. Bəzən
danışanlarda alt çənənin mühərrikliyinin zəifliyi tələffüzdə süstlüyə, ləngiməyə,
ölüvaylığa səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə istənilən səviyyədə
getmir. Belə hala yol verməmək üçün natiqin çənəsi, necə deyərlər, möhkəm
olmalıdır.
Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində
işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla,
tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.
2. Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada
yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə
olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu
göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri
yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa
39
çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar.
Hələ vaxtilə böyük Nizami yazırdı:
Sözün çoxsa əgər çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir:
Düşünüb, sonra de sözü müxtəsər,
O qədər danışma “bəsdir” desinlər.
Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Dəqiqlik
sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman
mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd
olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər,
omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir. Sözlər
seçilərkən sözün mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə
dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə
olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır.
Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin,
ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə
dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox
danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).
Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də
şifahi nitqdə təsadüf etmək mümkündür. Məsələn, dəmir seyf, cədvəl şəkli çəkmək,
taksi maşın, ağ pambıq, yaradıcı inşa, tələffüzdə səslərin düzgün deyilməməsi ,hər
addım başı beş manat pul, gənc oğlan, pensiya pulu, birgə əməkdaşlıq, yazılı
nitqlə orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək kimi ifadələrdə
dəmir, şəkil, maşın, birgə, pulu, ağ, yaradıcı, tələffüzdə, hər, yazılı nitqdə, pul,
40
gənc sözlərini işlətməmək də olar. Yaxud: Məndə kitab oxumağa qarşı böyük
həvəs var. Adamın ürəyi fərəh hissi ilə doludur. Yeganə yol havadan təyyarə və
vertolyotla idi. Xüsusi hazırlığı olmayan adamlar burada çaşıb qalırdılar. Yanvar
ayında istirahətə gedəcəyəm. Bu cümlələrin də birincisində qarĢı, ikincisində
hissi, üçüncüsündə havadan, dördüncüsündə adamlar, beşincisində ayında,
sözləri atılsa, ifadə olunan mənaya heç bir xələl gəlməz, əksinə, nitqin yığcamlığı
təmin olunar.
Sözçülük eyni fikrin müxtəlif cümlələrlə verilməsində də özünü göstərir.
Məsələn; “Aydın nitqə malik olan adamlar həmişə və hər zaman qabaqcıl
adamlar tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişdir. Lap qədimdən bəri öz
dövrünün qabaqcıl adamları məzmunlu, obrazlı, aydın və təsirli nitqə malik olan
adamlara böyük hörmət bəsləmişlər. Gözəl danışıq məharəti bütün dövrlərdə
xüsusi bir keyfiyyət kimi qiymətləndirilib. Öz aydın, rəvan nitqi ilə müsahibində
musiqinin oyadacağı qədər xoş təəssürat oyatmaq qabiliyyətini qədim afinalılar
çox yüksək qiymətləndirmişlər”. Nitq mədəniyyətinə dair yazılmış bir məqalədən
götürülən bu parça yığcamlıq baxımından, heç şübhəsiz ki, qüsurludur. Eyni sözü,
ifadəni, fikri yersiz təkrar etmək, mətləbə dəxli olmayan məsələlərdən danışmaq,
əhəmiyyətsiz, xırda cəhətləri geniş şərh etmək, söhbətə geniş giriş, müqəddimə
vermək və s. nitqin yığcamlığına mənfi təsir edən səbəblərdir.
Səthi bilikli, məlumatlı adamların nitqində konkretlik, yığcamlıq, adətən,
az olur. Onların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara
yol verilir. Əşya və hadisələr barədə “yaxşıdır”, “maraqlıdır”, “bəzi qüsurlar
vardır”, “material yaxşı mənimsənildi”, “əsər xoşuma gəldi” və s. kimi konkret
fikirlərə, dəlil və sübutlara, faktlara əsaslanmayan rəylərə tez-tez təsadüf olunur.
Prof.A.Abdullayev konkretlikdən məhrum olan nitq haqqında danışarkən
göstərirdi ki, əşya və hadisə barədə “ümumiyyətlə” danışmaq, fikir irəli sürmək
olmaz. Məşhur səhnə ustası K.S.Stanislavski “ümumiyyətlə” sözünü çox qeyri-
müəy-yən, pis və dəhşətli söz adlandıraraq qeyd edir ki, bu sözdə çox böyük
səliqəsizlik və qarışıqlıq vardır.
41
Qədim Yunanıstanda nitqin yığcamlığına xüsusi əhəmiyyət verilirdi.
Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin gücü az sözlə çox şey
söyləmək bacarığıdır”. Spartada yeniyetmələrə bir neçə sözlə çox şeyi ifadə
etmək, cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna “lakonik nitq”
deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz sikkəsini pul sikkə-
sindən üstün tuturdu. O, istəyirdi ki, bir neçə sadə sözlə çox dərin məna ifadə
olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı öyrənsələr, dərin
mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim Yunanıstanda
“lakonik danışıq” anlayışı da yarandı. Sonralar spartalılar nitqin bu cəhətini daha
da inkişaf etdirirlər. Makedoniya çarı Aleksandrın atası II Filipp bütün Yuna-
nıstanı işğal etmək qərarına gələndə Sparta çarına məktub göndərmişdi ki, əgər
müqavimətsiz təslim olmasanız şəhərinizi kotanla şumlayacağam. Öz ultimatu-
muna cavab gözləyən Filipp, nəhayət, oradan bir məktub alır və mətni görmədik-
də heyrətlənir. Bu vaxt ona məktubda yazılan bircə sözü göstərirlər, bu, “əgər”
sözü idi (55, 65).
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs
özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasi-
bət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.
Nitqin yığcamlığı, lakonikliyi natiqlik praktikasında xüsusi rol oynayır.
Natiq “sözə sıxlıq, fikirlərə genişlik” prinsipini əsas götürərək geniş mətləbləri
yığcam şəkildə, həyati faktlar, nümunələr əsasında ən zəruri söz və ifadələr
işlətməklə dinləyicilərə çatdırmağı bacarmalıdır. Xalq şairi S.Vurğun trikotaj
fabriki işçilərinin yığıncağında adamların yığcam, lakonik çıxışlarını dinlədikdən
sonra demişdir: “Mən sözə çox qısa və yığcam danışan bu adamları dinlədikcə
fərəhlənir və təəssüf edirəm ki, bir çoxlarının vaxtı sözçülüyə, uzun danışmağa
sərf olunur. Axı, böyük arzuları, məqsədləri qısa sözlərlə də ifadə etmək olar” (39,
256). Xüsusən, dərs prosesində müəllimin uzun-uzadı danışması ilə razılaşmaq
olmaz. Bu, şagird və tələbələri yorur, onların fikri fəallığını zəiflədir. Belə
müəllimlərin şagirdləri, tələbələri digərləri ilə müqayisədə, şübhəsiz ki, passiv
olur, fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkirlər.
|