Nadġr abdullayev



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix24.05.2020
ölçüsü2,09 Mb.
#31516
1   2   3   4   5   6   7   8   9   ...   22
Azf-277620


intonasiyadır.  Bu  o  deməkdir  ki,  söylənilən  fikirlər,  onlara  münasibət  insanın 
keçirdiyi  hissi  hallar  uyğun  səs  tərtibatı,  avazla  verilə  bilsin,  nitq  rəngarəng 
intonasiya  çalarlarına    malik  olsun,  danışan  intonasiya  elementlərindən  (məntiqi 
vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın 
və  s.  Nitqin  intonasiya  baxımından  zənginliyindən  danışarkən  sual,  nida,  əmr 
cümlələri,  xitablar,  ara  sözlər,  ara  cümlələr  və  s.  sintaktik  quruluşların  özünə-
müvafiq  formada,  təbii  şəkildə  tələffüz  olunmasının  vacibliyi  də  diqqət  mərkə-
zində saxlanılmalıdır. 
Nitq  zənginliyinin başlıca  əlamətlərindən biri də onun  məzmun  cəhətdən 
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ 
yeni  olsun,  həm  də  hərtərəfli  şəkildə,  sübutlarla,  dəlillərlə,  həyati  misallarla, 
dinləyicini qane edəcək bir formada şərh edilsin. 
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan  digər vasitələri – 
dilin  qrammatik  və  üslubi  imkanlarından  səmərəli  şəkildə  istifadə  olunması, 
danışanın  intellektuallıq  səviyyəsi,  təfəkkürünün  fəallığı  və  sairəni  də  nəzərə 
almaq lazımdır. 
7.  Nitqin  sadəliyi,  təbiiliyi.  “Dil nə   qədər asan, sadə olsa, bir o qədər 
gözəl,  göyçək  və  məqbul  olar”  (F.Köçərli).  Nitqin  sadəliyi  onun  aydınlığı, 
anlaşıqlı  olması,  asan  qavranılmasıdır.  Sadəliyi  heç  də  fikrin  məzmununun, 
mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 

 
52 
mürəkkəb  cümlələrdən  qaçmaq,  məzmunun  mümkün  qədər  sadə  cümlələrlə 
vermək  mənasında  da  anlaşılmamalıdır.  Natiq  danışarkən,  əşya  və  hadisələri 
təsvir  edərkən  onların  mahiyyətini  daha  aydın  və  dəqiq  vermək  üçün  həm  sadə, 
həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir 
ki, orada  işlədilən  bütün sözlər dinləyicilərin  (auditoriyanın) ümumi  səviyyəsinə 
və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə  nitq 
hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən,  müqayisələrdən uzaqdır. 
Nitqin  sadəliyinin  pozulma  hallarından  biri  sözçülük,  ağır  və  uzun 
cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin 
təkrar-təkrar  ifadəsi  daha  geniş  yayılmış  nöqsandır.  Məsələn,  “Belə  bir  şöbənin 
açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal 
kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən 
öz  “dərinliyini”  nəzərə  çarpdırmaq  məqsədilə  qondarma,  təmtəraqlı  söz  və 
ifadələr  işlədir.  Məsələn,  səadət  günəşinin  şüaları;  işıqlı  və  parlaq  gələcək;  öz 
qəhrəmanlıqları  ilə  ölməzliyin  zirvəsinə  ucalan  şəhidlər;  qəhrəmanlar  yurdunun 
mərd  övladları  və  s.  kimi  söz  və  ifadələr  ola  bilsin  ki,  nitqin  digər  üslubunda  – 
xüsusən  bədii  üslubunda  işləndikdə  yararlı  sayıla  bilər.  Lakin  mühazirəçinin 
danışığında  fikrə  adekvat  olmayan  bu  cür  təmtəraqlı  sözlər  və  ifadələrin  işlədil-
məsi  məqbul  sayılmır.  Belə  ifadələr  nitqə  qeyri-ciddilik  gətirir,  marağı  azaldır, 
fikrin dinləyiciyə çatmasına mane olur. 
Nitqin  sadəlik  və  təbiiliyinin  pozulması  halları  yazılı  nitqdə  özünü  daha 
çox  göstərir.  Yazan  hər  bir  söz,  ifadə,  cümlə  üzərində  ayrıca    düşünür,  onu  
dinləyici  üçün  maraqlı  olsun  deyə  ifadəlilik  vasitələri,  atalar  sözü,  məsəlləri, 
frazeoloji  birləşmələr  və  sairədən  istifadə  edir.  lakin  burada  da  ifrata  varmaq, 
həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur. 
Nitqin  sadəliyinin  pozulma  səbəblərindən  biri  də  anlaşılmayan  və  ya  az 
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının 
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə  ehtiyac olmadığı halda 
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun 
anlaşılmasını  çətinləşdirir.  Məhz  belə  bir  yanaşmanın  nəticəsində  dilə  ehtiyac 

 
53 
olmadan bir sıra sözlər və terminlər gətirilir ki, onlar dildə işlədilən sinonimləri ilə 
müqayisədə həm tələffüz, həm də yazılış cəhətdən çətindir, mürəkkəbdir. 
Xalqın  görkəmli  ədibləri,  maarifçiləri  sadə,  hamının  başa  düşəcəyi  bir 
dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli 
ədəbiyyatşünas  alim,  məşhur  ana  dili  müəllimi  Firudin  bəy  Köçərli  dilin 
sadəliyindən, saflığından danışarkən yazırdı: 
“...ərəb  və  fars  kəlmə  və  ibarələrinin  sövq  və  həvəsində  olub  ehtiyac 
olmadığı  halda  onları  ana  dilinə  gətirib  qarışdırmaq,  bizim  əqidəmizcə  böyük 
səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə 
bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur. 
İnsaf deyil  ki,  elm  göstərmək  və  “mollalıq” izhar  etmək  iddiasına düşüb  kəlamı 
qəliz ifadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha 
da  dərinə  salmaq  və  ona  uzun  və  qəliz  ibarələrlə  toxunmuş  pərdə  çəkmək...  ol 
cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi, 
ədəbi, fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan 
ikrah edirlər (1, 125). 
Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda oxuyuruq: 
“Bəzi  ziyalılarımız  güman  edirlər  ki,  hələ  hamının    mənimsəmədiyi,  işlətmədiyi 
çətin  terminləri  işlətsə,  onun  nitqi  yaxşı  təsir  bağışlayar.  Görünür,  bu  təzə  bəla 
deyil,  köhnədən  ziyalılar  arasında  belə  adamlar  olmuş,  vaxtilə  C.Cabbarlı 
“Dönüş”, əsərində belələrinə gülmüşdür. Həmin əsərdə  Arif Hikmətin aşağıdakı 
sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Yoldaş Qüdrət hələ bizim hörmətli 
yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq bir balaca siyasi savadı yoxdur. Bu vaxta 
qədər  əsərində  ekspozisiyası  eksplikasiyasına  düz  gəlmir.  əsər  impesionizm 
qaydası  ilə  yazılmış,  sonra  da  ekspressionizmə  keçmişdir.  Axırda  da  gəlib  çıxır 
supermetizmə. Odur ki, sentrotyajesti və sentro-vnimaniyesilə tutmur” (Ə.Abdul-
layev. “Şifahi nitq haqqında. “Dil mədəniyyəti”,  “Elm” nəşriyyatı, Bakı, 1979, III 
buraxılış, səh.72). 
Nitqin süni şəkildə mürəkkəbləşdirilməsi, təəssüf ki, indi də nəzərə çarpır. 
“Son illər filologiya, pedaqogika, psixologiya, sosiologiya və s. sahələrə aid elmi 

 
54 
mətnlər  dilin  və  üslubun  mürəkkəbləşməsi,  ağırlaşması  ilə  səciyyələnir.  Sözlər 
artıq  fikirlərin  ifadə  üsulu,  elmi  nailiyyətlərin  ötürmə  vasitəsi  kimi  yox,  fikir 
yoxsulluğunu, bəzən isə mənasızlığını pərdələmək üçün bir vasitə kimi çıxış edir. 
Bu nə qədər  qeyri-adi görünsə də, həmin təmayülə dilçi alimlər də meyil göstə-
rirlər” (45, 160). 
Natiq  dinləyicinin  başa  düşəcəyi  bir  dildə  danışmalı,  mənası  çətin 
anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir. 
  8.  Nitqin  orijinallığı.  Nitqin  məziyyətlərindən  biri  onun  orijinallığıdır. 
Bu,  nitqdə  özünəməxsusluqdur,  bir  şəxsin  başqalarından  fərqli  danışması  və 
yazmasıdır.  Nitqin  orijinallığı  bir  neçə  cəhətdən  özünü  göstərir  ki,  bunlardan 
birincisi  fərdi  tələffüz  tərzidir.  Nitqin  tələffüz    baxımından  fərqlənməsi,  nəzərə 
çarpması aşağıdakı amillərlə daha çox bağlı olur: 
 1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 
 2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 
 3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 
 4.  Bir  qədər  astadan  danışmaq,  nitq  fasilələrində  daha  münasib  sözlər 
fikirləşib tapmaq və nitqini  davam etdirmək. 
 5.  Danışıq  və  xüsusən  oxu  prosesində  intonasiya  çalarlarından  daha 
bacarıqla, məzmuna uyğun  şəkildə istifadə edə bilmək. 
 6.  Danışanın  səciyyəvi  söz,  ifadə,  sitat,  sintaktik  konstruksiyalar, 
frazeoloji  ifadələr,  aforizmlər,  atalar  sözü,  zərb-məsəllər  və  s.  işlətməsi,  nitqin 
xüsusi tərzdə qurulması. 
İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə 
asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib
işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu 
orijinallıq  nitqin  qurulmasında  daha  çox  nəzərə  çarpır.  Nitqdə  müəyyən  bir 
ənənəvi  forma  vardır  ki,  natiqlər  öz  çıxışlarını  ona  uyğun  qururlar:  məsələnin 
vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə 
çatdırılır,  daha  sonra  isə  deyilənlərə  yekun  vurulur,  bəzən  ümumi  nəticələr 
çıxarılır.  Lakin  natiqlərin  çoxu  bu  ənənəni  gözləməklə  dinləyicilərin  diqqətini 

 
55 
cəlb  etmək,  nitqin  effektliyini  yüksəltmək  məqsədilə  yeni-yeni  formalar  axtarıb 
tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. 
Bir  başqası  nitqinin  əvvəlində  şərh  ediləcək  mövzu  ilə  bağlı  bir  parça  şeir 
söyləyir.  Digər  natiqlər  məşhur  adamların,  görkəmli  yazıçı  və  şairlərin  əsər-
lərindən,  dövlət  xadimlərinin    çıxışlarındakı  sərrast  və  parlaq  ifadələrdən  sitatlar 
gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar. Nitqə başlama-
ğın  digər  formalarından  da  (məsələn,  ritorik  suallar  qoymaq,  mövzu  ilə  bağlı  
gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) 
natiqlik  təcrübəsində  səmərəli  priyom  kimi  tətbiq  edilir.  Bu  baxımdan  xatirədə 
qalan bir əhvalatı  söyləməyi lazım bildik. 1966-cı ilin iyul ayının axırında (26-da) 
qəbul  imtahanlarında  iştirak  edəcək  müəllimləri  Mərkəzi  Komitəyə  dəvət 
etmişdilər.  Mərkəzi  Komitənin  yerləşdiyi  binanın  altıncı  mərtəbəsi  adamla  dolu 
idi.  Ali  məktəbin  seçmə  müəllimləri  zala  toplaşmışdılar.  Adam  çox  olduğundan 
dəvət edilənlərin bir hissəsi ayaqüstə durmuşdu. Bərk isti idi. Mərkəzi Komitənin 
müəllimlərlə görüşəcək işçiləri təyin olunan vaxtdan xeyli gec zala daxil oldular. 
Onlardan birini dərhal tanıdıq. O, Şıxəli Qurbanov idi. Birinci olaraq ali məktəblər 
şöbəsinin müdiri çıxış etdi. Rusca danışırdı. O, zalda oturanlara qəbul imtahanı ilə 
bağlı  dəqiqəbaşı  hədə-qorxu  gəlirdi.  Zalda  istidən,  sıxlıqdan,  məsul  işçinin 
hədələrindən  böyük  bir  gərginlik  hökm  sürürdü.  Növbəti  çıxışı  Ş.Qurbanov  etdi. 
O, nitqini belə bir məzəli əhvalatla başladı: “Bir ailənin yeganə övladı, oğlu vardı. 
Ər-arvad  oğlanlarının  böyük  toyunu  görmək  arzusu  ilə  yaşayırdılar.  Onlar 
çağırılan  toyların  hamısında  iştirak  edirdilər  ki,  gələcəkdə  də  oğlanlarının  toy 
məclisinə  istədikləri  qədər  adam  dəvət  edə  bilsinlər.  Vaxt  gəlib  çatır.  Ər-arvad 
yeganə  oğullarının  toyuna  hazırlaşırlar.  Hərəsi  bir  tərəfdən  adamları  toya  dəvət 
edir.  Hesab  itdiyindən  toya  nəzərdə  tutduqlarından  xeyli  çox  adam  gəlir.  Toy 
otağı  kiçik  olduğundan  qonaqların  çoxu  ayaqüstə  qalır.  Ev  sahibi  qonaqları 
salamlayaraq deyir ki, heç fikir çəkməyin, yerimiz dar olsa da siz qonaqlar üçün 
ürəyimiz  genişdir.  Arxada  ayaqüstə  duranlardan  biri  özünü  saxlaya  bilməyib 
dilləndi:  

 
56 
-  Zalım  oğlu,  ürəyin  belə  genişdirsə,  bu  toyu  orada,  ürəyində  eləyəydin, 
daha camaatı çağırıb ayaqüstə saxlamayaydın. 
Ş.Qurbanov  (Mərkəzi  Komitənin  katibi)  bu  məzəli  əhvalatı  danışıb 
qurtardıqdan  sonra  müşavirəyə  gec  gəldikləri,  həm  də  adamları  ayaqüstə 
saxladıqları  üçün  zaldakılardan  üzr  istədi  və  bundan  sonra  çıxışının  rəsmi 
hissəsinə  keçdi.  Natiqin  şəraiti  nəzərə  alaraq  işlətdiyi  belə  bir  priyom  yaranmış 
gərginliyi  dərhal  aradan  qaldırdı.  Bu  səmimiyyətdən    razı  qalan  zal  onu  axıra 
qədər böyük maraq və diqqətlə dinlədi. 
Təkcə  nitqin  başlanğıcı  deyil,  məzmununun  şərhi,  söhbətin  yekunlaş-
dırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal 
üsullar işlədirlər. Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə 
novatorluğa  meyl  etmək  heç  də  bütün  hallarda  lazımi  effekt  verə  bilmir.  Bu, 
natiqlik  sənətində  daha  geniş  təcrübəsi  olan  mühazirəçilər  –  müəllimlər  üçün 
xarakterikdirsə,  natiqlik  sənətinə  hələlik  yiyələnməmiş  adamlar,  xüsusən  gənc 
natiqlər, müəllimlər üçün məsləhət deyildir. 
Nitqin  orijinallığını  təmin  edən  vasitələrdən  biri  də  bədii  təsvir 
vasitələridir.  Bədii  təsvir  vasitələrindən  (bura  daxildir:  məcazi  mənada  işlədilən 
söz  və  ifadələr,  təşbeh,  metafora,  mübaliğə  və  s.  müxtəlif  üslubi  priyomlar  – 
sözlərin  təkrarı  və  ya  buraxılması,  inversiya,  ritorik-natiqanə  suallar  və  s.) 
yerində,  həm  də  uyarlı  bir  şəkildə  istifadə  nitqi  təsirli,  parlaq,  obrazlı  etməklə 
bərabər,  ona  orijinallıq  da  gətirir.  Həmin  vasitələrdən  nitqdə  istifadə  bacarığına 
yiyələnmək  üçün  natiq  müntəzəm  olaraq  bədii  əsərləri  mütaliə  etməli,  yazıçı  və 
şairlərin  dilindəki  natiqlik  sənəti  baxımlından  daha  yararlı  və  münasib  söz  və 
ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə 
etməyə  çalışmalıdır.  Volterin  təbirincə  desək,  adamlar  yaxşı  yazıçıları  mütaliə 
etdikcə yaxşı danışmağa vərdiş edirlər. 
Nitqin  orijinallığına  xələl  gətirən  səbəblərdən  biri  mühazirəçinin  hazır, 
basmaqəlib  ifadələr  işlətməsidir.  Məsələn,  daxili  imkanlardan  istifadə,  problemi 
aradan  qaldırmaq,  sözü  gedən  rəhbər  işçilər,  məsələni  dəstəkləmək,  işləmə 
mexanizmi, məişət problemləri, dünya  standartlarına uyğun və s.  Natiq bu tipli 

 
57 
ifadələri  işlətməkdən  mümkün  qədər  çəkinməli,  bunun  əvəzinə  daha  uyarlı 
ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır. 
9. 
Nitqin  münasibliyi. Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə 
və  məzmunda  olur.  Nitq  məqamına,  yerinə,  danışan  və  dinləyənin  xarakterinə, 
şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə  və s. görə müxtəlif şəkildə 
təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola 
bilməz.  “Uyğunluq  nitqin  ünsiyyət  məqsədinə  və  şəraitinə  cavab  verilməsini 
təmin edən dil vahidlərinin  seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun 
məntiqi  və  emosional  məzmununa,  dinləyicilərin  tərkibinə,  informasiyanın 
tərbiyəvi estetik məqsədlərinə münasibliyidir” (34, 85). 
Nitqin  münasibliyi  deyəndə  aşağıdakılar  nəzərə  alınmalıdır:  Ünsiyyət 
neçə  şəxs  arasındadır?;  Natiq  (müəllim  və  başqaları)  yığıncaqdamı,  auditori-
yadamı  danışır,  mühazirə  oxuyur,  yaxud  radio  və  ya  televiziya    vasitəsilə  çıxış 
edir?;  Danışan  kimdir?;  Kimə  müraciət  olunur?;  Dinləyən  kimdir?:    uşaqdırmı?, 
ağsaqqaldırmı?,  məktəblidirmi?,  tələbədirmi?,  alimdirmi?;  Savadı,  təhsili 
necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan 
nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir 
və  ya  nədən  çəkindirmək  fikrindədir?  və  s.  Qarşıya  qoyulan  məqsəddən,  
dinləyicilərin  tərkibindən  və  səviyyəsindən  və  s.  asılı  olaraq  nitqdəki  sözlər, 
ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur. 
Natiqlik  praktikasında  nitqin  şəraiti,  münasibliyi  həmişə  nəzərə  alın-
malıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir 
və  təəssüflənirlər  ki,  çox  şeyi  deyə  bilmədilər.  Burada,  şübhəsiz,  günah  natiqin 
özündədir.  O,  müəyyən  edilmiş  vaxt  ərzində  nəzərdə  tutduğu  məzmunu  aydın, 
dəqiq,  yığcam,  eyni  zamanda,  vaxta  qənaət  etməklə  dinləyicilərə  çatdırmağı 
bacarmalıdır. 
Nitq  şəraitinin  müəyyənləşdirilməsi,  ona  müvafiq  mühazirə  oxumaq  və 
digər  praktik  işləri  həyata  keçirmək  hamıdan  çox  müəllimə  lazımdır.  Bəzən  ali, 
həm  də  orta  məktəb  həyatında  tələbələrin  (şagirdlərin)  məşğələlərdə  passiv-
liyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şikayətlənirlər. Belə 

 
58 
neqativ  hallar  tələbələrin  (şagirdlərin)  bilik  səviyyəsini,    marağını,  istəyini 
bilməyən,  öz  üzərində  işləməyən,  məşğələlərə  zəif  hazırlaşan  müəllimlərin  dərs 
dediyi  auditoriyalarda  daha  çox  müşahidə  olunur.  Müasir  tələbə  (şagird)  geniş 
informasiya  tutumuna  malikdir.  Köhnə,  saralmış  konspektlərdəki  məlumatlar 
auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda 
müəllimin  nəzəri  və  praktik  hazırlığı  elə  bir  səviyyədə  olmalıdır  ki,  tələbələrin 
(şagirdlərin) marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, 
mühəndisin,  həkimin,  yazıçının,  siyasi  xadimin  və  başqalarının  auditoriyada 
söylədikləri nitq bir-birindən fərqlidir. Alimin danışığında ifadəlilik həddən artıq 
az olur, fikir daha çox mürəkkəb cümlələrlə, tərkiblərlə , terminlərlə ifadə edilir. 
Müəllimin  nitqi  auditoriyanın  səviyyəsinə  uyğun  qurulur.  Aydınlıq,  yığcamlıq, 
səlislik, dəqiqlik və s. müəllimin danışığının başlıca keyfiyyətləridir. Geniş təfər-
rüat, həddindən artıq ifadəlilik, pafos, məzmuna uyğun olmayan jest, digər mənalı 
hərəkətlər  müəllimin  nitqi  üçün  xarakterik  deyildir.  Mitinqlərdə,  geniş  kütlə 
qarşısında  çıxış  edən  natiqin  danışıq  tərzi,  xüsusən  sintaksisi  digərlərindən 
fərqlənir.  Belə  natiqin  cümlələri,  əsasən,  qısa  olur,  o,  danışığında  mübariz  şüar-
lara, çağırışlara, sual və nida cümlələrinə, canlı sözün təsirini, effektliyini artıran 
digər vasitələrə (inversiya, ritorik sual və s.) daha çox üstünlük verir. 
9.   Nitqin  rabitəliliyi.  Natiq  fikrini  sərbəst,  aydın,  ardıcıl,  yığcam  və 
təsirli  ifadə  edə  bilmək  üçün  ədəbi  tələffüz  qaydalarını  gözləmək,  cümlələri 
düzgün  qurmaq,  sözləri  yerli-yerində  işlətməklə  yanaşı,  nəzərdə  tutduğu  məz-
munu  özünəmüvafiq  forma  ilə  ifadə  etməyi  də  bacarmalıdır.  Başqa  sözlə,  nitq 
həm də rabitəli olmalıdır.  
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 
1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini – 
haqqında  danışacağı  (və  ya  yazacağı)  əşyanı,  hadisəni,  əhvalatı  və  sairəni  yaxşı 
mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər şərhçi beynəlxalq 
aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür 
etmirsə,  həmin  hadisənin  nə  ilə  nəticələnəcəyi  proqnozunu  verə  bilmirsə  onun 
söhbəti,  şübhəsiz  ki,  dinləyici  üçün  qənaətləndirici  ola  bilməz.  Başqa  bir  misal. 

 
59 
Əgər  müəllim  təhlil  edəcəyi  bədii  əsəri  oxumayıb,  onun  haqda  başqalarının 
fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu lazımi effekti verə bilməz. 
2.  Hər  hansı  bir  məsələ  barəsində  danışılarkən  (və  ya  yazılarkən) 
müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. Başqa cür desək, fikrin izah olun-
ması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan 
dilinin  orfoepiyası  barədə  danışmağı  (yazmağı)  planlaşdırmışdır.  O,  fikirlərini 
belə bir ardıcıllıqla şərh etməlidir. 
1) Orfoepiya haqqında məlumat, orfoepiya anlayışı,  
2) Orfoepik qaydalara əməl olunmasının vacibliyi. 
3) Orfoepiyanın orfoqrafiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri. 
4) Azərbaycan dili orfoepiyasının tarixi, onun formalaşması və inkişafı. 
5) Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları: 
a) saitlərin tələffüzünə aid qaydalar; 
b) samitlərin tələffüzünə aid qaydalar; 
c) bəzi qrammatik formaların tələffüzünə aid qaydalar. 
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, 
asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq 
yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır. 
3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı 
bacarmalıdır.  Natiq  şərhində  əsas  məsələ  üzərində  xüsusi  dayanmalı,  söhbətin 
mahiyyətini  dinləyiciyə  çatdırmalıdır.  Onun    nəzərində  tutduğu  məsələdə  ikinci 
dərəcəli fikirlər əsas  fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən 
nitqdə bu tələb gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində 
daha çox dayanır, uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə 
olunur.  Əsas  fikri  çatdıra  bilməyən  natiqin  nitqi,  şərhi  maraqsız  olur,  dinləyici 
belə söhbətdən tez can qurtarmağa çalışır. 
4.  Natiq  öz  sözü,  cümləsi,  düşüncəsi,  üslubu  ilə  danışmalıdır.    Özgə  dili 
ilə,  hazır  cümlələrlə  danışmaq  nitqin  keyfiyyətini  aşağı  salır,  onu  canlılıqdan 
məhrum edir. Natiq  məlum olanları şərh etdikdə belə onları öz dili – ifadə tərzi 
ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır 

 
60 
III  FƏSĠL 
 
NĠTQĠN ĠFADƏLĠLĠYĠ 
 
Nitqin  intonasiyası.  Natiq  fikrini  düzgün,  aydın,  məqsədəuyğun  ifadə 
etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin 
qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də 
bacarmalıdır.  Parlaq,  kəskin,  orijinal,  ifadəli  nitq  dinləyicilərin  hisslərinə  təsir 
edir,  marağını  artırır,  diqqətini  cəlb  edir,  fikrin  məzmununu  yaxşı  dərk  etməyə 
kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, 
onun    danışığı  aydın,  məzmunludur.    Bu  nitq  güclü  məntiq,  tutarlı  söz,  ifadə, 
cümlələrdən ibarətdir,  həm də ifadəlidir, təsirlidir, emosionaldır. 
Nitqdə  ifadəlilik,  emosionallıq  müxtəlif  vasitələrin  köməyi  ilə  yaranır. 
Bura  daxildir:  intonasiya(melodiya,  temp,  tembr,  vurğu,  pauza,  ritm,  səsin  gücü, 
səsin  diapazonu),  leksik  vahidlər:  sinonim  və  antonimlər,  frazeoloji  birləşmələr, 
atalar  sözü,  zərbi-məsəllər,  məcazi  mənalı  sözlər,  birləşmələr,  təkrarlar,  ritorik 
fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən 
bu  ifadəlilik  vasitələrinin  köməyi  ilə  natiq  (müəllim)  ən  incə  mətləbləri 
dinləyicilərə çatdırır. 
Natiqlik  sənətində  məntiqli  danışığa  daha  çox  əhəmiyyət  verilir.  Belə 
danışıq  vasitəsilə  natiq  fikrini,  mətnin  məzmununu  dəqiq  və  aydın  şəkildə 
dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmu-
nun  çatdırılması  mühazirəçinin  yeganə  məqsədi  deyildir.  Əgər  danışan  təkcə 
məntiqi  qanunauyğunluğu  əsas  götürsə, başqa    sözlə, danışığa  fikrin  ancaq  ifadə 
forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq 
ancaq  emosional  boya  kəsb  etdikdə  təsirli  olur,  dinləyicini  daha  çox  maraqlan-
dırır.  Məlumdur  ki,  danışan  eyni  zamanda  müsahibinin  qəlbinə,  hisslərinə  təsir 
etmək , onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə 
çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng 
ifadə    çalarları  kəsb  edir,  emosional  boyalarla  müşayiət  olunur.  İntonasiya  baxı-

 
61 
mından  zəngin  olan    nitq  maraqla  dinlənilir.  Dinləyicilər  belə  nitqdən,  ifadə 
tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti 
daim  səfərbər  edir,  nəzərdə  tutulmuş  məqsədin,  ideyanın  dinləyiciyə  asan 
çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, mono-
tonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması 
və  s.  dinləyicini  yorur,  bəzən  hətta  əsəbiləşdirir.  Dinləyicilər  bu  cür  natiqin 
mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar. 
Dilimiz  intonasiya  cəhətdən  olduqca  zəngindir.  Bu  dil  nitq  prosesində 
rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional 
vəziyyətlər:  qorxu,  qayğı,  qərəz,  qəm,  məğrurluq,  əsəbilik,  dəhşət,  etinasızlıq, 
məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, 
pərtlik,  lovğalıq,  laqeydlik,  coşqunluq,  həya,  sevinc,  acıq,  şübhə,  təkəbbür  və  s. 
ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə 
istifadə  etmək,  nitqin  predmetinə,  müsahibinə  münasibətini  bildirməklə  söz  və 
ifadəyə  müxtəlif  məna  rəngarəngliyi  verir,  onun    məzmununu  genişləndirir,  dol-
ğunlaşdırır.  Aşağıdakı  şeirdə  intonasiyaca    kövrək  duyğular  daha  canlı  şəkildə 
oxucuya çatdırılır. 
 
                  Kölgə düşür bağarası cığırlara, izlərə, 
                  Çökür axşam sərinliyi təpələrə, düzlərə. 
                  Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar 
                  Qəlbi kövrək ana kimi doluxsunur buludlar. 
                   ...Kəkliklərin nəğməsilə bihuş düşür yamaclar, 
                  Duvaq örtmüş gəlin kimi sakit durur ağaclar. 
                  Batan günün şöləsilə yanır neçə aynabənd, 
                  Dalır axşam sükutuna sahil, meşə, tarla, kənd. 
                  Xışıldayır yol üstündə yenə körpə qovaqlar, 
                  Suya gedən qızlar dönür, yalqız qalır bulaqlar. 
                  Orda-burda ocaq tutur, evlər çıraq yandırır, 
                  Uçan durna, sönən qürub nağılları andırır. 

 
62 
 
Ə.Cəmilin   “Kənddə bahar axşamı” şeirindən götürülmüş bu parça canlı 
bir bahar lövhəsidir. Oxucu bu canlı tablonun gözəlliyinə heyran qalır, onun qəlbi 
xoş  duyğularla  dolur.  Mahir  ifaçı  intonasiya  vasitəsilə  bu  tablonu  daha  da 
canlandırır,  ona  əlavə  çalarlar,  rənglər  verir.  Kəndin  bahar  axşamını  bütün 
gözəlliyi ilə dinləyicinin önündə canlandırır. 
İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən 
xarakterik  tələffüz  hadisəsidir.  Ünsiyyət  prosesində  danışan  məqsədinə  müvafiq 
şəkildə  nitqinə  müxtəlif  səs  tərtibatı  verir.  Başqa  sözlə,  danışıq  prosesində 
təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalığına 
malik olur. Professor Ə.Dəmirçizadə yazır: “Danışarkən cümlənin təkcə məzmunu 
deyil,  həm  də  nə  məqsədlə  söylənilmiş  olması  cümlədəki  sözlərin  necə 
səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən əksinə, daha da alçalır, bəzən 
ucalır, bəzən qısalır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə əksinə, 
calaşıq  bir  silsilə  təşkil  edir  və  beləliklə  də  ibarə  və  cümlə  boyu  səslənmənin 
müxtəlif  çalarlıqlı  və  müxtəlif  kəmiyyətli  dalğaları  yaranır.  Bununla  da  nitqin 
ritmik  və  melodik  cərəyanı  formalaşır  ki,  buna  avazlanma  (intonasiya)  deyilir” 
(19, 165).  
Oxu prosesində  isə vəziyyət  bir qədər  başqadır. Nitqin  yazılı  formasında 
müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri verilir. Burada oxuyanın məqsədi  
yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq, onu səsləndirməkdir. 
İntonasiya  nitqdə  elə  incə  emosional  münasibətlər  yaradır  ki,  heç  bir 
formal  əlamət  onu  yarada  bilməz.  İntonasiya  cümlənin,  ifadənin,  ayrıca  götürül-
müş sözün təsir qüvvəsini nəinki  artıra, onun  əslində ifadə etdiyi  mənanı təhrif 
edə,  ya  da  tamamilə  əks  mənada  başa  düşülməsinə  səbəb  ola  bilər.  İntonasiya 
vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək 
olar.  Məsələn,  buyurun  oturun,  bağışlayın,  üzr  istəyirəm,  xoş  gəlmişsiniz,  bəli, 
əhsən, təşəkkür edirəm və s. kimi  nəzakət və hörmət mənasını ifadə edən sözlər 
bəzi  məqamlarda  rişxənd,  istehza,  hiddət,  qəzəb,  kinayə,  etiraz  və  s.  bildirən 
intonasiya boyaları ilə də işlədilə bilər. Rus dilinin intonasiyası üzərində tədqiqat 

 
63 
aparan  prof.V.A.Artemov  “осторожна”  sözünün  22  intonasiya  çalarında,  daha 
doğrusu  22  mənada  deyilə  bildiyini  eksperiment  yolu  ilə  müəyyən  etmişdir. 
Bernard  Şou  “bəli”,  “yox”  sözlərinin  50  ifadə  tərzində  işlətməyin,  müxtəlif 
kommunikativ  münasibət bildirməyin mümkün olduğunu göstərmişdir. Dilimiz-
dəki “salam” sözünün müxtəlif intonasiya çalarları vardır. Həmin təkmənalı sözü 
rəğbət,  kinayə,  qərəz,  coşqunluq,  istehza,  açıq,  təntənə,  qəzəb,  təkəbbürlük, 
lovğalıq  və  s.  kimi  çoxlu  çalarlarda  ifadə  etmək  mümkündür.  Poeziyamız  into-
nasiya  rəngarəngliyi  baxımından  çox  zəngindir.  Burada  S.Vurğunun  məşhur 
“Şair,  nə tez qocaldın sən?” şeirini xatırlamaq yerinə düşər. 
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, fransız fonetiki Qrammonun 
dediyi  kimi  “cümlələri  əmələ  gətirən  sözlər  onun  yalnız  “skeletidir”,  bu  skeletə 
hərəkət  və  həyat  verən  intonasiyadır.  İntonasiya  müəyyən  bir  məzmunun  özünə-
müvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır”. 
Natiq  oxusu  üzərində  aparılan  müşahidələr  göstərmişdir  ki,  danışıq, 
xüsusən  mətnlərin  qiraəti  zamanı  intonasiya  qaydalarının  pozulması  ilə  bağlı 
qüsurlara  yol  verilir.  Normal  intonasiyadan  uzaqlaşmanın  bir  halı  danışıq  və 
oxuda  sürətin  həddindən  artıq  olmasıdır.  İnformasiyanın  aşıb-daşdığı  indiki 
zamanda  sürətli danışıq və oxuya  üstünlük  verilir.  Lakin  belə oxu sürəti normal 
oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli 
danışıq  və  qiraətdə  oxunanları  və  söylənilənləri  tutmaq,  anlamaq,  mənimsəmək 
bir qədər çətin olur. 
İntonasiya  ilə  bağlı  qüsurun  başqa  bir  forması  oxu  və  danışıq  sürətinin 
normadan  bir  qədər  yavaş  olmasıdır.  Belə  nitqdə  dinamika  zəif,  sözlər,  nitq 
taktları,  cümlələr  arasındakı  pauzaların  müddət  ölçüləri  normadan  artıq  olur. 
Yavaş  oxu  danışıq  və  qiraətdə  monotonluğa  gətirib  çıxarır,  dinləyici  yorulur, 
eşitdiyini tam şəkildə mənimsəyə bilmir. 
Natiqlərin,  mühazirəçilərin  içərisində  yüksək  templə  danışan  və  oxuyan-
lara  da  rast  gəlinir.  Yüksək  templə  danışmaq  və  oxumaq  öz-özlüyündə  müsbət 
haldır.  Lakin  müəyyən  hüduda  qədər,    hüduddankənar  danışıq  və  oxu  səs-küy 
kimi qarşılanır, belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur. 

 
64 
Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur. 
Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır. 
Aşağı  tonla  danışıq  və  oxu  dinləyənin  eşitmə  orqanını  daima  gərgin  vəziyyətdə 
saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur. 
Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca 
kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif 
emosional  vəziyyətlər  (alicənablıq,  ağrı,  abır,  bədbəxtlik,  əsəbilik,  əzab,  ələm, 
qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, 
qəhərlənmək,  dəhşət,  vahimə,  diksinmə,  öyünmə,  fəxretmə,  qərarsızlıq,  acizlik, 
vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları ilə verilə bilmir, 
dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır. Bu məqsədlə dinlədiyimiz 
bir çox natiqin oxusunda sual, nida intonasiyası, müxtəlif növ vurğular, pauzalar 
və  s.  demək  olar  ki,  yox  dərəcəsindədir.  Belələri  çox  zaman  bədii  mətni  ifadəli 
oxumaqdan çəkinir və açıq-açığına boyun qaçırırlar.  
İntonasiya ilə bağlı göstərdiyimiz qüsurlar danışıq və oxunun keyfiyyətini 
aşağı  salır,  nitqin  təsir  gücünü  azaldır,  onun  (nitqin)  dərk  olunmasını,  qavranıl-
masını çətinləşdirir. Natiqin danışığı, qiraəti  intonasiya ahəngdarlığı baxımından 
fərqlənməli,  intonasiyaca  zəngin  olan  nitqi  dinləyicilərdə  xoş  ovqat  və  təəssürat 
yaratmalı, onların qəlbinə rahatlıq gətirməlidir. Natiq  səsinin ahəngi ifadə edəcəyi 
fikrin  məzmun  və  qayəsinə  uyğun  olmalıdır.  K.S.Stanislavskinin  aşağıdakı  fikri 
bu baxımdan dəyərlidir. “Danışıq, şeir özü də musiqidir. Danışıqda da, şeirdə də 
səs  məlahətli  olmalıdır,  skripka  kimi  səslənməlidir,  taxtaya  dəyən  noxud  kimi 
taqqıldamamalıdır.  Elə  etmək  lazımdır  ki,  danışıq  muncuq  kimi  düzülsün, 
qovuşsun, hecalara bölünməsin”.  
Nitqin  intonasiyası  kompleks  dil  hadisəsidir.  İntonasiya  tələffüzün  dörd 
elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir.  Bütün hərəkətlər 
kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən 
istiqamətə  yönəlməsi)  və  sona  (hərəkətin  kəsilməsi)  malikdir.  Canlı  nitqdə  daim 
müəyyən  bir  hərəkət,  surət,  güc,  fasilə  özünü  göstərir  ki,  bunlar  intonasiyanın 
yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası 

 
65 
Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin