__________________Milli Kitabxana__________________ 44
edilir. Deməli, mühitin nisbi rütubəti orqanizmin normal fəaliyyətdə
olmasını təmin edən şərtlərdən biridir. Insan orqanizmi üçün nisbi
rütubətin optimal qiyməti 30-70% arasında olur. Uzun müddət nisbi
rütubəti 15-20% olan mühitdə qalan adamın tənəffüs yollarında, göz,
burun və ağızın selikli qişalarında xoşa gəlməyən qıcıqlanmalar
yaranır, burun boşluğu quruyur, qabıqlanır və nəhayət zədələnir. Nisbi
rütubət 70%-dən çox olduqda isə orqanizm yüksək temperaturlarda
istilik mübadiləsini tənzim edə bilmir. Tənzimedici funksiyaların
fəaliyyətində pozulmalar baş verir. Nisbi rütubət çox yüksək olduqda
orqanizm ifrat qızır. Bədənin bərk qızması isə öz növbəsində maddələr
mübadiləsini gücləndirir. Bunları nəzərə alaraq ifrat soyuq və ifrat isti
temperaturlarda müvafiq istilik tutumuna malik paltardan istifadə
olunur. Paltarın qalınlığı iki dəfə artdıqda onun orqanizmi isti və
soyuğun zərərli təsirlərindən qoruma qabiliyyəti dörd dəfə artır.
Paltarın altında nəm toplanıb qaldıqda isə qeyd etdiyimiz
qanunauyğunluq pozulur, bədənin səthində baş verən buxarlanma
çətinləşir, toplanan su buxarı paltarın istiliyi izoləetmə xassəsini
dəyişdirir. Bu cəhətdən neylon paltar çox pisdir. Çünki bir tərəfdən o
istiliyi pis keçirir, digər tərəfdən də buxarlanmanın normal şəkildə
getməsinə mane olur, çünki onun suburaxma qabiliyyəti zəifdir. Ona
görə də neylon paltar orqanizmi soyuqdan çox pis qoruyur, bərk istidə
isə bədənə yapışaraq adamı narahat edir.
Bizim toxunduğumuz məsələlər saysız-hesabsız təbiət
hadisələrinin, canlı orqanizmlərdə baş verən proseslərin çox cüzi bir
hissəsinin biofiziki baxımdan nəzərdən keçirilən nümunələridir. Belə
nümunələrin tədris proqramı mövzuları ilə uzlaşdırılması şagirdlərin
dünyagörüşünə, öyrəndikləri qanunları həyatda görməyə, təbiət
elmlərinin vəhdətini daha dərin dərk etməyə müsbət təsir edən yeni
imkanlar yaradır, şagirdlərə məlum olan bir sıra köhnə faktlar və
biliklər yeni ahənglə səslənir. Şagirdlər öyrənməyin nə üçün lazım
olduğunu daha yaxşı hiss edirlər və onların bilik əldə etmək arzusu
getdikcə artır.