I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə14/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



70

Birinci Türkoloji qurultayın gəldiyi ümumi nəticə: türklər üçün ümumi ədəbi dil yaratmaq 

mümkündür. Əvvəldən türk ləhcələri arasında danışıq dilləri səviyyəsində anlaşma olub, indiki 

iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa kommunikativ vasitələrin artdığı, məktəb-

təhsil şəbəkəsinin əvvəlki dövrlərlə müqayisədə daha da çevikləşdiyi yaşadığımız bir zamanda 

ümumi dil ideyasını gerçəkləşdirmək olar. 

Bu nəticədə qoyulan məsələyə öz münasibətini Tofiq Hacıyev belə bildirir:  

Bizim fikrimiz: Ümumi ortaq türk ədəbi dili yaratmaq əsla mümkün deyil. Müxtəlif 

coğrafiyalarda formalaşmış yerli milli dillər şəklinə düşmüş türkcələri bir yana qoyub, yeni dil 

hazırlamaq olmaz. “Olar” demək xam xəyala düşmək deməkdir. Ayrılma təbii gedən prosesdir, 

birləşdirmə ona qarşı ideyadır, yəni təbii prosesə qarşı çıxmaq deməkdir. Bunu ancaq dekretlə 

həyata keçirmək lazım gələr. Geniş kütlə, hər dilin sahibi olan xalq bu dekretə boyun əyməz, xalq 

öz dilindən əl çəkməz. İnkişaf deyilən anlayışın hərfi mənası da bu fikri rədd edir. Vaxtilə ana dil 

olub, onda ayrılma getməyə başlayıb. Bu, tarixi inkişafın məntiqidir. Geriyə inkişaf, əgər buna 

inkişaf demək olarsa, assimilyasiyadır, bu, zorakılıqdır. Türkmən nümayəndəsi Verdiyev deyir ki, 

hər kəs öz dilindəki, öz türkcəsindəki özənəməxsus xüsusiyyətləri aradan qaldırarsa, ümumi ədəbi 

dil yaranar. Bu da assimilyasiyanın bir tipidir. Belə demək mümkünsə, bu, könüllü assimilyasiyadır. 

Hər halda bu da zorakılıqdır, özünə qarşı zorakılıq tətbiq etməkdir. Yəni: milli coğrafi türkcələr 

formalaşandan sonra təzə dil yaratmaq olmaz. Bunun üçün əvvələn, gərək bütün türklər üçün bir 

dövlət yaransın və bu dövlət öz ədəbi dilini hazırlasın; bunun üçün də onilliklər gərəkdir. Əlbəttə, 

belə ümumi vahid dövlətin yaradılması əsla mümkün deyil. Bütün bunlarla yanaşı, türklər üçün 

ümumi ünsiyyət təşkil etmək olar. Heç bir türkcənin varlığına toxunmadan, dünya dövlətlərində 

işlənən bir təcrübədən biz də yararlana bilərik. Bütün türklər ümumi bir ünsiyyət vasitəsindən 

(ilətişim dilindən) istifadə edər. Bu ümumi ünsiyyət dilini yaratmağa ehtiyac yoxdur. Mövcud türk 

dillərindən birini alıb, onu işlətməliyik. Məsələn, vaxtilə SSRİ ərazisində bütün xalqlar rus dilinin 

vasitəsilə ünsiyyət saxlayırdılar. Bu gün dünyanın çox dövlətlərində bu mövqedə ingilis dili işlənir. 

Belə ümumi ünsiyyət dili vəzifəsini bugünkü müstəqil türk dövlətlərindən hər birinin ədəbi dili 

yerinə yetirməyə qabildir. Ancaq o dil seçilməlidir ki, o dilin sahibi olan dövlət hamıdan artıq 

iqtisadi gücə, mədəni imkanlara, beynəlxalq siyasi nüfuza malikdir. Bu gün bu imkanların sahibi 

Türkiyə türkcəsidir… (s. 95-109). 

Beləliklə, heç bir türkcənin hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam 

etdirməsi şərtilə elə, bir məxrəcə gəlmək olar ki, bütün türklər bir dildə danışsınlar. 

 

ƏDƏBİYYAT 



 

1.

  Tofiq Hacıyev. Türklər üçün ortaq ünsiyyət dili. Bakı, “Təhsil”, 2013, 248 səh.  



 

 

  Roza Eyvazova 



Doctor of philology, professor 

 

Academician Tofiq Haciyev’s attitude the issues imposed 



in the First Turkological Congress 

Summary 


In order to explain the problem of common intercourse language for Turks Tofiq Haciyev 

says that, it is impossible to form common Turkish language.  No one would create new language 

disclaiming its own one. It can’t be formed new language without existing Turkish languages that 

changed to local national languages. It is impossible to form new language after formation of 

national geographical Turkish languages. In order that first of all it is necessary to establish 

common state for all Turks and this state would prepare its own language. Of course, establishing 

such unique common state is not feasible. Language is not alphabet to change it every day and it is 

not rule of dictation that specialists could offer new norm. Language springs up with the nation and 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



71

develops related with social-political, economic, cultural situation and changes naturally. Separating 

of languages is natural process and it occur in all languages, there are not too many languages in 

first human societies. Notion of family of language comes from it…  

It is possible to come to an agreement that all Turks could speak in common language, 

without violating the right of any Turkish language and promoting continuation of their historical 

development way. 

Key words: Congress, alphabet, literary language, common language, issues, relations. 

 

 

 



 

Solmaz Rüstəmova-Tohidi, t.ü.e.d., prof. 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

 

I BAKI TÜRKOLOJİ QURULTAYI - SSRİ TÜRK XALQLARININ 



MODERNLƏŞMƏSİ SAHƏSİNDƏ SOVET DÖVLƏTİNİN SİYASİ-İCTİMAİ TƏDBİRİ 

KİMİ. QURULTAYIN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ 

 

1926-cı il Ümumittifaq Türkoloji qurultayı türk və Şərq xalqlarının tarixində   elmi-nəzəri 



və mədəni-təcrübi hadisə kimi müstəsna əhəmiyyətə malik olmaqla  yanaşı,  bir sıra 

xüsusiyyətlərinə görə həm də böyük  ictimai-siyasi maraq kəsb edir. Qurultayın keçirilməsini 

şərtləndirən mühüm  obyektiv tarixi-mədəni səbəblər arasında Sovet hökumətinin bilavasitə dövlət 

maraqlarından irəli gələn konkret siyasi məqsədlər var idi. Artıq sovetləşdirilmiş müsəlman-türk 

ucqarlarının çoxmilyonlu yeni vətəndaşlarının – o dövr  “türk-tatar” adlandırılan müxtəlif xalqların 

və etnik qrupların ictimai-siyasi həyata cəlb edilməsində ortaya çıxan ciddi maneələr Sovet 

rəhbərliyini təcili tədbirlər görməyə vadar edirdi. Sovet hökumətinin  rus dilini bilməyən, əsasən 

savadsız, ən başlıcası  yeni hakimiyyətə  inamsız və ya laqeyd münasibət bəsləyən müsəlman-türk 

fəhlə-kəndli əhalisi ilə ünsiyyət tapa bilməməsi, yerli kadrlara olan hədsiz tələbat  və d. bu kimi 

məsələlər həlli vacib olan problemlərdən idi.    Bu xalqların bir hissəsinin qısa zamanda olsa,  artıq 

milli dövlətçilik  təcrübəsinə malik olduğunu, milli mədəni inkişaf yolunda müəyyən  işlər 

gördüyünü, milli ziyalılar nəsli yetişdirdiyini  nəzərə almağa məcbur olan yeni hakimiyyət bütün bu 

xalqları iri miqyaslı bir ideya və məqsəd ətrafında birləşdirmək üçün yeni əlifba məsələsini 

gündəmə gətirir. Türk xalqları üçün tarixi-aktual bir məsələ olan Əlifba islahatı mövzusu, şəksiz ən 

uğurlu proyekt idi. Bu məsələ  həm də Sovet hakimiyyətinin 1920-ci illərin əvvəllərində başladığı 

geniş siyasi-mədəni quruculuq planlarının və “milliləşdirmə” siyasətinin  tərkib hissəsi olmalı idi.  

Qurultaya hazırlıqla əlaqədar görülən çoxsaylı tədbirlər, təşkilati işlərə cəlb edilmiş  milli 

xadimlərin və yerli kommunistlərin  nüfuz və bacarığı Sovet hökumətinin bu məsələyə nə qədər 

ciddi əhəmiyyət verdiyini göstərir. Lakin bütün  bu işlərə nəzarət edən  Mərkəzi partiya orqanlarının 

iclaslarının “tamamilə məxfi” qrifi ilə işarələnmiş protokollarından aydın olur ki, bu qurultay 

qarşısına daha geniş, ən müxtəlif xarakterli məqsəd və vəzifələr qoyulmuş, onun gedişi ən ciddi 

surətdə tənzimlənmiş,   nəticələri  və qəbul edəcəyi qərarlar isə müzakirələrdən asılı olmayaraq 

əvvəlcədən müəyyənləşdirilmişdir.  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



72

 

 



İlham Tahirov fil.ü.e.d. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, baş elmi işçi 

ilham_tahir@rambler.ru 

 

I TÜRKOLOJİ QURULTAY VƏ MÜQAYİSƏLİ TÜRKOLOJİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 



 

1926-ildə fevral ayının 26-dan mart ayının 6-na qədər Bakıda keçirilmiş I Türkoloji Qurultay 

bütövlükdə türk xalqlarının ictimai-siyasi və mənəvi-mədəni həyatında silinməz qoydu. Həmin 

qurultayda müzakirəyə çıxarılmış məsələlər təkcə Azərbaycan elmində deyil, ümuiyyətlə, türk 

humanitar düşüncə tarixində misilsiz bir hadisə idi. Bu qurultay o zamankı dövrdə türk dünyası, 

türk xalqları, onların dilləri, tarixi, etnoqrafiyası və s. məsələlərlə bağlı çağırılmış sadəcə bir elmi 

məclis olaraq qalmadı, bununla bərabər türkologiya sahəsində həmin dövrdə əldə edilmiş uğurlara 

yekun vuraraq, onun inkişaf etdirilməsi üçün möhtəşəm bir təməl yaratdı. 

Qurultayda türk xalqları tarixinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri, türk 

xalqlarının etnoqrafiyasının öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri, türk dillərinin 

öyrənilməsinin hazırkı vəziyyəti və yaxın vəzifələri, elmi terminologiya sistemi və türk dillərində 

terminologiya, orfoqrafiyanın elmi əsasları və türk dillərində terminologiya, linqvistik və texniki 

nöqteyi-nəzərdən əlifbayaratmanın əsasları və türk dillərinin əlifbaları, türk dillərinin ədəbi 

dillərinin inkişafı, ana dilinin tədrisi metodikasının ən son nailiyyətləri və türk dillərinin tədrisi 

metodları və digər mövzularda ümumilikdə 14 məsələ ətrafında 40-a qədər məruzə və 

həmməruzələr dinlənilmiş, müzakirə edilmiş və bir çox qətnamələr qəbul edilmişdir. 

I Türkoloji qurultayda müqayisəli türkoloji dilçilik məsələlərinə də diqqət yetirilmişdir. İstər 

müqayisəli dilçilik, istərsə də müqayisəli türkoloji dilçilik tarixi-genetik qohumluq kimi anlaşılan 

dil qohumluğu dərəcəsini müəyyənləşdirməyə səy göstərir, uludillərin bərpası, dillərin, dil 

ailələrinin və onların qruplarının tarixində diaxron proseslərin tədqiqi ilə məşğul olur. Bütün XIX 

əsr boyu dilçilikdə hakim mövqe tutmuş müqayisəli-tarixi dilçilik məsələləri I Türkoloji qurultay 

kimi mötəbər elmi məclisdə də diqqətdən kənarda qala bilməzdi.  

Qurultayda bu yöndə söylənmiş fikirləri iki qrupda birləşdirmək olar:  

1. Türk dillərinin özləri arasında qohumluğun ortaya çıxarılması məqsədilə müqayisəsi;  

2. Türk dillərinin monqol, tunqus, fin-uqor, yafəs dilləri ilə qohumluğunun 

müəyyənləşdirilməsi məqsədilə müqayisəsi. 

Türk dillərinin özləri arasında qohumluğun ortaya çıxarılması məqsədilə müqayisəsi ilə bağlı 

qurultayda prof. Bəkir Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu” (8, s. 129-137) adlı məruzə 

etmişdir. Məruzədə alim türk ləhcələrinin Orxon abidələrinəqədərki dövrdə mövcud olduğu və 

bunun heç bir şübhə doğurmadığı fikrini irəli sürür: “Bir tərəfdən, belə bir danılmaz fakt ki, tukyuya 

aid orxon yazılı abidələrinin şərqi və qərbi, yaxud şimali və ya cənubi olmaqla iki hissəyə 

bölünməsi, digər tərəfdən, həmin abidələrdə karluk, uyqur, doqquz oquzlar, qırğız və digərlərinin 

adlarının xatırlanması və, nəhayət, Orxon yazılı abidələrinin dilinin özü bu barədə danışır və 

yuxarıda dediyimizi sübut edir. Həmin türklərin özlərini “türk” adlandırması da heç bir şübhə 

doğurmur. ... Əgər “Qutadqu-Bilik”, “Divan Hikmət”, “Divan lüğət-it-turk” kimi müxtəlif dövrlərə 

aid olan əsərlərə baxsaq, onda onların müxtəlif ləhcələrdə yazıldığını, müəlliflərin özlərini “türk” 

adlandırdığını görəcəyik” (8, s. 129).  

B.Çobanzadə XI əsrə aid “Divan lüğət-it-turk” əsərinə əsaslanmaqla həmin dövrdəki türk 

ləhcələri ilə tanış olmaq imkanı olduğunu dilə gətirir. Mahmud Kaşqarinin əsərinin birinci cildinə 

“ön söz”ündəki türk ləhcələrinin bölgüsünə əsaslanan B.Cobanzadə M.Kaşqarinin elmi bilik 

düşüncəsinin böyük elmi əsaslandırmaya sahib olduğunu qeyd edir. “Mahmud-əl-Kaşqari o 

zamankı dövr nöqteyi-nəzərindən böyük elmi əsaslandırma ilə və xüsusi elmi sistemə riayət 

etməklə, həmin türk ləhcələrinin qarşılıqlı əlaqə və münasibətlərini aydınlaşdırmışdır. Onun əsərini 

öz dövrü üçün dahiyanə və xüsusi diqqətəlayiq əsər olaraq qəbul etmək olar.” (8, s. 130). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



73

   Mahmud  Kaşqarinin  yüksək  hazırlıqlı  və  böyük erudisiyaya, geniş görüş dairəsinə sahib 

olduğunu onun aşağıdakı sözlərindən müəyyənləşdirmək olar: “Türk ləhcələri arasında əsas lüğət 

tərkibi eynidir. Burada fərqlər yoxdur. Əgər varsa, bu, yalnız müxtəlif hərflərdə (səslərdə) və 

onların dəyişməsindədir” (8, s. 130). Bəkir Çobanzadə Mahmud Kaşqarinin bu ümumiləşdirməsinə 

onun hərtərəfli tədqiqat və dərin təhlil qabiliyyətinin nəticəsi kimi yanaşır. 

Türkoloji qurultayda etdiyi məruzəsində B.Çobanzadə Mahmud Kaşqarinin əsərində türk 

tayfalarının ləhcələri arasında 9 bənddən ibarət səsdəyişmələrinin müqayisəsi əsasında və müəllifin 

(Mahmud Kaşqarinin) toxunmadığı digər xarakterik xüsusiyyətlərə əsaslanaraq hazırkı canlı türk-

tatar ləhcələrinin ümumi şəkildə hələ XI əsrə qədər müəyyənləşdiyi nəticəsinə gəlir. 

B.Çobanzadənin məruzəsində Mahmud Kaşqaridən başlamış A.N.Samoyloviçə qədər türk 

tayfa birliyi ləhcələrinin tədqiqi istiqamətində aparılan tədqiqatlarda mövcud olan aşağıdakı 

çatışmazlıqlar göstərilir: “1) Türk ləhcələrinin tədqiqi əksərən tarixi, iqtisadi və ya siyasi məsələlərə 

işıq salmaq işinə yardım və kömək məqsədilə aparılmışdır. 2) Müxtəlif türk ləhcələri nə qədər 

müqayisə edilsə də, əksər hallarda bu tədqiqatlar son nəticədə həmin ləhcələrin biri çərçivəsində 

qapanır və ondan kənara çıxmır. 3) Türk ləhcələrinin təsnifinə dair tərtib olunmuş işlərin, 

fikrimizcə, aşağıdakı qüsurları vardır. a) yalnız səs xüsusiyyətləri nəzərə alınır. b) tarixi 

məlumatların xüsusiyyətlərinə toxunulmur və onlar nəzərə alınmır. c) çox zaman bir prinsip digəri 

ilə qarışdırılır.” (8, s. 135). Məruzədə türkologiya sahəsində, türk dillərinin qohumluğunun 

müəyyənləşdirilməsində Bötlinq, V.Radlov, V.Tomsen, A.Vamberi, Budents və Pamstedtin 

tədqiqatları, yüksək qiymətləndirilir, onların bu sahədəki xidmətlərinin böyük olduğu vurğulanır. 

Bununla belə, B.Çobanzadə Radlovun topladığı materialın kifayət qədər sistemli olmadığını dilə 

gətirir, onun lüğətinin yenidən nəşrini alqışlamadığını söyləyir. Həmin materialın yenidən işlənməsi 

türk dillərinin müqayisəli-tarixi qrammatikasının və lüğətinin meydana çıxmasına imkan verəcəyini 

vurğulayır. 

B.Çobanzadə türk dilləri və ləhcələrinin qohumluğu ilə bağlı aparılmış tədqiqat işlərinin 

əhəmiyyətini heç də azaltmadan belə bir mülahizəni də vurğulayır ki, bu tədqiqatlar türk dillərinin 

qarşılıqı əlaqələinə kifayət qədər işıq salmaq imkanında və bu dillərin müqayisəli qrammatikası 

kimi çıxış etmək iqtidarında deyildir: “Madam ki, məsələ qarşımızda bu  şəkildə görünür, onda 

fantastik düşüncələri bir tərəfə qoyub, hər bir türk dilinin ayrılıqda öyrənilməsi və ya hər hansı bir 

dil qrupuna aid müqayisəli əsərlərin hazırlanması ilə məşğul olmaq, şübhəsiz, məqsədəuyğun 

olardı” (8, s. 137).   

I Türkoloji qurultayda müqayisəli dilçilik yonündə söylənmiş fikirlərin ikinci qrupunu türk 

dillərinin monqol, tunqus, fin-uqor, yafəs dilləri ilə qohumluğunun müəyyənləşdirilməsi məqsədilə 

müqayisəsi təşkil edir. Sözügedən məsələ ilə bağlı Berlindən prof. Nikolay Nikolayeviç Poppenin 

“Altay dillərinin qarşılıqlı qohumluğu haqqında məsələnin tarixi və müasir vəziyyəti” (8, s. 139-

159), Leninqraddan Anatoliy Nesteroviç Qenkonun “Türk dillərinin yafəs dilləri ilə əlaqələri 

haqqında” (8, s. 159-166) adlı məruzələri dinlənilmişdir.  

A.N.Qenkonun məruzəsində göstərilir ki, türk dillərinin yafəs dilləri (Qafqaz dağlılarının 

dilləri, gürcü və ona qohum olan dillər) ilə qohumluğu genetik deyildir, substrat və alınmalar kimi 

xarakterizə edilə bilər. 

I Türkoloji qurultayda etdiyi məruzədə N.N.Poppenin Altay dillərinin qohumluğu haqqında 

irəli sürduyu mülahizələr müqayisəli türkoloji dilçiliyin inkişafı baxımından əhəmiyyət kəsb edir.  

a) Altay dillərinin müqayisəli tədqiqi tarixində iki əsas dövrü fərqləndirmək olar. Birinci dövr 

– Ural-Altay dövrüdür ki, bu dövr ərzində Altay dilləri ayrıca qrupa ayrılmamışdı və tədqiqatçılar 

tərəfindən bir ümumi dil ailəsinin üzvü kimi yanaşılırdı. İkinci dövr onunla səciyyələnir ki, Altay 

dilləri bu dövrün lap əvvəlindən digər Ural-Altay dillərinin bütünündən ayrıca bir qrupa ayrılaraq 

Altay dilləri qrupunu əmələ gətirmişdir. N.Poppenin fikrincə, əgər, ümumiyyətlə, Ural-Altay 

dillərinin qarşılıqlı qohumluğundan danışmaq olarsa, məhz dövrdən təyin etmək mümkün olmuşdur 

ki, türk və monqol, eləcə də, tunquz dillərinin daha sıx qohumluq əlaqələrindən danışmaq olar. 

Buna görə də tədqiqatçılar bütün səylərini bu dillərin Ural, yəni samodi və fin-uqor dilləri ilə 

əlaqəsindən asılı olmayaraq, məhz onların, yəni türk və monqol və tunqus dillərinin  bir-birinə 

münasibətlərini öyrənməyə istiqmətləndirmişdilər. Buna görə də, qeyd etmək olmaz ki, müqayisəli 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



74

Altay dilçiliyinin başlanğıcı məhz bu ikinci dövrə aiddir. Lakin bu dövrün müqayisəli Altay dilçiliyi 

üçün tamamilə faydasız olduğunu demək də düzgün olmazdı, çünki bu dövr hazırlıq dövrü idi və 

həmin dövrdə o dövrün tədqiqatçılarının yol verdiyi səhvlər və yanılmalar yeni dövrün 

tədqiqatçıları üçün ibrət dərsi oldu.  

b) N.Poppe Ural-Altay dilçiliyinin, daha sonra ondan nəşət edən müqayisəli Altay dilçilyinin 

başlanğıcını XVIII yüzilliyə aid edir. Ural-Altay dilçiliyi öz başlanğıcını İ.Stralenberq Das Nord-

und Ostliclie Theil von Europa und Asia, insoweit solches das gantzo Russische Reich mit Sibirien 

und grossen Tatarei in sich bеgreiffet etc. von Philipp Johann von-Strahlenberg. Stockholm, 1730 

adlı əsərindən götürür. Bu əsər, hər şeydən öncə, Ural-Altay dillərinin qohumluğunu 

əsaslandırmağa ilk cəhd kimi dəyərlidir. Bundan əlavə, İ.Stralenberq Ural-Altay dilləri ailəsini 1) 

uyqurlar (burada fin-uqor xalqları, barabin və hunlar nəzərdə tutulur), 2) türk-tatarlar, 3) samodi, 4) 

monqol və manjur, 5) tunqus, 6) Qara dəniz və Xəzər dənizi arasında məşkunlaşan tayfaların dilləri 

kimi qruplara ayırmışdı. Bütün əyər-əskik cəhətlərinə baxmayaraq, bu təsnifat Ural-Altay dillərinin 

ilk bölgüsü kimi önəm daşıyır. İ.Stalenberqin xidməti isə ondadır ki, o, Ural-Altay dillərinin 

qohumluğu məsələsini irəli sürmüşdür. Bu məsələ sonradan inkişaf etdirilərək təxminən yüz il sonra 

Danimarkalı R.Rask tərəfindən “Skif dilləri”, M.Müllerin “Turan dilləri” nəzəriyyəsinin meydana 

çıxması ilə nəticələndi.      

c) Türk, monqol, tunqus, fin-uqor və samodi dillərinin qohumluğuna əsaslanan Ural-Altay 

dilləri nəzəriyyəsini fin dilçisi M.A.Kastren elmi əsaslar üzərinə qoydu. Ural-Altay dillərinin 

qohumluğu məsələsi ilə məşğul olan Kastren digər tədqiqatçılardan fərqli olaraq həmin dillərlə 

başqalarının əsərləri vasitəsilə deyil, bilavasitə tanış olmuşdu, bilavasitə material toplamışdı. Bütün 

ömrünü Ural-Altay dillərinin tədqiqinə həsr etmiş M.A.Kastren həmin dillərin bugünkü gündə də 

əhəmiyyətini saxlayan ilk elmi təsvirini verdi. “Altay” adlandırdığı dilləri beş qrupda – fin, samodi, 

türk, monqol və tunqus –  birləşdirməklə, M.Kastren onların qarşılıqlı əlaqələri haqqında o mənada 

fikir söyləyir ki, hind-Avropa dilləri ailəsinin ayrı-ayrı budaqları arasındakı oxşar yaxınlığı bu dillər 

arasında aşkar etmək olmasa da, amma müəyyən uyğunluqlar, xüsusilə fin, samodi və türk dilləri 

arasında hər halda müşahidə edilir. “Dilçilərin sözügedən dilləri eyni ailəyə daxil etməsi üçün bu 

uyğunluqların nə dərəcədə əhəmiyyətli olub-olmaması sualının cavabını gələcək özü verər. Bu 

sözlərlə Kastren Ural-Altay dillərinin qarşılıqlı əlaqələrinə öz baxışını kifayər qədər aydın şəkildə 

ifadə etmişdir.  

N.N.Poppe bu kimi arqumentləri ortaya qoymaqla, Ural-Altay dillərinin qohumluğu 

məsələsinin ortaya çıxmasının çox tez olduğunu nəzərə çatdırırdı. N.N.Poppe Ural-Altay 

nəzəriyyəsinin müvəffəqiyyət qazanması üçün bir sıra şərtlərə əməl etməyi tövsiyə edir. Onun 

fikrincə, Ural-Altay nəzəriyyəsinin qəbul edilməsi üçün yeni üsullar seçilməli, metodlar işlənib 

hazırlanmalıdır. Tədqiqatçı  hər şeydən əvvəl, öz tədqiqatlarının dairəsini məhdudlaşdırmalı, onları 

əvvəlcə məhdud sayda dillərə şamil etməlidir.  

d) Ural-Altay dillərinə yapon dilini daxil etmək təşəbbüsləri olmuşdur. N.Poppe bu 

təşəbbüsün uğurlu olmadığı qənaətinə gəlir. Amma qeyd etmək lazımdır ki, yapon dilinin Ural-

Altay dilləri ailəsinə aid edilməsi fikri müasir müqayisəli Altayşünaslıqda özünə daha çox tərəfdar 

tapmaqdadır.  

I Türkoloji qurultaydan sonra müqayisəli Altay dilçiliyi uzun sürən fasilədən sonra tədqiqat 

dairəsini genişləndirərək sözügedən məsələnin araşdırılması ilə məşğul olmaqdadır. Bu istiqamətdə 

Avropa, xüsusilə rus, eləcə də Azərbaycan dilçilərinin tədqiqatları diqqəti cəlb edir (Bax: 1; 2; 3; 4; 

5; 6; 7; 9; 10). 

I Türkoloji qurultayda türk dillərinin özlərinin, eləcə də türk dilləri ilə monqol, tunqus, fin-

uqor, yafəs dilləri ilə qohumluğu məsələsinə toxunan məruzələr üzrə qəbul olunmuş qətnamə də 

müasir müqayisəli türkoloji araşdırmalar baxımından vacib hesab oluna bilər. Həmin qətnamədə 

ayrı-ayrı türk dillərinin, dialekt və şivələrinin dərindən, hərtərəfli öyrənmək, toplanmış dil 

materiallarını çap etmək, ayrı-ayrı elmi qrammatikaların və lüğətlərin tərtib olunmasını təşkil 

etmək, müqayisəli-tarixi qrammatika kitablarının yazılması, müqayisəli etimoloji lüğətlərin 

hazırlanmasına, türk dillərinin və dialektlərinin təsnifi ilə əlaqəli işlərin görülməsinə diqqəti 

artırmağın lazım olduğu, türk dillərinin altay, fin-uqor dilləri və yafəs nəzəriyyəsi ilə əlaqəsi barədə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



75

araşdırmaların davam etdirilməsi, beynəlxalq miqyasda kollektiv əsər əsasında türkoloji işin 

konkret plan üzrə və nəşr fəaliyyətinin təmin edilməsilə təşkil edilməsi nəzərdə tutulurdu. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin