3.3. Bərdə Sacilərin və Salarilərin hakimiyyəti
dövründə.
IX əsrin ikinci yarısından Xilafətin zəifləməsi ilə əlaqədar
inzibati-siyasi dəyişikliklərlə bağlı olaraq Azərbaycanın, o
cümlədən Bərdənin də siyasi həyatında yeniliklər göründü.
Ərəblərin yaratdığı inzibati-ərazi bölgü sistemi pozuldu. Yeni
feodal dövlətləri yarandı ki, onların da hər birinin ayrıca mərkəzi
şəhəri var idi (169, s.90). Ona görə də, Bərdə tədricən inzibati
mərkəz rolunu itirirdi. Lakin Xilafətin Azərbaycandakı sonuncu
canişini – Məzyədilər sülaləsindən olan Məhəmməd ibn Xalid
Bərdə şəhərində qərarlaşdı. Məzyədilər Şirvan ərazisinə
köçdükdən sonrada, bütün Arran onların hakimiyyəti altında ol-
du. Lakin sonra – IX əsrin 70-ci illərində Bərdə Məzyədilərin
tabeçiliyindən çıxdı (90, s.39; 169, s.60).
«Albaniya tarixi»ndə bildirilir ki, 870-ci ildə Məhəmməd
ibn Yəmən Bərdəyə hakim təyin olundu. O, Arranın hakimi ol-
maq fikrinə düşdü və bu məqsədlə yerli hakimləri ələ aldı;
məktublar göndərdi ki, onu hakim təyin etməsi üçün xəlifədən
xahiş etsinlər. Lakin xəlifə onu deyil, Məhəmməd ibn Xalidi
təyin etdi (136, k.2I, f.18).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
111
IX əsrin sonlarından başlayaraq, Xilafətin şimal
ölkələrində və digər ucqarlarında mərkəzdən ayrılma meylləri
daha da gücləndi (15, s.176; 169). Müstəqilliyə marağı olan yer-
li canişin və hakimlər Xilafət mərkəzinə tabe olmaqdan və hətta
vergi verməkdən imtina etdilər (15; 169, s.88). Xilafətin
tərkibində ona tabe olmayan müstəqil feodal dövlətləri yarandı.
Həmin dövlətlərdən biri də Sacilər dövləti idi (15, s.196; 169,
s.89). Sacilər dövlətinin mövcudluğu dövründə Bərdə şəhəri
əvvəlki kimi yenə də mühüm şəhər olaraq böyük rol oynadı.
Bərdənin yarım əsrə yaxın siyasi tarixi həmin dövlətin daxili
həyatı və bu dövlətdə baş vermiş siyasi hadisələrlə bağlıdır.
Xilafətin parçalanmağa başladığı bir dövrdə yaranmış
müstəqil Sacilər dövlətini türk mənşəli Sacilər sülaləsindən olan
hakimlər və onların əmirləri idarə edirdilər. Dövlətin başçısı
«afşin» titullu, türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə
Məhəmməd ibn Əbu Sac idi (15, s.198-199; 169, s.89).
Məhəmməd ibn Əbu Sacın dövründə Bərdə şəhəri ölkənin inzi-
bati mərkəzi olaraq inkişaf edirdi (169, s.89). Feodalizm
cəmiyyətinin inkişafı şəhərləri kənd təsərüfatından tamamilə
ayıraraq, yalnız sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət
göstərməyə vadar etdi. Bu isə, Bərdənin qədim sənətkarlıq və
ticarət mərkəzi olması xarakterinə uyğun şəkildə daha da inkişaf
etməsinə səbəb oldu. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş,
həmin dövrə aid çoxsaylı sənətkarlıq məmulatı və pullar da bunu
sübut edir (149; 150; 205; 335; 366).
Sacilər dövləti Xilafətə qarşı mübarizə şəraitində meydana
çıxıb fəaliyyət göstərsə də Xilafətə vergi verməyi öhdəsinə
götürən yarımmüstəqil dövlət olduğundan Abbasilərin qoyduğu
qayda-qanunlardan kənara çıxmaq üçün gərgin mübarizə
aparmalı olmuşdur. Məhəmməd ibn Əbu Sacın dövründə Bərdə
şəhərində zərb edilmiş, üzərində
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
112
«Afşin» yazılmış pulların aşkar edilməsi göstərir ki, ərəblərin
hakimiyyətinin siyasi baxımdan ciddi təsirlərə məruz qalması
dövrü başlanmışdır (169, s.90).
Mənbələrə və tədqiqat əsərlərinə görə, artıq 1X əsrin
axırlarında Azərbaycanda Sacilər sülaləsi hakimiyyətinin əsasını
qoymuş Məhəmməd ibn Əbu Sac dövlətin ərazisini xeyli
genişləndirmiş, müstəqil Sacilər dövləti yaratmışdı (8, s.94;
174).
Azərbaycanda Sacilərin hakimiyyətə gəldiyi dövr
Abbasilər sülaləsinin hakimiyyətinin siyasi böhran içərisində
olduğu vaxta təsadüf edir (8, s.90). Artıq valilərin çoxu
Xəlifənin imtiyazlarını pozur, ona vergi verməkdən imtina
edirdilər (169, s.93; 174, s.59).
«Albaniya tarixi»ndə Sacilər barədə bildirilir ki, «taciklər
(ərəblər) … gəldilər və əhali üzərinə vergi qoyub zülm etdilər.
Onlar ələ keçirdikləri patriarx II Georqu (876-897) dəmir buxov-
la qandallayıb Partava (Bərdəyə) apardılar və zindana
saldılar…» (136, k.2I, f.18; 169, s.98).
Müəllifin bu sözləri dini məzhəb tərzindən doğmuş
qəzəblə deməsi hiss olunur, eyni zamanda Arran ərazisinin
Sacilərin hakimiyyəti altında olmasını da təsdiq edir (169, s.99;
174, s.58-59).
Məhəmməd ibn Əbu Sac dövründə dövlətin paytaxtı
Ərdəbil şəhəri olsa da Azərbaycanın böyük şəhərləri olan
Marağa, Bərdə, Təbriz, Urmu, Xuvey (Xoy), Səlmas, Mərənd,
Beyləqan çox böyük iqtisadi və siyasi əhəmiyyətə malik idi
(169, s.101). Maraqlı faktlardan biri də Sacilər dövlətinin
hökmdarlarının adına zərb olunmuş pullardır. Məhəmməd ibn
Əbu Sacın dövründə Bərdədə üzərində «allah» kəlamı və Saci
hökmdarlarının adı yazılmış dirhəmlər zərb olunmuşdur (169,
s.90).
Sacilər Xilafətə qarşı mübarizəni gücləndirmək üçün
mühüm siyasi və hərbi tədbirlərə əl atırdılar. Məhəmməd
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
113
ibn Əbu Sacın əmirlərindən olan Vasif Bərdədən qaçaraq Mala-
tyaya getmiş və xəlifə Mötəziddən Suriya ilə Bizans sərhədində
(Suqurda) hakim təyin olunmasını xahiş etmişdi (169, s.94).
Mənbə məlumatına görə, Vasif oraya Məhəmməd ibn Əbu Sacın
məsləhəti ilə getmişdi. Vasif orada yerləşdikdən sonra
Məhəmməd ibn Əbu Sac özü də oraya getməli, xəlifəyə qarşı
birlikdə mübarizə aparmalı idi. Vasif orada xəlifə tərəfindən
həbs olunduğundan onların bu planı baş tutmamışdı (100, s.97).
Sacilər dövlətinin banisi Məhəmməd ibn Əbu Sac Ani və
Dvindən tutmuş Tiflisə qədər olan və digər əraziləri də özünə
tabe edərək bir müddət hökmranlıq etdikdən sonra Bərdə
şəhərində taun xəstəliyindən vəfat etdi (15, s.201; 100, s.144;
169, s.37-38).
Əl-Əsir qeyd edir ki, «Azərbaycanda yayılmış taun
xəstəliyindən çoxlu insan tələf olmuşdu. Hətta ölənləri dəfn
etmək və onlara kəfən tapmaq belə mümkün deyildi» (100,
s.144). 901-ci ildə baş vermiş həmin dəhşətli xəstəlik haqqında
«Albaniya tarixi»ndə də məlumat verilir (136, k.2I, f.18).
Məhəmməd ibn Əbu Sacın yerinə hakimiyyətə gəlmiş
qardaşı Yusif ibn Əbu Sac dövlətin ərazisini xeyli genişləndirdi.
O, 913-cü ildə Azərbaycandan qərbdə yerləşən əraziləri də
Sacilər dövlətinin tərkibinə birləşdirdi (40; 169, s.95-98; 174,
s.59; 382, s.41).
M.Şərifli Yusif ibn Əbu Sacın dövründə Şirvanşah
Məzyədilərin Sacilər dövlətinin vassalı halına salınmasından
yazır və qeyd edir ki, bu səbəblərdən də əl-Yaqubi Bərdə,
Beyləqan və digər Arran şəhərlərini Azərbaycan şəhərləri
sırasında qeyd etmişdir (169, s.100).
Azərbaycan (Cənubi Azərbaycan) və Arranda öz
mövqelərini möhkəmləndirmiş Sacilər Ani və Dvindən Xəzər
dənizinədək, Zəncandan Dərbəndədək olan böyük
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
114
bir ərazini özlərinə tabe etmişdilər (169, s.99; 181, s.19; 284,
s.109).
Əl-Bəlazuri bu ərazini iki tərkibdə göstərir: birinci, Arran
və Sisacandan (Sünik) ibarətdir. Onun ikinci versiyası isə İbn
Xordadbehin qeydləri (eləcə də İbn əl-Fakihin) ilə üst-üstə
düşür, ancaq bunun hüdudlarına Arrandan başqa Sisacan və Tif-
lis, eləcə də əl-Bəlazuridə olmayan Bərdə, Beyləqan, Qəbələ və
Şirvan daxil edilir. Balazuridə Tiflis, Bərdə, Beyləqan, Qəbələ
və Şirvanın olmaması, yəqin ki, onları, Arranla bərabər,
Xilafətin Cənubi Qafqaz vilayətindəki həmin şəhər və
məskənlərin adlarının təkrarən işlətməyi artıq hesab etməsi ilə
izah olunur (269, s.49).
M.Fəxrəddin Kırızoğlunun araşdırmalarına görə,
sacoğullarının kökü saklara gedib çıxır. Bu bəylik Qafqazı uzun
müddət Bizans və İran axınlarından, habelə Şərqi Anadoluda
dağınıq halda yaşayan və erməni soylu bizans kralları tərəfindən
zaman-zaman təşkil edilən erməni üsyanlarından qorumuşdur
(119, s.26).
Bütün bunlar göstərir ki, ərəblərəqədərki Cənubi Qafqaz
əhalisinin «kilsə birliyi»ndə» olan dövründən fərqli olaraq
Xilafət dövründə buradakı vilayətlərin birliyi təmiz inzibati qay-
dada idi və onlar bir xilafət canişini tərəfindən idarə olunurdu
(273, s.57)
Burada bir məsəlyə də toxunmaq lazımdır. Xalqımızın
tarixinə qara hərflərlə yazılmış səhifələrdən biri də vətənimizə,
xalqımıza qarşı özlərini erməni adlandıran hayların irəli sürdüyü
torpaq iddiaları və bunun ağır nəticələridir. Ermənilər bu
iddaları “tarixi faktlar əsasında” irəli sürdüklərini bildirir,
Azərbaycanın Qarabağ bölgəsininin onlara məxsus olmasını
“sübut etməyə” çalışırlar. Azərbaycanın qədim torpaqları
haqqında Strabondan başlayan Kür çayına qədər erməni abori-
genliyi uydurmasını
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
115
Azərbaycan ərazilərinin “Ərməniyyə” adlı inzibati-ərazi
bölgüsünə daxil etmiş ərəb mənbələri ilə davam edən “faktlar”
bu gün də ermənilərin istifadə etdiyi mənbələrdən biridir. İndi
həmin «mənbələr» erməni «tədqiqatçıları»nın müxtəlif şəkildə
«tarixi əsərlər» yazmasına xidmət edir. Məsələn, «Ərməniyə»ni
Ermənistan dövlətinin qədim ərazisi (?) hesab edən Ter Gevon-
dyan («Ərəb xilafəti və Ermənistan» əsərində») Bərdə şəhərinin
adını çox az halda çəksə də Bərdə şəhərini, onun yerləşdiyi
ərazini də Ermənistan torpaqlarının sərhədi daxilində təsəvvür
edir (360). Bundan istifadə edən digər erməni tədqiqatçıları da
bu ənənəni davam etdirir. Bu yalanlar əsasında yazılmış
əsərlərin hesabına bu gün ermənilərin xarici ölkələrə yaydığı
Cənubi Qafqazın tarixi coğrafiyasına aid xəritələrdə ərazinin əsl
sakinlərinə – türklərə «yer qalmır».
Ter Gevondyan yazır ki, «İbn Havqəl tamamilə aydın
şəkildə Armeniyanı «ermənilərin ölkəsini» ayırır»(?). O, belə
hesab edir ki, ərəb müəllifi İbn Havqəl Baqratilərin erməni
çarlığının sərhədlərini aydın təsvir edir və göstərir ki, o şərqdən
Bərdəyə, qərbdən isə Feodospola və «ermənilərin ölkəsi»nə
çatır»dı (360, s.154). O, fikrini əsaslandırmaq üçün «maraqlı»
ideya irəli sürür: «Ermənistan Ərməniyə tərkibində öz inzibati
müstəqilliyini itirmədi. Xilafət dövründə Ermənistan
vilayətlərini əhatə edən ərazilər sonradan Baqratilərin erməni
çarlığına daxil oldu» (360, s.166). Güya İstəxri erməni çarlığı
(məmləkət əl-Ərmən) barədə bildirir ki, «o, bir tərəfdən Bərdə
şəhəri, digər tərəfdən Cəzirə, üçüncüsü – Azərbaycan ilə
sərhədlənir» (360, s.166). Müəllif öz fikrini ərəb mənbələrinə
istinadən «dəqiqləşdirir»: «Əl-İstəxri Ermənistan dövlətinin
sərhədlərini belə təsvir edir: Ərməniyə Rumla (Bizansla) da
sərhədlənir. Onun sərhəddi Bərdəyə qədər, Cəzirəyə qədər və
Azərbaycana qədərdir. Ermənistanın Rum tərəfində yerləşən
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
116
sərhəd müdafiə istehkamı Xalxaldır». Müəllif fikrini davam
etdirərək misal gətirir ki, eləcə də ibn Havqəl erməni çarlığından
(?) danışarkən həmin sərhəddi təsvir edir: «Onun sərhəddi
məlumdur – şimalda Bərdəyə qədər, qərbdə Cəzirəyə qədər,
cənubda Azərbaycana qədər, Xalxal tərəfdə Rum torpaqlarına
qədər» (360, s.239). Bir-birini təkrar edən erməni
«tədqiqatçıları»
ərəb mənbələrindəki bu məlumatları
«məharətlə» öz uydurma tarixləri üçün mənbəyə çevirirlər. İndi
əli qələm tutan hər bir erməni bu barədə cızmaqaralarla
məşğuldur.
Maraqlı məsələlərdən biri ərəb müəlliflərinin IX əsrin
sonlarında Azərbaycan və Arran haqqında vahid inzibati birlik
halında danışmaqlarıdır. Görünür, bu, Sacilər dövlətinin
yaranması və həmin ərazidə öz hakimiyyətini genişləndirməsi
ilə əlaqədardır (269, s.291). Əl-Yaqubi Arranın baş şəhərini –
Bərdəni Azərbaycan hüduduna daxil edir (189; 269, s.291).
Qudamə hətta bu iki vilayəti birləşdirərək Bərdəni Azərbaycanın
paytaxtı adlandırır (264; 269, s.291).
N.M.Vəlixanlı İbn Xordadbehin «Kitab al-məsalik və əl-
məmalik» əsərinə aid şərhində qeyd edir ki, IX əsrin axırlarında
Bərdənin qərbindəki torpaqlar Baqratilər hakimiyyətinə daxil
olmamışdır, bu xristian vilayəti kimi ancaq nüfuz dairəsinə aid
ola bilərdi. Müəllif bildirir ki, buna görə də müsəlman müəlliflər
(İbn Havqəl) Bərdəni Cənubi Qafqazın digər vilayətləri ilə
əlaqələndirən ticarət yollarını I Smbatın hakimiyyəti dövründə
Bərdə-Dəbil traktına daxil olan torpaqlarına aid edirdilər (264).
Qeyd etmək lazımdır ki, Yusiflə Smbatın münasibətinə aid İbn
Havqəlin fikri (onu «Fatimilərin cəsusu» adlandırır- (290, IV,
202-204) siyasi xarakter daşıyırdı. Bu İbn Havqəlin öz subyektiv
münasibəti və yaxud 913-cü ildə Yusif ibn Əbu-Sacın müstəqil
Sacilər dövləti yaratması ilə əlaqədar ola
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
117
bilərdi. X əsrin 80-ci illərinin axırlarında – İbn Havqəldən bir
neçə il sonra yazan Müqəddəsinin məlumatı ilə də Bərdənin
qərbindəki torpaqların Arrana məxsus olması təsdiqlənir (269,
s.299).
Sacilər şimaldan gözlənilən hücumlardan narahat
olduqlarına görə, Dərbənd keçidinin möhkəmləndirilməsinə da-
ha çox diqqət yetirirdilər. Lakin Xəzər dənizindən olan hücum,
dövrün müəlliflərinin yazdığına görə, gözlənilmədən baş
vermişdi (265, s.28; 302, s.40).
Bu barədə Məsudi geniş məlumat verir: «Azərbaycan, Ar-
ran, Beyləqan, Bərdə vilayətinin və digər şəhərlərin, habelə
Deyləm, Cibəl və Təbəristanın əhalisi bu sahillərdən qaçdılar,
belə ki, onlar keçmiş zamanlarda heç vaxt görməmişdilər ki,
düşmən onlara həmin tərəfdən gələ bilər, belə bir hadisə heç
qədim vaxtlardan bəri məlum deyildi» (302, s.40).
Məsudi hücum edən ruslardan bəhs edərək yazır: «… 300
(912-914)-cü ildə təxminən 500 rus gəmisi, hərəsində 100 nəfər
olmaqla Xəzər dənizi ilə birləşən Mitas dənizinin kanalına girdi.
Onlar Curcan sahilində yerləşən Abasquna hücum etdilər və nef-
tli vilayət olan Azərbaycana yaxınlaşdılar; … ruslar çoxlu qan
tökdülər, dağıtdılar və yandırdılar, qadınları və uşaqları qula
çevirdilər və özləri ilə qənimət apardılar. Xalq arasında böyük
vahimə yarandı, ona görə ki, uzaq keçmişdən bəri düşmənin
dəniz tərəfdən gəldiyi olmamışdı, onlara buradan yalnız tacir və
balıqçı gəmiləri gələrdi. Rusların Cil və Deyləmlə müharibəsi
xeyli davam etdi və İbn Sacın hərbi rəislərindən biri ilə onlar
neftli sahilə, «Bakı» adı ilə məşhur olan Şirvan şahlığına gəlib
çıxdılar. Qayıdan zaman ruslar dənizin sahilində neftli yerdən
cəmisi bir neçə mil olan adada düşərgə saldılar; …. onda Şirvan
şahı Əli ibn əl-Heysəm idi; o, ordusunu silahlandırdı, xırda
ticarət gəmilərinə oturub adaya yollandılar.
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
118
Ruslar onların üzərinə hücum etdilər və 1000 müsəlman
öldürüldü və batırıldı» (302, s.41). Əl-Məsudi sonra qeyd edir
ki, «Ruslar bu dənizdə bir neçə ay qaldılar, biz təsvir etdiyimiz
kimi, heç kim bu dənizlə ölkədən-ölkəyə keçib gedə bilmədi «
(302, s.42).
Məsudiyə görə, sonra müsəlmanlar hücum edərək onların
çoxunu qırmış, sağ qalanları isə Xəzərin şimalında Burtaslar
tərəfindən öldürülmüşdü (302, s.55).
Sacilər dövləti güclü olduğundan rusların hücumları siyasi
cəhətdən ciddi təsir göstərə bilmədi (169, s.89). Azərbaycan
torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirmiş Yu-
sif ibn Əbu Sacın müstəqil hakimiyyəti başa çatdı. Bundan sonra
bir müddət dövləti Sacilərin qulamları idarə etdilər (5, s.292;
169, s.89). Bunu Bərdədən tapılmış, Müflihin adına 931-932-ci
illərdə kəsilmiş pullar sübut edir (169, s.89, 101; 205; 366).
A.A.Bakıxanov Məsudiyə və əl-Əsirə əsaslanaraq rusların
Xəzər sahillərinə ilk hücumunu təhlil edir, hücumların səbəbi,
gedişi, rusların miqdarı, hücumun nəticələri haqqında məlumat
verir (208, s.60-61).
932-ci ildə Azərbaycanda Müflih ilə Yusifin başqa əmiri
Deysəm ibn İbrahim ibn Şadluyə (Balduyə) arasında hakimiyyət
uğrunda güclənən mübarizə 941-ci ilədək dövləti idarə etmiş
Deysəmin qələbəsi ilə nəticələndi (302, s.56). Bərdə, Ərdəbil və
Dəbil şəhərində onun adına zərb olunmuş sikkələr bunu bir daha
təsdiq edir (335).
İlk mənbələrə və tədqiqat əsərlərinə əsaslanaraq belə
nəticəyə gəlmək olur ki, Sacilər sülaləsi Xilafət hakimiyyətinin
zəifləməyə başladığı dövrdə, həmin sülaləyə mənsub olan
hakimlər IX əsrin axırlarından X əsrin 40-41-ci illərinə qədər,
yarım əsrdən artıq bir dövrdə Azərbaycanda hökm sürmüşlər.
Xilafətin əsrlərlə davam edən zülm və əsarətinə qarşı xalqın
apardığı mübarizə və müstəqillik
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
119
meyllərindən Sacilər sülaləsinə mənsub olan hökmdarlar istifadə
edirdilər. Ona görə də Sacilərin hakimiyyəti dövründə
Azərbaycan gah müstəqil olur, gah da yarımasılı vəziyyətə
düşürdü (169, s.120).
Sacilər dövründə Azərbaycandan toplanan vergilər
haqqında ərəb müəllifi Kudamənin qeydlərindən məlum olur ki,
Sacilər topladığı vergiləri xəlifə xəzinəsinə verirdilər.
Mənbələrdə bəzən həmin vergiləri Xilafət xəzinəsinə verməkdən
imtina etmək halları da vurğulanır (264, s.27).
Əslində, Sacilər bilavasitə vergi toplanması və maliyyə
işləri ilə deyil, əsasən hərbi məsələlərlə məşğul olurdular.
Maliyyə işi, vergilərin toplanması və xərclənməsi ilə hökmdarın
təyin etdiyi katiblər və maliyyə müdirləri məşğul olurdular (264,
s.27).
Bərdə
şəhərinin Sacilər dövründə mövqeyini
müəyyənləşdirmək üçün tutarlı dəlillər arxeoloji qazıntılar
zamanı aşkar edilmiş və Azərbaycan tarixi muzeyinin numizma-
tika fondunda saxlanılan pullardır ki, onların içərisində Bərdədə
hicri tarixi ilə 285-ci ildə Məhəmməd Afşinin adına zərb edilmiş
gümüş pullar, 294-cü və 303-cü illərdə Yusif ibn Divdadın, 319-
cu ildə Müflih əl-Yusifin, 341-ci ildə Deysəm ibn İbrahimin
adına sikkələr xüsusilə fərqlənir (265; 334).
Ərəb səyyah və coğrafiyaşünaslarının diqqətini cəlb etdiyi
kimi, Bərdə, Marağa, Ərdəbil və s. şəhərlərdə zərbxanaların
olması, IX əsrin axırları – X əsrin ortalarında həmin şəhərlərin
həqiqətən iqtisadi, ictimai və siyasi əhəmiyyətə malik olduğunu
göstərir (169, s.120; 231, s.129).
Sacilərin hakimiyyəti dövründə Xilafət asılılığından azad
olmağa çalışan Azərbaycan şəhərlərində böyük oyanış dövrü
başlanmışdı (169, s.124).
Sacilər tərəfindən Azərbaycan torpaqlarının vahid dövlət
halında birləşdirilməsi şəhərlərin, sənətkarlığın,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
120
ticarətin və mədəniyyətin inkişaf etməsinə səbəb olmuşdur (169,
s.124).
Sacilər dövlətinin maliyyə, vergi sahəsində nisbətən
yumşaq siyasət yeritməsi iqtisadiyyatın və əhalinin dirçəlməsinə
səbəb oldu (169, s.124).
Sacilərin siyasi fəaliyyəti əsasən Xilafətin Azərbaycandakı
mövqelərini qorumağa və xaricdən gələn təhlükəni aradan
qaldırmağa yönəldilmişdi (169, s.105).
Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olur ki,
Bərdə şəhəri Sacilərin hakimiyyəti dövründə öz əzəmətini
saxlamış, siyasi, iqtisadi və mədəniyyət cəhətdən inkişaf etmiş,
iri sənət və ticarət mərkəzi olmuşdur.
3.4. Bərdənin ruslar tərəfindən dağıdılması, tənəzzül
dövrü.
X əsrin ortalarında Yaxın və Orta Şərqdə siyasi vəziyyət
mürəkkəbləşmiş, hərc-mərclik artmış, hakimiyyət dəyişmələri
sürətlənmişdi (169; 175; 328; 339; 341). Hakimiyyət uğrunda
siyasi-hərbi çəkişmələr davam edirdi. 941-ci ildə Salar Mərzban
ibn Məhəmməd Sacilərin torpaqlarına hücum edərək
hakimiyyəti Deysəmdən aldı. Sacilərin 50 illik hakimiyyətinə
son qoyuldu. 942-ci ildən etibarən Sacilər sülaləsinin
hakimiyyətini Salarilər sülaləsi əvəz etdi (169, s.124 – 125; 283;
395).
«Albaniya tarixi»ndə bildirilir ki, «bu müddət ərzində ərəb
xalqı zəiflədi, onun yerinə yeni gələn meki (deyləm) xalqı mey-
dana çıxdı, onların rəisi Salar Ağvaniyanı (Albaniyanı – Q.H.),
… tutdu və öz hakimiyyəti altına aldı. O, Partava (Bərdəyə)
gəldi, onu zəbt etdi» (136, k.2I, f.18).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
121
Kəsrəvi Təbrizinin yazdığına görə Salarilər dövlətinin ilk
hakimi və yaradıcısı Salar Mərzban öz dövrünün böyük
hökmdarı olmuşdur. Müəllif Salar Mərzbanı çox bacarıqlı,
cəsur, düşüncəli, mərd bir sərkərdə, mövcud şəraitdən məharətlə
istifadə etməyi bacaran bir hökmdar kimi təqdim edir (395).
Salarilər dövlətin ərazisini genişləndirmək və möhkəm
hakimiyyət yaratmaq uğrunda ciddi mübarizə aparırdılar. Onlar
Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan
torpaqlarına sahib olaraq yaratdıqları yeni dövləti
möhkəmləndirməyə çalışırdılar. Lakin ruslar əsrin əvvəllərində
(912-ci il) Xəzər sahillərinə hücum etdikləri zaman gördükləri
var-dövləti unutmamışdılar. Ona görə də yenidən Xəzərboyu
ölkələrə yürüş etdilər. Salarilər dövlətinin yenicə yaranıb
hakimiyyətini möhkəmləndirməyə başladığı bir vaxtda rusların
Bərdəyə yürüşü baş verdi (100, s. 98-120; 114; 169, s.134; 265;
283; 395).
Bu, Bərdə şəhərinin tarixində ən dəhşətli hadisələrdən biri
oldu. Bu hadisə həmdövr tarixçilərin və eləcə də tədqiqatçıların
diqqətini cəlb etmiş, onlar bu hadisənin geniş şərhini vermişlər.
Rusların Bərdəyə hücumu X əsrin ortalarında – 944/45-ci
ildə baş verdi. Bərdə talan edildi, dağıdıldı və bir əsrdən artıq
xarabalıqlar içərisində qaldı. Tənəzzülə uğramış şəhər ölkənin
siyasi həyatındakı aparıcı mövqeyini itirdi, əhalisi azaldı, aclıq
və səfalətə düçar oldu.
Rusların Bərdəyə hücumu haqqında xeyli mənbə
məlumatlarının olmasına və tədqiqatlar aparılmasına bax-
mayaraq onun tarixi xarakteri və mahiyyəti hələ də tam
açılmamışdır. Tədqiqatçıların hamısı həmin hadisənin şərhinə
eyni nöqteyi-nəzərdən yanaşmırlar. Bu səbəbdən, hadisənin elmi
ədəbiyyatda müxtəlif şəkildə şərhi ilə qarşılaşırıq (169, s.134;
197; 210, I; 211, s.15-40; 239, s.250; 255,
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
122
s.210; 256, s.215; 265, s.28-34; 310; 332, s.81; 355; 381, s.71;
395).
Bərdəyə rusların gəlişi haqqında ən mötəbər məlumat
verən ərəb müəllifi ibn Miskaveyh bildirir ki, «mənbələrdə
«rus» adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə,
Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər»
(265, s.28-34). İbn Miskaveyh həmin hadisəni təfsilatı ilə belə
nəql edir: «332 (943/44). Bu ildə Azərbaycana «ər-Rus» adı ilə
tanınan bir xalqın ordusu hücum etdi, Bərdəyə gəldi, onu işğal
etdi və onun sakinlərini əsir aldı». Sonra müəllif onların
xüsusiyyət və davranışları haqqında yazır: «Ruslar
döyüşkəndirlər. Onlarda hər kəsin silah gəzdirməsi adətdir və öz
üzərlərində sənət alətlərinin çoxunu gəzdirirlər – balta, mişar,
çəkic və digərlərini. Onlar döyüşdə nizə və qalxandan istifadə
edirlər, ehtiyat üçün qılınc, əmud, xəncərə oxşayan silahlar da
götürürlər. Onlar piyada döyüşürlər, əsasən də bunlar
(Azərbaycana gələnlər)» (265, s.28).
İbn Misgaveyh məlumat verir ki, «onlar öz ölkələri
tərəfdən dənizlə üzərək Azərbaycan ərazisindən axıb həmin
dənizə tökülən, Kür adı ilə tanınan böyük çaya qədər gəldilər.
Bu çay Bərdə çayıdır, onu pələnglə müqayisə edirlər. Onlar
Kürdən çıxan kimi, onları Mərzbanın yerli idarəçilik üzrə
nümayəndəsi Bərdə hakimi qarşıladı. Onunla üç yüz nəfərə
qədər adam var idi. O, sadə xalqa çağırışla müraciət etdi və beş
min nəfər könüllü ilə onlarla (ruslarla) inamla döyüşə girdi. La-
kin yaxşı silahlanmış ruslar şəhərə girdilər və ona sahib oldu-
lar…. onlar car çəkib elan etdilər: «Şəhər əhalisindən heç kim
şəhərdə qalmamalıdır». Onlara elan olunan gündən sayılmaqla 3
gün möhlət verdilər. Dördüncü gün ruslar qılıncı işə saldılar,
saysız miqdarda adam qırdılar və bundan sonra bir neçə min əsir
götürdülər. Qadın və oğlanları ruslar şəhər içərisində, onların
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
123
yerləşdiyi şəhristanda olan qalada yerləşdirib, onların
möhkəmləndiyi düşərgəni dağıtdılar. Bundan sonra, onlar (rus-
lar) kişiləri məscidə topladılar, qorxu altında saxladılar və
dedilər: «Özünüzü satın alın. Ruslarla yerli əhali arasında
vasitəçilik edən ibn Samun adlı bir xristianın əldə etdiyi razılığa
görə, hər bir adam 20 dirhəm verməklə canını qurtara bilərdi.
Pulu ödəyənlərə möhürlü gil parçası verirdilər. Xristian Samun-
dan şübhələndikləri üçün bu danışıqlarla razılaşmadılar. Bundan
sonra, pulu ödəyənlərdən və məscidin su arxı ilə qaçıb canını
qurtaranlardan başqa hamını qılıncdan keçirdilər» (265, s.28-
30).
İbn Miskaveyh yazır ki, «Beləliklə, (ruslar) bu (şəhərdən)
ölçüsü və qiyməti çox böyük olan, külli miqdarda sərvət əldə
etdilər. Bundan sonra (Bərdədə – Q.H) yoxsulluq həddini aşdı
və onlar haqqında müxtəlif ölkələrin müsəlmanları eşidib, bir-
birini ümumi hərəkata çağırdılar» (265, s.30).
İbn Miskaveyh bildirir ki, «Mərzban ibn Məhəmməd öz
qoşununu yığıb əhaliyə çağırışla müraciət etdi və onların yanına
bütün ucqarlardan könüllülər gəlməyə başladılar. O, otuz min
adamla hərəkət etdi, lakin xeyli qüvvə toplanmasına baxmaya-
raq, rusların qarşısında dura bilmədi. Onlara az-çox təsir edə də
bilmədilər. Onlarla səhər və axşam vuruşdular, ancaq hər dəfə
əzilərək qaytarıldılar. Onlar arasında müharibə bu qaydada xeyli
davam etdi və qırılanlar həmişə müsəlmanlar oldu» (265, s.30).
İbn Miskaveyhin məlumatında bildirilir ki, «Ruslar
Bərdəyə yiyələndikdən sonra, orada çoxlu növ meyvələrdən
yeyib xəstələndilər. Onların arasında epidemiya əmələ gəldi, ona
görə ki, onların ölkəsi çox soyuqdur və orada meyvə ağacları
bitmir, onlara az miqdarda meyvə yalnız başqa ölkələrdən
gətirilir. Onların sayı azaldı» (265, s.32).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
124
Rusların Bərdəyə basqını barədə digər müəlliflər də
məlumat verir. Əl-Hüseyninin «Zinət-ül məcalis» əsərində bildi-
rilir ki, «ruslar Xəzər dənizindən Kür çayına keçib Bərdə
şəhərinə gəldilər. Orada çoxlu meyvə yeyib diş xəstəliyinə
düşdülər. Buna görə şəhəri tərk etdilər» (90, s.53; 265, s.33).
Xəstəliklərin ruslara təsir etməsinə baxmayaraq onların
müqaviməti səngimirdi. Onlara qarşı mübarizə də getdikcə
güclənirdi. İbn Miskaveyh bildirir ki, «Mərzbanın qoşunu ruslar-
la müharibəni onları mühasirədə saxlayıb gücdən salanadək da-
vam etdirdi» (265, s.33). Mərzbanın qoşunu tərəfindən uzun
müddət mühasirədə saxlanması rusların vəziyyətini
ağırlaşdırmış, yerli əhalinin köməkliyi ilə davam etdirilən ardıcıl
döyüşlər onların müqavimətini zəiflətmişdi (265, s.33).
İbn Miskaveyh yazır: «Mərzban danışırmış ki, deyləmlər
onlarla kişi kimi vuruşdular və onlardan 700 nəfərini, o
cümlədən onların rəisini öldürdülər. Sağ qalanlar yalnız şəhərdə
yerləşib yığdıqları böyük miqdarda var-dövləti, ehtiyatları və
əsirləri saxladıqları Şəhristan adlı şəhər qalasında gizlədənlər
oldular» (265, s.33).
İbn Miskaveyh göstərir ki, «rusların sayı azaldığından, bir
gün gecə ikən qiymətli əşyaları, özlərinə məxsus olan paltarları,
nəyi vardısa, hamısını götürüb arxalarına bağladılar, yerdə
qalanını yandırdılar və yerləşdikləri qalanı tərk etdilər. Kürə
tərəf yola düşdülər. Orada hazır qayıqlar dayanmışdı, onlar öz
ölkələrindən onlarla gəlmişdilər; qayıqlarda matroslar və
qənimətin bir hissəsini böldükləri üç yüzə qədər rus adamı var
idi. Onlar qayıqlara minib, üzüb getdilər …» (95, s.34).
İbn Miskaveyh həmin hadisəni qısa, yığcam şəkildə təkrar
edir: «(944/45). Həmin ildə xəbər yayıldı ki, Xəzər ölkəsinin
arxasında yaşayan, «rus» adı ilə tanınan xalq Azərbaycana sox-
ulub və Bərdəni ələ keçirib. Bu xalqın dini
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
125
yoxdur, ancaq hakimiyyət axtarır; o qaçmaq nə olduğunu bilmir;
onun silahı və xarici görkəmi deyləmlərə (olduğu kimi)
oxşayır… Bir neçə vaxt keçdikdən sonra, müsəlmanlar onların
üzərinə hücum etdilər və onlardan heç kimi (sağ) qoymadılar»
(265, s.34).
Mənbələr göstərir ki, ruslar Bərdə şəhərini elə
dağıtmışdılar ki, yerində yalnız xarabalıqlar qalmışdı (40, s.86;
181, s.20; 359, s.65).
Bəzi mənbələrdə rusların hücumunun 943/44-cü ildə baş
verdiyi göstərilir. Həm mənbələrdə, həm də tədqiqat əsərlərində
onların kim olduğu, gəldikləri yol və hücumun hansı ayda
edilməsi haqqında fikir ayrılıqları vardır. Tədqiqatçılar həmin
rusların slavyanlardan və yaxud tamamilə başqa tayfalardan –
bulqar, türk və yaxud Skandinaviya tərəfdən gəlmiş varyaqlar-
dan və ya Qərbi Avropadan gəlmiş normanlardan ibarət
olduğunu güman edirlər (29; 114; 120; 197; 210, c. I; 239,
s.250; 256, s.215; 265, s.28-34; 296; 310; 329, s.81; 395).
Mənbələrdə rusların sözügedən hücumuna aid vaxt
göstəriciləri üst-üstə düşmür. İbn Miskaveyh əsərinin bir yerində
rusların Bərdəyə gəlməsi tarixini 332(943)-ci il (265, s.28),
başqa yerində isə 333(944)-cü il kimi qeyd edir (265, s.35).
Digər müəllif həmin hücumun tarixini 944-cü il hesab edir
(264, s.27). Tədqiqatçıların əsərlərində də bu səbəbdən müxtəlif
tarixlər göstərilir. V.Bartold (210, c. I), V.Mavrodina (256,
s.13), M.Şərifli (169, s.134), Ə.Haqverdiyev (90, s.56-57) və
başqaları rusların qayıtmalarını 944-cü ilin yayına, B.Dorn (256,
s.12), A.Yakubovski (381, s.38), N.Polevoy (342, s.43.) rusların
Bərdəyə hücumunu 943-cü ilin payızına, geri qayıtmalarını isə
944-cü ilin yazına aid edirlər.
«Albaniya tarixi»nin verdiyi məlumata görə, rusların
Bərdədə altı ay, həmin hadisələrin həmdövrü olan Məsudinin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
126
məlumatına görə, bir il qaldığını və digər mülahizələri nəzərə
alaraq rusların Bərdəyə hücum tarixini müəyyənləşdirmək
mümkündür (136, k.3, f.18; 265, s.34). Birincisi, rusların,
mənbədə qeyd olunduğu kimi, şimalda, soyuq iqlimə malik olan
ölkələrdə, buradakı meyvələrdən bitməyən torpaqlarda
yaşadıqlarına görə, onlarda olmayan meyvələrdən yeyib
xəstələndiklərini və bu, tezliklə taun kimi geniş yayılan xəstəliyə
düçar olduqlarını, onların çoxunun məhv olduğunu nəzərə alsaq,
həmin meyvələrin Bərdədə yazın axırı – yayın əvvəllərində
yetişən giləmeyvələr olduğu güman edilir (265, s.34). İkincisi
şimaldan gələnlərin Qarabağın yay günlərində, mənbədə qeyd
edildiyi şəkildə, cəsarətli döyüşlər apara bilməsi qeyri
mümkündür. Kür çayının və Xəzər dənizinin cənub hissəsinin
donmadığını da nəzərə alsaq, hücumun şimallıların əl-qol açdığı
qış fəslində olduğu ehtimal edilə bilər. Beləliklə, hücum tarixi
də iki cür – 943/44 və 944/45-ci illər kimi göstərilir (169, s.156;
265, s.28, 34).
Hesab edirik, ruslar Bərdəyə 943/44-cü ilin payız və ya qış
aylarında hücum etmiş, soyğunçuluq və talanlarla məşğul olmuş,
yazı orada keçirmiş, yerlilərin müqavimətinə davam
gətirmədiklərinə görə ərazini 944/45-ci ilin yayında tərk etməyə
məcbur olmuşlar.
Rusların Bərdəyə hücumuna aid tədqiqatçıların da maraqlı
mülahizələri vardır. Məsələn, A.A.Bakıxanov əl-Məsudiyə, əl-
Əsirə əsaslanaraq rusların Xəzər sahillərinə birinci yürüşü və
Bərdəyə hücumunu təhlil edir, hücumların səbəbi və nəticələri
barədə məlumat verir. Ancaq o, yanlışlığa yol verərək hücumun
vaxtı barədə hər iki müəllifin məlumatını, yəni həmin
müəlliflərin eyni hücumdan bəhs etdiyini bildirir (208, s.61).
Rusların Bərdəyə hücumuna izahat vermiş N.Karaulov
göstərir ki, Bərdəyə gəlmiş ruslar Rus knyazı İqorun
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
127
qoşununun bir hissəsi ola bilərdi ki, onların Bərdəyə
müsəlmanları öz tərəfinə çəkmək məqsədi ilə gəldiyi təxmin edi-
lir (359, s.31-32). Guya orada (Bərdədə) onları zəhərlədiklərinə
görə qəzəblənərək, əhali üzərinə ödənclər qoyub, sonra da
cəzalandırmışlar (136, k.3, f.18; 169, s.134). Bu fikir həqiqətdən
çox uzaq görünür. Döyüşçülər İqorun xırda bir dəstəsi olsa idi,
bu qədər müqavimətə duruş gətirə bilməzdi. İkincisi, çox güman
ki, uzun bir məsafəni keçərək Bərdəyə gələn dəstələri var-dövlət
qazanmaq həvəsi gətirmişdi. Yeri gəlmişkən, tarixi faktları
saxtalaşdırmaqla və qərəzli yanaşmalarla yazılmış tədqiqat
əsərlərində, hətta orta məktəb üçün tarix dərsliklərində rusların
Bərdəyə gəlişinin güya xeyirxah niyyətli olduğunu beyinlərə
yeritməyə cəhd göstərmişlər.
Bu baxımdan A.Yakubovskinin şərhləri də diqqəti cəlb
edir. O da, bu hücumları İqorla əlaqələndirir. Burada maraqlı
cəhət bir də odur ki, müəllif həmin hücumları xəzərlərlə
bağlayır. Müəllifin fikrincə, xəzərlərə məğlub olmuş Kiyev
rusları xəzərlərin təkidi ilə əvvəl Konstantinopola, sonra isə
Salarilərə doğru hücumlar təşkil etmişdilər ki, onlardan biri də
Bərdə hücumu olmuşdur (169, s.146). Kiyev şəhərində arxeoloji
qazıntılar zamanı tapılmış, üzərində bərdəli ustanın (zərgərin)
adı və yeri yazılmış məmulat və qəlibin tapılması da bununla
əlaqədar ola bilərdi (26).
Bərdəyə gəlmiş qoşunun, yuxarıda qeyd etdiyimiz kimi,
normanlar və yaxud skandinaviyalılar olması barədə də
məlumatlar verilir (169, s.124). Ərəb mənbələrində verilən
məlumatlardan aydın olur ki, xəzərlər həmin dövrdə böyük
qoşuna, Xəzər dənizinin şimalında böyük üstünlüyə malik idilər.
Xəzərlərin razılığı olmadan həmin ərazilərə daxil olmağın
mümkünlüyü şübhə doğurur. Demək olar ki, Bərdəyə hücum
etmiş ruslar müəyyən şərtlər əsasında
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
128
xəzərlərlə razılığa gələrək, Xəzər dənizinə çıxıb oradan Kür
çayına keçməklə, Bərdəyə gələ bilərdilər. Şəhəri soyub-
talamağın asan başa gəlmədiyini gördükdə isə əhalini qırmış,
şəhəri talan edib, dağıtmışlar.
Araşdırmalar göstərir ki, cənubdan və şimaldan
yadellilərin yürüşləri, soyğunçuluq, dağıntılar şəhərin ahəngdar
inkişafını pozmuş, eyni zamanda şimallıların kasad təbiətlərinin
və acgöz niyyətlərinin ucbatından edilmiş qarətçi hücumlar
Azərbaycanda müstəqil siyasi quruluşa və dövlətçiliyə güclü
zərbə vurmuşdur (265; 358).
Ruslar tərəfindən dağıdılmış Bərdəni bərpa etmək, onu
əvvəlki vəziyyətinə qaytarmaq Salari hakimlərini
maraqlandırmamış, Salarilər dövlətin paytaxtı olan Ərdəbilin
inkişafı ilə daha çox məşğul olmuşlar (169, s.156).
Nəhayət, Bərdə şəhəri Salarilər dövründə nəinki inkişaf
etməmiş, hətta hakimiyyət uğrunda gedən çəkişmələr, ara
müharibələri, soyğunçu hücumlar, yerli hakimiyyət orqanlarının
fərasətsizliyi nəticəsində dağılmış, əvvəlki şəhərdən əsər-əlamət
qalmamışdır.
Bərdə şəhəri ruslar tərəfindən dağıdıldıqdan sonra uzun
müddət xarabalıqlar içərisində qalmışdır. Əl-Müqəddəsi xəbər
verir ki, Bərdənin «ətrafları artıq dağılmış, əhalisi azalmışdır.
Bərdənin qalası indi nizamsız haldadır» (173, s.131; 316, s.7).
Yaqut
əl-Həməvi özündən
əvvəlki müəlliflərin
yazdıqlarına istinad edərək bildirir: «Bərdənin çox böyük şəhər
olduğunu qeyd edirlər. Bu, köhnə məlumatdır. İndi həmin
şəhərdə heç bir şey qalmamışdır. Azərbaycanda gördüyüm
Bərdə şəhəri tamamilə dağılmış, əhalisi azalmış, kiçik kəndə
çevrilmişdir. Orada vəziyyət dözülməzdir, aclıq və yoxsulluq-
dur» (40, s.87; 370, s.25).
Bərdənin tamamilə bərbad hala düşməsində yerli
hakimlərin laqeydliyi də öz təsirini göstərdi. «Ruslarla
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
129
müharibə zamanı hakim dairələrin təzyiqi ilə (ölkəni) ağılsız
adamların idarə etməsi nəticəsində vaxtaşırı baş verən və bu
günədək davam edən basqınların törətdiyi dağıntılara baxmaya-
raq…» bu dağıntını aradan qaldırmağa maraq göstərilmədi (268,
s.86).
Ərəb xilafətinin zəifləməsi, ayrı-ayrı dövlətlərin yaranması
ilə yeni paytaxtlar olan Ərdəbil, Təbriz, Gəncə, Şamaxı kimi
şəhərlər inkişaf etməyə başladı. Bərdə həmin dövrdən ölkənin
siyasi-inzibati mərkəzi hüququnu itirdi. Bərdənin böyük iqtisadi
rolu tənəzzülə uğradı (169, s.156). O, yalnız din və mədəniyyət
mərkəzi kimi qaldı (169; 211, s.44; 231, s.35). Həmin vaxtdan
etibarən şimaldan gələn ticarət yolunun üstündə yerləşən
Gəncənin nüfuzu artdı. X əsrin 60-cı illərində Arran valisinin
iqamətgahı artıq Bərdədə deyil, Gəncədə yerləşirdi. V.Bartold
yazır: «Gəncə şəhəri Şəddadilərin əlinə keçərək onların paytaxtı
oldu. Bundan sonra Gəncə Qafqazın əsas şəhəri hesab edilirdi.
Bərdə isə artıq özünə gələ bilmədi» (211, s.44).
Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad
Salariləri məğlub etdikdən sonra, onun oğlu Əli Ləşkəri 971-ci
ildə hakimiyyəti ələ keçirdi və Gəncə əmirliyinin əsasını qoydu.
Həmin vaxtdan etibarən Gəncə şəhəri Şəddadilər dövlətinin
(971-1075) paytaxtına çevrildi (48, s.10). Bütün Arran
Şəddadilər tərəfindən ələ keçirildiyi üçün Bərdə də həmin
dövlətin tərkibində qaldı. Çox keçməmiş Şəddadilərin
zəifləməsindən istifadə edən Şirvanşah Məzyədilər Bərdəni ələ
keçirdilər (982-ci ildə). Şirvanşah Məhəmməd ibn Əhməd (981-
991) Bərdəni idarə etməyi Əli ibn Musaya tapşırdı. İbn Musa isə
bir müddətdən sonra özünü müstəqil hakim elan etdi. Lakin bu
da çox çəkmədi. Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd 993-cü
ildə Bərdəni yenidən Şəddadilər dövlətinə tabe etdi (5, s.132;
90, s.20).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
130
XI əsrin 50-ci illərində Azərbaycana gəlmiş Səlcuqlar
Şəddadiləri də asılı vəziyyətə saldılar. Bərdə də səlcuqların əlinə
keçdi. Həmin dövrdə davam edən hücumların arası kəsilmirdi.
İ.Artamanova görə, 1062-ci və 1065-ci illərdə alanlar iki dəfə
Bərdəyə hücum edib onun ətrafını qarət etmiş, saysız-hesabsız
əsir aparmışlar (90, s.61; 198, s.22).
Əl-Hüseyni bildirir ki, «h.460-cı ildə (m.1068-ci ildə) Ba-
qrat adlı Abxaz (söhbət Gürcüstandan gedir – Q.H.) çarı Bərdə
üzərinə hücum etdi, bu, müsəlman ölkələrindən biri idi. Onda
sultan (Alp Arslan – Q.H.) planlaşdırdığı kimi möhkəmləndi və
Abxaz ölkəsinə tələsdi…» (182, s.54). Müəllif yazır ki, «sultan
sonra Abxazın çarı Baqrata qarşı mübarizəni davam etdirdi»
(182, s.56).
Mənbələrə əsaslanan tədqiqatlarda bildirilir ki, 1068-ci
ildə səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Bu zaman
ətrafda olan hökmdarlar ona öz münasibətini bildirməyə
çalışırdı. Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə Alp Arslanın
yanına gəldi, öz xidmətini ona təklif etdi (309, s.60). Gürcüstan
səfərindən sonra Gəncədən keçib Bərdəyə gələn sultana, Bab əl-
Əbvab şəhərinin nümayəndələri şəhərin bir neçə rəisinin
şirvanşah Fəribürz tərəfindən həbs edilməsi barədə şikayət etdi.
Sultan onların azad edilməsini tələb etdi və onların azadlığa
buraxılmasını təmin etdikdən sonra şirvanşahın özünü
həbsxanaya saldı. Sonra onu həbsdən azad etdi və ondan böyük
miqdarda illik xərac verməyi tələb etdi (309, s.61).
Əl-Hüseyni yazır ki, «Sultan Gürcüstanda beş ay qaldı.
Sonra ona xəbər verdilər ki, türk sultanı ölmüşdür, həmin
vilayətin işlərində və hakimiyyətdə qarışıqlıq yaranmışdır. Sul-
tan Gəncəyə qayıtdı, sonra Bərdəyə yola düşdü və ar-Raz (Araz)
çayını gəmisiz və matrossuz keçdi» (182, s.56).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
131
Fəzlullah Rəşidəddin (1247-1318) Oğuzun Arran və
Muğan tərəfə yürüşü barədə məlumat verərək bildirir ki, «Oğuz
həmin yayı Aladağdakı yaylaqda keçirdi. Oradan Bağdad,
Gürcüstan, Diyarbəkr və Rakka (Suriyanın şimalında şəhər –
Q.H.) tərəfə elçilər göndərib xəbər verdi ki, oralara gələcək….
Bu ölkələrə elçi göndərəndən sonra qışlamaq üçün Arran və
Muğan tərəfə yollandı. Kür və Araz çayları arasında özünə yurd
və qərargah seçdi və qışı orada keçirdi (47, s.22).
Əl-İdrisi bildirir ki, «Bayandur xan Gürcüstandan vergiləri
yığmaq üçün bütün bəyləri toplamışdı. O, qəmgin idi, çünki heç
kim sərhəddi keçmək istəmirdi. Nəhayət, Qorqud Begil adında
bəyi razı saldı, özü ona qılınc verdi, barmağına qolçaq taxdı,
əmr etdi cəsur at gətirdilər, onun yurtunu çıxardı və bəyi Bərdə
və Gəncəyə göndərdi ki, oğuz ilini qorusun» (əl-İdrisi izah edir
ki, oğuzların torpağını qorumaq üçün onların hökmdarı
tərəfindən təyin edilmiş xüsusi adamlar olurdu) (181, s.365).
Mənbələrdə və tədqiqatlarda səlcuqların gəldiyi ilk
dövrlərdə Arran şəhərlərinin böhranlı vəziyyətdə olması
haqqında məlumat verilir (182; 217; 301; 309, s.60-61).
Beləliklə, Bərdə şəhəri X əsrdə keçirdiyi ağır böhrandan
sonra uzun müddət bərpa olunmadı. O, əsrin sonlarında ölkənin
siyasi, iqtisadi və mədəni həyatında heç bir roly olmayan şəhər
kimi qaldı.
Dostları ilə paylaş: |