İnformasiya göndərmək istəyən kompyuter (şəbəkə adapteri) şinin boş olub- olmamasına (yəni
şinlə digər kompyuterlərin informasiya göndərib- göndərməməsinə) nəzarət edir. Əgər şin boşdursa,
kompyuter paketləri şinlə ötürür. Hər bir kompyuter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və
ona ünvanlanmış paketləri özündə qeyd edir.
Əgər iki kompyuter eyni zamanda
paketləri şinə ötürərsə, bu zaman şində toqquşma olur.
Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərə bilmirlər.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
- Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
- Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır;
- Şəbəkə kartları (adapterləri) ucuzdur;
Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır.
Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal
şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 –
şəbəkənin sürətini (Mbit/san) göstərir.
Halqavari topologiya
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter (işçi stansiya) bir-biri ilə halqavari
şəkildə, yəni
birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə,
üçüncü kompyuter dördüncü
kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari
topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat
əqrəbi istiqamətində) bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana
(kompyuterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən
kompyuter məlumat göndərmək hüququna malik olur.
Markeri əldə etmiş kompyuterin, digər
kompyuterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək
onu paket şəklinə
çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək,
qonşu
kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır
və əgər paket ona
ünvanlaşdırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket
halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi
(əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə paket yoxsa markeri bir sonrakı
kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata
keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).
Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
-
Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır;
-
Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün müəyyən zaman verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
— Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir
kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
— Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar.
Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.
Dostları ilə paylaş: