AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ
MƏRHUM İBRAHİM XAN BALAKƏNDƏN
QARABAĞA QAYITDIQDAN SONRA
BAŞ VERƏN BƏZİ HADİSƏLƏR HAQQINDA
Mərhum xan Qarabağa qayıdıb hakimiyyət başına keçdiyi zaman
Qarabağ vilayəti əhalisinin vəziyyəti aclıqdan, qəhətlikdən, hədsiz-
hesabsız əziyyətdən olduqca pərişan idi. Qarabağ elləri və kəndlərinin
çoxu dağılıb, Gürcüstana, Gəncəyə, İrəvana, Şirvana, hətta Rum
vilayətlərinə getmiş və mal-dövlətləri tamamilə qarət olunmuşdu. Qonşu
və ətraf xanlar zahirdə itaətdən və dostluqdan dəm vururdularsa da,
batində öz xeyirlərini güdürdülər. O cümlədən şirvanlı Mustafa xan hələ
İbrahim xan Balakəndə olduğu xaman onun kürəkəni Səlim xan Şəkidə
hakim olarsa, özünün hakimiyyətinə zərər dəyə biləcəyindən qorxub,
Səlim xanın böyük qardaşı kor Məhəmmədhəsən xanı çağırıb ona kömək
etdi və Şəki vilayətinə hakim qoydu.
Məhəmməd bəy mərhum Məhəmmədhəsən ağa tərəfindən xatircəm
edildiyindən sonra özünü mərhum Pənah xan silsiləsi övladları və başqa
xanlar kimi hiss edərək, heç bir şeydən qorxu çəkmirdi. O yalnız
cavanlığının və dövlətinin qürurundan Kür qırağına gedib,
265
şəkili Məhəmmədhəsən xanla dost olmağa başladı. Məhəmmədhəsən xan
onu aldadıb dedi ki, mən bir kor adamam, Mustafa xanın hökmündən
cana gəlmişəm. Mənim yanıma gəlsən, qızımı sənə verərəm. Şəkidə
hökumət sürməyə başlarsan.
Məhəmməd bəy aldanıb, özünün adlı-sanlı övladından və hörmətli
əmisindən əl çəkərək, Məhəmmədhəsən xanın yanına getdi.
Məhəmmədhəsən xan haman saat Məhəmməd bəyi həbs edib, yanında
olan cavahirata, nağd pula və qiymətli şeylərinə sahib oldu. Mustafa xan
Məhəmməd bəylə qədimdən qanlı idi. Çünki Məhəmməd bəy atasının
qanını almaq üçün Mustafa xanın atasını və qardaşını öldürmüşdü. Odur
ki, Məhəmmədhəsən xanın yanına adam göndərib, Məhəmməd bəyi
apartdırıb öldürtdü.
Mustafa xan bu dəfə mərhum İbrahim xanın qardaşı oğlunu
öldürtdüyü üçün qorxuya düşdü, onunla düşmənçilik etməyə başladı. O
tərəfdən də Məhəmmədhəsən xan və Gəncə hakimi Cavad xan İbrahim
xanla düşmən oldular.
Bu zaman xəbər yetişdi ki, Ağa Məhəmməd şah tərəfindən Fars
vilayəti və Şiraz şəhərinə vali təyin etdiyi Baba xan sərdar adlanan Fətəli
şah, Ağa Məhəmməd şahın öldürüldüyünü eşidib hücum etmiş, Tehranı
tutub, şahın xəzinəsinə və malına sahib olmuş və taxtında əyləşmişdir.
Bu tərəfdən də Şuşa qalasından qaçmış Sadıq xan Şəqaqi,
Azərbaycanı sahibsiz görərək, başına çoxlu adam toplayıb Tehranı
tutmaq və girov aparılmış ailəsini geri qaytarmaq üçün İraq tərəfə getdi.
Bu zaman Fətəli şaha birdən xəbər yetişdi ki, Sadıq xan Şəqaqi
Azərbaycan vilayətini əlinə keçirmiş və başına çoxlu adam yığıb, İraq
vilayətləri sərhədinə girişmişdir. Onun niyyəti Qəzvini almaq,
Azərbaycan xanlarının Ağa Məhəmməd şahın əmri ilə əmanət saxlanan
ailələrini xilas edib, öz vilayətlərinə çatdırmaq və sonra Tehran qalasının
üstünə gəlməkdir.
Mərhum Fətəli şah Fars, Xorasan, Mazandaran, Astarabad və başqa
vilayətlərin qoşunlarını toplayıb böyük calal və istiqlaliyyətlə Sadıq xanın
qarşısına çıxdı. Arada baş verən böyük müharibədə Sadıq xanın qoşunu
basıldı.
Azərbaycanın və sair vilayətlərin əhalisi dəstə-dəstə Fətəli şahın
yanına gəldilər. Sadıq xan öz yaxın adamları ilə qaçdı və ailəsini
266
götürüb Şirvan vilayətinə getdi. Orada bir müddət qaldıqdan sonra,
nəhayət, şaha itaət etməkdən başqa bir çarə tapmadı. Onun yanına elçi
göndərib, günahının bağışlanmasını xahiş etdi. Şah tərəfindən etimadlı
adamlar gəlib ona xatircəmlik verdilər.
Sadıq xan Ağa Məhəmməd şahın həmailini, tacını və bazubəndini
götürüb, Ağa Məhəmməd şahın qatili olan Abbas bəylə Tehrana getdi və
orada bir neçə müddət qaldı. Nəhayət, Fətəli şah, Sadıq xanı
öldürməyəcəyinə and içdiyinə baxmayaraq, onu bir otağa salıb qapısını
möhkəm bağladılar və Sadıq xan orada acından öldü.
Fətəli şah İbrahim xanın yanına böyük ehtiramla elçi göndərərək, Ağa
Məhəmməd şahın nəşini istəyib, onu itaət etməyə çağırdı. O zaman
Qarabağ vilayətinin vəziyyəti ağır və ətraf xanların hamısı İbrahim xanın
düşməni olduğundan şahla yola getməyi məsləhət bilərək Ağa
Məhəmməd şahın nəşini böyük ehtiramla Tehrana göndərdi.
Fətəli şah, mərhum İbrahim xanın belə münasibətini gələcək taleyinin
xoşluğuna yozaraq, onun göndərdiyi elçiləri peşkəşlər və xələtlərlə yola
saldı. Qaradağ hökumətinin və o vilayətin bütün mədaxilini mərhum
İbrahim xanın öhdəsinə qoyub ona xələt və qılınc göndərdi. Onunla
qohum olmaq istəyib xəbər göndərdi ki, hər iki tərəfin xatircəmliyi üçün
öz əziz qızı Ağa Bəyim ağanı bizim hərəmxanamıza layiq bilsin. Ağa
Bəyim ağa bizim hərəmxanamızın xanımı olsun. Müşavirədən sonra
İbrahim xan şahın bu təklifıni də qəbul etməyi məsləhət bildi.
O tərəfdən şah xanları tədarüklə göndərdi. Şah tamam calal və izzətlə
Ağa Bəyim ağanı alıb, öz hərəminin xanımı və hərəm əhlinin ən böyüyü
etdi. Mərhum İbrahim xan Əbülfət ağa adlanan Əbülfət xanı da şahın
yanına göndərdi. Şah, onu böyük xanlar sırasına keçirib, öz məclisinin
yaxın adamı etdi. Şah Əbülfət xanı həmişə əziz və möhtərəm tuturdu. Hər
il Fətəli şah tərəfindən mərhum İbrahim xana və mərhum
Məhəmmədhəsən ağaya xələt, qılınc, qızıl yəhərli at göndərilirdi. Bu
vəziyyət Rusiya sərdarının Tiflisə gəldiyi günə qədər davam edirdi.
Yüksək Rusiya dövlətinin böyük imperatoru tərəfindən bir sərdar,
ixtiyarında olan qoşunla Tiflisə gəlib, müstəqil olaraq Gürcüstanın Tiflis
şəhərində yerləşdi. Hələ İrəvan, Gəncə, Şirvan və Qarabağ
267
vilayətlərini zəbt etmək fikri Rusiya dövləti başçılarının xatirindən
keçmədiyi vaxtda belə mərhum İbrahim xan mərhəmətli padşah mərhum
Yekaterinanın zamanından başlamış daimi olan Rusiya dövlətinə dostluq
və ixlas göstərmək istəyirdi.
General-anşef Zubov gələn vaxtda, bəlkə də ondan daha əvvəl
Gürcüstan valisinin məsləhəti ilə İbrahim xanın elçiləri böyük valinin
elçisi ilə birlikdə Mozdok liniyasında sərdar qraf Qudoviçin yanına
gedərək, onların Rusiya əbədi dövlətinə olan səmimiyyətlərini və itaət
edəcəklərini bildirmişdilər. Bu dəfə də məktub yazıb, Tiflisə gəlmiş
yüksək Rusiya dövləti sərdarının yanına göndərdilər və qədim dostluğu
təzələdilər.
Keçmiş sərdar qayıdandan sonra general Kovalevski sərdarlığa təyin
olundu. Gürcüstan valisi və mərhum İbrahim xan yenidən Kovalevskinin
yanına elçilər və hədiyyələr göndərib, dostluqlarını ona bildirdilər.
Həqiqətən, general Kovalevski elçilərə olduqca hörmət edib, onları
sovqat və peşkəşlə yola saldı və İbrahim xanın haqqında çox
mehribanlıqlar göstərdi.
Nəhayət, böyük sərdar knyaz Sisianov Gürcüstana gəldi. Knyaz
qeyrətli və cürətli sərdar olduğundan bir para Car və Tala ləzgilərinin
hərəkətini və Gəncə hakimi Cavad xanın dönüklüyünü və müxalifətini
görüb, sair sərdarlar kimi bu işə dözə bilmədi. O, Gürcüstan əhalisinin
rahatlığı üçün Car və Tala ləzgilərinin və Cavad xanın tənbeh edilməsini
lazım bildi.
Knyaz Sisianov 1803-cü ilin axırlarında Gəncə qalasına gələrək, oranı
mühasirə etdi, birayhq mühasirədən sonra Cavad xanın yanına neçə dəfə
elçi göndərib onu böyük imperatora tabe olmağa və qalanı təhvil verməyə
dəvət etdisə də, bir fayda vermədi. Haman il ramazan ayının axırıncı
gecəsi bayram axşamı yürüş edib qalanı aldı. Cavad xan və onun oğlu
Hüseynqulu ümumi qırğında öldürüldü. Bütün əhli-əyalı əsir düşdü.
Şəhər əhalisindən bir parası öldürüldü. Qalanı isə ölümdən xilas oldu.
General cənab mayor Lisaneviçi Gəncə qalasından mərhum İbrahim
xanın yanına göndərib, onu həmişə mərhəmətli olan padşaha tabe olmağa
dəvət etdi.
Mərhum İbrahim xan mayora xoş cavablar verərək, hörmətlə geri
qaytardı və onunla ehtiramını bildirən məktub göndərdi.
268
1804-cü ilin yazında Fətəli şahdan qorxusu olan İrəvan hakimi
Məhəmməd xan və Fətəli şahdan qaçaraq İrəvanda yaşayan Naxçıvan
hakimi Kəlbəli xan sərdar Sisianovun yanına elçi göndərib ondan kömək
istədilər və xəbər verdilər ki, Fətəli şah, oğlu vəliəhd Abbas Mirzəyə
İrəvan üzərinə getməyə əmr vermişdir. Hərgah sərdar gəlib bizə kömək
göstərərsə, biz İrəvan qalasını sərdara təslim edib, yüksək Rusiya
dövlətinə tabe olmağı qəbul edərik.
Ona görə də sərdar Sisianov İrəvana tərəf hərəkət etdi. O tərəfdən də
Qızılbaş vəliəhdi naibüssəltənə Qızılbaş qoşunu ilə gəlib İrəvana yetişdi.
Arada böyük müharibə oldu. Qızılbaş qoşunu basılıb qaçmağa üz qoydu.
FƏTƏLİ ŞAHIN İRƏVANDA RUSİYA
SƏRDARI İLƏ MÜHARİBƏSİ
Bu xəbər Fətəli şaha yetişəndən sonra knyaz Sisianovu dəf etmək,
həm də İrəvanın Rusiya dövləti əlinə keçməsinə yol verməmək üçün
böyük qoşunla İrəvana gəldi.
Bir tərəfdən Fətəli şah, digər tərəfdən naibüssəltənənin qoşunu, o biri
tərəfdən də sərdarla bağladıqları əhdi pozub qalanı ona təslim etməyən
Məhəmməd xan və Kəlbəli xan Rusiya qoşununu aralığa alaraq, hətta
azuqənin gəlməsinə belə mane oldular. Bu qədər zəhmətlərə baxmayaraq,
yene də Rusiya qoşununa əl tapa bilmədilər, hər iki qoşuna çoxlu ziyan
dəydi, knyaz Sisianov Tiflisə qayıtmağı məsləhət bilərək, köçüb Tiflisə
getdi.
ƏBÜLFƏT XANIN TUĞ KƏNDİNDƏ
İBRAHİM XAN, MƏHƏMMƏDHƏSƏN XAN VƏ
MEHDİQULU XANLA DAVASI
Fətəli şah Azərbaycan və oradan da Tehran tərəfə qayıtdı. İrəvandan
qayıdan zaman mərhum İbrahim xanın Rusiya sərdarları ilə olan
dostluğunu və onların yanına elçilər göndərməsini eşitmişdi. Əbülfət xanı
5 min nəfər qoşunla Qarabağa, İbrahim xanın yanına
269
göndərdi ki, mərhum xana kömək etsin və mərhum Məhəmmədhəsən
ağanı bir neçə nəfər Qarabağ bəyzadələri ilə birlikdə Fətəli şahın yanına
göndərsin. Nə qədər ki, İbrahim xan sağdır, Əbülfət xan onun yanında
vəkil olaraq qalsın. Qarabağda Əbülfət xandan icazəsiz heç bir iş
görülməsin.
Mərhum İbrahim xan Fətəli şahın bu təklifiərindən inciyib, Əbülfət
xana kobud cavab yazdı və geri qayıdıb Qarabağ torpağına ayaq
basmamasını təklif etdi.
Əbülfət xan hörmətli atasının əmrini qəbul etməyərək, Qızılbaş
qoşununu götürüb, mərhum İbrahim xan və Məhəmmədhəsən ağanın
Dizaq mahalının Tuğ kəndində olduqları zaman böyük qələbəliklə onların
üzərinə hərəkət etdi. Əbülfət xanın belə hərəkət edəcəyinə kimsə inana
bilmirdi. Buna baxmayaraq, Zəngəzur mahalında olan Mehdiqulu xan
dağın o tərəfindəki əhalinin qoçaq tüfəngçilərini və özünün bacarıqlı
qulluqçularını götürüb tam sürətlə mərhum İbrahim xanın və böyük
qardaşı mərhum Məhəmmədhəsən ağanın yanına gəldi. Mehdiqulu xanın
gəlib çatdığı gecənin səhəri, Əbülfət xan çoxlu qoşunla Tuğ kəndi üzərinə
hücum etdi. Mərhum xanın və oğullarının yanında olan qoçaq tüfəngçiləri
və adlı-sanlı atlılar hücum edib, Qızılbaş qoşununu sındırdılar. Onların
bütün atları, heyvanları qarət edildi. Onlardan bir çoxu tutuldu və
öldürüldü. Əbülfət xanın özü isə bir neçə nəfərlə Arazın o tayına qaçdı.
Fətəli şah bu əhvalatı eşidib, mərhum İbrahim xanın Qızılbaş
dövlətindən bütünlüklə əl çəkməməsi və Rusiya dövlətinə qoşulmaması
üçün yenə yumşaqlıqla mərhum İbrahim xanın yanına iki-üç nəfər elçi
göndərdi və Əbülfət xanı danlayıb məzəmmət etdi. Kərim xan, Rəhim
xan və Abdulla xanı nəvazişli fərmanlar, təəhhüdlərlə və qəliz andlarla
İbrahim xanın yanına göndərib, belə danışmaqlarını tapşırdı: bütün
Qaradağ vilayəti padşahlığa çatan gəliri ilə birlikdə həmişəlik olaraq
İbrahim xan nəslinin ixtiyarında qalacaqdır. Öz övla-dından iki nəfərini
Şuşa qalasında, mərhum İbrahim xanın yanında əmanət qoyacaqdır.
İbrahim xan da Tiflis və Yelizavetpol yolları üstündə, Şuşa qalasının üç
ağaclığında olan hər iki Əsgəran qalasını Qızılbaş qoşununun ixtiyarına
verməlidir. Rus qoşununun yolunu kəsmək üçün hər iki qala
möhkəmləndirilməli və içinə qoşun qoyulmalıdır. Həmçinin, qalanın bir
ağaclığındakı çayı və Şuşa qalasının
270
üç verstliyində olan səngəri Qızılbaş qoşununun ixtiyarına verməlidir. Hər iki
çay keçidlər və yollar Qızılbaş qoşununun əlində olmalıdır. Rusiya dövlətinin
qoşunu Şuşa qalasına gəlmək istədiyi zaman onun qarşısını almaq üçün bu
yerlərdə möhkəm səngərlər qurulmalıdır. Bir nəfər sərdar 2-3 min atlı ilə
Şahbulaqda dayanmalı, Tiflis və Gəncə tərəflərindən xəbər tutmalı və o tərəflərin
xalqını qırıb, qarət etməlidirlər. Hər bir kimsə İbrahim xanın əmrindən çıxma-
malıdır. Qızdbaş qoşununun bütün xərci Fətəli şahın xəzinəsindən veriləcəkdir.
Qarabağ vilayətinin heç bir şeyinə tamah gözüylə baxılmamalıdır. Qızılbaş
qoşununa lazım olan sursat və qeyri şeylər qoşunun öz pulu ilə alınmalıdır.
Bunlardan məqsəd Gürcüstanın və Şirvanın qapısı olan Allahın əli ilə yaranmış
möhkəm Şuşa qalası Rusiya dövləti əlinə keçməməsidir.
Mərhum İbrahim xanın qızı Ağa Bəyim ağa Fətəli şahın birinci və baş
hərəmi, oğlu Əbülfət xan isə şahın ən hörməfli adamı olduğuna baxmayaraq, o,
(İbrahim xan) yüksək Rusiya dövlətini əbədi və böyük imperatorun mərhəmətini
daimi sanıb, qüdrətinin və mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. Ona
görə də Tiflis şəhərinə təkrar elçi göndərib Sərdar Sisianovla görüşmək, itaət və
dostluq şərtlərini yazıb, bitirmək istədiyini bildirdi. Knyaz Sisianov, mərhum
İbrahim xanın elçilərini hörmət və ənamla geri qaytarıb, görüşün yazda, Gəncə
vilayətində əmələ gələcəyini xəbər verdi.
Ona görə, 1805-ci il may ayının əvvəlində mərhum İbrahim xan öz oğulları:
mərhum general-mayor Məhəmmədhəsən ağa, general-mayor Mehdiqulu xan,
polkovnik Xanlar ağa
1
və Qarabağın başqa əyanları ilə birlikdə gəlib, onlardan
qabaq Kürək çayının başında ordu qurub böyük sərdar Sisianovla görüşdü. Eyni
zamanda etimadlı bir adam göndərib, kürəkəni olan Şəki vilayətinin hakimi
Səlim xanı da Şəkinin əyanları ilə birlikdə böyük sərdarın yanına gətirtdi.
Bir neçə gün Kürək çayında böyük təntənə, şənlik və qonaqlıq oldu. Sonra
traktat və əhdnamə yazıldı. Mərhum İbrahim xan və Şəki hakimi Səlim xan
əhdnaməni möhürlədikdən və böyük sərdar isə onu imzaladıqdan sonra bir-birinə
izzət və hörmət göstərib qayıtdılar.
1
İbrahimxəlil xanın oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa yalnız 1805-
ci il Kürəkçay sazişindən sonra hərbi rütbə almışlar.
271
RUSLARIN İLK DƏFƏ QARABAĞ
VİLAYƏTİNƏ GƏLİŞİ HAQQINDA
(Əhdnamə bağlanan zaman) belə şərt elədilər ki, mərhum
Məhəmmədhəsən ağanın ikinci oğlunu Tiflisdə əmanət qoysunlar.
Mərhum İbrahim xan da Rusiya qoşunlarından bir dəstəsinin topxana ilə
bərabər həmişə Şuşa qalasında saxlanmasını xahiş etmişdi. O məclisdə,
mərhum
İbrahim xanla, Səlim xana general-leytenantlıq,
Məhəmmədhəsən ağa ilə Mehdiqulu xana general-mayorluq və mərhum
Xanlar ağaya polkovniklik rütbəsi verilməsi haqqında sərdarın vasitəsilə
padşahın hüzuruna məktub yazıldı. Bu iltifat və məvacibli rütbələrin
verilməsi haqqında fərman 4 aydan sonra gəlib çatdı.
Kürək çayı yığıncağından sonra mayor Lisaneviç sərdarın əmri üzrə
bir yeger dəstəsi və topxana ilə Qarabağın on verstliyində olan Xan
bağına gəldi. Bu zaman, Qızılbaş qoşununun Araz qırağına yaxınlaşması
xəbəri yetişdi.
MƏHƏMMƏDHƏSƏN AĞANIN RUSİYA
QOŞUNUNU QARABAĞA GƏTİRMƏSİ VƏ
QIZILBAŞLARLA DAVA ETMƏSİ HAQQINDA
Məhəmmədhəsən ağa yeger dəstəsini və mayoru götürüb, Qarabağın
adlı-sanlı atlıları ilə birlikdə Qızılbaş qoşununun qarşısını almaq üçün
yola düşdü. Araz çayının daşan vaxtı idi. Körpüdən başqa ayrı bir keçid
yox idi. Məhəmmədhəsən ağa, Qızılbaş qoşununu Qarabağa girməyə
qoymamaq, ellərin, kəndlərin, habelə vilayətin malı, taxılı ayaq altında
tələf olmaması üçün körpünün yanını kəsdirmək fikrində idi. Lakin
Qızılbaş qoşunu onu qabaqlayıb körpüdən keçmiş və Qarabağ torpağına
girmişdi. Qızılbaş qoşunu Cəbrayıllı bağları ətrafında Rusiya və Qarabağ
əsgərlərinə rast gəldi. Hər iki qoşun arasında bərk dava oldu. Gecə,
mərhum Məhəmmədhəsən ağa Şuşa qalasını qorumağı vacib bilərək,
qoşunla qalaya qayıtdı. Qızılbaş qoşunu, qalanın dörd ağaclığında olan
Ağoğlana girdi. Onlar 5 minə yaxın qoşunla Əsgəran qalasına
yaxınlaşaraq, hər iki tərəfdən qalanı almaq istəyirdilər.
272
Mayor bu əhvalatı sərdara yazmışdı. Bu zaman İranın naibüssəltənəsi
Çanaxçı kəndində dayanaraq, Əsgərandan qoşunun gəlməsini gözləyirdi.
Böyük sərdarın əmri ilə polkovnik Karyagin və podpolkovnik
Kotlyarevski topxana ilə Şahbulaq qalasına yetişdilər. Naibüssəltənə
Çanaxçıdan köçüb polkovnik Karyaginin üstünə getdi. Onun qoşunu
vuruşa-vuruşa Əsgəran yaxınlığına çatdı. Qızılbaş qoşunu hər yeri, bütün
dərələri, yolları möhkəm edib, Əsgəran qalasını tutduğundan qoşunun və
topxananın keçməsi çətinə düşdü. Rusiya qoşununun bir dəstəsi Əsgəran
ətrafında səngər qurub 15 gün ərzində gecə-gündüz Qızılbaş qoşunu ilə
dava etdi. Bunu da qeyd etmək lazımdır ki, Rusiya qoşununun səngərləri
sudan uzaqda idi. 15 gün arasıkəsilmədən dava etdikdən sonra polkovnik
Karyagin və Kotlyarevski yaralandılar. Rusiya qoşununun yarısı davada
tələf oldu. Onlar 300 nəfər soldatı və topxananı götürüb, hal-hazırda
məlik olan Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağa qayıtdılar. Məlik
Vanya o müharibədə diqqətəşayan xidmətlər göstərdi.
Rus qoşununun Şahbulağa girə bilməməsi üçün orada çoxlu piyada
Qızılbaş qoşunu qoyulduğuna baxmayaraq, (ruslar) haman gecə yürüş
edib, qalanı qızılbaşların əlindən aldılar və bir Qızılbaş xanını neçə nəfər
əsgəri ilə birlikdə öldürdülər. Orada üç gün qaldıqdan sonra yenə də
məlik Vanyanın bələdçiliyi ilə Yelizavetpola getdilər.
Fətəli xan Qızılbaş qoşunu ilə Qarabağa gəlib, Şuşa qalasının altı
ağaclığında ordu qurdu. Polkovnik Karyagin Yelizavetpola getdikdən
sonra naibüssəltənə Abbas Mirzə Şahbulağın ətrafında ordu qurmuşdu.
Bu zaman böyük sərdar Sisianov naibüssəltənə Abbas Mirzəni və Fətəli
şahı dəf etmək üçün Rusiya əsgərləri ilə Qarabağ torpağı və sərhədinə
daxil oldu...
Fətəli şah Ağoğlanda qalmışdı. Bu zaman Rəşt tərəfindən xəbər
yetişdi ki, Rusiya dövlətinin qoşunu Xəzər dənizi yolu ilə Talış və Rəşt
vilayətlərinə tərəf gəlməkdədir. Şah, bu xəbərə görə, habelə Sisianovdan
gələcək zərərdən ehtiyat edərək, Ərdəbil tərəfə hərəkət etdi. Sərdar
Sisianov Ağoğlanın iki ağaclığında olan Xonaşenə çatdıqda, şahın köçüb
getdiyindən xəbər tutaraq, Şuşa qalasına getdi. Burada bir para işlərə baş
çəkib Fətəli şah tərəfindən yuxarıda
273
göstərilən şərt və təəhhüdlərlə İbrahim xanın yanına elçi sifətilə
göndərilmiş 2-3 nəfər xanı götürüb, çox hörmət və razılıqla Qarabağdan
Tiflis tərəfə yola düşdü.
Haman ilin qışında yüksək dövlətin əsgərləri ilə Kürdən keçərək,
Şirvan, Bakı, Quba və Dərbəndi almaq niyyəti ilə Şəki tərəfə hərəkət etdi.
Yüksək dövlətə səmimiyyəti olan mərhum İbrahim xan, öz ali-cənab
oğlu mərhum Mehdiqulu xanı Qarabağ qoşunu və bəyzadələri ilə birlikdə
padşahın əsgərləri sırasında tapşırılan işləri yerinə yetirmək üçün sərdarın
yanına göndərdi.
Yüksək dövlətə tabe olan Şəki hakimi Səlim xan da çoxlu tədarük və
sərdarə layiq peşkəşləri Şəki vilayəti sərhədindən ötürüb, Şirvan
vilayətinə çatdırdı.
İlk günlərdə mal-dövlətinə və məkanının çətin yollarına güvənən
Mustafa xan bir neçə gün sərdara qürurlu cavabını yazaraq itaətdən
boyun qaçırdısa, axırda qüdrətli rus əsgərləri və Qarabağla Şəki qoşunu
qarşısında müqavimət göstərə bilməyəcəyini düşündü. Bu zaman
Qarabağ qoşunu da fürsət tapdıqca Şirvana əl uzadıb, qarət edirdi. (Buna
görə Mustafa xan) Mehdiqulu xanla Səlim xanın təşviqi ilə itaətdən dəm
vuraraq mərhum İbrahim xan kimi əhdnamə yazdı və üzdə yüksək Rusiya
dövlətinin itaəti altına keçdi.
Böyük sərdar Şirvandan keçib, Bakı tərəfə getdi. Bu zaman mərhum
İbrahim xanın böyük oğlu general-mayor Məhəmmədhəsən ağa Allah
rəhmətinə getdi. Bu küdurətli hadisədən bütün Qarabağ vilayətini qəm və
pərişanlıq basdı. Batində yüksək Rusiya dövlətinə tabe olmaq istəməyən
bəzi adamlar Məhəmmədhəsən ağanın vəfatından Mehdiqulu ağanın
vilayətdən uzaqlaşmasından və mərhum İbrahim xanın xəstəliyi, zəifliyi
və qocalığından istifadə edərək, peyman və əhdnamənin əksinə olan işlər
görməyə başladılar. Odur ki, böyük sərdar Mehdiqulu xanı Qarabağ
qoşunu ilə geri göndərməyi məsləhət bilərək, onu izzət, hörmət, layiqli
ənam və ümidlərlə Qarabağa yola saldı. Mərhum general-mayor
Məhəmmədhəsən ağa xüsusi məhəbbəti və səmimiyyəti olduğundan
hörmətli cənab polkovnik Cəfərqulu ağaya həmdərdlik və mehribanlıq
andıran məhəbbətli bir məktub yazıb, onu sevəcək və atalıq edəcəyini
bildirdi.
General-mayor Mehdiqulu xan Qarabağın qoşunu və bəyzadələri ilə
birlikdə hörmətli atasının yanına gələrək, böyük sərdarın məhəb-
274
bətli və ümidverici sözlərini ona söylədi. Bir para fitnəkarların fəsadını
dəf etmək və yüksək olan dövlətə sədaqət göstərmək qaydalarını
möhkəmləndirməsi uğrunda çalışırdı.
Bu zaman sərdar Sisianovun Bakı vilayətinə yetişdiyi xəbəri çatdı.
Bakı hakimi Hüseynqulu xan ilk günlərdə itaət etməyə razı olmuşdu.
Sərdar ondan və adamlarından pis hərəkət baş verəcəyini ürəyinə
gətirmirdi. Bir gün sərdar iki nəfər bəyzadə ilə birlikdə Bakı qalası
ətrafında Hüseynqulu xanla söhbət etdiyi zaman İbrahim bəy adlı birisi
iki nəfər başqa adamla gizləndikləri pusqudan güllə atıb, böyük sərdarı və
yoldaşlarını öldürdülər və bununla da özlərini pad-şahın əsgərlərinə
düşmən etdilər. Bu kədərli xəbərdən mərhum İbrahim xanın övladının və
vilayət əhlinin halı pərişan oldu. Çünki hələ Rusiya dövlətinin qayda-
qanunundan xəbərdar deyildilər. Onların fikri İran qaydalarına gedirdi.
Əgər (İranda) belə bir böyük sərdar vəfat etsə, vilayətin də nəzmi
tamamilə pozular. Halbuki, yüksək dövlətin bir deyil, bir neçə sərdarı və
sərkərdəsi belə, düşmənlə müharibədə öldürülərsə ondan dövlətin
möhkəm nizamına və işlərinə xələl dəyməz və vilayətə qarışıqlıq düşməz.
Sərdar Sisianovun vəfatından sonra general Nesvetayev Tiflisdə
qoşunun və vilayətin işlərini nizama salmaqla məşğul oldu. Mərhum
İbrahim xanın adamı dostluq məktubu ilə generalın yanına getdi, hər
cəhətdən xatircəmlik hasil oldu.
Haman 1806-cı ilin yazında Qızılbaş qoşunu Qarabağ tərəfə keçməyə
başladı. Fətəli şah mərhum İbrahim xanın yanına xəlvətcə adamlar
göndərib, ona ümidlər verirdi. Belə bir qüvvətli düşməni dəf etmək üçün
Qarabağda yeger dəstəsi və mayor Lisaneviçdən başqa qoşun
olmadığından ellər və kəndlər ayaq altında məhv ola bilərdi. (Bir tərəfdən
də) taxıl biçiminin vaxtı gəlib çatmışdı.
Buna görə mərhum İbrahim xan Qızılbaşla yola getməyi məsləhət
bildi. O hər bir məsləhəti mayora deyirdi. Mayor da İbrahim xana Rusiya
qoşununun tezliklə gəlib yetişəcəyini vəd edirdi. Doğrudan da qoşunun
gəlməsi çox yubandı. Qızılbaş qoşunu qalanın iki ağaclığına yetişmişdi.
Mərhum İbrahim xan evini, ailəsini xan bağından qalanın yaxınlığına
köçürmüşdü. Bilmirəm bir para fitnəkar adamlar mayora nə demişdilər ki,
o, 200 nəfər soldatla İbrahim xanın və ailəsinin üstünə gedib, o gecə
Allahın qəzasından İbrahim xanı, arvadı Tuba xanımı, qızı Səltənət
bəyimi, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli
275
Abbasqulu ağanı, Hacıhəsənli bəyi və Mirzə Haqverdini, qərvəndli Hümmət
bəyi, sarıcalı Gülməli bəyin oğlu Cavanşiri və Həsənağanı, qərvəndli qulluqçu
Əli Pənahı, əfşar Cavanşiri və Mirzə Nağını, kəbirli Əcəmoğlunun oğlu Hacı
Həsəni və onun iki oğlunu, iki nəfər şelli və iki nəfər başqa adamı, cəmi 17
nəfəri öldürdü. Bu adamlar 1221-ci ildə
1
gecə səhərə 3 saat qalmış öldürüldü.
Bu hadisə üz verdiyi zaman general-mayor Mehdiqulu xan və polkovnik
Cəfərqulu ağa qalada idilər. Onlar yüksək Rusiya dövlətinə qarşı dostluq
qaydasını poza bilən heç bir iş görmədilər. (Əksinə) qorxuya düşmüş xalqı sakit
etməyə çalışdılar və heç bir işdə cənab mayorun ziddinə getmədilər. Taxıl və
ərzaq az tapıldığı üçün onu tədarük etməyə səy etdilər.
Bu zaman Qızılbaş qoşunu naibüssəltənə Abbas Mirzə ilə Ağoğlanda idilər.
İbrahim xanın bu qəmli hadisəsindən hələ 15 gün keçməmişdi ki, qoşun və
topxana general Nebolsinin sərkərdəliyi ilə Şahbulağa çatdı. Qoşunun gəlməsi
xəbərini eşidən Mehdiqulu xan Qarabağın adlı-sanlı atlıları, qulluqçuları və bir
neçə bəyzadələr ilə birlikdə Qızılbaş qoşununun yollarını hər tərəfdən
kəsdiklərinə baxmayaraq, qaladan çıxıb Nebolsinin yanına gəldi və Rusiya
dövlətinin qoşununa qoşuldu. Onlar Əsgəran ətrafında ordu qurdular. Polkovnik
Cəfərqulu ağa, mayor və yeger dəstəsi qalanı qorumaq üçün orada qaldılar.
General Nebolsin, İranın naibüssəltənəsi Qızılbaş qoşunu ilə hücum edəcəyi
ehtimalı ilə 2-3 gün gözlədi. Lakin onlardan bir əsər görünmədi. Ona görə də
belə məsləhət gördülər ki, Qızılbaş qoşunu tərəfə hərəkət etsinlər, onlar
vuruşmaq istəsələr, vuruşsunlar, əks təqdirdə hücum edib, onları Qarabağ
torpağından çıxartsınlar.
Naibüssəltənə Rusiya qoşununun ona tərəf gəlməsini eşidib, bütün qoşunu ilə
müharibə etməyə gəldi. Xonaşen mənzilinin yaxınlığında hər iki qoşun bir-biri
ilə üzləşdi. Aralarında böyük dava oldu. Mehdiqulu xan öz adamları ilə Qarabağ
qoşunu ilə həmişə bələdçilik edib, döyüşdə də Rusiya qoşunu sıralarında
Qızılbaş qoşununu dəf etməyə çalışırdı. İyul ayının 15-də Xonaşen mənzilində,
hər iki qoşun arasında 7 saat davam edən döyüşdən sonra general Nebolsinin təd-
1
Hicri 1221-ci il miladi 1806-cı ilə bərabərdir. İbrahimxəlil xanın qətli 1806-cı il 14 iyun
gecəsinə təsadüf edir.
276
biri, Kotlyarevskinin şücaəti və Mehdiqulu xanın köməyi ilə Qızılbaş
qoşunu məğlub oldu. Onlardan bir qədəri öldürüldü, bir parası əsir oldu,
qalanı da Araz tərəfınə qaçdı. Bu davada Kotlyarevski də yaralandı.
Ondan başqa 30 nəfərə qədər zabit və soldat da yaralandı və öldürüldü.
General qoşun götürüb, onları (qızılbaşları) Qozlu çaya qədər təqib etdi,
lakin bir əsər tapa bilmədi.
Naibüssəltənə ağır yükünün çoxusunu töküb, Qızılbaş qoşunu ilə
qaçdı. İki gün ərzində Arazdan keçib, sərhədin o tayına çıxdı.
Qızılbaş qoşununun məğlub olması xəbəri yayılan zaman Əbülfət xan,
Qarabağın başqa qaçqın xanları və bəyləri ilə birlikdə bütün elləri və bəzi
kəndləri köçürüb Naxçıvan və Ordubada tərəf aparırdılar. General-mayor
Cəfərqulu ağa cənab-mayor Lisaneviç ilə ellərin məşhur atlılarını və
yaxın adamlarını götürüb, Qarabağ ellərini qaytarmaq və Qızılbaş
qoşununu dəf etmək üçün Zəngəzur mahalı yolu ilə hərəkət etdilər.
Soldatların dağlarda piyada yol getməsi və arxadan atlılara çatması çətin
olduğuna baxmayaraq, var qüvvə ilə gecə-gündüz dayanmadan yol
getdilər. Nəhayət, Qarabağ atlıları polkovnik Cəfərqulu ağanın başçılığı
ilə Qapan və Ordubad dağlarında Qızılbaş qoşununa yetişib onunla
davaya başladılar. Qızılbaş qoşunundan 2 minə yaxın atlı və piyadasını
dar dərələrdə məğlub edib, hamısını tutub soydular. At, paltar, yaraq və
başqa şeylərini əllərindən alıb, lüt elədilər. Arxadan gələn soldatlar
Qızılbaş qoşununun bir parasını ölü, bir parasını əsir və qalanını da
qaçmış gördülər. Sürülüb aparılmaqda olan Qarabağ elləri və
rəiyyətlərinin hamısı qala ətrafında olan dağlara qayıtdılar. O zaman
naibüssəltənə Araz kənarında idi.
Bir tərəfdən general Nebolsinin qoşunu Mehdiqulu xanla birlikdə
naibüssəltənəni məğlub etmələri, o biri tərəfdən də mayorun və polkovnik
Cəfərqulu ağanın belə bir işi yerinə yetirmələri padşah əsgərlərinin
gücünü nümayiş etdirdi. Qarabağ camaatı asudə olub, hər kəs öz yerində,
öz məkanında yerləşib, tam rahatlıqla yaşamağa başladılar.
Həmin ilin qışında general-anşef qraf Qudoviç böyük imperator
mərhum Aleksandr Pavloviç tərəfindən sərdar təyin olunaraq, Tiflis
şəhərinə gəldi. General-mayor Nesvetayevin imperatora yazdığı ərizəsinə
görə Mehdiqulu xanı öz yanına Tiflis şəhərinə çağırdı. Mehdiqulu xan
bütün kəndxudalar və ellərin bəyləri ilə birlikdə
277
Tiflis şəhərinə gedib, qrafla görüşdü. İkinci gün, ümumi yığıncaq oldu.
Qraf əhdnamədə qeyd olunmuş Qarabağ hakimiyyətinin fərmanını,
cavahiratla bəzənmiş qılıncı və padşahlıq bayrağını Mehdiqulu xana
təhvil verib, onu böyük mərhəmət, ümid və vədlər ilə Qarabağa yola
saldı.
Mehdiqulu xanın hökuməti bu tarixdən 1822-ci ilin oktyabr ayına
qədər davam etmişdir. Əlbəttə, yüksək dövlətin kargüzarları bu barədə
dəftərlərə yazmış və sizə məlum olduğundan mənim ərzimə ehtiyac
qalmır.
Dostları ilə paylaş: |