bilir. Lakin onun ən çox tətbiq tapdığı ünsiyyət sahələri canlı danışıq dili,
siyasi diskurs, publisistika və bədii üslub hesab olunur. Dil faktları təsdiq
edir ki, siyasi xadimlərin, diplomatların, dövlət məmurlarının nitq
davranışlarını perifrazsız, xüsusilə evfemizmlərsiz və müxtəlif növ
mübaliğəsiz, kiçiltmələrsiz təsəvvür etmək qeyri-mümkündür. Hətta neyrtal
üslublar sayılan elmi və rəsmi-işgüzar üslublarda perifraz mövcud
reallıqların fərqli interpretasiyası, hadisə və faktların, mülahizələrin
müxtəlif rakurslardan, çalar və rənglərdə göstərilməsi üçün əlavə imkanlar
yaradır. Perifraz çoxluqları-qeyri-müstəqim, vasitəli dil işarələri olaraq yeni
perspektivlər yaradır, beləliklə, dil, dil reallıqları gerçək
reallıqlar,həqiqətlər üzərində üstünlük əldə edir.
Azərbaycan dilində unikal, təkrarsız, heç kəsin və heç bir xalqın
ağlına gəlməyən orijinal məişət perifrazları yaşayır. Bunlarda aldanışın ən
bariz forması olan yalanla yanaşı, hiylə və dil-oyun elementləri heyrət
doğurur. Görün narazı qaldığı həyat yoldaşından boşanmaq istəyən qadın
sonda məhkəmənin barışmaq təklifinə cavab olaraq nə deyir: "Möhtərəm
hakim, mən də heç ayrılmağın tərəfdarı deyiləm. Mən nə deyirəm, mən
deyirəm ki, ac saxlasın, susuz saxlasın, amma yaxşı saxlasın!"
Şərq qadınının uzun müddət çadrada saxlanması, hüquqsuz
vəziyyətdə olması zəngin bir dil-aldanış sistemi, orijinal, kodlanmış,
şifrələnmiş bütöv bir hiylə-kələk mexanikası, gözlənilməz-nitq hərəkətləri
paradiqması hazırlamışdır. Şair Nəriman Həsənzadə bu tarixi gerçəyi belə
ifadə edir:"Qadın zəiflikdən hiyləgər olur." Deyəsən müasir kişilərin daim
272
artan feminist fəndgirliyi, getdikcə daha da təkmilləşən, gəlişən mübhəm
mübarizə və qeybətçilik "əzmi" də onların zəifliyi, getdikcə daha artıq
dərəcədə zəifləməsi ilə bağlı olur. Bundan qaynaqlanır. Mübaliğəsiz demək
olar ki,qadın dilinin alt şüurun, daha doğrusu şüursuzluğun, intuisiyanın
dərinliklərindən gələn və kişilərin hərəkətlərində, ünsiyyətində də
təkrarlanan, əks olunan gizli həvəs və müəmmaları dilimizin,
psixologiyamızın qeyri səlisliyinin özünəməxsus energetik mənbələrindən
birini təşkil edir. Qadının hərəkət və fəaliyyət sərbəstliyi, xarici aləmlə fəal
əlaqə və təmasları sanki onun ilkin-təbii həssaslığına, intuisiya və
yaradıcılığlna, həyat instinktinə mənfi təsir göstərir. Məmməd Səid
Ordubadinin "Qılınc və qələm" romanındakı Qətibə təkcə tədbirli, ağıllı
qadın obrazı deyil, həm də böyük və məkrli dil-üslub məktəbidir. Qəribədir
ki, dünya ədəbiyyatında həqiqəti, mərdlik və ədaləti, xeyri təmsil edən,
simvollaşdıran qəhramanlardan çox mənfi obrazlar, neqativ xarakterlər,
hiylə və yalan qəhramanları yadda qalır. Görünür, həyat həqiqətlərini dərk
etmək üçün mücərrəd həqiqətin deyil, onun yoxluğunun, yalan və
illuziyaların, aldanış və virtual həqiqətlərin, imaqinativ dünyaların bədii-
estetik şərhi heç də az əhəmiyyətli olmur. Belədə idrak daha artıq
dərinliklərə işləyir, real olandan, görünəndən, bilavasitə qavranılan,
müşahidə olunandan çox müəmmalı, mistik, qorxunc,görünməz olan
dərketmənin imkanlarını daha çox genişləndirir, təfəkkürün gücünü artırır.
Birinci vəziyyət dar mənada perifrazların-müəyyən bir tipik, fərqləndirici
əlamət əsasında yaranan dil quruculuğunun, ikinci vəziyyət isə daha çox
geniş mənada perifrazların meydana gəlməsi üçün mənbə rolunu oynayır.
Evfemistik çoxluqlar daha çox zəiflədici, zərəsizləşdirici, minimallaşdırıcı
təsir doğurur, məqbul-münasib, dəyişdirilmiş reallıq törədiciliyinə xidmət
edir. Evfemizm şəkilləri azalan, zəifləyən çoxluqlar-litota strukturları ilə
birlikdə dildə mövcud olan kiçiltmə, mülayimləşdirmə texnologiyasının
mühüm mexanizmlərini təşkil edir. Bunlara qarşı duran mübaliğə formaları
isə gerçək olanı, qavranılanı, dərk olunanı bir az da intensivləşdirmə,
dolğunlaşdırma, şişirdib-böyütmə praqmatikasını təmsil edir. Paralel
adlandırma, ifadəetmə üsulları olan perifraz təzahürlərinin hər biri reallığı
adekvat-əslinəuyğun şəkildə deyil, ünsiyyət şəraiti, konkret praqmatik
273
məqsəd üçün yararlı, üstün variantda formalaşdıran, təsbit edən linquistik
qiymət ölçüləri, qiymət dərəcələri misalındadır.
Deyilənlərlə bağlı perifrazın illokutuv məzmunu haqqında
mülahizələrimizi bir qədər də davam etdirək. Linquistik qiymətlərin
yaranmasına mentallıq, etnik psixologiya və mövcud əxlaqi-etik prinsip və
dəyərlər də güclü təsir göstərir. Yuxarıda qeyd etmişdik ki, nəcabətli
azərbaycanlı qadın nəinki həyat yoldaşından, hətta rəfiqəsindən, oturub-
durduğu başqa bir qadından ayrılmasının gizli-mübhəm səbəblərini dilə
gətirməz, sözlərin köməyi ilə tamamilə başqa bir gerçəklik şəkli,
konstruktiv yalan quraşdırar: "Xasiyyətimiz tutmur", "Qaynanam məni yola
vermir", "Bizimki tutmaz", "Biz tamamilə başqa-başqa adamlarıq." və s.
Adətən xarici şirkətlər işə götürmədiyi və ya bizimkilərin köməyilə
işə götürmək istəmədiyi adama "humanistlik" göstərərək birbaşa "Sie sind
frei, Sie werden nicht angenommen", yaxud "Sie sind nicht
durchgekommen", "Sie sind sehr schwach", "Sie kennen Ihr Fach
nicht\genug"," Testdən keçə bilmədin", "Zəifsən\ixtisasını yaxşı bilmirsən"
demir. "Gözlə, özümüz sənə zəng edəcəyik", "Özümüz çağıracağıq" tipli
yalançı-humanist evfemizmlər işlədirlər. Sovet dövründə adamların,
xüsusilə vəzifə sahiblərinin ən müxtəlif səbəblərə görə işdən
uzaqlaşdırılması aşağıdakı standart yalan aktı ilə icra olunurdu: "Öz ərizəsi\
öz xahişi ilə işdən azad edilmişdir."Qeyri-səlis sinonim çoxluqlarının
uzantısı, mabədi olaraq perifraz formaları ilə həm kifayət qədər geniş
referensiya, həm də predikasiya aktları gerçəkləşdirmək olur. Yuxarıda
verilən predikativ perifrazları bir qədər yaxından araşdırmağa çalışaq.
Onlar təbii ki, müvazi adlandırmalar, nominasiyalardan fərqli olaraq
predikativ çoxluqlar, alternativlər əmələ gətirməklə linquistik giymətləri
fərqli bir səviyyəyə daxil edir. Cümlə perifrazlarına aid gətirilən misallarda
təsvir olunan hadisə və vəziyyətləri koqnitiv dəyişənlər kimi xarakterizə
etmək olar. Koqnitiv dəyişənlər situasiya tiplərinə, ayrı-ayrı situasiya tipləri
reallıq fraqmentlərinə, reallıq fraqmentləri isə linquistik (sintaktik)
çoxluqlara parçalanır. Başqa sözlə, koqnitiv dəyişənlər situasiya tipləri,
müxtəlif situasiya tipləri isə reallıq fraqmentləri, onlar da öz növbəsində
təkliflər bazası, təkliflər fondu olaraq sintaktik çoxluqlar şəklində yayılır.
Məsələn, ərəb xəlifəsi Harun ər-Rəşidin yuxusu ilə bağlı dəyişən
274
perspektivləri, haqqında söhbət gedən qorxunc səhnələri təsvir edən ardıcıl
cümlələrin referentlətini, onların arxasında dayanan ümumi-universal, tipik
situasiyaları aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:
(1) Mütləq bədbəxt hadisə baş verəcək.
(2) Xəlifənin ailəsinə, yaxın adamlarına xətər toxunacaq.
(3) Bütün xilafəti sarsıdan hadisələr baş verəcək\ verə bilər.
(4) Xəlifənin şəxsən özü ilə bağlı heç bir bədbəxt hadisə baş
verməyəcək.
Həmin dörd aktual, əsas situasiya tiplərini aşağıdakı potensial-
mümkün gerçəklik fraqmentlərinin (fərqi yoxdur, real və ya qeyri-real
olsun) məcmusu kimi nəzərdən keçirmək olar.
(5) Xəlifənin yaxın qohumlarından biri dünyasını dəyişəcək.
(6) Xəlifənin ailə üzvlərindən biri rəhmətə gedəcək.
(7) Xəlifənin bütüb qohumları həlak olacaq.
(8) Xəlifənin bütün ailəsi bədbəxt hadisə nəticəsində məhv olacaq.
(9) Xılifənin kiçik oğlu\xəstə oğlu tələf olacaq.
(10) Xilafətdə ixtişaşlar olacaq.
(11) Xilafəti dəhşətli müharibələr bürüyəcək.
(12) Xəlifənin taxt-tacı təhlükəyə düşəcək.
(13) Xəlifənin bütüb qohum-əqrabası fəlakət nəticəsində qırılacaq.
(14) Xəlifə hamıdan sonra \ çox sonra öləcək.
(15) Əmirəlmömin bütün qohum-əqrabasından çox yaşayacaq.
(16) Xəlifənin ömrü gözlənildiyindən də uzun olacaq və s.
"Bədbəxt bir hadisə"nin baş verməsi mülahizəsi heç də səlis, dəqiq
bir mülahizə ola bilməz. Necə, hansı dərəcədə bədbəxt bir hadisə?
Nə ilə nəticələnən bədbəxt bir hadisə? Dünyada heç kəs bədbəxt bir
hadisənin, baş verəcək bir olayın konkret olaraq nədən, hansı hadisədən
ibarət olduğunu, onun dərəcəsini, ölçüsünü, bütün mümkün nəticələrini,
müqabil tərəfin reaksiyasını əvvəlcədən birmənalı şəkildə ifadə edə bilməz.
Burada linquistik qiymətlərin qeyri-səlisliyi, yayılanlığı, bütün genişliyi və
variativliyi ilə işə düşür, potensial təxminilik və natamamlığı ilə istismara
buraxılır. Bütün qohum-əqrabanın qırılması( burada günahsız "ölmək"
əvəzinə "qırılmaq" sözünün də işlənməsi elə bədbəxt hadisədir), xəlifənin
ən sevimli kənizlərindən, hərəmlərindən birinin ölməsi, hətta xəstələnməsi
275
də bədbəxt hadisədir, bütün səltənətin tar-mar olması da bədbəxt hadisədir.
Xəlifənin özünün ölümündən başqa heç nə o qədər də bədbəxt hadisə deyil.
Çünki bu versiya, bu müddəa artıq sadəcə olaraq bədbəxt hadisə deyil, hər
şeyin sonudur, bədbəxtliyin bədbəxtliyidir. Hər cür xöşbəxtlik və
bədbəxtliklərin sonu, hüdudu, milyonlarla ömürlərin kəsilməsidir.Sözsüz
ki, göstərilən vəziyyətdə adi, birqiymətli məntiqdə də əsas qarşılaşan
qütblərdən biri kimi götürülən "xoşbəxtlik" anlayışının xidmətindən istifadə
etmək qeyri-mümkündür. Söhbət bədbəxtlikdən, "gözlənilən", "axtarılan"
bədbəxt hadisələrdən gedir, bədbəxtliyi də ehtiva edən (qeyri-səlis məntiqə
görə “bədbəxtlik” "xoşbəxtliyi" xarakterizə edən dərəcələrdən biri kimi
götürülür) bu yayılan çoxluqların hər ikisi ilə koqnitiv əməliyyat aparmağı
mümkün edir. Gerçək reallıqları daha əhatəli, tutumlu formatda nümayiş
etdirmək zərurəti hər iki qiymət çoxluqlarını və onların aralıq, keçid
hədlərini, mümkün rəngarənglik və müxtəlifliyi, fenomenoloji keyfiyyətləri
ilə təqdim və təsəvvür etmək üçün onları linquistik reallıqlarla daha da
genişləndirmək lazım gəlir: Xoşbəxt olmayan bir hadisə/ elə bir hadisə baş
verməyəcək, Xoşbəxtlikdən kənar\tamamilə kənar bədbəxt hadisə baş
verməyəcək, Ancaq xoşbəxt və ya ancaq bədbəxt bir hadisə baş
verməyəcək , Qohum-əqraba ilə əlaqədar o qədər də\ çox da xoşbəxt\ xoş
olmayan olaylar baş verməyəcək\ gözlənilmir və s. Bunların heç biri nə tam
xoşbəxt, nə də tam bədbəxt hadisələr deyil. Beləliklə, müxtəlif dil
işarələrinin ardıcıllığı, bir-birinə münasibəti sırf ideal mahiyyət olan
mənadan fərqli olaraq maddi-ideal məzmun kəsb edir, denotatlardan daha
çox uzaqlaşdığı üçün dəyişikliyə, transformasiyaya uğrayır. Dil işarələrinin
qarşılıqlı əlaqələri, işarə kompleksləri fərqli reallıqlar, əlaqələr konstruksiya
etməklə dərketmənin yeni üfüqlərini açır, axtarışlara yönəlir. Bu cəhət o
qədər güclü və aşkardır ki, dilin reallığa, həm gerçək, həm də virtual
reallıqlara təsirindən, təxribatından danışmaq olar. Əslində, təbiətdə, real
aləmdə, heç bir xoşbəxt və ya bədbəxt hadisə olmur. Təbiət, Ana təbiət
aslanın öküzü parçalamasında heç bir bədbəxtlik, ədalətsizlik görmür,
həmin varolma aktını sakitcə icra edir. Bunu sanksiyalaşdırır. Həmin olaya
adi bir şey kimi baxır. Yalnız bəşər cəmiyyətində, insanların bir-biri ilə
münasibətlərindən doğan ayrı-ayrı hadisələr, proseslər var. Daha doğrusu,
çox hallarda bunların aldanışları var. Təkrar qiymətləndirmə, koqnitiv
276
üstparadiqmalar var. Dillə yaradılan gerçəklər, münasibətlər sistemi,
dəyərləndirmələr var. Dil işarələrinin, linquistik gerçəklərin təbiət
gerçəkləri üzərində qələbəsi və üstünlüyü, prioriteti var.
Əlbəttə, gerçəkləşdirilən situasiyaları "bədbəxt" və "xoşbəxt",
"bədbəxtlik" və "xoşbəxtlik" sözlərinə müvafiq dəyişdiricilərin artırılması
ilə daha sistemli, daha dolğun, tutumlu və daha geniş koqnitiv sıralarla
canlandırmaq olar. Mürəkkəb sintaktik strukturlar, müxtəlif mürəkkəb
cümlə formalari linquistik qiymətlərin yüksələn xətlə artımını və
zənginliyini təmin edir.
Alınan qeyri-səlis qiymətləri mətnə fərqli semantik-emosional və
modal çalarlar daxil etməklə əlavə, yeni səviyyəli sintaktik çoxluqlarla
daha da genişləndirmək, yayğınlaşdırmaq olar:
(17) Ola bilsin ki, nəsə bir hadisə baş verəcək, amma elə bir
bədbəxtlik üz verməyəcək.
(18) Güman \ fərz etmək olar ki, nəsə narahatlıq doğuran
bir hadisə baş verməyəcək.
(19) Demək olmaz ki, nəsə bədbəxt/o qədər də böyük xoşbəxtlik
vəd edən bir hadisə olacaq, lakin elə də bədbəxt hadisələrin,
olayların baş verməsi gözlənilmir.
(20) Narahat olmağa dəyməz ki, ailəmizin\ ailə üzvlərindən
kimsənin bədbəxtliyinə, faciəsinə gətirib çıxaran qorxunc
hadisələr baş versin.
(21) Söz verə bilərəm ki/Sizi əmin edə bilərəm ki, taxt-tacınıza
ciddi təhlükə törədə bilən elə bir hadisə baş veməməlidir.
(22) Bu yuxunu yozaraq şübhə etməmək olar ki, Siz hətta çox
uzunömürlü olan, ulduzların uzun ömür vəd etdiyi ailə
üzvlərinizin də hamısından uzunömürlü olacaqsınız.
(23) Heç bir şübhə yeri\ zərrə qədər də olsun şübhə
yeri qalmır ki, qohum-əqrabaya heç bir şey olmayacaq\ qohum-
əqrabanın çoxu heç də\ elə də tez ölməyəcək\ dünyasını
dəyişməyəcək.
(24) Əgər mənə inanırsınızsa, mənə inamınız varsa, gördüyünüz
yuxu elə də dəhşətli, bədbəxtlikdən xəbər vermir, belə ki,
Siz tanıdıqlarınızın hamısından çox yaşayacaqsınız.
277
(25) Siz bu yuxunu kimə danışsanız, hansı ölkədən, hansı
münəccimdən soruşsanız, o Sizin uzun illər yaşayacağınıza\
xoşbəxt yaşayacağınıza zəmanət verəcək/verə bilər.
Düşünmək olar ki, nisbətən sadə, sadələşmiş linquistik qiymət
şərtlərilə düzələn cümlə - perifrazlarda (5) -(16)-cı və (17)-(25)-ci
nümunələrə nisbətən daha az yayğınlıq nəzərə çarpır. (5)-(9)-cu cümlələrdə
istifadə olunan sinonim çoxluqları ekspressiv-üslubi mənaların bütöv bir
silsiləsini təqdim edir. (13) və (14)-cü cümlələrdə isə "dünyasını
dəyişəcək", "rəhmətə gedəcək", "həlak olacaq", "məhv olacaq", "tələf
olacaq" perifrazlarından və genişlənmiş dil işarələrindən fərqli olaraq
linquistik qiymət daha aşkar və birmənalı xarakter alır. (17)-(25)-ci
cümlələrdə isə yayılanlıq, semantik seyrəkləşmə, azalma özünün ən yüksək
həddinə çatır. Lakin bu sərhədləndirmə, bu tənasüb yalnız ümumiyyətlə,
ümumi konturlar çərçivəsində doğrudur. Dil işarələrinin kəmiyyət
münasibətləri ilə keyfiyyət münasibətlərinin mütənasibliyi baxımından,
linquistik enerjinin maddi səs kütləsi daxilində paylanması nöqteyi-
nəzərindən doğrudur. Lakin, artıq qeyd olunduğu kimi, mətndə ötürücü ilə
qəbuledici arasındakı münasibətlərin xarakterindən, mənaların subyektivlik
dərəcəsindən asılı olaraq kiçikölçülü dil işarələri irihəcmli dil işarələri ilə
müqayisədə daha az yayılan ola bilər. Və əksinə. Daha sadə şəkildə ifadə
etsək, hər ikisi eyni zamanda, eyni dərəcədə daha çox və daha az yayılanlıq
işarələri kimi qavranıla bilər. İşarənin fonetik kütləsi, o cümlədən də
sintaktik kütləsi, həcm və tutumu ilə linquistik qiymət ardıcıllığı arasında
həmişə düz mütənasiblik olmur. Qeyri-səlis çoxluqları əmələ gətirən
dəyişdiricilər təxmini mühakimələrin zənginliyi və çoxşaxəliliyini təmin
edir. (7)-(25)-ci misallarda birinci termlərin - əsas linquistik qiymətlərin
ətrafında qruplaşan, onları da öz içərisinə alan digər linquistik qiymətlər
kiçiltmə, azaltma və minimallaşdırma, təsirsizləşdirmə mexanizmləri olan
perifraz və litota fiqurları ilə daim artan, güclənən yayılanlıq xətti üzrə
inkişaf edir. Dil işarələrinin nisbiliyi, mənanın subyektivliyi və kontekstdən
asılılığı “bədbəxt” və “xoşbəxt” sözlərinin semantikasını, istər geniş
perifraz strukturları - əlavə-yanaşı adlandırmalar daxilində, istərsə da mətn
çərçivəsində, geniş kontestdə elə əridir, elə itirib görünməz edir ki, əslində
nə materiyadan, nə də dil substansiyasından, nə adlandırılandan, nə də
278
adlandırandan axıra heç nə qalmır. Mürəkkəb, mürəkkəbləşmiş sintaktik
çoxluqlar yayılanlığı, qeyri-səlisliyi, daha geniş yayğınlıq sərhədlərinə
doğru qovur. İlk baxışda mənanı, fikri bir işarənin, az işarənin
mücərrədliyindən azad etməyə, tərkib hissələrinə parçalamağa, "yaymağa"
xidmət edən tutumlu sintaktik formalar-genişlənmiş , şaxələnmiş ifadə
çoxluqları bir sıra hallarda yayıldıqca, açıldıqca ideyanı, predmet və
hadisələri kiçik təfərrüatlara, elementlərə ayırıb konkretləşdirmək əvəzinə,
əksinə, mücərrədliyi, qeyri-müəyyənliyi daha da gücləndirir. Xüsusilə
ünsiyyətin iştirakçıları arasında münasibətlər bərabərliyə, qarşılıqlı
əməkdaşlıq və sərbəst müzakirə, mübahisə ruhuna uyğun gəlmədikdə
yayılan sintaktik qiymətlər bütövlükdə kontekstin, digər nitq vahidlərinin
himayəsindən məhrum olan tək sözlərdən, mücərrəd işarələrdən daha
müəmmalı, daha anlaşılmaz, dumanlı və qeyri-informativ olur. İlk baxışda
daha aydın olduğu üçün daha xətalı, anlaşılmaz olur. Əslində qorxu və
dəhşət saçan Harun ər-Rəşidin hüzurunda hər iki münəccimin söylədiyi
fikirlər "Bütün qohum-əqraban səndən qabaq öləcək" - "Bütün
qohumlarınızdan çox yaşayacaqsınız" replikaları eyni fəlakətli perspektiv
vəd edir. Çünki nə dil işarəsinə, nə də qarşı tərəfə münasibət adi, neytral
münasibət deyil. Digər bir yandan, həmin replikalar müxtəlif situasiyalarda,
"əmirəlmöminin" fərqli bir psixoloji vəziyyətində müxtəlif cür anlaşılmaq,
anlanılmaq potensialına da malikdir. Görünür, dil işarələrindən çox digər
səviyyə işarələri-hiss və duyğular, anlayışlar, onların duyğu orqanları ilə
konkret halda dərk olunma intensivliyi daha önəmli rol oynayır. Məlum
olduğu kimi, Helmholts hiss və duyğuları, hətta anlayışları da işarə hesab
edir. O, məsələn, rənglərə, ümumən rəng substansiyasına obyektiv
hadisələr, varlıq təzahürləri kimi deyil, duyğu orqanlarının funksiyası,
onların təqdim etdikləri fenomenlər kimi baxır. Dil işarələrini qavrama və
dil işarələri vasitəsilə qavrayış proseslərinə də son hədlər, qurtaracaq nöqtə
və terminallar kimi deyil, ən müxtəlif qavrayış, dərketmə sahələrində
çoxsaylı, çoxtərəfli keçid nöqtələrinin sərhədləri kimi yanaşmaq olar.
Beləliklə, dil sanki bir səsin, bir sözün aydınlığı və eyni zamanda
mücərrədliyi, qeyri-müəyyənliyi ilə söz birləşməsinin, o cümlədən də əlavə
adlandırmaların, cümlələrin həm aydınlığı, mücərrədliyi və dolaşıqlığı
arasında aramsız olaraq sıxılıb açılır - iki ifrat, lakin keçici, yayılan, daim
279
sərhədləri qarışan linquistik qiymət dərəcələri ilə nişanlanan qütblər
arasında hərəkət edə-edə yeni fikir, ideya hasil edir. İlkin substansiyaya,
başlanğıca qayıda-qayıda, sintaksis, sonda mətn səddinə çırpıla-çırpıla öz
gücünü, daxili energetikasını bərpa edir. Canlı orqanizm olan dil yalnız
bununla gerçək ünsiyyətə, bütövlükdə dünyaya uyğunlaşmaq şansı qazanır,
bunların nəticəsində və sayəsində hər şeyi özündə ehtiva edən "dünya evi",
Sartrın sözləri ilə desək, “Mən” kimi qərarlaşır. Mətnin məntiqi-semantik
münasibətlərinin xarakteri elədir ki, "Bütün qohum-əqraban səndən qabaq
öləcək" və "Bütün qohum-əqrabanızdan çox yaşayacaqsınız" təkliflərini
"həqiqi\ doğru-yalan" qiymətləri ilə qiymətləndirmək qeyri-mümkündür.
Burada praqmatik semantikanın kateqoriyaları ilə işləmək tələb olunur . İki
ayrı-ayrı müddəanı mahiyyət etibarilə "ölmək" və "yaşamaq" fellərinin
müxtəlif koqnitiv transformasiyaları zəminində doğulan "uğurlu-uğursuz"
və ya "münasib-qeyri-münasib" qiymətləri, tərifləri ilə səciyyələndirmək,
nişanlamaq mümkündür.
"İsmayıl mənim torpağımda yoxdur", "Enin aşağı birinizi
öldürməyəcəyəm, ", "Qan tökülməyəcək" kimi təkliflər üzərində də belə
əməliyyatlar aparmaq olar. Elə bilirəm ki, bu nümunələr üzərində geniş
dayanmağa ehtiyyac yoxdur. Yalnız bunu əlavə edək ki, hər üç müddəada,
təklifdə ilkin termlər, təxmini mühakimə çoxluqları kimi üç əsas verbal
versiyanı qəbul etmək olar: "Mən Şah İsmayılı gizlətməmişəm" (Mənim
Şah İsmayılın harada olmasından xəbərim yoxdur), "Heç kimi\birinizi də
öldürməyəcəyəm", "Hamınızı əfv edəcəyəm\ bağışlayacağam". Hər üç
mülahizəni uyğun qeyri-səlis çoxluqlar, təxmini mühakimə alternativlərinin
məcmusu kimi nəzərdən keçirmək olar.
Misalları araşdırarkən bu nəticəyə gəlmək olar ki, sifət və zərflər
təxmini mühakimələrin mühüm tərtibçiləri kimi mətn quruculuğunda
əhəmiyyətli rol oynayır. Görünür, digər funksiyalarla yanaşı təlqin,
inandırma funksiyasını da dilin əsas, bəlkə də üstün funksiyalarından biri
kimi qəbul etmək lazımdır. Dil böyük təlqin gücünə malik olan işarə
sistemlərindən biri kimi gəlişir və inkişaf edir. Dil işarələrinin qeyri-
adekvatlığı, şərtliyi,söz mənalarının mental xarakteri istər propozisional
aktda – referensiya və predikasiya aktlarında, istərsə də illokusiya və
perlokusiya səviyyələrində, mətnyaratma və mətnanlama proseslərində
280
şəksiz ki, şüuri, rasional cəhətlərlə yanaşı dildə həm də irrasional,
anlaşılmaz güc və meyllərin artmasına, sərsəm ehtirasların ifrat dərəcədə
güclənməsinə səbəb olur. İnsanda daim söndürülməli, cilovlanmalı olan
dağıdıcı, viranedici bir psixi enerji yaşayır. Bu, labüd olaraq dilə, ünsiyyətə
də transfer olunur. Söz-məna, məzmun istehsal etdiyi kimi, absurd və
mənasızlıq, küy və qarmaqarışıqlıq, cəfəngiyat da hasil edir. O dərəcədə ki,
bəzən sözün kultu onun özünə, konkret substansional mahiyyətinə üstün
gəlir. Hər bir qeyri-müstəqim, vasitəli dil davranışının bu mücərrədlik və
qeyri-müəyyənliyi bir dərəcə də gücləndirdiyini, zənginləşdirdiyini, oraya
yeni axınlar daxil etdiyini söyləmək olar. Yuxarıda qeyd etdiyimiz həmin
Dostları ilə paylaş: |