VI FƏSİL
Qeyri-səlis çoxluqların ierarxiyası: yayılanlığın hüdudları
Qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq və təxmini mühakimələr
nəzəriyyəsi prizmasından yanaşdıqda kiçiltmə, zəiflətmə fiquruna işarəyə
alınan obyekti, hadisəni, mülahizəni və ya təklifi yayğınlaşdıra-
yayğınlaşdıra gah mənfi, gah da müsbət qütbə, gah azalan, gah da artan
kəmiyyət ölçülərinə, linqvistik qiymətləndirmə mövqeyinə yönəltmək,
bununla da gerçək olandan, real vəziyyətdən yayındırmaqla yalana, qeyri-
həqiqətə yaxınlaşdırmaq strategiyası kimi baxmaq olar. Elmi ədəbiyyatda
litota kimi qeyd olunan minimallaşdırma hadisəsi müəyyən bir əşyanı,
faktı, predmeti onların əks müqabilini inkar etməklə daha aydın nəzərə
çarpdırmaq və ya əksinə, nəzərdən, görüş bucağından yayındırmaqla
zəiflətmək, kiçildilmiş, azaldılmış formatda təqdim etmək üsulundan başqa
bir şey deyildir. Mövcud mənbələri diqqətlə nəzərdən keçirdikdə aydın olur
ki, litota mahiyyət etibarilə real olaraq mövcud olan kəmiyyət və ya
keyfiyyət həddini azaltma, minimallaşdırma qavrayışı, mənfi, neqativ bir
əlamətlə qarşılaşan müsbət əlaməti yayğınlaşdırma, təsdiq söyləmləri
yumşaltma, mülayimləşdirmə vasitəsi kimi şərh olunur. Litota müsbət və
ya mənfi əlamətin aşağıya – sıfır həddə doğru çalarlanmasına, yayğınlıq və
qeyri-səlisliyinə xidmət edən dil-üslub vasitələrinin, meliorativ dil
davranışının ümumi adıdır. Sinonimliyin, alternativ çoxluqların zəiflətmə,
kiçiltmə perifrazları ilə davam etdirilməsi, daha da genişləndirilməsidir.
Gerçəkdən yayınma, zəiflətmə, azaltma düşüncəsi, reallığı həqiqətdə,
“orijinalda” olduğundan aşağı keyfiyyət ölçülərində, kiçildilmiş konturlarda
göstərmək cəhəti litotanı evfemizmə yaxınlaşdırır (B. Sowinski, 264; E.
Riesel, 201). Əsassız deyildir ki, bəzi mənbələrdə perifrazlar iki qrupa –
qüvvətləndirmə və zəiflətmə, müvafiq olaraq gerçəklikdə, fikirdə olanı
böyütmə və kiçiltmə standartlarına ayrılır (Übertreibung, Untertreibung).
Birinci qrupa mübaliğələr, ikinci qrupa isə evfemizm və litota – konkret
situasiyaya, arzu olunan məhdudlaşdırmaya, aktual praqmatik normaya
uyğunlaşdırma fəndi aid edilir. Litotanın – minimallaşdırma fiqurunun
məna həcminin müəyyənləşməsində intonasiya, səs tənzimləmələri o qədər
mühüm rol oynayır ki, onu fonetik-sintaktik vasitələrə aid edənlər də var
345
(И. Р. Гальперин, 219). Anlayışın, predmet və hadisələrə aid əlamət və
keyfiyyətlərin, kəmiyyət hədlərinin kiçildilməsi, situasiyaya
uyğunlaşdırılması prizmasından təqdim edilməsi minimallaşdırma fiqurunu
mühüm yaradıcı, törədici bir qavrayış-anlam modeli kimi xarakterizə edir.
Hadisə və predmetlərin keyfiyyət və kəmiyyət hədlərinin, o cümlədən
madii-substansional əlaqə və təsirlərin mövcud, qəbul olunmuş
normativlərdən fərqli, qeyri-mütənasib, qeyri-müstəqim, əslinə uyğun
olmayan şəkildə qavranılması yalan və aldanış motivlərinin mətnə daxil
edilməsi üçün əlverişli ünsiyyət mühiti formalaşdırır.
Minimallaşdırma strukturlarının rəngarəngliyi və çoxcəhətliliyi,
linqvistik qiymət və şərh imkanlarının zənginliyi həmin ifadə vasitələrinə
semantik-praqmatik və koqnitiv sahə kimi yanaşılmasını zəruri edir.
Yeri gəlmişkən qeyd edək ki, bir çox mənbələrdə litota, kiçiltmə
fiqurunda yanlış və birtərəfli olaraq yalnız yeni, azalan keyfiyyətin
yaranması və ifadə olunması fikri irəli sürülür. Məsələn, ingilis dili
üslubiyyatının məşhur tədqiqatçısı İ. R. Qalperin məsələyə məhz bu
mövqedən yanaşır (И. Р. Гальперин, 219). Belə anlam və yanaşma bir
qavrayış modeli olaraq kişiltmə, zəiflətmə fiqurunun ifadə-törəniş, təsir
imkanlarını xeyli məhdudlaşdırılmaqla bərabər, canlı ünsiyyətdə
minimallaşdırma texnologiyasının zənginlik və müxtəlifliyini də tam əhatə
edə bilmir. Bir qədər sonra görəcəyik ki, kiçiltmənin, mülayım, mütərəddid
dil davranışının linqvistik modellərində, litota strukturlarında inkarlıq
elementi yalnız mənfi mənalı, peyorativ çalarlıqlı əlamət sözləri ilə birləşib
müsbət tərəfin mənasını zəiflətmir, həm də müxtəlif kəmiyyət sözləri, digər
inkarlıq daşıyıcıları, hətta isim və zərf kateqoriyasından olan sözlərlə
əlaqələnərək geniş kiçiltmə, minimallaşdırma sahəsi əmələ gətirir (Onun
nöqsanları da az deyildir; Qurumun nümayəndəsinin belə qəribə mövqe
tutması səbəbsiz deyil; Zavodun işində müəyyən nöqsanlar da olmamış
olmaz; Ganz unschuldig war sie auch nicht; Er sprach nicht ohne
Anteilnahme). Tədqiqatlar göstərir ki, litota yalnız əlamətin və ya təsdiq
hökmün zəiflədilməsi, mötədilləşməsi vasitəsi, bir tərəddüd aktı deyil, həm
də əksinə, müsbət əlamətin, təsdiq-iqrar mülahizənin qüvvətləndirməsi
vasitəsi, digər tərəfdən, intonasiyadan, səs avazlanmalarından asılı olaraq
həm də mənfi əlamətin, inkar höklərin qüvvətlədirilməsi üsulu kimi nitqdə
346
geniş yer tutur (S. Abdullayev (2), 141-154). Sözsüz ki, zəiflətmə,
yumşaltma funksiyası, əməkdaşlıq praqmatikası litotanın əsas, dominant
funksiyası olaraq qalır. Litota ilk növbədə əlamət və keyfiyyət dərəcələrinin
yayğınlığını gücləndirməklə, alternativlərin, qeyri-səlis çoxluqların həcmini
genişləndirməklə prioritetləri – üstün variantı seçib müəyyənləşdirmək,
konkret halda adlandırmanın qeyri-adekvatlığını və qeyri-dəqiqliyini
qismən aradan qaldırmaq (bununla daha da artırmaq!) funksiyası daşıyır,
müsbət əlamət, pozitiv fikir qütbü ilə qarşılaşan bir sözün, bir dərketmə
versiyasının inkarı ilə qavrayışımızı daha geniş hadisələr, faktlar silsiləsinə
daxil edir. Yuxarıda qeyd olunan rəngarənglik, əhatəlilik sayəsində dərk -
etmə, anlama prosesi şərti-nisbi birqiymətlilikdən geniş yayılanlıq, qeyri-
səlislik müstəvisinə keçir. Dil faktları təsdiq edir ki, hər iki əks qütbə -
müsbət və mənfiyə, “hə” və “yox”a, həqiqət və yalana doğru genişlənmə,
sahələşmə, digər tərəfdən, paradoksallıq, qarşılaşma və istisna, bununla da
dərketmənin çoxplanlığı minimallaşdırma düşüncəsinin, kiçiltmə-zəiflətmə
qavrayışının əsasını təşkil edir. Konkret əksmənalı sözlərin – antonimlərin
qarşılaşmasından fərqli olaraq əks, müqabil qütblərdən birinin inkarla
işlənməsi semantik yayğınlığı, qeyri-müəyyənliyi gücləndirir, alternativ
transformasiyaların keyfiyyət və kəmiyyət müxtəlifliyini təmin edir, dəqiq,
birmənalı deyil, çoxsaylı, çoxkəmiyyətli yayılan binarlıq əmələ gətirir.
Deyilənləri misallarla izah etməyə çalışaq. Əvvəlcə bu məqamda ən
çox misal göstərilən “not bad”, “nicht schlecht”, “не плохо”, “pis deyil”
tipindən olan universal litota sxemlərini nəzərdən keçirək. “nicht schlecht”
(“pis deyil”) dil fraqmenti “pis” əlamətindən yüksək və yaxşı əlamətindən
aşağı məna nüanslarının bütün mürəkkəb qammalarını əhatə edir; dəqiq,
müəyyənləşmiş əlamət və keyfiyyətdən, kəmiyyət münasibətlərindən çox
bizi qeyri-müəyyənlik qavrayışının mümkün son həddinə qədər real
sonsuzluq dərəcələrinin axtarışına, fərqləndirilməsinə sövq edir. Müsbət
əlamətin inkarı, kiçildilməsi, azaldılması yolu ilə, əksinə, mənfi əlamətin
böyüdülməsi, nəzərə çarpdırılması vəziyyətlərində isə (nicht gut, nicht frei;
yaxşı deyil, azad deyil) mənfi qütb, əks tərəfə yönələn məna çalarlıqlarının
bütün mümkün və qeyri-mümkün alternativ variantlarının, assosiativ
məqamlarının canlanması, fəallaşması prosesi baş verir (С. Абдуллаев,
179). Bu geniş, xırdalanmış, zərrələrə parçalanmış məna münasibətlərinə
347
minimal cazibə sahəsi, kvant semantikası, linqvistik texnologiya nano da
demək olar. “nicht wenig” (az deyil) tipli formalarda isə həm çoxluğun,
kəmiyyətin aşağı, həm də maddi səslərin yüklənmə dərəcəsindən asılı
olaraq ən yüksək hədlərinin həm parçalanması, həm də bir yerə toplanması,
konsentrasiyası baş verir. Ümumiyyətlə, litota fiquru linqvistik səviyyədə
forma və məzmunun, kəmiyyət və keyfiyyət münasibətləri ilə semantik-
assosiativ şüalanmaların çoxtərəfli əlaqələrini təqib etmək üçün maraqlı
material verir, diferensial-semantik mənaların iç qatlarına işıq salmaq, ilkin
maddi elementlərin linqvistik reallıqlarını öyrənməkdə evristik, idraki
əhəmiyyət kəsb edir. Kəmiyyətin minimallaşdırılmasını, kiçildilməsini əks
etdirən yuxarıdakı nümunədə də əvvəlcə azaltma, zəiflətmə qavrayışının
yayğınlıq, qeyri-səlislik və aşağıya, mənfi qütbə doğru (çünki “az deyil”
formasında həm də azlıq əlamətinin varlığı tamamilə neytrallaşıb aradan
qalxmır), həm də yuxarıya – müsbət əlamətin nəzərdə tutulan ən yüksək
həddinə, bəzən real olaraq təsəvvür edilməyən hədlərinə, pillələrinə doğru
genişlənmə, yayğınlaşma prosesi əks olunur. Bu mənada
minimallaşdırmanı, ənənəvi terminologiya ilə ifadə etsək, litota
strukturlarını, inkarı inkar formalarını semantik-assosiativ qeyri-
müəyyənlik, çəkisizlik mühitinin linqvistik nisbilikləri kimi
qiymətləndirmək olar. İnkarlıq müdaxiləsi sayəsində dil forması sanki öz-
özünü aşır, gerçəklikdə olduğundan, real hədlərdən kənara çıxır. Dil
gerçəklik qavrayışını genişləndirir, məna öz qavranılmaz, ideal mahiyyətini
büruzə verir, linqvistik işarə qeyri-səlislik, yayğınlıq hüdudlarında öz
maddi varlığını, enerji sahəsini yaradır. Fiziklər deyirlər ki, harada kütlə
varsa orada enerji də var. Kütlə və sürət dəyişirsə, enerjinin həcmi də
dəyişir. Mətn semantikası bir tərəfdən kəmiyyət və keyfiyyət hədlərinin
hüdudsuzluğunu, “təxminilik”, yayğınlıq xaosunu aradan qaldırmağa
xidmət edirsə, digər tərəfdən də daha mürəkkəb və sonsuz, çoxqatlı,
çoxplanlı semantik sistem olan mətn daxilində yayğınlıq və mücərrədliyə,
qeyri-səlislik və ümumiliyə yeni stimullar, reflekslər əlavə edir. nicht
wenig, nicht viel (az deyil, çox deyil) kimi dil reallıqları soldan sağa,
aşağıdan yuxarıya, bütün kəmiyyət hədlərini, ölçü - miqyas versiyalarını
birləşdirir, həm də bizə məlum olan və məlum olmayan, hələ heç təsəvvür
etmədiyimiz, hələlik xəyalımıza belə gətirə bilmədiyimiz, təsəvvür
348
etmədiyimiz konkret və mücərrəd kəmiyyət hədlərini əhatə edir. nicht
wenig (az deyil), nicht viel (çox deyil) formaları rəqəm-say qavrayışınının
bütün mümkün və qeyri-mümkün hədlərini, rekordlarını aşır, riyazi
simvolikanın yetişə bilmədiyi hüdudlara yetişir. Və bizi, özündən müştəbeh
dünyanı dahi Nizaminin fəlsəfəsini heç olmasa bir qədər dərk etməyə
yaxınlaşdırır: Düşüncənin əvvəli, bütün sayların sonu / Sözdür, yadında
saxla, unutma əsla bunu!
Anlayışların, məfhumların qarşılaşması eyni zamanda bir neçə
istiqamətlərdə gedir: pis deyil – hər halda bir az da pisdir, pisə yaxındır,
tamamilə (lap) yaxşı deyil; yaxşı demək olar, amma tamam yaxşı demək
olmaz, arzu olunan səviyyədə deyil və s. Burada kiçik və böyük radiuslu
mikrosahələrin, bütöv aralıq zonalarının şüalanması baş verir, bu vəziyyət
digər yandan da qavrayış prosesini xeyli çətinləşdirir, onun aydınlığına,
birmənalılığına xələl gətirir. Beləliklə, yalnız onsuz da qeyri-dəqiq, yayılan
olan “pis” və “yaxşı” əlamətləri, “az” və “çox” dil kəmiyyətləri deyil, bütöv
və geniş aralıq zonaları çoxtərəfli qarşılaşmaya cəlb olunur, bir linqvistik
çıxmazlıq, xaos və dərkolunmazlıq, ifadəolunmazlıq sindromu yaranır.
Deməli, yalan və aldanış imkanları da çoxalır. Digər tərəfdən, uyğun
alternativ variantların, keyfiyyət və kəmiyyət dərəcələrinin qarşılaşması,
paralelliyi ilə yeni semantik mikrosahələr fəallaşır: pis deyil, heç də pis
deyil, lap pis deyil, tamam pis deyil, ortababdır; bəd deyil, nə pisdir, nə
yaxşı, az pis deyil, miyanədir, yaxşıdır, bir az yaxşıdır, lap yaxşıdır,
olduqca yaxşıdır, yaxşıdan da yaxşıdır, əladır və s. Bu deyilən variatların
hər birinin təsəvvürlərimizi genişləndirdiyi, keçmiş və indiki təcrübə
əsasında qavrayış imkanlarımızı zənginləşdirdiyi, yayğınlıq və yayğınlığa
yeni çalarlar əlavə etdiyini nəzərə alsaq, dil-anlama mexanizmlərinin nə
qədər mürəkkəb situasiyada fəaliyyət göstərdiyi, real qavrayış anlarının
çoxunun dildən yayınması faktını, ifadə sisteminin, onsuz da gerçəklik
dəyərləri haqqında bizə çox səthi məlumat verən duyğu orqanlarının təqdim
etdiyi informasiya kvantlarının heç də hamısını konkret olaraq
adlandırmaq, “tutub saxlamaq” imkanında olmadığı bir daha aydınlaşır.
İdrak psixologiyasına dair tədqiqatlarda qeyd olunur ki, birbaşa
informasiyadan kənar milyardlarla informasiyalar duyğu orqanlarımızdan
yayınır. Qavrayışımız bir balıqçı toru kimi yalnız oraya düşənləri tutub
349
saxlayır. Konkret persepsiya aktı aktual olanlar əsasında gerçəkləşir. Bu
ümumiləşdirmə, seçilib ayrılma, qlobal qavrayış və mətndə reallaşıb
aydınlaşan binar sadələşdirmələr dili xilas edir, yalnız “iri balıqlar”,
görünən, seçilən duyğu faktları konkret fikir istehsalına və istehlakına cəlb
olunur. Lakin aldanış, yalan hərəkətlərini reallaşdırmaq istəyi üstünlük əldə
edərkən bütün potensial variantlar, alternativ çoxluqlar operativ yaddaşda
fəallaşır, birbaşa hərəkətə keçir. İnadla məhdudiyyətləri dəf etməyə,
sıxışdırmağa can atır. Bəzən ən yaxın və ən uzaq qarşılaşdırmalar,
assosiasiyalar mühakimələrimizin yönünü və məntiqini, söyləmin real
məzmununu idarə edir.
Deyilənləri hər gün rast gəldiyimiz canlı, həyati faktlarla bir qədər
ətraflı izah etməyə çalışaq. Hər dəfə seçkilərdən sonra komissiyaların
tərkibinin formalaşdırılması, seçkilərin nəticələri ilə bağlı mübahisə edən
tərəflər təxminən belə mühakimələr irəli sürürlər: Seçki komissiyaları
tərəfindən səslərin sayılmasında saxtakarlığa yol verilməyib – Seçki
komissiyaları tərəfindən səslərin sayılması düzgün aparılmayıb. Burada heç
şübhəsiz “sayımın düzgün aparılması – sayım prosesində saxtakarlığa yol
verilməsi” bir-birilə qarşılaşan qlobal mövqelərdir. Diqqətlə fikir versək
görərik ki, aktual təkliflərdə hər şey “saxta” (saxtakarlıq) və “düzgün”
sözlərində və onlarla birləşən inkarlıq daşıyıcılarındandır. Göstərilən
yayğın, qeyri-dəqiq mülahizələrə əsasən mübahisə edən tərəflərdən heç
birini həqiqəti danmaqda və ya yalan söyləməkdə günahlandırmaq mümkün
deyil. Çünki burada əlahiddə götürülmüş iki fakt deyil, bütöv faktlar,
hadisələr silsiləsi qarşı-qarşıya qoyulur. Real faktlar deyil, fakta çevrilmiş
dil işarələri qavranılır. Səslərin düzgün sayılmaması (sayımın səhv, yanlış
aparılması) ilə “Səslərin sayılmasında saxtakarlığa yol verilməməsi”
(səslərin qeyri-düzgün aparılması, müəyyən pozuntu hallarına yol
verilməsi) arasında çoxlu aralıq, uzaqlaşan və eyni zamanda bir-birilə
yaxınlaşan mövqelər var və həmin qarşılaşan fikirlərdən hər biri hər halda
mümkün yanlış və mümkün düzgün mövqelərdən, variantlardan biri ilə üst-
üstə düşür.
Bu iki mövqenin hər birində variantlardan yalnız biri düz, qalan
bütün variantlar isə səhv olur. Yaddaşımız sanki digital - rəqəmli dil
hesablamaları ilə çoxlu düzgün və yanlış variantlardan birini önə çıxarır,
350
qalan potensial variantlar, üstündən xətt çəkilmiş alternativlər həqiqət və ya
yalanın müxtəlif modal çalarlarının reallaşması üçün fəal fon rolunu
oynayır (Xırda, artıq lazım olmayan balıqlar kimi təkrar suya buraxılır). Elə
bir fon ki, onun canlanması, yaddaşda fəallaşması ilə başqa potensial
variantların da assosiativ əlaqələri saxlanır, aktuallaşmış bircə variant bütün
digər variantları sanki öz içərisinə alır. Bu variantlardan hər halda biri düz
və ya yanlış çıxacaqdır və belə olmadıqda digər mümkün variantların
qavranılması imkanı da aradan qalxmayacaq, saysız-hesabsız həqiqi və
yalan, yanlış mühakimələr arasında manevr etmək imkanı qalacaq.
“Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması
beynəlxalq qanunlara zidd deyil” və “... beynəlxalq qanunlara uyğundur”
kimi müddəalar haqqında da eyni sözləri demək olar.
Əgər dilin minimallaşdırma mexanizmləri yalnız mənfi mənalı
sözlərlə inkar elementlərin birləşməsi yolu ilə əks qütbün mənasını,
müvafiq müsbət əlaməti qüvvətləndirmək, nəzərə çarpdırmaqdan ibarət
olsaydı, litotanın, kiçiltmə fiqurunun qavrayış imkanları, mətnyaratma
potensialı az qala yarıbayarı məhdudlaşar, bununla da dil öz vasitəli ifadə
üsullarının zənginliyindən xeyli dərəcədə məhrum olmuş olardı. Yuxarıdakı
misallardan da aydın olduğu kimi, litota strukturları mənfi mənalı, naqis
sözlərə inkarın birləşməsi ilə qarşılaşan müsbət qütbün əlamətini zəiflətdiyi
kimi, çoxlu sayda müsbət əlamətli, mükəmməl semantikalı sözlərlə
birləşərək əks qütbün – müsbət çalarlıqlı sözün mənasını aktuallaşdırmaq,
vurğu altına gətirmək funksiyasını da yerinə yetirir (Das Buch ist nicht
(besonders) interessant, Kitab (o qədər də) maraqlı deyil; Es ist nicht gut,
den Freund zu demütigen – Dostu təhqir etmək yaxşı deyil / yaxşı iş deyil;
Er hat sich in dieser Situation nicht besonders gut benommen – O bu
situasiyada özünü o qədər də ağıllı aparmadı). Dildə inkarlıq vasitələrinin
rəngarəngliyini və çoxsəviyyəliliyini, onların cümlə, mürəkkəb sintaktik
bütöv və mətn daxilində bir-birilə əlaqə yaratmaq, assosiativ rabitəyə
girmək imkanlarını, ayrı-ayrı nitq hissələrindən olan sözlərlə birləşmə
potensialını, habelə, privativlik (yoxluq) və natamamlıq bildirən sözlərin
zənginlik və çoxşaxəliliyini, digər tərəfdən əlamət və keyfiyyət bildirən
sözlərin əhatə dairəsini, leksik və sintaktik semantikanın genişliyini də
buraya əlavə etsək, kiçiltmə və zəiflətmə üsullarının rəngarəngliyi və
351
funksional çoxplanlığı, çoxqatlığı və çoxsəviyyəliliyini təsəvvür etmək
mümkündür. Xüsusilə vasitəsiz, aşkar (eksplisit) inkarlıq elementləri ilə
birləşən affikslərin, derivasiya inkarlığının bolluğu ən incə və zəngin məna
nüanslarının, emosional çalarların, keyfiyyət və
kəmiyyət
xarakteristikasının aşağılara, minimallaşdırmaya, zəiflətməyə doğru dil
tədqiqinin hüdud və imkanlarını nəzərə çarpacaq dərəcədə genişləndirir,
yeni anlam, dərketmə qatları açır. Görkəmli alman dilçisi V. Şnayder
müasir alman dilində 28 inkarlıq prefiksinin, 3 suffiksin olduğunu qeyd
etməklə, inteqrasiya olunmuş inkarlıq (integrierte Verneinung) rubrikası
altında 31 total (tam) inkarlığın, 18 adda yarımçıq inkarlığın - çatışmazlıq
və naqis sözlərin (Rückgang, Schwund və s.) siyahısını təqdim edir (W.
Schneider (1), 151-153). Oxucuya fantastik rəqəmlər kimi görünən bu
zəngin inkarlıq inventarı əsl həqiqətdə inkarlıq vasitələrinin kiçik bir
qismini, xüsusilə inteqrə edilmiş inkarlıq vasitələrinin, yoxluq və naqislik
“indekslərinin” yalnız kiçik bir qismini əhatə edir. Leksik və frazeoloji
inkarlıq daşıyıcıları hər bir dilin ifadə arsenalında ayrıca yer tutur. “Müasir
alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası” kitabında alman
dilində inqerent (daxili) inkarlıq vahidləri ilə birlikdə müxtəlif adqerent
inkarlıq elementləri, prefiks və suffikslərlə düzələn 201 təkcə privativ fel
qeyd olunur (S. Abdullayev (2), 244-255). Həmin kitabda Azərbaycan
dilində işlənən 311 privativ fel və privativ frazeologiya verilir (s. 255-270).
Müasir alman dilində və Türkiyə türkcəsində bunların sayı daha çox,
işlənmə intensivliyi daha fəaldır. Həmin dillərdə fellərin və feli
frazeologiyanın əksəriyyətinin çoxmənalılığı, polisemantik vahidlər kimi
tətbiq tapması bu kəmiyyət və keyfiyyət rəngarəngliyini daha da artırır.
Göstərilənlər həm də litota strukturlarının şaxələnmə, genişlənmə
imkanlarıdır. Mən hələ onların hər birinin funksional-semantik,
kommunikativ-praqmatik rəngarəngliyini demirəm. Müxtəlif inkarlıq
prefiksləri ilə düzələn çoxsaylı isimləri, sifətləri, zərfləri də buraya əlavə
etsək, inkarlıq, yoxluq, naqislik, natamamlıq, istisna və çatışmazlıq
semantikası bütün zənginliyi və çoxçalarlığı ilə gözlərimiz qarşısında
canlanar. Bu qeyri-adi, mütləq semantikanın zənginliyini heyrətamiz dil
yaradıcılığı, üslub törədiciliyi kimi qiymətləndirməmək mümkün deyil.
Görünür, təsadüfi olmayan uyarlıq, qəribə, daha doğrusu, valehedici cəhət
352
bir də bundan ibarətdir ki, xüsusilə leksik-semantik səviyyədə olan ifadə
üsulları, derivasiya inkarlığı və privativlik vasitələri böyük əksəriyyətlə
məhz minimallaşdırma effektinə yönəlir, təsdiqin zəiflədilməsi vasitəsi
kimi işlənir. Burada dilin kompensasiya qanunu, dərketmədə avtomatizm
prinsipi, eyni zamanda funksionallıq, konstruktuvizm qaydası işə düşür.
Dildə təsdiqin xüsusi ifadə vasitələrinin olmaması, təsdiq mikrosahəsinin
boş qalması həm də fikir qütblərinin “hə” və “yox” istiqamətlərindəki
qeyri-səlisliyini, yayğınlıq və yayılanlığını, bununla da insan düşüncəsinin
çevikliyini, əhatəliliyini və genişliyini, azadlığını təmin edir. Təsdiq-inkar
binar qarşılaşmasında əlamətli tərəfin – inkarlıq elmentlərinin ayrı-ayrı
sözlərlə əlaqələnmədə təsdiqin müxtəlif məna çalarlarının ifadə
imkanlarının zənginliyini şərtləndirir. Maraqlıdır ki, sahənin nüvə qatına
daxil olan əsas ifadə elementləri, dominant sahə fiquru da bu fəal əvəzetmə,
növbələşmə prosesinə qoşulur: qrammatik inkarlıq vasitələrinin cümlə
daxilində bir-birilə müxtəlif əlaqələnmələri sayəsində təsdiqin adi
vəziyyətdə reallaşa bilməyən incə məna çalarları ifadə olunur. (Müq. et:
nicht nicht schön, sondern..., kein ganz uninteressantes Buch, sondern...;
bilməmiş olmaz, gəlməmiş deyil, yox deyildir, olmamış olmaz, bilməmiş
deyil və s.).
Minimallaşdırma sferasında kəmiyyət və keyfiyyət
münasibətlərinin rəngarəngliyini, kiçiltmə perifrazlarının əhatə dairəsini,
yayğınlıq və yayılanlığın, qeyri-səlisliyin ümumi mənzərəsini daha geniş və
aydın konturlarda canlandırmaq üçün əvvəlcə litota fiqurunun başlıca ifadə
şəkillərini, əsas linqvistik modellərini nəzərdən keçirmək vacibdir.
Dostları ilə paylaş: |