ƏLİ RZA XƏLƏfLİNİN “ÜÇÜNCÜ DÜNYANIN
QORXUSU” pOVESTİ HAQQINDA
MÜLAHİZƏLƏRİM
Mən payızı çox sevirəm. Bilmirəm, üzü payıza doğulduğuma görəmi
və ya payız adama saralıb tökülən yarpaqlarıyla insan ömrünə daxil
olacaq əsl həqiqət olan xəzanımı xatırladır? Bəlkə bununla bir bağlılıq
görürəm, amma bu sevgimin mahiyyətinə vara bilmirəm. Bir onu bilirəm
ki, payıza çox bağlıyam. Payızda daha çox yazıram. Yatmış duyğularım
oyanır, inanıram ki, yayın qora bişirən atəşindən sağ çıxdım, deyəsən,
bir il də yaşayacağam. Bəlkə heç vaxt sevmədiyim yayın ürək partladan
istisindən sonra havaların sərinləşməsi məni payıza o qədər bağlayır, çünki
duyğularım oyanır, ruhumda yeni bir canlanma başlayır. Bu canlanma təzə
həyatın qapısını açır mənim üçün...
Əlqərəz, həmin vaxtlarda “Kredo”ya gəldim. Cəfakeş Əli Rza Xələfli
mənə yenicə çapdan çıxmış kitablarını təqdim etdi. Diqqətimi “Üçüncü
dünyanın qorxusu” əsəri cəlb etdi, artıq müəllifin saytından bu kitab haq-
qında məlumatım var idi, ancaq povesti oxuyandan sonra ondan yazmaq
duyğusu könlümdən keçdi. Sözdən söz yaradan Əli Rza Xələfli əsərdə hər
bir kəsin ürəyində yatmış duyğuları oyadan həqiqətdən söz açır. Həqiqət
isə bir çox mətləblərin ortaya çıxmasında insana yardımçı olur, hərçənd ki,
bəzən o adamlara xoş gəlməsə də!..
Biz insanlar doğulub həyatı dərk edəndən sonra bir içində yaşadığımız
dünyanı, bir də uşaqlıqdan evdə böyüklərimizdən, böyüyüb özümüzü dərk
edəndən sonra isə din adamlarından, dini kitablardan bəhrələnib məlu-
matlanırıq ki, bəs haqq dünyası var, insan dünyasını dəyişəndən sonra öz
yaxşı və pis əməlləri ilə birlikdə haqq dünyasına qovuşur. Səmavi kitab-
125
lar o dünyanın varlığından bizlərə gen-bol məlumat verir. Bu məlumata,
yəni o biri dünyanın varlığına inanan inanır, inanmayan isə yox. Mənə
elə gəlir ki, inananların sayı inanmayanlardan çoxdur. Ancaq gəlin etiraf
edək ki, günbəgün cəmiyyətdə yalançı peyğəmbərlərin sayı artmaqdadır,
hətta Allahlıq iddiasına düşənlər də yalançı peyğəmbərlərlə yarışmadadı.
Bu o düşüncə sahiblərinin öz işidir, çünki hər kəs öz ağlının aynasından
yaşadığımız dünyaya sarı boylanır, amma mən mövzudan kənara çıxmaq
istəmirəm, ona görə də qayıdıram yazacağım mövzunun üstünə...
Maraqlı burasıdır ki, odlu-alovlu nəzmi ilə, publisist yazıları ilə cild-
cild kitablar yapan Əli Rza Xələfli bu dəfə oxuculara bədii nəsrin dili ilə
üçüncü dünyanın varlığından bəhs edir. Bəli, düz oxudunuz, məhz üçüncü
dünya!... Bəs üçüncü dünya hardadır? Müəllif üçüncü dünyanın insan
qəlbində, könlündə yuva saldığından söhbət açır. Bəli, heç kəsə sirr dey-
il ki, hər kəsin könlündə gizli bir dünya var. Əli Rza Xələfli bu dünyanı
üçüncü dünya adlandırır. Əslində müəllifin “üçüncü dünya” adlandırdığı
dünyada təkcə kiminləsə olmuş eşq, məhəbbət ağrısı yox, itirilmiş günlər,
ötüb keçən ömrün taxça-taxça düzülmüş acıları, göz yaşlarının nə vaxtsa
gürşadlar, leysanlar doğmuş dəryaları, çayları, gölləri, zirvələrində əlçim-əlçim
qarları parlayan qəm dağları, neçə-neçə diləkləri heç-puç edən dərələri, insan
arzularını bir anda xıncım-xıncım edən sıldırım qayaları var. Biz bu dərinliyə
varanda insan qəlbində sirli dünya olduğu ehtimalına varırıq. Bu dünyanın
qapıları daim adamın özündən başqa qeyrilərin üzünə bağlı olur. İnsan öz ağrı-
acılarıyla ölənə qədər iç dünyası ilə, üçüncü dünya ilə baş-başa qalır, hətta
üçüncü dünyanın qapılarını öz əzizlərinin üzünə belə açmır. Əli Rza Xələfli
məhz bu reallığı növbəti kitabının mövzusu edib.
Müəllifin “Üçüncü dünyanın qorxusu” povesti başdan-başa mesaj-
məktublardan ibarətdir. Əsərdə iki obraz var. Kişi və Qadın. Hər ikisi
ailəlidir, amma nə vaxtsa bir-birlərini uzaqdan-uzağa seviblər, əfsus ki,
bu sevgi hansınınsa günahı ucbatından baş tutmayıb. İllər keçdikdən
sonra Qadın hardansa onun telefon nömrəsini tapıb ona zəng edir. Kişi
Qadının qəfil zəngini həyatında bir çevriliş sanır. Üçüncü dünyada,
başın atıb yatmış, məhəbbət yenidən baş qaldırır, onun şölələri yenidən
keçmişdə bir-birini sevmiş ürəkləri yandırır, amma hər ikisi ailəli, hər iki-
si saysız-hesabsız şəxsi qayğılar, çətinliklər ilə üzbəüz, ancaq bütün bu
qadağalar, keçilməzlər, heç olmasa, onların bir-birinə telefon vasitəsi ilə
mesaj yazmaq istəyini öldürə bilmir. Baxmayaraq ki, qadın xəstədir, ağır
126
cərrahiyyə əməliyyatı keçirib və tez-tez əsəb sarsıntıları ilə baş-başadır.
O, indi üçüncü dünyada haçansa məzarlanmış, fəqət torpaq altdan boy
atıb qalxmış, yaşlı bir ağacın zoğ atmış fidanına bənzəyən məhəbbətinə
layla çalır. Bu laylanın könül oxşayan şərqisi, lap uzaqlardan gələn
pıçıltılarla onun qulaqlarına dolur, Qadında xoş ovqatlar yaradır, ağır
xəstəliyin törətdiyi fəsadları yavaş-yavaş ona unutdurur, hətta həkimlər
də onun halının belə tez yaxşılaşmasına təəccüb edirlər. O, hər gün ona
yazılan mesajları səbirsizliklə gözləyir, telefondan səs gəlməyəndə darıxır,
səbirsizləşir, sanki qadın üçün yeni həyat başlayıb, hər şey təzələnib, lap
elə onun köksündə baş qaldıran gecikib yollarda azmış, hansısa qəfil əsən
tufanın qovğalarında göylərə sovrulmuş məhəbbəti də! Povestin diqqət
çəkən məziyyətlərindən biri də odur ki, burada təsvir olunan obrazlar dərin
psixoloji sarsıntılar içərisində ağrı-acılarını bir-birlərilə bölüşürlər...
Bəlkə Qadınla Kişi obrazı müəllif tərəfindən düşünülmüş şəkildə
adsızdır, çünki müəllif bu adsız obrazları, deyəsən, bütün dünyada sev-
gisinin ağrısını yaşamışların xatirəsinə həsr edib. Qəlblər arasında uçulan
körpülərin ağrı-acılarının gətirdiyi həyəcanlar nakam ürəklərdə dərin-dərin
yaralar açıb. Əsrlərlə adı tarixə düşməmiş Leyli və Məcnun timsallılar bu
dünyanı nakam tərk edib. Öz istəklərinin odunda yana-yana ruhən kül olu-
blar, amma insanın bir qəribə tərəfi də var ki, o ürəyində illərlə yığılıb
qalmış dərdini kiminləsə bölüşmək istəyir. Ona görə özünə daim əziz bir
həmdəm axtarır. Bu həmdəm isə çox vaxt insanın iç dünyası olur. Rəvayətə
görə, Makedoniyalı İsgəndər öz sirrini heç kəsə deməzmiş, amma ürəkdə
yığılıb qalan sirlər bir müddətdən sonra ürəyə ağırlıq edib dərdə çevrilir.
Böyük hökmdar öz dərdini quyuya danışmaq məcburiyyətində qalıb və
bununla da o, özünə təsəlli tapıbmış...
Gəlin etiraf edək ki, insan əzəli dünyanın ağrıları içində itib-batır.
Adama təsəlli verən, onunla daim sevgili munis kimi pıçıldaşan üçüncü
– iç dünyasında ona təsəlli olan bəlkə də ruhudur. Ürəyinin ruhla bağlı giz-
liliyi, insanın öz-özünə ruhaniliyidir. Ən ağır anlarda insan bəzən daxildən
pıçıltılar eşidir. Bu pıçıltılar adamı ruhlandırır, hansısa bir işin qulpundan
yapışmağa sövq edir. Adam daxildən gələn pıçıltıların möcüzəsindən baş
aça bilmir. Hardan gəlir bu ilahi səs? Qulağa dolan sədalar hansı gözə-
görünməz varlığın möcüzəsidir? İnsan saatlarla öz içinə çəkilir, özüylə
haqq-hesab edir, səhvlərini can tərəzisində ölçüb-biçir. Ona edilən yax-
şılıqları-yamanlıqları və ya özünün etdiyi yanlışlıqları çək-çevir edir,
127
bəzən üçüncü dünyaya qapılmalar dəliliyə, ruhi sarsıntılara, intihara gətirib
çıxarır. Allah heç kəsi daxili tənhalığa mübtəla etməsin. Əli Rza Xələflinin
“Üçüncü dünyanın qorxusu” kitabında məhz daxili tənhalıqdan əzab
çəkən iki orta yaşlı insanın ürək çırpıntıları, keçirdikləri həyat sarsıntıları
ustalıqla, bədii sözün qüdrətilə oxuculara çatdırılır. Onları nə ailə, uşaq, nə
də o duyğulardan doğan fərəhli anlar sevindirmir. İstər Kişi, istər Qadın
– hər ikisi daxilən tənha və bədbəxtdirlər. Bəs bu bədbəxtçiliyin kökündə
nə durur? Cəmiyyətin qayda-qanunlarımı, sanki çox vaxt ailədə diktator
rolunu oynayan ailə başçılarının hegemonluğumu? Övladlarına öz əşyası
kimi baxmalarımı məhəbbətsiz qurulan ailələrin sayını çoxaldır? Və yax-
ud əsrlərlə milli adət-ənənələrin kökündə dayanan mövhumatmı və bu
mövhumatın xofundan doğan yanlışlıqlarmı?! Nə qədər ölkəmizdə sevgi-
siz qurulan ailələr var. Xüsusilə də qohumlarla, xalaqızı, bibiqızı, əmiqızı,
dayıqızı və çox vaxt bu ailələrdə doğulan xəstə, zəif, ağıldankəm uşaqlar....
Müəllif iki sevən qəlbin dili ilə, az qala, ağrıları qarabasmalar kimi
dilə gətirir. Hər ikisi telefon yazışmasının onların həyatında yaxşı heç
bir şey etməyəcəyinə əmindirlər. Adama elə gəlir ki, nisgilli bir ayrılma
ilə bitəcək bu yazışmanın kökündə inamsızlıq var. Əsərin sonlarında bir-
birinə sənlə müraciət edən nakam məhəbbət daşıyıcıları uğursuz eşqi
yenidən ürəklərində dəfn etmək qərarı ilə baş-başa qalırlar. Hər ikisi bir-
birilə birləşmək qorxusunun sonradan baş verəcək fəsadlarının ağrısıyla
qol-boyundurlar, çünki önlərində bir keçilməz dağ var. O dağın başından
sal buzlar asılıb üzü aşağı, əl vursalar qopub onları sıldırım qayalardan
dərə aşağı yuvarladarlar...
Müəllif əsərin bir yerində Kişi surətinin dili ilə Keygidər quşundan
söhbət açır. Bu quş insan, yurd sevgisinin rəmzi obrazıdır. Bu obrazı
əsərdə səsləndirməklə Əli Rza Xələfli öz oxucularını yurda, kökə, soya
bağlılığa çağırır, çünki bu bağlılıq qırılanda insan ürəyində ən pak sevgi
olan yurd sevgisi də ölər. Adam soyunu, kökünü unudar, başqa millətlərin
əlində oyuncağa çevrilər. İki obraz arasında hərdən əsəbi, çılğın yazışmalar
da olur, hərdənbir xasiyyətlərinin gizli tərəfləri üzə çıxır. Gizli tərəflərin
önündə də yenə sevgi durur. O sevgi saf, büllur sulartək dupduru, gözündən
qaynayan bulaqlara bənzəyir. Məhəbbət insan həyatına qəfil gəlir və qəfil
də insan ruhunda zəlzələlər qoparır, müdhiş təlatümlər yaradır, insanı öz
əsirinə çevirir, amma hamı da mənə elə gəlir ki, sevən qəlb sahibi deyil,
çünki məhəbbət Allahın vergisidir, istedad kimi o da hər adama verilmir.
128
Məhəbbət də seçilmiş adamlara verilir. Çoxları heç sevginin böyüklüyünü,
ucalığını dərk etmək gücündə deyil. Sevgisiz ailə qurur, sevgisiz övladlar
dünyaya gəlir, sevgisiz də öz ömrünü bitirib bu dünyanı tərk edir. Bəlkə
o sevgisiz ailələrdən doğulan uşaqlar da sonradan böyük-böyük qan-
qırğınların, cinayətlərin, amansızlıqların müəllifinə çevrilirlər. İnanmıram
ki, sevgiylə doğulmuş bir insan kiminsə həyatına qəsd edə, pisliyə,
yamanlığa rəvac verə...
Müəllifin Kişi və Qadın obrazı yanıqlı bir dillə öz həyatlarının görün-
məyən tərəflərini bir-birlərinə açırlar. Təbii söz sərrafı olan müəllif “Üçüncü
dünyanın qorxusu”nu real dünyamıza ünvanlanan mesaj-məktublar
vasitəsi ilə qədirbilən oxuculara çatdırır. O, oxuculara müasir zəmanədə
minlərin, milyonların yaşadığı acı həqiqətləri əsərin qəhrəmanlarının dili
ilə aşkar edir. İnsanları öz hissləri, öz ürəkləri ilə oynamamağa dəvət edir.
Bu mesaj-məktublar məhəbbətə keçici deyənləri həll olunması çox çətin
olan riyazi məsələlərlə baş-başa qoyur.
Bu sevgi öz kollarının müvəqqəti səadətlərinə qovuşmuş cəmi bir
neçə günlüyə açmış gülləri xatırladır mənə... Açanda gözəl olurlar, so-
landa kədərli. Dalbadal yazılan könül mesajları açmış güllərtək necə
bəxtiyardırlar, onlar hər iki ürəyi sevindirir, onları sözlə ovundurur, olub
keçənlərin dəlisov hissləri ilə yandırır. Könül xanəsi adlanan üçüncü dünya
Əli Rza Xələflinin yazdığı kimi öz qorxuları ilə, öz şiddətləri ilə adamı za-
man-zaman göynədir, amma hərdənbir mümtaz da edir. Hər dəfə telefona
mesaj siqnalları gələndə qadın özünü, hətta öz ailəsinin yanında olduğunu
unudur, həzin könül pıçıltılarının sorağı ilə növbəti mesajı gözləyir...
Hər adamın içində bir iç dünya var. Əsərdə Qadın da, Kişi də bu iç dünya
ilə baş-başadır. Bu dünya sirlərlə doludur. İnsan nə qədər sağdır, nə qədər
arzularla qol-boyundur, onlardan kam almaq istəyi bitib-tükənmir. Hələ
bilinmir üzünə açılan sabahlar arzulara qəsbkar olacaq, ya ana nəvazişi ilə
onun boynuna qol salacaq, uzun saatların həyat körpülərindən keçməyə
ona dəstək olacaq. Bütün bunlar insan üçün sual olaraq qalır, amma o
ruhdan düşmür, yaşamaq eşqi bir anda onu tərk etmir. Povestdə Kişinin
yuxuda özünün dünyasını dəyişməsi, yasa gələnlərin biganəliyi, onun öz
yas mərasiminə kənardan tamaşa etməsi, ətrafdan ikrah doğuran, kinayəli,
başqasının kədərinə sevinmək kimi bir mənzərənin şahidi olmasından bəhs
olunur. O, bu insanların çoxunu tanımasından, onun keçmiş həmkarlarının
olmasından söz açır. Müəllif burda ibrətamiz məsələyə toxunur. Doğrudan,
129
bu gün şouya çevrilmiş yas mərasimlərinin gurultusu toylardan beşbetər
qulaq batırır, görəsən, dünyasını dəyişənlə hüzr sahibləri nə dərəcədə
sağlığında can deyib-can eşidiblər ki, dünyasını dəyişən üçün bu qədər
canfəşanlıq edilir? Əli Rza Xələfli hamını düşündürən bir məsələyə toxu-
nub. Sağlığında onunla xoş rəftarda olmuş adamlar indi kənardan onun
meyitinə baxıb qımışırlar. Əsərin qəhrəmanı yuxuda bu acı səhnənin
şahidi olur. Onun ölümünə sevinənlər dünən onunla deyib-gülüb, bir
masa arxasında sağlıq deyən kəslər deyildimi? Bəs bu biganəlik, qeyri-
insani duyğular nədən doğub ki, dünənin dostluqları, tanışlıqları bu günün
yasında gülüşə çevrilib?
Yeri gəlmişkən, povestin mənim xoşuma gəlməyən tərəfləri haqqında
da öz fikirlərimi dəyərli oxucularımla bölüşmək istəyirəm. Bu da ailəli bir
qadının, əri, iki uşağı olan bir ananın nə vaxtsa məhəbbəti olmuş bir adama
zəng etməsi və onunla sevgi mesajlarına rəvac verməsidir. Mütləq azadlıq
yoxdur. Hər kəs öz hisslərinin əsirinə çevrilsə, onda nə ailə səadəti, nə kişi,
nə qadın sədaqəti, nə də ailə olar. Mən bu qadını əsərin mənfi obrazı kimi
qiymətləndirirəm. Müəllif bu obrazı əsərinə gətirməklə qadınların iradəsiz,
hisslərlə yaşayan, hətta yeri gəlsə öz ərini, övladlarını da sevgisinə qurban
vermək dərəcəsində olmasından söz açır. Bu fikirlə isə qəti şəkildə razı
deyiləm. Qadınların hamısı belə deyil, belə qadınlar həm cəmiyyətə, həm
də öz başlarına bəladırlar, çünki hansı kişi istəyər ki, onun yarısı başqa
bir kişi ilə belə bir həyatı yaşasın... Freyd fəlsəfəsi, deyəsən, bizim milli
sərvətimiz olan ailə təmizliyimizi də yavaş-yavaş işğal etməyə başlayır,
çünki bizdə indi sürətli avropalaşma gedir. Avropa xeyirli tərəflərindən
çox, ziyanlı tərəflərilə bizim həyatımıza kobud şəkildə soxulmağa başlayıb.
Avropada həyatını hisslərin əsirinə çevirən kişilər və qadınlar axırda
cah-calallı evlərində ömürlərini intiharla başa vururlar. Freyd fəlsəfəsi
Avropanı necə əsir edibsə, orda bütün bağlılıqlar – qohum, ata-ana, öv-
lad bağlılıqları dəhşətli bir zəlzələdən dartılan, min bir yerə parçalanan
zəncirləri xatırladır adama, hətta ailə bağlılıqlarının beşiyi olan İngiltərə
də bu acınacaqlı faktla üz-üzədir. İnsan mağaradan ailəyə gəlib, bu yolda
nə qədər keçilməzlərlə üz-üzə qalıb, hətta heyvanlar arasında qu quşları,
durnalar, canavarlar və mənim bilmədiyim bir çox canlılar ailə bağlılıqları
içərisində yaşayır.
Mənəvi dəyərlərin uçurum qarşısında qaldığı bir dövrə gəlib çatmışıq.
Yeri gəlmişkən, müasir zəmanəmizdə mesajla, təsadüfi telefon tanışlığı
130
ilə qurulan ailələrin də sayı artmaqdadır. Bu ailələrin də ömrü çox vaxt
uzun olmur. Artıq inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada ailə təməlləri
uçub tökülmə təhlükəsilə üzbəüzdür. Bizim ölkədə də göz önündə, əfsus
bu problemlər günbəgün artmaqdadır, amma psixoloqların göstərdiyi
hesablamalar deyir ki, heç də ailəsizlik böyük xoşbəxtliyə yol açmır.
O insanı tənhalıq uçurumuna aparır. Onlar öz bacı-qardaşlarının, ata-
analarının yanında olsalar belə ruhən tənhadırlar. İnsanı bu tənhalıqdan isə
yalnız bir sevdiyi kəs, gözünün gördüyü, ürəyinin tutduğu şəxs xilas edə
bilər. Bu şəxsi isə tapmaq çox vaxt hər insanın taleyinə düşmür. Bir az
xudpəsəndlik, bir az tənbəllik, bir az adamlara yuxarıdan aşağı baxmaq,
bəzən insanı tənhalığa aparan səbəblərdir. Qadınların mənsəb qurmaq ar-
zusu, layiq olduqlarından daha yüksək mərtəbələrə can atmaları, qadının
qadın yerini, kişinin kişi yerini bilməmələri və yaxud bilə-bilə bunu inkar
etmələri onları tənhalığa düçar edir. Bu da istər qadın, istər kişi üçün böyük
faciədir. Məhəbbət adiləşib, sevgilər pulla, varla əvəz olunur, sevgisiz
qurulan ailələr isə bir sabun köpüyünə bənzəyir, nə qədər qabarsa o qədər
gözəl görünür, amma partlayanda isə bir an əvvəlki gözəlliyini itirir. İndiki
qurulan ailələrin çoxu da elə sabun köpüyünün taleyini yaşayır. Bir soyuq
nəfəs, bir soyuq baxış dəyən kimi dağılıb-tökülür.
Əsərin bir yerində Qadının xəstə günlərində, 20 il bir yastığa baş qoy-
duğu, ərinin onun çarpayısının yanını kəsdirməsi, ona bir uşaq kimi qulluq
etməsi önə çəkilir. Baxmayaraq ki, Qadın öz ərini sevməyib, ancaq ər həyat
yoldaşının çətin vaxtlarında ona həmdəm olub. Onun ağrı-acılarına şərik
olub. Qadının xəstəlik üzündən çəkdiyi əzablara biganə qalmayıb, amma
bir damın altında yaşayan bu iki cütlükdə sevgi olmasa da, insani hisslər
ölməyibmiş, hərçənd ki, ölsəydi neçə illər bir damın altında yaşamazdılar.
İndi bu ağır məqamda əri onun dadına yetməzdi. Deməli, ailə içində də
hələ körpülər uçmayıbmış. Çətin anlarda bir-birlərinə can deməyi bacara
biliblər, məhz insani hisslər də ailəni bu günə qədər qoruyub saxlayıb.
Onun dağılmasına, məhvinə fərman verməyib. Fikrimcə, müəllif demək
istəyir ki, arada sevgi olmasa da heç olmasa insani duyğular adamları tərk
etməsin.
Həqiqi sevgi elə alidir ki, o ötəri hisslərin fövqündən qat-qat yüksəkdədir.
Qadın bu yüksək, bu ali hissin əsiridir. Bəlkə də məktub-mesajlar ürəkdə
illərlə yığılıb qalmış ailədaxili qayğılar, çətinliklər, ağrı-acılar girdabında
çapalayan qəlbi üçün bir ümid yeri, müvəqqəti də olsa sevinc mənbəyidir.
131
Bu mərhələ Qadını yaşadır, onu yenidən həyatı sevməyə sövq edir. O,
sevgilisinin ona yolladığı mesajlardan xoşbəxtdir. O, xoşbəxtliyin illərlə
uzanmasını istəyir. Mesajlar on günlə ara verəndə o özünə yer tapmır,
öncəki günlərinin qayıtmasını istəyir. Əslində hər iki tərəf – istər Qadın,
istər Kişi kifayət qədər qayğılarla yükləniblər. Onlar bu yükün ağırlığını
çiyinlərində hiss edə-edə öz şəxsi hisslərinin əsirinə çevrilirlər.
Əli Rza Xələfli “Üçüncü dünyanın qorxusu” kitabında obrazların dili ilə
məhəbbətin aliliyini önə çəkir, sevgiyə gəldi-gedər bir hiss kimi baxanların
aqibətinə axırda ağrılı bir həyat düşdüyünü oxucuya çatdırır. O, sevib-
sevilməyin insan həyatında oynadığı önəmi məktub-mesajlar vasitəsilə
suya həsrət dodaqlar kimi ürəklərə qurtum-qurtum içirdir. Nə yazıq ki,
bəzən ürəklər bu istəkdən çox vaxt uzaq olurlar, istəsələr belə öz istəklərinə
qovuşa bilmirlər. Min bir qadağaları, min bir sədləri, keçilməzləri aşmaq
iqtidarında ola bilmirlər. Sevgiyə sərkərdə ola bilməsələr də sənətdə,
elmdə, işdə böyük uğurlar qazanırlar. Öz böyük məhəbbətlərini bu yol-
da xərcləyirlər. Ömürlərini isə tənha başa vururlar. Sevda dolu gecələrin
pıçıltıları yatır tənhalıqlarda. Öz ömürlərini bumbuz divarlar arxasında
kimsəsiz gecələrin sakitliyinə qurban verirlər.
Əsərin sonlarında müəllif mesajlarla surətləri bir-birinə o qədər
yaxınlaşdırır ki, tərəflərin bir-birinə evlənmək təklif etmək arzusu ortaya
çıxır. Artıq nə ailə, nə yaş, nə ətraf Qadın və Kişini düşündürmür. Onları
düşündürən yalnız bir-birinə qovuşmaq istəyidir. Bu istək isə yenə də qorxu
ilə dilə gətirilir, çünki onların məhəbbətləri arasında keçilməz sədlər var.
Ailə, uşaq, yaş, qohum-əqrəba, dost-tanış, adət-ənənə, bir də yorulub yol-
larda azmış eşq və ondan doğan uğursuz sevgi... Ona görə müəllif onların
bir-birinə razılıq verəcəyini qorxu adlandırıb.
Əli Rza Xələflinin “Üçüncü dünyanın qorxusu” kitabı hisslər və dü-
şüncələr toplusudur. Zənn edirəm ki, fəlsəfi anlamlarla çulğalaşmış bu
məhəbbət povesti xüsusən gənclər üçün oxunaqlı bir kitab olacaq. Əsərdə
başdan-başa mesaj məktublara yer verilsə də bu heç də əsərin yaxşı
mənada bədii ədəbiyyatı sevənlər tərəfindən müsbət qarşılanacağına
mane olmayacaq. Yaradıcılığı boyu istər publisist məqalələri, istər bədii
yaradıcılığıyla könlünün təbii duyğularını söz ovqatına kökləyən müəllif
inanıram ki, insanın iç dünyasının sehri ilə də oxucunu ovsunlaya biləcək.
Yazımın sonunda arzu edirəm ki, qadınlar onların başına bəla ola biləcək
hisslərin xəyanətindən uzaq olsunlar. Həqiqi sevgi ilə ailə qursunlar, mala-
132
pula aldanmasın və sonradan da sonu görünməz əzablara düçar olmasınlar.
Müəllifin özü demişkən, qəlbləri birləşdirən “körpülər yanmasa” insanlar
öz istəklərinə qovuşa bilərlər...
23.09.2011
Dostları ilə paylaş: |