The series of the humanitarian



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix03.04.2017
ölçüsü5,01 Kb.
#13207
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

ABSTRACT 
 
Description  of patriotism  idea in creativity  of Bakhtiyar  Vahabzadeh 
 
In  the  article  patriotism  idea  having  special  place  in  creativity  of  immortal,  Frecdom 
messenger  Bakhtiyar  Vahabzadeh    was  put  forward.  This  idea  was  explained  on  savples  given  in  his 
works. 
 
РЕЗЮМЕ 
 
Воспевание патриотической идем в творчестеве Бахтияр Вахавзаде  
 
В статъе выдвигается на первый план патриотические идеи, имеющие важное место в 
творчестеве  бессмертного,  вечно  живого,  вестника  свободы.  Бахтияр  Вахавзаде,  на  основе 
примеров,приведенных из его произведений, комментированы эти идеи. 
 
  
 
 
 
NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  №  05) 
         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə fəlsəfə doktoru F.Cəfərova 
  
 
 
 
 
 
                                          
             
 
 
  
                                                                                                    
 
                                           
 
 
           
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

- 62 - 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 1 (66) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  СЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 1 (66) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 1 (66) 
 
ELXAN  MƏMMƏDOV 
AMEA Naxçıvan Bölməsi 
elxan.yurdoglu@yahoo.com 
UOT:  398 
 
EYNƏLİ  BƏY SULTANOVUN  HEKAYƏLƏRİNDƏ  NAĞIL  TƏHKİYƏSİ 
 
Açar  sözlər: Eynəli bəy Sultanov, folklor, nağıl təhkiyəsi, bədii yaradıcılıq 
Key words:   Eyneli Bey Sultanov, folklore, the tale style, literature works 
Ключевие  слова:  Эйнали  бей  Султанов,  фольклор,  применение  пословиц, 
художественное творчество 
 
Folklora  həddindən  artıq  bağlı  olan  Eynəli  bəy  Sultanov  bir  məqaləsində  özünün  də  qeyd 
etdiyi  kimi  folklor  nümunələrinə  əsərlərində  geniş  yer  verməyə  çalışırdı.  Ömrünün  bir  neçə  ilini 
şifahi  xalq  ədəbiyyatı  nümunələrini  toplamağa  sərf  edən,  xüsusən  də  atalar  sözləri,  sayaçı  sözlər, 
aşıq  yaradıcılığını  toplayan  E.Sultanov  istər  publisistik  məqalələrində,  istərsə  də  bədii 
yaradıcılığında  onlardan  yeri  gəldikcə  istifadə  edirdi.   
“Yaradıcılığa  başladığı  gündən  öz  doğma  xalqından  öyrənən  Eynəli  Sultanov  xalq 
ədəbiyyatını  dərin  məhəbbətlə  sevmiş,  onun  öyrənilməsi  və  toplanması  sahəsində  müəyyən  işlər 
görmüşdür”  (5, s.4). 
E.Sultanovun  hekayələrində  də  biz  istənilən  qədər  xalq  yaradıcılığı  nümunələriylə 
rastlaşırıq.  Bununla  bərabər  ədibin  hekayələrinin  bir  çoxunda,  hətta,  demək  olar  ki,  hamısında 
təhkiyə  zamanı  nağıl  üslubuna  rast  gəlir,  nağıl  elementlərini  müşahidə  edirik.  Hekayələrinin 
nəqlində,  personajların  nitqində,  hekayələrdəki  hadisələrin  gedişatında  nağıl  abu-havası  oxucunu 
ağuşuna  alır.   
Hələ  1880-ci  illərin  sonlarında  Naxçıvanda  teatr  tamaşaları  göstərməyə  çalışdıqları 
zamanlarda  əvvəlcə  “rus  dilində  oynayın”  tələbinə  qarşı  “Qadının  hiyləsi”  adlı  nağıl  əsasında 
qələmə  aldığı  “Tatarka”  (Azərbaycan  qadını)  pyesiylə  şifahi  xalq  ədəbiyyatının  çox  yayılmış  bu 
janrının—nağılların  üslubi  xüsusiyyətlərinə  müraciət  etməsi  E.Sultanovun  nağıllara  qarşı  xüsusi 
münasibətinin  təzahürü  idi. 
E.Sultanovun  hekayələrində  xalq  yaradıcılığı  nümunələrinin  istifadəsindən  bəhs  edən 
akademik  İsa  Həbibbəyli  qeyd  edir  ki,  “ədibin  hekayələrində  də  folklora  məxsus  bəzi  maraqlı  dil-
üslub  xüsusiyyətləri  görmək  mümkündür.  Onun  əksər  hekayələri  nağılvari  təhkiyə  ilə  başlanmış, 
bunlarda  macəra  ünsürlərinə    yer  verilmişdir.  Az  qala  yazıçının  qələmindən  çıxan  bütün 
nümunələrdə  xalq-aşıq  şeirindən  alınmış  misallara  müraciət  olunmuş,  personajların  nitqində  tez-tez 
atalar  sözü  və  məsəllər  özünə  yer  tutmuşdur.  Şifahi  xalq  ədəbiyyatı  ənənələrinə  qüvvətli  meyl  onun 
əsərlərinin  bədii-emosional  səviyyəsini  yüksəltdiyi  kimi,  xəlqilik  keyfiyyətini  də  gücləndirmişdir” 
(3, s.32). 
Akademik  İsa  Həbibbəylinin  də  qeyd  etdiyi  kimi  E.Sultanovun  hekayələrində  folklorun  dil-
üslub  xüsusiyyətləri  nəzər-diqqəti  cəlb  edir.  Xüsusilə  hekayələrində  axıcı  və  oynaq  dil,  çaparaq 
zaman  nağıl  janrının  spesifik  cəhətlərini  yada salır.   
E.Sultanovun  hekayələri  ölümündən  sonra  bugünəcən  bir  dəfə–1966-cı  ildə  İzzət  Maqsudov 
tərəfindən  tərtib  edilərək  kitab  halında  nəşr  edilib  ki,  həmin  kitabda  da  ədibin  cəmi  12  hekayəsi  yer 
alıb.  Həmin  hekayələr  mövzu  etibariylə  ədibin  yaşadığı  dövrün  ictimai-siyasi  və  ictimai-məişət 
hadisələrini  əks  etdirir.  Buna  baxmayaraq  həmin  hadisələr  nağıl  dili  ilə  elə  gözəl  üslubda  nəql  edilir 
ki, oxuduqca  xalq  yaradıcılığından  qidalanan  söz  axınına  düşürsən.   

- 63 - 
E.Sultanovun  hekayələrindən  söz  açan  Sabir  Quliyev  bildirir  ki,  XX  əsrin  əvvəllərindəki 
ictimai-siyasi  həyat  bütün  nöqsan  və  qüsurları  ilə,  bütün  eybəcərlik  və  çirkinlikləri  ilə,  bütün  ədaləti 
və  əzabı  ilə  E.Sultanovun  mənəvi  iztirablarına  çevrilmiş,  onlar  da  bir-bir  bədiiliyə  çevrilərək 
müxtəlif  hekayələrin  mövzusu  olmuşdur  (9, s.16). 
Məhz  yuxarıda  bəhs  olunan  mövzuları  E.Sultanov  bütün  qələm  təcrübələrində  folklorik 
ünsürlərlə  zənginləşdirməyə  çalışırdı.   
Aidə  Feyzullayeva  da,  E.Sultanovun  hekayələrindəki  nağıl  təhkiyəsindən  bəhs  edir.  O  qeyd 
edir  ki,  “yazıçının  “Novoye  obozreniye”də  dərc  olunan  hekayələri  sujetin  cəlbedici  xarakteri,  bir 
sıra  hallarda  isə  novellavari  sonluğu  ilə  seçilir.  Bu  hekayələrədə  dilin  ifadəliyi  və  parlaq  milli 
kolorit  nağıl  təhkiyələrində  olduğu  kimi  aydın  nəzər  çarpır”  (2, s.13). 
E.Sultanovun  ictimai  və  siyasi  məzmun  daşıyan  belə  hekayələrindən  biri  “Podratçı” 
hekayəsidir.  Böyükdüzdə,  çölün  ortasında  təzə  çəkilən  dəmir  yolu  xəttində  çalışan  fəhləni  təsvir 
edən  ədibin  dili  nağıllardakı  təsvir  səhnələrini  xatırladır:  “Yayın  şaqqaması  idi,  şiddətli  isti  idi. 
Fəhlələrin  hamısı  köynəkcə,  tuman-paça  və  baldırları  çirməli,  ayaqyalın,  qırxıq  başlarında  dəsmal, 
çoxusu  başı  açıq  işləyirdilər.  Elə  işləyirdilər  ki,  tər  dabanlarından  süzülür,  yerə  axır  və  torpağı 
palçıq  edirdi”  (7, s.123).  
Hekayənin  nəqlindəki  dil  sadəliyi,  baş  verən  hadisələrin  təsvirindəki  əhatəlilik,  həmçinin  son 
cümlədəki  mübaliğəli  anlatım  əksər nağıllarımızın  təhkiyəsini  yada salır.   
Bildiyimiz  kimi,  daha  çox  uşaqlar  üçün  söylənilən  nağıllarda  həddindən  artıq  şişirtmə, 
hadisəni  böyütmə–mübaliğə,  məqamları  vardır  ki,  E.Sultanov  da  bu  cür  nağıl  üslubundan  istifadə 
edərək  istidən  və  çox  işləməkdən  tərləyən  “fəhlələrin  dabanından  süzülən  tərin  yerə  axmasıyla 
torpağı  palçıq  etməsi”  şəklində  qələmə  alıb.    
Ədibin  hər  hansı  bir  hekayəsini  oxuduqda  ilk  cümlədən  nağıla  qulaq  asdığını  düşünürsən. 
Hekayələrinin,  demək  olar  ki,  hər  birinin  girişində  biz  nağıl  cümlələri  ilə  üz-üzə  qalırıq.  Bunu 
yazıçının  hekayələri  və xalq  nağıllarının  qarşılıqlı  müqayisəsində  də görmək  mümkündür.   
“Acı  masqara”  hekayəsinə  E.Sultanov  belə  başlayır: 
“Cəvahirfüruş  Ağamehdi  Rəsulov  Ərdəbildən  Tiflisə  gələn  gündən  Şeytanbazar  tacirlərinin 
içində  birdən-birə  ad çıxarıb  məşhurlaşmışdı”  (7, s.25). 
Azərbaycan  nağıllarının  bir  çoxunda  biz  bu  cür  girişlə  rastlaşırıq.  Sadəcə  olaraq  E.Sultanov 
mətnin  əvvəlinə  “biri  var  idi,  biri  yox  idi”  ənənəvi  pişrovunu  daxil  etməyib.  Müqayisə  üçün 
Azərbaycan  nağıllarından  olan  “İbrahim”  nağılına  baxaq.  Burada  iki  qardaş  tacir  haqqında  belə  nəql 
olunur: 
“Biri  var  idi,  biri  yox  idi.  Əhməd  ilə  Məhəmməd  adlı  iki  qardaş  var  idi.  Bu  qardaşların  ikisi 
də  tacir  idilər.  Ticarətdə  daha  bu  şəhərdə  elə  bir  adam  yox  idi  ki,  onların  əlinin  qabağına  əl  qoya. 
Ticarətləri  günü-gündən  böyüyürdü.  Çox məşhurlaşmışdılar”  (1, s.212). 
Hekayənin  girişindəki  sujet  oxşarlığı,  həmçinin  hekayənin  nəqlindəki  sadəlik  və  dilin 
xəlqiliyi  nağılda  olduğu  kimidir.  Hətta  “Acı  masqara”nın  ümumi  sujeti  də  bir  neçə  Azərbaycan 
nağıllarından  götürülərək  ümumiləşdirmə  təəssüratını  yaradır.  Belə  ki,  hekayədə  Ərdəbildən  Tiflisə 
gələn  (nağıllarda  bir  şəhərdən  başqa  bir  şəhərə  gələn)  tacir  (nağıllarımızda  tacir  də  çox  geniş 
yayılmış  obrazlardan  biridir)  burada  qısa  vaxt  ərzində  varlanır.  Xanpəri  adında  kasıb  bir  qarının 
qızına  vurulur.  (nağıllardakı  varlı  oğlan,  kasıb  qız).  Elçiliyi  özü  edir.  Həmin  hadisə  hekayədə 
nağılvari  dillə  belə  anladılır: 
“Bir  cümə  axşamının  günündə,  sabahısı  da  ki,  qurban  bayramı  idi.  Ağamehdi  həmin  qarının 
evinə  gəlib,  onun  qızını  elçilədi.  Xanpəri  qarı,  nəhayət  dərəcədə  yoxsul  idi,  öz  qızı  Gülnaz  ilə  ona-
buna  muzduluq  edib  yaman  günlü  bir  daxmada  yaşayırdı:  çılım-çılpaq,  bir  qarın  ac,  bir  qarın  tox... 
Ağamehdi  bunun  daxmasına  gələndə  biçarə  qarı  xəcalətindən  bilmirdi  nə  qayırsın,  çünki  evində  bir 
tikə  palaz  parçası  da tapılmadı  ki, qonağın  altına  salsın...”  (7, s.25). 
Hekayənin  gedişindən  belə  görünür  ki,  Ağamehdi  ilə  Gülnaz  evlənirlər.  Bir  müddət  sonra 
Ağamehdi  iflas  edir.  Dükanlarını  arvadının  adına  saldırıb  təzədən  Ərdəbilə  qayıdır.  Gülnazın  bir 
qızı  olur,  onun  da  adını  Dilşad  qoyur.  Dilşad  böyüyür.  Anası  ölüm  ayağında  Dilşadı  yanına  çağırıb 
ona son sözlərini  deyir.  Həmin  hissə  hekayədə  belə  nəql  olunur: 

- 64 - 
“Gülnaz  qızını  yanına  çağırıb  əlini  uzatdı  balıncın  altından  bir  birlyant  həmayıl  (gərdənbağı) 
çıxartdı,  verdi  Dilşada  və dedi: 
--Al,  bala,  sənin  atanın  nişanəsidir.  Sənin  üçün  yadigardır.  Hamı  dövlətinə  bərabərdir.  Bunu 
əlindən  bir  kəsə  buraxma,  yaxşı  saxla,  atanın  əmanətidir.  Əgər  biçarə  atan  sağdırsa,  ancaq  bu 
həmayillə  səni  tanıyar”  (7, s.32). 
Anası  öləndən  sonra  Gülnaz  Ağarəsul  adlı  tacirlə,  oxumuş  bir  oğlanla  evlənir.  Gün  gəlir 
Ağarəsul  müflis  olma  vəziyyətinə  çatır.  Bu  vaxt  Dilşad  anasının  verdiyi  həmayili  gətirib  ərinin 
qabağına  qoyur  ki,  onu  satıb  iflas  olmaqdan  canını  qurtarsın.  Bu  zaman  Ağarəsulun  gözləri  işıqlaşır. 
Həmayili  əlinə  alanda  ondakı  bir  əqiq  üzərində  yazılmış  yazıya  gözü  sataşır.  Rəngi  ağarır  və  bunu 
hardan  aldığını  soruşanda  məlum  olur  ki,  Dilşadın  atası  anasına  verib.  Bundan  sonra  hekayə  belə  bir 
sonluqla  bitir: 
“Ağarəsul  elə  bir  dərin  fikrə  getmişdi  ki,  Dilşad  söylədiyi  sözlərin  axırını  nə  eşitdi,  nə  də 
düşünə  bildi.  Ancaq əli  ilə  işarə  etdi  ki, Dilşad  bayıra  çıxsın.   
Dilşad  çıxan  kimi  dalınca  söylədi: 
--Bəs,  Dilşad  mənim  bacım  imiş?  Mən  bacım  ilə  yaşamışam!  Əcəb  Masqaradır,  vay  mənim 
halıma,  vay  mənim  halıma!...  Mənim  də  atamın  adı  Ağamehdi  idi.  O  da  itkin  düşmüşdü.  Bir  belə 
əqiq  də mənim  anamda  var, dudmanımızın  nişanəsidir.  Əgər bu masqaradırsa,  çox acı masqaradır... 
Fikrini  tamam  etməmiş  Ağarəsul  cibindən  bir  balaca  naqan  tapançası  çıxardıb  ürəyinin 
başına  boşaltdı”  (7, s.36-37).   
 
Hekayənin  dil  xüsusiyyətləri,  hadisələrin  gedişatı  folklor  motiv  və  sujetlərindən 
götürülməklə  yanaşı,  yazı  üslubu  da şifahi  xalq  ədəbiyyatının  nağıl  dilini  yada salır.   
 
“Təzə  pir”  hekayəsində  dərdinə  çarə  tapa  bilməyən  xəstənin  təsvirini  oxuduqca  nağıllardakı 
təsvir  səhnələrini  xatırlayırıq.  Hekayədə  oxuyuruq:  “Karvanın  içində  zəngin  bir  sövdəgər  var  idi, 
neçə  illərin  xəstəsi  idi.  Cümlə  həkim  və  təbiblər  yığışıb  onun  dərdinə  əlac  edə  bilməmişdilər.  Ona 
görə  təbiblərdən  ümidini  üzüb,  ziyarətgahları  gəzib  dolanırdı,  pirlərə  və  ocaqlara  dəxil  düşüb, 
dərdinə  dərman  istəyirdi.  Sövdəgər  eşidən  kimi  ki,  burada  bir  əməlisaleh  adam  dəfn  edilib,  izin 
istədi  ki, onun  qəbrinə  dəxil  düşüb  ondan  bir şəfa  istəsin”  (7, s.46). 
Hekayəni  oxuduqca  hər  hansı  bir  xalq  nağılına  qulaq  asdığımızı,  yaxud  hansısa  nağılı 
oxuduğumuzu  zənn  edirik.   
E.Sultanovun  hekayələrində  nağıl  üslubunu,  nağılçı  anlatımını  əsərlərinin  girişində  daha 
qabarıq  görürük.  Ədib  sanki  hekayə  yazmaqdan  daha  çox  qarşılaşdığı  real  hadisələri  nağıl  dili  ilə 
oxucuya  çatdırmağa  meyl  edir.  Qeyd  edək  ki,  E.Sultanovun  özü  də  hekayələrinin  çoxunun 
“dopdoğruca  bir  əhvalat”  (7,  s.51)  olduğuna  işarə  edir.  Deməli,  o,    həyatdan  götürdüyü  mövzuları 
xalq  dili  ilə  qələmə  alır.  Ədibin  “Çalma”  hekayəsinin  girişi  bir  çox  nağıllarda  rast  gəldiyimiz  girişi, 
təhkiyə  zamanı  qarşılaşdığımız  üslubu  yada salır: 
“Bizim  şəhərdə  bir  vaxt  vardı  ki,  var-yox  bir  oxumuş  adam  vardı,  yəni  rusca  oxumuş.  Onun 
adı  Cümşüd  bəy  idi,  özü  də  vəkillik  edirdi.  O  zaman  belə  adamlara  ziyalı  deyirdilər  və  dava  vəkili 
adlandırırdılar”  (7,  s.66).  Başqa  bir  nümunəyə,  “Kürd  qızı”  hekayəsinin  ilk  cümlələrinə  baxaq: 
“Məhərrəm  çoban bir  elə oğlan  idi  ki, gərək  iki  göz  ona tamaşa  eləyəydi. 
Ucaboy,  gərdəni  uzun,  kürəyi  gen,  döşü  qabağa,  top  qara  birçək,  alagözlü,  qaraqaşlı...  Bığları 
qulaqlarının  dibinə  çəkilmiş. 
Məhərrəm  çobanın  misli  nəinki  bizim  kənddə,  bəlkə  bütün  Mavaz-xatın  mahalında  da 
tapılmaz  idi.  Kəndin  qız-gəlini  tamam  onun  eşqindən  dəli-divanə  olmuşdular,  cavan  oğlanlar 
paxıllığın  çəkirdilər,  qocalar  və  qarılar  da  onu  görəndə  qanları  damarlarında  coşa  gəlirdi, 
cavanlaşırdılar. 
Məhərrəmin  çox  yaxşı  xasiyyəti  var  idi:  Gözləri  gülər,  mülayim,  xoşrəftar  və  heç  kəsə 
güldən  ağır  bir  söz  deməyən.  Bu  sifətlərin  hamısı  ilə  belə  Məhərrəm  çoban  çox  qoçaq,  heç  zaddan 
qorxmayan,  "oda-alova  girən"  bir  igid  idi. 
İndi  ki,  Məhərrəm  çoban  ilə  az-çox  aşna  oldunuz,  qulaq  asın  görək  onun  özü  özündən  nə 
nağıl  eləyəcək”  (6, s.3).   

- 65 - 
Yuxarıda  bir  parçasını  təqdim  ettiyimiz  hekayə  haqqında  A.Feyzullayeva  yazır:  “”Kürd  qızı” 
hekayəsinin  sujeti  asan  yadda  qalandır,  lap  nağılvaridir.  Təhkiyə  əsas  qəhrəmanın—öz  müdrikliyi 
ilə  xalq  dastançılarını  xatırladan  Hacıməmmədin  dilindən  aparılır”(2,  s.12) . 
Hekayədəki  bu giriş–nağıl  təhkiyəsi,  üslub  Azərbaycan  nağıllarında  tez-tez  qarşımıza  çıxır.   
E.Sultanovun  hekayələrindəki  nağıl  təhkiyəsi  barədə  İzzət  Maqsudov  da  öz  fikirlərini 
bildirir.  O,  bu  məsələyə  toxunaraq  “Arxı  keç,  sonra  bərəkallah  deyərsən”  hekayəsinin  anektodvari 
olduğunu,  xalq  lətifələrinin  təsiri  altında  yazıldığını  qeyd  edir  və  bildirir  ki,  “Xıırmanda”,  “Naxırçı 
qızı  Gözəl”  hekayələrinin  sujeti  də  nağılvaridir.  Hekayənin  dili,  üslubu  da  nağılların  üslubuna 
yaxındır  (4, s.128). 
Yazıçı  hekayələrindəki  personajlarının,  tiplərinin  təsvirində  də  nağıl  dilini,  nağıl  üslubunu 
ustalıqla  işlədir.  Məsələn:  “Pir  şeyxi  qısaboy,  qarnı  və  peysəri  yoğun,  ağbənizli,  uzunsaqqal  bir 
molla,  özü  də  çox  piran,  amma  çox  gümrah  bir  adam  idi.  Yanaqlarının  rəngi  eylə  qırmızı  idi  ki, 
çırtmaq  vursaydın  qanı  tökülərdi”  (7,  39),  yaxud  “Dərviş,  uzundraz,  qaraşın,  qırx  yaşında  bir  adam 
idi,  qara  bığlı,  çatmaqaş,  çəpgöz,  üzü  qırxıq,  əynində  ağ  don,  belində  enli  kəmər,  arvad  saçına 
bənzər  uzun  saçı  var  idi.  Sol  çiyninə  bir  qara  xallı  pələng  dərisi  salmışdı”  (9,  v.7),  və  yaxud  “Qız 
deyirəm  ey,  söz-nağıl  demirəm.  Qızın  olar  idi  17,  ya  18  yaşı.  Ucaboy,  şümşad  kimi  düz  qaməti, 
rəngi  qaraşın,  yanaqları  qızılgül  kimi  qıpqırmızı,  zil  qara  saçlarını  hörük  edib  çiyninə  atmış  idi.  Qıs-
qıvraq  geyinmiş,  belində  tirmə  şal,  əynində  gen  şalvar,  qıçında  dolaq  və ayağında  Şirvanı  çarıq. 
Qızın  sinəsi  meydan  kimi  gen  idi,  qolları  çirməli,  yoğun  biləkləri,  uzun  barmaqları  var  idi” 
(6, s.3). 
E.Sultanovun  hekayələrində  nağıl  təhkiyəsini  xatırladan  təbiət  təsvirləri  də  diqqəti  cəlb  edir: 
“Bahar  fəslinin  ordibehişt  ayı  (Ordubehişt  ayı  yarı  aprel,  yarı  may  ayından  sayılır.  E.S.)  idi.  Bu  ay 
bizim  ölkə  sanki  behişt  olur,  dağ-daş,  dərə-təpə,  səhra,  çəmən-hamısı  yaşıla  bəzənib,  rəngbərəng 
çiçəklər  ilə  bəzənir.  Qırmızı,  bənövşəyi,  ağ,  sarı,  çiçəklər  tala-tala  otların  içindən  qalxıb  gülür, 
onları  görən  insanların  qəlblərini  açır.  Təbiət  bir  bəzəkli-düzəkli  gəlinə  oxşayır,  yaşıl  zəmilər,  əkin 
göyləri  yerə  sərilmiş  mərmər  fərşlərə  bənzəyir.  İlk  baharda  qarların  ərimiş  lil  axan  suları  ayna  kimi 
durulub,  çəmənlərdə  büllur  parçaları  kimi  gah  o  yanda,  gah  bu  yanda  parıldayır...  Hava  cürbəcür 
səslərlə  doludur.  Qazalaqlar,  sarı  bülbüllər,  torağaylar,  göycə  qarğalar,  qürəbəylər,  ənlikli  bülbüllər 
hərəsi  bir  cür  səslə  oxuyub  səs-səsə  verirlər.  Bu  oxuyan  quşların  içində  qazalaq  hamısından  başdır. 
Bu  quş  göy  çəmənin  içindən  naqafil  cəh-cəh  vurub  havaya  tullanır  və  göz  işlədikcə  ucaya  qalxıb 
havada  bir  qədər  durub  oxuyur,  oxuyur,  sonra  birdən  daş  kimi  otların  içinə  düşüb  gizlənir. 
Qaratoyuq  onun  səsinə  uzaqdan  səs  verir,  hop-hop  təhsin  edir  (bəyənir).  Bu  quşlar  bir-birləri  ilə  nə 
danışırlarsa,  heç  kəs  anlamır...  Ancaq  çox  şirin  söhbət  edirlər...  İnsan  onların  söhbətini  anlamırsa 
da, yenə  də bu ləzzətdən  heç doymur”  (7, s.42-43). 
E.Sultanovun  hekayələrində  nağıl  üslubunu,  nağıl  təhkiyəsini  gözlər  önünə  sərən  başqa  bir 
detalı  isə  “Dəhşətli  intiqam”  hekayəsində  görürük.  Hekayədə  oxuyuruq:  “Bu  günlərdən  birində 
ilkindi  vaxtı  Salvartı  yaylaqlarının  altından  düşüb,  Göysü-Gözəl  dağından  Keçiliyə  tərəf  atın 
yedəyində  bir  adam  enirdi.  Bunun  əynində  gödək  paltar,  başında  bir  qızıl  əsgər  papağı,  çiynində 
tüfəng,  döşündə  iki  qatar  patrondaş,  ayağında  uzunboğaz  çəkmələri  var  idi.  Başı  tüklü,  üzü  qırxıq 
olduğuna  görə  nə  millətdən  və  neçə  yaşında  olduğunu  bilmək  olmurdu,  ancaq  bolşeviklərə  mənsub 
olmağı  aşkar idi.   
 
Cavan  enişi  çox  çətinliklə  enirdi,  çünki  yedəyindəki  atın  ayaqları  yamacda  tez-tez 
sürüşürdü.  Uzaqdan  elə  nəzərə  gəlirdi  ki,  adam atı  deyil,  at adamı  minibdir. 
 
Cavan,  atın  yedəyində  kəndin  biçənəklərinə  gəlib  çatdı  və  atı  biçənəyə  buraxdı  ki,  otlasın. 
At  bir  qədər  dincələndən  sonra  onun  belinə  sıçradı  və  kəndə  tərəf  çıxartdı.  Süvari  kəndə  girəndə  gün 
çoxdan  batmışdı,  hava  yavaş-yavaş  qaranlıqlaşırdı.  Kəndin  itləri  hürüşüb,  hər  tərəfdən  süvarinin 
üstünə  töküldülər.  O özünün  itlərdən  qoruya-qoruya  dayandı  və harayladı: 
 
--Ay Kərbəlayı  Dünyamalı  əmi,  evdəsən,  bir  çıx  qapıya! 
 
Ev  sahibi  Kərbəlayı  Dünyamalı  bayıra  çıxıb  səsləndi: 
 
--Məni çağıran  kimdir? 
 
--Mənəm,  Kərbəlayı  Dünyamalı  əmi,  qonaq istəmirsənmi? 

- 66 - 
 
Kərbəlayı  Dünyamalı  qabağa  yeriyib  atın  üstə  bir  biz  papaqlı,  tanımadığı  adamı  gördü  və 
dedi: 
 
--Qonaq Allah  qonağıdır,  qadan alım,  nə üçün  istəmirəm?  Buyur,  rahat  ol! 
 
Süvari  atdan düşdü,  Kərbəlayı  Dünyamalı  atın  cilovunu  qonağın  əlindən  alıb  dedi: 
 
--Atı mən  rahat  elərəm,  qadan alam,  sən buyur  içəri,  dincəl. 
 
Kərbəlayı  Dünyamalı  atı  tövlədə  bağlayıb,  qabağına  yem  tökənə  kimi  qonaq  gözlədi,  sonra 
bir  yerdə içəri  girdilər.  Qonaq içəriyə  girən  kimi  başından  biz  papağını  çıxarıb  gülə-gülə  dedi: 
 
--İndi salaməleyküm,  Kərbəlayı  Dünyamalı  əmi.  Bax  gör, məni  tanıyırsanmı? 
 Kərbəlayı  Dünyamalı  nə qədər diqqətlə  baxdısa,  qonağı  tanıya  bilmədi”  (7, s.83-84). 
Nağıllarımızda  qəribliyə  düşən,  uzun  müddətdən  sonra  geri  dönən,  kəndin  girişindəki 
tanıdığı  evlərin  birindən  ağsaqallı,  ya  da  qoca  qarını  səsləyən,  eləcə  də  onu  tanıyıb-tanımadığını 
soruşan,  atını  ev  sahibinə  təhvil  verib  Allah  qonağı  kimi  qarşılanan  obrazlara,  həmçinin  bu  cür 
anlatım  şəklinə  kifayət  qədər nümunə  göstərmək  olar.  
E.Sultanovun  hekaylərində  nağıl  təhkiyəsinin,  nağıllardakı  dil,  üslub  xüsusiyyətlərinin 
olduğunu  iddia  etməyimizə  səbəb  olan  cəhətlərdən  biri  də  xalq  danışıq  dilində  tez-tez  işlənən 
deyimlərin,  ifadələrin,  frazeoloji  birləşmələrin  bol-bol  işlədilməsidir.   
Bu  məqama  toxunan  İ.Maqsudov  yazır:  “E.Sultanov  nəsr,  hekayə  dilnin  zənginləşməsi 
sahəsində  də  müəyyən  xidmətlər  göstərmişdir.  O  da  Azərbaycan  dilinin  saflığı  uğrunda  mübarizə 
aparmış,  ədəbi  dilimizi  ümumxalq  dili  əsasında  zənginləşdirməyin,  doğma  ana  dilinin  mükəmməl 
bilməyin  zəruri  olduğunu  göstərmişdir”  (4,  s.141).  Bu  fikrin  davamı  olaraq  oxuyuruq: 
“E.Sultanovun  özü  də  ömrünün  sonuna  qədər  bu  prinsipə  sadiq  qalmışdır.  Yazıçının  əsərlərinin  dili 
və  qrammatik  quruluşu  canlı  dilin  bütün  xüsusiyyətlərini  özündə  əks  etdirmişdir.  O,  sadə,  aydın, 
yığcam  bir  dildə  əsərlər  yazmış  və  xalq  dilinə  geniş  yer  vermişdir.  Məhz  buna  görədir  ki,  dil  və 
üslubca  öz  xalqına  yaxın  olan  yazıçının  elə  bir  hekayəsinə  rast  gəlmək  olmaz  ki,  o  başa  düşülməsin” 
(4, s.143). 
Hekayələrindəki  nağıl  təhkiyəsini  biz  ədibin  sözləri  qənaətlə  işlətməsində  də  görürük.  Belə 
ki,  o,  şifahi  xalq  ədəbiyyatı  nümunələrinin  üslub  və  dilinə  uyğun  olaraq  uzunçuluğa  getmədən, 
mətləbi  xalq  dilindəki  aforizm,  idiomatik  ifadələr  və  anonimlərlə  zənginləşdirirək  yerli-yerində, 
uğurla  işlədir.  “Ümumiyyətlə  onun  söz ehtiyatını  xalq  ifadələri  təşkil  edir”  (4, s.144). 
Nağıllarımızın  təhkiyəsi  zamanı  da  rast  gəldiyimiz  bu  cür  yerli-yerində  işlədilən  nümunələr 
E.Sultanovun  hekayələrində  kifayət  qədərdir.  Məsələn,  “can  sizin,  can  bu  uşaq  əmanəti”  (7,  s.17), 
“bu  xına  o  xınadan  deyil”  (7,  s.21),  “sirrini  öz  dədəsinə  də  verməzdi”  (7,  s.25),  “bir  qarın  ac,  bir 
qarın  tox”  (7,  ,  s.25),  “tasaları  yatdı,  ağızları  plov  ilə  yumuldu”  (7,  s.30),  “əri  ilə  it-pişiklə  yola 
gedən  kimi  yola  gedirdi”  (7,  s.53),  “oğlan  gəlmisən,  ya  qız”  (7,  s.57),  “dovşan  çomağa  rast  gələn 
kimi”  (7,  s.71),  “ilan  ağzından  qurtulub  qaçan  qurbağa  kimi”  (7,  s.74),  “lül  vurub,  mil  duran”  (7, 
s.75),      “Bağır  xanla  nökəri  acı  alma  kimi  büzüşüb  bir  yerdə  qalmışdı”  (7,  s.100),  “bir  sözü  iki 
olmazdı”  (7,  s.115),  “babalı  sənin  boynuna”  (7,  s.119),  “qulağının  dibində  top  atsaydılar  da 
oyanmazdı”  (7, s.120), “gününü  göy  əskiyə  düymüşdü”  (7, s.126) 
Bu  nümunələrdən  bir  neçəsini  də  İzzət  Maqsudov  nümunə  gətirir:    “O  eylə  tülkü  deyil  ki, 
tükünü  ələ  versin”,  “Yumurtası  tərs  gəlmiş  toyuq  kimi  özünü  o  bucağa,  bu  bucağa  vurur”,  “Püstə 
xanım  ucun  alıb  ucuzluğa  getdi”,  “Lətif  çox  xəsisdir,  dırnağını  döysən  bir  qəpik  çıxmaz,  Özü  də  nə 
yeyər,  nə də yedirər”,  “Aşağı  tüpürürəm  saqqaldır,  yuxarı  tüpürürəm  bığ”  (4, s.144).   
Bu  və  bu  kimi  oynaq  söz  və  ifadələr  hekayələrin  maraqlı  olmasına,  məzmununun  yadda 
qalmasına  köməklik  etdiyi  kimi,  yazıçının  ümumxalq  dilindən  nə  qədər  gözəl  bir  surətdə,  yerli-
yerində  istifadə  etdiyini  də göstərir.   
E.Sultanovun  canlı  dildə  işlədilən  xalq  ifadələrinə  geniş  yer  verməsi,  təkcə  gündəlik 
danışıqda  rast  gəlinən  ifadələrdən  təsadüfən  istifadə  etmək  deyildi.  Nəzərə  alaq  ki,  XIX  əsrin 
sonları  XX  əsrin  əvvəllərindəki  yazıçı  və  şairlərin  dili  heç  də  E.Sultanovun  bədii  dili  kimi  oynaq  və 
xalq  dilinə  yaxın  deyildi.  Bütün  bunları  E.Sultanov  bilərəkdən,  məqsədli  şəkildə  edirdi.  Həm  şifahi 
xalq  ədəbiyyatının  təbliğçisi  kimi,  həm  də  bu  dili  itib-batmaqdan  qorumaq  üçün  o  öz  hekayələrini 
xalq  ədəbiyyatından  gələn  motiv  və  sujetlərlə,  obrazlarla,  dil-üslub  xüsusiyyətləri  ilə,  həmçinin 
idiomatik  ifadələrlə  zənginləşdirirdi.  Belə  bir  qəti  iddia  irəli  sürməyimizə  səbəb  həm  də  ədibin  bir 

- 67 - 
məqaləsində  söylədiyi  aşağıdakı  fikirdir.  “Zəmanə  ədiblərindən  nələr  tələb  etmək  lazımdır?” 
məqaləsində  E.Sultanov  yazır:  “Hər  millətin  ədibi  o  millətin  xəlq  dilini  təkmil  bilib,  o  dildə 
yazmalıdırlar.  "Valapux",  yaxud  jarqon,  yəni  qarışıq-quruşuq  dil  yaradıb,  xəlqi  çaşdırmamalıdır, 
çalışıb  və  qədr  mümkün  öz  kəlamlarını  gözəl  surətdə  yazmalıdır  və  onu  da  unutmamalıdır  ki, 
kəlamın  gözəlliyi  və  nəzakəti  onun  ən  sadə  və  apaydın  olmağından  ibarətdir,  beylə  ki,  onu 
oxuyanların,  yaxud  eşidənlərin  içində  onu  başa düşməyən  bir  nəfər  də tapılmasın”  (8, s.45-46). 
E.Sultanovun  hekayələrini  oxuduqca  görürük  ki,  doğrudan  da  o,  öz  məsləhətlərinə  ilk 
növbədə  özü  riayət  edərək  millətin  bir  ədibi  kimi  “o  millətin  xəlq  dilini  təkmil  bilib,  o  dildə 
yazmışdır”. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin