131
sahələrə həsr olunmuş 300-dən artıq birdilli, ikidilli və habelə çoxdilli lüğətlər işıq
üzü görməkdədir.
Bu lüğətlər içərisində tərcümə lüğətlərinin xüsusi yeri vardır. Odur ki, tədrisin
keyfiyyətinin yaxşılaşdırılması üçün
ana dilimizdən xarici dillərə, yaxud xarici
dillərdən ana dilimizə ikidilli lüğətlər hazırlanaraq çap olunmuşdur. İndinin özündə
də bu proses davam etdirilir. Məsələn, ingiliscə-azərbaycanca, azərbaycanca-
ingiliscə,
rusca-azərbaycanca,
azərbaycanca-rusca,
almanca-azərbaycanca,
azərbaycanca-almanca, fransızca-azərbaycanca, azərbaycanca-fransızca, farsca-
azərbaycanca, azərbaycanca-farsca, gürcücə-azərbaycanca, azərbaycanca-gürcücə,
italyanca-azərbaycanca, ispanca-azərbaycanca və başqa lüğətlər nəşr olunur.
Göründüyü kimi, lüğətçilik tarixində tərtib olunub
nəşr edilən sözlüklərdən
əksəriyyətini tərcümə lüğətləri təşkil edir. Bu, əlbəttə, vacib məsələlərdəndir.
Çünki tərcümə lüğətləri digər hər hansı bir dili öyrənmək üçün ehtiyacı ödəmək
məqsədi ilə daha zəruridir. Əsas məsələlərdən biri ondan ibarətdir ki, ilk olaraq öz
ana dilini yüksək səviyyədə mənimsəyə biləsən.
Bunlarla yanaşı, həmin siyahıya yenicə çapdan çıxan ilk dəfə hazırlanmış
“Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət” – “Ozarbayjoncha-
o`zbekcha, o`zbekcha-ozarbayjoncha lug`at” (Bakı – “SAVAD” 2019) kitabını da
əlavə etmək olar.
Lüğətin layihə rəhbəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Kitabın azərbaycanca-
özbəkcə hissəsinin tərtibçiləri AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi
Dilçilik şöbəsinin müdiri, professor İsmayıl Oruc oğlu Məmmədli və Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
professor Almaz Ülvi
Binnətova, özbəkcə-azərbaycanca hissəsinin tərtibçiləri isə ədəbiyyatşünas,
dilşünas Babaxan Məhəmməd Şərif və şərqşünas-filoloq Şahista Kamranlıdır; elmi
məsləhətçilər akademik İsa Həbibbəyli və professor Şuhrat Siracəddinovdur.
Rəyçilər akademik Möhsün Nağısoylu və dosent Abduvahab Mədvəliyevdir.
Kitaba Samir Abbasov “Ön söz” yazmışdır. Boboxon Muhammad Sharifin
isə lüğətdə “Aziz kitobxon!” adlı essesi də verilmişdir.
Lüğətin hər iki hissəsində 12 mindən çox leksik vahid yer almışdır. Bəllidir
ki, həm Azərbaycan dili, həm də özbək dili Altay dilləri ailəsinin türk dilləri
qrupuna daxildir. Tarixi inkişaf və linqvistik özəlliklər baxımından da türk dilləri
beş yarımqrupa Oğuz dilləri, Qıpçaq dilləri, Bulqar dilləri, Qarluq dilləri və
Tukyuy dilləri yarımqrupuna bölünür. Azərbaycan dili Oğuz dilləri, özbək dili isə
Qarluq dilləri yarımqruplarına daxildir. Hər iki dil ayrı-ayrı yarımqruplara
bölündüyünə görə də bu türk xalqlarının
dillərində oxşar, fərqli cəhətlər özünü
göstərməkdədir.
132
Bəlli olduğu kimi, Azərbaycan və özbək dillərinin qədim, zəngin, ortaq tarixi
kökləri vardır və öz mədəniyyətlərini, dil xüsusiyyətlərini qoruyub saxlamaqdadır.
Hətta hər iki xalq öz tarixi keçmişləri, mədəniyyət və incəsənətləri ilə qürur duyur.
Çünki Azərbaycan və özbək xalqları ədəbiyyatının, onlara məxsus sənət və elmin
müxtəlif sahələrində özlərinə layiq bir yer tutmuş dünya şöhrətli korifeylər, şairlər,
ədiblər, hikmət sahibləri, dövlət xadimləri yetirmişlər. Həmçinin, hər bir sahədə
Azərbaycan-özbək əlaqələri yüksək vüsət almışdır. İstər qədimdə, istər yaşamış
olduğumuz sovet dövründə, hazırda da - müstəqillik illərində hər iki xalq arasında
möhkəm və qırılmaz əlaqələr olmuş, indi də bu mədəni, ədəbi əlaqələr davam
etdirilməkdədir.
Müxtəlif coğrafi ərazilərdə yerləşən və siyasi-iqtisadi
tarixi mövqelərlə
fərqlənən bu dillər zaman-zaman işğallar, qonşu mədəniyyətlərin repressiya və
istilaların təsirləri ilə seçilən inkişaf yolları keçmiş və nəticədə də bu iki doğma dil
arasında müəyyən leksik fərqlər meydana çıxmışdır.
Doğrudan da, “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət”i
vərəqlədikcə həmin oxşarlıqları və ayrılmaları görmək olur. Elə leksik vahidlər
müşayət olunur ki, eynilə bir-birinə oxşayır; burada olsa-olsa yalnız fonetik fərqlər
mövcuddur. Bunu nəzərə alıb leksik layları üç yerə ayırmaq olar:
1. Fərqli leksik vahidlər
2. Oxşar leksik vahidlər
3. Qeyri-oxşar leksik vahidlər
Fərqli leksik vahidlərə aşağıdakı sözləri aid etmək olar: abad - obod, abidə -
obida, acımaq - achimoq, qanadlı - qanotli, qəsr - qasr,
qətl - qatl, qaçmaq -
qochmoq, gəlmək - kelmoq, gözəl - go`zal, gül - gul, naz - noz, nazir - nozir, fəxr -
faxr, ayran - ayron, ayırmaq - ayirmoq, ilan - ilon, qız - qiz və s.
Oxşar leksik vahidlərə misal olaraq göstərmək olar (buraya dilə keçən bir çox
sözləri də aid etmək olar): bel - bel, ilik - ilik, ilikli - ilikli, iliksiz - iliksiz, qalay -
qalay, taxta - taxta, şirin - shirin, rekord - rekord, reys - reys, stol - stol, renta -
renta, stul - stul, reyd - reyd və s.
Müxtəlif sahələri əhatə edən beynəlxalq terminlərdə də oxşarlıqlar, eyniliklər
qalmaqdadır: qlobal - qlobal, avtobus - avtobus, şrift - shrift, ştab - shtab, ştamp -
shtamp, ştat - shtat, taksi - taksi, okean - okean, relyef - relyef, rektor - rektor və s.
Bununla yanaşı, ilin 12 ayının adlarının yazılışında da heç bir fərq yoxdur.
Qeyri-oxşar leksik vahidlərə aid: heyva - behi, həbs
- qamoq iftira - tuhmat,
iftiraçı - tuhmatchi, qardaş - aka (uka), nal - taqa, oxucu - kitobxon, marıq -
pistirmə, şalban - xoda, beyin - miya, qarpız - tarvuz, qoxu - hid (is), qoğal -
kulcha, ayı - ayiq, bacı - opa (sinqil), şişman - semiz və s.
133
Kitabın məziyyətlərindən
biri də budur ki, sonda hər iki xalqı təmsil edən
antroponimlərin - şəxs adlarının sıralanmasıdır. Lüğətdə verilən şəxs adları
hissəsində fonetik baxımdan fərqlərə və oxşarlıqlara də rast gəlirik.
Oxşarlıqlar: Asim - Asim, Asif - Asif, Abdal - Abdal, Atlaz - Atlaz, Dadaş -
Dadash, Elmira - Elmira, Emil - Emil, İlkin - Ilkin, Tutu - Tutu və s.
Fərqlənmələr: Ayaz - Ayoz, Azər - Ozar, Babək - Bobak, Bahar - Bahor,
Eldar - Eldor, Əkbər - Akbar, Əli - Ali, Habil - Hobil,
Həqiqət - Haqiqat, İbad -
İbod, İsa - İso, İsmayıl – İsmoil, Ömər - Umar və s.
Yüzlərlə belə misallar göstərə bilərik. Bu cür mənzərə həm milli sözlərimizdə,
həm də dilə keçən alınma sözlərdə özünü büruzə verir...
Nəfis şəkildə nəşr olunmuş “Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca”
lüğət hər iki türk xalqının - Azərbaycan və özbək xalqlarının həm tarixi dostluq
baxımından, həm də kökə bağlılıq cəhətdən ayrılmaz birlik rəmzi kimi dəyərlidir.
Bir daha demək istərdik ki, lüğətin həm praktik, həm də elmi əhəmiyyəti
böyükdür. Belə ki, hər iki dilin müqayisəli şəkildə araşdırılmasında mühüm bir
vəsait kimi lüğətin böyük əhəmiyyəti vardır.
Dostları ilə paylaş: