TÜrkməN ŞEİRİ antologiyasi (XVII – XIX əsrləR) Bakı – 2011



Yüklə 2.4 Mb.
səhifə13/17
tarix02.12.2016
ölçüsü2.4 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

ORAZ AŞİQİ

(1829 - ?)
Oraz Aşiqi təxminən 1829-cu ildə Daşoğuz vilayətində anadan olmuşdur. Ölüm tarixi bilinmir. Türkmənlərin yomud bo­yunun uşaq tayfasındandır.

Şairin Xivə mədrəsəsini bitirdiyi bilinir. Savadlı adam ol­duğu üçün ona «Molla Oraz» da demişlər. Hələ Xivədə oxuyar­kən Aşiqi təxəllüsü ilə bir kitab yazmışdır. Həmin kitab gəlib bi­zə çatmamışdır. Bəzi alimlərin fikrincə, hazırda Türkmənis­tan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda sax­lanan şeirlər həmin kitabdan köçürülmüş olmalıdır. Lakin bu fi­kirlə razılaşmaq çətindir. Çünkü bu şeirlər gənc bir tələbənin qə­ləmindən çıxmış şeirlərə bənzəmir. Onlar yetkin bir sənətka­rın əsərləridir.

Sosial ədalətsizlik, kasıblıq Oraz Aşiqinin tez-tez müraci­ət etdiyi mövzulardır. Bu tipli şeirlərində bir can yanğısı hiss edildiyindən belə nəticə çıxarmaq olar ki, şair özü də məşəqqət içində yaşamış, maddi sıxıntı çəkmişdir. Varlı-kasıb, mərd-na­mərd, qəhrəmanlıq-qorxaqlıq problemini qabardan şair o dövrə xas olan məsələləri gündəliyə gətirməklə cəmiyyətin islahına çalışmışdır. Onun «Tapılmaz», «Dəyməz», «Gedər» gibi şeir­lə­rində Məxdumqulu və Zəlili gibi şairlərin təsiri aydın sezilir.

Hazırda elm aləminə Oraz Aşiqinin yüzə yaxın şeiri mə­lumdur. On­lardan səksəni Milli Əlyazmalar İnstitutunun arxi­vindədir.

Şairin əsərləri bir neçə dəfə kitab halında nəşr olun­muş, bəzi şeirlərinə musiqi bəstələnmişdir.

DƏYMƏZ
Yaxşı igid ölkə üçün qaladır,

Adam vardır, edən karına dəyməz.

Adam var, yaramaz, cana bəladır,

Adam vardır, adam yerinə dəyməz.


Adam var, qazanar xidmətdən azıq,

Adam vardır, xidmətkardır, xəlayiq,

Adam vardır, minsə bədəvə layiq,

Adam vardır, minən xərinə dəyməz.


Adam vardır, bəyə, xana gərəkli,

Yeri tük düşəkli, əli çörəkli,

Adam var, qanmazdır, heyvan ürəkli,

Yaşar, ancaq sürən ömrünə dəyməz.


Gözəl vardır, geysə altın yaraşar,

Görsə gözün doymaz, yürəyin coşar,

Gözəl vardır, görsən zehnin dolaşar,

Pərinin zülfünə, tarına dəyməz.


Aşiqi der, söylə hər gördüyünü,

Adam var zəhərdir sədası, ünü,

Savaş günü, qeyrət günü, ar günü

Yüz namərdlər mərdin birinə dəyməz.



İLƏ
Axmaq «dünya mənim» deyib,

Gəzər könül çoşu ilə.

Aqil dünyanı fikr edib,

Üzün yuyar yaşı ilə.


Mərdin ad-sandır muradı,

Çıxsa hər babatdan adı,

Bəyənməzlər mülaqatı

Olmasa tay-tuşu ilə.


Bir mərd qardaşdan ad qalar,

Namərddənsə lənət qalar,

Yaman arvad dava salar,

Bacı, qardaş, qonşu ilə.


Yaxşı qonşu aybın örtər,

Verməz sənə zərrə zərər.

Elə cumub, ayıb tapar

Olsan yaman qonşu ilə.


Doğru yoldan çıxan insan,

Hər sirrini edər bəyan,

Kəramət arar bigüman

Axşam görən düşü ilə.


Aşiqi, bil, pisdir qaydan,

Utan barı gəl xudaydan,

Zənni əyrı dönməz rəydən

Əlli-altmış yaşı ilə.




GEDƏR
Adəm oğlu, yatma, oyan,

Ömrün ötüb, başın gedər.

Baqi verilməz bu cahan,

Bütün tayın-tuşun gedər.


Qoca ərə it hürüyər,

Ləzzət gedər, diş çürüyər,

Qəlbini qüssə bürüyər,

Eşqin gedər, huşun gedər.


Həm ağlayan, həm də gülən,

Həsrət ilə keçər gələn,

Yaxın dostun, qədrin bilən,

Tayın gedər, tuşun gedər.


İskəndər tək dünya alsan,

Loğman olub, çarə qılsan,

Əflatun tək hər şey bilsən,

Bir gün ağlın-huşun gidər.


Əcəl tor çəkər daşına,

Topraq endirər başına,

Yoldaş olub bu leşinə,

Otuz ilə yaşın gedər.


Necə gəzsən, getsən hara,

Bir gün girərsən məzara,

Yanın ilə vara-vara

Xeyir-şər qılmışın gedər.


Aşiqi der, bir gün ölüb,

Çürüyərsən toza dönüb.

Cana əzablı od olub,

Bundan da pis işin gedər.



KEÇƏR
Savaşda meydana gəlməz,

Namərd ağıl-huşdan keçər,

Yabı ürkər day görəndə,

Bədəv sıçrar, leşdən keçər.


Yaman ərlə qılsan səfər,

Küy qoparar, qovğa edər,

Axır ondan zəhlən gedər,

O, yoldaşdan, eşdən keçər.


Söz verilsə bir nadana,

Ya vəzifə çatsa ona,

Yaxın gəlməz bir insana,

Bütün taydan-tuşdan keçər.


Savaş sözü eşidəndə,

Başı üstdən ox ötəndə,

O «atlan-ha-atlan!» gündə,

Namərd ölüb huşdan keçər.


Namərdə iqbali gülsə,

Səs etməz, pul-para gəlsə,

Haq mərdə var-dövlət versə,

Sözü dağdan, daşdan keçər.


Ol çıxmaz quru ad üçün,

Mərd can verər ar, at üçün.

Nəf bilib varlı zat üçün,

Nakəs gözdən-qaşdan keçər.


Aşiqi der, çoxdur dərdlər,

Yaramaz dərdə namərdlər.

Bir ar-namus üçün mərdlər

Candan, maldan, başdan keçər.



TAPILMAZ
Haq özü verməsə qeyrəti ərə,

Ağıllıya dövlət, dövran tapılmaz,

Loğman həkim gəlsə, eyləsə çarə,

Əcəlin dərdinə dərman tapılmaz.


Kimsənin əzabda təpəsi qaynar,

Kimilər ölüncə işrətdə oynar,

Yeyər nazi-nemət, bal-şəkər, qaymaq,

Kimiyə yeməyə bir nan tapılmaz.


Sanma ki, gedənlər gələndən kəmdir,

Gələn də, gedən də eyni rəqəmdir,

Cavanlıq şadlıqdır, qocalıq qəmdir,

Qışa yetsən, güli-xəndan tapılmaz.


Aşiqi, sən vermə ömrünü bada,

Dilin olsun daim zikri-sənada,

Arxa ol, kömək et yaxına-yada,

Qalsa könül, çıxsa bu can tapılmaz.



GƏRƏKDİR
Nam qazanıb ad almağa

Qılınc ilə aş gərəkdir,

Hakimsiz yurd qalar zora,

Fərasərli baş gərəkdir.


Nökərsizə xan deyilməz,

Tək bir «cim»ə can deyilməz,

Yalnıza mərdan deyilməz,

Arxada yoldaş gərəkdir.


Oğul mərdin könül xoşu,

Fərasətli yan yoldaşı,

Həm dövlətin, mülkün başı,

Döyüşdə dörd-beş gərəkdir.


Xeyir yox oyunbaz ərdə,

Görünməz namusda-arda,

Mahnı, nəğmə, söz deyəndə

İçdə ürək, cuş gərəkdir.


Düzlük olmaz başsız eldə,

Nər olsa, yük qalmaz çöldə,

Qanlı gündə, uzaq yolda

Mərdanə yoldaş gərəkdir.


Aşiqi der, mərd qalmağa,

Qanad gərək yol almağa,

Milçək deyil, fil olmağa

Qeyrətli qardaş gərəkdir.




BİLİR
Bir kimsənin xasiyyətin

Güman bilməz, görən bilir,

Münkir-nəkirin heybətin

Yer qoynuna girən bilir.


Nadan gəzər gözdən düşüb,

Özün bilməz həddən aşıb,

Ər qədrini sərt savaşıb

Üzbəüz ox atan bilir.


Mərd çıxar hər işdən sərin,

Namərd işi bilməz dərin.

İgidliyin, gücün qədrin

Gücdən düşüb qalan bilir.


Yaxşı at yolun Burağı,

Fərzənddir işin çırağı,

Öy qədrini, rahatlığı

Uzun yolu yoran bilir.


Yaman ərə düşsə işin,

Qurtulmaz qovğadan başın,

Qədrini qohum-qardaşın

«Vur-ha-vur»a girən bilir.


Eyni bilmə ərlə əri,

Atla atı, yerlə yeri,

Başqadır yaxşının qədri,

Bunu pisi görən bilir.


Aşiqi, dünya cəfasın,

Düşə bənzətdim səfasın.

Fani dünyanın vəfasın

Vədə dolub gedən bilir.


BİR PƏRİ
Ay kimi şölə saçıb, getdi gözümdən bir pəri,

Görünüb, təlim verib, uçdu gözümdən bir pəri,

Ya ağlımı, ya sərimi alandır şol yar pəri,

Görünüb, təlim verib, uçdu gözümdən bir pəri.


Ol pəri-peykər, mələk səkkiz cənnətdə huridir,

Ya Şirin, ya Şahsənəm, yeddi məşuqun biridir,

Ağ damaq, alma yanaq, həm qızıl, həm sarıdır,

Görünüb, təlim verib, uçdu gözümdən bir pəri.


Ol pərinin qüdrətidir bu ürək cuşum mənim,

Gündüzü xəyalımdır, gecələri düşüm mənim,

Getdi ol pəri ilə öz ağlım, öz huşum mənim,

Görünüb, təlim verib, uçdu gözümdən bir pəri.


Ağ üzündə qara saçı həm uzun, həm qısadır,

Eybi olmaz işinin, on barmağı on nüsxədir,

Al yanaqdan öpüş verib, ləblərindən busədir,

Aşiqinə cilvə edib, keçdi gözümdən bir pəri.


Aşiqi der, yaradandır bir xoşruy eldən səni,

Sevdiyim, haq saxlasın kəm göz ilə dildən səni,

Nəsib olsa bizə verər bir neçə ildən səni,

Görünüb, təlim verib, uçdu gözümdən bir pəri.




QIZLAR
Biz də gəldik tamaşana,

Boyu uzun, saçlı qızlar,

Əlləri əlvan xınalı,

Qıyma qələm qaşlı qızlar.


İncə belli, düz ayaqlı,

Əlləri xana boyaqlı,

Düz qamətli, al yanaqlı,

On dörd-on beş yaşlı qızlar.


Gedər elinə-elinə,

Mən qurban incə belinə,

Çıxalım bağın seyrinə,

Əli tuti quşlu qızlar.


Aşiq Oraz deyər, nazlım,

Boynu ördək, quba qazlım,

Şirin dilli, bal ağızlım,

İnci-gövhər dişli qızlar.



ƏVƏZTAQAN KATİBİ

(1803 - 1881)
XIX əsr türkmən ədəbiyyatının görkəmli nümayəndə­lə­rin­dən biri olan Katibinin əsl adı Əvəztaqandır. O, 1803-cü ildə Bəhərdənin Qaraqan kəndində dünyaya gəlmişdir. Təkə boyu­nun toxtamış tayfasındandır. Ailənin yeganə övladıdır. İlk təh­silini öz kəndində, mədrəsə təhsilini isə Xivədə, yaxud Bu­xa­rada almışdır. Daha sonra doğ­ma kən­dinə qayıdaraq müəl­lim­lik, ovçuluq və karvan ticarəti ilə məş­ğul olmuşdur.

Əvəztaqan öz kəndindən Annagözəl adlı bir qızla evlən­miş, ondan Oğulnur adlı bir qızı, Ata adlı bir oğlu olmuşdur. Tö­­rəmələri hazırda Aşqabad şəhərində yaşayırlar.

Katibi Göytəpə savaşında yaralanmış, ox bədənindən çıx­ma­mışdır. Bir qədər sonra yara yeri iltihablanmışdır. Şair ömür yolunun başa çatdığını hiss edərək qardaşlarının köməyi ilə ata minmiş, Göytəpə şəhərini görməyə getmiş, doğma yurdunu atla gəzərək vətənlə vidalaşmış və çox keçmədən 1881-ci ildə vəfat etmistir.

Şairin şeirləri tematik baxımdan müxtəlifdir. Ancaq vətən sevgisi, həyat və ölüm, eşq-məhəbbət mövzusunda qələmə aldı­ğı şeirləri daha çoxdur. Bəzi şeirlərində Miskin Katibi, Molla Ka­tib imzasından istifadə etmişdir.

Əvəztaqan Katibinin əsərləri Milli Əlyazmalar İnstitutu­nun fondlarında qorunur. Yaradıcılığı ciddi şəkildə tədqiq edil­miş, müx­təlif vaxtlarda şeir kitabları çapdan buraxılmışdır.

EYLƏDİ
Həsrət ilə günüm-ayım otürüb,

Fələk məni yardan cüda eylədi,

Qovğalı sərimdən huşum ayırıb,

Müsafir yerlərdə gəda eylədi.


Şikayət edərəm qəhbə fələkdən,

Yar avazın dəf eylədi qulaqdan,

Bir işim bitmədi yüz min diləkdən,

Bu kimin dərdinə dəva eylədi.


Müdam işi hiylə-təzvir iləndir,

Bu gün gələn sabah ertə öləndir,

İnanmam andına, sözü yalandır,

Bu yalançı kimə vəfa eylədi.


Kimi şahlıq edər eldən-ellərə,

Kimi Məcnun olub düşər çöllərə,

Kimi səyyad olub girər göllərə,

Sona-qaz tək yüz min əza eylədi.


Çoxu gəzər ulus-eldən ayrılıb,

Neçələri başdan, maldan ayrılıb,

Bir neçə bəzirgan yoldan ayrılıb,

Susuzluqdan özün fəda eylədi.



MƏNİM
Qadir allah, qəmim izhar etməyə

Bu dünyada qəmgüsarım yox mənim.

Başım alıb yar yurduna getməyə

Aşiq olub, namus-arım yox mənim.


Qara bəxtim qəflət içrə, oyanmaz,

Neyləyim, muradım çırağı yanmaz,

Dediyim sözlərə heç kim inanmaz,

El içində etibarım yox mənim.


Daim fəğan çəkib ömrüm ötürdüm,

Qovğalı sərimdən huşum itirdim,

İyirimi üç yaşımda nalə bitirdim,

Ağlamaqdan özgə karım yox mənim.


Aşiq olub, yetəmmədim vüsalə,

Gedərəm hər gündə yüz min xəyalə,

Qəfəs içrə qalıb, eylərəm nalə,

Əndəlibəm, gülüzarım yox mənim.


Katibi der, iki cahan sənindir,

Şəms, qəmər, ərz, asiman sənindir,

Mürdə cismim, bu xəstə can sənindir,

Səndən özgə heç müdarım yox mənim.



MƏSTANƏ BƏYLƏR
Fani dünya, şum əcəlin əlindən

Gəzmədi bir neçə məstana, bəylər.

Varlı, yoxsul, neçə şahlar, gədalar,

Bura gələn qalar ərmana, bəylər.


Əcəl yaxandadır, müdam həmdəmin,

Tutsa, çarə yoxdur, olasan əmin,

Ölçülü rizqinlə, sayılı dəmin,

Qalacaq gümanın gümana, bəylər.


Kimin adı çıxsa atdan, qılıncdan,

İzzəti əskilməz lap əzəl başdan,

Haray yoxdur oğul-qızdan, qardaşdan,

Əcəl gəlib dolsa peymana, bəylər.


Qəriblik bir bəla, ağrıdar canı,

Tay-tuşdan ayırar dostu, insanı,

Yoxluqda kəm olsa süfrədə nanı

Qoç igid qəm çəkər müdama, bəylər.


Adi sözü min tümənə satılar,

Hər məclisdə, eldə adı tutular,

Yaxşısı deyilər, pisi atılar,

Var-dövlət gəlsə bir insana, bəylər.


İqbalı kəc olsa, hər bir insana,

Xeyir sərə dönər, fayda ziyana,

Sözünü almazlar hesaba-sana,

Hətta ağlın yetsə cahana, bəylər.


Beş günlük ömür var, yüz min xəyal var,

Dünya dolmaz, doymaz, min qilü qal var,

Söz bir dürdür, ağıl ona xiridar,

Bir quru avazdır nadana, bəylər.


Katibi, olmaz iş ola söyləmə,

Diş bir qala, dil bir bəla, söyləmə,

Təkcə görüb, mərdə sitəm eyləmə,

Ha alar, ha verər mərdana, bəylər.



SÜRGİNƏN
Dostum, dünyanın səfasın

Ötməzdən əvvəl sürginən,

Əcəl çaki-giribanın

Tutmazdan əvvəl sürginən.


Gedərsən dünyadan köçüb,

Yatarsan qara yer qucub,

Bir əjdəha ağzın açıb

Udmazdan əvvəl sürginən.


Axirət olsun muradın,

Fitnədir malın, övladın,

Bu fani dünyadan adın

İtməzdən əvvəl sürginən.


Haq yolunda doğru durub,

Gələn aclara nan verib,

Qara yer qoynuna girib

Yatmazdan əvvəl sürginən.


Katibi der, mən bipərva,

Olmuşam aşiqi-şeyda,

Ömür – gəmi, əcəl dərya,

Batmazdan əvvəl sürginən.



GÖRMƏDİYİN SÖYLƏMƏ
Bizdən öncələrdən qalan söz vardır,

Gördüyün ört, görmədiyin söyləmə,

Duyar-görər, qulaq vardır, göz vardır,

Gördüyün ört, görmədiyin söyləmə.


Nasehlərin nəsihətin anlagil,

Alimlərin gəlib yanın yanlagil,

Arzum budur, mənim pəndim dinləgil,

Gördüyün ört, görmədiyin söyləmə.


Ayıblasan, sənin aybın açarlar,

Dostun-yarın ölkə-ölkə qaçarlar,

Sən düz olsan, sənə rəhmət saçarlar,

Gördüyün ört, görmədiyin söyləmə.


Oyun qurma xatın ilə, baş ilə,

Dava etmə nə tayla, nə tuş ilə,

Nə işin var yaxşı-yaman iş ilə,

Gördüyün ört, görmədiyin söyləmə.


Katibi, sən izlə rahi-həqiqət,

Qəbul eylə hər nə desə şəriət,

Sən kimsən ki, elə verdin nəsihət?

Gördüyün ört, görmədiyin söyləmə.



AZ OLAR
Rəqib olsa arasında dostların,

Bir-birinə məhəbbəti az olar,

Qoşulub üzsə də eyni göllərdə,

Uçsa, ördək ördək, qaz da qaz olar.


Ceyran gölə, şahin düzə yaraşmaz,

Kin-küdurət sizə, bizə yaraşmaz,

Təlbə ilə tənbur saza yaraşmaz,

Dəf dəf ilə, ney ney ilə saz olar.


Aşnalıq dış olsa, hər aqil mərdə,

Cüda olsa, düşər tükənməz dərdə,

İki həmdən məclis qursa bir yerdə,

Könlü xürrəm olar, sərəfraz olar.


Xalqdan düşmüş bir-birinin izinə,

Eybi olsa aşkar deyər üzünə,

Hər kimsə inansa rəqib sözünə,

Dəqiq bil ki, onun ağlı az olar.


Hər kim olsa sənin yaxşı məhrəmin,

Bu dünyada, axirətdə yer qəmin,

Miskin Katibi der, iki həmdəmin

Cismi bir-birinə payəndəz olar.



XƏBƏR ALMAĞA
Dünya içrə oldum hali-pərişan,

Kimsə yox halımı xəbər almağa,

İzində qalmışam didəsi giryan,

Kişim yoxdur gözdə yaşım silməyə.


Harsi-dünya olub, qaldım dəşvuşü,

Könlümdə yer etmiş yüz min əndişə,

Müsibətin tutub sənin həmişə,

Taqətim yox oynamağa, gülməyə,


Rəhmsiz görürəm öz tay-tuşumu,

Heç biri silməzlər gözdən yaşımı,

Qadir Allah mənim qərib başımı

Kömək etsin yar kuyinə salmağa.


Yalan yerdən alim deyib adına,

Özü yazar, aşiq olar xəttinə,

Molla Katib minib əcəl atına,

Vaxt yaxındır, yanınıza gəlməyə.



YOX MƏNİM
Qadir Allah, sənsən püşti-pənahım,

Səndən özgə heç bir kişim yox mənim,

Yar vəsfidir dildə fikrim-sənahım,

Ondan qeyri heç bir işim yox mənim,


Lütfün ilə xəstə canım sormasan,

Yaxşıların tərəfində durmasan,

Rəhm eyləyib yarı mənə verməsən,

Nalədəyəm, yazım-qışım yox mənim.


Yar gəlməsə gözdə yaşım silməyə,

İxtiyarım yoxdur deyib-gülməyə,

Pərişan halımdan xəbər almağa

Ellər içrə tayım-tuşum yox mənim.


Dünyanın qovğası könlüm öldürdü,

Qara gözlərimi qanla doldurdu,

Qəm xəzanı gül tək bənzim soldurdu,

Qəmgüsarım, yar-yoldaşım yox mənim.


Katibi der, çəkib cəbri-cəfanı,

Görəmmədim sərvi boylu cananı,

Məcnunluqdan bilməm yaxşı-yamanı,

Divanayəm, ağlım-huşum yox mənim.



SƏNİN
Könlüm, qəm ilə dünyadan,

Keçər mahi-salın sənin,

Bilmənəm, iki aləmdə,

Necədir iqbalın sənin.


Paxıla olma həmnişin,

Dadma onun duzun-aşın,

Kifayət qıl kişi işin,

Bir gün düşər yolun sənin.


Xoş söz çıxsın dəhanından,

El gülüb getsin yanından,

Yey olsun şirin canından

Qohum-qardaş, elin sənin.


Qəriblərin sor halını,

Sor kefini, əhvalını,

Diri ikən ver malını,

Boşa getməz malın sənin.


Könül versən tövəkülə,

Gözün nəzər etməz pula,

Katibi der, ulus-elə,

İza verdi dilin sənin.



İÇSƏM ÖLDÜRƏRLƏR,

İÇMƏSƏM - ÖLLƏM!
Eşqin meyin bir nazlının əlindən

İçsəm öldürərlər, içməsəm - ölləm!

Sərvi-sənubər tək incə belindən

Qucsam öldürərlər, qucmasam - ölləm!


Bilmənəm dünyada edən işimi,

Yolunda qoymuşam qərib başımı,

Həsrətindən gözdən axan yaşımı,

Saçsam öldürərlər, saçmasam - ölləm!


Yarı yey bilərəm şirin canımdan,

Könlüm üzdüm hər dəm gülüstanımdan,

Yaranlar, yar üçün xanimanımdan,

Keçsəm öldürərlər, keçməsəm - ölləm!


Namus-arım cüda oldu üzümdən,

Özüm utanıram deyən sözümdən,

Şum rəqiblər gülər, görüb izimdən,

Qaçsam öldürərlər, qaçmasam - ölləm!


Miskin Katibi ahü fəğan eyləyib,

Sona, şahin kimi göldən ayrılıb,

Yol azan karvan tək yoldan ayrılıb,

Köçsəm öldürərlər, köçməsəm - ölləm!




SALLANA-SALLANA
Yaranlar, yarım qarşıdan

Gələr sallana-sallana.

Asta basıb, zülfün tutub

Gələr sallana-sallana.


On dördü ay kimi dolub,

Dörd tərəfə şölə salıb,

Qəmzə ilə canım alıb

Gələr sallana-sallana.


Tuti kimi sözlər ilə,

Sona şahin qazlar ilə,

On üç, on dörd qızlar ilə

Gələr sallana-sallana.


Zülfündən müşk ətri qoxub,

Mənim canım oda yaxıb,

Min naz ilə qaşın dartıb

Gələr sallana-sallana.


Əlində altın piyalə,

İncə kəmər incə bilə,

Ağ qolların sala-sala,

Gələr sallana-sallana.


Məni gözdən salmaq üçün,

Əğyar ilə olmaq üçün,

Xəstə canım almaq üçün

Gələr sallana-sallana.


Könlümdə yoxdur qərarım,

Göyə yetər ahı-zarım,

Katibi der, sevən yarım

Gələr sallana-sallana.



DİLBƏR
Görməsə gül camalın,

Göz dönər selə, dilbər.

Gəl, bir tərəhhüm eylə,

Yetir vüsalə, dilbər,


Hüsnün deyildir baqi,

Büş gün üzün qonağı,

Xumar oldum, ey saqi,

Tutgil piyalə, dilbər.


Sinəmdə od tutuşdı,

Dərdim sərimdən aşdı,

Ahım ərşə ulaşdı,

Qılsam ki nalə, dilbər.


Dərdim artar gün-gündən,

Dava istərəm səndən,

Düşmüşəm mən eşqindən

Yüz min xəyalə, dilbər.


Müsafirəm elində,

İxtiyarım əlində,

Girib gəzsəm yolunda

Bir köhnə şala, dilbər.


Mən bir divanə, sail,

Sənsən sultani-adil,

Zülm eyləmə, ey qatil,

Haqdan utan, a dilbər.


Katibi, hüsnün gəday,

Sənsən bir dövlətli bay,

Dilər hafizi-xuday,

Düşmüş bu elə, dilbər.



NİGARIMDAN XƏBƏR
Vergil, ey sübhün yeli, nazik nigarımdan xəbər,

Sən bilərsən, doni-gülgün, gülizarımdan xəbər.


Mən vətəndən ayrılıb çöllərdə qaldım, neyləyin,

Kəsra bir, Misirdə bir şəhri-diyarımdan xəbər.


Bu xəzanın sarsarı qurutdu ömrüm bağını,

Ya münəccim, ver bu gün fəsli-baharımdan xəbər.


Üzdə arım, başda huşum, dildə səbrim, taqətim,

Katibi deyər, xuda, səbri-qərarımdan xəbər.



HA İNAN, HA İNANMA
Sənsən sevən yarım, ha inan, ha inanma,

Qandır mənim ciyərim, ha inan, ha inanma.


Məxmur gözün şövqündə biməzə olub mən,

Ey gül pərim, ha inan, ha inanma.


Eşqində yanıb öldü, kabab bütin dil-canım,

Ey taci-sərim, ha inan, ha inanma.


Rühsarın gül əfşanı, ey sərvi-nihalım,

Vardır nəzərim, ha inan, ha inanma.


Hər qətrə gözüm yaşı, suyu çox da az olur,

Budur kərəm, ha inan, ha inanma.



DOSTMƏMMƏD

(1815 -1865)

Dostməmməd (Dostməhəmməd) 1815-ci ildə Aşqabadın Ənəv kəndində do­ğulmuşdur. Bu kənd 860-cı ildə inşa edilmiş Seyid Cəmaləddin məs­cidi və Ənəv qalası ilə ünlüdür. Şair bü­tün ömrünü öz doğma kən­dində keçirmişdir. Onun törəmələri hazırda Aşqabadda ya­şa­yırlar.

Dostməmməd hələ uşaqlıqdan şeirə, saza-sözə bö­yük ma­raq göstərmiş, bəxşiləri və sazəndələri dinləmişdir. Şeir yazma­ğa da gənclik illərində başlamışdır. O, bir müddət öz dövrünün tanınmış bəxşisi Durdu ilə birlikdə olmuş, onun şeirlərini saz­la ifa etmişdir.

Dostməmmədin həyatı da bir çox türkmən şairi kimi əsrar pərdəsinə bürünmüşdür. Rəvayətə görə, o, öz kəndindən Ayca­mal adlı bir qızı sevmiş, lakin ona qovuşa bilməmişdir. Ayca­malı günü olaraq zorla yaşlı bir adama ərə vermişlər. O, daim Dost­məmmədə sadiq qalmış, onun adını dilindən düşürməmiş, buna görə də əri tərəfindən qətlə yetirilmişdir. Nakam şair sa­diq sevgilisi­nə bir çox şeir həsr etmişdir.

Dostməmmədin ölümü də əsrarlıdır. Yenə rəvayətə görə, Xivə xanı Ənəv qalasına hücum etmiş, onu mühasirəyə almış­dır. Şairin bir qardaşı savaşda həlak olmuş, özü isə kömək gə­tir­mək üçün qoyun dərisinə girərək qaladan çıxmış, lakin düş­mənlər bunun fərqinə vararaq onu öldürmüşlər. Bu hadisə təx­minən 1865-ci ildə baş vermişdir.

Dostməmməd də digər türkmən şairləri kimi ən çox eşq­dən, məhəbbət­dən, ayrılıqdan, vətəndən, dostluqdan, mərdlik­dən yaz­mış­dır. Şeirlərinin çoxu xalq mahnısına çevrilmişdir.



AYRILDIQ
Ey ağalar, ərzim sizə söyləsəm,

Seyid Cəmaləddin pirdən ayrıldıq,

Tapılarımı səyyad olub izləsəm,

Şeyx Mövluddan, Vəli şirdən ayrıldıq.


Qənim ilən bir gün meydana girdik,

Qeyrət edib bir-birindən ön durduq,

Şol davada beş yüz at, adam vurduq,

Vallah, namus bilə ardan ayrıldıq.


On üç aydır qənim ilən vuruşduq,

Qeyrət edib su yerinə qan içdik,

Minənə bir olub durduq, duruşduq,

Huri Pəlvan adlı nərdən ayrıldıq.


Kəc fələkdir, yenə kəcliyin etdi,

Kürd, türk xanları murada yetdi,

Uca rəbbim, imam Rza əl tutdu,

Siddiq Məxdum, Hacı Şirdən ayrıldıq.


Bu əsrdə müzəffərdir pirimiz,

Şəhitlərdən dərs aldıq hər birimiz,

Meydana girəndə əsrik nərimimiz,

Altın-gümüş, qızıl-zərdən ayrıldıq.


Dosməhəmməd, könlüm səndən üzülməz,

Tarixdə yazılmış Ənəv pozulmaz,

Ey ağalar, bu dərdlərə dözülməz,

Yüz min hünər, yüz min kardən ayrıldıq.




DÖZMƏNƏM
Aycamal xan, dinlə ərzi-razımı,

Zəri-zivər taxışına dözmənəm,

Yanaraq keçirdim bahar-yazımı,

İndi canım yaxışına dözmənəm.


Öydən çıxıb niqabına bürünər,

Su quşu tək səyyadına sürünər,

Bivəfalıq rəsmi səndə görünər,

İndi canım yaxışına dözmənəm.


Pərilər nişanı vardır üzündə,

Heç xilaf tapmadım sənin sözündə,

Yol yürüsən, gözüm qalar izində,

Kəkilik kimi səkişinə dözmənəm.


Öydən çıxıb nə süzürsən humay tək,

Hüsnün şölə saçar göydəki ay tək,

Dəstələyib siyah zülfün yana çək,

Ağ üzünə töküşünə dözmənəm.


Allahdan istərəm alsın canımı,

Kirpiyin nəştərdir, töksün qanımı,

Yolunda tərk etdim xanimanımı,

Göz süzüb, qaş çəkişinə dözmənəm.


Dostməhəmməd, yardan ayrı qalıbsan,

Bil ki, özün eşq oduna salıbsan,

Dilbər, şivə ilə canım alıbsan,

Oğrun-oğrun baxışına dözmənəm.

1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə