ƏDƏBİYYAT:
1. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
2. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya. Bakı: 479 s.
Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996
Əliyev B.H. J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996
Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998
Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002
Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003
Pestalotsi I.H. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1970
Andreeva Q.M. Sozdannaə psixoloqiə. M., 1980
Anağev B.Q. Psixoloqiə pedaqoqiçeskie oüenki: M., 1980, T.2
Bruner .C. Psixoloqiə poznanie. M:1977
Berns R. Razvitie «Ə» konüepsiə i vospitanie, M. 1989
Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M., 2005
Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000
Vvdenie v praktiçeskuö soüialnuö psixoloqiö. (Pod.red. Ö.M.Jukova). M.: 1996
Vıqotski L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996
Mövzu 18. Təlimdə qiymətləndirmənin psixoloji məsələləri
Plan:
1. Qiymətləndirmə haqqında ümumi məlumat
2. Qiymətələndirmənin effektivliyi
3. Qiymətləndirmənin növləri
Qiymətləndirmə şagirdlərin biliklərin mənimsəmə imkanlarını, onun səviyyələrini müəyyənləşdirməyə, məktəb proqramının həyata keçirilməsinin nəticələrinin konkretləşdirilməsinə imkan verir.
Dərsdə şagirdin qabiliyyətlərinə, bilik səviyyəsinə, yerinə yetirdiyi tapşırığa verilən qiymət yalnız onun biliklərə olan münasibətini deyil, həm də onun şəxsiyyətinin inkişafını səciyyələndirir.
İnsan sosial varlıqdır. O başqasının verəcəyi qiyməti gözləyir və bəzən onu qabaqcadan görür. Qiymətləndirmə onun şəxsiyyətinə təsir göstərir, fəaliyyətinin bu və ya digər istiqamətə yönəlməsini şərtləndirir.
Sözlə qiymətləndirmə və ya rəqəmlə qiymətləndirmənin təzahürü müvəffəqiyyətli işin ictimai əhəmiyyətini qabardır və şagirdlərin özünün ictimai mənsubiyyətini dərk etməsini yüksəldir.
Məhşur rus pedaqoqu və psixoloqu P.F.Kapterev müəyyən etmişdir ki, şagirdlərdə sosial qiymətləndirməyə meylinin inkişafı, başqalarının onlar haqqında necə düşündüklərini qiymətləndirmək, onlara hörmət edilməsi və onların müvəffəqiyyətlinin və ya müvəffəqiyyətsizliyinin hansı səviyyədə olmasının bilmələri marağından qaynaqlanır.
Uşaqlar ətrafdakıların onların əməllərinə, hərəkətlərinə verdikləri qiymətə laqeyd deyillər. Onlar bu qiymətdə onlara olan münasibəti və özlərini çatışmamazlıqlarına olan münasibəti görürlər. Istənilən yaş dövründə təlim fəaliyyətində verilən qiymətə heç bir şagird laqeyd qala bilməz. B.Q.Ananyev haqlı olaraq göstərir ki, bir sıra intellektual gərginlik situasiyaların və görülən işə pedaqoji qiymətləndirmənin olmaması müəllimin şagirdlərə neqativ münasibətinin açıq təzahüründən fərqli olaraq depressiv təsir göstərir.
S.L.Rubinşteynin fikrincə isə qiymətləndirmə özünəməxsus psixoloji ölçülərə malikdir. Qiymətləndirmə fəaliyyətin məqsədi deyil, onun nəticəsi olmalıdır. Əgər qiymət fəaliyyətin əsas məqsədi olursa, o zaman insan yerinə yetirdiyi iş haqqında deyil, onun qiymətləndirilməsi haqqında, onun gördüyü işin xoşa gəlib-gəlməyəcəyi haqqında düşünür. Qeyd olunmalıdır ki, iş və ya fəaliyyətin müvəffəqiyyətinin psixoloji yönəlişliyi özünəinamdan və özünəinamsızlıqdan çox asılıdır. Pedaqoqlar bu fakta diqqət yetirməlidirlər.
Əgər şagird özünəinamlı deyilsə, onun səhv etməsi ehtimalı artır. Səhv etmək qorxusu yeni bir fəaliyyətdə onun müvəffəqiyyətinə daha çox ziyan vurur. Hələ qədim dövrlərdə hesab edirdilər ki, səhv etmək insanın yüksəlişinə kömək edən bir elmdir. Səhv etmək psixoloji baxımdan qorxu deyil, onun düzədilməsinə cəhd göstərməmək qorxuludur. Onun vərdişə çevrilməsi isə artıq şagird üçün, təlim üçün faciədir.
Hərəkətlərin, fəaliyyətin və ya əməyin nəticəsinin qiymətləndirilməsi situasiyanın, arzu edilən və arzu edilməyən olmasından asılı olaraq müxtəlif cür qavranılır. Şəxsiyyətin qiymətləndirilməsi, hərəkətlərin nəticəsinin qiymətləndirilməsindən fərqli olur və özünəməxsus tərzdə subyektə təsir göstərir.
Uşaqlarla iş zamanı, eləcə də təlim-tərbiyə prosesində nəzərə almaq lazımdır ki, onların özünüqiymətləndirməsi bu və ya digər səviyyədə böyüklərin -müəllimlərin verdiyi qiymətdən çox asılı olur. Şagirdə pozitiv münasibəti bildirmək üçün, onun hərəkətlərini və ya dərsə cavabını nəzərə alarkən aşağıdakı formuladan istifadə etmək məqbul sayıla bilər: «Sən yaxşı şagirdsən. Ancaq sənin bu hərəkətin və ya cavabın məqbul deyil!
Məktəbdə qiymətləndirmə, adətən, biliklərin yoxlanılması prosesində təzahür edir. Biliklərin yoxlanılması və qiymətləndirilməsi nəinki şagirdlərin dərsi qavrama və anlama səviyyəsini yüksəldir, həm də onların təlim materiallarına münasibətini müəyyənləşdirməyə imkan verir.
Qiymətləndirmə olmadan şagirdlərin cavabı və yerinə yetirdikləri işin keyfiyyəti az effektlidir.
Fənn üzrə qiymətləndirmə şagirdlərin bilikləri qavrama səviyyəsinə, materialın anlama dərəcəsinə, həmçinin, öz fəaliyyətinin nəticələrini özünəməxsus qiymətləndirməyə məcbur edir.
Ümumiyyətlə götürdükdə, müəllimin qiymətləndirmə meyarları əsasən iki istiqamətdə aparılır:
1. Təlim materialı haqqında biliklərə görə.
2. Bu materialın başa düşülməsi dərəcəsinə və tapşırıqların yerinə yetirməsi səviyyəsinə görə.
Şagirdlərin fəliyyətini qiymətləndirərkən onların şəxsiyyəti deyil, fənn haqqında bilikləri, dünyagörışü, düşüncə tərzi qiymətləndirilməlidir. Təəssüf olsun ki, indinin özündə də şagirdləri şəxsiyyətinə görə, digər keyfiyyətlərinə görə «yaxşı» və ya «pis» qiymətləndirən müəllimlərə rast gəlinir. Bu müəllim üçün peşə deformasiyasıdır.
Qiymətləndirmə şagirdə anladır ki, hər hansı işdə müvəffəqiyyət yalnız gərgin və davamlı əməyin nəticəsində mümkündür. Bundan əlavə qiymətləndirmə şagirdə öz gərgin əməyinin nəticəsindən zövq almağa, onunla fəxr etməyə şərait yaradır. Ancaq hazır şəkildə tapşırığın cavabını əldə etməsi və ya başqa şəkildə onu almasından gözlənilən nəticə şagird tərəfindən dərk ediləndə, o hörmətə layiq olmur. Qiymətləndirmə təlim və şagird üçün vacib olan özünütəsdiqin əsasını qoyur. Şagirdin öz imkanlarının gerçəkləşdirməsinə stimul verir.
Pedaqoji qiymətin peşə səviyyəsində təzahürü hər şeydən əvvəl, şagirdin nəzarət lokusunun hansı səviyyədə qəbul etməsindən çox asılıdır. Lokus kontrol daxili və xarici olur. Xatırladaq ki, daxili lokus kontrol zamanı insan hesab edir ki, onun uğurları, müvəffəqiyyəti, onun özündən, özünə inamından deyil, onun biliyindən, qabiliyyətlərindən, arzularından və s. asılıdır. Hər şeyə görə o özü cavabdehdir. Xarici lokus nəzarət zamanı isə insan özünün uğur və müvəffəqiyyətsizliklərində xarici amilləri günahlandırır. Bəxtim gətirmədi və ya bəxtim gətirdi, çox çətindir, çox asandır, hər yerdə ədalətsizlikdir və s. kimi düşünən insanlar xarici lokus kontrola hərəkətlərə malik olurlar. Belə halda insan öz fəaliyyətinin nəticəsinə görə məsuliyyət hiss etmir. Aydındır ki, şagird şəxsiyyətinin inkişafı üçün daxili lokus nəzarət daha arzuediləndir. Pedaqoqlar bunu nəzərə almalıdırlar. Məktəbdə qiymətləndirmə yalnız müəllimin şifahi mühakimələrində (şifahi qiymət) deyil, həm də çox hallarda, rəqəmli qiymətlə həyata keçirilir.
Sözlü qiymətləndirmə – gerçəkləşdirilən fəaliyyətin müəllim tərəfindən şifahi qiymətləndirilməsi prosesidir. Rəqəmli qiymətləndirmə prosesin və ya fəaliyyətin formal-məntiqi nəticəsidir.
Müəllimin qiymətləndirməyə (sözlü qiymət) formaca öz mühakimələri vasitəsilə yanaşmasına münasibət müsbət istiqamətdə hər kəs tərəfindən qəbul edilir və düzgün hesab edilir. Ancaq “otmetka”ya (rəqəmli qiymət) pedaqoji-psixoloji ədəbiyyatda münasibət birmənalı deyil.
Görkəmli rus psixoloqu L.S.Vıqotski göstərir ki, «uşaq öz hərəkətlərinin son nəticələrini bilməlidir və bu bilik pedaqoqların əlində gözəl tərbiyə vasitəsidir. Rəqəmli qiymətləndirməyə isə müəllif özünün neqativ münasibətini bildirir. Müəllif hesab edir ki, otmetka formalı qiymətləndirmə özündə bir sıra kənar sapmaları əks etdirir. Şagird yalnız ona görə oxuyur ki, o təlimdən pis qiymət almasın və ya yaxşı qiymətləndirilsin.
Psixoloji-pedaqoji ədəbiyyatda sözlü və ya rəqəmli qiymətdən istifadə edilməsi məsələsi hələ də diskussiya predmetidir. Bir qrup hesab edir ki, rəqəmli qiymətləndirmə saxlanılmadır. Digərləri isə onun təlim fəaliyyətinə vurduğu zərərli təsirə görə onun ləğvini əsas gətirir. Müasir təhsildə, xüsusən də Boloniya istiqamətində 100 ballıq sistemə keçilməsi qiymətləndirməni bir qədər yumşaltsa da əslində həll etmir. Həmçinin ümumtəhsil məktəblərində 5 ballıq qiymətəndirmənin qalması da təbii ki, müsbət nəticələr verə bilməz.
Bir məsələni də qeyd etmək lazımdır ki, istər-istəməz pedaqoji qiymətəndirmə fəaliyyəti bu və ya digər şəkildə müəllimin obyektiv və subyektiv mövqeyinə əsaslanır.
Hər bir müəllimin qiymətləndirmədə özünün kriteriyaları, meyarları var. Ən vacibi odur ki, şagird nə üçün hansı qiyməti almasını başa düşsün və ya müəllim onun başa düşəcəyi şəkildə şərh edə bilsin. Bunun üçün elə şərait yaradılmalıdır ki, yeni dərsi keçərkən həm də şagirdlər qiymətləndirmədə müştərək iştirak edə bilsinlər. Şagirdlərin dərs prosesində müəllimin razılığı ilə özlərini qiymətləndirməsinə çalışmaq lazımdır. Bu zaman qiymətin obyektiv və ya subyektiv olması şagirddə şübhə doğurmur və ya onları frustrasiya vəziyyətinə salmır.
Dərs zamanı ilk hallarda pozitiv qiymətləndirmədən məsələn (4), yaxşı və ya (5) əla – istifadə etmək lazımdır. Ancaq qiymətin hansı meyara əsasən qoyulduğu mütləq şərh edilmədir.
D.B.Elkonin qeyd edir ki, şagirdin müəllim tərəfindən verilən qiyməti başa düşməsi üçün onun özünü yüksək və ya adekvat qiymətləndirməsi zəruridir. Bu isə birdən-birə baş vermir. Bunsuz şagirdlə-müəllimin qiymət haqqında dialoqu iki kar adamın danışığına bənzəyir . Şagirdin özünüqiymətləndirməsi yüksədilməsi üçün elə şərait yaradılmalıdır ki, hər bir şagird fərdi şəkildə müəllimlə söhbət apara, ondan məsləhət ala bilsin. Yəni dərs şəraiti elə qurulmalıdır ki, şagird özünü müstəqil, kənar təsirdən uzaq mühitdə görə bilsin. Müəllim və şagirdlər arasında qarşılıqlı inam səviyyəsinin yaranması bu prosesin müsbət yönümdə inkişafına şərait yarada bilər.
Qiymətləndirmə situasiyası o zaman effektiv olur ki, müəllim və şagird bir-birini eşidir, başa düşür, eləcə də hər ikisi subyekt mövqeyində olurlar. Müəllim və şagird birlikdə təhlil edir, cavabların keyfiyyətini, yerinə yetirilmiş tapşırıqların düzgünlüyünü və ya səhvliyini müzakirə edir və qiymətləndirirlər.
Şagirdin təlimin subyekti kimi mövqeyi onda təzahür edir ki, o yalnız təlim materialının məzmununu mənimsəmir, həm də onun özü-özünün təlim-idrak fəaliyyətini nəzarətə götürür və korreksiya edir. Belə təlim situasiyasında şagirdin diqqəti qiymətləndirməyə deyil, tapşırığın yerinə yetirilməsinə idraki və təlim maraqları ilə bağlı olan motivlərin inkişaf etdirilməsinə yönəlir. Dərsdə qiymətləndirmə fəaliyyətində subyekt-subyekt münasibətlərinin pozulmasında şagird ona verilən qiymətin xarakterini bilmir və qiymətin özü motivləşdirici fakta çevrilir.
Qiymətin şagirdin əhval-ruhiyyəsinə, onun şəxsiyyətinin inkişafına təsirini A.V.Petrovski aşağıdakı kimi xarakterizə edir:
- «Zəfər çalan» «beş».
- Ümid verən «dörd».
- adət olunmuş «üç».
- darıxdırıcı «iki» .
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, peşə nöqteyi-nəzərindən qiymətləndirmədən davranışın idarə olunmasında və təlimdə digər məsələlərin həllində istifadə edilməsi cinayət əməlidir. Müəllim heç bir halda bunu etməməlidir.
Psixoloji-pedaqoji ədəbiyyatda qiymətləndirmə ilə bağlı bir sıra tövsiyələr verilmişdir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
- Qramatik səhvlərə və yazıya görə qiyməti aşağı salmaq olmaz;
- Verilmiş tapşırıqlardan imtina və ya onların nəticələrinə görə (əgər bu psixoloji səbəblə bağlıdırsa) qiyməti aşağı salmaq olmaz;
- Dərsdə fəallığa, bir yerdə qərar tutmamağa görə də qiyməti aşağı salmaq olmaz;
Biliklərin yoxlanmasında dərsi xüsusi mərhələyə ayırmağa ehtiyac yoxdur. Prosesin istənilən məqamında bunu həyata keçirmək olar.
Biliklərin yoxlanılmasını şifahi və yazılı formada həyata keçirmək olar. Biliklərin şifahi yoxlanılmasında əsas meyar, şagirdin düşünmə qabiliyyətinə, təsəvvüretməsinə, nəzəri bilikləri həyata tətbiq edə bilməsi üsuluna verilməlidir.
- şagirləri dərsdə fəallaşdırmaq üçün diskussiyaya daha çox şagird cəlb etmək lazımdır.
- kiçik məktəblilərdə sorğu və ya yoxlama davamlı olmalıdır.
Yuxarı siniflərdə qiymətləndirmə bir qədər mürəkkəbləşdiyindən onlar üçün vaxt amili müəyyən etmək vacibdir. Bu zaman intervalı 8-12 dəqiqədən artıq olmamalıdır.
Azərbaycan psixoloqu professor Ə.Ə.Əlizadə qeyd edir ki, təhsilin humanitarlaşdırılması, dərsin infrastrukturu, şagirdin təlimdə geridə qalması, pedaqoji qiymətin effektləri – hallarının hər biri öz-özlüyündə önəmli pedaqoji-psixoloji prosesdir, lakin onların hamısı bu və ya digər dərəcədə köklü mətləblə – tələbat – motivasiya sahəsinin formalaşması ilə bağlıdır. Pedaqoji qiymətin psixoloji məsələləri hər bir dövr üçün aktual olmuşdur və yəqin ki, yaxın gələcəkdə bu köklü problem pedaqoqların, psixoloqların köməyi ilə həll olunacaqdır.
Dostları ilə paylaş: |