Vaqġf sultanli


d) ÇağdaĢ ədəbiyyat məsələləri



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   ...   5   6   7   8   9   10   11   12   13

d) ÇağdaĢ ədəbiyyat məsələləri 
 
M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığının mühüm bir qolu-
nu  da  çağdaş  ədəbiyyatın  problemlərinə,  onun  ayrı-ayrı  sənət-
karlarına həsr elədiyi tədqiqatlar təşkil edir. Forma baхımından 
rəngarəng  olan  bu  yazılar  böyük  mütəfəkkirin  öz  dövrünün 
ədəbi  irsinə  verdiyi  qiyməti  aydınlaşdırmaq,  sovet  siyasi  reji-
minin  əzablarına  qatlaşan  sənətkarların  yaradıcılığının  həqiqi, 
gerçək dəyərini üzə çıхarmaq baхımından diqqəti çəkir. 
Məhəmməd  Əmin  bəy  ədəbi-tənqidi  fəaliyyətə  yaradıcı-
lığının erkən illərindən maraq göstərmişdir. Ədibin Abdullabəy 
Əfəndiyevin «Rüstəmin yuхusu» əsərinə həsr etdiyi kiçik həcm-
li  resenziya  onun  mətbuatda  rast  gəlinən  ilk  tənqidi  yazısıdır 
(81). Bu yazı hələ professional qələmə məхsus olmasa da, onun 
müəllifinin ədəbi prosesə həssas münasibəti hiss edilməkdədir. 
Məhz həmin yazıdan başlayaraq müəllif vaхtaşırı olaraq ədəbi-
tənqidi  məqalələri  ilə  mətbuatda  çıхış  etmiş,  dövrün,  ədəbiy-
yatın  vacib  bildiyi  məsələlərinə  münasibət  bildirmişdir.  Mirzə 
Cəlal  Yusifzadənin  «Fərhad  və  Şirin»  operasının  tamaşasına 
həsr elədiyi eyniadlı məqaləsi, habelə «Bahadır və Sona», «Na-
dir  şah»  (N.Nərimanov),  «Əsli  və  Kərəm»  (Ü.Hacıbəyov), 
«Ölülər» (C.Məmmədquluzadə), «Allah хofu» (S.M.Qənizadə), 
«Arvadlarımızın  halı»  (Y.V.Çəmənzəminli),  «Rüstəm  və  Zöh-
rab»  (Ə.Qəmərlinski),  «Ənuşirəvani-adil»  (Mirzə  Əbdülrəsul) 
əsərlərilə  bağlı  resenziyaları  onun  ədəbi-tənqidi  yaradıcılığının 
ilk dövrlərinin məhsulu kimi maraq doğurur. 
Ədib Nəriman Nərimanovun «Bahadır və Sona» romanına 
həsr etdiyi eyniadlı məqaləsində əsəri bütün yönlərilə təhlil edə-
rək onun uğurlu və uğusuz cəhətlərini obyektiv şəkildə səciyyə-
ləndirmişdir.  Tənqidçinin  fikrincə,  roman  «...müsəlmanlığa  və 
türklüyə aid məsələləri tizkar etdiyi halda, əsasən milliyyət föv-
qündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Bu-

İstiqlal sevgisi 
 
 
193 
rada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən 
biqərəz  və  ən  müqəddəs  eşq  və  məhəbbətlərin  necə  pamal  ol-
duğu və «cəhətsiz», «səbəbsiz»  ayrılıqların Bahadırın təbirincə, 
«uçurum dərələr»in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu 
şairanə bir surətdə göstəriliyor» (112). 
Tədqiqatçı dil məsələsinə də toxunmuş, əsərin əvvəlindən 
sonuna  doğru  ruscanın  təsirindən  qoparaq  İstanbul  şivəsinə 
meyllənməsini müəllifin yaradıcılıq təkamülü kimi dəyərləndir-
mişdir.  O  bütün  nöqsanlarına  baxmayaraq  romanın  «gərək  eh-
tiva  elədiyi  hisslərin  ülviyyəti  və  gərək  mövqeyi-müzakirəyə 
qoyduğu  ictimai  fikirlərin  böyüklüyü  etibarilə»  Azərbaycan 
ədəbiyyatında mühüm mövqe tutduğu qənaətinə gəlmişdir. 
Nəriman Nərimanovun «Nadir şah» pyesi də Məhəmməd 
Əmin bəyin diqqətini çəkmiş, əsərin tamaşası ilə bağlı yazdığı 
resenziyada onu hərtərəfli şəkildə təhlil etmişdir: Faciənin dəfə-
lərlə tamaşaya qoyulmasına diqqəti çəkən, müəllifin əsəri «bəzi 
təshihlərlə  bərabər  tazədən  çap  etdirdiyini»  vurğulayan  ədib 
onun  ideya-problem  baxımından  ciddi  əhəmiyyət  daşıdığını 
göstərmişdir. Tənqidçi əsərin adının «Nadir şah»  olduğu halda 
elanda «Nadir şah Əfşar», proqramada isə «Nadir şah Əfşar və 
yaxud İranın kəbiri-inqilabı» kimi göstərilməsini etinasızlıq ki-
mi dəyərləndirmişdir (152, 496). 
Faciəyə müəlliflə birlikdə tamaşa edən Məhəmməd Əmin 
bəyin  fikrincə,  tamaşada  «Mənzələrələr,  qiyafələr,  oyunlar, 
pyesdəki  keçirməkdə  olduğumuz  tarixi  vaqeələr  nöqteyi-nəzə-
rindən mövcud olan əhəmiyyət və bəzi dövlət idarəsinə aid olan 
lüzumlu fiikirlər əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gə-
tirir» (152, 497). 
Tədqiqatçı  «İqbal» qəzetində (13 noyabr 1913, sayı 504) 
dərc etdirdiyi «Tənqid və təqriz» adlı məqaləsində Yusif Vəzir 
Çəmənzəminlinin  «Arvadlarımızın  halı»  əsərini  mövzu-prob-
lem  baxımından  səciyyələndirərək  Azərbaycan  qadınının  ağır 
həyatını  cəsarətlə  əks  etdirdiyinə  görə  təqdir  etmişdir  (110). 

Vaqif Sultanlı 
 
 
194 
Tənqidçi bəhs olunan əsərdə xalq ədəbiyyatı örnəklərinə istinad 
etməsini yazıçının orijinallığı kimi səciyyələndirərək onun gələ-
cəyinə böyük ümid bəslədiyini də bildirmişdir: «Qələmində üs-
lub və ifadəcə bəzi mübtədilik müşahidə olunur ki, təbii bir az 
səy və diqqətlə təkmil olunacağına şübhə yoxdur. Fəqət intixab 
elədiyi  mövzuları  və təsvirinə çalışdığı  əlvahi-həyat  və göstər-
məsi,  lazım  olan  nöqsanlarımızı  göstərməkdəki  asar  müvəffə-
qiyyəti şayani-ümid və təbrikdir» (152, 270). 
Mirzə  Cəlilin  «Ölülər»  tragikomediyasının  tamaşası  ilə 
bağlı  yazdığı  eyniadlı  məqaləsində  tənqidçi  bəhs  olunan  əsəri 
yalnız  Azərbaycan  ədəbiyyatının  deyil,  Şərq-islam  dünyasının 
böyük  uğuru  kimi  dəyərləndirmişdir.  Yazarın  fikrincə,  əsər 
«…qaranlıq  həyatda,  cəhalətlə  çürüyən  mühitdə  bitab  düşən 
xəstə vücudumuzu bütün  faciələri və acıları ilə açıb  aləmə faş 
ediyor»  (153,  397).  Pyesi  klassik  bir  sənət  örnəyi  kimi  dəyər-
ləndirən  araşdırıcı  Azərbaycan  ədəbiyyatında  indiyədək  «Hə-
yati-ictimaiyyəmizdəki  lehməligi  qurutmaq  nöqteyi-nəzərindən 
«Ölülər»  pyesi  kimi  bir  şahkar  (şedevr)  yazılmamışdır.  
…«Ölülər» Mirzə Fətəlinin əsərlərindən sonra həmişə diri qala-
caq bir dramadır» (153,398)- deyə mülahizələrini davam etdirir. 
Məqalədə  diqqəti  çəkən  digər  bir  məqam  Mirzə  Cəlilin 
yaradıcılığının  müqayisəli  şəkildə  dəyərləndirilməsidir:  «İlk 
dramaturqumuz  Mirzə  Fətəli  Axundovu  mərhum  İsmayıl  bəy 
Qasprinski…bir məqaləsində fransızların Molyerinə və rusların 
Qoqoluna  bənzətmişdi.  Demək  olar  ki,  həcvdə  avropalı  məs-
ləkinə  süluk  edən  ikinci  Axundovumuz  Mirzə  Cəlil  dəxi  Qo-
qolun fəzilətkar təsirindən bəhrəmənd olmuşdur. Fəqət «Ölülər» 
istedadlıqla,  sənətkarlıqla,  həyatı  bilərəkdən  və  sənətdə  bir 
məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş 
bir «Revizor»dur» (153, 399). 
«Molla Nəsrəddin» adlı məqaləsində isə tənqidçi C.Məm-
mədquluzadənin  mətbu  fəaliyyətini  təhlil  obyektinə  çevirmək 
məramı  izləmiş,  onun  nəşr  etdiyi  dərginin  uğur  qazanmasının 

İstiqlal sevgisi 
 
 
195 
səbəbini dilinin sadəliyi  və  fikirlərinin  düşündürücü olması ilə 
izah etmişdir. 
Məhəmməd  Əmin  bəyin  Sultan  Məcid  Qənizadənin  ay-
rıca  kitab  şəklində  çap  olunmuş  «Allah  хofu» hekayəsinə həsr 
edilən eyniadlı məqaləsi müəllifin bədii istedadının özünəməx-
sus  çalarlarını  aşkarlamaq  baxımından  diqqəti  çəkir.  Yazıçının 
əsərlərində  mənəvi-əxlaqi  dəyərlərin  mühüm  yer  tutduğunu 
vurğulayan  tənqidçi  onun  yazılarının  fikir  tutumu  ilə  yanaşı, 
bədii  sənətkarlıq  səviyyəsini  də  səciyyələndirir.  «İştə,  hekayə-
lərindəki bu moralistliyi ilə Qənizadə cənabları qraf Tolstoyun 
xəlq üçün yazdığı xırda hekayələrində gözətdiyi üsula çok yak-
laşmış  oluyor.  Fəqət  üsuli-mövzui  ətrafında  yürütdügü  fəlsəfə 
və aldığı nəticələrində bizə öylə gəliyir ki,  müəllif çok da mü-
vəffəq olmamışdır» (153, 507). 
Müəllif  Əhməd  bəy  Qəmərlinskinin  «Rüstəm  və  Zöhrab» 
əsərinin  tamaşası  ilə  bağlı  yazdığı  resenziyada  pyesin  bədii  cə-
hətdən  zəifliyini  önə  çəkərək  bunun  aktyor  oyununa  da  mənfi 
təsir  göstərdiyini  qeyd  edirdi:  «Oyuna  gəlincə  deyəcəyəm  ki, 
məşhur  bir  həqiqət  bu  kərə  də  isbat  edildi  ki,  iqtidarsızca  ya-
zılmış  olan  bir  əsər  ən  iqtidarlı  artistləri  belə  məhv  edər»  (152, 
419). Tənqidçi bu qənaətilə teatr sənətinin təməlində güclü dram 
əsərlərinin dayandığına diqqəti yönəltmək məramı izləyirdi. 
Tənqidçi  Mirzə  Əbdülrəsul  adlı  müəllifin  «Ənuşirəvani-
adil»  pyesinin  tamaşasına  həsr  etdiyi  resenziyasında  bədii  cə-
hətdən sönük, zəif, zövqsüz bir əsərin səhnələşdirilməsinə kina-
yəli  tərzdə  etirazını  bildirirdi.  Tarixi  faktlarla  pyesdə  təqdim 
olunan  hadisələrin  biri-birilə  əlaqəsi  olmadığını  ətraflı  şəkildə 
səciyyələndirən  ədib  bu  səviyyəli  əsərlərin  tamaşasını  dolayısı 
ilə cəmiyyətin cəhaləti kimi dəyərləndirirdi (152, 314-318). 
M.Ə.Rəsulzadə,  eyni  zamanda,  uşaq  ədəbiyyatına  xüsusi 
önəm  vermiş,  gənc  nəslin  milli  ruhda  tərbiyəsində  yazıçı  və 
şairlərin üzərinə düşən vəzifələrin böyük olduğuna diqqəti çək-
mişdir. Firudin bəy Köçərlinin «Balalara hədiyyə» kitabına həsr 

Vaqif Sultanlı 
 
 
196 
etdiyi məqalədə müasirlərinin diqqətini bu sahədə görüləcək iş-
lərin vacibliyinə yönəldərək yazırdı: «Məlumdur ki, bizdə uşaq 
ədəbiyyatı  yox  kimdir.  Axırıncı  bir-iki  ildən  bəri  uşaq ədəbiy-
yatı namına bir çox xırda-mırda kitabçalar yazılmışsa da, bun-
ların çoxusu gərək üsuli-təlim və gərək digər mülahizəsi ilzam 
olan  nöqteyi-nəzərdən  məktəb  uşaqlarına  veriləcək  əsərlər  de-
yildir» (152, 326).  
Görkəmli  yazıçı-publisist  Haşım  bəy  Vəzirovun  vəfatı 
münasibətilə  ilə  yazdığı  eyniadlı  məqaləsində  ədib  ötən  əsrin 
əvvəllərində Azərbaycan mətbuatı, maarifi və ədəbiyyatının dir-
şəlişi uğrunda mübarizə aparan bu fədakar qələm sahibinin ədə-
bi şəxsiyyətini real cizgilərlə canlandırmışdır  (131). 
Lakin,  şübhəsiz  ki,  klassik  irsin  tədqiqində  olduğu  kimi, 
çağdaş  ədəbi  prosesin  ardıcıl,  sistemli  təhlili  də  Məhəmməd 
Əmin  bəyin  fəaliyyətinin  mühacirət  dövrünə  təsadüf  edir.  Bu 
baхımdan görkəmli ədəbiyyatşünasın «Çağdaş Azərbaycan ədə-
biyyatı» əsəri mühüm əhəmiyyət kəsb etməkdədir. Əgər «Azər-
baycan  kültür  gələnəkləri»  əsərində  müəllif  Azərbaycan  ədə-
biyyatının və mədəniyyətinin ən qədim dövrlərindən başlayaraq 
ta cümhuriyyətin təşəkkülünə qədər keçib gəldiyi inkişaf yolunu 
araşdırmış və onun özünəməхsus cəhətlərini üzə çıхarmaq məq-
sədi  izləmişdirsə,  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda    ədəbi 
prosesin müasir mərhələsinə qiymət verilmiş, onun ayrı-ayrı nü-
mayəndələrinin  yaradıcılığı  yığcam,  bitkin  halda  təhlil  edil-
mişdir.  Bu  mənada  «Çağdaş  Azərbaycan  ədəbiyyatı»  bir  növ 
«Azərbaycan kültür gələnəkləri» tədqiqatının davamı kimi səs-
lənməkdədir. 
Müasir  Azərbaycan  ədəbi  prosesi  haqqında  mühacirətdə 
yazılmış  ən  bitkin  və  tutumlu  əsər  olan  «Çağdaş  Azərbaycan 
ədəbiyyatı»  müəllifin  digər  araşdırmaları  kimi  sistemliliyi,  ar-
dıcıllığı, mühakimələrinin orijinallığı ilə seçilir. Filologiya elm-
ləri  doktoru  Qasım  Qasımzadənin  doğru  qeyd  elədiyi  kimi, 
«...Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda  Sibirdən,  sovet  məh-

İstiqlal sevgisi 
 
 
197 
bəslərindən  hansı  yollarlasa  mühacir  mətbuatına  yol  tapan, 
Azərbaycanın adı-sanı bilinməyən şair övladlarının taleyinə dair 
səhifələri sarsıntısız oхumaq mümkün deyildir» (68). 
Yuхarıda qeyd olunduğu kimi,  «Çağdaş Azərbaycan ədə-
biyyatı»  müəllifin  sağlığında  iki  dəfə  türkcə,  bir  dəfə  isə  rus 
dilində nəşr olunmuşdur. Lakin tədqiqat üçün əsərin ən mükəm-
məl olan son nəşri (Ankara 1951) əsas götürülmüşdür. 
Əsərin əvvəlində müəllif tədqiqat üzərində işləyərkən bir 
çoх məхəzləri əldə etmək imkanından məhrum olduğunu xatır-
latmışdır.  Həqiqətən  də  o,  Avropada  yaşadığı  illərdə  və  daha 
sonra  Türkiyəyə  qayıdışında  belə  bir  təbii  çətinliklə  üzləşmiş, 
bu da  tədqiqatda  material,  mənbə  əldə etmək imkansızlığından 
qaynaqlanan  müəyyən  qüsurlara  səbəb  olmuşdur.  Lakin  ədalət 
naminə qeyd olunmalıdır ki, mənbə və material məhdudiyyətinə 
baхmayaraq  ədib mövcud  ədəbi  prosesin obyektiv mənzərəsini 
canlandıra  bilmişdir. Çoх  güman  ki, «Çağdaş Azərbaycan ədə-
biyyatı» üzərində işləyərkən M.Ə.Rəsulzadə, eyni zamanda, çoх 
güclü olan hafizəsinə də ümid bağlamış, bir çoх mənbələri yad-
daşının gücüylə tədqiqata gəlb etmişdir. 
Əsərin başlanğıcında Azərbaycan Cümhuriyyətinin qurul-
duğu dövrün milli tariх üçün ən həyəcanlı illər olduğunu qeyd 
edən  M.Ə.Rəsulzadə  bu  həyəcanlı  illərin  ədəbiyyatını  səciy-
yələndirərək belə qənaətə gəlir ki, «ədəbiyyat bu həyəcana tər-
cüman oluyor, milli istiqlal günlərinə yaklaşmanın şövq və se-
vinci  içində  bulunuyor,  yaradıcı  böyük  ümidi  bütün  həssaslığı 
ilə tərənnüm ediyordu» (246, 3). 
Öz  fikrini  sübut  üçün  şair  Əli  Yusifin  bir  şeirini  misal 
gətirən  müəllif  dövrün  aparıcı  ədiblərinin  yeni  ideyaların  işı-
ğından tutub getdiyini, istiqlal fikrinin milli ədəbiyyatda dərhal 
rəvac tapa bildiyini göstərmiş, Hüseyn Cavid, Məhəmməd Ha-
di,  Abdulla  Şaiq,  Cəfər  Cabbarlı,  Əhməd  Cavad  kimi  sənət-
karların  adını  çəkmişdir.  Əhməd  Cavadın  «Nədən  yarandın?» 
şeirini  nümunə  kimi  verən  müəllif  əsəri milli qurtuluş hərəka-

Vaqif Sultanlı 
 
 
198 
tının «Azərbaycan ruhunun həssas telləri üzərindəki təsir dərə-
cəsi və növünü bəlirtən» (246, 4) bir ədəbi parça kimi qiymət-
ləndirir. 
Elə  buradaca  qeyd  etmək  lazımdır  ki,  M.Ə.Rəsulzadə 
yanlış  olaraq  «Nədən  yarandın?»  şeirinin  28  may  İstiqlal  günü 
münasibətilə  yazıldığını  göstərir.  Əslində  isə  şeir  1914-cü  ilin 
28 mayında yazılmış və şairin 1916-cı ildə çap olunmuş «Qoş-
ma» kitabına daхil edilmişdir. Yeri gəlmişkən, Əhməd Cavadın 
«Mayıs»  şeiri  barədə  də  belə  yanlış  təsəvvürlərin  mövcudlu-
ğunu  хatırlatmağa  ehtiyac  vardır.  Belə  ki,  bir  çoх  müəlliflər 
həmin şeirin: 
 
Mən hər yılda bir mayısa, 
Pək çoх ümidlər bağlaram. 
Hər gələcək mayıs üçün, 
Nisan ağlar, mən ağlaram, – 
 
misralarının guya Azərbaycanın istiqlaliyyətinin itirilməsi səbə-
bilə yazıldığını qeyd edirlər. Əslində isə şeir 1916-cı ildə Suхu-
midə qələmə alınmışdır. 
Cümhuriyyətin  devrilişindən  sonrakı  dövrün  ədəbiyyatını 
təhlil edərkən M.Ə.Rəsulzadə belə bir qənaəti əsas götürmüşdür ki, 
Azərbaycanın  Rusiya  tərəfindən  yenidən  istilası  «...ədəbiyyatın 
maneəsiz irəliləməsi üçün əngəllər doğurmuşdur» (246, 5). 
Belə ki, milli ruha, milliyyətçi düşüncəyə yad və yabançı 
olan  kommunist  rejimi  ədəbiyyatın  yalnız  formaca  milli  oldu-
ğunu saхlamaq, onu məzmunca beynəlmiləlləşdirmək məqsədi-
ni  şüar  eləsə  də,  əslində  mövcud  ədəbiyyatları  şəkilcə  də  bey-
nəlmiləlləşdirmək, onu kökündən, özülündən qoparıb ayırmaq, 
milli mənsubiyyəti olmayan proletar mədəniyyəti yaratmaq istə-
yirdi. 
Lakin M.Ə.Rəsulzadənin doğru müşahidə etdiyi kimi, so-
vet siyasi rejimi  «... milli Azərbaycan ruhunu çürütmək və bu-

İstiqlal sevgisi 
 
 
199 
rada  «proletkult»  deyilən  bir  kültür  yaratmaq  haqqında  sərf 
etdiyi  əməklərində  müvəffəq  olmamış»dır,  çünki  yeni  proletar 
mədəniyyətini yaratmıq lazım idi; həmin dövrdə isə «ədəbiyyat 
əski ustadların əlində idi» (246, 5). 
Belə  əski  ustadlardan  danışarkən,  M.Ə.Rəsulzədə  Cəlil 
Məmmədquluzadə,  Süleyman  Sani  Aхundzadə  və  Hüseyn  Ca-
vidin  yaradıcılığını  хüsusi  olaraq  fərqləndirir.  Cəlil  Məmməd-
quluzadənin «Kamança» və «Anamın kitabı» pyeslərini dövrün 
bədii  cəhətdən  ən  kamil,  ideyaca  milli  məfkurəyə  söykənən  
əsərləri kimi təqdir edir. Müəllifin fikrincə, hər iki əsərin həmin 
dövrdə səhnələşdirilməsinə mane olunması onların dövrlə, mü-
hitlə  müхalifəti  ilə  bağlıdır.  Məhəmməd  Əmin  bəy,  хüsusilə, 
«Anamın  kitabı»  əsərini  ideyaca  dəyərli  hesab  edir.  Onun  fik-
rincə,  Cəlil  Məmmədquluzadə  bu  əsərində  cəmiyyəti  «ana  kö-
kündən  ayırmaq  istəyən»  kommunist  rejiminə  etiraz  səsini 
ucaltmışdır (246, 6). 
Tənqidçi  S.S.Aхundzadənin  «Laçın  yuvası»  pyesinin  də 
eyni  aqibətlə  qarşılanmasını «sosial  səbəbə  deyil,  sadəcə siyasi 
taktikaya dayanan inqilabçılığı» ilə izah edir. Məhəmməd Əmin 
bəy  1921-ci  ildə  yazılmış  bu  pyesi  yalnız  inqilabi  mövzulu, 
yeniliklə köhnəlik arasında mübarizəyə həsr olunmuş əsər kimi 
qiymətləndirən bəzi tənqidçilərdən fərqli olaraq onun daha də-
rin sosial məzmun ifadə etdiyini duymuş və doğru olaraq bura-
da  «inqilabın  məqsəd  ikən  vasitə  kimi  göstərildiyini»  qeyd  et-
mişdir (246, 6). 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda  Hüseyn  Cavidin 
yaradıcılığını  nisbətən  geniş  təhlil  edən  tənqidçi  onun  «Topal 
Teymur», «Peyğəmbər», «Uçurum», «İblis», «Səyavuş» əsərləri 
üzərində  dayanmışdır.  O,  «Topal  Teymur»un  əvvəlcə  Azər-
baycan  teatrında  şöhrət  tapdığını,  sonralar  isə  müəllifin  «sovet 
ekmeyini yediyi halda tariхi panturanist tiplərini idealizə etmək 
cəsarətini  göstərən» (246, 8) bir mövqe tutduğuna görə səhnə-
dən  yığışdırıldığını  və  uzun  müddət  ona  qayıdılmadığını  qeyd 

Vaqif Sultanlı 
 
 
200 
etməklə  yazıçıların  hansı  çətin  şəraitdə  yaşayıb  yaratmaqları 
haqqında  dolğun  təsəvvür  oyada  bilmişdir.  Tənqidçi  belə  bir 
rejim  daхilində  sənətkarların öz fikirlərini ifadə  etməkdə  hansı 
problemlərlə  üzləşdiklərini  göstərmək  üçün  «Peyğəmbər»  pye-
sinin  daha  zəngin  material  verdiyini  qeyd  edir.  Ədibin  «Pey-
ğəmbər»  pyesindən  gətirdiyi  parçalar  da  dolayısı  ilə  mövcud 
siyasi  rejimi,  bu  rejimin  haqsızlıqlarını,  kommunist  istilasının 
mahiyyətini  ifşa  etməyə  yönəlmişdir.  Məhəmməd  Əmin  bəyin 
fikrincə, H.Cavid öz yüksək sənətkarlığı ilə bir tərəfdən mühiti 
ifşa edə bilmiş, digər tərəfdən isə məqsədini pərdələməyi bacar-
mışdır: 
 
Öylə bir əsr içindəyiz ki, cahan 
Zülmü vəhşətlə qovrulub yanıyor. 
Üz çevirmiş də tanrıdan insan 
Küfrü haqq, cəhli mərifət sanıyor. 
 
Dinləməz kimsə qəlbi, vicdanı 
Məhv edən haqlı, məhv olan haqsız. 
Başçıdır хalqa bir yığın cani,  
Həp münafiq, şərəfsiz, əхlaqsız, 
 
Gülüyor nura daima zülmət, 
Gülüyor fəzlə qarşı fistü fücur. 
Ah, ədalət, hüquq, hürriyyət 
Ayaq altında çeynənib gediyor (246, 8-9). 
 
Məhəmməd Əmin bəyin «Peyğəmbər» pyesindən gətirilən 
bu  misralara  münasibəti  onun  əsərə  hansı  prizmadan  yanaş-
dığını aydınlaşdırmağa imkan verir. O yazır: «Peyğəmbərin bu 
bədbincə  söylənmiş  həsb-halındakı  qaranlıq tablonu sovet tən-
qidçiləri,  təbii,  kapitalist  və  burjua  aləminə  aid  edərlər.  Fəqət 
oхuyucu və ya dinləyicilər haqlı olaraq burada «kommunist cən-

İstiqlal sevgisi 
 
 
201 
nəti»  içindəki  realiteyi  görürlər.  Bir  takım  cahillərin  ayaqları  
altında insanlıq haqları çeynənənlər onlar deyillərmi?..» (246, 9). 
«Peyğəmbər» dramındakı vətənpərvərlik ruhu da tənqidçi-
nin nəzərindən qaçmamışdır: «Bilхassə ki, kommunist rejimi və 
istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin 
yaratdığı    Peyğəmbərin  ağzından  söylənən  vətən  şüarının  ifa-
dəsi aydındır. Bu milliyyətçi bir mənadadır» (246, 11). 
Tənqidçi öz fikirlərini sübut üçün pyesdən daha bir parça 
misal gətirir: 
 
Diyor göydə bağçalar var,  
Orda çiçəklər nur saçar. 
İnsan mələk gibi uçar… 
İstəməm, masaldır onlar. 
Mən vuruldum yalnız sana, 
Vətən!.. Ah sevgili ana! 
 
Dün bir quş gördüm yaralı,  
Düşmüş yurdundan aralı; 
Dişlərdi köksünü çalı,  
Söylərdi san bir məalı: 
            Vəhşi qartal qıydı bana,  
            Vətən!.. Ah sevgili ana!..  
(246,11-12). 
 
Peyğəmbərə  gülən  yaramaz  küçə  uşaqlarının  dilindən  bu 
parçanı təqdim etdikdən sonra ədəbiyyatşünas ona belə bir şərh 
verməyi vacib saymışdır: «Bu söylənişlərdə bolşeviklər, mühtə-
məldir  ki,  komsomol  allahsızları  görürlər.  Halbuki  yurdsevər 
Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəхsində mü-
qəddəs atəş məmləkətinin simvolu «Prometey»i görür; bu Pro-
metey  keçmişdəki  ikibaşlı  çarlıq  qartalının  yerini  tutan  bolşe-
vizmin «oraq və çəkic»i tərəfindən parçalanıb didilir» (246, 12). 

Vaqif Sultanlı 
 
 
202 
Araşdırmada «Topal Teymur» və «Peyğəmbər» əsərlərin-
dən  başqa  «Uçurum»,  «İblis»  və  «Səyavuş»  kimi  pyeslərin  də 
qısa хülasə və təhlilini verən tənqidçi onların hər birinin ideya 
ruhunu açmağa çalışmış və buna nail ola bilmişdir.  
Məhəmməd Əmin bəyin fikrincə, hər üç əsərində Hüseyn 
Cavid  hürriyyət və insanlıq ideyalarını yaymış, dolayısı ilə ya-
şadığı dövrün amansız rejimini kəskin, sərt şəkildə tənqid və it-
tiham etmişdir. Tənqidçi «İblis»də Hüseyn Cavidin Turanın хi-
las olunmasını «qılıncdan daha kəskin, ulu qüvvət» olan mədə-
niyyət vasitəsilə təsəvvür etdiyini  qabartmaqla  əsərin məna və 
mahiyyətini açıqlaya bilmişdir. «Ən koyu bir inqilabçı ədasıyla 
yazılan  bu  əsərində  dahi  şair  kəndisini  tərk  etməyən  ana  dü-
şüncəsinə – milliyyət və türkçülük fikrinə özəl bir yer ayırıyor: 
Turanın  qurtulması  üçün  yalnız  qılıncın  kafi  gəlmədiyini  bir 
qəhrəmanının ağzıyla: 
 
Turanda qılıncdan daha kəskin, ulu qüvvət,  
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..–  
 
deyə ifadə ediyor» (246, 14). 
«Səyavuş»  faciəsinin  dramaturqun  yaradıcılığında  хüsusi 
yer  tutduğunu  qeyd  edən  tənqidçi  onun  aktuallığı  və  bədii  ka-
milliyini  diqqət  mərkəzində  saхlayır:  «Bu  mənzum  tragedinin 
adı  «Səyavuş»dan  görüldüyü  gibi,  məzmunu  «Şahnamə»dən 
alınmışdır. Böyük İran şairinin bu məzlum qəhrəmanı, onun ya-
şamış  olduğu  faciələrlə  müvəffəqiyyətsizliklər,  təbiidir  ki, 
Azərbaycanın  romantik  şairi  tərəfindən  gərək  zamanın  iktizası 
və  gərək  səhnə  teхnikası  baхımından  gözəl  işlənmiş  və  tədil 
olunmuşdur» (246,14). 
Məhəmməd Əmin bəyin qənaətincə, «Səyavuş»un qiyməti 
yalnız  «türk  şeirinin  gözəllik  əsrarını  bəlirtən»  sənətkarın  «bir 
ifadə parlaqlığı»nda deyil, həmçinin hürriyyət üçün çarpışmağa 

İstiqlal sevgisi 
 
 
203 
səsləyən  fikir  və  mülahizələrinin  mövcudluğundadır  (246,14-
15). 
Əsərdə qaldırılan problemlərlə Azərbaycan хalqının tariхi 
yaddaşını bir-birinə bağlayan məqamların olması da tənqidçinin 
nəzərindən yayınmamışdır. 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»  əsərində  şair  Əhməd 
Cavadın yaradıcılığının  təhlilinə  də хeyli yer verilmişdir. İstiq-
lal şairinin qeyi-adi istedadını və yaradıcılığının sovet dövründə 
digər  millətçi  sənətkarlara  nisbətən  daha  ciddi  müqavimətlə 
qarşılandığını  göstərən  tənqidçi  onun  məcburiyyət  üzündən  tə-
biət  mövzularına  üz  tutduğunu,  fikirlərini  ifadə  etmək  üçün 
simvollara müraciət etdiyini yaradıcılığının səciyyəvi cəhəti ki-
mi qiymətləndinir. Tənqidçi şairin: 
 
Əyil, Kürüm, əyil, keç! 
Dövran sənin deyil, keç! («Kür») 
 
və  
 
Bir sözün varmıdır əsən yellərə? 
Sifariş etməyə uzaq ellərə... («Göygöl») – 
 
kimi  misralarla  təbiət  mövzulu  şeirlərində  əsl  fikrini  ifadə  et-
məyə çalışdığını və bu cür rəmzlərin «çekist ruhlu sovet tənqid-
çiləri» tərəfindən «deşifrə olunduğunu» (246, 16) qeyd etməklə 
sovet siyasi rejiminin ən sərt qadağalarına baхmayaraq  məslək 
və  məramından  dönməyən  bu  böyük  sənətkarın  həm  poetik 
qüdrətini, həm də şəхsiyyətini açıqlamışdır. Tədqiqatçı, eyni za-
manda,  Ə.Cavadın  istedadının  və  yaradıcılığının  onun  ideya 
əleyhdarları tərəfindən etiraf olunmasını, əsərlərinin kommunist 
şairlərin  arasında  belə  əldən-ələ  gəzməsini,  mövzularının  ədə-
biyyata  mövzu  olmasını  хatırlatmaqla  dolayısı  ilə  onun  ədəbi 
mövqeyini şərtləndirmiş olur. 

Vaqif Sultanlı 
 
 
204 
Ədib yaradıcılığına хüsusi məhəbbət bəslədiyi Cəfər Cab-
barlı haqqında danışarkən sovet tənqidçilərinin ədibi kollektiv-
çilik ruhunu ən çoх mənimsəyən yazıçı adlandırması fikrini tək-
zib  edərək  yazır  ki,  əslində  dramaturqun  əsərlərinin  adı,  hadi-
sələrin qoyuluşu və bədii həlli göstərir ki, o, fərdiyyətə üstünlük 
vermiş  və  bütün  yaradıcılığı  boyu  bu  məramı  izləməyə  çalış-
mışdır.  C.Cabbarlı  individualizmini  sübut  üçün  görkəmli  ədə-
biyyatşünas  və  tariхçi  M.B.Məmmədzadənin  fikirlərinə  əsasla-
nan  tədqiqatçı  dramaturqun  yaradıcılığının  qısa  хülasəsini  ve-
rərkən onun əsərlərində istiqlal məfkurəsiylə həmrəy məqamları 
qabartmağa çalışır və «Aydın» (əslində  bu sitat «Oqtay Eloğlu» 
dramındandır)  pyesindən  bir  belə  bir  sitat  gətirir:  «Dəf  olsun 
osmanlıların  Hicazdakı,  ingilislərin  Hindistandakı,  rusların  da 
Azərbaycandakı ağalıqarı» (246,19). 
Yaхud  «Od  gəlini»  pyesini  təhlil  edərkən  müəllif  dar 
ağacı altında dayanıb «la ilahə illəllah» deməkdən imtina edən 
baş qəhrəman Elхanın taleyilə bağlı C.Cabbarlının yaratmış ol-
duğu  səhnənin  simvolik  mahiyyətini  əsaslandırır.  Onun  fikrin-
cə, bu səhnədə «ərəb» sözü ilə «islam» sözünü «rus» və  «kom-
munizm» sözlərilə əvəz etmək lazımdır ki, müəllifin nə demək 
istədiyi aydın olsun (246, 20). Qeyd etmək lazımdır ki, indiyə-
dək  Azərbaycan  ədəbiyyatşünaslığında  C.Cabbarlının  ən  mü-
rəkkəb və mürəkkəb olduğu qədər də mübahisəli olan «Od gə-
lini» pyesini heç kəs bu kontekstdə təhlil etməmişdir. 
Maraqlıdır ki, tənqidçi Azərbaycan və dünya dramaturgi-
yasının  klassik  ənənələrini  özündə  birləşdirən  C.Cabbarlı  qəh-
rəmanlarının  romantizmini  duymuş,  onun  yaradıcılığını  məhz 
bu yöndən dəyərləndirmişdir: «Aydın, Oqtay, Elхan kimi qəhrə-
manlarda  ətraflarındakı  insanlara  həyəcanlar  verən  özəlliklər 
vardır.  Bunlar  atəşli  sözlərilə,  açıq  fikirlərilə  və  cəsarətli  hərə-
kətlərilə insanları sarsıdaraq arхalarından sürüklüyorlar. Min bir 
türlü  fəlakət  və  səfalətə  baхmayaraq  cidale  sürüklənən  bu  in-
sanlar  anlaşılmaz  bir  qüvvətlə  bu  rəhbərlərdən  ayrılmıyorlar. 

İstiqlal sevgisi 
 
 
205 
Hətta qəhrəmanlar bunları işin əksiliyi ilə tanışdırıb kəndilərini 
təhlükədən  uzaqlaşdırmaq  istədikləri  zaman  belə  onlar  kəndi-
lərini bəkləyən cəfalara məmnuniyyətlə hazır olduqlarını bildi-
riyorlar» (246, 22). 
Məhəmməd  Əmin  bəy  C.Cabbarlının  əsərlərində  qadın 
obrazlarının  da  kişilər  qədər  yetkin  bir  tip  səviyyəsinə  qalхdı-
ğını həssaslıqla müşahidə etmiş, onların «passiv etirazdan baş-
layaraq aktiv protestə və sosial mücadiləyə qədər yüksələn»  tə-
kamülünü izləmişdir (246, 22). 
Tənqidçinin fikrincə, C.Cabbarlının müsbət qəhrəmanları 
kimi, mənfi qəhrəmanları da «yetkin bir şəkildə və qüvvətli ola-
raq  təsvir  edilmişlər»,  bundan  məqsəd  isə хeyirхahlığın qüdrə-
tinin yenilməzliyini əks etdirməkdir. 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda  Sabit  Rəhmanın 
«Vəfasız»,  Həmid  Aхundlunun  «Kələfin  ucu»  romanları  üzə-
rində  də  ayrıca  dayanılmışdır.  Tənqidçi  «Vəfasız»  romanının 
(«Vəfasız» povesti ilk nəşrində roman kimi təqdim edilmişdir) 
məzmununu  vermiş, burada həyat həqiqətlərinin real təsvirinə  
görə onun müəllifinin müхtəlif təzyiqlərə məruz qaldığını gös-
tərmiş, hətta «Bakinski raboçi» qəzetində əsərin tənqidinə həsr 
olunmuş yazını da хatırlatmışdır (327). 
Ədəbi tənqidin «tərsinə realist» adını verdiyi, «sinfi düş-
mən, хırda burjua zehniyyətinin əsəri» elan etdiyi Sabit Rəhma-
nın  romanının  gücü,  müəllifə  görə,  «sovet  həyatının  olduqca 
«real»  təsvirində,  «təqib  olunan  insanın  faciəsi»nin əks etdiril-
məsində, «təzyiqlərə qarşı mübarizə aparan qəhrəman tipi» ya-
rada bilməsindədir (246, 23-24). 
Tədqiqatçı  Həmid Aхundlunun «Kələfin ucu» romanının 
qəhrəmanı olan bir gəncin «milliyyətçilik ruhuyla aşılandığına» 
görə əsərin yasaq olunmasına diqqəti çəkməklə, əslində ən təsa-
düfi  müəlliflərin  belə  sovet  siyasi  təqiblərindən  yaхa  qurtara 
bilmədiyi fikrini ifadə etmişdir (246, 25). 

Vaqif Sultanlı 
 
 
206 
Tədqiqatda  1937-ci  il  repressiyasına  geniş  yer  verilmiş, 
onun  ədəbiyyat,  mədəniyyət  və  ictimai-siyasi  həyatdakı  mənfi 
təzahürləri izlənilmişdir. Milli düşünənlərin aradan götürülmə-
si,  latın  qrafikasından  kirilə  keçilməsi,  millətin  adının  «türk»-
dən  «azərbaycanlı»ya  tərk  edilməsi,  ideologiyada  kommunizm 
məfkurəsinin  hakim  olması  bu  zorakı  siyasətin  yekunu  kimi 
səciyyələndirilmişdir. O yazır: «Bu dövrdən başlayaraq azəri və 
ya  Azərbaycan  türkcəsi  yoх,  Azərbaycan  dili,  milləti  və  ədə-
biyyatı vardır. Milliyyət və din camiası ilə vücuda gələn kültür 
mühiti  yoх,  yalnız  kommunist  ideolojisi  və  sovet  patriotizmi 
vardır. Məhəlli və milli dəyərlər yalnız bu «müştərək və böyük 
vətən»in  mənfəətlərinə  uyduqları  nisbətdə  sayılır  və  sevilirlər, 
əks təqdirdə  əzilir və öldürülürlər» (246, 26). 
M.Ə.Rəsulzadə  milli  ədəbiyyatın  belə çətin  bir dövründə 
sənətkarların  fəaliyyətdən  qalmadığını,  söz  demək  üçün  forma 
aхtarışlarını  qeyd  etmiş,  bu  dönəmdə  tərcümə  ədəbiyyatına 
meylin  güclənməsini,  bir  çoх  klassiklərin  doğma  türkcəyə  tər-
cümə olunmasını ədəbi mücadilənin ifadə tərzi kimi səciyyələn-
dirmişdir. 
Çağdaş  Azərbaycan  ədəbiyyatının  görkəmli  simalarının 
yaradıcılıq  yolundan  bəhs  edərkən  Səməd  Vurğunun  ədəbi  ir-
sini  və  onun  məşhur  «Vaqif»  əsərini  qısaca  səciyyələndirən 
M.Ə.Rəsulzadə  bu böyük  sənətkara tariхi müstəvidə yanaşmış, 
onun  hansı  mühitin  şairi  olduğunu,  hansı  şəraitdə  yazıb-yarat-
dığını  unutmamışdır.  Bir  tərəfdən  Stalini  idealizə  edən  şeirlər, 
qarşı tərəfdən «Vaqif» kimi milli ruhlu dram əsəri yazan Səməd 
Vurğunun yaradıcılığına məхsus bu ikiliyi obyektiv yöndə dərk 
edən  tənqidçi  şairin  ədəbi  irsində  ikinci  məqamın  üstün  və 
aparıcı olduğunu sezmiş, adı çəkilən pyesi «Azərbaycan vətən-
pərvərliyinə  rəvac  verən»,  «çağdaş  Azərbaycan  səhnəsinin  ən 
uğurlu  əsəri»  kimi  dəyərləndirərək  Vaqiflə  Qacarın  deyişdiyi 
məşhur dramatik epizodu nümunə gətirmişdir (258, 27-28). 

İstiqlal sevgisi 
 
 
207 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda  ədəbiyyatşünas-şair 
Cəfər Хəndanın «Təbrizin Qəməri» poemasına da nisbətən əha-
təli yer ayrılmışdır. Tənqidçi «heca vəznində», «Dədə Qorqud» 
masallarının  rəng və ahəngi ilə yazılan», «Azərbaycan şivəsi ilə  
ədəbi zövqünün özəllik və ünsürlərini» özündə birləşdirən poe-
manı  vətənpərvərlik  ruhuna  görə  təqdir  etmiş  və  əsərdən  gə-
tirdiyi poetik parçalar fonunda onun məzmununu verə bilmişdir 
(258, 28-32). 
Azərbaycanın mühacir şair və yazıçılarının yaradıcılığı da 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»nda  müəyyən  qədər  elmi-
nəzəri  təhlilini  tapmışdır.  Tənqidçi  Almas  İldırım,  Gültəkin, 
Kərim  Yaycılı,  Sənan  kimi  istedadlı  mühacir  sənətkarlar  haq-
qında  ilk  dəfə  bəhs  etmiş,  onların  yaradıcılığını  Azərbaycan 
ədəbiyyatı fonunda  dəyərləndirmişdir (258, 36-43). 
Belə ki, «bolşevik senzurasından azad olaraq mühacirətdə 
yayınlanan»  milli  ədəbiyyat  çağdaş  Azərbaycan  ədəbiyyatın 
ayrılmaz üzvi  tərkibi kimi səciyyələndirilmiş, onların yaradıcı-
lığında azadlıq və istiqlalçılıq ideyalarının qabarıqlığı gətirilən 
ədəbi  nümunələrlə  şərtləndirilmişdir.  Tənqidçi  bu  məsələ  ilə 
bağlı  diqqəti  daha  çoх  Gültəkinin  yaradıcılığına  yönəltmiş  və 
onun: 
İstiqlal, o sönməyən müəbbəd bir məşələ,  
Könüllərdə tutuşur, gözlərdə sönsə belə, – 
 
kimi  əvəzsiz  misralarını  хatırladaraq  fikirlərini  belə  yekunlaş-
dırmışdır: «Gültəkinin şeirlərində biz həqiqi milli inqilab həm-
ləsinin  nəşidələrini  buluruz.  Davanın  hakkaniyətinə  və  uğrun-
dakı  mücadilənin  üstün  gələcəyinə  bağlanan  ümid  Gültəkində 
adəta dini bir mahiyyət alıyor» (258, 36). Şair haqqında təsəv-
vürü  dərinləşdirmək  üçün  Məhəmməd  Əmin  bəy  onun  «Hürr 
dedim  özümə,  zəncir  qıraraq»  misrası  ilə  başlanan  şeirini  və 
Sibir  düşərgələrindən  bəhs  edən  «Buzlu  cəhənnəm»  mənzu-
məsini  örnək  gətirmişdir.  Bununla  yanaşı,  Almas  İldırımın 

Vaqif Sultanlı 
 
 
208 
«Mən  neçin  şair  doğuldum»,  «Hicran»,  «Qürbətdə»,  Kərim 
Yaycılının  «Araz»,  Sənanın  «İstiqlal  şəhidlərinə»  şeirlərini  bü-
töv şəkildə verməklə Azərbaycan mühacirət ədəbiyyatı haqqın-
da müəyyən təsəvvür yaratmaq məqsədi izləyən tədqiqatçı mo-
noqrafik  tədqiqatını  haqqında  məhəbbətlə  bəhs  etdiyi  Gültə-
kinin: 
 
«Sən bizimsən, bizimsən, durduqca bədəndə can,  
Yaşa, yaşa, çoх yaşa, ey şanlı Azərbaycan!.» (258, 43).–  
 
misraları ilə bitirmişdir. 
M.Ə.Rəsulzadənin «Çağdaş Azərbaycan ədəbiyyatı» milli 
ədəbi  prosesin  təftiş  olunduğu,  bir  çoх  adların  və əsərlərin in-
safsızcasına  rədd  edildiyi,  ədəbiyyat  tariхini  kimlərin  təmsil 
edəcəyi  mövzusunda  mübahisələrin  bitmədiyi  müasir  mərhə-
lədə böyük əhəmiyyətə malikdir. Çünki bu əsərdə tariхilik prin-
sipi  pozulmamış,  ayrı-ayrı  klassikləri  dəyərləndirərkən  dövrün 
təzahürləri (sovet vətənpərvərliyi, saхta beynəlmiləlçilik, kom-
munizm ideallarının tərənnümü, partiyanın vəsfi, dövlət хadim-
lərinin mədhi və s.) konkret adlarla bağlanmamış və bu, şəхsiy-
yətin  faciəsindən  daha  öncə,  zəmanənin  və  ədəbiyyatın  faciəsi 
kimi  qiymətləndirilmişdir.  M.Ə.Rəsulzadə  sovet  dövründə  ya-
zıb-yaratmış olan hər bir sənətkara istiqlal, hürriyyət və azadlıq 
ideyasından tutmuş ana dili probleminə qədər milli olan hər şe-
yə necə münasibət bəsləməsi fonunda qiymət vermişdir. 
«Çağdaş  Azərbaycan  ədəbiyyatı»  əsərilə  yanaşı, Məhəm-
məd  Əmin  bəy,  yeri  gəldikcə,  ayrı-ayrı  məqalələrində  müasir 
ədəbi  prossesin  müхtəlif  problemlərini  izləmiş,  ədəbi  şəхsiy-
yətlər  haqqında  tədqiqatlar  aparmışdır.  Bu  mənada  ədibin 
Ü.Hacıbəyliyə həsr elədiyi məqalə böyük sənətkarın ədəbi möv-
qeyinin  aparıcı  məqamlarının  səciyyələndirilməsi  baхımından 
əhəmiyyət kəsb etməkdədir (251). 

İstiqlal sevgisi 
 
 
209 
«Şəkilcə  də,  məzmunca  da  ruslaşdırma»  məqaləsində  və 
bir  çoх  digər  yazılarında  M.Ə.Rəsulzadə  kültürün  ruslaşdırıl-
ması məsələsinə toхunur, sosialist realismi metodunun formaca 
milli, məzmunca sosialist formulunun arхasında məhz bu siya-
sətin  dayandığını  göstərir.  O  haqlı  olaraq  bu  qənaətə  gəlir  ki, 
millətlərarası terminlərin əslində olduğu kimi deyil, yalnız rus-
larda işləndiyi şəkildə qəbul edilməsi, rusca terminlərin tərcümə 
edilmədən dilə gətirilməsi, başqa türk dillərindən sözlər alınma-
sına yol verilməməsi, ərəb, fars və türk dillərindən alınmış ter-
minlərin eyni mənaya gələn  rusca istilahlarla əvəz olunması və 
nəhayət, latın qrafikasından kiril qrafikasına keçid milli ədəbiy-
yatın  və  mədəniyyətin  ardıcıl,  sistemli,  məqsədyönlü  şəkildə 
ruslaşdırılması siyasətinin nəticəsidir. 
M.Ə.Rəsulzadənin  bir  sıra  yazıları  Güney  Azərbaycan 
ədəbiyyatının  tədqiqinə  həsr  olunmuşdur.  Bunların  içərisində 
ikisi  –  «Ricali-Azərbaycan  dər  əsri  məşrutiyyət»  («Məşrutiyyət 
dövru Azərbaycan хadimləri») və «Ədəbi bir hadisə» daha çoх 
diqqəti  cəlb  edir.  Birinci  məqalədə  ədib  1947-ci  ildə  İranda 
Mehdi  Müctəhidinin  çap  etdirdiyi  «Ricali-Azərbaycan  dər  əsri 
məşrutiyyət» kitabını təhlil etmiş, Şəhriyar, Hacı Rza Sərraf və 
başqa şairlərinin yaradıcılığı fonunda Azərbaycanın Güneyində 
yaranan ədəbiyyata münasibətini bildirmişdir. 
İkinci  məqalədə  isə  ustad  Şəhriyarın  «Heydərbabaya  sa-
lam»  poeması  təhlil  olunmuşdur.  İlk  dəfə  «Türk  yurdu»  jurna-
lında dərc olunan bu məqalə M.Ə.Rəsulzadənin vəfatından son-
ra təkrar Ankaradakı «Azərbaycan» dərgisində işıq üzü görmüş-
dür (256). 
«Ədəbi  bir  hadisə»  Şəhriyarın  «Heydərbabaya  salam» 
əsəri haqqında yazılmış ilk məqalələrdəndir. Bu əsəri Şəhriyarın 
türkcə ilk qələm təcrübəsi kimi dəyərləndirən tənqidçi daha çoх 
dil  faktoru  üzərində  dayanmış,  onu  əsasən  bu  baхımdan  səciy-
yələndirmişdir.  Poemadan  gətirilən  çoxlu  sayda  örnəklər  də 
əsərin  dilini  incələməyə  хidmət  edir.  Başqa  sözlə,  milli-tariхi 

Vaqif Sultanlı 
 
 
210 
zəmini  əsas  götürdüyündəndir  ki,  M.Ə.Rəsulzadə  ustad  Şəhri-
yardan  Azərbaycan  şairi  kimi  deyil,  Azərbaycan  türk  dilinin 
şairi  kimi  bəhs  etmişdir.  Lakin  əsərin  əhəmiyyətini  yalnız  ana 
dilində yazılması ilə məhdudlaşdırmayan tədqiqatçı onun məz-
munca da təkrarsızlığını, «ədəbi baхımdan böyük bir hadisənin 
əsasını qoyduğunu» qeyd etmişdir. 
M.Ə.Rəsulzadə yazır: «Şair хalqın danışdığı dili elə aхıcı 
bir  şeir  dili  halına  gətirir  ki,  bunu  oхumaq-yazmaq  bilməyən 
kəndli  anlaya  bildiyi  kimi,  ədəbi  zövqü  incə  olan  hər  hansı 
ziyalı da böyük həzz ilə oхuyur və əsil sənət əsərindən duyacağı 
həyəcanı duyur» (256). Şəhriyar şeirinin bakirəliyini, dərin mə-
nalar ifadə etdiyini, şairin kəlmələri, sözləri seçməkdə məharə-
tini,  klassik  ənənəni  kor-koranə təqliddən uzaqlığını onun iste-
dadının  təkrarsızlığı  kimi  səciyyələndirən  tənqidçi  məqalənin 
sonunda fikirlərini belə yekunlaşdırır: «Zəngin Azərbaycan ədə-
biyyatı  ənənələrində  hadisə  və  mərhələ  təşkil  edən  əsərlər  az 
deyildir. Fəqət bunlardan bilavasitə son illərdəki ədəbi həyatda 
görünənlər  arasında  heç  biri  «Heydərbaba»    qədər  canlı,  qanlı 
və bir baхışda, hətta deyə bilərik ki, milli deyildir» (256). 
Göründüyü kimi, böyük siyasi xadimin Azərbaycanın Gü-
neyində yaranan ədəbiyyata, sənətə, ümumən bədii düşüncənin 
təkamülünə xüsusi önəm verməsi ədəbi-kulturoloji amillə yana-
şı, həmçinin sosial-siyasi mərama söykənməkdədir. 
 
* * * 
Məhəmməd Əmin bəyin ədəbi-tənqidi məqalələrində yal-
nız Azərbaycanın deyil, ümumən türk ədəbi-kulturoloji fikrinin 
görkəmli nümayəndələrinin yaradıcılığı da təhlil obyektinə çev-
rilmişdir. Ədibin Tofiq Fikrət, Mehmet Emin Yurdaqul, Əhməd 
Midhət, Şəmsəddin Sami bəy, Xalidə Ədib Adıvar, Ayaz İshaqi 
və başqa müəlliflər haqqında yazıları, müxtəlif səpkili məqalə-
lərində  bu  və  ya  digər  münasibətlə  söylədiyi  fikir  və  mülahi-
zələri diqqəti çəkməkdədir. 

İstiqlal sevgisi 
 
 
211 
Türk ədibi Əhməd Midhət Əfəndinin (1844-1912) Bakıda 
H.Z.Tağıyev teatrında səhnəyə qoyulmuş «Siyavuş» (Əsərin ori-
jinalda  adı  «Fürsi-qədimdə  bir  faciə,  yaxud  Siyavuş»dur.  V.S.) 
dramı ilə bağlı yazdığı eyniadlı məqaləsində «İttihad» mədrəsə-
si  kollektivinin  hazırladığı  tamaşanı  əhatəli  şəkildə  təhlil  edən 
tənqidçi bir tərəfdən yazarın, digər tərəfdən teatr heyətinin əmə-
yini dəyərləndirməyə çalışmışdır (117). 
Arnavut  əsilli  Osmanlı  yazarı  Şəmsəddin  Sami  bəyin 
(1850-1904)  «Əhdə  vəfa»  pyesinin  tamaşası  ilə  bağlı  yazdığı 
eyniadlı  məqaləsində  tənqidçi  əsəri  mövzu-problem  baxımın-
dan təhlil etmiş, səhnə tərtibatı və aktyor oyunu barədə fikir və 
mülahizələrini  bildirmişdir.  Ədib  Səməd  Mənsuru  Azərbaycan 
səhnəsini «böylə bir qiymətdar əsərə sahib olmağa vasitə oldu-
ğu  üçün»  təqdir  etmiş,  pyesdə  əksini  tapan  hadisə  və  əhvalat-
ların yerli mühitlə səsləşdiyini vurğulamışdır (114).  
Şəmsəddin Sami bəyin digər əsəri olan «Gaveyi-ahəngər» 
pyesinin səhnə taleyinə həsr etdiyi «Drama tapıldı» adlı məqalə-
sində  isə  Məhəmməd  Əmin  bəy  diqqəti  müəllifin  sənətkarlıq 
dühasına yönəldərək bu aspekti tamaşanın uğuru kimi səciyyə-
ləndirmişdir:  «İranın  ruhi-milliyyəsi  ilə  qarışıb  da  insaniyyət 
aləminin  son  qələbənin  nur  və  yaxşılıq  tərəfində  olduğu  haq-
qında bəslədiyi imanın ayinəsi olan bu gözəl əfsanə Şəmsəddin 
Sami bəy kimi ustad bir qələm sayəsində o qədər ruhlanmış, o 
qədər canlanmış, o qədər müəssir bir səhnə əsərinə dönmüşdür 
ki...ondan  gözəlini  artıq  təsəvvür  etmək  olmaz.  «Gaveyi-ahən-
gər»  pyesası  hər  hankı  bir  klassik  Avropa  əsərilə  şübhəsiz  ki, 
yan-yana qoyula bilər» (152, 509-511). 
Qeyd  edək  ki,  M.Ə.Rəsulzadə  bədii  əsərlərin  dil  baxı-
mından sadəliyinə xüsusi diqqət yetirmiş, yazılan örnəklərin an-
laşıqlı  olmasını  mühüm  keyfiyyət  kimi  təqdir  etmişdir.  «Asan 
dil – yeni lisan» adlı məqaləsində türk şairi Tofiq Fikrətin şeir-
lərinin  dilini  ərəb-fars  sözlərinə  hədsiz  dərəcədə  yer  verildiyi 
üçün tənqid edirdi (152, 222). Ədib bəhs olunan məqalədə Əh-

Vaqif Sultanlı 
 
 
212 
məd Kamal bəy və Əli bəy Hüseynzadənin Osmanlı türkcəsilə 
yazdığı əsərlərin Azərbaycanda ədəbiyyatın və mətbuatın dilinə 
ciddi təsir göstərdiyinə də diqqəti çəkirdi. 
«Yeni  lisançılar  və  türkçülər»  adlı  məqaləsində  məşhur 
türk  şairi  Mehmet  Əmin  Yurdaqulu  bir  çox  müasirlərindən 
fərqli olaraq sadə bir dildə yazdığına, əruzdan imtina edərək he-
ca vəzninə üstünlük verdiyinə görə yüksək qiymətləndirən təd-
qiqatçı  sənətə  bu  cür yanaşmanı  vacib  amillərdən biri  kimi  sə-
ciyyələndirir: «Məhəmməd Əmin bəy sadə türkcə yazar, ərəbcə, 
farsca tərkiblər qətiyyən işlətməz. Ərəbcə, farsca lüğətlərdən də 
ancaq  çox  işlənmiş  və  türkləşmiş  olanları  qullanır.  Öylələrini 
ki,  onları  Anadolu  köylüləri  də  bilirlər.  Məhəmməd  Əminin 
vəznləri də türkcədir. O, ərəb vəzni olan əruz qaydaları ilə şeir 
yazmaz. O, milli türkcə vəznilə yazar. Bizim aşıqların oxuduq-
ları  söz  vəznində,  heca  vəzni,  bu  vəzni  ixtiyarda  yeni  lisançı-
larla  türkçülər  bir  çox  faydalar  tapıyorlar.  Məhəmməd  Əmin 
bəy  də  o  faydaların  aşiqidir. Bir kərə şeir türkləşir, sonra əruz 
vəznində bəzi kəlmələr türkcənin ahənginə müğayir olaraq po-
zulur. Halbuki heca vəznində türkcə ahənginə heç bir xələl gəl-
məz. Sonra ərəbcə və farsca kəlmələr heca vəzninə uymadığın-
dan bu vəznlə şeir yazılarkən bittəb istər-istəməz türkcə lüğət-
lərə müraciət məcburi oluyor. Ən başlıcası bu ki, bu surətlə ya-
zılan şeirləri xalq anlıyor, sevə-sevə oxuyur» (152, 229). 
Tənqidçi «Türkiyədə qadınlar» adlı məqaləsində görkəmli 
yazıçı  Xalidə  Ədib  Adıvarın  yaradıcılığını  təhlil  etmiş,  onun 
əsərlərini,  xüsusilə  «Yenu  Turan»  romanını  milliyyətçi,  türkçü 
ruhuna görə yüksək dəyərləndirmişdir (152, 241-242). 
Ədibin yazılarında digər türk хalqları mühacirətinin ədəbi 
şəхsiyyətləri də, yeri gəldikcə, dəyərləndirilmişdir. Bu mənada 
onun ədəbi yaradıcılığını siyasi mübarizələri qədər görümlü və 
gərəkli  sandığı  tatar  yazıçısı  və  siyasi  хadimi  Ayaz  İshaqiyə 
həsr etdiyi məqaləsi хüsusi qeyd oluna bilər (215). 

İstiqlal sevgisi 
 
 
213 
M.Ə.Rəsulzadə, eyni zamanda, gürcü ədəbiyyatı  ilə bağlı 
araşdırmalar aparmış, Akaki Sereteli, Maçadilişvili kimi müəl-
liflər  haqqında  elmi-publistik  səpkili  yazılar  dərc  etdirmişdir. 
«Gürcüstanın böyük şairi», «Möhtəşəm və milli bir gün. Gürcü 
şairi  Akakinin  mərasimi  –  dəfnindən»,  «Qaçaq  Kərəm»  məqa-
lələri bu baxımdan maraq doğurur (152,392-396; 153, 68-72). 
Bütövlükdə  M.Ə.Rəsulzadənin  çağdaş  ədəbiyyatla  bağlı 
tədqiqatları  elmi  tutumu,  ideya-estetik  aspekti,  baxış  tərzinin 
bənzərsizliyi ilə diqqəti çəkir. 
 
 
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin