AYƏtullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə1/28
tarix22.05.2017
ölçüsü2,04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   28
AYƏTULLAH MƏHƏMMƏD MƏHƏMMƏDİ REYŞƏHRİ
İSLAMDA

AİLƏ SƏADƏTİ
Mütərcim: Dr. Əfzələddin Rəhimov

Mütərcimdən
Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. Məhz ilk dəfə ata-anasının isti ailə ocağında dünyaya göz açan körpələr, onların qarşılıqlı olaraq bir-birilərinə məhəbbət, sevgi və sayğı göstərdiklərinin şahidi olur. Elə bu sevgidən dünyaya gəlmiş körpə, sonralar onların davamlı məhəbbətinin nəticəsi olaraq qayğı və şəfqət görür. Evdə ata-ananın bir-birilərinə hörmət, mərhəmət və dəyər verərək rəftar etdiyini müşahidə edən körpə, böyüdükcə bütün bunları mənimsəyir, adət və ya əxlaqına həkk edir. Bu tərbiyə onu təkcə valideynlərinə deyil, bütün cəmiyyətə şərəfli, ləyaqətli, şəfqətli və düzgün insan olaraq təqdim edilməsində mühüm və əsaslı rol oynayır. Ailə tərbiyəsi valideynlərin bir-birilərinə və övladlarına qarşı rəftarları, onları saleh əməlli bir şəxsiyyət kimi yetişdirir. Necə ki, Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala, övladının xətalarını bağışlamaqla və ona dua etməklə, onun yaxşı əməl sahibi olmasına (ata-anasına xeyirxahlıq etməsinə) kömək edən şəxsdən (valideynlərdən) razı olsun."1

Amma əksinə bu körpə, dünyaya gəldiyi gündən ailədaxili münaqişələrin, valideynlərinin bir-birinə qarşı kobud rəftarlarının, adını belə çəmək istəmədiyim müxtəlif xoşagəlməz davranışların şahidi olarsa, onun olduqca acınacaqlı psixiloji və mənəvi halını təsəvvür etmək elə də çətin deyildir. Görəsən, valideynləri, yaddaşına qəm-kədər, kin-küdurət, iztirab və qəzəb həkk olmuş bu körpənin gələcəkdə onlarla qarşı və cəmiyyətdə başqalarına qarşı necə davranacağını umurlar? Həmçinin, ailədə övlada qarşı qeyri-etik davranışlar, onun şəxsiyyətini sındırmaq, təhqir etmək, döymək və sair kimi doğru olmayan yaramaz əməllər, onun ruhi sarsıntılar içində böyüməsinə, daim içinə qapalı olmasına, ya əksinə davakar və rəhimsiz, qəddar, təcavüzkar olmasına gətirib, çıxarır. Allahın elçisi (s) bu barədə belə buyurur: "Allah-təala, övladlarını onların üzünə ağ olmağa məcbur edən, ata-anaya nifrin edər."1

Unutmaq lazım deyildir ki, ailə bütöv bir cəmiyyətin, millətin və dövlətin modeli və kiçik formasıdır. Əgər bir cəmiyyətdə mövcud olan ailələr, möhkəm təməllərə və sağlam mühitə sahib olarsa, deməli, o cəmiyyət də, möhkəm bünövrəyə və sağlam mühitə malikdir. Azərbaycan xalqı, hələ qədim zamanlardan bəri daim ailə həyatını müqəddəs saymış və onun davamlılığına dəyər vermişdir. Ərin ailədə öz həyat yoldaşına hörmətlə davranması, ona dəyər verməsi, cəmiyyətimizdə müqəddəs ana obrazını yaratmışdır. Qadının öz ərinə itaət edərək, ona daim sayğı və ehtiramla yanaşması isə zəhmətkeş və müdrik ata simvolunu zehinlərə həkk etmişdir. Bütün bunlarda qədim milli dəyərlərimiz, adət-ənənələrimizin müəyyən qədər payı olsa da, islam dininə etiqad bəsləyən xalqımızın öz dininə qarşı itaətkarlığının və sayğısının xüsusi rolu vardır. Çünki dinimiz bu yönümdə çox əsrarəngiz, misilsiz və hərtərəfli göstərişlərə malikdir. Elə bu baxımdan da, biz bu dəyərli kitabın tərcüməsini əziz xalqımıza təqdim etməyi özümüzə borc bildik.

Diqqət etmək lazımdır ki, bu kitab ailə haqqında Quran ayələrinin və hədislərin şərhsiz toplusundan ibarətdir. Müəllif bir neçə məqalədə şərhlər vermiş və mətləbi izah etmişdir. Amma ailə haqqında islam dininin fikrini bilmək üçün bu kitabı pərakəndə formada deyil, tam şəkildə oxumaq lazımdır. Ümidvarıq, bu kitab dəyərli xalqımıza gözəl bir mənəvi töhfə olsun. Amin!



Giriş
Ailə, kişi və qadının evlənməsi ilə başlayır və övlad sahibi olduqları zaman əhatə dairəsi genişlənir. Bu quruluş, insan şəxsiyyətinin formalaşdıran və cəmiyyətin kamilləşməsində mühüm rol oynayan əsas amildir. Elə buna görə də, islam dini insanın kamilliyə ucalmasını qarşısına məqsəd qoyduğu üçün, bu təyinedici rola malik quruluşun daha möhkəm olması və onun dağılmasının qarşısını almaq məqsədilə mühüm tövsiyələr buyurmuşdur. İnsanın fitrəti ilə tam uyğun olan bu göstərişlər, bu yöndə olan başqa tövsiyələrlə müqayisə etdikdə, bir daha islam dininin həqiqətən də, ilahi vəhydən qaynaqlandığının şahidi olarıq. Deməli, sağlam ailə quruluşuna sahib olmaq və onun dağılmasının qarşısını almaq üçün bu ilahi göstərişlərə əməl etməliyik.

Qurani-kərimin və islami rəvayətlərin buyuruqlarına başlamamışdan öncə, bu məsələlərə diqqət etmək lazımdır:


Ailə quruluşunun müqəddəsliyi

Ailə quruluşu, islam dininin nəzərində elə böyük məqama və müqəddəsliyə malikdir ki, başqa heç bir şeylə müqayisə edilə bilməz. Allahın-elçisi (s) hədislərin birində buyurur: "İslamda heç bir bina (quruluş), evlənmək qədər Allah-təala yanında sevimli deyildir."1

Ailə haqda bundan daha möhtəşəm bir kəlam söyləmək mümkün deyildir. Bu kəlamdan belə başa düşülür ki, ailə quruluşu, islam dinində mövcud olam bütün dəyər verilən təməl quruluşların əsası və köküdür.

İslam dininin ailə həyatına verdiyi dəyər və qiymətin hikməti, onun ərsəyə gəlməsində mühüm rol oynamaqla birgə, dağılmasının da, qarşısını alır.

İslam dini, ailə yaşayışının müqəddəs bir həyat olduğunu bəyan etməklə, qadınların cinsi və qeyri-cinsi istismarı qarşısında möhkəm bir səd çəkmiş və yeni quldarlıq prinsiplərini aradan qaldırmağa çalışmışdır.

Ailə müqəddəsliyinə qarşı çıxanlar

Bu gün, bəşər övladını təhdid edən xətər, ailə müqəddəsliyinə və ülviliyinə qarşı çıxan qüvvələrdir. İnsanları sümürməyə və istismar etməyə adət etmiş bəzi qüvvələr, ailənin müqəddəsliyini və ülviliyini, öz çirkin istəkləri və mənafeləri üçün təhlükə görürlər. Bunun üçün də, ailənin sadə bir quruluş olduğunu təbliğ etməklə, onun müqəddəsliyinə xələl yetirməyə çalışırlar.


Ailə qurmaqda məqsəd

Ailəni müqəddəs bir həyat və yaşayış saymayan bəzilərinin evlənməkdən əsil hədəfi, cinsi istəklərini təmin etməkdir. Bəzən hətta bundan başqa heç bir məqsədləri belə yoxdur. Amma Qurani-kərim və islami rəvayətlər, ailə qurmaq üçün müxtəlif hikmətlər və ruhi, əxlaqi, ictimai, dini səbələr ortaya qoymuşdur. Bütün bunlar, həqiqətdə, islam dininin ailə quruluşunun sağlamlığı və onun möhkəmliyi üçün təqdim etdiyi bir sıra köklü, bünövrəli təməl prinsiplərdən ibarətdir.



1. Mənəvi rahatlıq

Qurani-kərimin açıq-aşkar buyuruğuna əsasən ailə qurmağın ilk hədəfi mənəvi rahatlıq əldə etməkdən ibarətdir: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"1

Qeyd olunan ayə bir neçə ilahi dərslərə malikdir ki, bu da, öz növbəsində ailə quruluşunun müqəddəsliyini və ülviliyini yetirir:

A. Nəsillərin davam etməsi

Bu ayədə ilk ilahi dərs, Allahşünaslıq dərsi, həyat yoldaşının yaradılması, ailə qurmağa şəraitin münbit olması və gələcək nəsillərin davamını təmin etməkdən ibarətdir: "Sizin üçün öz cinsinizdən zövcələr xəlq etməsi..."

Necə ki, başqa ayələrdə də, bu ilahi dərs, bir olan Allahın lütf və mərhəmətini bizə anladır:


  • "Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr, cütlər yaratmışdır."1

  • Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır.2

İnsan nəslinin, həyat yoldaşının vasitəsi ilə artması və davam tapması, (təkcə insanlarda deyil, hətta başqa canlılarda da,)3 bir Allahşünaslıq dərsidir. Müfəzzəl ibn Ömərin rəvayətinə əsasən, İmam Sadiq (ə) bu ilahi dərs haqqında buyurur: "Qapının iki tərəfindən birində nərdələri müşahidə etdiyin zaman onların əbəs yerə oraya bərkidildiyinimi düşünürsən? Doğrusu, dəqiq bilirsən ki, nərdənin biri, o birisi ilə birləşərək qapının məsləhətini (açılıb-başlanmasını) təmin etsin. Erkək canlının da, dişi canlıya qarşı olan cinsi meyli, nəslinin davam tapmasını təmin etmək üçündür. Deməli, özlərini çoxbilmiş və filosof adlandıran, amma yaranışın bu möcüzəsini görməkdə aciz olan bəzi avam insanlar, onun müəyyən və nizam-intizamlı bir hədəf üzərində idarə olunmasını dərk edə bilmirlər."4

Bəli, kişinin təsadüf nəticəsində yaranması və sonra qadının da, eyni təsadüf nəticəsində dünyada var olması, (bütün canlıların da bu minvalla erkək-dişi olaraq, "təsadüfən" yaranması) mümkün deyildir. Deməli, bütün bunları yaradan, dünyanın hikmətli bir Allahı mövcuddur.


B. Asudə həyatın bünövrəsi

Ayədə ailə həyatını bəyan edən zaman buyurulan ikinci təkallahlıq dərsi, yaranış aləmində ailənin asudəli və rahatlıq bəxş edən bir quruluş olmasıdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə..."

Dünyanın hikmətli Tanrısı, kişi və qadını bir-birilərini tamamlamaq, kamilləşdirmək üçün yaratdı. Elə bu səbəbdən də, onlar ailə şəkilində birlikdə həyat sürməsələr, asudəlik və təskinlik tapa bilməyəcəklər. Əllamə Təba-təbai bu haqda yazır: "Kişi və qadın elə xüsusiyyətlərə malikdirlər ki, bir-birilərini tammamlayırlar. Nəsillərin yaranması onların birləşməsinin meyvəsidir. Onlardan hər biri, özü-özlüyündə naqis və o birinə ehtiyaclıdır. Onlar birlikdə olduğu zaman vahid və kamil bir həyat yaradırlar ki, nəsillərin yaranmasına səbəb olur. Elə bu ehtiyac və naqislik, onların bir-birilərinə sarı meyillənməsinə və birlikdə təskinliyə çatmasına gətirib, çıxarır. Çünki hər naqislik, kamilliyini axtarır. Hər bir ehtiyaclı varlıq, onun ehtiyaclarını təmin edən kamilliyin ardınca tələsir."1

Bu təbii cazibə, dünyanın müdrik rəhbərinin, (Allah-təalanın), insan və digər canlıların nəslinin davam etməsi üçün qoyduğu qanundur. İmam Sadiqdən (ə) belə rəvayət olunur: "İnsanın evlənməsi üçün səbəb kimi, təkcə övlad dünyaya gətirmək olsaydı, (və heç bir ləzzət hiss etməsəydi,) onun bu yöndə səhlənkarlıq və laqeydlik göstərərək, bəşərin nəslini tam azaltmağı, ya da ki, yox etməyi mümkün olardı."1

Ən əhəmiyyətlisi budur ki, islami rəvayətlərimizdə sırf maddi bir ləzzət olan cinsi əlaqəyə xüsusi müqəddəslik və dəyər verilmişdir.
C. Mərhəmət və sevgi ocağı

Ayədə ailə həyatını bəyan edən zaman buyurulan üçüncü təkallahlıq dərsi, müdrik Yaradanın ailəni mərhəmət və sevgi ocağı qərar verməsidir. Həqiqətdə, mərhəmət və sevgi ailə quruluşunun möhkəmliyində ən əsas amildir. Hər nə qədər bu amil öz yerini qoruyub saxlasa, evlilik həyatına bir o qədər də, möhkəm əlaqələr və asudə yaşayış hakim olacaqdır.

Allah-təala təbii şəkildə, evliliyi mərhəmət və sevginin yaranmasına səbəb etmişdir. Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın elçisi! Mən bir işə mat-məəttəl qalmışam. Doğrudan da, təəccüblüdür! Bir kişi bir qadınla evlənib ki, (evlənməmişdən öncə) nə qadın onu görüb, nə də ki, o qadını görüb. Amma evləndikdən və yaxınlıq etdikdən sonra aralarında səmimiyyət yaranır və bir-birilərinə həmdəm olurlar. Onlar üçün ən dəyərli və sevimli şey, yalnız bir-biriləridir.

Peyğəmbər (s) buyurdu: "Aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.1"2

Deməli, evliliyin daha da çox isti ailə ocağına çevirilməsi və onun xeyir-bərəkətlərindən bəhrələnmək üçün, bu ilahi vergini, mərhəmət və sevgini müxtəlif şəkildə uzun müddətli və hərtərəfli proqramlarla inkişaf etdirmək lazımdır.

Mərhəmət və məhəbbətin müxtəlif fərqləri haqqında belə deylmişdir: 1. Məhəbbət, başlanğıcda ünsiyyətin səbəbidir. Amma sonda, kişi və qadından biri zəif və güçsüz olduqda, xidmət göstərməyə qadir olmadıqda, mərhəmət öz vəzifəsini icra edir.

2. Məhəbbət, böyüklərə aiddir. Bununla da, bir-birilərinə qayğı göstərirlər. Amma kiçik övladlar, mərhəmət kölgəsi altında böyüyüb, başa çatırlar.

3. Məhəbbət, çox zaman qarşılıqlı olmalıdır. Amma rəhmət, birtərəfli də, ola bilər. Çünki, güzəşt, öz mənafeyindən keçməyi tələb edir.3

Əllamə Təba-təbai yazır: Ailə məhəbbət və rəhmətin cilvələrindən biri kimi, bir tərəfdən iki şəxsi birləşdirir, başqa cəhətdən isə onların hər ikisinin, xüsusilə də, qadının öz azyaşlı övladına mərhəmət göstərməsinə, ona hamilik etməsinə, qayğısına qalmasına, geyiminə, yeməyinə və tərbiyəsi ilə məşğul olmasına səbəb olur. Əgər bu məhəbbət və mərhəmət olmasaydı, bəşərin nəsli tükənər və həyat davam edə bilməzdi.1
2. Davranışların tənzimlənməsi

Qurani-kərimin buyuruğuna əsasən, qız və oğlanın evlənməsi, təqva libasına sahib olmaq deməkdir. Çünki bu səmavi kitab, bədənin maddi paltarı və bər-bəzəklərinin kənarında, ruhun ən dəyərli libası və zinəti kimi təqvanı (Allahdan qorxaraq günahlardan uzaqlaşmağı) göstərir. Buyurur: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)."2

Başqa bir ayə isə qadın və kişinin bir-birinin libası olduğunu açıq-aşkar bəyan edir: "Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız)."3

Bu iki nurlu ayəni bir-birinin kənarında qərar verərək, nəticə almaq istəsək, görərik ki; ailə qurmaq, təqva libasının nümunələrindən biri sayılır. Elə buna görə də, Peyğəmbərimiz (s) hədislərin birində buyurur: "Kim evlənsə, dininin yarısını qoruyub saxlamışdır."4

Başqa bir hədisdə buyurulur: "Elə bir cavan yoxdur ki, o, ailə qurduğu zaman şeytan fəryad çəkərək belə söyləməsin: "Vay mənim halıma! Vay mənim halıma! Dininin üçdə iki hissəsini artıq mənin fitnə-fəsadımdam qorudu." Deməli bəndə dininin qalan hissəsini ilahi təqva ilə qorumalıdır."1
3. İctimai quruluşun tənzimlənməsi

Ailə qurmaq, təkcə cavan nəslin ruhi təskinliyini təmin edərək, əxlaqi davranışlarının tənzimlənməsinə əsaslı şəkildə xidmət etmir. Doğrusu, insan cəmiyyətinin formalaşmasında da, mühüm rol oynayır. İmam Hadi (ə) buyurur: "Allah-təala evliliyi qəlblərin bir-biriləri ilə ülfət bağlaması və qohumluq əlaqələrinin yaranması üçün qərar verdi. Onun vasitəsi ilə qohumluq əlaqələrini yaratdı və onu məhəbbət və mehribanlıq mayəsi etdi. Bunda insanlar üçün ilahi nişanələri vardır."2

Əsl həqiqətdə, ailənin insan cəmiyyətinin formalaşmasındakı rolu o qədər böyükdür ki, İmam Rzadan (ə) nəql edilmiş rəvayətə əsasən, əgər Quranda və Peyğəmbərin (s) sünnəsində (üslublarında) onu təyid edən heç bir dəlil-sübut tapılmasaydı belə, onun cəmiyyətə bəxş etdiyi müxtəlif xeyir-bərəkətlər, ağıllı insanları evlənməyə vadar edərdi. Rəvayətin mətni belədir: "Ailə qurmağa hətta (Qurani-kərimdə) aydın şəkildə ayə ilə təkid olunmasaydı və həmçinin (Peyğəmbərimizin) sünnəsində görülməsəydi belə, sösüz ki, qohumlara yaxşılıq etmək, yad insanlarla ünsiyyət qurmaq, qəlblər arasında ülfət yaratmaq, hüquqlara qarşılıqlı riayət etmək, cəmiyətin artması, həyatın eniş-yoxuşlarına və zəmanənin çətinliklərinə sinə gərməyi öyrətmək məqsədilə övlad tərbiyə etmək kimi (evliliyin sayəsində olan bu xeyirli işlər naminə) hər ağıllı insan evlənməyə həvəs göstərər və hər məntiqli şəxs ailə qurmağa can atardı."1

4. Tövhid ənənələrinin yayılması

Dinimizin ailə qurmağa bu qədər təkid və təşviq etməsinin və ailə təməllərinin möhkəmləndirilməsi, davam etməsi üçün bütün səylərinin səbəblərindən biri də, insani dəyərlərin qorunub saxlanması, tövhid əqidəsinin, ənənələrinin və islam dininin yayılmasından ibarətdir. İnsan nəslinin davam etməsi elə bu hədəflədir. Peyğəmbərimizdən (s) rəvayət olunan aşağıdakı hədis də, bu məsələyə işarə edir: "Mönin şəxsin evlənməsinə nə mane olur? Bəlkə Allah ona elə övladlar qismət edəcək ki, yer üzünü "La ilahə illəl-lah" (şüarı) ilə dolduracaqlar."2


Ailə qurmaqda ən əsas hədəf

Ən mühüm məsələ budur ki, Qurani-kərim ailə qurmağın fəlsəfəsini bəyan etdiyi zaman, Allah-təalanın, insan üçün zövcəsini yaratmaqdan, evlilik bəxş etməkdən məqsədinin, bəşərin nəslinin davam etməsi, əxlaqi, ictimai fəsadlardan uzaqlaşması və islami dəyərlərin yayılması olduğunu söyləmir. Həqiqətdə, ailə qurmağın fəlsəfəsinin elə bir şey olduğuna işarə edir ki, o olmadan insanın yaranışının heç bir hədəfləri həyata keçə bilməz. Bu, ruhi təskinlik və asudəlikdən ibarətdir.

Ruhi təskinlik və asudəlik olmadan, cavan şəxsdən təqva gözləmək yersizdir. Ruhi təskinlik və asudəlik olmadan, sağlam nəsil, əxlaqi, ictimai əmin-amanlıq və dini-tövhidi ənənələr, dəyərlər heç zaman müvəffəqiyyət qazana bilməz.

Bu haqda olan tədqiqatların nəticəsində aydın olub ki; ruhi iztirablar və mənəvi rahatsızlıq, əxlaqi və ictimai fəsadların ümdə səbəblərindəndir. Cavanlar arasında yayılmış tükürpədici cinayətlər və intiharların çoxu, bundan qaynaqlanır. Elə buna görə də, ailə qurmaq, ruhi təskinliyin, əxlaqi və ictimai dəngənin tənzimlənməsində əsas rol oynaya bilər. Məhz bu, Quarni-kərimin və islami rəvayətlərin ailə qurmağa həvəsləndirməsinin və bu müqəddəs quruluşun dağılmasının qarşısını almağa təşviq etməsinin əsas səbəbidir.

İndi isə biz bilməliyik ki, hansı ailə quruluşu insana ruhi təskinlik bəxş edir? Necə belə bir ailəyə sahib olmaq olar? Ruhi təskinlik bəxş edən ailə quruluşuna mane olan amillər hansılardır? Möhkəm ailə təməllərinə necə sahib olmaq olar və ailədə ruhi təskiliyi, aramlığı necə yaratmaq olar? Sağlam ailə quruluşunu təhdid edən, onu süstləşdirən və dağılmasına gətirib çıxaran səbəblər nədir?


Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə