Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


Mövzu 5: Büdcə və büdcədənkənar dövlət fondları



Yüklə 1,49 Mb.
səhifə5/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Mövzu 5: Büdcə və büdcədənkənar dövlət fondları
P L A N
1.Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları

2.Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi

3.Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi

4.Büdcə təsnifatı

5.Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu

6.Büdcə xərcləri və onların təsnifatı

7.Büdcə kəsri və onun maliyyələşdirilməsi

8.Yerli büdcələr

9.Büdcədənkənar fondların mahiyyəti və zəruriliyi

10.Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu



1. Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və funksiyaları
Dövlətlə müxtəlif təşkilatlar, müəssisələr, idarələr və əhali arasında müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə münasibətləri adlanır. Maliyyə münasibətlərinin tərkib hissəsi kimi bu münasibətlərin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, onlar bölgü prosesində meydana gəlir və ümumdövlət tələbatının ödənilməsi üçün müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun formalaşması və istifadəsi ilə əlaqədardır.

Tarixən “budget” məhvumu ingilis mənşəli söz olub çanta, torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi formalaşmış və xəzinə mənasını verir.

Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi-maliyyə bazasına malik olmalıdır. Dövlətin əlində hər il bütün cəmiyyət səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi, vətəndaşların sosial-mədəni tələblərinin təmin edilməsi, müdafiə və dövlətidarəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir.

Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi əsasında əməlkə gələn pul münasibətlərinin məcmusu dövlət büdcəsi anlayışını təşkil edir.

Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Büdcə - əsas maliyyə kateqoriyalarının (vergilərin, dövlət kreditinin, dövlət xərclərinin) fəaliyyətinin vəhdətidir, yəni büdcə vasitəsilə resursların daim səfərbər edilməsi və onların xərclənməsi həyata keçirilir.

Dövlət büdcəsi iqtisadi kateqoriya kimi bölgü (yenidənbölgü) və nəzarət funksiyalarını yerinə yetirir. Bölgü funksiyasının sayəsində pul vəsaitlərinin dövlətin əlində təmərküzləşməsi və onların ümumdövlət ehtiyaclarının ödənilməsi məqsədilə istifadəsi baş verir. Nəzarət funksiyası vasitəsilə maliyyə resurslarının dövlətin sərəncamına nə dərəcədə öz vaxtında və tam daxil olmasını, büdcə vəsaitlərinin bölgüsündə faktiki olaraq proporsiyaların necə formalaşdığını, onların səmərəli istifadə olunmasını müəyyən etmək mümkün olur.

Hazırda dövlət büdcəsi vasitəsilə ÜDM-ün 23%-ə qədəri yenidən bölüşdürülür. Büdcə vasitəsilə məhsuldar qüvvələrin daha səmərəli yerləşdirilməsi, AR-ın ərazisində iqtisadiyyatın və mədəniyyətin yüksəldilməsi tələbləri nəzərə alınmaqla maliyyə resurslarının sahələrarası və ərazi üzrə yenidən bölgüsü həyata keçirilir.

2. Azərbaycan Respublikasının büdcə quruculuğu və büdcə sistemi
Büdcə quruculuğu – ölkənin büdcə sisteminin təşkili prinsiplərinin, onların strukturunu, büdcə sisteminə daxil olan büdcələrin qarşılıqlı əlaqəsi və fəaliyyətinin hüquqi-təşkilatı əsaslarının məcmusunu büdcə vəsaitlərinin yaradılması və istifadəsi qaydalarını müəyyən edir. Büdcə quruculuğunun tərkib hissəsi büdcə sistemidir. Adətən büdcə sistemi dedikdə, iqtisadi münasibətlərə və mövcud dövlət quruluşuna əsaslanan, hüquq normaları ilə tənzimlənən müxtəlif səviyyəli büdcələrin və büdcədənkənar fondların məcmusu başa düşülür. Büdcə sistemi – dövlətin maliyyə sisteminin başlıca həlqəsidir.

Büdcə sisteminin strukturu ölkənin dövlət və inzibati quruluşunun formalaşması ilə, burada fəaliyyət göstərən əsas qanunvericilik aktları ilə, büdcənin ictimai təkrar istehsalda və sosial prosesdə rolu ilə müəyyən edilir. Hakimiyyətin inzibati-ərazi qurumları arasında bölgüsündən asılı olaraq bütün dövlətlər unitar, federativ və konfederativ dövlətlərə bölünür.

Büdcə sistemi aşağıdakı proseslərdə müxtəlif subyektlər arasında yaranmış münasibətləri ifadə edir:

a) bütün səviyyəli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin formalaşması və xərclərin həyata keçirilməsi, dövlət və bələdiyyə borclanmasının həyata keçirilməsi, dövlət və bələdiyyə borclarının tənzimlənməsi;

b) büdcə layihələrinin tərtibi, müzakirəsi, təsdiqi, icrası və icrasına nəzarət.

Azərbaycan Respublikasının büdcə sistemini Azərbaycan Respublikasının dövlət büdcəsi, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr təşkil edir. 2005-ci ildə yerli büdcələr 66 rayon, 69 şəhər, 13 şəhər rayonları, 2660 bələdiyyə büdcələrini əhatə etmişdir. Bu büdcələr arasında münasibətlər, onların formalaşması, prinsipləri, tərtibi, təsdiqi, icrası və icrasına nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının büdcə quruculuğunun əsasını ölkənin Konstitusiyası və unitar respublika kimi dövlət quruluşu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının büdcə sistemi vahidlik, tamlıq, reallıq, aşkarlıq və dövlət büdcə sisteminə daxil olan bütün büdcələrin müstəqilliyi, büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü, büdcənin balanslaşdırılması, büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, büdcə xərclərinin ödənilməsinin ümumiliyi və məqsədli xarakter daşıması prinsiplərinə əsaslanır.



Büdcə sisteminin vahidliyi büdcənin formalaşmasının vahid hüquqi bazası ilə, vahid büdcə təsnifatı və büdcə sənədləri formasından istifadə etməklə, büdcə prosesinin razılaşdırılmış prinsipləri ilə, vahid sosial-iqtisadi və vergi siyasəti ilə təmin edilir.

Tamlıq prinsipi o deməkdir ki, büdcə sisteminin hər bir həlqəsində gəlir və xərclər onların həcmində tam əks olunmalıdır.

Reallıq – büdcə göstəricilərinin həqiqiliyini göstərir.

Aşkarlıq prinsipi – təsdiq edilmiş büdcələri və onların icrası haqqında hesabatı və Azərbaycan Respublikasının Prezidentinin göndərişini kütləvi informasiya vasitələrində dərc etdirilməsini tələb edir.

Büdcənin müstəqilliyi – gəlirlərin xüsusi mənbələrinin və onların istifadə edilməsi istiqamətlərinin müəyyən edilməsi hüququ ilə təmin edilir. Gəlirlərin xüsusi mənbələrinə hər bir büdcə səviyyəsi üçün qanunla gəlir mənbəyinin təhkim edilməsi, tənzimləyici gəlirdən ayırma, Azərbaycan Respublikasının subyektləri və yerli özünüidarəetmə səlahiyyətli orqanları tərəfindən müstəqil olaraq müəyyən edilən əlavə mənbələr aiddir.

Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü – mərkəzi icra və yerli idarəetmə orqanlarına müvafiq gəlir növləri və xərclərin həyata keçirilməsi üçün səlahiyyətlərin (tam və qismən) verilməsidir.

Büdcənin balanslaşdırılması – hər bir büdcə balanslaşdırılmalıdır, yəni büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsrinin maliyyələşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır.

Büdcə xərclərinin ödənilməsinin ümumiliyi – büdcənin bütün xərclərinin ümumi gəlirdən maliyyələşdirilməsi deməkdir.

Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri – büdcə vəsaitləri konkret məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərəncamçılarına verilir.

Dövlət büdcəsinin tərtibi, müzakirəsi və icrası zamanı bu prinsiplərə ciddi əməl edilməsi zəruridir.

Dövlət büdcəsinin, Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi məqsədli büdcə fondları yaradılır. Bu fondlar müstəqil mədaxil mənbələrinə malikdir.

Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalı və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bu fondların hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlirlərinə daxil edilir. Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq müvafiq büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin büdcələrin xərc hissəsində əks etdirilir. İlin sonunda fondların hesablarında qalan istifadə vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır. Buna misal olaraq Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunu göstərmək olar.

Yerli (bələdiyyə) büdcələrin gəlirləri xüsusi və tənzimləyici gəlirlərə bölünür. Xüsusi gəlirlər müvafiq büdcələrin vergi gəlirlərindən və vergi olmayan gəlirlərindən ibarətdir. Tənzimləyici gəlirlər isə dövlət vergilərindən ayırmalar, məqsədli büdcə fondlarından vəsaitlər, yuxarı büdcələrdən dotasiya, subsidya və subvensiya, qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxilolmalar, rüsum, yığım, ödənişlər və haqlardan ibarətdir.


3. Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi
Büdcə quruculuğunda ən mürəkkəb problem mərkəz ilə yerlərin qarşılıqlı büdcə münasibətləridir. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün səviyyəli büdcələr büdcələrarası münasibətlər çərçivəsində qarşılıqlı əlaqədədir.

Hər bir büdcənin xərclərinin təmin olunması üçün müvafiq gəlirləri olmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən büdcələrin gəlir hissəsi xüsusi və tənzimləyici vergi gəlirlərindən, dotasiya və subvensiyadan, kredit resurslarından ibarətdir.

Büdcələrin xüsusi gəlirlərinə aşağıdakı qeyri-vergi gəlirləri aiddir:

- dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gəlirlər;

- Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti, yerli özünüidərəetmə orqanları, həmçinin müvafiq orqanların tabeçiliyində olan büdcə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən gəlirlər, mülki hüquqi, inzibati və cinayət məsuliyyəti, o cümlədən cərimələr, müsadirələr, kompensasiyalar tətbiq edilməsi nəticəsində alınan vəsaitlər, həmçinin bütün səviyyələrdə olan dövlət hakimiyyəti orqanlarına vurulmuş ziyanın ödənilməsindən alınan vəsaitlər və icbari qaydada götürülən məbləğlər;

- Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəli büdcələrindən maliyyə yardımı və büdcə ssudası kimi alınan gəlirlər;

- digər qeyri-vergi gəlirləri, həmçinin əvəzsiz köçürmələr.

Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmdə müvafiq büdcəyə köçürülür.

Fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlərin hökumətləri tərəfindən əvəzsiz köçürülən vəsaitlər büdcənin gəlirlərinə daxil olur.

Büdcə gəlirlərinə həmçinin qarşılıqlı hesablaşmalar üzrə əvəzsiz köçürmələr aid edilə bilər.

Tənzimləyici gəlirlər – büdcə sisteminin yuxarı həlqəsindən aşağı büdcələrə təhkim edilmiş gəlirlərdən əlavə onun xərclərinin örtmək üçün verilən vəsaitdir. Tənzimləyici gəlirlər müvafiq büdcələrə yuxarı büdcələr təsdiq edilərkən müəyyən edilmiş faiz ayırmaları əsasında köçürülür.

Büdcələrin tənzimləyici gəlirlərinə transfert ödənişləri də daxildir. Transfertlər dövlət büdcəsindən bölgələrin maliyyə problemini həyata keçirmək üçün xüsusi fondlardan ayrılan vəsaitlərdir.

Beləliklə, hazırda Azərbaycan Respublikasının Dövlət büdcəsi və yerli büdcələrin vergi gəlirlərinin əsas hissəsi tənzimləyici gəlirlər hesabına formalaşır.

Aşağı büdcələrin tarazlaşdırılması üçün dotasiya, subvensiya və subsidyalardan geniş istifadə edilir.

Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir.

Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.

Subsidya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.

Bütün səviyyəli büdcələrin xərcləri cari və əsaslı xərclərə bölünür. Cari xərclər dövlət hakimiyyət orqanlarının cari fəaliyyətini, aşağı səviyyəli büdcələrə yardım edilməsini təmin edir. Cari xərclərə əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlər, subsidyalar və cari köçürmələr daxildir. Əsaslı xərclərə investisiya və innovasiya fəaliyyətinə təxsisatlar və geniş təkrara istehsalla bağlı digər xərclər daxildir.

Bütün səviyyəli büdcələr tarazlaşdırılmalıdır. Büdcə kəsirli olduqda ilk növbədə cari xərclər maliyyələşdirilməlidir.

Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin son həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş son həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş verərsə, qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu tətbiq edilir.

Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit resurslarından, büdcə ssudalarından istifadə edilməsi, dövlət və bələdiyyə əmlakının satışından daxilolmalar hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının icmal büdcəsi – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının, büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinin funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində icmalıdır.

2005-ci ilin aprelin 5-də ölkə Parlamenti Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanuna dəyişiliklər və əlavələr haqqında qanun qəbul etdi. Qanuna görə, dövlət büdcəsinin tərkibində Prezidentin Ehtiyat Fondu yaradıldı. Beləliklə, hazırda dövlət büdcəsində iki ehtiyat fondu mövcuddur: Ehtiyat Fondu (5%) və Prezidentin Ehtiyat Fondu (2%).



4. Büdcə təsnifatı
Büdcə quruculuğunun mühüm tərkib hissələrindən biri də büdcə təsnifatıdır. Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o cümlədən büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlarının müqayisəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında Vahid büdcə təsnifatı tətbiq edilir.

Büdcə təsnifatı – büdcə gəlirlərinin təsnifatından, büdcə xərclərinin funksional, iqtisadi təşkilati (inzibati) və s. prinsiplər əsasında tərtib olunmuş vahid təsnifatdan ibarətdir.

Azərbaycan Respublikasının büdcə təsnifatı Azərbaycan Respublikasının büdcə sisteminin bütün səviyyəli büdcələrinin gəlir və xərclərinin qruplaşdırılması ilə müəyyən edilir və onun göstəricilərinin müqayisə edilməsində istifadə olunur.

Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan ən mühüm vəzifədir.

Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi şəraitində təsnifat bütün büdcə növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir.

Hazırda fəaliyyətdə olan Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı strukturuna aşağıdakılar daxildir:



  1. Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı;

  2. Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı;

  3. Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı;

  4. Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilati) təsnifatı.

Azərbaycan Respublikası büdcə gəlirlərinin təsnifatı – büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qruplaşmasıdır və müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşması mənbəyini müəyyən edən Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsaslanır. Gəlirlər bölməsi onların mənbələri və alınması üsuluna görə konkret gəlir növlərini birləşdirən gəlir maddələrindən ibarətdir.

Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1), sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan asılı olaraq büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən : bölmə, yarımbölmə, maddə və yarımmaddədən ibarətdir.

Azərbaycan Respublikasının büdcə xərclərinin təsnifatı büdcə sisteminə daxil olan büdcələrin funksiyalar üzrə xərclərinin qruplaşdırılmasından ibarətdir və dövlətin əsas funksiyalarının yerinə yetirilməsinə yönəldilən büdcə vəsaitlərini, o cümlədən Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının qəbul etdikləri normativ hüquqi aktların həyata keçirilməsinin maliyyələşdirilməsini, hakimiyyətin digər səviyyələrinə verilən ayrı-ayrı dövlət səlahiyyətlərinin həyata keçirilməsinin maliyyələşdirilməsini özündə əks etdirir. Funksional təsnifat bölmə, köməkçi bölmə və paraqraf səviyyəsində nəzərdə tutulmaqla birinci rəqəm bölməni, ikinci rəqəm köməkçi bölməni, üçüncü rəqəm isə paraqrafı göstərir.

Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı iqtisadi məzmununa görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasıdır.

Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilatlar üzrə) təsnifatı dövlət büdcəsindən birbaşa büdcə vəsaitlərinin baş sərəncamçıları üzrə bölüşdürülməsini əks etdirən xərclərin qruplaşdırılmasıdır.

Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarının büdcələrinin təsnifatı ayrıca qruplaşdırılır, müvafiq büdcələrin xərclərindən alıcılar müəyyən edilir və büdcə vəsaitlərinin bölüşdürülməsi birbaşa həyata keçirilir.




5. Dövlət büdcəsinin gəlirləri, onun tərkibi və quruluşu
Büdcənin gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir.

Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə müəssisə, təşkilat və əhali arasında əmələ gələn iqtisadi münasibətləri ifadə edir.

İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsinin gəlirləri 4 qrupa ayrılır: vergilərdən daxilolmaları, qeyri-vergi gəlirləri, əsaslı ödənişlər və əvəzsiz alınan vəsaitlər (transfertlər).

Azərbaycan Respublikasında dövlət büdcəsinin əsas gəlirlərini vergi və rüsumlar təşkil edir.

Vergilərin mahiyyəti və funksiyaları haqqında qısa məlumat vermək...

Gömrük rüsumları – Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Respublikanın gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlərdir.

Gömrük rüsumları üç əsas funksiya yerinə yetirir:

1. Fiskal funksiya. Dövlət büdcəsinin gəlirlərini təmin etmək (bu həm idxal, həm də ixrac rüsumlarına aiddir);

2. Proteksionist (müdafiə) funksiyası. Yerli istehsalçıları arzuolunmaz xarici rəqabətdən qorumaq (idxal rüsumu üçün xarakterikdir) ;

3. Balanslaşdırma funksiyası. Daxili qiyməti bu və ya digər səbəb üzündən dünya qiymətlərindən aşağı olan malların arzuolunmaz ixracının qarşısının alınması üçün tətbiq edilir (ixrac rüsumuna aiddir).

Gömrük rüsumlarını müxtəlif əlamətlərinə görə təsnifləşdirmək olar:

- cəlbetmə xarakterinə görə: a) idxal rüsumları; b) ixrac rüsumları; c) tranzit gömrük rüsumları (mövcud ölkənin ərazisində tranzit qaydasında malların keçirilməsinə qoyulur);

- tətbiq edilmə xüsusiyyətlərinə görə: xüsusi növ rüsumlar tətbiq edilir ki, buraya: a) antidempinq; b) xüsusi rüsumlar; c) kompensasiya rüsumları;

- fəaliyyət müddətinə görə: a) müvəqqəti rüsumlar; b) mövsümi rüsumlar.

Xarici malların daxili bazara daxil olması nəticəsində gömrük orqanları tərəfindən idxal gömrük rüsumları alınır. İdxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.

İxracın inkişafına şərait yaratmaq məqsədilə ixrac gömrük rüsumları məhdud mal qruplarına tətbiq edilir. Bir qayda olaraq, ixrac rüsumları incəsənət əsərlərinin və ya qədim əşyaların ölkədən aparılması zamanı geniş tətbiq olunur.

İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.

Tranzit gömrük rüsumları gömrük tarifi əsasında ölkədən malların keçirilməsi zamanı tətbiq olunur.

Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq edilir:

- mallar Azərbaycan Respublikası ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək həcmdə gətirildiyi hallarda müdafiə tədbiri kimi;

- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrıseçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.

Antidempinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

Kompensasiya rüsumları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinin genişləndirilməsinə maneçilik törətdikdə tətbiq edilir.

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda gömrük tarifində nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunmur. Mövsümi rüsumların qüvvədə olduğu müddət ildə 6 aydan çox ola bilməz.

Bir qayda olaraq gömrük rüsumunun həcmi malın gömrük dəyərindən və gömrük tarifindən asılıdır.

Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərinə əsaslanan gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir. Həmin malların gömrük qiymətləndirilməsi sisteminin tətbiq qaydası AR-nın Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Gömrük dəyəri mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən gömrük orqanına bəyan edilir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.



Gömrük tarifi gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Gömrük tarifi məhsulun kodunun qısa olaraq adını, gömrük rüsumu və rüsum dərəcələri ilə tətbiqi vahidini özündə əks etdirir.

Gömrük vergisinə cəlbetmənin subyekti (vergi ödəyicisi) deklarant adlanır. O, əmtəənin sahibi, əmtəəni gətirən, gömrük brokeri ola bilər. Gömrük rüsumu tutulmasının obyekti gömrük dəyəri, gömrük sərhədindən keçirilən əmtəələrin miqdar və ya eyni vaxtda hər ikisi ola bilər.

Azərbaycan Respublikasında gömrük rüsumunun dərəcəsini AR-nın hökuməti müəyyən edir.

Gömrük rüsumları - əmtəələrin gömrük sərhədindən keçirilməsinə aid olan vergidir, gömrük yığımları malların müvafiq sənədləşdirilməsinə görə ödənilir. Onlar vergi deklarasiyasının qəbul edilməsinədək və ya birlikdə ödənilir.

İnkişaf etmiş ölkələrdə gömrük rüsumlarının fiskal əhəmiyyəti getdikcə azalır. Belə ki, əgər XIX əsrin axırlarında ABŞ-da büdcəyə bütün daxilolmaların 50%-i idxal rüsumlarının hesabına ötürülürdüsə, hal-hazırda bu 1,5%-dən artıq deyildir.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə