I Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları Plan:
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri
2. Ali məktəb pedaqogikasının kateqoriyaları
3. Ali məktəb pedaqogikasının metodoloji əsasları və digər elmlərlə əlaqəsi
4. Ali məktəb pedaqogikasının tədqiqat metodları
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha da artdığı, dünya təhsil sisteminə inteqrasiyasının gücləndiyi bir dövrdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində ali məktəb pedaqogikasının rolu və əhəmiyyəti xeyli artır. Ali məktəb müəllimi (nə qədər təcrübəli olsa belə) müasir pedaqoji-psixoloji biliklərsiz keçinə bilməz, öz işini təhsil standartları səviyyəsində qura bilməz. Buna görə də gələcəkdə ali məktəbdə elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar ali məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər. Ali məktəb pedaqogikası gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəngdar şəxsiyyət kimi formalaşması və tərbiyəsi haqqında elmdir.Onun obyekti ali məktəbdə tələbə gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşəixtisas hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas hazırlığı məsələlərini öyrənməkdir. Ali məktəb pedaqogikası ali məktəbdə pedaqoji prosesi mürəkkəb, çoxsahəli bir sistem kimi araşdırır, bu sistemin səmərəli qurulması üçün müxtəlif problemləri tədqiq edir. Tədqiqatlar ali məktəbin bütün sahələrini – tədris-tərbiyə, elmi fəaliyyət, pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil islahatı və s. məsələləri əhatə edir. Onun həll etdiyi konkret vəzifələri qısaca nəzərdən keçirək:
1. Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını modelləşdirmək.
2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qaydalarını, tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək.
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiyyətini, qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdirmək əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləşdirmək.
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib hazırlamaq.
6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının optimal forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi. Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında duran problemlərin araşdırılması, ali məktəbdə tədris-tərbiyə və elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin tədqiqi ali təhsilin və mütəxəssis hazırlığının yeni keyfiyyət mərhələsinə qaldırılmasına, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına imkan verəcəkdir.