4.2. Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü İqtisadiyyatın və ya hər hansı bir digər elm sahəsinin “nəzəriyyə”sinin əsas məqsədi bu elm sahəsinin predmetinə aid olan hadisələrin səbəblərini açıqlamaq, hadisələr arasındakı “səbəb-nəticə” əlaqələrini ortaya çıxarmaqdır. Beynəlxalq ticarət nəzəriyyələrinin də başlıca məqsədi ölkələr arasında baş verən əmtəə və xidmət alış-satışlarının səbəblərini izah etnəkdir. Beynəlxalq ticarət nəzəriyyələrində əsasən aşağıdakı üç sual cavablandırılmağa çalışılır:
Ölkələr nə üşün xarici ticarətə cəlb olunurlar, yəni qapalı iqtisadiyyata nisbətən xarici ticarət ölkəyə hansı mənfəətlər verir? Ölkənin xarici ticarətinin mahiyyəti necə müəyyən edilə bilər; başqa bir sözlə ölkənin hansı malları ixrac, hansı malları isə idxal etməli olduğu nə ilə müəyyən edilməlidir? Ölkənin ixrac qiymətləri ilə idxal qiymətləri nisbəti və ya xarici ticarət həddləri nə cür formalaşmışdır? XVIII əsrin ikinci yarısına qədər xarici ticarətin əsaslı elmi araşdırılmasına rast gəlinmir. Həmin müddətə qədər müxtəlif nəzəriyyələrdə xarici ticarət anlayışına ötəri surətdə toxunulurdu. Iqtisadi ədəbiyyatlarda beynəlxalq ticarətin ilk dəfə elmi cəhətdən sistematik surətdə araşdırıldığı əsər kimi bur qayda olaraq klassik iqtisadi nəzəriyyənin banisi Adam Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” (1776) əsəri göstərilir. Həmin dövrdən ötən iki əsr yarımlıq müddət ərzində beynəlxalq ticarət nəzəriyyələri ciddi bir təkamülə məruz qalmışlar. Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü Sxem 4.1-də verilmişdir.
4.2.1. Klassik nəzəriyyələrə qədərki konsepsiyalar, onların tənqidi Xarici ticarətin müxtəlif aspektlərini izah etməyə çalışan ilk nəzəriyyə kimi merkantilizmi göstərmək olar. Bu nəzəriyyənin ortaya çıxması feodalizm quruluşunun dağılması və milli dövlətlərin möhkəmlənməsi dövrünə təsadüf edir. Bu cür tarixi fonda yeni şəraiti nəzəri cəhətdən əsaslandıracaq bir konsepsiyaya ehtiyac duyulurdu ki, belə bir konsepsiya da merkantilizm oldu. Məhz bu nəzəriyyə iqtisadi firkin bir istiqaməti olmaqla, ilk dəfə olaraq feodal özünütəminetmə nəzəriyyələri çərçivsindən kənara çıxdı və yeni təsərrüfat sistemində əmtəənin rolunu əsaslandırdı.
Merkantilizm nəzəriyyələrinin əsas nümayəndələri kimi, Tomas Meni, Antuan Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu və digərlərini göstərmək olar.
Merkantilistlərin fikrincə, iqtisadi sistem üç sektordan – istehsal sektorundan, kənd təsərrüfatı sektorundan və xaici koloniyalardan ibarət idi. Onlara görə, tacirlər iqtisadi sistemin ən mühüm subyekti, əmək isə istehsalın əsas amili idi.