AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
MAARİFƏ HACIYEVA
ƏDƏBİ
QAYNAQLAR
BAKI – 2014
Elmi redaktor: Nigar HƏSƏNOVA
filologiya üzrə fəlsəfə doktoru
Rəyçi və ön sözün
müəllifi: Əziz ƏLƏKBƏRLİ
filologiya üzrə fəlsəfə doktoru
M.Hacıyeva. Ədəbi qaynaqlar. Bakı, Elm və təhsil, 2014, 242 səh.
folklorinstitutu.com
H 4603000000 Qrifli nəşr
N-098-2014
© Folklor İnstitutu, 2014
MÜƏLLİFDƏN
İndiyə qədər yayınlanan 30-a qədər kitabımın bir qismi elmi-tədqiqat xarakterli monoqrafiyalar, bir qismi dərsik, dərs vəsaiti, metodik göstərişlər, bir qismi də, o cümlədən, “Müdriklik çeşməsi” (1984), “Ədəbi düşüncələr” (2003), “Ədəbi mülahizələr” (2007), “Ədəbi çeşmə” (2009), “Ədəbi dəyərlər” (2013) folklor və ədəbi proses, ədəbi əlaqələr, sənət və ədəbiyyata aid məqalələrdən ibarətdir.
Təqdim olunan kitaba beynəlxalq simpozium, elmi konfrans və elmi seminarlara təqdim etdiyim bir neçə məqalə, vaxtilə kiril əlifbası ilə jurnal və qəzetlərdə yayınlanan bir neçə məqalə, uzun illər apardığım araşdırmalar nəticəsində yazdığım Türk-Azərbaycan folklor və ədəbi əlaqələrini ifadə edən məqalələr daxildir.
Ədəbi proses, folklor qaynaqları Azərbaycan-Türkiyə folklor ədəbi və mədəni əlaqələri, milli-mənəvi dəyərlərlə bağlı yazdığım məqalələrin bir qismi də “Ədəbi qaynaqlar” kitabında toplanmışdır.
Kitabın işıq üzü görməsinə dəstək olan Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna təşəkkür edirəm.
Prof. Maarifə Hacıyeva
ÖN SÖZ
Çağdaş ədəbi tənqidi və elmi-nəzəri fikir artıq siyasi-ideoloji tələblər yox, daha çox milli dəyərlər işığında ədəbiyyat tarixini, ədəbi prosesi izah etməyə çalışır.
Prof. Maarifə Hacıyevanın yeni kitabında toplanmış məqalələrin mövzusu, bu məqalələrdəki problemlər bu baxımdan xüsusilə diqqəti çəkir və onlarda çağdaş ədəbi-nəzəri fikrin aktual məsələləri bu günkü elmi səviyyə və tələblər baxımından nəzərdən keçirilir. Ədəbi qaynaqlar, folklor və ədəbi proses, milli şeir, Dədə Qorqud və müasir ədəbi proses, türk dünyasının ortaq ədəbi dəyərləri, Azərbaycan və türk aşıq sənəti, türk xalq poeziyası kimi məsələlər kitaba daxil edilmiş bir çox məqalələrin əsas mövzusudur. Müasir ədəbi proses və milli-mənəvi dəyərlər bir çox məqalələrin, o cümlədən “Müşfiq poeziyasının folklor qaynaqları”, “Poetik kəşf”, “Nəbi Xəzri şeirlərində poetik tutum” məqalələrinin mövzusudur ki, bu da Maarifə xanımın araşdırmalarının önəmli bir tərəfidir.
Prof. Maarifə Hacıyevanın müxtəlif tarixlərdə yazdığı, beynəlxalq konfranslarda oxuduğu məqalələr də onun araşdırmalarının tərkib hissəsidir və elmi yaradıcılığında önəmli yer tutur.
Kitabda Nəsrəddin Tusi, M.Ə.Rəsulzadə, Cəlaləddin Rumi, Mirzə Kazımbəy, A.A.Bakıxanovdan tutmuş, XX yüzil Azərbaycan ədəbiyyatının korifeylərindən olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə kimi qüdrətli ustadların yaradıcılığı da milli dəyərlər işığında araşdırılır.
Kitabdakı məqalələrin bir qismi də türk dünyasındakı Azərbaycan sevdası ilə bağlıdır. Bu cəhətdən B.Vahabzadənin “Halistin Kukula məktubları”, “Aşıq Kamali Bülbül və türk dünyası” məqalələri maraq doğurur.
Məqalələrin bir qismi, o cümlədən “Anadolu aşıqlarının türk mədəniyyətində yeri” adlı məqalə Azərbaycan və türk folkloru materialları əsasında ortaq dəyərlərin araşdırılmasına həsr edilmişdir.
Kitaba daxil edilmiş Sultan Süleymanın ekran həyatını əks etdirən çoxseriyalı televiziya filminə münasibət bildirən və Osmanlı tarixinin önəmli bir səhifəsini əks etdirən “Osmanlı tarixinin Sultan Süleyman dövrünün ekran həyatı” məqaləsi müəllifin maraq dairəsinin genişliyini bildirir.
“Ədəbi qaynaqlar” kitabının milli-mənəvi dəyərlər baxımından maraq doğuracağına inanıram.
Əziz ƏLƏKBƏRLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent.
FOLKLOR QAYNAQLARI
Milli düşüncə, milli kimlik, milli tarixi coğrafiya, milli mənəvi sərvət ədəbiyyatın başlanğıcı olan folklordadır. Folklor və onun motivləri yazılı ədəbiyyata mövzu və forma verir, ədəbiyyatın milli xarakterini müəyyənləşdirir.
Folklorun ədəbi prosesə hansı şəkildə təsir göstərməsi və bu posesin necə getməsinin özü son dərəcə maraq doğuran məsələdir. Min illər bundan əvvəl yaranan ağız ədəbiyyatı örnəklərini ərsəyə gətirən qaynaqlar müasir həyatımıza, indiki düşüncə tərzimizə necə uyğunlaşıb yaşayır? Bu günün nəsri və poeziyası şifahi söz xəzinəmizdən necə barınıb-bəhrələnir? Bütün bunlar ədəbi prosesdə öz elmi və bədii dəyərini saxlayan vacib prosesdir.
Folklorun yarandığı qaynaqların bədii əsərə təsiri günəşin torpağa təsirinə bənzər. Günəş almayan torpaqda hərarət çatışmaz. Başqa sözlə, nüvəsinə folklor ruzigarı əsməyən əsər, təbir caizcə, distillə olunmuş suya bənzər. Bütün təmizliyinə və saflığına baxmayaraq belə suyu içmək olmur.
Az yaradıcı sənətkar tapmaq olar ki, onun əsərləri xalq dilindən, bu dilin şəhdini-şəkərini şərtləndirən folklor qaynaqlarından qidalanmasın. Həqiqi sənətkar xalqını, onun arzu və istəyini, xalqın yaratdığı folkloru, bu folkloru şərtləndirən qaynaqları, bir sözlə, ona doğma olanların ruhunu gözəl bildikdə, dərin duyduqda kamil sənət əsəri yarada bilir.
Xalq yazıçısı İlyas Əfəndiyev “Folklor müasir əsərə hansı şəkildə təsir göstərməlidir” sorğusuna belə cavab vermişdir: “Folklordan istifadə barədə fikirləşəndə mənim yadıma Üzeyir Hacıbəyovun “Koroğlu” operası düşür. Bu ölməz əsərin musiqisində Ü.Hacıbəyov el musiqisini öz tükənməz istedadının qanadları ilə irişməz yüksəkliyə qaldıraraq Azərbaycan xalqının qəhrəman ruhunu qəlbin dərinliklərinə işləyən mərdanə, cəsur musiqi dili ilə tərənnüm etmişdir. Bəstəkar el nəğməkarlarından istifadə ilə yüksək musiqi mədəniyyətinə malik böyük opera yaratmışdır. İstedadlı yazıçı da belə edir” (bax: “Azərbaycan” jurnalı. “Bizim sorğu”,1981, №1, səh.10).
İlyas Əfəndiyev yazıçının folklor qaynaqlarına müraciətdə dərinliyə, folklor poetikasına nüfuz edərək, folklor motivini əsərin üz səthində deyil, daxilində – poetik məğzində duyulmasını şərtləndirmişdir.
Xalqın yaratdığı folklor çeşməsinin qaynaqları çoxdur. Bu qaynaqlar xalq dilinin şəhdi-şəkəri, el-obanın yaratdığı nağıl, rəvayət, əfsanə, mifologiya, dastan, ata sözləri, məsəllərdir, xalq ədəbiyyatında mövcud olan hazır folklor surətləri, bədii təsvir vasitələridir, xalqın xeyir-duaları, bəd duaları, lətifələri, xalq fəlsəfi təfəkkürü, məcazlı deyim tərzidir. Bu qaynaqlar öz kökü üzərində bitən qollu-budaqlı nəhəng ağaca bənzəyir və bədii əsərə forma və süjet verir.
Folklordan süjet əxz etmək bədii yaradıcılığın bütün dövrlərində istifadə olunan bir yaradıcılıq xüsusiyyətidir. Ədəbiyyat həmişə folklordan bəhrələnibdir.
Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir öz dövrlərinin sosial-ictimai mətləblərini bədii söz vasitəsilə ifadə etmək, oxucunun mədəni yüksəlişinə təsir göstərmək məqsədilə folklora, xalq zəkasına, el sözünə müraciət ediblər, ondan bəhrələniblər, bu yol ilə yaradıcılıqlarını xalqın həyatına, mənəvi və sosial tələblərinə yaxınlaşdırıblar.
XVIII əsrdə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, XIX əsrdə Qasım bəy Zakir folklor qaynaqlarına müraciət etməklə xalq şeiri poetikasını klassik şeirə gətirir, xalq şeiri tərzində yazdıqları əsərlərdə realist şeir üslubunu yaşadır, xalq həyatının ən canlı məsələlərini inandırıcı şəkildə ifadə edirdilər.
Təsadüfi deyil ki, ədəbiyyatımızın bütün dövrlərində olduğu kimi XVII-XVIII əsrlərdə ana dilli poeziyamızın inkişafında böyük xidmətləri olan adlı-sanlı sənətkarlar xalqın təfəkküründə dastanlaşan, milli folklordan gələn mövzulara, Şərq əfsanə və rəvayətlərinə, milli dastanlar kimi folklor qaynaqlarına müraciət edib dövrün mükəmməl yazılı ədəbi nümunələrini yaradıblar.
Məhəmməd Əmmaninin mövzularını xalq ədəbiyyatından aldığı “Dəvəsi ölmüş ərəb”, “Tiryəkçi” hekayələri, Fədainin Şərq əfsanələri əsasında yazdığı “Bəxtiyarnamə”, Məsihinin əfsanə əsasında yazdığı “Vərqa və Gülşa” poeması, Məhəmmədin “Şəhriyar və Sənubər” adlı xalq poeması əsasında yazdığı “Şəhriyar” dastanı məhz milli və Şərq folklor qaynaqları əsasında yazılmışdır.
Folklor qaynaqlarına müraciət XIX-XX əsrdə də yeni vüsət aldı. Bu əsrin bədii nəsri və şeirində bir tərəfdən folklor ünsürlərinin həmin əsərlərin müəlliflərinin yaradıcılıq xüsusiyyətləri ilə üzvi şəkildə qaynayıb-qarışdığını, digər tərəfdən də folklor ilə səsləşən əsərlərin yarandığını görürük. A.Bakıxanovun “Nəsihətnamə”sində, N.B.Vəzirovun əsərlərinin adına “Adı var, özü yox”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Nə əkərsən, onu biçərsən” atalar sözlərinin verməsində bu prosesin gözəl nümunələrini görürük.
XX əsrdə C.Cabbarlı, S.Vurğun, R.Rza, M.Rahim, M.Rzaquluzadənin bir sıra poemalarının, S.Rüstəmin “Qaçaq Nəbi” dramının bədii müvəffəqiyyəti eyni zamanda onların folklor qaynaqlarına yaradıcı yanaşmasının nəticəsi idi. Bu cəhətdən S.Vurğunun yaradıcılığı müstəsnalıq təşkil edir. S.Vurğun poemalarında folklor motivlərinə müraciətlə Azərbaycan folklorunun dərinliklərində qiymətli nə varsa, onu poeziyamızın sərvətinə çevirdi. O, yazdığı 26 poemadan 7-ni məhz folklor motivi əsasında qələmə almışdır. “Aslan qayası”, “Ayın əfsanəsi”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Hürmüz və Əhrimən”, “Ölən məhəbbət”, “Dar ağacı” kimi poemalarında folklor süjeti şairin xəlqi ideyasının ifadəsinə xidmət etmişdir.
Geniş bir məfhum olan folklor və onun qaynaqları bütün dövrlərdə ədəbi prosesin ayrılmaz tərkib hissəsi olmuş və olmaqda davam etməkdədir.
Folklorun böyük qaynaqlarından biri, bəlkə də, birincisi xalq danışıq dili, xalqın az sözlə böyük fikir ifadə edən toxtamış zərb-məsəlləri, şirin ifadələri, obrazlı təşbehləridir.
Xalq yazıçısı Mirzə İbrahimov yazırdı ki, “Obrazlı söz xalq dilinin ümumi qazanında qaynayıb yetişir və ancaq oradan xalq həyatı, xalq ruhu ilə birlikdə bədii ədəbiyyata keçir. Təsadüfi deyildir ki, bədii dilin ən gözəl nümunələri xalq ədəbiyyatındadır”.
Folklorun rəngarəng dil ünsürlərinin bədii əsərin dilinə daxil edilməsi surətlərin hiss və həyəcanlarını, onların ictimai simasını səciyyələndirir və bu üsulla xəlqilik dərəcəsini hiss etdirir.
Bir “xalq dili” var, bir də yazıçı və şairlər tərəfindən işlədilən “ədəbi dil”. Xalq dili daha çox el-oba arasında, onun dialekt və şivələrində yaşayır. Xalq dilindən gələn çoxlu sözlər vardır ki, bunlar ədəbi əsərlərə bir torpaq münbitliyi gətirir. Bunun çoxlu nümunəsini XX əsrdə Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli, Məmməd Araz, İlyas Əfəndiyev, Mirzə İbrahimov, Əli Vəliyev kimi şairlərin poeziyasında və nəsr əsərlərində görmək olur.
Hər yazıçı bitib-tükənməz folklor qaynaqlarından özünəməxsus şəkildə faydalanır, bu faydalanma nəticəsində folklor bədii əsəri məzmun, ideya, fikir və obrazlarla qidalandırır. Bədii əsər isə folklordan əxz etdiklərini yenidən işləyərək onu yeni və müasir mövzu ilə bədii şəkildə xalqa çatdırır.
Göründüyü kimi, ədəbi prosesin bütün dövrlərində folklor qaynaqları yazılı əsərlərin nüvəsinə sehirli bir ruzigar kimi daxil olmuşdur. Bədii yaradıcılığın bütün şah əsərləri öz tarixi taleyinin uğurunu da elə bu ruzigardan götürüb desək, yanlış olmaz.
Yüzilliklərin o başında yaranan folklor örnəkləri, folklor qaynaqları yüzilliklərin bu biri başında bir sənətkarın qələmində gül açır, mənəvi körpü quraraq milli bağları daha möhkəm şəkildə bir-birinə kilidləmiş olur.
«DƏDƏ QORQUD”LA MƏNƏVİ
BAĞLILIQLAR*
Ədəbiyyatın inkişaf qanunauyğunluqlarından biri onun folklora, öz ilkin mənbəyinə daha fəal şəkildə müraciətidir. Folklor – xalqın bədii təfəkkürünün məhsulu olan yaradıcılıq nümunələri ədəbiyyatın dərin, daxili qatlarına nüfuz edir, əsərlərin quruluşuna və ideya konsepsiyasına təbii surətdə daxil olur. Belə bir cəhət çox səciyyəvidir ki, son illərdə ədəbi tənqidin diqqət mərkəzində dayanan əsərlərin çoxunun ideyasına və poetikasına folklorun qüvvətli təsirini, folklor ünsürlərinin daxil olmasını görürük.
Ədəbiyyatda folklor təfəkkürünə müraciət, əlbəttə, yeni səciyyə deyil. Bu, ədəbiyyatın xalq şifahi bədii sözü ilə onun ənənəvi bağlılığı kimi izah oluna bilməz. Bu bağlılıq, bu təsir ədəbiyyatın böyük bəşəri vəzifəsindən – insana öz insani borcunu dərk etdirmək, əzəli bəşəri sərvətləri təsdiqləmək səyindən irəli gəlir.
Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyasında “Dədə Qorqud” eposu ilə səsləşən cəhətlərin meydana çıxmasını da bununla izah etmək lazım gəlir.
Xüsusən də müasir poeziyamızın dil xüsusiyyətləri ilə folklorumuzun qədim nümunəsi olan “Kitabi-Dədə Qorqud”un dili və poetikası arasında olan əlahiddə yaxınlıq və oxşarlıq, hətta eyniyyət müasir poetik dilin, poetik təfəkkürün tarixi köklərini və mənbələrini aydınlaşdırır. Bu kökü və mənbəni mənimsədikcə, onunla təması gücləndirdikcə müasir bədii dilin ifadə imkanları, obrazlılıq xüsusiyyətləri də zənginləşir və dərinləşir. Belə bir xüsusiyyətin 60-cı illərin poetik prosesində daha qabarıq surətdə meydana çıxdığını və inkişaf etdiyini müşahidə edirik.
Poeziyamızda sözlərin qoşa şəkildə işlənməsi xüsusiyyəti var. Məlumdur ki, “Dədə Qorqud” şeirlərində də bu cəhətə təsadüf edilir və sözlərin belə formada işlənməsi şeirdə mənanın, obrazın emosional təsirini artırır, kəskinləşdirir.
-------------------------------
*Məqalə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının 1988-ci il 1-ci nömrəsində yayınlanmışdır.
Məsələn:
Çığnam-çığnam qayalardan
çıxan su,
Böyük-böyük ağac gəmilər
oynadan su.
…Gumbur-gumbur nağaralar
çalındı ol gün.
Burması altın tunc borular
çalında ol gün.
Xalq şairi R.Rza “Dədə Qorqud”un poetikasından gələn bu xüsusiyyətə şeirlərində çox geniş yer vermişdir. Onun elə şeirləri vardır ki, qoşa sözlər bu şeirlərin dil quruluşunda çox mühüm cəhətdir. Məsələn, “Dinc oturun, ağalar” belə şeirlərdən biridir. Burada R.Rza “insanlar şəhər-şəhər”, “körpələr axın-axın”, “səhərlər nurlu-nurlu”, “zəmilər sünbül-sünbül”, “torpaqlar əkin-əkin”, “üfüqlər nəğmə-nəğmə” və s. şəkildə ifadələrə müraciət etmişdir.
Şair bu ifadələri işlədərkən onların misradakı məna və funksiyasına görə müəyyən dəyişikliklər də edir. Məsələn, aşağıdakı parçada olduğu kimi:
Deyirsən
şəhər-şəhər insanlar,
məktəb-məktəb uşaqlar
dəstə-dəstə cavanlar
qoynu məhəbbətli,
gecəsi gündüzü
şirin söhbətli
necə evlər, ocaqlar,
nəğmə-nəğmə küçələr,
bulaq-bulaq yarpaqlar
dinc əməkli gündüzlər, gecələr
bürünsün ölüm sükutuna.
Diqqət etsək, görərik ki, R.Rza bu şeirdə adət etdiyimiz sözləri qoşa şəkildə işlətmişdir. Başqa sözlə, o, bu cür formaya şüurlu olaraq müraciət etmişdir. Ancaq məsələ bundadır ki, onun sözləri qoşa işlətməsi formal xarakter daşımır, çünki sözlərin bu şəkildə düzümü şeirin ümumi ruhu və poetik vəzifəsinə tabe tutulmuşdur.
Biz sözlərin misrada qoşa şəkildə işlənməsinə başqa şairlərimizin də əsərlərində təsadüf edirik:
Dodaq cadar-cadar, qəlb oyuq-oyuq,
Tarix yaşamışam həsrətdən bəri.
(B.Vahabzadə).
Çadır-çadır dağlar gülsün
Üstümüzə nur tökülsün!
Nəğmə-nəğmə səsim gəlsin
Mənim illərdən-illərdən!
(M.Gülgün)
“Dədə Qorqud”un poeziyamızla bağlılığı, əlbəttə, yalnız sözlərin qoşa işlənməsi səviyyəsində qalmır. “Dədə Qorqud” ruhu və poetik dünyagörüşü də poeziyamızın mənəvi sərvətlər sistemində yaşamaqda davam edir. Bu cəhətdən ana mövzusunu, qadın mövzusunu xüsusi qeyd edə bilərik.
Poeziyamızda ananın böyüklüyü, ucalığı haqqında klassik poetik nümunələr vardır. C.Cabbarlının “Ana” şeiri, S.Vurğun, M.Rza, M.Müşfiq, S.Rüstəm, H.Arif və b. ana mövzusunda gözəl, təsirli şeirləri buna misaldır. Onlar ana və doğma torpaq anlayaşlarını bir-birindən ayırmırlar:
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar.
(H.Arif).
Anaya sonsuz sevgi və pərəstiş hissi “Dədə Qorqud” kitabının da əsas motivlərindən biridir. “Dədə Qorqud”da “ana haqqı Tanrı haqqı” kimi başa düşülür. Anaya məhəbbət Salur Qazanın simasında yüksək ifadəsini tapmışdır:
Mərə Şöklü Məlik,
Qırx yigitlə oğlum Uruzu gətirib durursan,
Qulun olsun.
Tovla-tovla şahbaz atlarım gətirib durursan,
Sənə yüklət olsun.
Qarıcıq anamı gətirib durursan, mərə kafir,
Anamı vergil mana
Savaşmadan, vuruşmadan qayıdayım,
Geri dönəyim, gedəyim, bəlli bilgil – dedi.
“Dədə Qorqud” dastanlarında işlənilmiş bir çox tipik idiomlar, ibarələr, məsəllər və atalar sözləri Azərbaycanda indi də mövcuddur, xalqın dilində və məişətində qalmaqdadır. Dastandakı bir çox motivlər isə digər dastanlarda, nağıllarda rəngarəng silsilə halında yaşayır. “Aşıq Qərib”dəki bir sıra hadisələr Bamsı Beyrək boyundakı hadisələrlə, vaqiələrlə səslənir. Bəzi nağıllarımızdakı kəlləgözlər təpəgözü xatırladır.
Yeri gəlmişkən qeyd edək ki, “Dədə Qorqud”un süjetləri əsasında yaranmış belə əsərlərdən biri professor Əbdüləziz Dəmirçizadənin “Qaraca Çoban” adlı nağıl-pyesidir. 1945-ci ildən sonra Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulan həmin pyesdə şeiriyyət zəif olsa da, pyesin “Kitabi-Dədə Qorqud”dakı “Salur Qazanın evinin yağmalandığı boyu bəyan edər” hekayəsindəki Qaraca Çoban əhvalatı ilə bağlı olması “Dədə Qorqud” süjetlərinin bədii təsviri baxımından maraqlıdır.
“Dədə Qorqud”un klassik və müasir Azərbaycan poeziyası ilə ideya yaradıcılıq əlaqələrinin başqa aspektləri də vardır. Bu baxımdan, “Dədə Qorqud” poetikası ilə müasir poeziyanın səsləşən cəhətləri xüsusilə böyük maraq doğurur.
60-cı illərdə Azərbaycan poeziyasında yeni üslub və forma meyillərinin sürətlə inkişaf etməsi, realizmə və sadəliyə meylin qüvvətlənməsi müasir şairləri “Dədə Qorqud”a, onun poetik deyiminə gətirib çıxarmışdır. Belə bir müraciət müasir poeziyamızın həm vəzn, həm də obrazlı strukturunda özünü hiss etdirmişdir.
Məlumdur ki, öz qədim ənənələri ilə möhkəm bağlı olan müasir Azərbaycan şeiri həm heca, həm əruz, həm də sərbəst şeir formasında yaranır, inkişaf edir və zənginləşir. Bu halda təbii olaraq belə bir sual meydana çıxır: “Kitabi-Dədə Qorqud”da olan şeir müasir Azərbaycan şeirinə hansı cəhətdən yaxındır?
Qorqudşünaslıqda mübahisəli problemlərdən biri də dastanın şeir formasının özünəməxsusluğudur. “Kitabi-Dədə Qorqud” tədqiqatçılarının bir çoxu (V.Jurmunski, X.Koroğlu) “Dədə Qorqud”dakı şeirin vəznini ritmik vəzn hesab edirlər. Bəziləri isə (məs.: Amerika naşirləri Ə.Uysal, V.Valger və F.Sumer) “Dədə Qorqud” şeirlərini “nəsrin poetikası” adlandırırlar. “Dədə Qorqud”un türk və Azərbaycan tədqiqatçıları O.Ş.Gökyay, M.Ergin, H.Araslı, M.Təhmasib, A.Axundov, T.Hacıyev, E.Əlibəyzadə, Ş.Cəmşidov, A.Aslanov, K.Vəliyev, Anar və b. “Dədə Qorqud” şeiri haqqında maraqlı fikirlər söyləmişlər. Burada biz yazıçı Anarın bəzi fikirləri üzərində dayanmaq istəyirik.
Anara görə, “Dədə Qorqud” nəzmi türkdilli şeirin daha arxaik, daha qədim, ilkin şəklidir. “Bəs onda Dədə Qorqud özü Bayat boyundan ola-ola bayatların yaratdıqları nadir poetik incini – bayatı formasını niyə bilmir, tanımır? Bu bilməcənin izahı nədir? Yeganə izah Dədə Qorqud nəzminin türkdilli şeirin daha arxaik, daha qədim ilkin şəkli olmasıdır”.
Deməli, “Dədə Qorqud” şeiri türkdilli nəzmin hələ əruz vəznini mənimsəmədiyi, heca vəznində dəqiq, qəliblənmiş heca və qafiyə sisteminə malik qoşmalar, gəraylılar, bayatılar yaratmadığı daha əski dövrlərin, çox-çox qədimlərin yadigarıdır.
Dastanın şeiri üzərində düşüncələrini davam edən müəllif “Dədə Qorqud” şeirləri indiki Azərbaycan şeirinə həm ruhu, həm forması etibarilə çox doğma və yaxındır” qənaətinə gəlir (Bax: Anar. “Dədə Qorqud” dünyası, “Azərbaycan” jurnalı, 1985, № 11).
Qeyd etmək lazımdır ki, qədim ədəbi-mədəni abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanındakı şeirlərin çoxu sabit ölçülü poetik nümunə olmadığından bu şeirlər ədəbiyyatşünaslığımızda sərbəst şeir hesab edilmişdir. Bu barədə prof. Ə.Ağayev göstərir ki, sərbəstliyin həm vəzndə, həm qafiyədə, həm də şeir dilinin sintaktik quruluşu və poetik təhlilində vaxtilə qədim türkdilli şeirlə təzahür etmiş olduğundan, onun qalıqları və izləri “Dədə Qorqud”dan başlayaraq, həm yazılı poeziyamızda, həm də şifahi şeirdə uzun müddət yaşamışdır.
Ədəbi tənqid müasir sərbəst şeirdə “Dədə Qorqud” poeziyasının qüvvətli təsiri olduğunu qeyd edir. Bunun bir çox səbəbi vardır.
Azərbaycan şeirinin ideya-mövzu cəhətdən təşəkkülündə folklor irsimiz əhəmiyyətli rol oynadığı kimi, poetika cəhətdən də onun zənginləşməsində, yeni poetik formalar axtarışında şifahi xalq poeziyasının, folklor abidələrinin təsiri həlledici amillərdən olduğu məlumdur. Bu nöqteyi-nəzərdən, Azərbaycan şeirinin poetikası ilə “Dədə Qorqud” poetikasının bəzi səsləşmələri çox təbiidir.
Azərbaycan folklorunun qədim abidəsi olan “Dədə Qorqud”la müasir Azərbaycan şeiri arasında oxşarlıqlar, hər şeydən əvvəl, özünü vəzndə, şeirin poetik strukturunda büruzə verdiyini göstərməliyik. Daha konkret desək, “Dədə Qorqud”la müasir Azərbaycan sərbəst şeiri arasında əlaqə burada ilk növbədə nəzərə gəlir. Lakin müasir poeziya ilə “Dədə Qorqud” əlaqələri yalnız vəzn faktoru ilə məhdudlaşmır. Dastanla müasir şeir arasındakı əlaqə və təmasın digər sahələri də vardır ki, bunu poetik obraz və motiv yaxınlığında, “Dədə Qorqud” motivlərinin interperasiyasında təyin edə bilərik. O da qeyd olunmalıdır ki, “Dədə Qorqud”la yaradıcılıq əlaqəsi 70-80-ci illərdə yalnız poeziyada məhdudlaşmır. “Dədə Qorqud”a müraciət nəsrdə və dramaturgiyada da müşahidə olunur. Anarın “Dədə Qorqud” motivləri əsasında ssenari yazması, bu ssenari əsasında filmin çəkilməsi dastanın ideya və fəlsəfi məzmun dərinliyini bir daha təsdiq etdi. Anar ssenaridə dastanın dil və poetika sistemini hifz etmişdir. Əlbəttə, bunu dastanı təkrar etmək, üslubuna uyğunlaşdırmaq mənasında başa düşmək lazım deyildir. Anar “Kitabi-Dədə Qorqud”un hərfi mənasını yox, poetik formasını saxlayab, arxaik strukturunu tam dəyişməsə də, müəyyən əlavələr edib, ayrı-ayrı motivləri obrazlı birləşdirib, dil və üslubunu da müasir oxucu və tamaşaçı səviyyəsini nəzərə alaraq müasirləşdirib.
“Dədə Qorqud” motivləri 70-80-ci illər poeziyasında mühüm sosial-bəşəri və fəlsəfi problemlərin poetik həllinə kömək etmişdir.
Belə əsərlər içərisində N.Xəzrinin “Əfsanəli yuxular” poeması, “Torpağa sancılan qılınc” mənzum dramı və A.Abdullazadənin “Ulu Qorqud” poemalarını ayrıca qeyd etmək mümkündür. N.Xəzri poemada “Dədə Qorqud”dakı qadın-ana motivini əsas götürüb bu motivi vətənpərvərlik, torpağa, ocağa sədaqət mövzusu ilə üzvi şəkildə əlaqələndirmişdir.
Şair A.Abdullazadə “Dədə Qorqud” motivləri işığında dünyanın, insanlığın taleyi üzərində, böyük bəşəri sərvətlər üzərində düşünür. Şairin öz qarşısına qoyduğu bu vəzifə onun əsərinin janrını və üslubunu da təyin etmişdir. A.Abdullazadə eposun motivləri əsasında lirik-fəlsəfi poema yazmışdır. Dədə Qorqud öyüdləri, əxlaqi və anlayışları kontekstində müasir dünyanın, müasir insanın qayğılarını, problemlərini götür-qoy etmişdir. Poemanın Dədə Qorqudla söhbət, ona müraciət formasında yazılması da bununla bağlıdır. Şair “Dədə Qorqud”a bizim əsrin hadisələrindən, çətinliklərindən, mənəvi dəyərlərindən çıxış edərək üz tutur, “gəlimli-gedimli dünya”dan Qorqudla danışır. Dünyada Qorquddan sonra çox şey baş vermişdir, çox hadisələr və faciələr olmuşdur. Lakin Qorqud həqiqəti, Qorqud müdrikliyi qalmışdır.
Beləliklə, bütün dediklərimizi yekunlaşdırsaq, tam əsasla qeyd edə bilərik ki, “Dədə Qorqud” və müasir poeziyanın əlaqələri çoxcəhətli olub, müasir poetik prosesin yaradıcılıq problemlərinin inkişaf meyillərini, janr və ideya-mövzu sahəsindəki axtarışlarını əhatə edir.
Dostları ilə paylaş: |