vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə
öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.
2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır,
yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması)
nəzərdə tutulur.
Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə
formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar
dil vasitələrindən eyni şəkildə istifadə etmirlər.
Bu istifadə şəxsin təhsili, həyat
təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur.
3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə
fərdlərin nitqi və onun məhsulu olan mətn üzrə aparılır. Dilə dair qrammatika
kitabları və digər sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan
araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha çox
sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir.
4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi
şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır,
dəyişikliyə uğrayır. Lakin dil normalarının
köməyi ilə bu dəyişikliklərdən,
təsirlərdən özünü qoruyur.
5. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Onun vahidləri (mürəkkəb
sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa
malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil
isə nitqlə müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola biər.
Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir.Bu
mənada dil nitqin formasıdır, fikir isə onun məzmunu.
6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi
formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz
qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə
edirlər. Bu səbəbdən birinin nitqi, danışığı
digərlərindən gözəl, zəngin, əhatəli,
məzmunlu və təsirli olur
7. Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi
olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir.
Dil sisteminin ən böyük vahidi sayılan cümlə nitq sistemində ən kiçik vahid olur.
Dil və nitq aşağıdakı fərq qarşılaşmada özünü aydın göstərir: Obyektivlik–
subyektivlik, ümumilik–xüsusilik, daimilik–dəyişkənlik, bəşərilik– millilik, statiklik-
dinamiklik, mücərrədlik-konkretlik, ictimailik-fərdilik, mümkünlük-gerçəklik,
rasionallıq-emosionallıq və s.
Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır.
“Nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz
növbəsində dilin bərqərar olması
üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə
dildən əvvəl olur” .
Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə,
şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq,
səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil
olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə
görə bir-birindən fərqlənirlər.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir
nitq praktikasında danışan və dinləyən,
demək olar ki, eyni dərəcədə fəaliyyət
göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona
münasibətini bildirir. Başqa bir nitq formasında
isə dinləyən ya ehtiyac, ya da
imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət
göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını
yaradır.
Dostları ilə paylaş: