Şad və ya bəd xəbərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki, informasiyanın
özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək gücündədir. Hansısa bir
bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın tab gətirməyib həlak olması
(xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü” də deyilir) halları çoxlarına
bəllidir. İki yeniyetmə oğlunın dənizdə çimərkən batması xəbərini eşidən ana huşunu
itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud, atasının ölüm xəbərini eşidən qız özünü
dənizə atıb həlak etmişdir və s.
Adamlar başqasına əzizi, yaxın adamının ölüm xəbərini verərkən “vəziyyəti ağırdır”,
“özündə deyil”, “huşunu itirib”, “halı yaxşı deyil” və s. kimi ifadələrlə müsahibini bu
dəhşətli hadisəyə, bir növ, hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbləri zəif
adamlardan belə xəbərlər gizli saxlanılır.
Bəd xəbərlərin münasib formada başqasına çatdırılması insanlara qayğıdır,
mərhəmətdir, onların dərdlərinə şərik olmaqdır. Bu, hər bir mədəni adamın başlıca
keyfiyyətlərindəndir.
Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də bəzən
adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş oğlunun intizarında olan
anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini verməyin ana üçün
hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir. Adamlar sanki bunu nəzərə
alaraq gətirdikləri şad xəbəri “Muştuluğumu ver”, “Gözün aydın olsun”, “Sənə bir şad
xəbər gətirmişəm” və s. ifadələrlə birdən-birə deyil, tədricən sahibinə çatdırırlar.
Müsbət emosiyaların törətdiyi gərginliklər də bəzən ağır nəticə verən bilir. Məsələn,
Babilistan və Yunanıstan şəhərlərini darmadağın etmiş İran şahı Kserkis öz şöhrətinin
zirvəsinə çatarkən bərkdən güldüyü üçün ölmüşdür.