Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   33   34   35   36   37   38   39   40   ...   49
yazılmışdır – red.). Görəsən, ipək sənayesi bir zamanlar tutdugu 
zirvəyə qabca biləcəkmi? Hələlik isə tut ağacları bir zamanlar 
Avropa ilə Asiyanı birləşdirən İpək Yolunun mövcudluğunun canlı 
sübutudur. 
  
Fərid Ələkbərlinin və İsqəndər Əliyevin məqaləsini  
ingilis dilindən tərcümə etdi: Gülnar Aydəmirova  
  
 
 
KÖHNƏ BAKI BARƏDƏ XATİRƏLƏR 
  
Mənbə: Azerbaijan International jurnalı - AI 10.3 (Payız 2002) © 
2004, Azerbaijan International  
 
ÖN SÖZ. Azərbaycanın digər qədim  şəhərlərindən  əsaslı 
şəkildə  fərqlənən Bakının Içəri  Şəhəri çox nadir bir memarlıq 
abidəsidir. Bura bəzən xaricilər tərəfindən “Köhnə Bakı” 
adlandırılır. Içəri  Şəhərdə hal-hazırda təmir edilən Qız Qalası, 
Şirvanşahlar sarayı da daxil olmaqla çoxlu sayda heyrətamiz 
memarlıq abidəsi vardır. Lakin bununla belə orta əsrlər Içəri 
Şəhərinin özünəməxsus mədəniyyəti və adət-ənənələri var idi və 
onların bir çoxu indi itirilməyə və unudulmağa başlamışdır. Indi bir 
zamanlar Içəri  Şəhərin qala divarları içərisində yaşayan insanların 
etnoqrafik xüsusiyyətlərini bərpa etmək çətindir. Hal-hazırda 
azərbaycanlıların çoxu Içəri Şəhərin tarixi və adət-ənənələri barədə 
çox az şey bilir. Yaşlı  nəsil dünyasını  dəyişdikcə, Içəri  Şəhərin 
nadir adət-ənənələri, həyat tərzi, mili geyimləri, bayramları, 
nağılları və lətifələri barədə ilkin məlumata malik insanlar azalır. 
 105


Bugün Içəri  Şəhərin yerli əhalisinin artıq mövcud 
olmadığını söyləsək çox haqlı mühakimə yürütmüş olarıq. Yerli 
sakinlərdən çoxu öz evlərini sataraq Bakının digər yerlərinə köçmüş 
və bir çox xarici şirkətlər öz ofislərini burada yerləşdirmişlər. 
Bu məqalədə hazırda yox olmaqda olan Içəri  Şəhər 
həyatının bir zamanlar necə olduğu barədə söhbət açılacaq. 
Mən Içəri Şəhərdə məndən öncə üç nəslimizin yaşadığı bir 
evdə boya-başa çatmışam. Uşaqlıqdan yaşlı qohumlarımızdan, 
babalarımdan və xüsusilə  də  nənələrimdən—anamın anası olan,  
Xədicə Kazımovadan və atamın anası olan Rüxsarə Babazadədən 
Içəri Şəhər barədə məftunedici hekayələr eşitmişəm. 
Sonralar mən Içəri Şəhərin tarixinə aid hekayələr toplamağa 
və  məşhur Azərbaycan aktyoru Hüseynqulu Sarabskinin (1879-
1954) “Köhnə Bakı” adlı kitabı kimi müxtəlif mənbələri öyrənməyə 
başladım. Içəri  Şəhərdə anadan olan və yaşayan Sarabski orada 
şahidi olduğu hadisələrin canlı təsvirini vermişdir. 
Eynilə, mərhum yazıçı Manaf Süleymanovun (1913-2001) 
“Gördüklərim, Oxuduqlarım, Eşitdiklərim” kitabı da (Azərbaycan 
Nəşriyyat Evi tərəfindən 1996-cı ildə latın  əlifbası ilə çap 
olunmuşdur.) Içəri  Şəhər haqqında dəyərli məlumatlara malikdir. 
Maraqlı faktlara həmçinin Bakı  Əlyazmalar Institutunun arxivində 
saxlanılan tarixi əsərlərdə, xronologiyalarda, qəzetlərdə  və 
sənədlərdə də rast gəlmək olar. 
IÇƏRİ  ŞƏHƏR, BAYIR ŞƏHƏR. Arxeoloji faktlara görə 
Bakı şəhərinin əsası ən azından eramızın əvvəllərində qoyulmuşdur. 
XII-əsrdə Bakıdan  şimalda, 1,5 saatlıq məsafədə yerləşən  Şamaxı 
şəhərində baş verən güclü zəlzələdən sonra Bakı  Şirvanşahlar 
dövlətinin paytaxtı oldu. Həmin dövrdə  Şirvan  şahları öz 
iqamətgahlarını Bakıya köçürdülər. 
1747-ci ildən 1806-cı ilə  qədər Bakı  və qonşu 39 kəndin 
daxil olduğu xanlığın paytaxtı Bakı oldu. Bu müstəqil ərazi, bəzən, 
“Badikübə”, “Küləklər  Şəhəri” adlanırdı  və öz pul vahidinə malik 
idi. 
Bütün bu dövr ərzində  şəhərin hamısı qala divarlarının 
içərisində yerləşirdi və  əhalisi də  təxminən 5-7 minə yaxın idi. 
1806-cı ildə Rusiya Bakını  işğal etdikdən sonra və xüsusilə  də 
1850-1920-ci illəri  əhatə edən ilk Neft Yüksəlişi dövründə Bakı 
sürətlə qala divarlarından xaricə doğru böyüməyə başladı. Məhz bu 
dövrdən “Içəri Şəhər” və “Bayır Şəhər” ifadələri istifadə olunmağa 
 106


başlandı. Hüseynqulu Sarabski yazır: “Bakı iki hissəyə—Içəri 
Şəhər və Bayır Şəhərə bölünmüşdü. Içəri Şəhər əsas hissə idi. Içəri 
Şəhərdə yaşayanlar Bakının yerli əhalisi hesab olunurdu. Onlar hər 
bir  şeyə—bazara, usta emalatxanalarına, və  məscidlərə yaxın 
yaşayırdılar. Orada hətta kilsə  də var idi. Içəri  Şəhərdə eyni 
zamanda Rus işğalı zamanı tikilmiş hərbi kazarmalar mövcud idi.” 
Qala divarlarının içərisində yaşayan insanlar özlərini divarlardan 
bayırda yaşayanlardan üstün hesab edirdilər və onları “Bayır 
Şəhərin ayaqyalın adamları” adlandırırdılar. 
Içəri  Şəhər dar küçələr və  əyri-üyrü xətlərlə ayrılan çoxlu 
sayda kiçik hissələrdən təşkil olunmuşdur.  Əvvələr hər məhəllə 
yaxınlıqda yerləşən məscidin adı ilə adlandırılırdı: Cümə  məscidi 
məhəlləsi,  Şal Məscidi Məhəlləsi, Məhəmmədyar məscidi 
məhəlləsi, Hacı Qayıb məscidi məhəlləsi, Sınıqqala məscidi 
məhəlləsi, Qasımbəy məscidi məhəlləsi və s. 
Içəri  Şəhərin bəzi məhəllələrinin və  məscidlərinin adları 
həmin ərazidə yaşayan xalqların və ailələrin adı ilə adlandırılmışdır. 
Məsələn, Giləklar məhəlləsi Gilandan gələn tacirlərin yaşadığı 
məhəllə idi. Ləzgilər məhəlləsində Dağıstandan gələn silah və 
sursat ustalar yaşayırdı. Içəri  Şəhərin  əhalisinin çoxu ustalar, 
tacirlər və dənizçilər idi. Bəzi məhəllər isə orada yaşayan ustaların 
peşələrinin adı ilə adlandırılmışdır. Məsələn, Hamamçılar, 
Bəzzazlar, Həkkakçılar. 
1806-cı ildə şəhərin əhalisinin 7 min olmasına baxmayaraq, 
şəhərdə 707 dükan və usta emalatxanası var idi. Hər tacirin və 
mahir ustanın öz dükanı vardı. Onların alıcıları isə Bakıya müxtəlif 
şəhərlərdən gələn tacirlər idi. Bakı gəmiləri Irana, Mərkəzi Asiyaya 
və Rusiyaya mal aparıb gətirirdilər. 
BİR NEÇƏ  ƏSRLİK YAŞI OLAN ABİDƏLƏR. Içəri 
Şəhərin qədim abidələri sırasına Qız Qalası, Sınıq Qala minarəsi 
(11-ci  əsr), Qala divarları  və qalalar (11 və 12-ci əsrlər) və 
Şirvanşahlar Sarayı (15-16-cı əsrlər) daxildir. Bundan əlavə, vaxtilə 
Içəri Şəhərdə 28 məscid, 9 karvansara, bir neçə hamamxana, yararlı 
su anbarları (ovdanlar) və bazar var idi. Orta Asiyadan olan tacirlər 
əsasən 16-cı əsrə aid Buxarı karvansarayında qalırdı. Hind tacirləri 
isə 15-ci əsr Multanı karvansarayına üstünlük verirdilər. 
Bakının sakinləri hamamxanaları çox sevirdilər. 
Çimməkdən əlavə, burada insanlar masaj oluna, sərin şərbət və ya 
isti çay içə, çərəz yeyə və ya qəlyan çəkə bilərdilər. 
 107


Bakının bəzi hamamxanaları indi də durur. Bunların 
sırasına Qız Qalasının arxasında yerləşən 15-ci əsrə aid Hacı Qayıb 
hamamxanası 
və Britaniya Konsulluğunun Mədəniyyət 
Departamentinin yaxınlığında yerləşən 17-ci əsr Gasımbəy 
hamamxanası daxildir. 
Baxmayaraq ki, Bakının orta əsrlər bazarı artıq mövcud 
deyil, siz onun Qız Qalasının arxasında yerləşən sütün və arkalarını 
görə bilərsiniz. 20-ci əsrin  əvvəllərində bazar Multanı  və Buxara 
karvansaralarından 14-cu əsrdə tikilmiş Cümə  məscidinə  qədər 
genişləndirilmişdi. 
AVROPA ÜSLUBU. 19-cu əsrin əvvəlllərində Bakı Rusiya 
dövləti tərəfindən işğal edildikdən sonra Içəri  Şəhərin  ənənəvi 
memarlıq görünüşü dəyişdi. 19-cu əsrin sonlarında və 20-ci əsrin 
əvvəllərində barokko, qotik, klassik, neoklassik, memarlıq 
üslublarını əks etdirən bir çox Avropa üslublu gözəl binalar tikildi. 
Bu binalardan biri əvvəllər “Zəncirli Ev” adı ilə tanınan, 
bugün Bakı Etnoqrafiya Institutunun yerləşdiyi binadır. Binanın 
damında 3 yunan üslublu qadın heykəli və iki ayrı-ayrı yerləşən 
vaza var idi. Bütün heykəllərin və vazaların pedestalları bir-birinə 
ikiqat dəmir zəncirlə birləşdirilmişdi və buna görə də bina “Zəncirli 
Ev” adlandırılırdı. Mən uşaq olanda Içəri Şəhərin yaşlı sakinlərinin 
bu binaya “Zancirli Ev” deyə müraciət etdiyini eşitmişdim, indi isə 
heç kəs bu ifadəni istifadə etmir. Sovet dövründə hər üç heykəl və 
vazalar tədricən dağılmış və binanın üstündən götürülmüşdü. Lakin 
mərkəzdə yerləşən heykəl sonralar yenidən bərpa edilmişdir. 
Zəncirli Evin solunda Qoşa Qala Qapılarından içəri 
girdikdə 3 mərtəbəli bina yerləşir. Bu Erkən Modern üslubunda 
bina 1903-cü ildə  mənim ulu babam olan dəniz kapitanı  Əbdül 
Mənaf Ələkbərov tərəfindən inşa edilmişdir. O, üçüncü mərtəbədə 
yaşayırdı. Onun həmçinin dəniz kapitanı olan qardaşı Müseyib 
ikinci mərtəbədə, bankda işləyən Məmməd Sadıq  Ələkbərov isə 
birinci mərtəbədə yaşayırdı. Hal-hazırda üzüm yarpaqları ilə örtülü 
olan və bu binaya bitişik bir mərtəbəli ev də onlara məxsus idi və 
müxtəlif dükan sahiblərinə icarəyə verilirdi. 
Anamım ulu babası  və Içəri  Şəhərin iş adamı olan Hajı 
Zeynalabdin Tağıyev (1837-1915) (məşhur milliyoner Tağıyev ilə 
qarışıq salmayın) Zəncirli Evin sağında yerləşən və Barokko 
üslubunda olan gözəl ikimərtəbəli binanı tikdirmişdir. Çox təəsüf 
 108


ki, bina 1970-ci illərdə uçurulmuş  və Ensiklopediya Binası kimi 
tanınan sementdən tikilmiş Sovet tipli bina ilə əvəz edilmişdir. 
GENERAL SİSİANOV. Sarabski 12-19-cu əsrlər arasında 
tikilən Bakı qala divarları barəsində maraqlı  məlumatlar verir. 
1930-cu illərdə o yazırdı: “Bu yaxınlarda Içəri Şəhərə beşinci qapı 
qoyulmuşdur. Keçmişdə onların sayı yalnız dörd idi. Girişlərdən ən 
məşhuru bəzən Şamaxı qapıları adı ilə tanınan Qoşa Qala Qapıları 
idi. Mənim yaşlı qohumlarımın söylədiklərinə görə keçmiışdə Qoşa 
Qala girişində indiki kimi nəqliyyatın girməsi və  çıxması üçün 
imkan yaradan iki qapı deyil, bir qapı var idi.”  
Görünür Rus generalı Sisiyanov Bakı  şəhərini məhz Qoşa 
Qala qapılarından keçməklə işğal etmək istəyirmiş. 1806-cı ildə rus 
dəniz donanmasının qoşunları Bakının sahillərinə çatdılar. General 
Sisiyanov Bakı xanı Hüseynqulu xandan 600-1000 nəfərlik rus 
əsgərlərindən ibarət qarnizonun Bakı şəhərinə daxil olmasına icazə 
verməsini xahiş etdi. 
Ilk  əvvəl, xan bu şərtlə razılaşır və  hətta Sisiyanovu 
qarşılamaq üçün Qoşa Qala Qapılarına doğru gəlir. Lakin danışıqlar 
gedən zaman (Fevralın 2-si) xanın  əmisi oğlu Ibrahim bəy 
Sisiyanovu güllələyir. 
Sisiyanovun  əsgərləri qaçmağa başlayırlar. Xanın mühafi-
zəçiləri onların ardınca gedərək bir çox rus əsgərini öldürürlər. 
Bundan sonra Bakının artilerriya qüvvələri  Sara adasına tələsik 
daxil olmağa çalışan çarın gəmisini atəşə tutdular. Xan Sisiyanovun 
başını  kəsərək onu Iran şahı  Fətəli  Şaha hədiyyə kimi göndərir. 
Rusiya Iran ilə müharibə aparırıdı və Hüseynqulu xan ümid edirdi 
ki, bu yolla o, rus çarına qarşı mübarizədə Iran şahından yardım ala 
bilər. 
Lakin Fətəli Şah heç bir yardım etmədi. 7 ay sonra, 1806-cı 
il sentyabr ayının 18-də ruslar geri qayıtdılar və bu dəfə çox 
asanlıqla Bakını  ələ keçirdilər. Özünün 500 əsgəri və 70 topu ilə 
xan rus generalı Bulqakovun başçılığı altında olan güclü rus 
qoşununa qarşı dura bilmədi. Hüseynqulu xan Cənubi Azərbaycan 
ərazisində yerləşən Ərdəbil şəhərinə qaçdı. 
1846-cı ildə ruslar Sisiyanova onun öldürüldüyü Qoşa Qala 
Qapıları önündə heykəl ucaltdılar. 1920-ci ildə Bolşevik 
üsyanından sonra bu abidə uçuruldu, çünki bolşeviklərə görə o, Çar 
ordusunu mədh edirdi. Sovet dövründə Azərbaycan tarixçiləri bu 
faktlar barədə danışmaqdan qaçırdılar. Bu faktlar Bakı xanının 
 109


nəslindən olan məşhur azərbaycan mütəfəkkiri Abbasqulu ağa 
Bakıxanovun (1794-1847) “Gülüstani - Irəm”  əsərinin “Bakı 
xanlığının tarixi” adlı bölümünündə qeyd olunur. 
QALA QAPILARI VƏ  TİCARƏT. Sarabski Tağıyev 
Qapısı (Elmlər Akademiyasının Igamətgahına yaxın yerləşir) 
adlandırılan digər məşhur bir qapı barədə maraqlı məlumatlar verir. 
O yazır: “Digər bir qapı isə Qoşa Qala Qapılarına yaxın, Sabir 
meydanının yanında yerləşir. Bu qapı orta əsrlərə aid deyil və bir 
qədər sonra (1877) Bakılı tacir və torpaq sahibi Qatır Hacı 
Zeynalabdin ləqəbli Hacı Zeynalabdin Tağiyev (məşhur milliyonçu 
Hacı Zeynalabdin Tağıyevin adaşı) tərəfindən tikilmişdir.  Əslində 
onun ləqəbi bu qapıya aiddir. Hacı Zeynalabdinin qala 
divarlarından bayırda, indi Sabir bağı  və Hüsü Hacıyev küçəsi 
ərazisində çoxlu dükanları var idi. Bu dükanların indi şəhərin düz 
mərkəzində yerləşməsinə baxmayaraq, o zaman heç kəs bu 
dükanları icarəyə götürmək istəmirdi, çünki onlar Içəri  Şəhərin 
bazarından piyada çox uzaq məsafədə yerləşirdi. Uzun bir müddət 
Hacının dükanları boş qaldı. Nəhayət, o Bakı  Şəhərinin 
Hakimindən qala divarlarından yeni bir qapı açmaq üçün icazə 
almaq fikrinə düşdü. 
Insanlar Hacının açdırdığı qapıdan keçməyə başlayandan 
sonra, Hacının dükanları inkişaf etməyə başladı. Bununla da Hacı 
özünün çevik ağlına, zirəkliyinə  və inadkarlığına görə “Qatır” 
ləqəbi aldı.   
Qəzetlərin yazdığına görə 1918-ci ildə Tağıyev Qapısı 
önündə ermənilərin Içəri Şəhəri ələ keçirmək istədikləri vaxt qızğın 
döyüş olmuşdur. Qatır Hacı Zeynalabdinin “Qoçu” ləqəbli oğlu 
Məmməd Hənifə Tağıyev (1875-1920) Içəri  Şəhərin müdafiə 
qüvvələrinə başçılıq etmiş  və ermənilərin qarşısını almağa 
müvəffəq olmuşdur. (“Bakı: Neftin tikdiyi Şəhər” adlı  məqaləyə 
baxın. AI 10.2, Yay 2002) 
Hüseynqulu Sarsabski Içəri  Şəhərin digər darvazaları 
barədə  də qısa məlumat verir. Üçüncü darvaza Sənaye məktəbinin 
(hal-hazırda Azərbaycan Dövlət Iqtisad Universiteti) həyətinə 
açılırdı. Abşeronun Navahı  kəndindən və digər dağ  kəndlərindən 
buraya arabalarda və dəvə karvanlarında buğda və kömür gətirilirdi. 
Dördüncü darvaza Bakı Icra Hakimiyyətinin arxasında yerləşirdi. 
Beşinci darvaza isə indiki Filarmoniya binasının yaxınlığına 
yerləşən Qubernator bağına açılır. 
 110


BAKI SÜLALƏLƏRİ. Içəri Şəhərin yerli sakinləri müxtəlif 
sülalələri təmsil edirdilər. Onlardan bəzilərinin çox gülməli adları 
var idi. Məsələn, bəzi  ən nüfuzlu sülalər aşağıdakılar idi: 
Ağşalvarlılar, Toyuqyeyənlər, Toyuqyeməyənlər və Bozbaşlılar. 
Hər bir sülalə digər sülalər haqqında məzəli zaraftlar edirdi. 
 Bozbaşlılar barədə müxnəlif zarafatlar mövcud idi. 
“Bozbaş” azərbaycanca həm də sevimli Azərbaycan yeməyinin—iri 
ət tikələri, noxud və turşudan hazırlanan sulu yeməyin adıdır. 
Beləliklə, Bozbaşlılar məhəlləsindən olan kök adam zarafatla 
“Bozbaşın  ətli tikəsi” adlandırılırıdı. Turşumuş sifəti olan adam 
“Bozbaşın turşusu” adlandırıla bilərdi. Artıq Içəri  Şəhərdə 
sakinlərin sülalələrə ayrılması aradan qalxıb. Bəzi gənclər indi 
babalarının hansı sülaləyə məxsus olduğunu belə bilmirlər. 
LƏQƏBLƏR. Keçmişdə Içəri  Şəhərdə yaşayan hər bir 
adamın ləqəbi var idi. Bəzən adlar çox gülməli olurdu. Məsələn, 
həmin dövrdə Bakıda adı Hacı Zeynalabdin olan 5 nəfər yaşayırdı. 
Onların hərəsinin bir ləqəbi var idi. Yaşlı  nəsl onları belə 
adlandırırdı: (1) Malakeş Zeynalabdin, (2) Qatır Zeynalabdin, (3) 
Spasibo Zeynalabdin, (4) Nökər Zeynalabdin, (5) Pendiryeməyən 
Zeynalabdin. 
Milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev “Malakeş” 
ləqəbini ona görə almışdı ki, o cavanlığında hörgü işi görən adi 
fəhlə olmuşdur. Belə deyirlər ki, bir gün Tağıyev köhnə bir evin 
divarlarına suvanan qızıl sikkələrlə dolu gil küpə tapır. O, küpəni 
götürür, sikkələri satır və torpaq sahəsi alır. Bəxtindən həmin 
torpaqda neft fontan vurur. Buna görə  də insanlar ona Malakeş 
ləqəbini vermişdilər. Lakin Tağıyevin özü bu əhvalatın doğru 
olmadığını söyləyirdi.  
Digər Hacı Zeynalabdin adlı adama “Qatır” ləqəbi 
vermişdilər, çünki o, o qədər ağıllı  və inadkar idi ki, şəhər 
qalalarında yeni qapı açmaqla öz daha da varlana bilmişdir. Xalq 
inanclarına görə qatırlar o dərəcədə zirəkdir ki, hər yerdə, hətta 
səhrada belə su tapa bilirlər. Ona görə “heçnədən” belə pul 
qazanmağı bacaran adamlara bəzən “Qatır” adlandırırlar. 
Yazıçı Manaf Süleymanov “Qatır” Hacı Zeynalabdin 
haqqında maraqlı  əhvalat danışır. Hacının bir tacir dostu çoxlu 
şirniyyat malını sata bilmirdi. Hacı bu şirniyyat qutusundan birini 
götürür və bahalı üzüyünü onun içərisində gizlədir (başqa bir 
versiyaya görə oraya 5 rubl pul qoyur). Sonra o, Təbriz 
 111


mehmanxanasına gedir, qutunu açır, və  şirniyyatları yeməyə 
başlayır. Birdən o, ucadan qışqırır: “Baxın, görün qutunun 
içərisində nə tapdım!”, və üzüyü (sikkəni) ətrafdakılara göstərir. 
Bundan sonra insanlar qaçaraq şirniyyatları almağa 
başlayırlar və Hacının dostu böyük gəlir əldə edir. 
Üçüncü Hacı Zeynalabdin “Spasibo” təxəllüsü ilə çağrılırdı. 
Belə  rəvayət edilir ki, bu tacir Çar III Aleksandrın Bakıya 
gələcəyini öyrənir. O qərara alır ki, elə bir iş görsün ki, çarın 
xoşuna gəlsin və çar ona hər hansı bir rütbə, vəzifə  və ya medal 
versin. Çarın gəlişinə  qədər Zeynalabdin Içəri  Şəhərdə olan rus 
hərbi kazarmalarını öz pulu ilə  təmir elətdirir. Çar kazarmaları 
ziyarət edir, bundan sonra tacir ilə görüşür və ona rusca bu sözləri 
deyir: “Spasibo, Zeynalabdin!”. Sonra çar çevrilir və ona heç bir 
təltif, medal vermədən çıxıb gedir. Zeynalabdin külli miqdarda pul 
xərcləmişdi, ancaq əvəzində “Spasibo”dan başqa bir şey ala bilmir.  
Həmin dövrdən Içəri Şəhərin insanları onu “Spasibo Zeynalabdin” 
deyə çağırırdılar. 
Içəri  Şəhərin yaşlı sakinləri mənə danışmışdılar ki, orada 
məşhur neft maqnatı Hacı Zeynalabdinin nökəri olan Hacı 
Zeynalabin adlı başqa bir adam da yaşayırdı. Tədricən o da öz işini 
qurur və varlanır. Varına və yeni vəziyyətinə baxmayaraq, Içəri 
Şəhərin insanları onu həmişə Nökər Zeynalabdin deyə çağırırdılar. 
TƏHSİL. Tarixi məlumatlara görə Içəri Şəhərdə 11-ci əsrdə 
mədrəsə tikilmişdir. Həmin dövrdə  məşhur  Şərq alimi Baba Kuhi 
Baküvi (933-1074) orada dərs deyirdi. Bundan 400 il sonra, digər 
nüfuzlu alim Seyid Yəhya Baküvi (1403-də  vəfat etmişdir) 
Şirvanşahlar Sarayında Darül-Fünun (universitet) yaradır. Lakin 
1538-ci ildə  Şirvanşahlar sarayı süquta uğradıqdan sonra Bakı bir 
paytaxt kimi öz əhəmiyyətini itirir, yüksək səviyyəli tədris 
mərkəzləri bağlanır və  şəhərin mədəni həyatı  tənəzzülə  uğramağa 
başlayır. 1744-cü ildə  əsası qoyulmuş kiçik Bakı xanlığı  əvvəlki 
dövrlərin bu hərtərəfli mədəni mühitini əvəz edə bilmədi. 
1806-cı ildə Ruslar Bakıya gələndə Içəri  Şəhərdə 
ümumilikdə 12 ibtidai (məktəb) və orta (mədrəsə) dini məktəb var 
idi. Sarabskinin yazdığına görə, 1900-ci illərin  əvvələrində 
bunlardan yalnız 3-ü qalmışdı  və  təhsilin keyfiyyəti aşağı 
düşmüşdü. Adi insanlar bu məktəbləri “mollaxana” adlandırırdı. 
Bəzi adamlar öz oğlanlarını  hətta ibtidai təhsli üçün belə 
mollaxanaya göndərmək istəmirdi. Bunun əvəzində onlar uşaqlarını 
 112


yalnız  ərəb  əlifbasını  və Quranı öyrədən və daha ucuz başa gələn 
“şəxsi tutulmuş mollalara” göndərməyə üstünlük verirdi. 
Mollaxanalarda tədris tamamilə yaddaşa  əsaslanırdı. Gənc 
uşaqlar  ərəb sözlərini tələffüz edə bilmədikdə, mollalar onları 
səhvlərini düzəldənə  qədər çubuqla döyürdü. Eynilə, xəttatlıq 
dərslərində müəllimlər  şagirdlər düz yazmadıqda onların 
barmaqlarına çubuqla vurardılar. Valideynlər, əsasən, bu yanaşmanı 
müdafiə edirdilər. Valideynlər öz oğlanlarını mollaxanaya 
apardıqda, onlar mollaya deyərdilər: “Əti sənin, sümüyü 
mənimdir!”, yəni “onu döyə bilərsən, amma sümüklərini qırma.” 
Bu ifadə Azərbaycan atalar sözünə çevrilmişdir. Həmin dövrlərdə 
şagirdləri döymək yalnız müsəlman mollaxanalarında deyil, rus 
məktəblərində də adi hal idi. Şagirdləri cəzalandırmaq onlara nəyisə 
öyrətmək və intizamlı olmağa məcbur etmək üçün normal sayılırdı. 
Rusların gəlişinə  qədər, Bakıda təhsil verən yeganə yerlər 
mollaxanalar idi. Cavan oğlanlar  ərəb  əlifbasını, xəttatlığı, 
qramatika və cəbri öyrənməli və Quranı əzbərləməli idilər. Hərdən 
onlar Səədi və Hafiz kimi Iran şairlərinin şerlərini oxuyur, və kiçik 
kitabça olan “Tarixi-Nadirdən” bir qədər tarix oxuyurdular. 
1911-ci ildə Üzeyir Hacıbəyov tərəfindən bəstələnən “O 
olmasın, bu olsun” musiqili komediyasında “Tarix-Nadir” kitabı 
haqqında gülməli fikir vardır. Əsərin komik qəhrəmanlarından biri 
olan Məşədi Ibad öz danışığında Osmanli türk sözlərindən 
lovğalıqla istifadə edən dostuna belə deyir: “Mən “Tarixi-Nadiri” 
yarıyacan oxumuşam, amma sənin nə demək istədiyini başa düşə 
bilmirəm.” Bu tarixi əsərin həcminin çox kiçik olması onun 
sözlərinin gülüş doğurmasına səbəb olur. 
SU TƏCHİZATI. Bakı quraq arid ərazidə yerləşdiyindən 
onun sakinləri həmişə kifayət qədər su təchizatından  əziyyət 
çəkmişlər. 
(Ryisard Zeliçovskinin “Su-Içmək üçün bir damcı belə 
yoxdur. Bakı öz suyunu necə  əldə etdi” məqaləsinə, Məmməd 
Məmmədovun “Bakı Su Axtarışında” məqaləsinə  və Manaf 
Süleymanovun “Tağıyevin Su Probleminin Həllinə Töhvəsi” məqaləsinə 
baxın. AI 10.2 (Yay 2002). AZER.com internet səhifəsinə baxın). 
11-ci əsrin əvvəllərində Içəri Şəhərdə daş və gil borulardan 
ibarət 3 yeraltı su təchizatı sistemi var idi. 19-cu əsrdə bu yeraltı 
boru Nağı Kühulu adlandırılmışdı, bu isə “Nağının Borusu” demək 
idi. Bu boru Içəri  Şəhərə 20-ci əsrin  əvvəllərinə  qədər xidmət 
göstərdi. Bütün şəhərdə yerləşən quyu və bulaqlardan gələn su 
 113


Şirvanşahlar sarayının yaxınlığında yerləşən Şirin Ovdan (Şirin Su 
Evi) adlanan binanın içində xüsusi su rezervuarında toplanırdı. 
Hüseynqulu Sarabski məlumat verir ki, bəzən Ovdanın 
boruları  tıxanır və suyun axması dayanırdı. Çox xeyirxah və 
bacarıqlı adam olan Cümrü Ağamalı belə vaxtlarda yardıma gəlirdi. 
O, çox kiçik, arıq və cəld idi, buna görə də dar su borularının içinə 
girərək onları təmizləyə bilirdi. 
Sarabski bu barədə yazır: “Cümrü Ağamalı heç vaxt 
gördüyü işin müqabilində pul istəmirdi, çünki o inanırdı ki, bununla 
savab iş görür. Cümrü öldükdən sonra onun işini davam edən 
olmadı  və  Şirin Ovdan yararsız hala gəldi.” Cümrünün 
xeyirxahlığına baxmayaraq, ona “Həzar peşə, kəm maya” ləqəbi 
verilmişdi. Bu “min işi, az pulu olan” anlamını veriridi.  
Bəzi ailələr  şəhərin su problemini həll etmək üçün öz 
həyətlərində  şəxsi quyular qazmışdılar. Ovdanın çöl divarlarının 
birinin üzərində olan lövhədə belə bir yazı var idi: “Orta Əsrlər 
Ovdanı. Bu memarlıq abidəsi dövlətin mühafizəsi altındadır” Lakin 
o lövhə artıq yoxdur (məqalə 2004 ildə yazılmışdır – red.). 
YERALTI TUNELLƏR. Orta əsr mənbələrinə görə, Qədim 
Şəhərin altında bir çox yeraltı tunellər var idi. Onlardan bəziləri 15-
ci  əsrdə  Şirvanşahlar tərəfindən saray iğtişaşları zamanı qaçmaq 
məqsədilə tikilmişdi. 
Digər yeraltı tuneli 20-ci əsrin  əvvəllərində içərişəhərli 
Hacı Zeynalabdin Tağıyevin (Qatır Zeynalabdinin)  özünün iki 
igamətgahını—bunlardan biri indi Ensiklopediya Binası yerləşən 
bina, digəri isə hal-hazırda  Əziz  Əliyev küçəsində yerləşən “Yin 
Yang” Çin restoranını binası — birləşdirmək məqsədilə 
tikdirmmişdi. Hacı istəyirdi ki, ailə üzvləri  şəhər divarlarından 
müxtəlif tərəflərdə 100 metr məsafədə yerləşən evləri arasında 
küçəyə çıxmadan hərəkət edə bilsinlər. 
Nənəm danışırdı ki, uşaq olanda o tez-tez bu tunellə hərəkət 
edirdi. Bolşevik inqilabı zamanı bu iqamətgahların sahibləri ya 
öldürülmüş, ya da qaçmışdılar. Onların evləri kiçik mənzillərə 
bölünmüş  və tunellər 1970-ci illərə  qədər unudulmuşdur. 
Arxeoloqlar 1970-ci illərdə tuneli aşkar etmiş, onu tədqiq etmiş, və 
digər layihələrlə  işlərini davam etdirərək qazıntı  işlərini açıq 
qoymuşlar. 
 114


Necəsə  oğrular belə  qənaətə  gəlmişdilər ki, bu tunnel ləl-
cəvahirat dükanına yol aparır (indi “Yin Yang” restoranı yerləşən 
bina). 
Gecə vaxtı, oğrular gizlicə yeraltı tuneli qazmağa, və onu 
təmizləyə başladılar. Həqiqətən də, onlar cəvahirat dükanına daxil 
olmuş  və bir sıra qiymətli cəvahirat  əşyası  oğurlamağa müvəffəq 
olmuşdular. Bakı qəzetləri bu cinayət haqda yazdıqdan sonra, tunel 
bağlanmışdır. 
IDMAN YARIŞLARI. Içəri  Şəhərin  əyləncə  mərkəzlərin-
dən biri atletik yarışların keçirildiyi stadion tipli zorxana idi. Bakı-
nın zorxanası 15-ci əsrə aiddir. Çox az adam, bu yeraltı tağtavanın 
Qız Qalası  tərəfdə Buxara və Multanı karvansaralarından bir neçə 
addımlıq məsafədə yerləşdiyini bilir. 
Indiki idman klubları kimi, kişilər zorxanalara da daxil olub 
ağırlıq qaldırma və güləş  də daxil olmaqla müxtəlif yarışlarda 
iştirak etmək üçün giriş haqqı verirdilər. Bəzi yarışlar ənənəvi Şərq 
musiqi alətləri olan kamança, zurna və nağarada ifa edən 
musiqiçilərdən ibarət trio tərəfindən müşayiət edilirdi. Həmin 
dövrdə çalınan mahnıların çoxu artıq unudulmuşdur. Lakin 
bunlardan biri “Cəngi” hələ  də milli güləş yarışlarının açılışından 
öncə çalınır. 
Cavan oğlanlar Təbriz,  Ərdəbil, Sərab və digər Cənubi 
Azərbaycan  şəhərlərindən gələn peşəkər güləşçilərə qarşı öz 
güclərini sınaya bilərdilər. Hüseynqulu Sarabski bütün bu cavanlara 
qalib gələn “Altıaylıq  Əbdüləli” ləqəbli bir gənc haqqında yazır. 
Hər görüşdən öncə  məşhur musiqiçi Hacı Zeynal Ağa Kərim 
güləşçini ruhlandıran mahnı ifa edirdi. Altıaylıq Əbdüləli kəmərini 
açar, papağını yerə atar, və gülərək səhnəyə  çıxardı. Cavan 
həvəskarlar bir-bir ona yanaşardılar. Altıaylıq  Əbdüləli güləşi 
bitirdikdən sonra izləyicilər ona 3, 5 və hətta 10 rubl pul verərdilər. 
Bu isə həmin dövrdə külli miqdarda pul idi. 
Zorxana həm də fitness klubu kimi fəaliyyət göstəriridi. 
Yarışlar olmayanda, kişilər ora məşq etməyə  və müxtəlif idman 
alətlərini istifadə etməyə gedərdilər. 
Başqa bir yarış  dəyirman daşlarının qaldırılması, 
tullanılması, və tutulması idi. Oyun “Mil Oyunu” adlanırdı. Yarış 
iştirakçıları nağara çalanın müşayiəti ilə yarışa girərdilər. Nağara 
çalan tədricən tempi artıraraq daha sürətlə çalmağa başlayırdı. 
 115


Bakı sakinləri şer məclisləri və muğam axşamlarına getmə-
yi sevirdilər.  Şair, musiqiçilər, və digərləri toplaşaraq lirik şerlər 
(rübai və  qəzəllər) oxuyar və muğama qulaq asardılar. Burada 
yemək, içkilər və şirniyyatlar verilirdi. 
Içəri  Şəhərin sakinləri Bakı  və ona bitişik kəndlərin ortaq 
ədəbi-musiqi improvizə  sənəti olan meyxananı çox sevirdilər. 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin