AZƏrbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi



Yüklə 1,21 Mb.
səhifə15/17
tarix17.04.2017
ölçüsü1,21 Mb.
#14285
1   ...   9   10   11   12   13   14   15   16   17

Bilməlidir: quyularda geofiziki tədqiqatların müntəzəm həyata keçirilməsini; karotaj-perforator cihaz və avadanlıqlarının fəaliyyət prinsiplərini, quraşdırılması sxemini və onların istismar qaydalarını; quyularda geofiziki tədqiqatların aparılmasında işlədilən təchizat mənbəyinin tiplərini və onlarla davranış qaydalarını; karotaj kabellərinin izolyasiyasının yoxlanması və təmiri qaydalarını; lehimləmə işlərinin yerinə yetirilmə üsullarını, partlayıcı materiallar haqqında əsas məlumatları və onlarla davranış qaydalarını, geofiziki quyu cihazlarına texniki xidmətin həyata keçirilməsi qaydalarını; karotaj kabellərinin birləşdirilməsi və quyu cihazlarının hazırlanması üsullarını; quyu cihazlarının yığılma və sökülmə ardıcıllığını, kabelin işçi vəziyyətinə gətirilməsini.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 

20. Karotajçı



 

5-ci dərəcə



İşin xüsusiyyəti.  Dərinliyi 1000 m-ə qədər olan qazma quyularında dağ süxurlarının geofiziki tədqiqatlarının həyata keçirilməsi üçün karotaj, pnevmatik emal, deşik açma vətorpedləmə üzrə işlərin yerinə yetirilməsi. Quyularda geofiziki tədqiqatların aparılmasında quyu cihazlarının, torped və perforatorların quyu ağzında yığılması, endirilməsi və qaldırılması. Quyuda, quyu yaxınlığında və quyulararası tədqiqatlarda karotaj, perforasiya və torpeda işləri üçün işçi sxemlərin, cihaz və avadanlıqların düzgün yoxlanılması, quraşdırılması və sökülməsi, karotaj-perforator mexanizmləri, aparatları və birləşdirici məftil sxeminin düzgün yoxlanılması. Quyuda roliklərin, laboratoriya və qaldırıcıların quraşdırılması. Bucurqadların torpaqlanması, geofiziki cihazların kabelə birləşdirilməsi. Mövcud olan xəbərdarlıq işarələrinin yoxlanılması, kabelin uzunluğunun və birinci işarənin göstəricisinin ölçülməsi. Avadanlıq və alətlərin nasazlığının aradan qaldırılması; kabellərdə zədələnmələrin aradan qaldırılması, kabellərin zirehliliyinin və örtüklərin  izolə edilməsinin yoxlanması. Aparat və avadanlıqların ayrılması, quyudan qaldırılması, yüklənməsi, boşaldılması və dəyişdirilməsi.

Bilməlidir:  qazma quyuları və onların konstruksiyaları haqqında əsas anlayışları, quyuların xüsusiyyətini öyrənmək üçün müxtəlif növ geofiziki tədqiqatların aparılmasını; quyuların yanında və quyular arasında perforator aparatlarının, avadanlıq və torpedlərin quraşdırılmasını; aparat və avadanlıqların daşınması qaydalarını; işlədilən partladıcı maddə və vasitələrin əsas tiplərini; elektrik təchizatı mənbələrinin tipləri və onlarla davranış qaydalarını; torpaqlanmış-polyarlaşmamış elektrodların hazırlanması üsullarını; quyularda geofiziki tədqiqatlar vaxtı radioaktiv maddələrin təyin edilməsi və onlarla davranış qaydalarını; quyularda geofiziki tədqiqatların aparılması zamanı işçi sxemi və avadanlıqların quraşdırılma və sökülmə qaydalarını; avadanlıqların profilaktik təmirində  istehsalat qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

6-cı dərəcə



Dərinliyi 1000 m-dən çox olan qazma quyularında karotaj, perforasiya və torpedləmə işlərinin yerinə yetirilməsi zamanı.

 

 21. Karotaj stansiyasının maşinisti



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Dərinliyi 1000 m-ə qədər olan quyularda partlatma işləri və geofiziki tədqiqatlar aparılarkən, qazkarotaj, özühərəkətedən karotaj və perforator stansiyalarının, karotaj qaldırıcılarının idarə edilməsi. Stansiya və qaldırıcıların daşınmağa və işə hazırlanması. Sahələrin seçilməsi, hazırlanması və laboratoriyaların, generator qurğularının və qaldırıcıların quraşdırılması. Avadanlıqların quraşdırılması və sökülməsi. Stansiyaların işıqlandırıcı və yüksək güc şəbəkələrinə qoşulması. Benzinlə işləyən mühərriklərin və generatorların, bucurqadların, qaldırıcıların, laboratoriyaların və stansiyaların cari təmiri və onlara texniki xidmət göstərilməsi. Elektrolitin dəyişdirilməsi və akkumulyatorun doldurulması. Aparat, avadanlıq və alətlərin yüklənməsi, daşınması və boşaldılması. Qazma quyularının quruluşu, qaldırıcı qurğunun profilaktik təmiri.

Bilməlidir:  quyu konstruksiyasını; quyularda geofiziki tədqiqatların aparılması qaydalarını; quyu cihazlarının quyuya endirilməsi və qaldırılması qaydalarını; karotaj-perforator avadanlıqları və aparatların daşınması qaydalarını, onların quraşdırılması və istismarı qaydalarını; qazkarotaj, perforator və karotaj stansiyalarının avadanlıqlarının cari təmiri və hər növbədə nəzərdə tutulmuş texniki xidmətin həyata keçirilməsi qaydalarını; generator və stansiyaların aparat və avadanlıqlarının texniki xüsusiyyəti və tiplərini; kabel və məftillərin markalarını; elektronikanın əsaslarını; partlama işlərinin yerinə yetirilməsi qaydaları və üsullarını; akkumulyatorun enerji ilə doldurulması rejimi və qaydalarını; qurğuların torpağa birləşdirilməsi və şəbəkədə baş verən zədələnmələrin tapılması üsullarını; stansiyalarda, benzinlə işləyən mühərriklərdə, generator və yardımçı mexanizmlərdə zədələnmə əlamətlərinin aradan qaldırılması yollarını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

5-ci dərəcə



Dərinliyi 1000 m-dən çox olan quyularda vurma-partlatma işlərinin və geofiziki tədqiqatların aparılması zamanı.

 

22. Seysmik siqnalları yaradan qurğunun maşinisti

 

6-cı dərəcə



İşin xüsusiyyəti. İmpuls və vibrasiya təsirli seysmik siqnalları yaradan qurğuların idarə edilməsi. Qurğuların mexaniki, hidravlik və elektrik qovşaqlarının yoxlanması və nizamlanması. Seysmik siqnalları yaradan mənbələrin işə hazırlanması və onların sınaqdan çıxarılması. Qurğuların iş parametrlərinin ölçülməsi. İmpuls seysmik siqnalların yaradılması. Seysmik stansiyalarla əlaqə saxlanması. Qurğuların qaz, elektrik, mexaniki və digər sistemlərinin işinə nəzarət. Qurğuların işində nasazlıqların aşkar olunması və aradan qaldırılması. Qurğular sisteminin texniki xidmət planının hər növbədə yerinə yetirilməsi, onların plan  texniki xidmətində və cari təmirində iştirakı.

Bilməlidir: seysmik siqnalları yaradan qurğuların qaz, mexaniki sistem, elektrik və radioelektron qovşaqlarının quraşdırılmasını, onların istismarını və texniki xidmətinin yerinə yetirilməsini, təmirini və nizamlanmasını; profildə seysmik kəşfiyyat işlərinin aparılma ardıcıllığını və qaydalarını, seysmik siqnal mənbələri kimi qurğuya aid edilən tələbləri.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

 23. Şurfqazma qurğusunun maşinisti



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Şurfun qazılması vaxtı şurfqazma qurğusunun, kranların quraşdırılması və idarə edilməsi. Şurfqazma qurğularının yerləşdirilməsi üçün sahənin seçilməsində iştirak edilməsi. Şurfqazma qurğularının quraşdırılması və sökülməsində, daşınması və işə hazırlanmasında iştirak edilməsi. Şurfun qazılması əməliyyatlarında iştirak edilməsi. Avadanlıq və alətlərin işlək vəziyyətdə olmasına və düzgün işlədilməsinə nəzarət edilməsi. Hər növbədə texniki xidmətin yerinə yetirilməsi, şurfqazma qurğularının cari və nəzərdə tutulmuş texniki təmirində iştirak edilməsi. Yükləmə-boşaltma işlərinin yerinə yetirilməsində iştirak edilməsi.

Bilməlidir: şurf quyularının qazılmasının texnoloji üsullarını; şurfqazma mexanizmləri, qurğuları və elektrik avadanlıqlarının qaydaya salınmasını,  onların texniki istismar qaydalarını və qulluğu; şurfqazma qurğularının, mexanizm və düyünlərin cari və profilaktik təmirinin aparılması qaydalarını, siqnalizasiyanın quraşdırılmasını.

İlk peşə-ixtisas təhsili tələb olunur.

 

  24. Şlixlərin və mineralların zənginləşdiricisi



 

4-cü dərəcə



İşin xüsusiyyəti.  Şlixlərin zənginləşdirilməsi prosesinin hava vurma, əl və ya cihazla yerinə yetirilməsi. Şlixlərin sovurulmaya hazırlanması. Cihazların işinə nəzarət edilməsi. Cihazların işə salınması və dayandırılması. Yerin altından çıxarılan hasilatın cihazla tənzimlənməsi. Materialın cihazda düzgün bölüşdürülməsi və tənzimlənməsi. Cihazların işində olan nöqsanların tapılması və aradan qaldırılması. Zənginləşdirilmiş məhsulun qablaşdırılması və təhvil verilməsi. Sənədləşmənin qeydiyyata alınması. Nümunənin seçilməsi, qeydiyyatı vəmarkalanması.

Bilməlidir:  cihazların qaydaya salınmasını, nümunələrin seçilməsi və yenidən işlənilməsi üsullarını, şlanqlarla hava vurma yollarını; mineralların xüsusi çəkisi və fiziki xüsusiyyətini, hasilatın mənfəət tutumunu,  şlixlərdə tez-tez rast gəlinən faydalı elementləri; yararlı hasilatın hava ilə vurulması rejimini; cihazların istismarı və sazlanması qaydalarını; sənədləşmənin rəsmiləşdirilməsi qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

25. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 

4-cü dərəcə



İşin xüsusiyyəti. Topoqrafik xəritələrin (planların) orijinallarının hazırlanmasında iştirak edilməsi. Topoqrafiya xəritəsinin 1 kv.dm–nə horizontların sayı 20-yə qədər olmaqla, relyef konturların oyulması və çəkilməsi. Topoqrafik xəritələrin (planların) oyulması və çəkilməsi zamanı hidroqrafik və ştrixlənmiş elementləri saxlamaq, topoqrafik xəritələrdə (planlarda) 1kv.dm-də konturların sayı 30-a qədər olmaqla, düzənliklərin, çayların, yaşıllıqların, təpələrin, dağətəyi rayonların, mövcud olan yol şəbəkələrinin, açıq boş qumluqların və ya qumluqların, bitkilərlə örtülmüş yaşıllıqların öz xüsusiyyətləri ilə göstərilməsi. Əsas geodeziya məntəqələrinin oyulması. Kilometrlik şəbəkələr və çərçivələrin oyulması və ölçülərin yoxlanması.Şəkilyığma qurğusunda coğrafi adların kəsilməsi və yapışdırılması, rəqəmlərin, şərti işarələrin, haşiyələrin tərtibatı və hazırlanması. Oyulmuş hidroqrafik elementlərin retuşlanması. Pozitiv surətlərin doldurulması. Korrektura nöqsanlarının düzəldilməsi. Oyma alətləri və cihazlarının itilənməsi və düzəldilməsi.

Bilməlidir: topoqrafik xəritələrin (planın) təyinatını; topoqrafik xəritənin (planın) orijinalının hazırlanma texnologiyasının əsaslarını; xəritənin (planın) çapa hazırlanma texnologiyasını: xəritələrin (planın) saxlanması və düzgün hazırlanmasını; tərtib edilmiş və çap olunmuş işin mürəkkəbliyinin 1-3-cü kateqoriyasını təyin etmək üçün ölçü meyarını; şərti işarələri; istifadə olunan oyma alətləri və cihazlarının itilənib düzəldilməsi qaydalarını; topoqrafiya xəritələrinin (planların) orijinallarının çapa hazırlanması üçün qüvvədə olan təlimat və nizamnamələri.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

26. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 

5-ci dərəcə



            İşin xüsusiyyəti. Horizontların sayı 1 kv.dm-də  20-dən 100-ə qədər olan topoqrafik xəritələrin (planların) relyef konturlarının oyulması və çəkilməsi. Topoqrafik xəritələrin (planların) oyulması və çəkilməsi zamanı hidroqrafik və ştrixlənmiş elementlərin saxlanılması, topoqrafik xəritənin 1 kv.dm-də konturların sayı 30-dan 100-ə qədər olmaqla, kənd tipli yaşayış məntəqələrini, düzənlikləri, meşəkənarı yerləri; böyük bataqlıqlaşmış massivləri, texniki əkin plantasiyası, meyvə bağları və bostanları olan dağətəyi rayonları, çayları, kol basmış meşələri və mövcud olan qədim kolluqları, kanalları, gölləri göstərmək.

Bilməlidir: topoqrafik xəritənin (planın) orijinalının hazırlanması texnologiyasını; tərtib edilmiş və nəşr olunmuş işin mürəkkəbliyinin 4-6-cı  kateqoriyasını təyin etmək üçün ölçü meyarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

27. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 

6-cı dərəcə



            İşin xüsusiyyəti. Horizontların sayı 1kv dm-də 100-dən çox olan topoqrafik xəritənin (planın) relyef konturlarının oyulması və çəkilməsi. Topoqrafik xəritənin (planın) oyulması və çəkilməsində hidroqrafik və ştrixlənmiş elementlərin saxlanması; 1 kv.dm-də konturların sayı 100-dən çox olmaqla, qalın meşəlik yerlərinin, kənd tipli iri yaşayış məntəqələrinin, şose yolları və dəmir yolları şəbəkələri ilə güclü inkişaf etmiş sənaye rayonlarının, dağlıq yerlərdəki yaşayış məntəqələrinin göstərilməsi.

 Bilməlidir: topoqrafik xəritənin (planın) hazırlanması texnologiyasını; tərtib edilmiş və nəşr olunmuş işin mürəkkəbliyinin 7-10-cu  kateqoriyasını təyin etmək üçün ölçü meyarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

28. Topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən

 

2-ci dərəcə



İşin xüsusiyyəti. Topoqrafiya-geodeziya və markşeyder işlərinin aparılması. Relyef və konturların xarakterik nöqtələrinin seçilməsi. Geodeziya işarə və reperlərin mərkəzinin açılması və bağlanması. Tamasaların başmaqlarda, reperlərdə, payalarda, svaylarda və ərazinin digər seçilmiş nöqtələrində qurulması. Tuşlama üçün trasın təmizlənməsi. Xətlərin (məsafələrin), tros, qaytan və ruletka ilə ölçülməsi. Xətlərin nişanlanması (payalanması). Taxta mıxların (nişan ağaclarının) və vizir payaların hazırlanması və qurulması. Nivelirləmədə piketlərin nişanlanması. Piketlərin və reperlərin bərkidilməsi. Müxtəlif sistemli dəzgah bloklarının, nişangahlı və lot-aparatlı ştativlərin quraşdırılması. Ştativlərlə məftillərin çəkilməsi, yükün asılması və endirilməsi, məftillərin barabanlara sarınması və barabanların qutulara yerləşdirilməsi. Şaqulların qurulması. Yeraltı kommunikasiyaların plana alınması zamanı ölçmə işlərində iştirak edilməsi. Çöl ləvazimatlarının, avadanlıqların və cihazların yüklənməsi, boşaldılması, daşınması, köçürülməsi. Çöl düşərgələrinin salınması.

Bilməlidir: topoqrafiya-geodeziya işləri haqqında ümumi anlayışı; ərazinin kontur-relyefinin xarakter nöqtələrinin seçilməsi qaydalarını; ölçü alətlərindən istifadə qaydalarını; ştativlərin, blokların, dəzgahların quraşdırılmasını; nişangahlı bazis ştativlərinin tam yerləşdirilməsi qaydalarını; topoqrafiya-geodeziya və markşeyder cihazlarının, alətlərinin və avadanlıqlarının istifadəsi, daşınması, saxlanması və qablaşdırılması qaydalarını; tuşlama üçün trasların təmizlənməsi, tamasa və nişan ağaclarının qurulması qaydalarını; piket və müvəqqəti  reperlərin bərkidilməsi qaydalarını.

 

 29. Topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən



 

3-cü dərəcə



İşin xüsusiyyəti. Topoqrafiya-geodeziya və markşeyder işlərinin həyata keçirilməsi, topoqrafiya-geodeziya və markşeyder cihaz və alətlərinin müşahidə nöqtəsində (məntəqədə) qurulması və yoxlanılması. Tamasa üzərində səviyyənin alətlə yoxlanılması. Ərazinin vizual yoxlanması, oriyentir məntəqələrinə bağlanma və nişanların yüksəkliklərinin ölçülməsi. Başlanğıc məntəqələrin qabaqcadan axtarılması. Keçid nöqtələrinin seçilməsi. Tuşlama (vizirləmə) üçün trasın təmizlənməsi. Trianqulyasiya və ya poliqonometriya məntəqələrinə heliotropların, fənərlərin, meteoroloji ölçmələr üçün cihazların, yüksək dəqiqlikli optik alətlərin çatdırılması. Trianqulyasiya və ya poliqonometriya məntəqəsindən müşahidə məntəqəsi istiqamətində xüsusi cihazların köməyi ilə işıq siqnalının verilməsi və ya işıq siqnalının əks etdirilməsi. Məntəqədə qaytarıcının (işıq məsafəölçənin) yanında  meteoroloji ölçmələrin aparılması. Sadə hesablamaların aparılması. Çöl jurnalında qeydlərin aparılması.

Bilməlidir: topoqrafiya-geodeziya və markşeyder işlərinin müəyyən edilməsini, çöl jurnalının yazılması qaydalarını; topoqrafiya-geodeziya və markşeyder işlərinə aid cihaz və alətlərin müşahidə məntəqəsində quraşdırılması və yoxlanılmasını; tamasa üzərində səviyyənin şaqula əsasən yoxlanılmasını; başlanğıc məntəqələrin tapılması və keçid nöqtələrinin seçilməsi qaydalarını, topoqrafiya-geodeziya və markşeyder cihaz və alətlərinin məntəqədə qurulması qaydalarını;  geodeziya və markşeyder işarələrinin konstruksiyasını; siqnalların dayanıqlılığı və sərtliyinin təyin edilməsi metodlarını; oriyentir məntəqələri və mərkəzlərin düzgün basdırılması, təsvir və görünüş şəraitinə qoyulan tələbləri, heliotropların, fənərlərin vəqaytarıcıların (işıq məsafəölçənin) mexanizmini və onlarla davranış qaydalarını; işıq siqnallarının verilməsi, qaytarıcı, akkumulyator və enerji təchizatı elementlərinə qulluq edilməsi və onların saxlanılması qaydalarını; məntəqədə qaytarıcının yanında meteoroloji ölçmələrin yerinə yetirilmə qaydalarını; optik cihazların yoxlanılması metodlarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 

30. Topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən



 

4-cü dərəcə

            İşin xüsusiyyəti.  Dənizdə və göllərdə şelflərin plana alınması üçün dərinliklərin ölçülməsi vaxtı topoqrafiya-geodeziya və markşeyder ölçmələrinin aparılması. Yüksək dəqiqlikli optik cihazların qurulması və enerji mənbəyinə qoşulması. Yaxın məntəqələr arasında əlaqə yaradılması və siqnalizasiyanın yaradılması. Alət və cihazlardan hesabatların çıxarılması. Çöl jurnalında qeydlərin aparılması, yoxlama üçün hər səhifədə ölçülmüş kəmiyyətlərin orta qiymətinin hesablanması. Sxemlərin, profil və qrafiklərin çəkilməsi və tərtib edilməsi, həmçinin ölçü materiallarının qeydə alınması.

Tikinti-quraşdırma işlərinin görülməsi vaxtı geodeziya-markşeyder ölçmələrinin aparılması. Yüksəkliklərin tarazlama şlanqları və səviyyə ölçənin (boruları bir-birinə bağlamaqla) və ya nivelir şlanqının köməyi ilə bir tikinti-quraşdırma sahəsindən digərinə (mərtəbədən-mərtəbəyə, yarusdan-yarusa) ötürülməsi. Tikilən konstruksiyaların quraşdırılması zamanı layihə parametrlərindən üfüqi və şaquli kənara çıxmalara alətlə nəzarət edilməsi.  Tirlərə, kalonlara reper, marka və nişanların vurulması.



Bilməlidir: dəniz və göllərdə şelflərin plana alınması üçün dərinliklərin ölçülməsi xüsusiyyətlərini, müşahidə yerlərində yüksək dəqiqlikli optik cihazların qurulması qaydalarını, texniki sənədləşmədə nomoqramlar vasitəsilə hesablaşmanın aparılması və çöl müşahidələrinin nəticələrinin işlənilməsini, geodeziya və markşeyder planları üçün şərti işarələri, baş plan və baş tikinti planlarının tikinti-quraşdırma çertyojlarını; hündürlükdə və yeraltı tikintidə, o cümlədən, sıxılmış hava zonasında siqnalizasiya qaydalarını; şərti və mütləq üfüqi vəziyyətin ötürülməsini; üfüqi və şaquli vəziyyətdə olan konstruksiyalara nəzarətin üsul və qaydalarını; konstruksiyaların və onların elementlərinin quraşdırılması vaxtı layihədən kənara çıxmaları.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 31. Topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən



 

5-ci dərəcə



İşin xüsusiyyəti.  Tikinti-quraşdırma işlərində topoqrafiya-geodeziya və markşeyder ölçmələrinin yüksək dəqiqlikli optik cihazların şaquli vizirləmənin köməyi ilə yerinə yetirilməsi. Cihazların quraşdırılması və nomoqramlara əsasən hesabatların götürülməsi. Tirlərin, dirəklərin kalonların və digər tikinti konstruksiyalarının ölçülməsi və yoxlanılması. Bir çox dirək və kalon cərgələrinin plana alınması. Blokların, kalonların, rigel və digər tikinti konstruksiyalarının parametrlərinin ölçülməsi və yoxlanması. Svay və kalonların plan və yüksəklik əsasının yaradılması. Konstruksiyaların layihə vəziyyətindən naturaya keçirilməsinin və kran yollarının düzəldilməsinin alətlə təminatı. Quraşdırma horizontunun (səviyyənin) geodezist və ya markşeyderin rəhbərliyi ilə naturaya köçürülməsi. Texnoloji blokların, düyünlərin, quraşdırma konstruksiyalarının icra sxemlərinin  tərtib olunması.

Bilməlidir: tikinti-quraşdırma işlərində yüksək dəqiqlikli optik cihazların şaquli nişan almanın köməyi ilə topoqrafiya-geodeziya və markşeyder ölçmələrinin yerinə yetirilməsi qaydalarını; tikinti konstruksiyalarının həndəsi parametrlərinin yoxlanmasını, ölçmə üsulları və qaydalarını; horizontun tikinti konstruksiyalarının plana alınma üsul və qaydalarını, naturaya köçürülməsini; quraşdırma horizontunun naturaya köçürülməsini; quraşdırılan konstruksiyaların, blokların, düyünlərin icra sxemlərinin tərtib olunma qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 

 



 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il



Nazir

_____________Fizuli Ələkbərov

 

 

 



Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı

və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına

aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu

Kitabçası

 

                      Bölmə: Qaz təsərrüfatı 



 

 

GİRİŞ

 

 

“Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” Bölmə: Qaz təsərrüfatı (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.



Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda qaz təsərrüfatı sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.

Tarif ixtisas xüsusiyyətlərinin “İşin xüsusiyyəti”  hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə  aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin