E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması sürətlənmişdir. İri tayfa ittifaqları yaranır (Xocalı-Gədəbəy, Talış-Muğan, Naxşıvan, Qobustan-Abşeron, Quba-Xaçmaz, Şəki-Balakən zonalarının iri etnik birləşmələri), bu itifaqa nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi. Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quruluşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Möhkəm keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahların yaranması, əmək alətlərinin təkmilləşməsi, əmək fəaliyyətinin daha da genişlənməsi, iri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, bu şəxslərin ilahiləşdirilməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi.