Sinif otağının təşkili formaları
“Sinif” “Kafe”
Şəkil 1. Şəkil 2.
“Ü”forması “Dairə”
Şəkil 3. Şəkil 4.
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhətlərindən biri şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərslərdə təşkil edilən kooperativlər (qruplar) şagirdlərin sosial formalaşmasında mühüm rol oynayırlar. Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən formalaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakı kimidir:
-
Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək;
-
Qrup liderini seçmək;
-
Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək;
-
Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;
-
Problemin həlli üçün birgə yollar axtarmaq;
-
Qrup işində fəallıq göstərmək;
-
Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ətrafında müzakirələrdə iştirak etmək;
-
Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;
-
Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.
Dərslərdə şagirdlərin qiymətləndirilməsi.
Məktəblərimizdə mövcud olan ənənəvi qiymətləndirmə üsulu ilə fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə yeni qiymətləndirmə sistemini nəzərə almaq lazımdır. Qiymətləndirmə tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır. Qiymətləndirmənin əsası tapşırığın yerinə yetirilməsinin keyfiyyəti ilə müəyyən edilir. Qiymətləndirmənin obyektləri isə şagirdlərin yerinə yetirdiyi ev tapşırığı, qrupların işində və diskussiyalarda iştirak, suallar formalaşdırmaq və tədqiqat aparmaq bacarığı ola bilər. Ev tapşırığı müsahibə, sosioloji sorğu aparılmasından, esse (kiçik inşa) yazılmasından, anket hazırlanmasından və i.a. ibarət ola bilər. Şagirdlər öz biliklərini və əqli vərdişlərini şifahi, yazılı, vizual, rollu, ya da digər formada təqdimatlar yolu ilə nümayiş etdirə bilərlər. Yaxşı təşkil edilmiş təqdimetmə şagirdlərin biliklərinin və əqli vərdişlərinin yüksək səviyyədə olması deməkdir.
Dərslərdə nə qiymətləndirilir?
-
Məzmunun - əsas faktların və terminlərin, səbəb-nəticə əlaqələrinin, nəticə və ümumiləşdirmənin mənimsənilməsi.
-
Təhliletmə vərdişlərinin, öyrənmə bacarığının, digər qrupların baxışlarının, yaxud nöqteyi-nəzərinin başa düşülməsi və i.a.
-
Dəyərlərin formalaşdırılması.
Qiymətləndirmə meyarlarını necə işləyib hazırlamalı?
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərdə şagird biliyinin qiymətləndirilməsinin üç istiqamətdə aparılması tövsiyə edilir:
-Diaqnostik qiymətləndirmə(ilkin səviyyənin qiymətləndirilməsi).Bununla müəyyənləşdirilir ki, şagirdlər əsas bilik və bacarıqlara malikdirlərmi? Tədris edilmiş materialın hansı hissəsini bilirlər?
- Formativ qiymətləndirmə(təlim irəliləyişini müəyyən etmək üçün). Şagirdlər standartların reallaşması istiqamətində irəliləyə bilirlərmi?
- Summativ qiymətləndirmə (yekun). Şagirdlər standartlara əsaslanan məqsədlərə hansı səviyyədə nail olublar?
Şagirdlərin qiymətləndirilməsi üçün dəqiq meyarlar işlənib hazırlanmalıdır. Meyarlar bilik və bacarıq, o cümlədən, informasiyanı aydın təqdim etmək bacarığı və məntiqi təfəkkür qabiliyyəti kimi göstəricilərinin inkişafını əks etdirməlidir. Qiymətləndirmə meyarları nə qədər aydın olsa, bir neçə müəllimin bu və ya digər şagirdin işini eyni qaydada qiymətləndirəcəyinə bir o qədər çox yəqinlik yaranar. Şagirdlərin özləri də qiymətləndirmə meyarlarını bilməlidirlər ki, onlardan nə gözlənildiyini təsəvvür etsinlər. Yerinə yetirilmiş ev tapşırığının “əla”, “yaxşı”, “kafi” qiymətləndirilməsi meyarlarını şagirdlərin özlərinin müəyyənləşdirməsi prinsipial məsələdir. Qiymətləndirmə “əks-əlaqə”nin yaradılmasına kömək etməli, yəni şagirdlərə və müəllimlərə bir-birini daha yaxşı başa düşməkdə yardım göstərməlidir. Şagirdlər qiymətləndirmə meyarlarını kiçik qruplarda işləyib hazırlaya, sonra isə bütün siniflə birlikdə müzakirə edə bilərlər. Yekun qiymət şagirdin özünüqiymətləndirməsindən, onun qruplardakı işinin qiymətindən və müəllimin verdiyi qiymətdən toplanaraq yarana bilər.
Qiymətləndirmənin müxtəlif üsul və formaları. Test tapşırıqları. Dərslərdə qiymətləndirmə üçün müəllim tərəfindən hazırlanmış işçi vərəqindən istifadə etmək olar. İşçi vərəqindəki tapşırıqlar iki növə ayrıla bilər:
a) müəyyən konkret cavabı olanlar (testlər). Məsələn: (1və2 test)
b) problemlərə münasibətlərin, onların məqbul, ağlabatan şəkildə qiymətləndirilməsini nəzərdə tutanlar (açıq suallı tapşırıqlar). Bu axırıncı tapşırıqlar müəyyən dərəcədə şagirdlərin bəzi şəxsi xüsusiyyətlərinin öyrənilməsi vasitəsi rolunu oynaya və onlar tərəfindən özünü dərk etmək üçün istifadə oluna bilər.
Şagirdin özünüqiymətləndirməsi.
Ola bilsin ki, bəzi dərslərdə müəllim tərəfindən biliyin yekun qiymətləndirilməsi nəzərdə tutulmur və qiymət qoymaq tövsiyə edilmir. Lakin onlar məktəblilərin refleksiya, yəni suallara cavablar, müzakirələr vasitəsilə özünüqiymətləndirməsinə yol açır. Şagirdlərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir, çünki bu iş məktəbliləri öz davranışına daha məsuliyyətlə yanaşmağa sövq edir, onlarda obyektivliyin tərbiyə edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir.
Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucbatından təhrif edilə bilər. Ancaq insanın öz-özünü necə gördüyünü müəyyən etmək daha vacibdir, çünki özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və fərd üçün zəngin informasiya mənbəyi ola bilər. Dərsə aşağıdakı suallar yazılmış kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür:
-
Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu?
-
Daha çox xoşlamadığınız nə idi?
-
Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz?
Şagirdin qrupdakı işini necə qiymətləndirməli?
Şagirdin qrupdakı işinin qiymətləndirməsini hər bir şagirdin qrupun işinin ümumi nəticəsinə verdiyi töhfənin faizlə nisbətinə əsasən müəyyənləşdirmək olar. Müəllim bütövlükdə qrupun aldığı balların miqdarını müəyyən edir. Məsələn, dörd nəfərdən ibarət qrupa 20, üç nəfərlik qrupa 15 bal verilir. Şagirdlər bu balları hər kəsin ümumi naliyyətdəki roluna, verdiyi töhfəyə əsasən müstəqil olaraq bölüşdürürlər. Qrupdakı işə görə alınmış ballara sinifdə aparılmış diskussiyada iştirak üçün müəllim tərəfindən verilmiş mükafat balını da əlavə etmək zəruridir. Balların yekunu xüsusi jurnala yazılır. Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün və ilin sonunda balların yekunu reytinq qiymətini təşkil edir ki, bu da şagirdlərin düşünmək və öz fikirlərini şifahi ifadə etmək, diskussiyada təşəbbüsü öz üzərinə götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, qrupun işinə faiz hesabı ilə nə kimi töhfə verdiklərini elan edirlər; onlar təsadüfi qaydada cütlüklərlə bir-birinin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töhfəsi ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şagirdlər bir-birinin biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhvlərini aradan qaldırmaqda kömək edə bilərlər. Qrupun özünüqiymətləndirməsi üçün müəyyən formalı vərəqələrdən istifadə etməklə bütövlükdə qrupun necə işlədiyinə, öz tapşırığını necə yerinə yetirdiyinə qiymət vermək olar.
Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri.
Dərslərin qiymətləndirilməsi zamanı əsas diqqət təkcə informasiyasının mənimsənilməsinə deyil, həm də cəmiyyətin həyatında bir vətəndaş kimi iştirak etmək üçün zəruri olan bacarıqların mənimsənilməsinə yönəlir. Müasir vətəndaş cəmiyyətində bu bacarıqlar fəaliyyətin dörd növündə cəmlənir: tədqiqat (tənqidi təhlil); kommunikasiya (ünsiyyət, informasiyanın verilməsi və başa düşülməsi, əqidə); qərar qəbulu; fərdi və kollektiv fəaliyyətin təşkili. “Yanlış cavablar ola bilməz, onlar müxtəlif ola bilər” müddəası əsas prinsiplərdən biri olmalıdır. Bu prinsiplərin ardıcıl həyata keçirilməsi bir-birilə rəqabət aparmamağa, əksinə, əməkdaşlıq etməyə, ümumi mövqe işləyib hazırlamağa imkan verir. Ümumiyyətlə, fəal təlim metodlarının tətbiq edildiyi dərslərdə müəllim etibara, hörmətə əsaslanan əməkdaşlığa hazır olmalıdır.
Aşağıda qruplarda iş və təqdimatla iştirakın qiymətləndirilməsinin bəzi meyarları və şagirdlərin özünü qiymətləndirməsi üçün vərəqlər verilmişdir ki, müəllimlər bunlardan fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə istifadə edə bilərlər. Göstərilən meyarlara müəllimin lazım bildiyi başqa qiymətləndirmə parametrləri də əlavə edilə bilər.
Qruplarda işin qiymətləndirilməsi.
Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi meyarları:
-
Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi?
-
O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı?
-
Başqalarına mane olmadan işləyirmi?
-
O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi?
-
Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir?
-
Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək edirmi?
5 . İnteraktiv təlim metodları.
Aktiv oxu və yazı üsulları
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verə bilər ki, şagirdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial – psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.
Sosial – psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı münasibətidir. Əməkdaşlıq, açıqlıq, bir-birini başa düşmə və köməklik mühiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq verir, şagirdləri sözün əsl mənasında məktəbə doğru çevirir.
İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələrinin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mənbələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hallarda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çıxış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, ensiklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mətbuat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məhrum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə səbəb olur.
Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki resursların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır:
-
məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıq, stendlər və s.
-
təbii mühit: canlı və cansız təbiət,
-
yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.
Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim prosesində çox az istifadə olunur. Açıq havada dərslər və ekskursiyalar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağlı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edilməsi vacibdir.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin inkişafını (və ya inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar:
-
Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək materialın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxlaması, ifadə edə bilməsi daxildir.
-
Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadisələrin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.
-
Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu konkret şərait və vəziyyətdə tətbiq edə bilməsi.
-
Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayırmaqla strukturunu müəyyən etməsi.
-
Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı alması.
-
Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə bilməsi.
Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tətbiq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, tədrisdə tətbiq edilmə imkanlarını nəzərə aldıqdan sonra mövzunun hansı interaktiv təlim metodundan istifadə edilərək tədris ediləcəyini müəyyənləşdirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə səmərə yüksək olur.
İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnteraktiv təlim metod və texnikaları mahiyyətinə görə bir neçə yerə qruplaşdırıla bilər. Bu qrupları aşağıdakı kimi təsnif etmək olar:
1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, suallar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.
2. Müzakirə metodları: müzakirə, diskussiya, debatlar, müzakirə xəritələri, Sokrat üsulu, akvarium.
3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnələşdirmə.
4. Prezentasiya metodları: təqdimatlar, esse.
5. Tədqiqatın aparılması metodları: problemin həlli, kublaşdırma, konkret hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin hazırlanması, sorğu vərəqləri və müsahibələr, qərarlar ağacı, ideyalar xalısı, refleksiya.
6. Təşkilati metodlar: ziqzaq, karusel.
Aşağıda interaktiv təlim metodlarının və texnikalarının məzmunu verilir.
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir neçə variantda keçirilə bilər.
“Akvarium”un keçirilməsinin I variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn, reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir (Sxem 1.3).
Sxem 1.3
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
“Akvarium”un keçirilməsinin II vaiantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və I variantdan fərqli olaraq, iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks-dəlillərini hazırlayırlar. 15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların vahid fikrə gəlməsi vacib deyil.
Qərarlar ağacı
Bu üsul mürəkkəb və birmənalı olmayan vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır. O həmçinin bu qərarların qəbul edilməsi zamanı rəhbər tutulmuş motivlərin təhlili üçün də lazım ola bilər.
“Qərarlar ağacı” mübahisəli qərar və nöqteyi-nəzərlərin şagirdlərə daha yaxşı aydınlaşdırılmasına kömək edir; şagirdlərin biliklərin cəlbedici formada ümumiləşdirilməsinə və qiymətləndirilməsinə imkan yaradır. Bu üsuldan istifadə etməklə şagirdlər mümkün olan qərarların bütün variantlarını, eləcə də bunların hər biri ilə bağlı müsbət və mənfi cəhətləri müfəssəl təhlil edirlər. Məşğələlər zamanı şagirdlər aşağıdakı cədvəli doldururlar (Sxem 1.4).
Sxem 1.4
“Qərarlar ağacı” problem
Qərar
Tətbiq etmə qaydası.
-
Məşğələ başlanmazdan əvvəl aparıcı təhlil ediləcək problemi müəyyənləşdirir, qruplar üçün cədvəlləri hazırlayır.
-
Əvvəlki dərslər (ev tapşırığı) zamanı şagirdlər şərtləşdirilmiş problemlə, tarixi şəraitlə bağlı biliklər əldə edirlər.
-
Müəllim şagirdləri 4-6 nəfərlik qruplara (4-5) bölür. Hər bir qrup doldurmaq üçün cədvəllər və markerlər alır. Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt müəyyənləşdirir: 15 dəqiqədən 20 dəqiqəyədək.
-
Qruplarda iş zamanı şagirdlər problemin həlli variantlarının üstünlük və çatışmazlıqlarını qeyd edir, sonra isə bu problemlə bağlı qərar qəbul edirlər.
-
Tapşırıq yerinə yetirildikdən sonra qrupların nümayəndələri növbə ilə öz işlərinin nəticəsini təqdim edirlər. Zərurət olduqda müəllim cədvəlləri müqayisə edir, qrupları eyni qərarlara gətirib çıxarmış səbəbləri açıqlayır, suallara cavab verir.
Əqli hücum
“Əqli hücum”- şagirdlərin fəallığının həvəsləndirilməsi və ideyaların sürətli generasiyası üsuludur.
Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öyrənilməsi zamanı suala cavab axtarmaq üçün istifadə oluna bilər.
Tətbiq etmə qaydası.
-
“Əqli hücum”un hansı problem üzrə aparılacağını qərarlaşdırın. Onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaşdırın.
-
Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin.
-
Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ayrı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər.
-
Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər.
-
Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bildirməyə məcbur etməyin.
-
İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin.
-
Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti meydana çıxdıqda bildirin.
-
Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah etməyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın.
-
Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, gözlənilməzi və ağılsızı ən faydalı və maraqlı olur.
-
İdeyalar tükənəndə “əqli hücum”u dayandırın, bütün təklifləri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini versinlər.
Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iştirakı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, yaxud problemin həllinə kömək edən ideyaları seçmək mümkün olsun.
Rollu oyun
Oyunlar daha maraqlı və səmərəli iş formasıdır.
Rollu oyun kiçik improvizasiya-pyesdir. Onun məqsədi təlim materialının qavranılmasını və dərk edilməsini asanlaşdırmaq, şagirdləri real təhsildə və həyatda baş verən vəziyyətlərə hazırlamaqdır. Qeyri-müəyyənlik şəraitində, yaradıcılıq fəaliyyətində, real mühitin əsas cəhətlərinin təxəyyüldə yaradıldığı vəziyyətdə qərar qəbul etməyi öyrətmək üçün oyundan istifadə olunur.
Müəllimin vəzifəsi öz personajına kənardan baxmağı öyrətmək, bu vəziyyətdə onun güclü və zəif tərəflərini başa düşməyə kömək göstərməkdən ibarətdir.
Tətbiq etmək qaydası.
-
Müəllim əvvəlcədən situasiya fikirləşib tapır, sinif otağını hazırlayır.
-
Oyunun iştirakçılarını ehtiyatla və ustalıqla seçmək lazımdır.
-
Rolun ifası zamanı münaqişələrin yaranmasına yol verilməməlidir.
-
Rollar qısa olmalı, sadə dildə yazılmalıdır.
-
Müəllim sinfi öz rollarını ifa edən bir neçə qrupa bölə, ya da bir qrupa oynamağı, qalanlarına isə aktyorların oyununu müşahidə etməyi tapşıra bilər.
Oyunun sonunda şagirdləri ustalıqla rollarından “çıxarmaq” vacibdir.
Yekunlaşdırarkən müəllim diqqəti aktyorların söylədiyi ayrı-ayrı sözlərə deyil, məşğələnin məqsədlərinə yönəldir.
Vəziyyət üzrə praktikum
Bu üsul şagirdlərdə, az da olsa, şəxsi hüquqi təcrübənin olmasını nəzərdə tutur. Şagirdlərə mənəvi sahəyə aid problemlərin qoyulduğu və sinifdə ciddi müzakirə tələb edən müxtəlif vəziyyətlər təklif olunur. Vəziyyət üzrə praktikum tənqidi təfəkkür vərdişlərini, təhlil qabiliyyətini inkişaf etdirir, mənəvi dəyərləri, mövqeləri formalaşdırır. Dəyərlərin müəyyənləşdirilməsinə dair vəziyyət üzrə çalışmalar şagirdlərə öz rəylərinə görə cavab verməyi və bunları müdafiə etməyi öyrədir.
Tətbiq etmək qaydası
-
Müəllim dərsdə müzakirə olunacaq problem və sualları əvvəlcədən fikirləşib tapır.
-
Vəziyyət üzrə praktikum üçün materialları diqqətlə seçir.
-
Hər vəziyyətə dair suallar və tapşırıqlar düşünülür. Bunlar 2-dən 5-dək ola bilər.
-
Vəziyyət ayrı-ayrı kağız vərəqlərində, kartoçkalar şəklində yazılır.
-
Sinif ya cütlüklərə, üçlüklərə, ya da 4-5 qrupa bölünür.
-
Şagirdlərə təlimat, tapşırıq və suallar verilir.
-
Qrupların işi sona çatan kimi müzakirə başlanır.
Diskussiya
Bu üsul həm müəllim, həm də şagirdlər üçün universaldır. Bu üsul onların qoyulmuş problemlərə və suallara münasibətini öyrənməyə imkan verir. Şagirdlər verilmiş mövzunu 10-20 dəqiqə ərzində müzakirə edirlər.
Diskussiya şagirdlərə tarix, vətəndaşşünaslıq, hüquqi xarakterli məsələlər və digər fənlərə aid mühüm problemlərin müstəqil şəkildə müzakirə etmək imkanı verir, informasiya toplamaq vərdişlərini və fəallığını inkişaf etdirir, bütün şagirdlərə öz nöqteyi-nəzərini bildirmək və eyni zamanda mübahisədə kiminsə üstünlük qazanmaq imkanlarını məhdudlaşdırır.
Bu üsul həmçinin, müəllimin tələbi olmadan fikir mübadiləsinə kömək edir, dinləmək, növbə ilə danışmaq, tolerantlıq nümayiş etdirmək bacarıqlarını inkişaf etdirir.
Tətbiq etmək qaydası.
Başlanğıcda şagirdlərə diskussiyanın aparılmasının əvvəlcədən tərtib edilən əsas qaydalarını xatırlatmaq yaxşı olardı:
-
Danışanı dinləmək.
-
Eyni vaxtda yalnız bir adam danışa bilər.
-
Çıxış etmək istəyi varsa, əlini qaldırmalıdır.
-
Danışanın sözünü kəsməmək.
Müəllim keçiriləcək diskussiyanın mövzusunu əvvəlcədən elan edir. Diskussiyanın gedişində o, yazı taxtasından asılmış vatman kağızı vərəqində yazılmış mövzu və plan haqqında məlumat verir. Sonra diskussiyanın başlanması üçün işarə verir. Müəllim diskussiyanın gedişinə qarışmır, sonda isə yekun vurur.
Yazılı debatlar
Debatlar şagirdləri həyəcanlandıran, xarakterli, mübahisəli mövzular üzrə planlaşdırılmış xüsusi dialoqdur.
Debatların məqsədi öz mövqeyini, nöqteyi-nəzərini dəlil-sübutlu şəkildə, sakitcəsinə müdafiə etməyi şagirdlərə öyrətməkdir.
İştirakçılar müzakirə olunan mövzunun “lehinə” və “əleyhinə” olan dəlilləri gətirməli və opponentlərini öz mövqeyinin düzgün olduğuna inandırmağa çalışmalıdırlar.
Debatların aparılmasının 2 forması mövcuddur: şifahi və yazılı.
-
Yazılı debatlar - tərəflər arasında yazılı dialoq formasıdır.
-
Debatlar cütlüklər, ya da üç-dörd nəfərlik qruplar şəklində aparıla bilər.
-
Debatlar A-4 (albom) və A-1 (vatman) vərəqlərində, xüsusi forma üzrə keçirilir.
-
Debatlar zamanı şagirdlər yalnız öz dəlillərini təqdim etmir, həm də digər tərəfin dəlillərinə cavab verirlər.
-
Debatlar şagirdlərin müzakirə olunan məsələ ilə bağlı fikirlərini dərinləşdirir, onları diskussiya mədəniyyətinə alışdırır.
Dostları ilə paylaş: |