“YƏHUDI ƏLIFBASI” YOXSA İNSANLIĞIN ƏLIFBASI?”
Xəyalə ƏFƏNDİYEVA
Bakı Dövlət Universiteti
elshenxeyale@box.az
AZƏRBAYCAN
Çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Seyran Səxavətin yaradıcılığı milliliyi,
xəlqiliyi, toxunduğu problemlərin aktuallığı və ümumbəşəriliyilə diqqəti cəlb edir. Onun yaratdığı hər
bir xarakter milli koloritlə yanaşı, həm də özündə bəşəri dəyərləri ehtiva edir. Ümumbəşəri mövzular
hesab olunan - həyat və ölüm, dünya və insan, xeyir və şər, əxlaq və mənəviyyatsızlıq problemi, fərdin
və bütövlükdə cəmiyyətin faciəsi yazıçının qələmində yüksək psixoloji səviyyədə, konkret hissi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1047
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
formalarda öz bədii təcəssümünü tapmışdır. Ədibin bütün əsərləri problem ciddiliyi, tarixiliklə
səsləşən müasirliyi, həyati materialların zənginliyi, müəllif mövqeyinin fəallığı ilə seçilir.
Azadlığı əlindən alınan, torpağından didərgin salınan, öz vətənində köçkün həyatı sürən,
mümkünsüz qayıdışın əzabını yaşayan, məğlub edilən və hələ də məğlubiyyətini dərk edə bilməyən,
dərk edə bilmədiyi üçün də yeni bəlalara sürüklənən millətin faciəsini özündə əks etdirən “Nekroloq”,
“Yəhudi əlifbası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ocaq daşı”, “Ağrı”, “Persona non qrata” və s.
əsərlərində yazıçı sanki ciddi bir xəbərdarlıq, çağırış intonasiyası ilə cəmiyyətə üz tutur, insanları öz
tarixi kimliyini, milli mahiyyətini dərk etməyə çağırır, düşündürür və düşdüyü bəlalardan xilas
olmağın yollarını göstərir. Bu əsərlərdə insanların pula satılması, mənəviyyatın kirəcləşməsi,
deformasiyaya uğraması, milli dəyərlərin aşınması kimi bütün dövrlərdə və cəmiyyətlərdə özünü
göstərən insani naqisliklər fəal yazıçı mövqeyindən güclü tənqid edilmişdir.
Seyran Səxavətin “Yəhudi əlifbası” əsərində geniş mənada totalitarizmin, despotizmin tənqidi,
tirançılığa, avtoritar rejimə, sadizmə qarşı mübarizə mühüm yer tutur. Yazıçının işıqlandırdığı
məqamlar regional məsələ deyil, sözün tam mənasında, ümumbəşəri mahiyyət, planetar səciyyə
daşıyır. Yüksək sənətkarlıqla yazılan bu əsərdə zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib
həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində,
mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar
mövzulara toxunduqca şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən
istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı
ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir. Romanının əvvəlində yazıçı real
həyat həqiqətlərinin, insan cəmiyyətindəki naqisliklərin, mənəvi çatışmazlıqların fonunda bəşəriyyəti
uçuruma aparan bir sıra aktual, ümumbəşəri problemlərə toxunmuşdur. Oxuduqca müəllifin toplumun
köklü problemlərini bədii həqiqətə çevirmək, həmin əngəllərə qarşı ictimai mübarizə əzmini
gücləndirmək cəhdi diqqəti cəlb edir. Xalqın mentalitetində əsrlər boyu qorunub-saxlanmış əxlaq,
davranış, adət-ənənə və bu kimi digər mənəvi dəyərlər getdikcə sürətlə öz təməlindən qopur, ayrılır,
insanlar şərin, nəfsin və ehtirasların əsiri, qurbanı olur. Bu cür sosial ziddiyyətlərin kökündə ictimai
ədalətsizlik, vicdansızlıq, mənəvi cəhətdən kasadlıq və s. kimi amillərin durduğunu vurğulayan yazıçı
əsərin əvvəlində zamanın, dövrün təzadlarla dolu, acınacaqlı bir mənzərəsini yaradır və bu mənzərəni
yaratmaqla təkcə bizim cəmiyyətimizi deyil, bütövlükdə bəşəriyyəti saran ictimai eyiblərə,
naqisliklərə, qüsurlara ayna tutur, insanlığın mübtəla olduğu bu ümumbəşəri xəstəlikdən - mənəvi
şikəstlikdən xilas olmağın yollarını arayır. Bu əsəri oxuduqca bizə aydın olur ki, müəllif təkcə
özümüzü, xalqımızı, ümmətimizi deyil, bütün bəşəriyyəti narahat edən məsələlərə eyni həssaslıqla
yanaşır. Ədib cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən
ictimai bəlaları, əxlaqi qüsurları tənqid edərkən satiranın ən yüksək forması sayılan ifşaçı gülüşdən
məharətlə istifadə edir. “Eybəcərliyin eybəcər olduğunu dərk etdirən”, ona qarşı nifrət, mübarizə hissi
oyadan bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerdə tənqid
atəşinə tutduğu hədəfdən, qanun və qaydalardan, qüsur və nöqsanlardan qat-qat yüksəkdə durur,
mütərəqqi ideyaların tribunasına çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər cəhətlərini ifşa edərkən
belə işıqlı, nurlu təbiətini qoruyub saxlayır.
Əsərlərindəki kəskin satiradan, ironiyadan aydın duyulur ki, Seyran Səxavət hər zaman – həm
düşüncəsində, həm də əməllərində haqqın və ədalətin müdafiəçisi olmuşdur. Cəsarətli, aydın mövqeyi
yazıçının şəxsiyyət və xarakter bütövlüyü ilə əlaqədardır. Yazıçının milli-mənəvi varlığında bu
xüsusiyyətlər bütövlüyü və tamlığı ilə üzə çıxır. O, əsərlərində insanların azad, asılı olmadan yaşamaq
haqqını o şəkildə ifadə etmiş və qabartmışdır ki, bununla əsər boyu qaldırdığı problemlərin sadəcə
lokal səciyyə daşıdığını deyil, planetar, ümumbəşəri mahiyyət kəsb etdiyini vurğulamışdır.
Müəllifin qələminin üstün, qüdrətli cəhətlərindən biri də budur ki, o, ədalətsizliyin, özbaşınalığın,
dərəbəyliyin baş alıb getdiyi bir mühitdə, cəmiyyətdə hüquqi qanunların görmədiyi, yaxud görmək
istəmədiyi bir işi – yəni, haqqın, ədalətin müdafiəsi işini öz üzərinə götürür və onu ləyaqətlə həyata
keçirir.
Bəli, “qanunların qılıncı işləməyən yerdə satiranın qılıncı iş görür”. “Yaramazlıqların heç də
hamısını qanun açıb göstərə bilməz. Qanun yaramaz xislətli insanın mənəvi pozğunluğunu deyil,
cinayəti və pis əməlləri cəzalandırır. Bu, qanunların və cəzanın dairəsindən kənarda qalan bir şərdir,
ona görə həmin şər satira vasitəsilə aşkar və rüsvay edilməlidir”.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1048
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Sələfi, böyük mütəfəkkir Mirzə Fətəli Axundov kimi Seyran Səxavət də “istehza və məsxərə yolu
ilə” yazılan əsərlərin tərbiyəvi-idraki gücünə inanır. Onun hadisə və obrazlara bəslədiyi gizli komik
münasibət əslində nikbin əhvali-ruhiyyədən doğur və gülüş vasitəsilə insanı düşdüyü bəlalardan
arınmağa çağırır. Sənətkar bu yolla insanın daxilindəki hər cür qüsurları aradan qaldırmaq, onu
düşünməyə sövq etmək, özünü dərk etməyə və vətəndaş kimi formalaşmağa, vətənin və millətin taleyi
ilə bağlı düşünməyə yönləndirir. Yazıçı düşünür ki, milli birliyə milli şüuru oyatmaqla, milli
düşüncəni formalaşdırmaqla nail olmaq mümkündür. Bu, Seyran Səxavətin sənət kredosu, sənət
konsepsiyasıdır.
Seyran Səxavətin əsərləri dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri
mahiyyət və məzmun kəsb etməkdədir. O, ən adi həyat hadisələrini belə ümumbəşəri səviyyəyə
qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi bacaran sənətkardır. Seyran
Səxavət aktuallığına, əhəmiyyətinə baxmayaraq hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür
və əsərləri vasitəsilə bunu göstərməyə çalışır. Yazıçı əsərlərində insan həyatının, düşüncəsinin köklü
problemlərinə müraciət edir və cəmiyyətin sosial-mənəvi bəlalarını bədii sözə çevirir.
Ədib satirik ifadə tərzindən, ironiyadan geniş istifadə ilə yazdığı “Yəhudi əlifbası” romanının hər
səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını
hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürücü hadisələr yer alıb ki, bu
da oxucuda “roman içində roman aurası” yaradır. Müəllif fikirlərinin birmənalı anlaşılmaması,
həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədilə simvolik, rəmzi-alleqorik
obrazlardan, şərti-metaforik fiqur, plan və situasiyalardan uğurla istifadə etmişdir. Seyran Səxavət bu
romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə almışdır.
Tarixiliklə müasirliyin vəhdəti, eyni zamanda gələcəyə xitabla yazılmış bu dərin məzmunlu əsər
sosial-ictimai problemlərin bədii əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sənətkarlığı və
yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı – özünü dərk etmək iqtidarında bulunan bütün xalqların
əlifbası ola bilmək səviyyəsinə yüksəlmişdir. İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı “Yəhudi
əlifbası” romanı ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır.
Seyran Səxavətin yaradıcılığını izlədikcə bu qənaətə gəlirik ki, o, ən adi həyat hadisələrini belə
ümumbəşəri səviyyəyə qaldırmağı, insanın və insanlığın mənafeyi miqyasında ümumiləşdirməyi
bacaran sənətkardır. Ədib aktuallığını, əhəmiyyətini nəzərə almaqla hadisələrin özünə yox, fəlsəfəsinə,
mahiyyətinə daha çox diqqət yetirir. Bu baxımdan Seyran Səxavətin əsərləri milli mənaya və
intonasiyaya malik olduğu kimi, həm də ümumbəşəri səciyyə daşıyır. Bu cəhət yazıçının bədii
ümumiləşdirmə imkanlarını genişləndirir. Beləliklə, millilikdən ümumbəşəriliyə yol açılır.
1920-1930-cu İLLƏR ƏDƏBİ PROSESİNDƏ REALİZMİN
HƏRƏKƏTVERİCİ ROLU
Səbuhi QƏHRƏMANOV
AMEA-nın Ədəbiyyat İnstitutu
gahramanovsabuhi@gmail.com
AZƏRBAYCAN
1920-1930-cu illər Azərbaycan ədəbi prosesinə ideoloji amilin təsiri və təzyiqi danılmazdır.
Azərbaycançılıq ideologiyasına söykənən milli ədəbiyyatın ideya-bədii platformasına qarşı sovet
doktrinasının irəli sürdüyü proletar ideologiyası və proletar ədəbiyyatı dururdu. Bununla belə, ideoloji
– ədəbiyyatın dəyişməsinə təsir göstərən xarici faktordur, ədəbi proses, ilk növbədə ədəbiyyatın öz
dəyərləri, ənənələri hesabına inkişaf edir. 1920-1930-cu illərin ədəbi qarşıdurmasında hər iki tərəfin
(milli və sosialist) çıxış nöqtəsi kimi istinad edib, mübahisə predmetinə çevirdiyi məhz realizm
ənənələri oldu.
1920-1930-cu illər üçün Azərbaycan ədəbiyyatında iki bədii-estetik cərəyanın əsaslı təcrübəsi
vardı: romantizm və realizm. H.Cavidin poeziya və dramaturgiyasında (“Azər”, “Peyğəmbər”, “Topal
Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam” və s.), Ə.Cavadın şeirlərində, C.Cabbarlının müəyyən
əsərlərində (“Oqtay Eloğlu”, “Od gəlini”, “Qız qalası” və s.) və s. milli ideologiya romantizm
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1049
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
dəyərləri vasitəsilə daşınırdı. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, T.Ş.Simurğun
sovet dövrü əsərlərində milli gerçəklər realizm və tənqidi yanaşma təcrübəsi əsasında əks olunurdu.
Sovet ideologiyası romantizmi burjua sinfinin və kapitalizmin ideya ruporu kimi qiymətləndirərək
birmənalı şəkildə rədd etdi. Romantik sənətkarlar 1920-1930-cu illər boyu təqib olunaraq repressiyaya
uğradıldı. Azərbaycan realizmi bütün tarixi ərzində geniş xalq mövqeyinə əsaslanmış, aşağı və orta
zümrələrin həyatını əks etdirmiş, fəal Azərbaycançılıq platformasında durmuşdu. Realistləri birbaşa
sinfi baxımdan günahlandırmaq, türkçülükdə ittiham etmək çətin idi. Odur ki, proletar ideologiyası
realist yazıçılara onların öz cəbhəsində müharibə elan etdi. “Köhnəlmiş”, “cığırdaş” adlarıyla,
sosializm həqiqətlərini dərk etməyən yazıçılar kimi realistləri mənəvi repressiyaya məruz qoydu, ən
nəhayət 1930-cu illərdə bir çoxlarını qətlə yetirdi.
Azərbaycan realizmi bir neçə mərhələdən keçmiş (intibah realizmi, maarifçi realizm, tənqidi
realizm), zənginliyini 1920-ci illər üçün də qoruyub saxlamışdı. Bu illərdə başlıca istiqaməti təmsil
edən tənqidi realizmlə (C.Məmmədquluzadə, “Dəli yığıncağı”, “Zırrama”, “Sirkə”, “Saqqallı uşaq”,
“Oğru inək”, “Şeir bülbülləri”, “Bəlkə də qaytardılar” və s.; Ə.Haqverdiyev, “Keçmiş günlər”,
“Seyidlər ocağı”, “Çeşmək”, “Uca dağ başında” və s.; C.Cabbarlı, “Sevil”, “Almaz”, “Dilarə”,
“Gülər”, “Dilbər” və s.; Ə.Nəzminin satirik şeirləri; M.S.Ordubadi, “Şahqulu bəyin nəvəsi”, “Dumanlı
Təbriz” və s.; Y.V.Çəmənzəminli, “Yaramaz”, “Ruhnəvaz xanım”, “Namussuz”, “İki od arasında” və
s.; S.Hüseyn, “Yatmış kəndin qış gecələri”, “Kor kişinin arvadı”, “Həzin bir xatirə” və s.; Qantəmir,
“Dəfatirati-üzviyyə”, “Şarlatan”, “Zeynən Tükəzbanova” və s.; B.Talıblı, “Erkək Tükəzban”, “Dirək”
və s.) yanaşı, A.Şaiq (“Vəzifə”, “Özü bilsin, mənə nə”, “Əsəbi adam”, “Araz” və s.), N.Vəzirov
(“Təzə əsrin ibtidası”), S.S.Axundov (“Laçın yuvası”, “Son ümid”, “Cəhalət qurbanı”, “Bax mən buna
yoxam” və s.), T.Ş.Simurğ (“Yox”, “Çətin müəmma və ya iki arvad almaq məsələsi”, “Məşədi
Qədimin evində bədbəxtlik” və s.) və digər maarifçi yazıçılar da ədəbi prosesdə fəal iştirak edirdilər.
Faktlar göstərir ki, istər realistlər, istərsə də maarifçilər əvvəlcə yeni quruluşu öz ideya
platformalarından müsbət qarşılamış, lakin tədricən reallığın mahiyyətinə vardıqca, 1920-ci illərin
ikinci yarısından ona münasibət dəyişmiş və hətta onu inkar etmişlər.
“Təzə əsrin ibtidası” (N.Vəzirov) epitetindən də göründüyü kimi, maarifçilər yeni cəmiyyətin
qurulması prosesini ilkin olaraq öz maarifçi arzularına uyğun qəbul etmiş, əsərlərində maarif və
gerilik, tərəqqi və patriarxallıq, təhsil və avamlıq, mədənilik və köhnəpərəstlik qarşıdurmalarını işıq və
qaranlığın mübarizəsi kimi təsvir etmiş, dəyərləndirmişlər. Mədəni inkişafa can atan yeni cəmiyyət
qurucuları hər yerdə geriçi zehniyyət qalıqları ilə üzləşir və bu, maarifçilərin yaradıcılığında ümumi
sosial bəla kimi ümumiləşirdi. Bu halda realizm sosial dəyişmə zərurətinə ideya olaraq haqq
qazandırır, ədəbi prosesə təkan verirdi.
Tənqidi realistlər yeni cəmiyyət quruculuğuna əvvəlcə Cümhuriyyət ideyalarının davamı kimi
baxır, vaxtilə “Molla Nəsrəddin” jurnalında qaldırılmış kəndli problemi, qadın azadlığı, dini
mövhumatın və yalançı din xadimlərinin ifşası, milli tərəqqi və s. kimi ideyaların realizəsini həyata
keçirirdilər. Sosializm ideyaları və gerçəklik arasındakı ziddiyyətlər, bolşevik hakimiyyətinin
özbaşınalıqları, milli varlığın aşınması və digər real problemləri də nəzərdən qaçırmır, satira və yumor
atəşinə tuturdular. 1920-1930-cu illər ədəbiyyatında gerçəklərə gülüş platformasından baxılması,
sosial mühitdə gülünc mənzərələrin ifşası tənqidi realizm ənənələrindən xəbər verir, realizmin gücünü
göstərirdi.
1920-1930-cu illər ədəbi prosesi bütövlükdə hakim ideologiyanın nəzarətində idi. Sinfilik
nəzəriyyəsindən çıxış edən bu ideologiya bolşeviklərin rəhbəri V.Ulyanov-Leninin “Hər milli
mədəniyyətdə iki mədəniyyət – yuxarıların mədəniyyəti, aşağıların mədəniyyəti var” tezisinə
əsaslanır, “aşağılar” öz fərqli ədəbiyyatını da yaratmağa çalışırdı. Bu ədəbiyyat ideoloji baxımdan
yalnız şifahi xalq ədəbiyyatına və kapitalizmi ifşa etmiş realizmə söykənə bilərdi. Bütün 1920-ci illər
boyu Azərbaycan ədəbiyyatında bu tendensiya yeridilmiş, rus ədəbi prosesində mövcud yeni ədəbiyyat
axtarışları milli ədəbi prosesə də tətbiq olunmuşdu. Proletar ədəbiyyatı adını almış yeni ədəbiyyat da
realizmə söykənməli, amma mütləq şəkildə ondan fərqli, yeni realizm olmalı idi. Yeni ədəbiyyatı
realizmin ümumi ənənə və təcrübəsindən ayırmaq üçün, 1930-cu illərin əvvəllərində, proletar
ədəbiyyatının banisi hesab olunan M.Qorkinin təklifi ilə: ənənəvi realist ədəbiyyata “tənqidi realizm”,
yeni proletar ədəbiyyatına isə “sosialist (sosializm) realizmi” adı verildi.
Adında da əks olunduğu kimi, yeni ədəbi cərəyanda ideoloji vurğu mühüm əhəmiyyət kəsb
edirdi. Gerçəkləri sinfi, xəlqi, partiyalı mövqedən nəzərdən keçirməli olan yazıçılar həm də onun
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1050
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
inqilabi mahiyyətinə diqqətli olmalı, dəyişmə tendensiyalarını əks etdirməli idilər. Tənqidi realizmin
analitik-ifşaedici xarakterindən fərqli olaraq, sosializm realizminin təsvir predmetini sosializm
quruculuğunu əks etdirən hadisələr təşkil etməli idi. Rus ədəbiyyatının təsiri ilə 1920-ci illərin ikinci
yarısından Azərbaycan ədəbiyyatında da belə bir cərəyan yarandı və özünü əvvəlki realizmə qarşı
qoyaraq, ədəbi prosesin hərəkətverici qüvvəsinə çevrildi.
1934-cü ildə Sovetlər ölkəsinin yazıçılarının I qurultayında sosializm realizminin yaradıcılıq
metodu ədəbiyyatın yeganə metodu və sosializm realizmi ədəbiyyatı ölkədə yeganə rəsmi ədəbiyyat
statusu aldı. Azad yaradıcı ilhama son qoyuldu və yeni metodun qəlibləri sovet dönəminin sonunacan
ədəbiyyatın başının üzərindən “damokl qılıncı kimi” asıldı. İnqilabi ədəbiyyatı təmsil edən yeni nəsil
şair və yazıçıların hamısı (S.Rüstəm, R.Rza, M.Rahim, M.Hüseyn, S.Rəhimov, Ə.Vəliyev,
Ə.Ələkbərzadə, Mir Cəlal,M.İbrahimov və b.), hətta ruh etibarilə romantik olan sənətkarlar da
(S.Vurğun, M.Müşfiq və b.) yaradıcılığını eyni bir sosializm realizmi bayrağı altına sığışdırmalı
oldular.
Realizm ənənələri 1920-1930-cu illərin ədəbi prosesinin təşkilində yalnız təkanverici amil
olmaqla qalmadı. Realizm dəyərləri sosrealizm ədəbiyyatının ən yaxşı nümunələrində həm birbaşa
təsir məqamında, həm də mətnlərin alt qatında dolayısı olaraq özünü göstərir. Müasir Azərbaycan
ədəbiyyatının təşəkkülündə realizmin rolu və payı əvəzsizdir.
ABBASQULU AĞA BAKIXANOVUN AVTOBİOQRAFİK SƏCİYYƏLİ
“MERACE-XƏYAL” VƏ “MƏCLİSİ-FİRƏNG” POEMASINDA
ŞƏRQ VƏ QƏRB
Kəmalə NURİYEVA
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
kamala.nur@mail.ru
AZƏRBAYCAN
İstedadlı şair,tərcüməçi, böyük alim və mütəfəkkir Abbasqulu ağa Bakıxanov XIX əsr
Azərbaycan ədəbiyyatının, fəlsəfəsinin, maarifçiliyinin ən məşhur nümayəndələrindən biridir.
Ensiklopedik biliyə, unikal istedada malik A.Bakıxanov tarix, arxeologiya, coğrafiya, filologiya,
pedaqogika, fəlsəfə, astronomiya kimi elm sahələrində müxtəlif qiymətli əsərlərin müəllifidir.
Azərbaycan elmi tarixşünaslığının banisi hesab olunan A.Bakıxanov milli poeziyanın inkişafında da
müəyyən rol oynamış, özündən sonra zəngin bədii irs qoymuşdur. “Qüdsi” təxəllüsü ilə Azərbaycan
və fars dillərində klassik şərq poeziyasının müxtəlif janrlarında əsərlər yazan mütəfəkirin
avtobioqrafik səciyyə daşıyan iki klassik poeması da məlumdur.
A.Bakıxanov Çar Rusiyasının Qafqaz ordusu baş komandanlığında və Əlahiddə ordu korpusunda
zabit olmuş və şərq dilləri üzrə mütərcim kimi fəaliyyət göstərmişdir. Rusiyanın İran və Türkiyə ilə
müharibələrində sülh danışıqları zamanı tərcüməçi olmuşdur. Rus ordusunda xidməti zamanı Çar
Rusiyasının və qonşu ölkələrin ərazilərini səyahət etmiş, müxtəlif istiqamətlərə olan səfərləri
çərçivəsində beş ay Varşavada yaşamışdır. Varşavada olduğu müddətdə bədii yaradıcılığını da davam
etdirmiş, iki avtobioqrafik səciyyəli poema – “Merace-Xəyal” və “Məclisi-Firəng” yazmışdır.
Fars dilində yazdığı hər iki poema bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik
şərq ədəbiyyatında məşhur olan “şikayətnamə”lərə, yaxud, “ərzi-hal”lara bənzəyir. A.Bakıxanov bu
poemalarında Varşavadakı həyat tərzini, yerli xalqın adət və ənənələrini, özünün mənəvi-əxlaqi
düşüncə, axtarış və iztirablarını təsvir etmiş, Şərq və Qərb dünyasını müqayisə edərək öz fikirlərini
təqdim etmişdir.
“Merace-xəyal” (“Xəyalın uçu”) poemasında A.Bakıxanov Rusiyanı səyahət edərək Polşaya
getməsindən, bir müddət Varşavada yaşayıb şəhərin savadlı, mötəbər dövlət nümayəndələri və alimləri
ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi
vəzifəsində çalışan İ.F.Paskeviçi yüksək ləyaqətə malik olan bir dövlət xadimi kimi təqdim edir,
polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir. Lakin, şair Varşavada maraqlı,
mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyil. O burada
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1051
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
rahatlıq tapa bilməyib ağır mənəvi iztirablar keçirir. Bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları maraqlı
bir şəkildə ifadə etmişdir:
... Məni yurddan ayrı saldı bu səfər,
Dostlarımdan qaldım necə bixəbər!
– Mən Firəngə bir səyahət eyləyim,
Elmü-fəndən kəsbi-ləzzət eyləyim –
Deyə, düşdüm boş xəyala mən aman,
Dəmir zərlə örtülübmüş nə yaman!
Poemada şair öz xəyalı ilə dialoq quraraq Rum eli (Türkiyə) və İranda gəzib gördüklərini
Avropada gördükləri ilə, başqa sözlə, Şərqlə Qərbi müqayisə edir. Nəhayət xəyalı onu hər tərəfi gül-
çiçəklə bəzənmiş, həyətində hovuz, önündə xiyaban olan kiçik, lakin, “şah saraylarından daha
şərafətli” bir evə gətirib çıxarır. Bu evdə sadə geyimli, hətta “guşənişin görünən”, lakin, “Hind, Rum,
Çindən xəbər verən”, “xoş səslə kitab oxuyan”, “min həvəslə əsər yazan” bir insanı görür. Xəyalından
paxıllığını çəkdiyi bu insanın kimliyini soruşan şair məzəmmətlə üzləşir:
...Xəyal gülüb dedi: “Anla ey qafil!
Paxıllığın özünədir, yaxşı bil!
Heyrət etmə cəhalətlə sən buna,
İp bağlamış nəfsin bil öz boynuna...
...Cəsarətlə bu qorxunu gəl burax,
Gözünü aç, bir özünə yaxşı bax...
Səadəti verib burda əlindən,
Axtarırsan, uzaqlarda onu sən...
Şair poemasında səadəti uzaqda deyil, ancaq doğma vətənində axtarmağın lazım olduğunu irəli
sürür, ömrünün mənasını xalqa xidmətdə və yaradıcı əməkdə görür. Şair elm və sənətlə məşğul olub
xalqa xidməti təbliğ etmək nəticəsinə gəlir. Poemada doğma diyarının parlaq, əlvan, bir qədər də
romantik boyalarla təsvir və tərifini yaradan şair əsəri vətənpərvər misralarla bitirir:
... Bir əhd etdim xəyalıma bu axşam,
Bu səfərdən əgər mən sağ qayıtsam,
O guşədə sakit qərar tutaraq,
Yaşayaram qovğalardan mən uzaq.
Qalan ömrü keçirərəm firavan,
Şükr edərəm allahıma hər zaman.
Qüdsi, xoşdur Əmsar adlı məskənin,
Şəhərlərdən çox üstündür öz kəndin.
“Məclisi Firəng” (“Firəng məclisi”) poemasında isə Avropanın mənfi əxlaq normalarını tənqid
edir. Şairpoemada həyat təcrübəsi çox məhdud olan bir zadəgan gəncin günlərini eyş-işrətdə
keçirməsi, onun uğursuz məhəbbət macəraları, hiss və həyəcanları, mənəvi iztirabları romantik
üslubda və maraqlı məcazlarla ifadə olunub. Şair gəncin dilindən onun hisslərini belə əks etdirir:
...Ah çəkdim, nalə etdim oda düşdü şirin can,
Lalə kimi qəlbimə dağ basıldı, ah, aman....
Başqa bir yerdə:
... Cümlə bir an içində silindi gözlərimdən,
Necə ulduz yox olar günəş tulu edərkən...
Poemadan aydın görünür ki, şair Avropa zadəgan təbəqəsində hökm sürən sevgi, ailə
münasibətlərini, əxlaq normalarını bəyənməmişdir. “Bu ölkədə yaşar çex, rus, alman, firəngli”
xanımların “yırtıcı vəhşiləri bir anda ram etməsindən”, “qan içən aslanları tora salaraq müdam
etməsindən” şikayətlənib onların vəfasız olduğunu, ürək vermədən, eşq, sevda duymadan qəlb
yaralayaraq həyat sürdüklərini vurğulayır. Gözəlləri hətta düşmən adlandıran şair onlardan uzaq
qalmağı üstün tutur. Bəhs etdiyi gəncin öz həyatını bir sevda uğrunda puç etməsindən təəssüflənən
müəllif ömrünü boş xəyalla, “vəfazız cananla” məhv etmək istəmir:
Lakin belə pərivəş, şeytan ürəkli dilbər,
Yaxşını da, pisi də bir anda məhv eyləyər.
Onlar eşqi bənzədir mənasız bir həvəsə,
|