GƏLƏCƏK KEÇMİŞƏ BƏNZƏYIR (İBN XƏLDUN)
(Elçin Hüseynbəylinin "Yovşan qağayılar" romanı haqqında)
Elnurə ALMASLI
Bakı Dövlət Universiseti
almasli_elnura@mail.ru
AZƏRBAYCAN
Qaraçuxa ədəbi təxəllüsü ilə yazıb-yaradan Elçin Hüseynbəyli jurnalistika sahəsi üzrə təhsil alsa
da, ədəbiyyata da maraq göstərir, əvvəlcə kiçik hekayələr və şeirlərlə mətbuatda çıxış etsə də, sonralar
"Rəqs edən oğlan", "İki nəfər üçün oyun", "Cənab 21-ci əsr", "Tut ağacı boyunca", "Metro vadisi",
"Şah Abbas", "Don Juan" və s. əsərləri ilə ədəbi mühitimizdə öz imzası olan yazıçılardan birinə
çevrilir. Müəllifin əsərləri ingilis, fransız, rus, polyak, ukrayn, fars, koreya və s. dillərə tərcümə
olunmuşdur.
Elçin Hüseybəylinin yaradıcılığında maraq doğuran əsərlərindən biri də "Yovşan qağayılar"
romanıdır. "Bəzilərinin xatirələri olmur. Həmin adamın gələcəyi də olmur, çünki gələcək özü sonradan
keçmişlə əvəzlənir və xatirə arxivinə köçür"- müəllif təhkiyəsində verilən bu fikir və ən əsası əsərin
adı - "Yovşan qağayılar" oxucunun diqqətini dərhal cəlb edir, marağına səbəb olur. İnsan keçmişini
öyrənmədən gələcəyini qura bilməz. Bu məsələ ilə bağlı istər folklorda, istərsə də yazılı ədəbiyyatın
ayrı-ayrı müəlliflərinin əsərlərində müxtəlif fikirləri əks olunmuşdur. Belə müəlliflərdən biri - Elçin
Hüseynbəyli bu romanı ilə keçmiş, bu gün və gələcəyə fərqli bir baxış bucağından yanaşmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1103
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Romanın müxtəlif başlıqlı ayrı-ayrı hissələrə bölünməsi və ilk hissənin "Tale qığılcımı" adlanması
oxucuya gələcək hadisələr haqqında yığcam şəkildə məlumat verir və bir növ onu gözlənilməz
nəticələrə hazırlayır. Əsəri oxuduqca müəllif dilinin şirinliyi, hadisələrin müxtəlif zaman və məkan
daxilində verilməsi, kənd həyatının, təbiət gözəlliklərinin qoxusu insanın gözü önündə yeni və maraqlı
bir mənzərə canlandırır, keçmişə, bu günə xəyalən səyahət etməyə imkan verir. Roman xatirələr
əsasında yazılmışdır. Əsərdən İ.Şıxlının "Dəli Kür" romanın rayihəsi duyulur. Hadisələr "Dəli Kür"
romanında olduğu kimi bəylərə qarşı mübarizənin başladığı XIX əsrin sonlarından bu günəqədərki
əhvalatlarla əlaqəli şəkildə əks olunmuşdur. "Dəli Kür”də əsas qəhrəman olan Cahandar ağa Göytəpə
kəndinin bəyi idisə, bu romanda da əsas qəhrəman olan Mahmud bəy eyniadlı kəndə başçılıq edirdi.
Hadisələrin mürəkkəbliyi, qəhrəmanların xarakterlərinin, talelərinin oxşarlığı baxımından "Yovşan
qağayılar" romanını müəyyən mənada “Dəli Kür” ün sələfi adlandıra bilərik.
Romanda təsvir olunan hadisələr günümüzlə bağlı şəkildə verilmişdir. Əsərin süjet xətti
çoxşaxəlidir. Əsərdə hadisələr nəvənin uşaqlıq illərini məqsədli şəkildə xatırlaması ilə başlayıb, onun
keçmişdə baş verənləri aydınlaşdırmaq üçün apardığı mübarizə nəticəsində həyatına son verilməsi ilə
bitir. Bu qısa ömrə bütöv bir nəslin faciəsinə səbəb olan mətləbi üzə çıxarmağı sığışdıran nəvə tutduğu
yolda rastlaşdığı çətinliklərə sinə gərməyi bacarır. Roman nəvənin dilindən veilir və onun gündəliyini
xatırladır.
Romandakı qəhrəmanlar həm bu günün, həm də keçmişdə baş verən hadisələrin iştirakçısı
olmaqla yanaşı, keçmişlə bu gün arasında körpü-əlaqə qurulmasını təmin edirlər. Əsərin keçmişdə
yaşayan qəhrəmanları Mahmud bəy, dayısı Fərhad, arvadı Sayalı, Qaraxan, Kisəçilər və başqaları
idisə, bu günün əsas qəhrəmanı Mahmud nəslinin sonuncu nümayəndəsi - nəvə və onun ətrafında
toplaşan, keçmişə qayıtmaqda ona ipucu verən obrazlardır.
Mahmud bəy obrazı həm zahiri, həm də bəzi daxili keyfiyyətləri ilə Cahandar ağanı xatırladır.
Hər iki obraz üçün namus məsələsi öndə gəlir. Cahandar ağa namusunu yumaq üçün bacısını öldürür,
lakin başqasının arvadını qaçırmaqla mövcud cəmiyyətin əxlaqi dəyərinə çevrilmiş namus anlayışını
kölgələmiş olur. Mahmud bəy də sələfi Cahandar ağa bir növ davamçısı kimi çıxış edir. Yazıçı bu
hissəni elə qələmə almışdır ki, oxucu hadisələri izləyərkən Mahmud bəy haqqında yüksək düşüncədə
olur. Lakin əsərin sonunda hadisələr açılanda bunun heç də belə olmadığı, özünün və bütöv bir nəslin
lənətinə səbəb olacaq, kişilik adına yaraşmayan bir addım atdığı müəyyənləşir.
Əsərdə namus, din, dövlətçilik, Qarabağ məsələsi və s. problemlər ya qəhrəmanların dili ilə, ya da
birbaşa müəllif təhkiyəsində verilmişdir. Məlum olduğu kimi Çar hökuməti din məsələsində xalqı
sıxma-boğmaya salmışdı. Mahmud bəyin Təbrizdə olarkən məscidlərin çoxluğuna, qadınların çadralı
olmasına təəccüb etməsi mövcud hakimiyyətin dinə qarşı apardığı mübarizənin nəticəsi idi. Çünki o
dövrdə ölkədə ibadət yerləri demək olar ki, qalmamışdı. Müəllif tanrıya inamın azalmasına səbəb kimi
vəba xəstəliyinin yayılmasını göstərirdi. Əslində isə vəba xəstəliyi elə Çar hökümətinin özü idi.
Dövlətçilik, xüsusən də, Qarabağ məsələsi ilə bağlı verilən "Bunlar da milçək şirəyə daraşan
kimi, Azərbaycana daraşıblar. Onlar Qarabağ problemini yox, öz məsələlərini həll etməyə gəlirlər.
Kisəçilərin uşaqları ilə bacarmayanlar çətin ki, erməni Sərkislə bacarsınlar" - atmacası günümüzün
reallığını aydın şəkildə əks etdirir. Məhkəmədə Hermofrodit professorun vasitəsilə məqalədəki
mətləbləri açan müəllif Azərbaycanın ikiyə parçalanmasının, Azərbaycan Xalq Cümhuriyyətinin
yıxılmasının, Qarabağ hadisələrinin və s. baş verməsinin səbəbini xalqın unutqanlığında görür.
Qaçqınlara göstərilən humanitar köməyi yaddaşı pozan yardım adlandırır. Onların yeni evlərə
köçürülməsinə qarşı çıxan müəllif bunun keçmişdə baş verənlərin unudulması ilə nəticələnəcəyini
düşünür.
Əsərdə demokratiya məsələsini vurğulayan müəllif hər şeydə olduğu kimi bu məfhumun da
özümüzəməxsusluğunu çox ironik şəkildə əks etdirmişdir. Demokratiya söz, vicdan, insan azadlığını
təmin edən bir quruluş formasıdır. Lakin bizdə bunların hamısını boğmaqla şərtlənir demokratiyamız.
Yazdığı məqalənin məhkəməlik olması, Kisəçilər kimi qanundan uzaq, öz qaydaları ilə yaşayanlara
dövlətin
gücünün
çatmaması
demokratiyamızın
özümüzəməxsusluğundan
irəli
gələn
keyfiyyətlərdəndir.
Romanda şərti - metaforizmin ünsürləri və çalarları qabarıq hiss olunur. Babasının yaddaşına
qayıtmaqda nəvəyə kömək edən pul kisəsi, Kisəçilər məhləsi, bu məhlədəki qaranlıq daxma, nəvənin
gözünə görünən at, baxıcı, nəvənin öldüyü halda onun üçün oxunan azan səsini eşitməsi və s. nüanslar
şərti metaforizm ünsürləri kimi maraq doğurur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1104
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Çağdaş Azərbaycan nəsrinin tanınmış imzalarından olan Elçin Hüseynbəylinin müstəqillik
dövründə qələmə alınmış "Yovşan qağayılar" romanı mövzusu, ideyası, qaldırılan problemlərin
aktuallığı ilə seçilir. Roman keçmiş və bu günlə bağlı istər siyasi, istərsə də məişət problemlərinin
qoyuluşu və həlli baxımından özünəməxsus çəkiyə malikdir. Əsərin süjet xəttinin mürəkkəbliyi mövzu
ilə bağlı yaddaş, unutqanlıq, birlik, namus, özbaşınalıq kimi məsələləri dolğun şəkildə əks etdirməyə,
milli koloriti qorumaqla keçmiş adət - ənənələrin tablosunu göz önündə canlandırmağa, keçmişə, soy -
kökə bağlılığa çağırış öz əksini tapmışdır. Romanın qəhrəmanları həm keçmiş, həm də bu günlə bağlı
hadisələrin, düyünlərin açılmasında birbaşa iştirakçıdırlar. Əsərdə hadisə və əhvalatların şərti-
metaforik üslubun qabarıqlığı ilə təsvir olnması müəllif yaradıcılığının əhatəliliyindən, ədəbiyyata
dərindən bələdliyindən irəli gələn motiv kimi şərtlənir. Romanın dilinin sadəliyi, müəllif təhkiyəsi,
hadisələrin mürəkkəbliyi və gözlənilməzliyi əsərə fərqli bir çalar verir, onu oxunaqlı edən şərtlərdən
birinə çevrilir.
H.CAVİDİN “AFƏT” FACİƏSİNDƏ OBRAZLARIN ÖZÜNÜİFŞASI
Ülviyyə SƏMƏDOVA
AMEA, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
yuliya.alimova.89@mail.ru
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatının böyük ustadı, görkəmli şair–dramaturq Hüseyn Cavidin dramaturgiyası
özünüifşa məqamları ilə zəngindir. Ümumiyyətlə, Cavid yaradıcılığından danışarkən onu da deməliyik
ki, Cavid romantik qəhrəman tiplərinin hec birini nə müsbət, nə mənfi obrazlarını ideal şəkildə nə
müsbətləşdirmiş, nə də mənfiləşdirmişdir.Hər hansı bir qəhrəmana baxsaq görərik ki, romantik bir
qəhrəmanın daxili aləmində tərəddüd var, ikilik var. Deməli, Cavidin dramları əsas etibarı ilə
xarakterlər dramıdır.
Sevilməyib-sevənlər faciəsi dünya ədəbiyyatında dəfələrlə işlənmişdir. L. Tolstoyun “Anna
Karenina”, C. Qolsoursinin “Farsaytlar haqqında əfsanə” kimi əsərlərində bu xətt geniş şəkildə təqdim
olunmuşdur. Hüseyn Cavid yaradıcılığında isə bu xətt “Afət” faciəsində ümumiləşdirilmişdir.
Afət faciəsində qoyulan ailə-məişət münasibətlərinin bəzi əlamətləri “Uçurum” faciəsində də əks
olunmuşdur. Lakin “Uçurum”da yalnız bir ailənin və ailəni dağıdan səbəblərdən biri göstərilirdisə,
“Afət”də bir neçə ailənin faciəsi və ailəni dağıdan bir neçə mühüm səbəb göstərilir. “Afət”də yüksək
əxlaq normalarını tapdalayan, qadın-ana hüququnu ayaqlayan, qadına sadəcə bir əyləncə vasitəsi kimi
baxan pozğun ərlərin və eyni əxlaqa malik subay gənclərin çirkin hərəkətləri, kübar ailələrə mənsub
ata-anaların öz oğul və qızlarının tərbiyəsinə laqeyd qalmaları,öz mənliklərini qiymətləndirməyən,
gözəlliklərinə güvənib ara-namusa arxa çevirən kübar qadınların məsuliyyətsizliyi, nəhayət ailə-
məişətdə ən böyük bəlalardan biri olan əyyaslıq kimi səbəblər bir neçə ailəni bədbəxt edir.
Başqa bir şəhərə köçən ailə burada çirkin bir mühitə düşür. Gənc və gözəl Afət özünün ailə
həyatından narazıdır. Ərinin ailəyə laqeydliyi, üstəlik də sərxoşluğu Afəti usandırıb. Ailədəki bu
münasibəti bilən və Afətin gözəlliyinə vurulan doktor Qaratay vəziyyətdən istifadə etmək istəyir.
Qaratayın həqiqi aşiq maskası ilə araya girməsi onsuzda bünövrəsi çürük olan bu ailənin dağılması
üçün ilk qüvvətli təkan olur. Afət onsuzda sevmədiyi əyyaş ərini Qaratayın şirin sevgi vədlərinə
aldanaraq zəhərləyir.
Afətin səhvi onda olur ki, o, xoşbəxtliyə aparan yolda Özdəmiri maneə hesab edir və
onuöldürməklə əzablı bir ömrə son qoyacağına ümid edir. Lakin az keçməmiş, o, əməlindən peşman
olur.
Mənən tənha, həyatı mənəvi əzablarla dolu qadınların ümumiləşdirilmiş obrazı olan Afət
bütün əsər boyu əhatə olunduğu mühitlə qarşı-qarşıya qoyulmuş, bu qarşıdurma ilə də müəllif
cəmiyyətin mənəvi həyatının bədii əksini verə bilmişdir. «Afət» əsərində biz qadın hüququnu
tapdayan cəmiyyətin ifşasını, insan hisslərinə hörmət qoymayan bu mühitdə qadınların faciəsinin
ürəkağrıdan mənzərəsini görürük.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1105
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Afətin faciəsini dərinləşdirən amillərdən biri onun təbiəti ilə əhatə olunduğu mühit arasındakı
ziddiyyətlərdir. Afətin şəxsi arzuları, romantik xəyalları, sevib-sevilmək istəyi obyektiv gerçəkliyin
onun hisslərinə zidd olan «qanunları» ilə üz-üzə gəlir ki, dramatik münaqişənin əsasında da elə bu
toqquşma dayanır. Afətə xoşbəxt olmaq üçün hər şey verilmişdir: gözəllik, vicdan, sevgi duyumu və
bütün bunlardan yüksəkdə dura biləcək bir məziyyət–özgə bir şəxsin övladına doğma ana qayğısı
göstərmək bacarığı. Lakin o, xoşbəxt ola bilmədi. Çünki onun mənsub olduğu cəmiyyətdə əksər
insanlar həmin hisslərdən uzaq idi. Deməli, Afət öz hissləri, dünyagörüşü etibarilə bu aləmdə tək idi.
H.Cavidin fikrincə, qadının incə hisslərini təhqir edən adamın, qadına hörməti olmayan ailənin,
qadını alçaldan cəmiyyətin heç bir yüksək keyfiyyətindən danışmaq olmaz. Qadına heç bir hörmət
qoymayan ailə, cəmiyyət də gec-tez məhvə məhkumdur.
Afətin düçar olduğu müsibətlərdə, onun sevən şəxs ucalığından bir qatilin mənəvi səviyyəsinə
enməsində əsas günahkar bir tərəfdən mühit idisə, digər tərəfdən özünün hissə qapılması, sonunu
düşünmədən hisslərini təlqin etdiyi fikri tələsik icra etməsi idi.
Əsərdə diqqət doğuran, ən maraqlı və mürəkkəb obrazlardan biri də Özdəmirdir. Özdəmirin
xarakterində qabarıq nəzərə çarpan xüsusiyyətlərdən biri onun iradəsizliyi, müdafiə və mübarizə
qabiliyyətinə malik olmamasıdır. Özdəmir təbiətən elə təsvir edilir, lakin bu obraz mənfi planda
işlənsə də, oxucu bütün əsər boyu onu Xandəmirlə eyni mənəvi səviyyədə qəbul edə bilmir..
«Afət (bir qədəh şərab gətirir). Buyurun, əfəndim!
Özdəmir (qalxıb qədəhi alır.) Nasıl! Əfəndim?.. (Qəhqəhə.) Halbuki mən sənin ən aciz
qullarından, ən dəyərsiz kölələrindən biriyəm.»
Bu sözlər istehza, yaxud rişxənd deyil. Özdəmirin özünü Afət qarşısında dəyərsizləşdirmək cəhdi
ilə söylədiyi bu ifadə artıq əyyaşlıq, mənəvi səfillik, bir tərəfdən qısqanclıq, bir tərəfdən də etinasızlıq
hissləri ilə boğulan, məhvə məhkum olan sevginin son şölələrindən xəbər verir. Məhz bu zaman oxucu
dərk edir ki, Özdəmirin qəlbində qeyri-insani hisslərə qalib gəlməyə gücü çatmayan, zəif, çox zəif bir
sevgi hissi, məhəbbət duyğusu var. O, bütün varlığı ilə sevə bilmir. Özdəmir sərxoş və əyyaş olduğu
qədər, qadınlara qarşı da hörmətsizdir.Onun qadınlar haqqındakı fikri necə bir xarakterə malik
olduğunu göstərir. O, qadın hüquqlarını tapdalayanlardan biridir:
«Özdəmir (təkrar laubali qəhqəhələrlə ). Əvət düşünüyorum qadın pek körpə ikən taze bir çiçək
,sonra füsunkar bir mələkdir.Yalnız bəziləri, əvət, əvət bəziləri isə çamurlarda gəzən bir ördək, azğın
ve hercai bir ördəkdir.»
Qaratay surəti isə saxta şöhrət və məhəbbət ardınca qaçan, həyatını yalan üzərində quran şəxs
obrazıdır. Onu hər hansı bir şeyin çirkin və ya təmiz olması yox, məqsədlərinə xidmət edəcəyi və
etməyəcəyi düşündürür. Onun üçün hər nə məqsədinə xidmət edirsə, qarşısında yol açırsa, o da təmiz
və qiymətlidir. Çirkin bir mühitdə sevilərək necə bir yüksək məqama yetirildiyini Qaratay başa düşə
bilmir. Bu anlaya bilməmək faciəsi ilə mənəvi məhvə düçar olan Qaratayın şərəfsiz əməlləri, nəhayət,
onu cismani məhvə aparır.Qaratay həm də ikiüzlüdür. O, bir tərəfdən Xandəmiri lağa qoyub onu cahil
bilgic adalndırırsa, digər tərəfdən ona yaltaqlanaraq qızı Altunsaçı ələ keçirmək istəyir. O, məqsədinə
çatmaq üçün hər şey etmək iqtidarında olan insandır. Qaratay da cinayəti düşünür,lakin əgər Afətdə
biz tutduğu əməldən peşmanlıq hissi duyuruqsa, onda buna qəti rast gəlmirik.
«Doktor : İştə o bənim vəzifəm ...(ətrafa).Özdəmiri zəhərlətdiyim gibi,Ərtoğrula da bir çarə düs-
ünürüm.»
Əsərdə tənqid və özünü ifşa cəhətdən diqqət çəkən obrazlardan biri də Xandəmirdir. Hamının müsyo
fırıldaq kimi tanıdığı Xandəmir maarif müdiridir, lakin onun savadı gətirdiyi sitatlardan bəlli olur:
«Xandəmir: İştə amerika şairlərindən məşhur Lev Tolstoy diyor ki, məhbbət bir bəla şeydir ki,
giriftar olmayan bilməz(hər kəsdə qəhqəhə)»
Və yaxud:
«Xandəmir fars tarixşünaslarından Əbu Əli İbn Sina diyor ki, bən hər dərdə ilac buldum da yalnız
eşqə, məhəbbətə çarə bulamadım.»
Maarif mudirinin hansi şəkildə bu vəzifəyə qalxdığı göstərilməsə də, biz artıq buna ehtiyac
duymuruq,hər şey göz qabağındadır.
Bir romantik kimi H.Cavid burada insanın mənəvi dünyasını, cəmiyyətin mənəvi həyatını qabarıq
şəkildə əks etdirərək, insan övladının ağır fəlakətlərini doğuran səbəblərin bir qisminin xarici mühitdə
deyil, onun öz içindən baş qaldırdığını göstərir. Sadə həyat səhnələri ilə zəngin olan «Afət» əsəri təkcə
Azərbaycan ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının əvəzsiz inciləri sırasına daxil olmağa
layiq bir əsərdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1106
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
HEYDƏR ƏLİYEV FENOMENİ ÇİNGİZ AYTMATOV BAXIŞINDA
Mehman HƏSƏNOV
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
mehman.hesen@gmail.com
AZƏRBAYCAN
Azərbaycanın görkəmli dövlət xadimi, XX əsrin ikinci yarısında zəkasına, idarərçilik və rəhbərlik
bacarığına görə dünyanın güclü liderlərindən biri olmuş Heydər Əliyev geniş coğrafiyanı əhatə edən
türk dünyasının birliyinin müasir dövrün prinisiplərinə uyğun olaraq qurulmasında, qarşılıqlı
əlaqələrin, əməkdaşlığın inkişafında müstəsna xidmətlərlər göstərmişdir. Adətən deyirlər ki, tarix
şəxsiyyəti yaradır amma böyük şəxsiyyətlər də öz əməlləri ilə tarix yazır, onu istiqamətləndirirlər.
Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq
aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxmasında və ümumtürk həmrəyliyinin təmin
olunmasında böyük rol oynamışdır. Onun adını digər türk toplumlarında hörmətlə anırlar. Dünyanın
ən tanınmış yazıçılarında biri olan Çingiz Aytmatov Heydər Əliyev haqqında bəhs edərkən yazır:
“Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni
tarixinin bugünkü qurucularındandır”.
XX əsrin ikinci yarısında türk xalqlarının dünya miqyasında özünü təqdimatında Heydər Əliyev
və Çingiz Aytmatov fenomenləri ön sırada durur. Heç şübhəsizdir ki, böyük qırğız yazıçısı Çingiz
Aytmatovun dünya ədəbiyyatında, Heydər Əliyev isə dünya siyasətində əlçatmaz zirvəni fəth etmişlər.
Eyni zamanda iki dahi şəxsiyyətin qarşılıqlı münasibətləri, eyni tarixi kökə malik və geniş coğrafiyada
məskunlaşmış türk xalqlarının birliyini təcəssüm etdirən mükəmməl örnəkdir.
Ümumiyyətlə rus-slavyan kimliyi əsasında idarə olunan sovet dövlətində 50-ci illədən etibarən
Heydər Əliyev kimi türk və müsəlman dövlət xadiminin meydana çıxması təkcə azərbaycanlıların
deyil, ümumilikdə imperiyanın tərkibindəki türk və müsəlman nüfuzunun taleyində mühüm rol oy-
namışdır. Məhz Heydər Əliyevin SSRİ-nin rəhbərliyində çalışması türk və müsəlman xalqlarına qarşı
yönələn bir sıra qərəzli qərarların qəbul və icra olunmasının qarşısının alınması ilə nəticələnmişdir.
Təsadüfi deyil ki, ötən əsrin 80-ci illərində Heydər Əliyevin SSRİ rəhbərliyinə namizədliyi irəli
sürülərkən rəhbərlikdə təmsil olunan bir sıra şəxslərin məhz Ümummili liderin etnik kimliyini nəzərə
alaraq onu bu vəzifəyə seçilməməsi üçün mübarizə aparmışdılar. Onlar üçün SSRİ-nin dağılması, onu
türk və müsəlman dünyasında doğulan və yüksək liderlik bacarığına sahib Heydər Əliyevə həvalə
etməkdən daha məqsədəuyğun idi. Belə olan halda onlar iki əsrdir ki, müstəmləkə kimi idarə etdikləri
türk və müsəlman xalqlarının öz üzərilərində hakimliyini qəbul etməli idilər. Onlar ikinci yolu seçdilər
və imperiya dağıldı. Hətta o dövrdə bu qərarı qəbul edənlərin bir çoxu sonradan etiraf etdilər ki, əgər
Heydər Əliyev ittifaqın rəhbərliyinə seçilsəydi onun dağılması ən azı 20 il ləngiyəcəkdi.
Böyük qırğız yazıçısı Çingiz Aytmatov hələ sovet dövründə Heydər Əliyevlə dəfələrlə görüşmüş
və onun böyüklüyünün, dahliyinin fərqində olmuşdur. Çingiz Aytmatov Heydər Əliyevi əfsanəvi lider
adlandıraraq onu həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının, türk
xalqlarının maraqlarını dünya səviyyəsində qoruyan lider adlandırmışdır. “Heydər Əliyev, həqiqətən
də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bu günkü MDB məkanında,
xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində
olmuşdur”.
Müstəqillik illərində də Çingiz Aytmatovun görkəmli dövlət xadimi Heydər Əliyevə idarəçili-
yinə, müstəqil Azərbaycanın qurulması və dünyada öz sözünü deməsində rolunu xüsusi vurğulamışdır.
“Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni
tarixinin bugünkü qurucularındandır”.
Yazıçı Hüseynbala Mirələmovun rus yazıçısı Viktor Andrainovla birlikdə qələmə aldığı
“Görkəmli adamları həyatı” seriyasından “Heydər Əliyev” kitabını Brüsseldə diqqətlə və böyük
iftixarla oxuyan Çingiz Aytmatov ordan Hüseynbala Mirələmova yazdığı məktubunda hamının
qəlbində əbədi abidə ucaldan Heydər Əliyev haqqında yazılmış bu kitabı şərəf işi saymış və hər iki
müəllifə təşəkkürünü bildirmişdir. O, Əli Mahmudla müsahibəsini məhz “Heydər Əliyev” kitabı ilə
başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1107
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Atatürklə müqayisə etmiş və türk analarının dünyaya gətirdiyi bu iki dahinin bütün türk dünyasının
iftixar mənbəyi olduğunu vurğulamışdır. “Biz dünyanın özü qədər yaşı olan nəhəng, rişələri
gündoğandan günbatanadək torpağın dərin qatlarına işləmiş Türk ağacının Anadolu, Azərbaycan
türkləri, qazax, özbək, qırğız, türkmən, qaraqalpak, uyğur, qaqauz və başqa adda olan qolları,
budaqlarıyıq. Tarixin min illər o üzündən xəbər verən “Manas”, “Dədə Qorqud”, “Koroğlu” birgə
öyündüyümüz mənəvi sərvətlərimizdir. Müasir dünyamızın iki nəhəng siması – Atatürk və Heydər
Əliyev türk analarının dünyaya gətirdiyi dahilərdir, iftixar, qürur yerimizdir”.
Çingiz Aytmatovun 75 yaşı tamam olan gündə, 2003-cü ilin dekabrın 12-də Ümummilli lider
Heydər Əliyev cismani olsa da dünyanı tərk etdi. Ədəbiyyat dahisinin doğum günündə siyasət dahisi
dünyasını dəyişdi və bu gün bir növ məhz buna görə türk xalqlarının taleyində ortaq mahiyyət kəsb
edir. Əsas yaradıcı fəaliyyətləri XX əsrin ikinci yarısına təsadüf edən görkəmli dövlət xadimi Heydər
Əliyev siyasi arenada və böyük yazıçı Çingiz Aytmatov ədəbiyyat sahəsində dünya tarixində sözün əsl
mənasında nümunəyə çevrilməyə bacardılar. Bu iki şəxsiyyətin tarixi fəaliyyəti türk dünyasının
gələcək əməkdaşlığı və birliyi üçün nümunəyə çevrildi. Heydər Əliyevin siyasi arenada türk dünyası
üçün gördüyü işləri ədəbiyyat sahəsində heç şübhəsiz ki, Çingiz Aytmatov yazdığı roman, hekayə və
povestləri ilə etməyi bacardı. Hər iki şəxsiyyətin bir-birinə göstərdiyi yüksək ehtiram və diqqət, türk
dünyasının gələcək birliyinin möhkəm təməllər üzərində yüksələcəyini bir daha sübut etdi.
Dostları ilə paylaş: |