4. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas
istiqamətləri
Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət
vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində
təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına,
habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli
təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili
təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat
çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini
nəzərə alır.
4.1. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi
4.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən
istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan
394
Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.
Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri və Avropa
dəyərlərinə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq
prinsip və ideyalarına ziddir.
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar
Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın
əldə olunması ilə məhdudlaşmır və bu razılaşmaya nail olduqdan sonra
iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar
olmasına yönələcəkdir.
Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir
hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin
ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının
tərəfdarı olmaqda davam edir. Münaqişənin nizamlanmasının hüquqi və
siyasi əsasları Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı
qətnamələrinə, həmçinin ATƏT-in, Avropa Şurasının müvafiq sənəd və
qərarlarında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə
söykənir. Bu sənədlər Azərbaycan Respublikasının suverenliyini, ərazi
bütövlüyünü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını bir
daha təsdiq etmişdir.
Münaqişə Azərbaycan Respublikasının işğal olunmuş bütün
ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə
Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi,
məcburi surətdə çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına
qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni
icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının
tərkibində yüksək səviyyəli özünüidarəetməni təmin edən hüquqi
statusun qanuni və demokratik proses çərçivəsində işlənib hazırlanması,
ölkənin ümumi iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu
bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün
şəraitin yaradılması əsasında həll olunmalıdır.
Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş
ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və
həmin ərazilərdə qanunsuz fəaliyyətlə bağlı məsələləri daim diqqət
mərkəzində saxlayır. Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış
bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
tarixi və mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış
məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması və
buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud
395
siyasi və hüquqi vasitələrdən istifadə edərək bundan sonra da lazımi
tədbirlər görəcəkdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni
məskunlaşdırma və təbii sərvətlərin istismarı və ənimsənilməsi bu
baxımdan xüsusi diqqət mərkəzində saxlanılacaqdır.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və
vətəndaş cəmiyyətinin beynəlxalq səviyyədə və ölkə daxilində
fəaliyyətlərinin və səylərinin uzlaşdırılması, Azərbaycan Respublikasına
qarşı təcavüz və ərazisinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara
qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin
təqibi, "erməni problemi"nin hərtərəfli, dərindən tədqiqi, həqiqətlərin
üzə çıxarılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması,
münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini
məqsədilə kompleks işlərin görülməsi və sair istiqamətlərdə ardıcıl
tədbirlər həyata keçirilməlidir.
4.1.2. Avropa və Avratlantik strukturlara inteqrasiya
Azərbaycan Respublikası Avropa və Avratlantik siyasi, təhlükəsizlik,
iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür.
Azərbaycan Respublikası Avratlantik strukturla ilə tərəfdaşlığı
bütövlükdə Avratlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa
və demokratiyaya dəstək verəcək vasitə kimi görür.
Azərbaycan Respublikası Avropa və Avratlantik məkanda qeyri-
sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO
ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi
və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid
təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
Azərbaycan Respublikası Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun
"Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində NATO ilə mümkün
olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir.
Bu baxımdan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı NATO ilə
əməkdaşlığın yaxın və orta perspektivdə daha da gücləndirilməsi
yolunda mühüm bir vasitədir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planından Azərbaycan Respublikasının təhlükəsizlik sektorunun
islahatlar yolu ilə NATO standartlarına yaxınlaşdırılması və siyasi
dialoqun inkişaf etdirilməsi üçün bir mexanizm kimi bundan sonra da
istifadə olunacaqdır. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi
mövqeyindən çıxış edən Azərbaycan Respublikası Avropa İttifaqı ilə
çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının
Avropa İttifaqı ilə münasibətləri "MDB Ölkələrinə Texniki Dəstək"
(TACİS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) və
396
digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası
ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək,
eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə
yaradır.
Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni
Qonşuluq Siyasəti"nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı
ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata
keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar
sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni
mərhələyə keçid üçün zəmin yaradır.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə
imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma
Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələr
və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan
Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi,
enerji resurslarından səmərəli istifadə olunması və tükənməz enerji
mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından
əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa
dəyərlərinin yayılmasına kömək edəcəkdir.
4.1.3. Beynəlxalq təhlükəsizliyə töhfə
Azərbaycan Respublikası beynəlxalq sülhün və sabitliyin qorunub
saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak etməklə, beynəlxalq və
regional təhlükəsizliyə töhfə vermək üçün davamlı səylər göstərir.
2001-ci il 11 sentyabr hücumlarından sonra terrorçuluqla mübarizə
beynəlxalq gündəliyin ən vacib məsələlərindən birinə çevrilmişdir.
Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam
dəstəkləyən Azərbaycan Respublikası istənilən pərdə altında həyata
keçirilən terror fəaliyyəti əleyhinə bir sıra mühüm addımlar atmışdır.
Azərbaycan Respublikası beynəlxalq terrorçu təşkilatlara qarşı
mübarizəni dəstəkləmək məqsədilə öz hava məkanını və hava
limanlarını açıq elan etmişdir. Azərbaycan Respublikası, həmçinin
qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədi ilə
qəbul edilmiş bütün konvensiyaların iştirakçısıdır.
Azərbaycan Respublikası
ən həssas bölgələrdə
vəziyyətin
sabitləşməsinə çalışır. Azərbaycan sülhməramlıları Serbiyanın Kosovo
əyalətində və Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən
397
sülhməramlı əməliyyatlarda, İraqda beynəlxalq koalisiyanın tərkibində
təhlükəsizliyin təmin olunmasında iştirak edirlər.
Azərbaycan Respublikası silahlara nəzarət və onların yayılmaması
sahəsində müvafiq beynəlxalq müqavilələrin iştirakçısı kimi, beynəlxalq
təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri tam dəstəkləyir.
Beynəlxalq silahların yayılmaması rejiminin zəifləməsindən ciddi
narahat olan Azərbaycan Respublikası adekvat nəzarətin tətbiqi üçün
beynəlxalq ictimaiyyət və müvafiq təşkilatlarla əməkdaşlığını davam
etdirəcəkdir. Azərbaycan Respublikası onun Ermənistan tərəfindən işğal
edilmiş
ərazilərində silahlara nəzarət mexanizminin tətbiq
olunmamasından narahatdır. Beynəlxalq nəzarətdən kənarda qalan bu
ərazilərdə çoxlu silah və sursatın olması regional sülhə ciddi təhdidlər
yaradır.
4.1.4. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
Azərbaycan Respublikasının beynəlxalq təşkilatların işində fəal iştirak
etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət
kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional
beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə
getdikcə daha çox rol oynayırlar. Belə ki, beynəlxalq təşkilatlar
təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına
yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının
qlobal siyasətdə müdafiəsinə imkanlar yaradırlar. Eyni zamanda,
beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının üzləşdiyi
təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb etmək
üçün əlverişli forum rolunu oynayırlar. Bu baxımdan, universal və
regional beynəlxalq təşkilatların mövcudluğu, inkişafı və müasir
dünyada baş verən dəyişikliklərə uyğunlaşması Azərbaycan
Respublikası üçün əhəmiyyətlidir.Azərbaycan Respublikası 1992-ci
ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin
bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub
saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir.
Azərbaycan Respublikasının BMT-yə göstərdiyi maraq Ermənistan-
Azərbaycan münaqişəsinin həlli ilə məhdudlaşmır. Azərbaycan
Respublikası BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və
sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT
ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası beynəlxalq
ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı
mübarizəsinə töhfə verməkdədir.
398
Azərbaycan Respublikası XXI əsrin problem və təhdidlərinə səmərəli
cavab vermək üçün BMT-nin iş qabiliyyətinin artırılması məqsədi ilə, o
cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul
edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində
islahatların aparılmasını dəstəkləyir.
Azərbaycan Respublikasının 1992-ci ildən üzvü olduğu ATƏT Avropa
qitəsinin bütün dövlətlərini əhatə edən və onlar arasında münasibətlərin
və ümumi təhlükəsizliyin norma və prinsiplərini təsbit edən yeganə
regional təşkilatdır. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədləri
regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün prinsipial siyasi
əsasdır.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol
baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici
siyasətində xüsusi yer tutur. Bununla yanaşı, Azərbaycan Respublikası
digər sahələrdə də ATƏT-lə əməkdaşlıq edir.
Azərbaycan Respublikası ATƏT-in yeni siyasi mühitdə oynadığı
mühüm rolu nəzərə alaraq, təşkilatın səmərəliliyinin, xüsusən də onun
prinsiplərinə riayət edilməsi istiqamətində bütün təşkilat üzvlərinin
xoşməramlı niyyəti və fəal iştirakı şəraitində müvafiq islahatların
aparılması yolu ilə onun rolunun artırılmasında maraqlıdır.
Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı Avropa
xalqları ailəsinə inteqrasiyanı və Avropa standart və dəyərlərindən
bəhrələnməni özündə ehtiva edir. Azərbaycan Respublikası 2001-ci
ildən üzvü olduğu Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində öz milli
qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması
istiqamətində tədbirlər görür. Ölkəmiz təşkilatın fundamental
sənədlərindən olan "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi
haqqında" Avropa Konvensiyasını və onun müvafiq protokollarını
2001-ci il yanvarın 25-də imzalamış, 2001-ci il dekabrın 25-də isə
ratifikasiya etmişdir.
İslam dünyasının tərkib hissəsi olan Azərbaycan Respublikası İslam
Konfransı Təşkilatı (İKT) çərçivəsində fəaliyyətinə xüsusi diqqət yetirir.
1991-ci ildə İKT-yə üzv olduqdan sonra Azərbaycan Respublikası bu
təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmişdir. İKT Ermənistanı
təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-
nin ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bu məsələyə dair aydın və
ədalətli mövqeyi Azərbaycan Respublikasının həmin təşkilatla
münasibətlərinin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin
yaratmışdır. Sivilizasiyalararası körpü rolunu oynayan Azərbaycan
399
Respublikası Qərb və Şərq mədəniyyətlərindən bəhrələnməklə dövlətlər
və xalqlar arasında dialoqa töhfə verməyə davam edəcəkdir.
Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi (MDB)
çərçivəsində əməkdaşlıq münasibətlərinin saxlanılmasında, MDB
ölkələri ilə ikitərəfli əsaslarda iqtisadi, siyasi, hüquqi və humanitar
sahələrdə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın üzv olduğu
"Demokratiya və İqtisadi İnkişaf Naminə - GUAM" 1997-ci ildə
yaradılmış, 2006-cı ildə isə beynəlxalq regional təşkilata çevrilmişdir.
GUAM demokratiya, inkişaf və təhlükəsizlik sahələrində ümumi
maraqlar əsasında tərəfdaş dövlətləri birləşdirir. Azərbaycan
Respublikası GUAM-ın üzvü olan dövlətlər üçün əhəmiyyət kəsb edən
məsələlərdə, əsasən, ərazilərində mövcud münaqişələrin həll edilməsi
və təcavüzkar separatizmlə mübarizə istiqamətində onların səylərinin
birləşdirilməsi və vahid mövqedən çıxış edilməsinə xüsusi önəm verir.
GUAM üzvlərinin yerləşdiyi coğrafi məkan onların müasir geosiyasi və
geoiqtisadi mövqeyi, xüsusilə, enerji məsələləri və nəqliyyat dəhlizləri
baxımından Avrasiya regionunda mühüm əhəmiyyət kəsb edir. GUAM-
ın demokratiya və iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi
üzv ölkələrin inkişafına və beynəlxalq məkandakı roluna müsbət təsir
göstərəcəkdir.
Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən biri də
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ilə əməkdaşlığıdır.
1992-ci ildə Qara dəniz İqtisadi Əməkdaşlığı formatı kimi yaranan və
1998-ci ildə beynəlxalq regional təşkilata çevrilən QİƏT Qara dəniz,
Xəzər dənizi və Aralıq dənizini əhatə edən regional və subregional
səviyyədə inteqrasiya proseslərinə və iqtisadi əməkdaşlığa yardım
məqsədi daşıyır.
4.1.5. Regional əməkdaşlıq və ikitərəfli münasibətlər
Çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan
Respublikası bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət,
sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost
münasibətlərin qurulmasında maraqlıdır və buna nail olmaq üçün səy
göstərir. Azərbaycan Respublikası dünyanın əksər ölkələri ilə belə
münasibətlər qurmuşdur və onları inkişaf etdirməkdədir.
Azərbaycan Respublikası əməkdaşlıq etdiyi dövlətlərlə regional və
beynəlxalq problemləri həll etmək istiqamətində birgə fəaliyyət göstərir.
Regional təhlükəsizlik, terrorçuluqla mübarizə, kütləvi qırğın
400
silahlarının yayılmaması və enerji təhlükəsizliyinin təmin olunması
prioritet sahələr sırasındadır.
Regionda sülh və sabitliyə nail olmaq üçün Azərbaycan Respublikası
bir sıra addımların atılmasını vacib hesab edir. İlk növbədə, region
kütləvi qırğın silahlarından azad məkan olmalıdır. Nüvə silahının
yayılmaması sahəsində mövcud beynəlxalq hüquq normalarına uyğun
regional münasibətlərin inkişafı həm regional, həm də beynəlxalq
səviyyədə sabitliyin bərqərar edilməsi və möhkəmlənməsi üçün zəruri
şərtlərdəndir. Regionda xarici hərbi qüvvələrin olmaması regional
təhlükəsizliyə töhfə verərdi. Regional təhlükəsizlik region ölkələrinin
bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması, militarist və
təcavüzkar siyasətdən çəkinməsi vasitəsi ilə yaradılmalıdır.
Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və milli qanunvericiliyinə uyğun olaraq, eləcə
də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə
yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının təmin
edilməsinə və onların milli özünəməxsusluğunun və dəyərlərinin
qorunub saxlanılmasına kömək göstərməkdə davam edəcəkdir.
4.1.5.1. Region ölkələri ilə əməkdaşlıq
Azərbaycan Respublikası qonşu ölkələrlə hərtərəfli tərəfdaşlıq
əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Bu ölkələrlə
münasibətlərdə Azərbaycan Respublikası əsas problemlərin qarşılıqlı
şəkildə və beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır. Azərbaycan
Respublikası qonşu
ölkələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məqsədi ilə
aparılan danışıqların tezliklə başa çatdırılmasında maraqlıdır.
Separatçılığın, etnik, siyasi və dini ekstremizmdən qaynaqlanan
risklərin zərərsizləşdirilməsində digər dövlətlərlə, xüsusən, Azərbaycan
Respublikası ilə qonşuluq təmaslarına malik ölkələrlə harmonik
münasibətlərin qurulması mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası regionda sülhün və sabitliyin bərqərar olması
üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir. Eyni
zamanda, Ermənistanın təcavüzkar siyasəti Cənubi Qafqazda hərtərəfli
regional əməkdaşlıq yolunda əsas maneədir. Bu siyasətdən imtina
etməyənədək Azərbaycan Respublikası Ermənistanla əməkdaşlığı
mümkün hesab etmir. Digər tərəfdən, Azərbaycan, Gürcüstan və
Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və genişlənən əməkdaşlıq
regionda sabitlik amilinə çevrilmişdir. Bu əməkdaşlıq Qara dəniz və
401
Xəzər dənizi regionlarının əhəmiyyətini artıran, Avropa və bütövlükdə,
qlobal enerji təhlükəsizliyinə töhfə verən "Bakı-Supsa", Heydər Əliyev
adına "Bakı-Tbilisi-Ceyhan" neft ixrac boru kəmərləri və Cənubi
Qafqaz qaz boru kəməri ("Bakı-Tbilisi-Ərzurum") kimi üç uğurlu enerji
infrastrukturu layihəsi ilə Avropa üçün yeni həyati və təhlükəsiz enerji
mənbəyinin əsasını qoydu. Geostrateji cəhətdən önəmli olan "Bakı-
Tbilisi-Qars dəmir yolu bağlantısı" layihəsinin həyata keçirilməsi
regional əməkdaşlığın daha da sürətləndirilməsi və genişləndirilməsi
istiqamətində mühüm bir addım olaraq, eyni zamanda, yeni qlobal
imkanlar yaradır.
Azərbaycan Respublikasının müstəqilliyini tanımış ilk dövlət olan və
regionda sülh və sabitliyin bərqərar olunmasında müstəsna rol oynayan
Türkiyə ilə bütün sahələrdə hərtərəfli münasibətlər son dərəcədə
mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-biri ilə sıx bağlı
olan ölkələrimiz arasında qarşılıqlı münasibətlər strateji əməkdaşlıq
səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan
Respublikası və Türkiyənin trans-regional iqtisadi layihələrin
gerçəkləşməsinə töhfələri, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan
münaqişəsinin həllinə yönəldilmiş səyləri iki ölkənin mövqelərinin tam
uyğunluğunu və onlar arasında əməkdaşlığın keyfiyyət səviyyəsini
nümayiş etdirir.
Azərbaycan Respublikasının Gürcüstan ilə əməkdaşlığının və
tərəfdaşlığının hərtərəfli inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb
edən məsələlərdən biridir. İki dövlətin ümumi maraqlarının
mövcudluğu, regiondakı enerji infrastrukturu və nəqliyyat layihələrinin
həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər sahələr
çərçivəsində Gürcüstan ilə sıx əməkdaşlıq edən Azərbaycan
Respublikası ikitərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da
inkişaf etdirməyə davam edəcəkdir.
Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın “emokratiya və
İqtisadi İnkişaf Naminə - GUAM" çərçivəsində mövcud tərəfdaşlığı
regional əməkdaşlığın digər bir nümunəsidir.
Ukrayna və Moldova ilə tərəfdaşlıq yalnız GUAM çərçivəsində deyil,
eyni zamanda, ikitərəfli əsaslarda siyasi, iqtisadi, humanitar və digər
sahələrdə inkişaf etdirilir.
Azərbaycan ilə Rusiya arasında mövcud olan münasibətlər regionun
sabitliyi və inkişafı üçün mühüm amildir. Azərbaycan Respublikası
Rusiya Federasiyası ilə ikitərəfli əsaslarda, eləcə də Avropa regional
təşkilatları, xüsusilə də MDB çərçıvəsində çoxtərəfli əsaslarda siyasi,
402
iqtisadi, humanitar, təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı
mübarizə və digər shələrdə strateji tərəfdaşlıq və əməkdaşlıq edir.
Azərbaycan Respublikası Xəzəryanı ölkələrlə sülh və mehriban
qonşuluq şəraitində yaşamaq və müxtəlif regional layihələrdə birgə
iştirakda maraqlıdır. Azərbaycan Respublikası Xəzəryanı ölkələr olan
Rusiya və Qazaxıstanla yaxın qonşuluq münasibətlərinə malikdir. Bu
gün Azərbaycan neftinin Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropa
bazarlarına daşınması marşrutlarından biri də Bakı-Novorossiysk boru
kəməridir. Qazaxıstanla Azərbaycan Respublikası arasında isə
Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən "Bakı-
Tbilisi-Ceyhan" sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə
dəstək verilməsi və şərait yaradılması haqqında 2006-cı ildə müqavilə
imzalanmışdır. Bu üç Xəzəryanı ölkə artıq Xəzər dənizinin dibinin
bölüşdürülməsi barədə razılığa gəlmişlər.
Azərbaycan Respublikası yaxın qonşuları İran və Türkmənistan ilə də
belə razılaşma əldə ediləcəyinə və yaxın gələcəkdə Xəzər dənizinin
statusunun müəyyən olunacağına, Xəzər dənizindən yalnız sülh
məqsədləri və sahilyanı dövlətlərin çiçəklənməsi üçün istifadə
olunacağına inanır.
Azərbaycan Respublikası qonşu İranla münasibətlərinə böyük
əhəmiyyət verir. Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə
malik iki ölkə arasında münasibətlər dövlətimizin xarici siyasətinin
vacib istiqamətlərindən biridir. Azərbaycan Respublikası İranla siyasi,
iqtisadi, mədəni və digər sahələr üzrə qarşılıqlı faydalı əlaqələrin inkişaf
etdirilməsində maraqlıdır.
4.1.5.2. Qeyri-region ölkələri ilə əməkdaşlıq
Azərbaycan Respublikası region ölkələri ilə yanaşı, digər ölkələrlə də
əməkdaşlıqda maraqlıdır. İlk növbədə, Azərbaycan Respublikası strateji
tərəfdaşı olan ABŞ ilə BMT və Avratlantik strukturlar çərçivəsində,
antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi
qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli
mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi,
korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və
təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər
səviyyəsində isə siyasi, hərbi, iqtisadi, enerji təhlükəsizliyi sahələrində,
ölkəmizdə demokratik islahatların aparılması istiqamətində əməkdaşlıq
edir.
Avropa ölkələri ilə əməkdaşlığını ikitərəfli və çoxtərəfli əsaslarda quran
Azərbaycan Respublikası Avropa iqtisadi və hüquqi məkanına
403
inteqrasiyanın dərinləşməsində, birgə regional iqtisadi layihələrin
həyata keçirilməsində maraqlıdır. Azərbaycan Respublikası xüsusilə
Baltikyanı, Şərqi və Cənub-Şərqi Avropa ölkələri ilə siyasi, iqtisadi
əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Azərbaycan
Avropada enerji mənbələrinin diversifikasiyası
və enerji
təhlukəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə bu
istiqamətdə bir sıra mühüm addımlar atmışdır.
Mərkəzi və Orta Asiya dövlətləri ilə də münasibətlər Azərbaycan
Respublikasının xarici siyasətində əhəmiyyətli yer tutur. Bu regionun
ölkələri ilə mövcud ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə
xüsusi önəm verilir.
Azərbaycan Respublikası Uzaq Şərqin və Cənub-Şərqi Asiyanın
qabaqcıl dövlətləri olan Çin, Koreya Respublikası və Yaponiya ilə
qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Bu ölkələrin Azərbaycan
Respublikasındakı iqtisadi layihələrə fəal qoşulması, "Avropa-Qafqaz-
Asiya Nəqliyyat Dəhlizi" (TRACECA) layihəsinin gerçəkləşməsi
ikitərəfli münasibətlərin zəngin potensialının inkişaf etdirilməsi üçün
əlverişli zəmin yaratmışdır. Cənub-Şərqi və Cənubi Asiyada yeni
iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycan
Respublikasının xarici siyasətinin bu istiqamətə marağının artmasına
səbəb olmuşdur.
Azərbaycan Respublikasının Yaxın Şərq dövlətləri ilə münasibətləri də
böyük potensiala malikdir və ölkəmiz bu dövlətlərlə ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirəcəkdir.
4.2. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
Azərbaycan Respublikasının müdafiə qabiliyyəti ölkənin milli
maraqlarını təmin etmək üçün əsas amillərdən biridir.
Azərbaycan Respublikasının müdafiə siyasəti milli resurslara və
mövcud təhlükəsizlik vəziyyətinə əsaslanan, demokratik nəzarət altında
olan müdafiə qabiliyyətinin inkişaf etdirilməsinə və saxlanmasına
əsaslanır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin
müdafiə qabiliyyətinin əsasını təşkil edir.
Azərbaycan Respublikasının milli müdafiə siyasətinin əsasını
aşağıdakılar təşkil edir:
* bütün ölkələrlə dinc yanaşı yaşama;
* digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların
daxili işlərinə qarışmama;
* mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi;
404
* beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi;
* hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri
müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi.
Tarixi keçmişini, təhlükəsizlik vəziyyətini, demokratik dövlət
quruculuğunun əsas vəzifələrini və ərazisinin bir hissəsinin Ermənistan
tərəfindən işğal olunması faktını nəzərə alan Azərbaycan
Respublikasının apardığı milli müdafiə siyasətinin əsas məqsədləri
aşağıdakılardan ibarətdir:
* Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin
qorunması, ərazi bütövlüyünün bərpa
edilməsi və bütün əraziləri üzərində nəzarətin təmin olunması;
* xarici hərbi təcavüzün qarşısının alınması və dəf edilməsi üçün
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə və səfərbərliyə
hazırlıq səviyyəsində saxlanılması;
* NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramının müvafiq
mexanizmlərində iştirakının davam etdirilməsi, NATO dövlətləri və
digər tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əsaslara söykənən ikitərəfli və
çoxtərəfli hərbi əməkdaşlığın həyata keçirilməsi;
* Azərbaycan Respublikasının müdafiə sahəsində öz üzərinə götürdüyü
beynəlxalq hüquq öhdəliklərinin yerinə yetirilməsi;
* müvafiq tədbirlərin həyata keçirilməsi yolu ilə beynəlxalq
təhlükəsizliyə töhfə. Azərbaycan Respublikasının müdafiə siyasəti
aşağıdakı prinsiplərə əsaslanır:
* Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə
nəzərdə tutulan başqa silahlı birləşmələrlə mərkəzləşdirilmiş rəhbərliyin
vəhdəti və bu fəaliyyətə demokratik nəzarətin təmin olunması;
* Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması
sisteminə qarşı hərbi təhdidlərin vaxtında aşkarlanması və
qiymətləndirilməsi;
* hərbi sahədə milli təhlükəsizliyin təmin olunması üçün qüvvə, vasitə
və ehtiyatların zəruri kifayətliliyi, onların müvafiq planlaşdırılması və
istifadəsi.
Hərbi sahədə milli təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədi ilə
müdafiə sahəsində dövlətin praktiki fəaliyyəti mühüm hərbi vəzifələri,
ehtimal olunan müharibə və hərbi münaqişələrin xüsusiyyət və
məqsədinin qiymətləndirilməsi, mümkün təhlükənin miqyasını, ölkənin
hərbi sahədə təhlükəsizliyinə təhdid olan hərbi və siyasi qüvvələrin və
digər amillərin yerini, silahlı qüvvələrin təşkili prinsiplərini və mümkün
405
təcavüzün qarşısını almağa hazırlıq yollarını müəyyən etməkdən
ibarətdir.
Milli müdafiə siyasətinin mühüm elementlərindən biri iqtisadiyyat və
müdafiə arasında optimal qarşılıqlı nisbətin bərqərar edilməsi və milli
müdafiə sənayesinin inkişaf etdirilməsidir. Ölkənin müdafiə
qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-
texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın hər cür inkişafı
müstəsna əhəmiyyət kəsb edir. Avratlantik məkanın təhlükəsizlik
sisteminə inteqrasiya, NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı
uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan
qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı
əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək
Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən
hesab olunur.
Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan
Respublikası Konstitusiyasının tələbidir ki, bu da bütün vasitələrlə
təmin olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının Silahlı
Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr
səlahiyyətləri daxilində öz vəzifələrini həyata keçirirlər. Dövlətin Silahlı
Qüvvələri və başqa silahlı birləşmələri Azərbaycan Respublikasının
Konstitusiyasında, qanunlarında, digər normativ hüquqi aktlarda,
beynəlxalq humanitar hüquq sahəsində tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə təsbit olunmuş hüquq və vəzifələri yerinə yetirir.
4.3. Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi
4.3.1. Demokratiyanın möhkəmləndirilməsi
Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının
qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş
cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir.
Dövlət müstəqilliyinin bərpa olunmasından sonra ərazisinin bir
hissəsinin qonşu Ermənistan tərəfindən davam edən işğalının mənfi
təsirlərinə baxmayaraq, Azərbaycan Respublikası qanunvericilik
sistemində və iqtisadi sistemdə mühüm islahatlar aparmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə və
BMT-nin insan hüquqları üzrə müqavilə-nəzarət orqanlarına müraciət
etmək hüququ təmin edilmişdir. İnsan hüquq və əsas azadlıqlarını
qorumaq üçün Ombudsman təsisatı yaradılmış, məhkəmələrin
müstəqilliyi təmin olunmuşdur. Bütün kütləvi informasiya vasitələri
406
üzərində dövlət nəzarəti və senzura ləğv edilməklə söz azadlığını
qoruyan müvafiq qanunvericilik tədbirləri görülmüşdür.
Eyni zamanda, davam edən demokratik islahatlar prosesi çərçivəsində
ölkədə seçki praktikasının bundan sonra da inkişaf etdirilməsi,
qanunların icrası mexanizmlərinin təkmilləşdirilməsi, dövlət
idarələrində və bu idarələrə işəgötürmə ilə bağlı şəffaflığın yaradılması,
yerli özünüidarə orqanlarının səlahiyyətlərinin aydın surətdə müəyyən
olunması və onların yerli problemlərin həll edilməsində rolunun
artırılması, habelə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət
təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi hökumətin
diqqət mərkəzində olan önəmli məsələlər sırasındadır.Bütün
təhlükəsizlik strukturları üzərində demokratik və mülki nəzarət, onların
fəaliyyətinin şəffaflığı, korrupsiyaya qarşı səmərəli mübarizə, ümdə
vəzifəsi xalqa xidmət olan yüksək vəzifəli şəxslərin məsuliyyətinin daha
da artırılması və onların məsul olduğu sahələr üzrə fəaliyyətləri barədə
Milli Məclis deputatlarının, kütləvi informasiya vasitələri ilə
ictimaiyyətin məlumatlandırılması kimi məsələlər üzrə hökumət ardıcıl
səylərini davam etdirəcəkdir.
Demokratik hüquqi dövlətin qanunun aliliyi, insan hüquq və əsas
azadlıqları və sosial ədalət kimi fundamental əsaslarının təmin olunması
müvafiq dövlət funksiyalarının yerinə yetirilməsi əleyhinə yönəlmiş
fəaliyyətlərə qarşı mübarizəyə və milli maraqların həyata keçirilməsinə
əhəmiyyətli dəstək verəcəkdir.
4.3.2. Milli və dini tolerantlıq mühitinin qorunması
Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh
şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti
cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini
tolerantlıq mühitinin qoruması və inkişafını, bütün vətəndaşların qanun
qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və
azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst
istifadə imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə
çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının mühüm
şərtləri qismində nəzərdən keçirir. Hazırkı mərhələdə ölkədə bərqərar
edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət
qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Azərbaycan
dövlətinin milli siyasət kursu Konstitusiyanın əsas prinsiplərindən birinə
əsaslanır: Azərbaycan Respublikası bütün ölkə vətəndaşlarının ümumi
və bölünməz vətənidir.
4.3.3. Elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması
407
Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasəti
Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin
mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və
elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına,
mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlmişdir.
Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması
meyillərindən kənarda qalmamaq şərti ilə, milli mədəniyyətin
özünəməxsusluğunu qoruyur və eyni zamanda, dünyanın mədəni
nailiyyətlərindən milli mədəniyyətin tərəqqisində istifadə üçün imkanlar
yaradır. Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə uyğun
olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını təmin edir.
Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil almış və təlim
keçmiş peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini
təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və
təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni
texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq
əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir.
Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair
dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir.
4.3.4. İqtisadi və sosial inkişaf
Ölkənin iqtisadi inkişafının davamlı olması hökumətin iqtisadi
siyasətinin təməl prinsipidir. Bu həm iqtisadi, həm də sosial ölçülərin
bərabər səviyyədə nəzərə alınmasını tələb edən kompleks bir məsələdir.
Ona görə də Azərbaycan Respublikası bu istiqamətlərin hər biri üzrə
sinxron və əlaqələndirilmiş proqram həyata keçirmək niyyətindədir.
Azərbaycan Respublikasında inflyasiya tempinin məqbul səviyyədə
saxlanılması və valyuta bazarında sabit və proqnozlaşdırıla bilən
vəziyyət təmin edilmiş, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə
artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları həyata
keçirilmiş, müəssisələrin böyük qismi öz fəaliyyətlərini bazar
iqtisadiyyatının tələblərinə uyğun olaraq səmərəli təşkil edə bilmişdir.
Sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində
yarana biləcək iqtisadi qeyrisabitlik təhdidinin qarşısının alınması
məqsədilə iqtisadi siyasət iqtisadi çoxşaxəliliyin təşviqinə
yönəldilməlidir.
Sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində
nailiyyətlər əldə edilmişdir. Artım tempi əhalinin rifah səviyyəsinin
artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji
408
müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri
sayəsində təmin edilməlidir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin
əldə edilməsi həm də islahatların aparılmasına, özəlləşdirmə zamanı
şəffaflığın təmin edilməsinə, iqtisadiyyatın müasirləşməsinə, sosial
dəyişikliklərin keçirilməsinə kompleks yanaşmanın davam etdirilməsini
tələb edir.
Həyata keçirilən regional iqtisadi siyasətin əsas məqsədi ölkəmizin
bütün bölgələrinin mövcud potensialından səmərəli istifadə etməklə
qeyri-neft sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin
daha da genişləndirilməsinə, ixracyönlü məhsul istehsalının
stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat
səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin,
xüsusilə, gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə
iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.
Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı
inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol
oynayır. Sərmayələrin tələb olunan həcm və keyfiyyəti, ilk növbədə,
özəl sərmayələrin dəstəyi nəticəsində təmin edilə bilər. Ona görə də
əlverişli sərmayə mühitinin yaxşılaşdırılması qarşıda duran ən əsas
vəzifələrdəndir. Bunun üçün şəxsi mülkiyyətin qorunması və korporativ
idarəetmənin təkmilləşdirilməsinə, mülkiyyət formasından asılı
olmayaraq bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin
yaradılmasına, sərmayə fəaliyyətinin normativ hüquqi bazasının daha da
təkmilləşdirilməsinə, sərmayə axınının qeyri-neft sektorunun və
regionların inkişafına yönəldilməsinin stimullaşdırılmasına diqqət
yetiriləcəkdir. Eyni zamanda, Azərbaycan şirkətlərinin xarici ölkələrdə
fəaliyyəti və beynəlxalq layihələrdə iştirakı dəstəklənəcəkdir.
Həmçinin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizində
Azərbaycan Respublikasının tranzit ölkə kimi potensialının
gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və
informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm
veriləcəkdir.
4.3.5. Daxili təhlükəsizliyin möhkəmləndirilməsi
Daxili təhlükəsizliyin təmin olunması dövlətin ən vacib vəzifələrindən
biridir. Bu, həmçinin onun beynəlxalq risk və təhdidlərə cavab vermə
qabiliyyətini gücləndirir. Davamlı daxili təhlükəsizlik yalnız insan
hüquq və əsas azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial
rifahın inkişafı vasitəsi ilə mümkündür. Azərbaycan Respublikasının
müvafiq dövlət orqanları öz növbəsində ictimai asayişi qorumaq,
409
cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaqla, daxili
təhlükəsizliyin təmin olunmasında məsuliyyət daşıyır. Bu sahədə hüquq
mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi
ilə qanunvericilik və institusional islahatlar aparılır, praktiki tədbirlər
görülür.
Milli təhlükəsizliyin ən vacib elementlərindən biri kimi kəşfiyyat və
əks-kəşfiyyat dövlətin və onun vətəndaşlarının təhlükəsizliyinin təmin
olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
4.3.6. Sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi
Azərbaycan Respublikasının həssas coğrafi vəziyyəti onu beynəlxalq
terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq,
insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın
silahlarının yayılması kimi bir sıra transsərhəd təhdidlər ilə üzləşdirir.
Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan
Respublikasının İran İslam Respublikası ilə 132 km və Ermənistanla
733 km. uzunluğunda olan beynəlxalq sərhədləri Ermənistan tərəfindən
zəbt olunmuşdur. Bu sərhədlərin nəzarətdən kənarda qalması yuxarıda
sadalanan cinayətkarlıq üçün münbit şərait yaradır. Transsərhəd
təhdidlərin mövcudluğu ölkənin sərhəd təhlükəsizliyinə xüsusi diqqət
yetirilməsini zəruri edir. Sərhəd təhlükəsizliyi siyasətinin effektiv
həyata keçirilməsi üçün mərkəzi dövlət orqanı kimi Dövlət Sərhəd
Xidməti yaradılmışdır. Ölkədə aparılan ümumi demokratik dövlət
quruculuğu və xüsusən, təhlükəsizlik sektorunun islahatı prosesi
çərçivəsində sərhəd təhlükəsizliyinə konseptual olaraq yenidən baxılır
və Dövlət Sərhəd Xidmətinin hərbi qurumdan hüquq-mühafizə orqanına
keçidi məqsədi ilə əsaslı struktur islahatları aparılır. NATO və digər
xarici tərəfdaşlarla əməkdaşlıq şəraitində aparılan islahatlar nəticəsində
effektiv sərhəd nəzarəti sistemi yaradılmaqla Silahlı Qüvvələrin və digər
təhlükəsizlik strukturlarının sərhəd təhlükəsizliyi sahəsindəki mümkün
dəstəkləyici rolu və fəaliyyətlərinin koordinasiyası mexanizmləri daha
da təkmilləşdirilir. Sərhəd təhlükəsizliyi məsələsi neft və qaz
yataqlarının, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin
olunmasında getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Sərhəd
təhlükəsizliyinin daha səmərəli təmin edilməsi üçün normativ hüquqi
baza beynəlxalq standartlara uyğunlaşdırılır, idarəetmə sistemi
təkmilləşdirilir və şəffaf büdcə sistemi yaradılır.
Azərbaycan Respublikası sərhəd təhlükəsizliyi sahəsində NATO,
Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Atom Enerjisi üzrə
Beynəlxalq Agentlik, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans və
410
digər beynəlxalq təşkilatlar çərçivəsində, habelə ikitərəfli və çoxtərəfli
qaydada dövlətlərarası səviyyədə əməkdaşlığı genişləndirir.
Bu istiqamətdə islahatları daha da inkişaf etdirmək üçün havadan və
dənizdə nəzarət, axtarışxilasetmə, çeviklik imkanları müasirləşdirilir,
təlim sistemi təkmilləşdirilir, quru sərhədlər və nəzarət məntəqələri
müasir texniki avadanlıqlarla təmin olunur və peşəkar heyətə keçid
sürətləndirilir.
Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra sərhədlərin
nəzarətdən kənarda qalmış hissəsinin Azərbaycan Respublikasının
ümumi sərhəd təhlükəsizliyi sisteminə daxil edilməsi və həmin
ərazilərdə ən müasir tələblərə uyğun təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsi islahat və quruculuq prosesində müvafiq şəkildə nəzərə
alınır.
4.3.7. Miqrasiya siyasəti
Son illərin təhlili göstərir ki, Azərbaycanda müşahidə olunan sürətli
sosial-iqtisadi inkişaf, energetika və nəqliyyat sahələrində beynəlxalq
kommunikasiyaların genişlənməsi, eyni zamanda, ölkəmizin geosiyasi
mövqeyi miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır.
Bu da öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin
edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin
həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin
tənzimlənməsi məsələlərinin təkmilləşdiril-məsini şərtləndirir.
Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin
həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir
dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, milli təhlükəsizliyin və
sabit sosial-iqtisadi, demoqrafik inkişafın təmin edilməsi, əmək
ehtiyatlarından səmərəli istifadə edilməsi, ölkə ərazisində əhalinin
mütənasib yerləşdirilməsi, miqrantların intellektual və əmək
potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya
proseslərinin mənfi təsirinin aradan qaldırılması, insan alveri də daxil
olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə 2006-
2008-ci illər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Proqramı qəbul olunmuşdur.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, idarəetmə
sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və
proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidməti
yaradılmışdır.
411
Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi mexanizmlərinin
təkmilləşdirilməsi hazırda effektiv immiqrasiya siyasətinin
formalaşdırılmasını, beynəlxalq əməkdaşlığın gücləndirilməsini,
emiqrasiya proseslərinin nəzarətdə saxlanılmasını və vahid informasiya
bazasının yaradılmasını zəruri edir.
4.3.8. Enerji təhlükəsizliyi siyasəti
Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda
yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli
strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin ikintisi və
quraşdırılması, əsas ixrac neft və qaz boru kəmərlərinə, terminallarına
olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat
tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli
təhlükəsizliyinin təmin edilməsinin
ən mühüm fəaliyyət
istiqamətlərindən biridir.
Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri
və Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və
Aralıq dənizi arasında enerji nəqlinin, Xəzəryanı ölkələrin geostrateji və
iqtisadi maraqlarını təmin edən mühüm obyektlərin təhlükəsizliyinin
qorunması və bununla əlaqədar artan risklərin idarə olunması və
azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib
vəzifələrindəndir.
Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru
kəmərinin 2006-cı ildən istifadəyə verilməsi Azərbaycan neftini dünya
bazarında mühüm amilə çevirmişdir. Azərbaycan neftini Türkiyənin
Ceyhan limanına, qazını isə Türkiyənin Ərzurum qaz terminalına
çıxaran kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaradır.
Azərbaycan Respublikası enerji ehtiyatlarının istehsalı və nəqli ilə bağlı
yaradılan və istismar olunan infrastrukturun təbii fəlakətlərə, texnogen
xarakterli fövqəladə hadisələrə və təxribatlara məruz qalma ehtimalına
qarşı kompleks tədbirlər həyata keçirir.
XXI əsrdə dünyada enerji daşıyıcıları ilə bağlı böhran gözlənildiyindən
Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə
edilməsi qərara alınmışdır. Küləkli və günəşli günlərin sayına görə
ölkənin əlverişli şəraitə malik olduğunu nəzərə alaraq, Azərbaycanın
enerjiyə olan ehtiyacının müəyyən hissəsi külək, dəniz, günəş, biokütlə,
kiçik dağ suları və su elektrik stansiyaları hesabına təmin oluna bilər.
4.3.9. Nəqliyyat təhlükəsizliyi siyasəti
Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması
iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən,
412
lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və
münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası öz enerji
sektorunu daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri
yaratmışdır. Bu nəqliyyat şəbəkələrinin
təhlükəsizliyinin təmin edilməsi ölkə üçün əsas vəzifələrdən biridir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini
təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata
keçirir:
* nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi;
* nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi;
* Avropa-Qafqaz-Asiya və "Şimal-Cənub" beynəlxalq nəqliyyat
dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin
artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
* nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin
edilməsi;
* nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada
biləcək amillərin aşkarlanması və qarşısının alınması;
* nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru
kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək
vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi
nəzarətin həyata keçirilməsi;
* nəqliyyat obyektlərinin tikintisi və istismarı zamanı sosial və ekoloji
mühitə ziyan vurulmasının qarşısının alınması.
Sözügedən vəzifələr Azərbaycan Respublikasının Silahlı Qüvvələri və
digər təhlükəsizlik strukturlarının, habelə aidiyyəti dövlət qurumlarının
fəaliyyətində öz əksini tapmalı və onların həyata keçirilməsi üçün
adekvat imkanlar yaradılmalıdır.
4.3.10. Fövqəladə idarəetmə, ətraf mühitin və əhalinin sağlamlığının
mühafizəsi
Ətraf mühitlə bağlı olan təbii fəlakətlər və insanların fəaliyyəti
nəticəsində baş verən texnogen qəzalar əhalinin sağlamlığına, rifahına
və əmlakına ziyan yetirməklə daxili təhlükəsizliyə zərər vura bilər. Bu
mənada, onlar ümumi təhlükəsizlik kontekstində
nəzərdən
keçirilməlidir.
Azərbaycan Respublikasında fövqəladə halların xəbərdar edilməsi və
nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və
əlaqələndirilməsinə məsul olan ayrıca qurum - Fövqəladə Hallar
Nazirliyi yaradılmışdır.
413
Azərbaycan Respublikası böhranların idarə olunması və fövqəladə
halların qarşısının alınması üzrə tədbirlər planlarının hazırlanması ilə
bağlı təcrübə qazanılması və informasiya mübadiləsi sahəsində bir sıra
dövlətlərlə ikitərəfli əməkdaşlıq edir. Bu sahədə çoxtərəfli əməkdaşlıq
isə NATO mexanizmləri vasitəsilə geniş inkişaf etdirilir və Azərbaycan
Respublikası həmin imkandan fəal istifadəni davam etdirəcəkdir.
Azərbaycan Respublikası ekoloji problemlərə ciddi yanaşır və ona görə
də bu sahədə yaranan və zərər vura bilən təhlükələrdən, risklərdən və
təhdidlərdən xəbərdardır. Təbii və texnogen fəlakətlərə və böhran
vəziyyətlərinə hazır olmaq və onların qarşısını almaq dövlət üçün əsas
məsələlərdəndir.
Azərbaycan Respublikası ölkə əhalisinə, ərazisinə və iqtisadiyyatına
radioaktiv, bakterioloji və kimyəvi vasitələrlə göstərilən zərərli təsirin
qarşısının alınmasına yönəlmiş tədbirləri fəal surətdə həyata keçirir.
Strateji əhəmiyyətli dövlət obyektlərinin, o cümlədən neft və qaz
hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru
kəmərlərinin, içməli su mənbələrinin, elektrik stansiyalarının,
hidrotexniki qurğuların təbii fəlakətlərdən, texnogen qəzalardan və
terror təhlükəsindən müdafiəsi dövlət üçün əsas vəzifələrdən biridir.
Coğrafi və geoloji şəraitin müxtəlifliyi nəzərə alınmaqla, ölkə ərazisinin
təbii fövqəladə hallardan mühafizəsi ilə bağlı dağıntılara gətirib çıxara
bilən amillərin, o cümlədən zəlzələlər, sellər, subasmalar, sürüşmələr və
palçıq vulkanlarının törədə biləcəyi fəsadlar və onların nəticələrinin
aradan qaldırılması yolları daim diqqət mərkəzindədir.
Bir neçə iqlim qurşağı ilə əhatə olunan Azərbaycan Respublikası
ərazisindəki zəngin bitki və heyvanat aləminin qorunub-saxlanması
zəruri şərtdir.
Ətraf mühitin çirklənməsinə səbəb olan mənbələrin ləğv olunmasına,
Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılmasına, onun
biomüxtəlifliyinin qorunması və bərpa olunmasına və bununla bağlı
digər məsələlərə xüsusi diqqət yetirilir.
Ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi
vasitələrindən (pestisidlərdən və bioloji preparatlardan) istifadəyə
nəzarət, karantin obyekti mənbələrinin vaxtında aşkar edilərək ləğv
olunması vacib məsələlərdən biridir.
Əhalinin sağlamlığının qorunması üçün dərmanların keyfiyyətinə
nəzarət mexanizmlərinin və saxta dərmanlara qarşı mübarizənin
gücləndirilməsi zəruridir.
4.3.11. İnformasiya təhlükəsizliyi siyasəti
414
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət,
ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə
informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər
kompleksinin həyata keçirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının informasiya sahəsində milli
təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın, həmçinin
dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və
informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət
orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin
informasiya təminatının həyata keçirilməsi məqsədi ilə obyektiv və
mühüm məlumatlar toplanılır.
Kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətinin uzlaşdırılması və
səmərəliliyinin artırılması, habelə məxfi informasiyanın mühafizə
olunmasının koordinasiyası milli təhlükəsizlik sektorunun bu sahəsində
əsas məsələlərdəndir. Azərbaycan Respublikası öz milli kəşfiyyat və
əks-kəşfiyyat qabiliyyətini artıracaq və dövlət sirrinə aid edilmiş
məlumatların mühafizəsi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsini
davam etdirəcəkdir.
İnformasiya təhlükəsizliyini tənzimləmək məqsədi ilə dövlət sirri təşkil
edən məlumatların mühafizəsinin hüquqi mexanizmləri təkmilləşdirilir
və informasiya azadlığı təmin olunur. Hüquqi və inzibati mexanizmlər
vətəndaşların hüquqlarını və dövlət strukturlarının fəaliyyəti üzərində
demokratik nəzarəti təmin edəcəkdir.
Dostları ilə paylaş: |