Əfrahim hüseynli


İSTƏYİRƏM HƏRDƏN SƏNDƏN DANIŞALAR



Yüklə 2.29 Mb.
Pdf просмотр
səhifə9/10
tarix23.12.2016
ölçüsü2.29 Mb.
1   2   3   4   5   6   7   8   9   10

İSTƏYİRƏM HƏRDƏN SƏNDƏN DANIŞALAR 
   
Zaman-zaman 
Söz salıram ordan-burdan – 
Bəlkə kimsə səndən deyə, 
Adın dəyə qulağıma. 
Darıxıram... 
Dalğınlıqlar məskən salıb otağıma. 
Ümidisizlik alsa belə ağuşuna 
Gələcəkdən ayan kimi
Yenə ərklə sığınıram xəyalına 
Doğma kimi,   
Həyan kimi. 
Gözlərimi yumsam belə, 
Məhəbbətin yaşla dolu baxışları mənə baxır... 
Nə ağ günə çıxır bəxtim, 
Nə xatirən yaddan çıxır. 
   
... İstəyirəm hərdən səndən danışalar, 
Adın dəyə qulağıma. 
Bəlkə sözlər sığal çəkə 
Əllərinə həsrət, islaq yanağıma... 
 
 
 
 

208 
 
BU GÜN DÜNƏN OLANDA... 
   
Bu gün dünən olanda,   
Keçmişə dönəndə biz, 
Ömür-gün yollarından itəndə izlərimiz, 
Nəfəsimiz,   
Səsimiz   
Heç vaxt olmamış kimi silinəndə havadan, 
Bizə məxsus nə varsa   
Bir-bir yoxa çıxanda qurduğumuz yuvadan, 
Bax, o zaman   
Qurtulub qürbət əsarətindən,   
Ruhlarımız dönəcək 
Öz yurduna, elinə. 
Qəlbimin odu ilə yazdığım   
Bu kitab da, 
Təsadüfən, düşəcək kiminsə də əlinə; 
Bizim olan duyğular ona tanış gələcək, 
Canlanacaq sətirlər. 
Oxuyacaq, biləcək: 
  “Onlar bir-birilərini yaman çox sevirdilər...” 
  Ruhlarımız göylərdə   
Hiss edəcək, duyacaq o bəxtəvər anları... 
Yenə biz olacağıq   
Yüz il bundan sonranın   
Sevgi qəhrəmanları! 
 
 

209 
 
SƏNİ ARZULADIM... 
   
Səni arzuladım 
ömrüm uzunu 
Xoş günə bir çiçək dəstəsi kimi. 
Sevgidən yazılan ən gözəl şeir, 
Həyatın ən lirik bəstəsi kimi. 
 
Səni arzuladım 
ömrüm uzunu 
Səhrada bir yağış damlası kimi. 
Bəxtimin xoşbəxtlik ifadəsitək, 
Məhəbbət mətninin imlası kimi. 
 
Sən oldun naməlum, əlçatmaz, uzaq 
Uydurma dünyamın ünlü həkimi. 
Səni arzuladım, 
səni istədim, 
Gözlədim illərin xəstəsi kimi... 
 
 
QÜRBƏT TÜRKÜSÜ... 
   
Məcrası – zindanı, məlul gölmüşəm... 
Kimsələr duymaz ki, inləyəndə mən! 
Təklikdən özümü iki bölmüşəm, 
Danışan da mənəm, dinləyən də mən. 
   

210 
 
Göylərə üz tutur ümid duası, 
Sözlərim qayıdıb özümə dəyir. 
Könlümdən keçsə də vətən havası, 
Qürbətin küləyi üzümə dəyir. 
   
Vətəndən uzaqda – Azərbaycanam: 
Onun nəgməsiyəm, onun diliyəm. 
Onun həvəsiylə yaşayan canam, 
Bir qərib ocağın, solmuş külüyəm.. 
   
Qəriban ruhumun indi ərki nə? 
Nə sola yolu var, nə də ki sağa. 
Sözlərim yetişmir könül mülkünə, 
Ümidim dirənib çıxılmazlığa... 
   
Özüm də bilmirəm – hayana yönüm... 
Hardayam, dünyanın heç harasında? 
Bulud da deyiləm yağışa dönüm,   
Dolmuşam gecənin bir yarısında…   
 
 
 
 

211 
 
YALAN 
 
Mərhum həmkarım   
Rafiq Tağını anarkən... 
   
Ötürdüm günləri arxa-arxaya... 
Həyat də yalanmış, zaman da yalan! 
Gümanım var idi başqa dünyaya, 
Ümid də yalanmış, güman da yalan! 
   
Bəzən doğruya da inamım itir, 
Qəlbimi şübhələr dağıdır, didir... 
Bir söz yarasından bir ömür bitir, 
Zəhər də yalanmış, ilan da yalan! 
   
Dəyərdən düşdüsə, söz yox deməyə, 
Qiymət də verilmir işə, əməyə! 
Dar gündə bir kimsə yetmir köməyə, 
Ölən də yalanmış, qalan da yalan! 
   
Aldanmaq olmazmış hər şirin dilə! 
Pambıqla kəsilir baş, gülə-gülə! 
İnsandan qorxmağa dəyərmiş elə! 
İblis də yalanmış, şeytan da yalan!   
 
 
 
 

212 
 
NAZİLƏ GÜLTAC
 
(1969) 
 
  Nazilə  Gültac  (Nazilə  Xəlil 
qızı  Hüseynzadə)  1969-cu  il  1 
yanvar  tarixində  Qərbi  Azərbay-
canın (indiki Ermənistan) Karvan-
sara  rayonunda  ziyalı  ailəsində 
anadan olub. N. Nərimanov adına 
Azərbaycan  Dövlət  Tibb  Univer-
sitetini  bitirib.  İxtisasca  terapevt-
dir.   
“Suya  yazılan  sevda”,  “  Yaşıl  pıçıltı”,  Qəlbdən 
dodağa”  şeir  kitabları  var.  “  Ben  Gönlümü  bilmez-
miyim”  kitabı  Ankarada  nəşr  olunub.  Vaxtaşırı   
“Azərbaycan”,  “  Ulduz”  jurnallarında,  digər  dövri 
mətbuatda hekayə və şeirləri çap olunur. Tərcüməçilk 
fəaliyyəti ilə də məşğuldur.   
  “Sevgi  yağışı”şeirlər  kitabını  və  “İtin  payı” 
povestini çapa hazırlayır. Xəstəliklərin insan psixolo-
giyasına təsiri ilə bağlı araşdırmalarını da davam et-
dirir. 
  2006-cı ildən AYB-nin üzvüdür.   
Bakıda yaşayır. İki övladı var.   
   
 
 

213 
 
MƏN HƏKİMƏM 
   
İnsan oğlunun 
üzündəki əzabları 
oxuyuram. 
Acısını, ağrısını 
öz canımda 
duyuram. 
Bir qəmli göz görəndə 
gözyaşımı gizlədib 
güldürürəm dərdini. 
Canından can ayrılana, 
qan verirəm qanımdan. 
Ağ xalatın işığından 
aydınlanır qaranlıqlar. 
Mən şam kimi əriyirəm. 
Kimsə bilməz nə çəkirəm, 
İztirabdan, ağrılardan 
sızıldayan ürəklərdən 
xallar düşür ürəyimə. 
Sağalmayan yaralara 
bir məlhəməm. 
Mən həkiməm. 
 
 
 

214 
 
VƏTƏN XƏRİTƏSİ 
   
Qızım çəkdi 
Vətən xəritəsini. 
Azərbaycan sözünü 
yerləşdirə bilmədi, 
xəritənin üstünə. 
“Azər “ yazdı, 
“Bay” yazdı, 
Dedi ki, 
”Can “sözünə 
yer azdı. 
Məndən 
yardım istədi. 
Baxdım xeyli 
ana yurdun 
paralanmış köksünə, 
dağ çəkilən səddinə. 
Dəmirqapı Dərbəndin 
qapısını döymədim. 
“C”-nı cənuba yazdım, 
dedim canımız orda. 
Qızım çoxumuz orda. 
“A” qondu Borçalıya, 
and yerimizdi dedim. 
“N”-nı qərbinə yazdım. 
İrəvana xal saldım. 
Orda nidamız qalıb. 

215 
 
Orda naləmiz yanıb. 
Qızım indi bax, dedim: 
Böyük Vətənimizin 
bəxtsiz xəritəsinə. 
Bəxtsiz Vətənimizin 
böyük xəritəsinə! 
   
   
DAŞ KİMİ 
   
Payız dumanından nəm çəkən tale, 
Durna lələyiylə ayrılıq yazdı. 
Payız gümanına bürünən tale, 
Qərib durna kimi yolunu azdı. 
   
Kor olan bir bəxtin tutub əlindən, 
Gəzirəm payızla, qış arasında. 
Yanan ürəyimin səni gəzərkən, 
Ölümü göz ilə qaş arasında. 
   
Bəzən bütöv ömür olur gərəksiz, 
Günlər axıb gedir, gözdə yaş kimi. 
Yaşamaq olurmuş, inan ürəksiz, 
Yaşamaq olurmuş, qara daş kimi. 
   
 
 
 

216 
 
QƏRİBƏM, AY ANA 
   
Bəxtim gedib çox uzağa, 
Qapı açıb ayrılığa, 
Ahım çatmır daha dağa, 
Qəribəm, ay ana, qəribəm. 
   
Könlüm bilmir yuva nədir, 
Ruhum dəli, divanədir, 
Qərib kəfən gor istəmir, 
Qəribəm, ay ana, qəribəm. 
   
Bu dünyanın qibləsi bir, 
Bu dünyanın çox daşı pir. 
Olumu, ölümü də bir, 
Qəribəm, ay ana, qəribəm. 
   
Həyat burda seçimdədir, 
Köç edənlər köçündədir, 
Qürbət mənim içimdədir. 
Qəribəm, ay ana, qəribəm. 
   
   
 
 

217 
 
SUYA YAZILAN SEVDA 
   
Şeirim suya yazılıb: 
Könlümdən başlayıb 
axır üzü çaylara. 
Çiçəklərin üzündə 
kövrəlir damla-damla. 
   
Şeirim sabaha yazılıb: 
Ürəyim üfüqündə. 
Çıpınır sinəsində 
bəxtimin saatları. 
Döşənir ayağına 
gecənin ulduzları. 
   
Şeirim sevdaya yazılıb: 
Bələnib ay işığına. 
Bu sevda nə sənə, 
nə mənə. 
Bu sevda suya yazılıb. 
   
   
 
 

218 
 
YOLLAR 
   
Ürəyimə 
gələn yolla. 
Ürəyinə 
gedən yolun 
yol ayrıcında 
dayanmışam, 
əllərim qoynumda. 
Gözlərindən ürəyimə 
gələn yola 
dəstə-dəstə gül ələnir. 
Ürəyinə gedən yolda 
ümidlərim güllənir. 
Gözlərimdən ürəyimə 
gələn yolu 
dolu döyür, 
sel ələnir 
Bu yolların sonu gəlib. 
gözyaşında nöqtələnir. 
   
 
 
 

219 
 
HEYF 
   
Bildiyin kimi deyil hər şey. 
Heyrətim ahımdan böyük. 
Nə küləm, nə də tüstü. 
Bir zaman ocaqdım. 
Başımda dəli rüzgar, 
qapımı döyür külək, 
soyuqdan təntiyərək. 
Bir kösöv közərir 
evin küncündə. 
Taleyin sonuncu 
ümidi kimi. 
Bildiyin kimi deyil hər şey, 
bilmədiyin kimidi heyf... 
   
 
GÖRÜN GEDİM 
   
Gəldim, səni görüm gedim, 
Gözlərimə görün gedim. 
Tellərimi köksün üstə 
bircə-bircə sərim, gedim. 
   
Məni sənin bilib gəldim. 
Gözyaşımı silib gəldim, 
Ayrılığa gülüb gəldim, 
İcazə ver, gəlim-gedim. 

220 
 
Bu Gültacın varı sənsən, 
Yarı özü, yarı sənsən. 
Eşq bağının barı sənsən, 
Qoy barımdan dərim, gedim. 
   
   
AMANDI, AY GEDƏN ƏYLƏN 
   
Mizrab asta-asta sinəmdə gəzir, 
Yollar gedər-gəlməz, ay gedən, əylən, 
Səni üzən nə var, məni də üzür
Amandı, amandı ay gedən, əylən. 
   
Bağrı xal lalələr bu yurdda bitir, 
Yarımçıq sevdalar yollarda itir, 
Getdiyin yolları yığ, geri gətir, 
Amandı, amandı ay gedən, əylən. 
   
Ətir desən, ətir bizim güllərdə, 
Nəğmə desən, nəğmə bizim dillərdə, 
Sevda desən, sevda bizim ellərdə, 
Amandı, amandı ay gedən, əylən. 
   
Gültac istəyir ki, solmasın güllər, 
Sevda nəğməsini oxusun, dillər, 
Sözün işığına yığılır ellər, 
Amandı, amandı, ay gedən, əylən. 
   

221 
 
BİLMİRƏM 
   
Hələ də gözlərim axtarır səni, 
Adını çəkəndə gülə bilmirəm, 
Demə ki, unutdum, unutdum səni, 
Neyləyim, səninçün ölə bilmirəm. 
   
Zaman ötür, axır gedir su kimi, 
Kimləri aparır, gətirir kimi. 
Sən mənim qəlbimə gəldiyin kimi, 
Neyləyim, yanına gələ bilmirəm. 
   
Sənsiz ömrüm – günüm cəfayla dolu, 
Yol salıb yollardan, keçir bu yolu, 
Həsrətdi, möhnətdi hey sağı, solu, 
Neyləyim, bu dərdi bölə bilmirəm. 
   
Gültac neynəsin ki, baharı, yazı? 
Ömrün çoxu gedib, qalıbdır azı, 
Olubdur özgənin alnında yazı, 
Neyləyim, yazını silə bilmirəm. 
 
 
 

222 
 
ÇARƏSİZ 
   
Çox dərdlərə mən dərmanlar aradım, 
Dəvasızdı olan dərdlər çarəsiz, 
Bağlı qapılara açar tapmadım, 
Açılmayan o qıfıllar çarəsiz. 
   
Əllərim uzalı göylərə sarı, 
Yaralı könlümü çiçəklə sarı, 
Qaranlıq gecədə Ay da sapsarı, 
Gün çıxanda gecə olur çarəsiz. 
   
İlahi, blmirəm kimə yalvarım? 
Məni ağladana niyə yalvarım? 
Neçə yerdən çat veribdi divarım, 
Axan yağışlara baxır, çarəsiz. 
   
Bir insan ömrünün yoxuşlarında, 
Qəmli könüllərin baxışlarında, 
İntizar gözlərin yağışlarında, 
Uduzan illərdi, aylar çarəsiz. 
   
Gültac inadında dağ tək ucaldı, 
Kəsək nədir, qaya nədir anladı, 
O, yarğanlar, o, dərələr adladı, 
Yollar məəttəldi, cığır çarəsiz. 
   
   

223 
 
QALİB ŞƏFAHƏT
 
(1973) 
 
Qalib Şəfahət (Bağırov Qalib 
Xanoy oğlu) 22 mart 1973-cü ildə 
Gədəbəy  rayonunun  Parakənd 
kəndində ziyalı ailəsində anadan 
olub.  1990-cı  ildə  Gədəbəy  rayo-
nu Parakənd kəndinin orta mək-
təbini  bitirib.  1990-cı  ildə  Azər-
baycan  Kənd  Təsərrüfatı  İnstitutuna  daxil  olub. 
Uşaqlıqdan  həkim  sənətinə  böyük  həvəsi  olduğuna 
görə, Kənd Təsərrüfatı İnstitutundan sənədlərini gö-
türüb,  1991-ci  ildə  N.Nərimanov  adına  Azərbaycan 
Tibb  Universitetinin  1-ci  Müalicə-proflaktika  fakül-
təsinə daxil olub, 1997-ci ildə Tibb Universitetini biti-
rib.   
  Gədəbəy rayonunun “Tərəqqi” qəzetində tez-tez 
şeir və məqalələri dərc olunub. Şeirləri “Təbib”, ”Şəh-
riyar”,  “Çağ”,  “Ədəbiyyat  qəzeti”,  “Ulduz”  və 
“Azərbaycan”  jurnallarında  mütəmadi  olaraq  çap 
olunur.  “MƏNƏ  ÜRƏK  VERİN”  (2010),    “ƏLLƏ-
RİNDƏKİ  GÖYÜZÜ”  (2013)  şeir  kitablarının  müəl-
lifidir.   
    AYB-nin üzvüdür. 
   
 
 

224 
 
YALANLAR 
   
Ciblər hər gün 
yalan daşıyır evlərə… 
yalanla dolur, 
boşalır evlər. 
Uşaqlar yalan yeyib yatırlar. 
Qadınlar yalandan 
ərlərinin üzünə gülürlər. 
Kişilər yalandan durub işə gedirlər. 
İdarələr yalandan bağlı olur birdən. 
Yalandan dost olur 
bir-birinə insanlar… 
Yalandan adam da olurlar 
adamlar… 
Yalandan doğulur yalanlar. 
Bircə, 
Gerçəkdən ölür insanlar… 
   
 
MƏN GÖZÜMÜN QULUYAM 
   
Bəzən eynək taxıram 
gözlərimlə yeriyəndə, 
ayaqları torpaqda əzilməsin deyə. 
Bəzən gördüklərimi geyinirəm gözlərimə, 
gözlərim üşüyəndə. 
Hec bilirsən, nədir dərdim? 

225 
 
Gördüyümdən gözlərimin 
gözkirəsi istəməyi. 
Gözlərimə qul olmağım. 
Görə-görə kor olmağım. 
Gördüyümü görməməyim. 
Amma, günah məndə deyil! 
Gördüyünü görməzliyə vur dedilər. 
Bəzən gözdağı olur, 
gördüklərim gözlərimə. 
Xasiyyətini dəyişdim, 
amma, yaddaşını dəyişəmmədim . 
Gördüyünü görüb unutmuşam. 
Görmədiyimi yaddaşına yazıb, 
bir vaxt olacaq gözlərimdə görəcəm 
gözlərimlə görmədiyimi. 
Azad olacam onda. 
Lap gec də olsa gözlərimə salam verəcəm, 
yaddaşında saxladığına görə. 
Gözlərimdən gözkirəsi istəməyəcəm onda. 
Nə də gözkirəsi verməyəcəm. 
Dünyada hamının yeri daralanda, 
gözlərimə yığmışam 
gözüm görəni. 
Tək bircə gözümdə qalmasın, 
gözümdəki gördüklərim . 
Yeri gələndə ümid paylayacam gözümdən. 
Bircə göz baxa-baxa kor olmayım, 
gözümü görə bilim. 

226 
 
Hərdən mənə kor da dedilər, 
kor olmaya-olmaya. 
Elə gördüklərim olub, 
gözlərimə yamaq olub. 
Elə görmədiyim olub, 
gözlərimə dayaq olub. 
Mən gözümün quluyam. 
Göz var gözü olmur, 
Göz var sözü olmur, 
Gözdə var ki, üzü olmur. 
Məni gözümdən uzaq tut, İlahi! 
   
VUR BAŞIMA ÜRƏYİMİ 
   
Yarımadı bir işə ki! 
Vur başıma ürəyimi. 
Əlindən niyə düşə ki?.. 
Vur başıma ürəyimi. 
   
Sevib, sevilə bilməyib, 
Danışıb, dinə bilməyib. 
Sənsiz ki, ölə bilməyib, 
Vur başıma ürəyimi. 
   
İndən belə nə faydası, 
Dərdim toy tutub oynasın. 
Vur sınsın qəlbin aynası, 
Vur başıma ürəyimi. 

227 
 
   
Etibarsız sirdaş kimi, 
Başsız qalan bir baş kimi, 
Al əlinə, vur daş kimi – 
Vur başıma ürəyimi. 
   
Nə çırpınsın, nə döyünsün, 
Qoy daş olub, daşa dönsün.   
Ürəyim başıma dəysin, 
Vur başıma ürəyimi. 
   
Dərdimə bir dərd qatılıb, 
Eşqim başıma atılıb. 
Qəlbim eşqimə satılb, 
Vur başıma ürəyimi. 
   
Qapısı qəlbimin açıqdı.. 
Bəlkə baş alıb qaçıbdı? 
Dərdimdən ki, diri çıxdı! 
Vur başıma ürəyimi. 
   
 
 

228 
 
QARANLIQ QALDI 
   
Gecəni 
çəkib qoymuşdu
ayağının altına. 
Səhərə çıxmaq üçün. 
Gecə qəflətən 
sürüşdü, 
ayağının altından. 
Yuvarlanıb, 
Haraya düşdü, 
heç özü də bilmədi. 
Gecədə 
tapa bilmədi özünü. 
Qaranlıq içində 
itib batdı. 
Görən olmadı onu. 
Heç yoxumuş dedilər, 
bu adda adam! 
Özü-özünə 
qaranlıq qaldı. 
Qaranlıq onu 
ağuşuna aldı. 
   
 
 

229 
 
YETİM QIZ 
   
Gəlinlik paltarını 
Gözündən salıb itirmişdi 
Anası ölən günü 
Anasını ağlayanda. 
Görən olmamışdı 
Bəlkə də kəfən əvəzi 
Anasını bükmüşdülər 
Gəlinlik paltarına. 
O gündən anasının 
Qara gün üçün 
saxladığı 
Libası geyindi əyninə 
Lüt qalmasın deyə. 
O gündən anasının 
Yarımçıq qalmış 
Arzularını böyütdü 
Həyət-bacada. 
Yetimliklə 
Böyüdü yetimliklə. 
Yetim qız dedilər-adına. 
   
 
 

230 
 
XƏYANƏT BOYDA 
   
Xəyanət boyda   
əl verirəm sənə, 
qaytarıb çırpsan da 
üzümə. 
Xəyanət boyda 
göz verirəm sənə, 
baxa bilsən gözümə. 
Xəyanət boyda 
söz verirəm sənə, 
Qata bilsən sözünə. 
Xəyanət boyda 
ürək verirəm sənə, 
yer tapa bilərsənmi özünə? 
Daha buradan o yana 
heç kəs yoxdu – 
Getmə heç yerə. 
Xəyanəti   
sapla qəlbinə, 
Tikiş qoyarsan 
ömrünə. 
Xəyanət boyda. 
   
 
 

231 
 
O QIZIN ARZULARI 
   
Ölümcül yaralanıb 
o qızın arzuları – 
gündüzlər 
hər gün 
əri işə ötürməkdən, 
uşağı məktəbə   
yola salmaqdan, 
gecələr 
ər qoynunda gizlənməkdən. 
Qolları yorulub 
arzuları üstünə çəkməkdən. 
Yenə üstüaçıq qalıb – 
soyuq dəyib bu gecə. 
Nəfəs ala bilmir 
qəlbində gizlətdiyi xəyanətdən. 
Nə qədər tək yatmaq olar 
Bir arzu, bir xəyalla?!. 
Hər gün ev süpürür 
uzun saçları ilə 
qonağı olacaq deyə. 
Hər gün yemək hazırlayır – 
kirpiyində qor götürüb. 
 
 

232 
 
Vəfasızlıqdan o yana 
ömur qurtarır – 
sərhəd kimi. 
Özüylə döyüşdə   
ölümcül yaralanıb 
o qızın arzuları... 
   
İÇİMİ SƏRDİM KÜLƏYƏ 
         
Bu qış mənə sitəm olub, 
içimi sərdim küləyə. 
Gözüm islanıb, nəm olub, 
içimi sərdim küləyə. 
   
Çıxarıb asdım bezini, 
günəş qızdırsın üzünü, 
Toparladım mən özümü, 
içimi sərdim küləyə. 
   
Başqa cür yoxdur yozumu, 
çəkdim içimin nazını, 
külək aparsın tozunu, 
içimi sərdim küləyə. 
   
Qoy gözümün qəmi getsin, 
qoy dərdimin dəmi getsin, 
qoy içimin nəmi getsin, 
içimi sərdim küləyə. 

233 
 
GÖZÜNÜ AÇ 
 
Gözünü aç, bir baxım, 
Bir də görüm özümü. 
Baxışın mürgüləyir – 
Vərəqləyim gözümü. 
Gözünü aç, bağlama, 
Yerim hardadı, bilim. 
Qəlbim əsir düşübdü – 
Gedib yolunda ölüm. 
Gözlərini bir aç, bax, 
Gözlərin nə haldadı? 
Həsrət çoxdan çatıbdı – 
Vüsal hələ yoldadı. 
Gözyaşın quruyubmu? 
Havam çatmır, boğuldum. 
Ürəyində öləcəm – 
Gözlərində doğuldum. 
   
 
 
 

234 
 
HABİL VƏLİYEV
 
(1974) 
 
Vəliyev  Habil  Çərkəz  oğlu, 
1974-cü  il  oktyabr  ayının  26-da 
Naxçıvan  MR  Babək  rayon 
Güznüt kəndində anadan olub. 
Orta  məktəbi  bitirdikdən  sonra 
1992-1998-ci illərdə Azərbaycan 
Dövlət  Tibb  Universitetinin 
müalicə  işi  fakültəsində  təhsil  alıb.  2006-ci  ildən 
etibarən Fövqəladə Hallar Nazirliyində çalışır.   
Ədəbiyyata  uşaqlıq  illərindən  marağı  olub. 
Şeirləri  vaxtaşırı  dövri  mətbuatda  çap  olunur.  İlk 
şeirini hələ üçüncü sinifdə oxuyarkən yazıb.   
“İki duyğu arasında” adlı bir kitab müəllifidir.   
  Ailəlidir. 
     
 
 

235 
 
BİR QIZ SƏSLƏR 
   
Bir gözyaşı, bir təbəssüm
Anlamadı qafil, qafil. 
Sən anlamaz, mənsə susqun, 
Kimdi kamil, kimdi cahil. 
   
Məni gəzdim, səndə azdım, 
Səndən mənə məktub yazdım, 
Ürəyimdə məzar qazdım, 
Eşqim dedi: “qatil, qatil...” 
   
Xəyalımda min bir güman, 
İçim çiskin, çölüm duman, 
Sən bir sonsuz, dərin ümman, 
Mənsə uzaq sahil, sahil. 
   
Dedim, gözyaşlarım yuya, 
Qaranlığı çəkdim suya, 
Hər gecə gəlib yuxuya, 
O qız səslər: “Habil, Habil...” 
   
 
 

236 
 
ƏFSUS... 
   
Sənə bir adada oba vəd etdim,   
Uzaq diyarlarda şəhərin varmış. 
Ulduzlu gecəyə vurğun bilirdim, 
Demə məndən gizli səhərin varmış. 
   
Dedin, sənin kimi viranam, viran, 
Dedim, özün kimi mənə də inan, 
Sildim gözyaşını, çəkildi duman, 
Gördüm, qəlbində də qəhrin varmış. 
   
Dişlərin sıxıldı, qoymadı dinə, 
Dilin əsarətdə, susurdu yenə, 
Sükutun, gizlicə söylədi mənə
Özgə dodaqlara səfərin varmış. 
   
İnam güvənmişdi, şübhə dedi, pus, 
Səbrim pıçıldadı, hələ bir az sus, 
Mən bu gün yaşayaq deyirdim, əfsus, 
Sabaha aparan kəhərin varmış. 
   
   
 
 

237 
 
QAYITSAN KEÇƏR... 
   
Görmək istəmirsən bəlkə də məni, 
Üzümdə, gözümdə nağılım bitib. 
Cibim cırıq idi, sənə gələndə, 
Yolda tökülübdü, noğulum bitib. 
   
Qəlbmdə qəza var, yəqin ondandır, 
İşığı kəsilib gözlərimin də. 
Qaranlıq yollarda itib, batıbdı, 
Mənası qalmayib sözlərimin də. 
   
Dolub baxışlarım bir bulud kimi, 
Bəlkə də yağışdan qorxdun, gəlmədin 
Dedin, islanaram, dodaqlarıma 
Dilimin ucundan baxdın, gəlmədin. 
   
Yağmayan bu yağış, nə də qaranlıq, 
Nə olsun simama soyuq don biçər. 
Qəlbimdə baş verən qəfil qəzaya, 
Səbəb sənsizlikdir, qayıtsan keçər. 
   
Görmək istəmirsən bəlkə də məni, 
Üzümdə, gözümdə nağılım bitib. 
Cibim cırıq idi, sənə gələndə, 
Yolda tökülübdü, noğulum bitib. 
   
   
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə