Əlavə məsuliyyətli müəssisənin (firmanın) məhdud məsuliyyətli
müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin öhdəliklərinə
görə nizamnamə fonduna qoyduqları paylarının nizamnamə ilə müəyyənləşdirilən
və hamısı üçün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyırlar.
İştirakçılardan biri öz payını ödəmək imkanına malik deyildirsə, bu pay digər
iştirakçılar arasında onların paylarına uyğun olaraq bölünür.
Müəssisənin geniş yayılmış təşkilati-hüquqi formalarından biri də səhmdar cəmiyyətləridir. Kollektiv mülkiyyətə əsaslanan səhmdar cəmiyyəti özünün
təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm
buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi
əsasında yaradılan müəssisədir. Səhm-onun sahibinin (səhmdarın) səhmdar
cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin
idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir
hissəsini əldə etmək hüququnu özündə təsbit edən qiymətli kağızdır. Səhmdar
cəmiyyətin Nizamnamə kapitalı adi (sadə) və imtiyazlı səhmlərin yerləşdirilməsi
nəticəsində formalaşdırılır. Sadə (adi) səhmlər səhmdar cəmiyyətin Nizamnamə
kapitalının 75faizindən az, imtiyazlı səhmlər isə 25 faizindən çox ola bilməz.
4. Sahibkarlıq fəaliyyəti təyinatına və ya növünə görə 4 qrupa bölünür-
istehsal, kommersiya, maliyyə və məsləhət (konsaltinq).
Sahibkarlığın istehsal təyinatlı növü əsasdır; kommersiya, maliyyə və
məsləhət növləri isə onun törəmələridir və ona xidmət edirlər. Elmi mücərrədçiliyə
yol verməklə göstərmək olar ki, sahibkarlığın istehsal təyinatlı növü olmasaydı,
digərləri də olmazdı.
Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdanməqsəd əmək
məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasındakı ticarət
vasitəsilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı əmtəə birjaları və
ticarət təşkilatları vasitəsilə həyata keçirilir. Firmaların istehsal vasitələri əldə
etmələri üçün əlaqəyə girdikləri vasitəçilərdən biri olan əmtəə birjası bazar
iqtisadiyyatı sisteminə xas olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı
və satıcının müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri
ilə realizə olunan bazarıdır-kommersiya firmasıdır, hüquqi şəxsdir.