Mülki Müdafiə (MM) – dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf muhitin) təhlukəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata kecirilən tədbirlər sistemidir və yaxud qısaca MM insanın ətraf mühitdə sağlamlığının və təhlükəsizliyinin qorunmasını əhatə edən sahədir, elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını, zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
MM sistemi – mm-nin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanununa, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq MM tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər MM üzrə qruplara aid edilir, təsərrufat obyektləri isə MM üzrə dərəcələrə bolunur.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. MM üzrə şəhərlər üc qrupa - I qrup, II qrup, III qrup bölünür. Şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq muəyyən edilir.