Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi; - sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi; - fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; - mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili; - sülh və müharibə dövründəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbilərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
MM sahəsində Azərbaycan Respublikası vətəndaşlarının əsas vəzifələri: 1. MM sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək.
2. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq.
3. Fövqəladə hadisələrdən müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək.
4. FH zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək.
5. İlk tibbi yardım göstərmək qaydalarını öyrənmək və tətbiq etməyi bacarmaq.
6. MM işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək.
7. Baş verə biləcək və ya baş vermiş fh barəsində dərhal müvafiq dövlət orqnlarına məlumat vermək.
8. MM sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.