Azərbaycan Respublikasında MM ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 1) ərazi prinsipi (MM tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi); 2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında MM tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata kecirilməsi); 3) kütləvilik və məcburilik prinsipi (MM tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması); 4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikası MM sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması); 5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi); 6) qarşılıqlı əlaqə prinsipi (MM-nin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və MM quvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi). Mulki Mudafiənin məqsədi aşağıdakılardır: 1) fovqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata kecirilməsi; 2) fövqəladə hallar zamanı mumkun olan ziyan və itkilərin həcminin maksimum azaldılması; 3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
3. Müasir dövrdə mülki müdafiənin rolu. İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sahələrdə qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradır.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də "Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi” barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də "Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə 700 saylı fərmanları imzalanmışdır. Yuxarıda göstərilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının MM-si sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güclü qəzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi “fövqəladə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.