tələblərini müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər. Üçüncü mərhələ
özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin əksər üzvləri onun
həyatında
fəal iştirak edir, yoldaşlarına tələblər verirlər. Bu mərhələdə kollektivin
ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə çevrilir. Dördüncü
mərhələ kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kollektivin bütün
üzvləri onun həyatında fəal iştirak edir, hərə özünə tələb verir.
Beləliklə, tərbiyə
özünütərbiyə ilə qovuşur. Kollektivin təşəkkülü və formalaşmasının göstərilən
mərhələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən
tədricən özünüidarə və özünütənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi
kimi çıxış edir.
Kollektivin tərbiyəsi. Kollektivi təşkil edib formalaşdırmaqla yanaşı,
onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə yaradılan
kollektiv
inkişaf etməz, zəifləyib dağıla bilər. Tələbə kollektivinin tərbiyəsi üçün
müxtəlif yollardan istifadə edilir. Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında
fərəhli məqsədlərin qoyulmasıdır. Fərəhli məqsəd uğrunda mübarizə kollektivi
möhkəmlədir, onun həyatına sevinc və gümrahlıq gətirir. Tərbiyə işinin ustası
A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv vəzifələrin üç növünü
müəyyən etmişdi: yaxın, orta və uzaq perspektiv. Perspektiv vəzifələrin müntəzəm və
rəngarəng olmasına diqqət yetirilməlidir. Bir vəzifə əldə edilərkən yenisini irəli
sürmək lazımdır. Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür.
Ənənə
dedikdə, dövri olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar
başa düşülür. Ənənə kollektivi dağılmaqdan qoruyur, onu birləşdirir. Bu mənada
A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə
qədər kollektivi möhkəmlətmir. Tərbiyə təcrübəsində
ənənələrin iki tipi özünü
göstərir: daxili intizam qaydaları ilə və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci tipə
auditoriyanı təmiz saxlamaq, dərslərə gecikməmək, yüksək qiymətlərlə oxumaq, ad
günlərinin
keçirilməsi, oğlanların qızlara diqqət və qayğı göstərməsi, xəstələrə qayğı
və s. misal ola bilər. Kütləvi tədbirlərlə bağlı ənənələr dövri olaraq təkrarlanan və
təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir. Tarixi günlərin və bayramların
keçirilməsi, ilk zəng, son zəng, məzunların görüşü, hər
tələbənin bir ağac əkib ona
qulluq etməsi, hər il spartakiada və fənn olimpiadalarının keçirilməsi və s. kimi
ənənələr bura daxildir. Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu
artırmaq və onlara qayğı göstərməkdən ibarətdir. Fəalları ən mühüm və məsul
fəaliyyət sahələrinə geniş cəlb etmək, onlara etimad göstərmək və müəyyən
səlahiyyətlər vermək, onlarla mehriban işgüzar münasibət yaratmaq lazımdır. Bu,
fəalların kollektivdə rolunun və sayının artması baxımından əhəmiyyətlidir.
Kollektivin
tərbiyəsində
şəxsiyyətlərarası səmimi qarşılıqlı
münasibətlərin
yaradılması, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir. Bu
məqsədlə birgə maraqlı tədbirlər (əmək, idman yarışları, ekskursiya və gəzintilər, oyun
və əyləncələr və s.) keçirmək faydalıdır. Gənclik illərində dostluq bəzən qızlar və
oğlanlar arasında sevgiyə çevrilir. Bunu başa düşmək, ona hörmətlə yanaşmaq, onun
yüksək mənəvi əsasda olmasına kömək etmək lazımdır.
Dostları ilə paylaş: