təfəkkürün və hafizənin yüksək inkişaf səviyyəsi, diqqətin isə nisbətən aşağı səviyyəsi
ilə səciyyələnir. Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları təkcə təlimlə
məhdudlaşmayıb, digər fəaliyyət sahələrini də (idman, incəsənət, elmi və ictimai
fəaliyyət, şəxsi həyatın təşkili və s.) əhatə edir. Onlar zehni, mənəvi, ictimai-siyasi
cəhətdən yetkinləşirlər.
Bu dövrdə elmi biliklərin, həyat təcrübəsinin, müstəqil
düşüncə və davranışın sintezi sayəsində gənclərdə dünyagörüşü, etik və estetik
baxışlar daha intensiv formalaşır. Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə,
dostluq və s.) gənclər üçün praktik əhəmiyyət kəsb edir. Tələbə gəclərin davranışı,
mənəvi inkişafı daha çox onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir. Onlar
şəraitdən, vəziyyətdən asılı olaraq düzgün davranış vərdişlərinə yiyələnirlər.
Bir çox
mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə hissi, şəxsi ləyaqət, qurur hissi, şərəf, vicdan,
ədalət və s.) gənclər üçün daha böyük məna kəsb edir. Tələbələr müstəqilliyə,
özlərinin “böyüklüyünü” təsdiq etdirməyə can atır, bəzi müəllimlərin onlara inamsız
yanaşmasına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən üstün tutmasına
açıq və ya gizli etiraz edirlər. Belə hallar, o cümlədən böyüklərin təzyiqi bir çox
tələbələrdə (xüsusən oğlanlarda) güclü neqativ reaksiya doğurur. Gənclərdə
“böyüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz fərdiyyətini ifadə etmək
səyləri ilə qovuşur. Müəllimlər tələbə gənclərin “böyüklük” hissinə,
şəxsiyyətinə
hörmətlə
yanaşmalı, onların özünütəsdiq və özünüifadəsi üçün kömək
göstərməlidirlər. Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə deməkdən
çəkinmir, cəsarətli və qorxmazdırlar, daha çox romantik olurlar, xəyallarla yaşayırlar.
Lakin onlardan bir qismi romantikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə
qarışdırırlar. Nəticədə onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş qaldırır:
onlara elə gəlir ki, özlərini əhatə edən nə varsa hamısı cansıxıcı, boz, diqqəti
çəkməyən adi şeylərdir. Belə hallarla qarşılaşdıqda müəllimlər gənclərin həyata,
gələcəyə inamını, ümidini artırmağa çalışmalıdırlar. Gənclər üçün özünütəhlil, təndiq,
özünütənqid, özünüqiymətləndirmə səciyyəvidir. Onlar tənqid etməyi xoşlayırlar,
başqalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər. Bəzən belə ifratçılıq
böyüklərin, xüsusən yaşlı
müəllimlərin fikirlərinə, rəyinə, məsləhətlərinə qarşı mənfi
münasibətə keçir. Lazımi tərbiyə işi aparılmadıqda belə münasibət münaqişələrə
gətirib çıxara bilər. Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real,
ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in müqayisəsi yolu ilə
həyata keçirilir. Çox vaxt ideal “Mən” kifayət qədər dərk edilmir, real “Mən” isə o
qədər də aydın olmur (tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı
daxili
inamsızlığa gətirib çıxara bilər. Bu isə, öz növbəsində, çox vaxt zahiri aqressivliklə,
kobudluqla müşayiət olunur. Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri
ixtisaslara şüurlu münasibətlərində özünü göstərir. Düzgün seçilmiş ixtisas gənclərin
təlimə fəal və məsuliyyətli yanaşmasına, şəxsiyyətin zəruri keyfiyyətlərinin
formalaşmasına müsbət təsir edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi
məqsədləri
üst-üstə düşür, lazımi səmərə verir. Təcrübə göstərir ki, ali məktəbdə
seçdikləri ixtisaslara şüurlu yanaşan tələbələr ilk günlərdən təlimə böyük səy və maraq
göstərir, tapşırıqları yüksək səviyyədə yerinə yetirir, mühazirə və seminar
məşğələlərində fəal olur, ali məktəbin daxili qaydalarına əməl edirlər. Əksinə, daxil
olduqları ixtisasa təsadüfi gələn tələbələr
mühazirələrdə laqeydlik, intizamsızlıq
göstərir, qeydlər aparmır, arxa tərəfdə oturub söhbət edir və ya mobil telefonla
oynayırlar. İmkan yarandıqda belələri mənfi motivlə birləşib mühazirə və məşğələlərə
mane olurlar. Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ixtisas kafedraları,
müəllimlər tələbələrlə təlim və peşəyönümü istiqamətində fərdi iş aparmalı, peşəyə
maraq və meyl formalaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə kimi
rol oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məqsədlə “İxtisasa giriş” kursunun
tədrisi (daha doğrusu, bərpa edilməsi) səmərəli olardı. Tələbələrin zehni, mənəvi, psixi
inkişafı ziddiyyətlər və onların həlli ilə bağlıdır. Gənclik yaşı üçün müəyyən sosial-
psixoloji ziddiyyətlər səciyyəvidir. Onlardan bəzilərini qeyd edək: - tələbə gənclərin
geniş arzuları ilə onları həyata keçirmək imkanları arasında ziddiyyət;
- maddi və
mənəvi tələbatların artması ilə onları təmin etmək üçün iqtisadi imkanlar arasındakı
ziddiyyət; - böyük həcmdə informasiyalarla onları dərindən dərk etmək imkanları və
vasitələri arasında ziddiyyət; - böyük həcmdə tədris materiallarını mənimsəmək
zərurəti ilə tələbənin vaxt büdcəsi arasındakı ziddiyyət; - ali məktəb həyatının ciddi
norma və qaydaları ilə tələbənin müstəqilliyi, sərbəstliyi arasındakı ziddiyyət və s.
Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən ziddiyyətlər və onların həlli ali
məktəbdə
tədris-tərbiyə işinin, habelə mütəxəssis hazırlığının məzmununu, forma və
metodlarını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: