Dərketmənin strukturu Dərketmənin strukturu dedikdə, faktların təsviri və ümumiləşdirilməsi, əlaqələrin müəyyən edilməsi, modelin qurulması və hadisələrin izahı və əvvəlcədən xəbər verilməsi kimi 4 mərhələdən ibarət olan proses başa düşülür.
Faktların təsviri və ümumiləşdirilməsi. Bu, mühəndisin ekspertlə söhbətindən sonra əldə etdiyi xam bilikdir. Ona görə bunun üzərində mühəndis əməlli-başlı işləməlidir. Təcrübəli mühəndis faktları yerbəyer edərək konseptləşdirməyə hazırlayır.
Əlaqə və qanunauyğunluqların müəyyən edilməsi. Ekspert fikri əyani olmasa da əlaqəli olur. Mühəndisin vəzifəsi ekspertin söylədiklərini sistemləşdirməkdir. Bu zaman mühəndis ya məntiqi, ya da assosiativ düşüncədən istifadə edir. Məntiqi düşüncə riyaziyyatçı düşüncəsidir, ardıcıllığı, assosiativ düşüncə isə paralelləri əsas götürür.
İdeallaşdırılmış modelin qurulması. Predmet oblastı barədə subyektin təsəvvürünü əks etdirən modeli qurmaq üçün xüsusi dil lazımdır. Bu dil predmet oblastının terminlərindən, riyaziyyat və məntiqin formal-işarə vasitələrindən təşkil edilir. Empirik predmet oblastı üçün belə dil hələ yaradılmamışdır.
Modellərin izahı və qabaqcadan xəbər verilməsi. Bu, dərketmənin strukturunun son mərhələsidir. Bu, həm də bilik əldə edilməsinin gerçəkliyini qiymətləndirmək üçün istifadə edilən hissəvi kriteridir. Aşkar edilmiş ekspert bilikləri sistemi tam və obyektivdirsə, buna əsaslanıb proqnoz vermək və verilmiş predmet oblastından olan istənilən hadisəni izah etmək olar. Adətən BB-lər öz komponentlərinin fraqmentarlığı və modulluğu (əlaqəsizliyi) üzündən naqislik nümayiş etdirirlər. Bu isə insanla yarışabiləcək gerçək intellektual sistem yaratmağa mane olur.
Bilik ələkeçirmənin praktiki metodları -Metodların təsnifatı
-Passiv metodlar
-Aktiv metodlar
-Ekspert oyunları
-Tekstoloji (mətni) metodlar
Metodların təsnifatı
Canlı bilik mənbəyi olan ekspertlə mühəndisin kontaktlarının bütün növləri kommunikativ metodlardır. Sənədlərdən və xüsusi ədəbiyyatdan bilik əldə edilməsi isə tekstoloji metodlardır.
Kommunikativ metodlar 2 qrupa bölünür:
-Passiv metodlar
-Aktiv metodlar
Passiv metodlara: müşahidə, söhbətin protokolu və mühazirə aiddir.
Aktiv metodlar 2 növdür: qrupşəkilli və fərdi metodlar.
Qrupşəkilli metodlara: “beyin hücumu”, dəyirmi masa və rol oynamaqla qurulan rollu oyunlar aiddir.
Fərdi metodlara: anketləşdirmə, müsahibə, dialoq və ekspert oyunları aiddir.
Tekstoloji metodlara: ədəbiyyatın təhlili, dərsliyin təhlili və sənədlərin təhlili aiddir.
Kommunikativ metodların bir növü olan passiv metodlarda mühəndis aparıcı rolu ekspertə verir, özü ekspertin mühazirələrini protokollaşdırır. Aktiv metodlarda təşəbbüs mühəndisin əlində olur və ekspertlə oyun oynamaqla, dialoq aparmaqla, dəyirmi masa arxasında söhbət aparmaqla ondan bilik ələ keçirir. Passiv metodlar ilk baxışda sadə görünsə də, mühəndisdən ekspertin bildiklərinin içərisindən əhəmiyyətli fraqmentləri seçmək bacrığı tələb edir.
Aktiv metodlarda iştirak edən ekspertlərin sayından asılı olaraq bu metodları qrupşəkilli və fərdi metodlara bölürlər.
Ekspertlər qrupu daha maraqlı biliklər almağa kömək edir. Bununla belə, fərdi metod hələ də aparıcı metod olaraq qalır. Çünki bilik qoparılması kimi incə məsələ şahid sevmir.
Oyun metodları hal-hazırda sosiologiyada, iqtisadiyyatda, menecmentdə, pedaqogikada, rəhbər, müəllim, həkim və digər mütəxəssislər hazırlanmasında geniş tətbiq edilir. Oyun fəaliyyətin və yaradıcılığın elə xüsusi formasıdır ki, insan özünü burada daha sərbəst hiss edir.
Passiv metodlardan biri olan müşahidə ekspertin bilavasitə yanında həyata keçirilir. Bu metodda mühəndis xahiş edir ki, ekspert elədiklərini izah etsin. Müşahidənin 2 növü vardır: real prosesin müşahidə edilməsi və prosesin imitasiyasının müşahidə edilməsi. Adətən hər iki növdən istifadə edilir.
Söhbətin protokolunun təhlili metodu tətbiq edilərkən ekspertdən nəticəyə necə gəldiyini şərh etmək xahiş edilir. Lakin necə düşünməyi izah etmək qədər çətin məsələ yoxdur. Yalnız tək-tək adamlar necə düşündüyünü izah edə bilir. Söhbətin protokollaşdırılması ekspertlərin ən çox sevdiyi metoddur.
Biliklərin ötürülməsinin ən qədim üsullarından biri mühazirədir. Burada əsas məsələ mühazirəni dinləmək, lazımi qeydlər aparmaq bacarığıdır. Ekspertin müəllimlik təcrübəsi varsa, onun mühazirələrindən faydalanmaq olar. Mühazirə oxuyan ekspert öz mühazirəsini əvvəlcədən qurduğundan, bilik mühəndisi həmin materialı az qala hazır şəkildə qəbul edir. Mühazirə ortada 5-10 dəqiqə fasilə ilə 80-90 dəqiqədən çox olmamalıdır. Ekspert kursu 2-5 mühazirədən çox olmamalıdır.
Hal-hazırda aktiv fərdi metodlar geniş yayılmışdır.
Anketləşdirmə nisbətən sərt metoddur. Çünki daha çox standartlaşdırılmışdır. Mühəndis anket hazırlayıb müxtəlif ekspertlərə paylayır, sonra verilən cavabları qruplaşdıraraq nəticəyə gəlir.
Müsahibə (intervyü) mühəndislə ekspert arasında mümkün olan ünsiyyətin spesifik formasıdır.
Vacib məsələlərdən biri sual vermək mədəniyyətidir. Sualın üslubu, yəni anlaşıqlı olması, lakonikliyi, terminlərdən istifadə; sualların ardıcıllığı, yəni məntiqi düzülüş, monoton olmaması; sualın yerində verilməsi, yəni etika, nəzakət – bütün bunlar intervyünü keyfiyyətli edir. Axmaq sual eksperti hövsələdən çıxarır.
Sərbəst dialoqda mühəndislə ekspert arasında heç bir reqlament qoyulmur. Lakin bu atmosferdən mühəndis maksimum faydalanmağı bacarmalıdır.
Qrupşəkilli aktiv metodlara: rollu oyunlar; dəyirmi masa arxasında bir-neçə ekspertlə diskussiya aparılması; beyin hücumu aiddir. Qrupşəkilli aktiv metodların əsas üstünlüyü müxtəlif ekspertlər tərəfindən verilən rəy müxtəlifliyini görməkdir.
Dəyirmi masa metodu eyni hüquqlu bir-neçə (adətən 3-5-7) ekspertin iştirakı ilə aparılan bilik ələkeçirmə metodudur. Əvvəlcə müəyyən ardıcıllıqla fikirlər dinlənilir, sonra diskussiya başlanır. Diskussiya mübahisəli məsələni müxtəlif yanaşmalar tətbiqi ilə həll etmək üçündür. Empirik oblast belə məsələlərlə zəngin olur.
Dəyirmi masa metodunda mühəndis əmin olmalıdır ki, bütün ekspertlər qoyulmuş məsələni düzgün başa düşür. Bundan sonra mühəndis mövzunu dəqiq formalaşdırıb reqlament təyin etməlidir. Mühəndis həm də diskussiyanın gedişinin səliqəliliyinə, ekspertlərin bir-birinə iradlarının əsaslı olmasına çalışmalıdır.
Beyin hücumu metodu azad və yaradıcı düşüncənin fəallaşdırılmasının geniş yayılmış metodudur. Burada tənqid qadağandır. Hücum 40 dəqiqəyə yaxın çəkir. İştirakçıların sayı 10 nəfərə qədər olur. İştirakçılara icazə verilir ki, seçilmiş mövzuya aid istənilən formalı (zarafat, fantastik, yanlış) ideya irəli sürsünlər.
Bir seansda adətən 50-yə yaxın ideya irəli sürülür. Çıxışa 2 dəqiqə reqlament verilir. Nəticədə ideyaların 10-15%-i ağlabatan olur. Lakin bunların arasında olduqca maraqlı və orijinal ideyalar da olur. Nəticələri burada iştirak etməyən başqa ekspert qrupu qiymətləndirir. Beyin hücumunun məhsuldarlığı bir tərəfdən, iştirakçı ekspertlərin səriştəsindən və tərkibindən, digər tərəfdən də, mühəndisin davranış manerasından və qoyduğu sualların keyfiyyətindən asılıdır. Seans protokollaşdırılır və ya maqnitofona yazılır.
Ekspert oyunları
Oyun dedikdə, başqa fəaliyyət növünü yenidən yaradan, təqlid edən fəaliyyət növü nəzərdə tutulur. Ekspert oyunu və ya ekspertlə oyun 3 mənbədən qaynaqlanır: 1) mütəxəssis hazırlığı və modelləşdirmədə geniş istifadə edilən işgüzar oyunlar; 2) diaqnostik oyunlar; 3) öyrətmədə tez-tez istifadə edilən kompüter oyunları.
İşgüzar oyun dedikdə, elə bir eksperiment nəzərdə tutulur ki, orada iştirakçılara istehsal situasiyası təklif edilir və onlar öz təcrübələrindən, bilik və bacarıqlarından istifadə edərək qərar qəbul edirlər. Qərar təhlil edilərək eksperiment iştirakçılarının düşüncə tərzi aydınlaşdırılır. İşgüzar oyunun bu təhlil hissəsi bilik ələ keçirmək üçün istifadə edilir. İşgüzar oyunun iştirakçıları ekspertlər olduqda bu, ekspert oyunu hesab edilir. İşgüzar oyunların 3 əsas tipindən (tədris, plan-istehsal və tədqiqat) ekspert oyununa ən yaxını tədqiqat oyunudur.
Diaqnostik oyun da işgüzar oyundur. Bu, tibbdə diaqnostika metodlarının diaqnostikası üçün tətbiq edilir. Bu metod yeni başlayanlara təcrübəli həkimlər tərəfindən bilik ötürülməsində istifadə edilir. Yəni bu da ekspert oyunudur.
Ekspert oyunları: fərdi və qrupşəkilli oyunlara bölünür. Bundan əlavə, ekspert oyunları həm də xüsusi avadanlıqdan istifadə edilən və kompüterdən istifadə edilən qruplara bölünür.
Real situasiyaların oyunlar şəklində modelləşdirilməsi praktikada geniş tətbiq edilir.