Yoxlama – test sualları
1.
Azkomplektli məktəblərdə fiziki tərbiyə məşğələləri necə təşkil olunur?
2.
Azkomplektli məktəblərdə fiziki tərbiyənin təşkilinin nə kimi variantları vardır?
3.
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyəsinin məzmununa daxil olan hərəkətlər hansılardır?
4.
Xüsusi tibbi qrup şagirdləri ilə fiziki tərbiyə məşğələlərinin təşkili metodikası əsas qrupdan nə ilə
fərqlənir?
5.
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyə məşğələləri üçün hərəkətlərin və oyunların seçilməsi
qaydalarını göstərin.
Yaradıcılıq işi üçün təxmini mövzular
1.
Azkomplektli məktəblərin fiziki tərbiyəsinin təşkili xüsusiyyətləri.
2.
Xüsusi tibbi qrup şagirdlərinin fiziki tərbiyəsinin təşkili və keçirilməsi metodikası
250
ÜÇÜNGÜ BÖLMƏ
VII FƏSİL TƏDRİS GÜN REJİMİND Ə FİZİKİ TƏRBİYƏ-
SAĞLAMLIQ TƏDBİRLƏRİ
P L A N :
1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti.
2. Dərsəqədər səhər gigiyenik gimnastikası.
3. Bədən tərbiyəsi dəqiqələri.
4. Böyük tənəffüslərdə fiziki hərəkətlər və mütəhərrik oyunlar.
5. Günüuzadılmış qruplarda idman «saatı».
ƏDƏBİYYAT
1.A.İsmayılov. Günüuzadılmış qruplarda tərbiyəçi işinin məzmunu. Bakı, «Maarif» nəşriyyatı, 1975-
ci il.
2.T.Abasov. İdman və mütəhərrik oyunlar. Bakı, «Maarif» nəşriyyatı, 1987-ci il.
3.B.Quliyev. Tələbələrin orta məktəbin I-VIII siniflərində bədən tərbiyəsi və kütləvi idman işlərinin
təşkilinə hazırlanması məsələləri. Bakı, 1994-cü il.
4.H.Ağayev, Ş.Hüseynov. Azərbaycan uşaq mütəhərrik oyunları. Bakı, «Maarif» nəşriyyatı, 1989-cu
il.
VII F Ə S İ L. TƏDRİS GÜN REJİMİNDƏ BƏDƏN
TƏRBİYƏSİ-SAĞLAMLIQ TƏDBİRLƏRİ
Tədris gün rejimində keçirilən bədən tərbiyəsi tədbirləri aşağıdakılardan ibarətdir:
1.Dərsəqədər səhər gigiyenik gimnastikası
2.Bədən tərbiyəsi dəqiqələri
3.Dərsarası fasilələrdə təşkil olunan bədən tərbiyəsi tədbirləri
Fiziki hərəkət məşğələlərinin həmin formalarda təşkili uşaqların fiziki inkişafına, fiziki hazırlığına
və sağlamlığının möhkəmləndirilməsinə müsbət təsir göstərməklə tədrisin keyfiyyətini artırır, nizam-
intizamı möhkəmləndirir, mütəşəkkilliyi, kollektivçilik ruhunu və əhval-ruhiyyəsini yüksəldir.
Tədris gün rejimində təşkil olunan bədən tərbiyəsi tədbirləri o zaman daha əhəmiyyətli olur
ki, o, müntəzəm olaraq keçirilsin, rejimə düzgün əməl olunsun.
Gün rejimi tədbirləri ümumməktəb və hər bir sinfin tədris işlərinə, sinifdənxaric və
məktəbdənkənar tədbirlərinə uyğun bir şəkildə həyata keçirilməlidir.
Həmin tədbirlər tədris müəssisələrindən tam asılı olduğu üçün düşünülmüş, qabaqcadan
müəyyənləşdirilmiş vaxtda, müvafiq vaxt ərzində keçirilməlidir. Konkret desək, hər gün eyni vaxtda
başlanmalı və yekunlaşdırılmalıdır.
VII.1. Səhər gigiyenik gimnastikasının əhəmiyyəti
Orta ümumtəhsil məktəbləri şagirdləri ilə aparılan bədən tərbiyəsi və kütləvi idman işlərinə ev
şəraitində icra edilən səhər gimnastikası və məşğələyəqədər gimnastika əsas yerlərdən birini tutur. Bədən
tərbiyəsi və idmanın mühüm tərkib hissəsi olan səhər gimnastikası şəxsiyyətin hərtərəfli və ahəngdar
inkişafında böyük əhəmiyyətə malikdir.
Klassiklər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika hərəkətlərinə xüsusi əhəmiyyət
verir və onları hər vasitə ilə müntəzəm surətdə həyata keçirməyi tövsiyə edirlər. Vaxtilə bu münasibətlə
deyilmişdir: «… Bütün siniflərin şagirdlərinə əzaları öz elastiklik və çevikliyini itirməmişkən, sərbəst
251
gimnastikanı və gimnastika alətlərində edilən hərəkətləri müntəzəm və əsaslı surətdə öyrənmək daha
yaxşı deyilmi?».
Təsadüfi deyildir ki, görkəmli alim və mütəxəssislər 12 bədən tərbiyəsi hərəkətlərini və
müntəzəm surətdə səhər gimnastikasını yerinə yetirməyi zəruri hesab edir və gənc nəslin harmonik
inkişafında, cansağlığının möhkəmləndirilməsində, qarşıya çıxan bütün çətinliklərin aradan
qaldırılmasında mühüm vasitə sayırdı.
Səhər gimnastika şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış passiv vəziyyəti tədricən aradan
qaldırır və onları tədris gün rejimində görüləcək tədbirlərə – fiziki və zehni əməyə hazırlayır.
Böyük rus fizioloqu, akademik İ.P.Pavlov səhər gimnastikasının fizioloji əhəmiyyətini çox
düzgün olaraq izah etmişdir. İ.P.Pavlov yuxu haqqında öz təlimində qeyd etmişdir ki, baş-beyin
fəaliyyətində iki proses oyanma və tormozlanma cərəyan edir. Onlar bir-birilə daima əlaqədar olaraq
beyin nahiyyəsinin müxtəlif sahələrinə yayıla bilirlər. Yuxu beynin ayrı-ayrı fəaliyyət sahələrinə,
yarımkürələrinə, beynə yayılmış tormozlanmadır. Daha sonra o, müəyyənləşdirilmişdir ki, bu
tormozlanma müxtəlif beyin nahiyyəsi sinir hüceyrələrinin yorulması və onların, xüsusi hərəkət, görmə,
eşitmə və dəri qıcıqlarını qəbul edən zonaların oyanma qabiliyyətinin aşağı düşməsi ilə sıx bağlıdır.
Təcrübə göstərdi ki, uşaqlar səhər yuxudan durarkən özlərini əzgin hiss edir, onlarda ruh
düşkünlüyü əmələ gəlir, demək olar ki, fəaliyyətsizlik hiss olunur. Gün rejimində qarşıya qoyulmuş
vəzifələri lazımi səviyyədə icra etmək imkanında olmurlar. Xüsusən şagirdlərin əzələ iş qüvvəsi aşağı
düşür, ürək fəaliyyəti zəifləyir, onlarda baş ağrıları, huşsuzluq meydana çıxır. Bütün bu mənfi halları
aradan qaldırmaqla səhər gimnastikası çox böyük əhəmiyyətə malikdir. Səhər gimnastikasının adi
hərəkətləri nəbz vurğularını 50-60% sürətləndirir, maksimum təzyiqi 5-20 millimetr çoxaldır, udulan
oksigenin miqdarını 10-30% artırır, mədə-bağırsaq və sinir sisteminin işi yaxşılaşır, insanın bədən
quruluşu – qaməti gözəlləşir.
Müşahidələr göstərir ki, bəzi məktəblərdə səhər gimnastikasının və dərsəqədər gimnastikanın əsil
mahiyyəti lazımınca qiymətləndirilmir. O, günün tələbləri baxımından lazımi səviyyədə təşkil olunmur.
Bunun bir səbəbi ibtidai sinif və ixtisaslı bədən tərbiyəsi müəllimlərimizin səhər gimnastikasına lazımi
əhəmiyyət verməməsidirsə, digər səbəbi isə həmin işə məktəb rəhbərlərinin, xalq təhsil işçilərinin zəif
nəzarət etməsində, xüsusən müəllimlərin onun səmərəli təşkilindən çətinlik çəkməsindədir.Tədris metodik
ədəbiyyata, həmçinin qabaqcıl iş təcrübəsinə istinad edilib səhər gimnastikası və dərsəqədər
gimnastikanın səmərəli təşkili və keçirilmə yollarının öyrənib ümumiləşdirdik.
VII.2. Dərsəqədər səhər gimnastikası
Dərsəqədər səhər gimnastikası müntəzəm olaraq tədris fənlərindən əvvəl həyata keçirilir. Səhər
gimnastikası orqanizmin daha tez tədris fəaliyyətinə hazırlayır, sinir sisteminin funksiyasının normal
yerinə yetirilməsinə zəmin yaradır. O, 6-8 hərəkətdən ibarət olub, 10-12 dəqiqə müddətində 4-6 dəfə
təkrar edilməklə icra olunur. Dərsəqədər səhər gimnastikası kompleks hərəkətləri əsasən qol, ayaq, gövdə
üçün hərəkətlərdən ibarət olur. Həmin gimnastika hərəkətləri daha çox əzələ qruplarına təsir göstərməli
və I-IV sinif şagirdlərinin fiziki hazırlığına, inkişafına və sağlamlığına uyğun olmalıdır.
Dərsəəqədər səhər gimnastikası kompleks hərəkətlərini seçərkən bədən tərbiyəsi proqramından
baş, gövdə və qollar üçün verilmiş əsas hərəkətlərdən istifadə etmək faydalıdır. Xüsusən qollar yuxarı,
irəli, yanlara, əllər boyun arxasında, başda, baş üzərində olmaqla hərəkətlər icra olunmalıdır. Həmçinin
əllər müxtəlif vəziyyətlərdə barmaq və biləklər üçün hərəkətlər, ayaqların bükülüb-açılması ilə
hərəkətlərdən də istifadə etmək olar. Bundan əlavə, dairəvi hərəkətləri, əyilmələri, dönmələr, əl, qıç,
gövdə və başın bir-birilə uyğunlaşması ilə hərəkətlərin əlaqədar şəkildə yerinə yetirilməsi zəruri və daha
əlverişlidir.
II siniflər üçün kompleks tərtib olunarkən I sinifdə öyrədilmiş, III siniflər üçün kompleks tərtib
olunarkən özündən əvvəlki siniflərdə öyrənilmiş hərəkətlərdən istifadə etmək olar və s. III-IV siniflər
üçün nəzərdə tutulmuş kompleks hərəkətlər I-II siniflərin hərəkətlərinə nisbətən çətin olmalı çox
təkrarlanmalıdır.
Ümumiyyətlə, dərsəqədər səhər gimnastikası üçün tərtib edilmiş kompleks hərəkətlər aşağıdakı
sxemdə qurulduqda, onun təlim-tərbiyəvi əhəmiyyəti və sağlamlaşdırıcı təsiri daha çox olur.
252
Birinci hərəkət tənəffüsə qüvvətli təsir etməli, 5-6 dəfə təkrar edilməklə, həm də «dartınma»
xarakteri daşımalı, asta tempdə icra olunmalıdır. İkinci hərəkət ayaq əzələlərini inkişaf etdirməli, bu
məqsədlə ayaqların qaldırılıb endirilməsi ilə əlaqədar icra olunmalı. Tez tempdə 4-5 dəfə
təkrarlanmalıdır. Yaxud çöməlmələr icra edilməlidir ki, bu hərəkətlər də asta və orta tempdə yerinə
yetirilməli, 5-6 dəfə təkrarlanmalıdır. Üçüncü hərəkətlər ümumfizioloji əhəmiyyət kəsb etməlidir. Bu
məqsədlə də 30 saniyəyə qədər davam edən sürətli tempdə icra olunan hoppanmalar yerinə yetirilməlidir.
Məktəbyanı meydançalarda yaxud da 1 dəqiqəyə qədər asta qaçmalıdır. Dördüncü hərəkət gövdənin düz
əzələləri üçün seçilməlidir. Bunun üçün də gövdənin əyilməsi və düzəldilməsini təmin edən hərəkətlər
kompleksə daxil edilməlidir. Bu hərəkətlər 5-6 dəfə təkrar olunmaqla müxtəlif tempdə yerinə
yetirilməlidir. Beşinci hərəkət isə gövdənin yan tərəf (yanlara) əzələlərinə təsir etməlidir. Bu zaman
gövdə növbə ilə yanlara əyilməli və ya sağdan və əksinə dairəvi hərəkət edilməlidir. Həmin hərəkətlər
yavaş tempdə icra edilməli, 3-4 dəfə (hər tərəfə) təkrarlanmalı və ritmik olaraq icra olunmalıdır.
Müşahidələrdən aydın olur ki, dərsəqədər səhər gimnastikasının səmərəli təşkili və keçirilməsində
şagirdlərin onu könüllü olaraq icra etməsi mühüm əhəmiyyətə malikdir, çünki səhər gimnastikası
haqqında şagirdlərə məlumatların verilməsi həmin baxımdan onun mahiyyəti və nə məqsədlə yerinə
yetirilməsi başa düşülməsinə zəmin yaradır. Bu isə onların şüurluğunu və hərəki fəallığını yüksəldir.
Şirvan şəhərindəki 16 №-li məktəbin baş bədən tərbiyəsi müəllimi Azər Babayevin də bu sahədəki işi
həmin baxımdan çox maraqlıdır. Azər müəllim dərs ilinin əvvəlində dərsə birinci növbədə səhər gigiyenik
gimnastikasının əhəmiyyəti barədə ayrı-ayrı siniflərdə müvafiq olaraq aşağıdakı məzmunda söhbət aparır.
- Uşaqlar, mən sizinlə bu dərsimizdə səhər gimnastikası haqqında söhbət edəcəyəm. Mən
öyrənmişəm ki, bəzi uşaqlar səhər gimnastikası ilə heç məşğul olmurlar. Bəziləri isə kompleks hərəkətləri
düzgün icra etmirlər. Fikrimizcə, buna əsas dərsəqədər səhər gimnastikasını necə icra etmək lazım
gəldiyini və onun əhəmiyyətini,onların bilməmədiyindən irəli gəlir.
Soruşa bilərsiniz ki, səhər gimnastikasının nə kimi əhəmiyyəti var? Uşaqlar, görkəmli alim və
həkimlər sübut etmişlər ki, bir neçə hərəkətlərin birləşməsindən əmələ gəlmiş səhər gimnastikası
kompleks hərəkətlərinin icrasının orqanizm üçün faydası böyükdür. Gimnastika yuxunu qaçırdır, qısa bir
müddətdə adamda sevinc, gümrahlıq və şənlik əmələ gətirir, əhval-ruhiyyəni yüksəldir. Eyni zamanda
yüngül və asan yerinə yetirilən gimnastika hərəkətlərindən sonra işə daha həvəslə başlamaq mümkündür.
Həmin gün kifayət qədər zehni və fiziki iş görmüş olsa da, həddən artıq və ya tez yorulmursan, hətta ən
çətin və mürəkkəb işlə qarşılaşdıqda belə qorxmur, inamla maneəni aradan qaldırmağa səy göstərirsən.
Səhər gimnastikası hərəkətlərinin müntəzəm icra olunması əzələ qüvvəsinin sürətini, cəld və çevikliyini
artırır, qamətin düzgün tərbiyəsini təmin edir, qəşəng, cəld, çevik yeriməyə və qaçmağa kömək edir.
Bundan sonra müəllim səhər gimnastikası və idmanla məşğul olan uşaqların fiziki hazırlığını, qamətini,
gimnastika ilə məşğul olmayanlarla müqayisə edib, tutuşdurur. Yeri gəldikcə, hətta bəzi hərəkətlər
əyaniləşdirilir. Uşaqlar öz gözləri ilə idmançı şagirdin bədəninin xarici görünüşünün gözəlliyini, ondakı
idman məharətini, hərəkətindəki incəliyi, emosionallığı görürlər. Bütün bunlar uşaqlarda səhər
gimnastikası hərəkətlərinin şüurlu surətdə, inamla yerinə yetirilməsinə səbəb olur. Azər müəllim bəzən
idmanla məşğul olan uşaqlara söz verir, onlar isə idmanla məşğul olduqdan sonra özlərini necə hiss
etdikləri haqqında məlumat verirlər. Daha sonra müəllim aşağıdakı qaydaları onların dəftərlərinə yazdırır:
1.Səhər gimnastikası ilə hər gün məşğul olmalı;
2.Dərs zamanı öyrədilən hərəkətləri evdə təkrar etməli;
3.Hərəkətlər icra edilərkən tənəffüsü bir an belə dayandırmamalı, müntəzəm tənəffüs etməli;
4.Əyilmələr zamanı dərin nəfəs verməli, ilk vəziyyətə qayıdarkən nəfəsi buraxmalı;
5.Qaməti düzgün saxlamalı, hərəkətlər şagirdlərin qamətinin formalaşdırılmasına yönəldilməli;
6.Hərəkətləri ev şəraitində icra etməli, bu vaxt valideynin köməyindən istifadə olunmalı;
7.Kompleks hərəkətləri bacı-qardaşınla, ata-ananla birlikdə yerinə yetirməli;
8.Hərəkətlərin icrasına ciddi yanaşmalı, artıq hərəkətlərə, intizamın pozulmasına qətiyyən yol
verilməməli;
9.Ürəyin fəaliyyətini məqsədəuyğun şəkildə artırmalı, əzələ sisteminə müxtəlif məqsədəmüvafiq
təsir göstərməli;
10.Şagirdlərin yorğunluğuna və həddən artıq oyanıcılığına səbəb olmamalı;
253
11.Kompleks hərəkətlər əvvəllər icra edilmiş hərəkətlərdən və yaxud da daha asan qavranılan
hərəkətlərdən ibarət olmalı;
12.Əhval-ruhiyyəni və emosionallığı yüksəltməli;
13.Uşaqların yaşına, fiziki inkişafına və hazırlığına, habelə səhhətinin vəziyyətinə uyğun olmalı;
14.Məşğələ yeri nəzərə alınmalıdır.
Azər müəllim səhər gimnastikası üzrə iş təcrübəsindən danışarkən deyir ki, mən uşaqlarla
gimnastikaya dair qısa və konkret söhbət apardıqdan sonra onlara hazırladığım kompleks hərəkətləri
yazdırıram. Sonra isə şagirdləri kompleks hərəkətlərin tərtib olunma sxemi ilə tanış edirəm. Müəllim
aşağıdakı ardıcıllığı nəzərə almaqla hərəkət kompleksləri tərtib edir:
Yeriş, qaçış, dartınma templi hərəkətlər; çiyin oynaqlarının dairəvi hərəkətləri; qamət üçün
hərəkətlər, irəli, arxaya və yanlara əyilmələr, çöməlmələr, belin, başın dairəvi hərəkətləri, qol əzələləri
üçün hərəkətlər; kürək əzələləri üçün hərəkətlər; qarın əzələləri üçün hərəkətlər, yerində hoppanmalar,
bədəni sakitləşdirici yeriş və diqqəti cəlbedici hərəkətlər.
Şirvan şəhər 16 №-li məktəbdə şagirdlər ev dəftərinə kompleksin tərtibolunma qaydasını da
köçürürlər. Dərsin hazırlıq hissəsində ümuminkişaf etdirici kompleks hərəkətlərlə yanaşı, ev şəraitində
icra olunmalı hərəkətlər də onların nəzərinə çatdırılır və nümayiş etdirilir. Şagirdlərə evdə həmin
kompleksdən istifadə etməklə bərabər, sadə komplekslər tərtib etməsi də onlara tapşırılır (bu metodlar
əsasən 3-4 və daha yuxarı siniflərdə istifadə etmək əlverişlidir).
Həmin məktəbdə şagirdlərin tapşırıqları necə yerinə yetirdiklərini bilmək üçün onları zalın,
meydançanın mərkəzində arxaları mərkəzə baxmaqla dairə üzrə düzləndirilir və icra etmək lazım gələn
hərəkətin adı çəkilir və komanda verilir. Məsələn, gövdə əzələlərini inkişaf etdirən kompleks hərəkətlərin
icrasına hazırlaşın. Başla. Bir-iki, üç-dörd və s. sayırıq. Axırda isə buraxılmış nöqsanları qeyd edir və
onun düzgün yerinə yetirilməsini göstərir.
Başqa bir məktəbin təcrübəsinə istinad edək. Bakının Xətai rayonundakı 254 saylı məktəbin bədən
tərbiyəsi müəllimi Müzəffər Aslanov dərsəqədər səhər gimnastikasını təşkil edərkən aşağıdakı pedaqoji-
metodiki cəhətləri nəzərə alır. Müşahidələrdən məlum olur ki, müəllim məşğələlərə qədər səhər
gimnastikasını xüsusi komanda ilə başlayır. Səhər gimnastikasına düzlən komandası verilən kimi
şagirdlər yaş qrupları üzrə əvvəlcədən müəyyənləşdirilmiş məktəbyanı sahədə öz yerlərini tuturlar. O,
ibtidai siniflər üçün ayrılıqda məşğələ yeri düzəltmişdir. Bundan əlavə, meydançada hər bir sinif üçün
xətlərlə işarə vurulmuşdur. Hər bir sinifdən ötrü yerin ayrılmasının mühüm pedaqoji əhəmiyyəti vardır.
Hər şeydən əvvəl, şagirdlər öz yerlərini tanıyır, komanda verilən kimi vaxt itirmədən sıra və cərgəyə
düzülür, aparıcının tapşırıqlarını gözləyirlər. Bu vaxt uşaqlar daha intizamlı və mütəşəkkil surətdə olurlar.
Hərəkətlər bəzən də yarış formasında yerinə yetirilir. Yəni müəyyən hərəkət kompleksi və ya onun hər
hansı elementi (ibtidai siniflərdə əsasən 5-6 gimnastika hərəkəti təşkil olunur) icra olunduqdan sonra
hənsı sinfin həmin hərəkət elementini (misal üçün birinci hərəkət kompleksini) düzgün qaydada yerinə
yetirməsi və bu hərəkətə görə neçə xal qazanmağı elan olunur. Bütöv bir kompleks icra edildikdən sonra
xallar hesablanır. Daha çox xal toplamış komanda həmin gün səhər gimnastikasının ən yaxşı icraçıları
adlandırılır. Bu kiçik məktəbyaşlı uşaqların səhər gimnastikasına həvəsini daha da artırır. Əlbəttə, burada
bir məsələyə diqqət yetirmək lazımdır. Xallar düzgün hesablanmalı, hər bir sinfin göstəricisi obyektiv
qiymətləndirilməlidir. Bunun üçün də yuxarı siniflərdən, ən fəal idmançılardan 2-3 nəfəri həmin işə cəlb
edilməli və qabaqcadan hazırlanmalıdır.
Bir cəhəti də qeyd etmək lazımdır ki, məşğələyə qədər səhər gimnastikasında şagirdlərin idman
geyimləri yerli iqlim şəraitinə uyğun olmalıdır. Tədris ilinin ilk və son aylarında yüngül və qısaqollu
köynəklərdə idman ayaqqabıları ilə, ortalarında isə uşaqların geyimlərinin bir qədər isti olmasına
əhəmiyyət verilməlidir. Ümumiyyətlə, kompleks hərəkətlər sadə olmaqla, uşaqların tərləməsinə,
təngnəfəs olmasına zəmin yaratmamalıdır. Hoppanmalara az və tənəffüs hərəkətlərinə isə (nəfəs alıb-
verməyə) geniş yer verilməlidir. Qüvvətli külək zamanı və şiddətli qar yağan zaman uşaqları ətraf yerlərə
qısa müddətə gəzməyə aparmalı, bir neçə dəfə yerişi asta qaçışla növbələşdirməlidir.
Şaxtalı və soyuq havalarda isə məşğələyə qədər səhər gimnastikasını açıq havada deyil, pəncərə və
gözlükləri açmaq şərti ilə dəhlizlərdə, idman zallarında və geniş siniflərdə yerinə yetirməlidir.
Məşğələ üçün yerlərin sanitar-gigiyenik cəhətdən təmiz və kifayət qədər işıqlı olmasına diqqət
yetirmək vacibdir.
254
Məşğələyə qədər səhər gimnastikasının təlim-tərbiyəvi əhəmiyyəti nəzərə alınaraq onun ümumi
rəhbəri məktəb direktoru olmalıdır. Baş bədən tərbiyəsi müəllimi və digər mütəxəssis müəllimlər isə işin
icrasına, metodik cəhətdən düzün təşkilinə cavabdehdirlər. Köməkçilər, başqa fənn müəllimləri, sinif
rəhbərləri və ictimai təlimatçılar olmalıdır.
Məşğələyə qədər səhər gimnastikası dövründə hərəkətlərin intensiv surətdə icrasına, hər bir şagirdin
aparıcı rolunda çıxış etməsinə şərait yaradılmalıdır. Aparıcı gimnastlar hündür yerdə dayanmalı, hərəkət
komplekslərini şagirdlərlə birlikdə yerinə yetirməlidir. Köməkçi fəallar və şagirdlərin diqqətini özünə
cəlb etməklə, sıralar arasında gəzişir və hərəkətin düzgün, eyni vaxtda yerinə yetirilməsinə nəzarət
etməlidirlər.
Təcrübədən aydın olur ki, şəhər məktəblərinin bəzilərində kompleks hərəkətlər maqnitafona yazılır
və məktəbin radio qovşağı vasitəsilə şagirdlərə çatdırılır. Çalışmaq lazımdır ki, səhər gimnastikası
şagirdlərin ruhuna oxşasın. Hərəkətlər onun ritminə uyğun musiqinin şux və oynaq müşayiətilə icra
olunsun. Bu diqqəti cəlb edir və uşaqların əhval-ruhiyyəsini yüksəldir.
Qeyd etmək lazımdır ki, səhər gimnastikası hərəkətləri şagirdlərə elə çatdırılmalıdır ki, onlar aydın
dərk edilsin, hamı onu başa düşə bilsin. Ona görə də aparıcı gimnast bütün hərəkətləri qabaqcadan yaxşı
öyrənməli və öz üzərində bir neçə dəfə məşq etməlidir. Müəllim isə aparıcının kompleksi necə icra edə
bilməsini yoxlamalı, lazım gələrsə ona aparıcı rolunda çıxış etmək hüququ verməlidir. Aparıcı şagirdlərlə
birlikdə, üzbəüz dayanıb güzgü üsulu ilə hərəkəti icra etməlidir.
Şagirdlərdən bəziləri hərəkəti düzgün yerinə yetirmirsə, bəs onda nə etməli? Birinci növbədə
gimnastikanın tempini dəyişdirmək, sinifləri hərəkətdən ayırmamaq şərti ilə nöqsanların düzəldilməsi
nəzərdə tutulur.
Kompleks hərəkətlər öyrədilərkən əvvəlcə bir hərəkəti icra edib kiçik fasilə etdikdən sonra digər
hərəkəti yerinə yetirmək faydalıdır. Bu vaxt müəllim və ya aparıcı gimnast hərəkətin yerinə yetirilməsi
texnikasını izah və göstərməklə, həm də baş verə biləcək nöqsanları əyaniləşdirir və onun aradan
qaldırılması yollarını izah edir. Sonra isə hərəkət kompleksi eyni vaxtda icra olunur. Burada şərh aydın,
konkret və emosional olmalıdır. Hərəkətlər arası fasilə uzun deyil, ani saniyə müddətində edilməlidir.
Səhər gimnastikası kompleks hərəkətləri o zaman fasiləsiz olaraq yerinə yetirilir ki, icra olunan
hərəkət sonrakı hərəkətlərin başlanğıcı olsun. Bu vaxt şagirdlər hərəkəti göstərmək üçün dayandırılmır.
Bu cür metoddan yalnız yüksək fiziki hazırlığa malik olan şagirdlərlə hərəkətin icrası dövründə istifadə
etmək mümkündür.
Səhər gimnastikasının səmərəli təşkili yuxarıda deyilənlərlə yanaşı, hərəkətin xarakterindən, onun
üsullarından istifadə edilməsindən çox asılıdır.
I-IV siniflərdə gücü inkişaf etdirən hərəkətlər yavaş icra edilməlidir. Həmin hərəkətləri uşaqların
yüksək ümumi fiziki hazırlığından asılı olaraq tempdə icra etmək mümkündür. Oynaqların mütəhərrikliyi
və çevikliyi artırılan vaxtı isə yellənmələr tam amplituda da yerinə yetirilir və ya kəskin hərəkətlər icra
olunur. Yumşaldıcı, sakitləşdirici hərəkətlər isə hərəkətin koordinasiyalılığını inkişaf etdirir, qüvvəni
düzgün bölüşdürür, həmçinin elə əzələləri işə cəlb edlir ki, onlar hərəkətin yerinə yetirilməsində bilavasitə
iştirak edir. Qüvvəni artıran hərəkətləri yavaş tempdə və fiziki yükü tədricən artırmaqla icra etmək
lazımdır. Əvvəlcə sadə hərəkətlərdən başlamalı, sonra isə bacardıqca daha çox əzələləri fəaliyyətə
gətirmək zəruridir. Qüvvə üçün hərəkətlər icra olunarkən fasilənin verilməsi və ya bədəni sakitləşdirici
hərəkətlərin yerinə yetirilməsi məsləhət görülür. Qüvvə hərəkətlərini təxminən eyni gücdə və boyda olan
uşaqlara tətbiq etmək faydalıdır.
Bədii gimnastika üzrə o qədər avadanlıq və ləvazimata ehtiyac yoxdur. İlk məşğələlər
ümuminkişafetdirici hərəkətlər, sonra isə lentlər, iplərlə bağlıdır. O 1 saat ərzində keçirilməli, hər qrupda
15 – 20 şagird olmalıdır.
İlk məşğələlərdə şagirdlərin nəyə qabil olmalarını aşkara çıxartmalı və növbəti məşğələləri həmin
göstəricilər (fiziki hazırlıq, sürət, qüvvə, cəldlik və s.) əsasında qurmalıdır. Çalışmaq lazımdır ki, fiziki
cəhətdən eyni hazırlıqlı qızlar eyni qrupda cəmləşdirilsin. Qızların çevikliyini «körpü» hərəkətləri, bu və
ya digər maneələr üzərindən hoppanmalar yolu ilə aşkara çıxarmaq olar.
Bədii gimnastika məşğələlərinin müntəzəm həyata keçirilməsində valideynlərin rolu çox böyükdür.
Ona görə də qruplar komplektləşdirilən zaman valideynlər məktəbə dəvət olunmalı, gimnastikanın qızlar
üçün vacibliyindən danışmalı, onları məşğələnin cədvəli ilə tanış etməli, idman formasının, iplərin və
255
topların əldə edilməsi yollarını izah etməlidir. İclasda həkimin çıxışını təşkil etməli, o, qızların
inkişafında bədii gimnastikanın əhəmiyyətindən danışmalıdır.
İlk mərhələdə ümuminkişafetdirici hərəkətlər elementlərinin, bədii gimnastikanın və
elementlərinin, rəqs addımları və akrobatika hərəkətlərinin öyrədilməsi məsləhət görülür. Ümumiyyətlə,
əsas diqqət qamətin düzgün tərbiyəsinə, ayaq əzələlərinin inkişafına, düzgün yerişə, hərəkətlərində incə
və çevik olmağa verilməlidir.Qeyd etməliyik ki, bədii gimnastika məşğələlərində mütəhərrik oyunlardan
geniş istifadə etmək lazımdır. Hərəkətli oyunlar qızların çevikliyini artırır. Məşğələnin əsas hissəsində
əşyalı və əşyasız oyunların təşkilinin özü də öyrənilmiş hərəkətlərin vərdiş halına keçməsinə müsbət təsir
göstərir. Tamamlayıcı hissədə isə əl və qolların yumşaq hərəkətlərinə, sakit oyunlara, sakitləşdirici
hərəkətlərə fikir verilir.
Müqavimət hərəkətləri icra edilərkən hərəkətlər yoldaşın köməyi ilə yavaş tempdə və düzgün
olaraq icra olunmalıdır. Bu hərəkətlərin icrası zamanı şagirdlərə nəzarəti və köməyi bir qədər də artırmaq
lazımdır.
Çevikliyin inkişafı üçün hərəkətlər isə birdən-birə, yavaş və cəldliklə yerinə yetirilməlidir. Bədii
gimnastika üzrə fiziki yük hərəkətlərin miqdarından və mürəkkəbliyindən, temp və onun yerinə yetirilmə
ritmindən və sayından asılıdır. Fiziki yük tədricən artırılmalıdır. Fiziki yük qızlara nisbətən oğlanlarda
xeyli ağır olmalıdır. Qızlar üçün kompleks hərəkətlər seçərkən qarın əzələlərini, cəldliyi, elastikliyi
inkişaf etdirən hərəkətlərə xüsusi diqqət yetirmək vacibdir.
VII.3. Bədən tərbiyəsi dəqiqələri
Məlumdur ki, gərgin təlim dövrü ibtidai siniflərdən başlayaraq I sinifdən etibarən şagirdlərin ciddi
fəaliyyətə başlaması onların daxili üzvlərinin, xüsusən sinir sisteminin gərginliyini artırır. Normal
fəaliyyət üçün daha çox enerji sərf etmək tələb olunur. Konkret desək, I-IV siniflərdə 4 və ya 6 saat dərs
ərzində eyni xarakterli iş (zehni) yerinə yetirilir. Bu isə bir tərəfdən kiçik məktəbyaşlı uşaqların təlimə
marağını, fikri fəallığını azaldırsa, digər tərəfdən onların emosionallığına mənfi təsir göstərir. Baş beyin
qabığında bir sıra mənfi hallar da baş verir ki, bütün bunlar da mərkəzi sinir sisteminin funksional
imkanlarını, iş qabiliyyətini nisbətən aşağı salır. Buna görə də, ümumtəhsil məktəblərinin ibtidai
siniflərindən başlayaraq şagirdlərlə təlim dövründə qısa müddətli bədən tərbiyəsi dəqiqəsi həyata keçirilir
və beləliklə, onların fəal istirahətini təmin edir.
Alimlər tədqiqat nəticəsində müəyyən etmişlər ki, I-II sinif şagirdlərinin fəal diqqəti yalnız cəmi
15-20 dəqiqəyə qədər olur. Buna görə də həmin sinifdə istirahət dəqiqəsi dərsin 15-20 dəqiqəsində təşkil
olunmalıdır. II-IV siniflərdə isə hər bir dərsin 20-25 dəqiqəsində şagirdlərin diqqəti yayınır və tədrisə
lazımi fikir verməkdə çətinlik çəkirlər. Həmin siniflərdə fəal istirahət dəqiqələri tədris prosesinin 20-25
dəqiqəsində həyata keçirilir.
İbtidai sinif şagirdləri ilə fəal istirahətin keçirilməsi təkcə təlim prosesinə fəallığı artırmaq
məqsədilə təşkil edilmir, o, eyni zamanda tədris fəaliyyəti dövründə kiçikyaşlı məktəblilərin eşitmə,
görmə, duyğu üzvlərinə istirahət vermək üçün də təşkil edilir. Çünki, duyğu üzvləri tədris fəaliyyətində
çox iş görməklə, başlıca çətinlikləri öz üzərinə götürür. Bundan əlavə, dərs vaxtı gövdə əzələləri, kürək
əzələləri statik gərginlikdə olur, əl əzələləri isə əla işləyir. Bədən tərbiyəsi dəqiqəsi hərəkətləri isə bu
əzələlərin istirahətinə şərait yaradır.
Müşahidələr göstərir ki, qısa müddətli bədən tərbiyəsi dəqiqəsinin keçirilməsi vaxtını müəllimin
müəyyənləşdirməsi daha faydalıdır. Ona görə ki, istirahət dəqiqəsinin konkret olaraq təşkil edilməsinə
məhəl qoymaq o qədər də məqsədəuyğun deyildir. O, əsasən dərsin mövzusunun xarakterindən, tədris
fəaliyyətindən, tədris yükünün həcmindən, şagirdlərin əhval-ruhiyyəsindən, mövcud dərsin həmin
dərsdən sonra keçirilməsindən, əvvəlki dərsdə şagirdlərin tədrisə göstərdiyi münasibətdən və bir çox
amillərdən mühüm dərəcədə asılıdır. Qısa müddətdə göstərilən dərsin birinci yarısında və yaxud ikinci
yarısında, yaxud da həm dərsin I yarısında, həm də dərsin II yarısında da təşkil etmək mümkündür.
Ümumiyyətlə, bu məsələləri fənn müəllimi özü həll etməlidir. Keçirilən bədən tərbiyəsi dəqiqəsi isə
256
məktəblilərin zehni gərginliyinin aradan qaldırılmasına, bədəncə sağlam olmasına, diqqəti toplamasına
xidmət etməlidir.
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin komandası və ya siqnalı üzrə keçirilməsinin təlim-tərbiyəvi
əhəmiyyəti böyükdür. «Bədən tərbiyəsi dəqiqəsi başlandı» komandası verilən kimi bütün şagirdlərin
diqqəti müəllimdə olur. Növbətçilər pəncərənin gözlüyünü açırlar, hamı qalxır və partaların arasında
onların hər biri üçün edilmiş nişanlar üzərində dayanırlar. Bəzi hərəkətləri isə partada oturmaqla və ayağa
qalxmaqla da icra etmək olar.
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin bilavasitə iştirakı ilə yerinə yetirilməsi daha əhəmiyyətlidir.
Bu işi qabaqcadan hazırlanmış şagirdlərə də həvalə etmək mümkündür.
Bədən tərbiyəsi dəqiqəsi üçün seçilən komplekslər sadə hərəkətlərdən, xüsusən 3-4 gövdə, qol, qıç
və ayaq hərəkətlərindən ibarət olur. Bədən tərbiyəsi dəqiqəsi kompleks hərəkətləri qaydaya görə 3 tip
hərəkətdən təşkil olunmalıdır: I tip hərəkətlər «dartınma»; II tip hərəkətlər ayaq əzələlərinin inkişafından
ötrü; III tip hərəkətlər isə gövdə əzələlərinin inkişafı və qüvvəsinin artırılmasına yönəldilməlidir. Uşaqlar
hərəkətləri düzgün yerinə yetirə bilirlərsə, onda kompleksi həftədə 2 dəfə dəyişdirmək olar. Hərəkət
birləşmələri bədən tərbiyəsi dəqiqələrində öyrədilməlidir.
Ümumiyyətlə, qısa müddətli istirahət üçün kompleks hərəkətlər tərtib olunarkən çalışmaq lazımdır
ki, onlar daha çox əzələ qrupuna təsir edə bilsin, statik gərginliyi nisbətən azaltsın, tənəffüsü fəallaşdırsın,
qan və limfa dövranını gücləndirə bilsin, şagirdlərin partada uzunmüddət düzgün əyləşməsinə imkan
yaratsın. Bədən tərbiyəsi dəqiqələrində böyük amplitudalı hərəkətləri də icra etmək olar. Belə hərəkətlər
əsasən ana dili; riyaziyyat fənlərində tətbiq olunmalıdır. Çünki bu fənlərin tədrisi dövründə şagirdlər uzun
müddət statik vəziyyətdə olurlar. Həmin hərəkətləri də parta arxasında və partaların arasında duraraq icra
etmək olar. Bu vəziyyətlərdə qol, ayaq və gövdə üçün hərəkətləri icra etmək əlverişlidir. Oxu,
təbiətşünaslıq dərslərində isə şagirdlər o qədər də gərgin vəziyyətdə olmurlar. Bu zaman arxa parta
arxasında oturmaqla və ayaqüstə qalxmaqla əlaqədar fiziki hərəkətlər yerinə yetirilməlidir. Yoxlama yazı
işlərində hərəkətlərin parta arxasında oturmaqla icra olunması məsləhətdir.
Bədən tərbiyəsi dəqiqələrini nəğmə, təsviri incəsənət, əmək dərslərində icra etmək lazımdır. O, 3 –
4 hərəkət birləşməsindən ibarət olub, 2 – 3 dəqiqə müdddətində keçirilməli, 4 – 6 dəfə təkrarlanmalıdır.
I hərəkət kompleksi dartınma xarakterli olmaqla bərabər, gövdəni düzləndirməli, müxtəlif çıxış
vəziyyətlərindən başlanılmalı, əl hərəkətlərinin köməyi ilə oynaqlar hərəkətə gətirilməli;
II kompleks – gövdənin yanlara, qabağa, arxaya əyilməsinə onun müxtəlif tərəflərə dairəvi
hərəkətilə sağdan sola, soldan sağa istiqamətləndirilməli; III kompleks ayaq əzələlərinin əzələ qüvvəsini
artırmalı, bunun üçün də qıçların növbə ilə bükülüb-açılması, yanlara – irəli və arxaya aparılması (diz
bükülməsi şərti ilə) hərəkətləri icra edilməli; IV hərəkət sadə və sakitləşdirici və bədəni yumşaldıcı təsir
göstərməlidir.
Bədən tərbiyəsi dəqiqələrinin musiqinin müşayiəti ilə dəqiq, çevik, düzgün və cəldliklə yerinə
yetirilməsi hərəkətlərinin icrası üçün daha faydalı olardı. Hərəkətin gözəl, musiqinin müşayiəti ilə icrası
tənəffüslə uzlaşdırılaraq yerinə yetirilməsi çox böyük təlim-tərbiyəvi əhəmiyyət kəsb edir.
VII.4. Böyük tənəffüslərdə fiziki hərəkətlər
və mütəhərrik oyunlar
Bədən tərbiyəsi fasiləsi tədris gün rejimində özünəməxsus yer tutur. Bədən tərbiyəsi fasiləsinin
təmiz və açıq havada keçirilməsi ibtidai sinif şagirdləri üçün daha xarakterikdir. O, hər şeydən əvvəl,
mərkəzi sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir, bu da əqli iş qabiliyyətinin
artmasına, sinir sistemində gedən proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur.
Bədən tərbiyəsi fasiləsinin – qısa müddətli fəal istirahəti bütün fasilələrdə, xüsusən böyük
tənəffüsdə təşkil etmək olar. Fəal istirahəti səmərəli təşkil etmək üçün ilk növbədə onun planı
tutulmalıdır. İşin məzmunu qabaqcadan müəyyənləşdirilməlidir. Bədən tərbiyəsi fasiləsinin
müvəffəqiyyətlə nəticələnməsi üçün hava şəraitinin və məktəbyanı meydançaların, qurğuların, avadanlıq
257
və ləvazimatların da nəzərə alınması həlledici əhəmiyyətə malikdir. Açıq havada oyunlar 10-12
o
-dən
aşağı temperaturda olmamaq şərti ilə keçirilməsi məsləhətdir.
Açıq havada oyunların məcburi deyil, könüllülük əsasında keçirmək daha məqsədəuyğundur.
Burada şagirdlər 2-1, 3-1 və s. müstəqil oyunlar keçirir və iplə hoppanmaları, müxtəlif növ sadə qaçışları
yerinə yetirirlər.
Fəal istirahət məqsədilə aparılan bədən tərbiyəsi fasiləsinin səmərəli təşkilində məktəbyanı
meydançanın səliqə-səhmanlı olması, şagirdlərin sayına uyğun sadə avadanlıq və ləvazimatla təmin
edilməsi xüsusən vacibdir. Həmin məqsədlə də sinif növbətçisi fasiləyə kimi lazım olan avadanlıq və
ləvazimatları meydançaya (koridora) aparır və səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə də
istifadə olunan idman əşyaları yığışdırılır və əşyalar saxlanılan otağa aparılır. İdman əşyaları götürüləndə
sayılmalı və yerinə qaytarılıb təhvil verilməlidir. 2-3 dəqiqə dərsə qalmış oyun və əyləncələri qurtarmaq
lazımdır. Bu vaxt şagirdlər sakit halda öz siniflərinə gedib növbəti məşğələyə hazırlaşa bilərlər.Təəssüf
ki, bəzi fasilələr səmərəli təşkil olunmur. Bəzən görürsən ki, fəal istirahətdən ötrü meydançada aparılmaq
üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları şagirdlərin sayına uyğun gəlmir, bəzən də əşyalar
yararsız və işlənməsi qeyri-mümkün olur.
Əlverişli olmayan havada isə bədən tərbiyəsi fasiləsini geniş otaqda, koridorda və başqa yerlərdə də
təşkil etmək olar. Bu zaman daha kütləvi və daha sadə oyunlardan, rəqs hərəkətlərindən istifadə etmək
faydalıdır. Otaq və koridorlarda da keçirilən oyun və rəqslərin səmərəli təşkilinə ciddi səy göstərilməli və
yaxşı hazırlanmalıdır. Belə fasilənin keçirilməsinə sinif müəllimi ilə birlikdə, növbətçi müəllim, dəstə
rəhbərləri, bədən tərbiyəsi müəllimləri, yuxarı sinfin fəal və təşkilatçı idmançıları, habelə sinfin öz
ictimaiyyətçiləri yaxından və var qüvvəsi ilə kömək göstərməlidir.
Məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini bədən tərbiyəsi fasiləsinin müntəzəm,
məzmunlu və maraqlı təşkilinə, həmçinin nəzarət etməlidir, bu sahədəki mövcud qüsurların aradan
qaldırılmasına kömək göstərməli, mübariz tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Xüsusilə belə
bir faydalı işə baş bədən tərbiyəsi müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal
surətdə cəlb edilməlidirlər. Pedaqoji şurada, ictimai təşkilatların iclasında bədən tərbiyəsi fasiləsinin
səmərəli təşkil edilməsi ilə əlaqədar xüsusi məsələlər qoyulmalı və məktəbdə həmin işin vəziyyəti
müzakirə olunmalıdır.
İbtidai siniflərdə bədən tərbiyəsi fasiləsi dövründə aşağıdakı fiziki hərəkətlərdən istifadə olunur:
ayağın, gövdənin, qolların müxtəlif vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində və s.
yerinə yetirilə bilər; siqnal üzrə verilən tapşırıqların sakit və sürətli qaçışla icra etmək, qaçışın yerişlə
növbələşməsi, mürəkkəb olmayan maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların
növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik topların atılıb-tutulması, ikilikdə
topun bir-birinə atılması, müxtəlif məqsədlə topun uzağa atılması və s. dırmanma, dırmanıb aşmaq,
sürünmək, halqalardan sürüşüb keçmək və s. oyun formasında sallanma, dayaq saxlamaq və s. müxtəlif
maneələrin dəf edilməsi, əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif uzunluqda iplərlə hərəkətlər, əşyasız
başın, gövdənin, əlin və ayaqların hərəkətləri, ümuminkişafetdirici hərəkətlər və qaçışla cisim atmalar,
maneələrin keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar.
Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol, futbol oyun elementlərindən və
s. istifadə etmək olar. Yuxarıda adları çəkilən fiziki hərəkət elementləri nəinki ibtidai sinif şagirdlərinin
yaşına uyğundur, hətta bədən tərbiyəsi tədris proqram materialının yerinə yetirilməsinə yaxından kömək
edir. Şagirdlərə hərəkət vərdişlərinin aşılanmasını sürətləndirilir, hərəkət təcrübəsini artırır və dayaq
hərəkət aparatını təkmilləşdirir.
Böyük tənəffüslərdə mütəhərrik oyunların və idman əyləncələrinin təşkili və keçirilməsi üzrə
Qaradağ rayonundakı 228 saylı məktəbdə bədən tərbiyəsi və idman kollektivinin zəngin və maraqlı iş
təcrübəsi vardır. İndi həmin təcrübəyə istinad edək: bu məktəbin baş bədən tərbiyəsi müəllimi, Böyük
Vətən müharibəsinin iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən gülləsini
bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq
bədən tərbiyəsi fasiləsinin könüllülük və müstəqillik əsasında keçirilməsinə artıq nail olmuşdu. Bütün
hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata
keçirilir. O, fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət mərkəzində saxlayır. O, bədən
tərbiyəsi fasilələrini tək-tək hallarda gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir.
258
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada təşkil edilən tədbirlərdən az effektli
olur. Ümumiyyətlə, şəraitə uyğunlaşdırılmış rəqslər, əyləncələr və oyunlar bədən tərbiyəsi fasilələrində
mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox olur. Onlar məktəblilərin isti geyimdə açıq
havada gəzintiəyə çıxmasına nəzarət edir.
Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri kimi fasilələrdə də böyük
təşkilatçılıq işi tələb olunur. Elə buna görə də dərs ilinin əvvəlində sinif müəllimləri ilə təlimat keçir,
ictimai təlimatçıların dəqiq siyahısını tərtib edir (IX-X siniflərdən). Adları siyahıya daxil edilmişlər,
fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai təlimatçılar kimi təsdiq olunurlar. Yəni ibtidai siniflərdə
bədən tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır. Bundan sonra onlarla seminar və
söhbətlər təşkil olunur. Bədən tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti izah olunur, bu sahədə
işin məzmunu və necə təşkil olunub keçirilməsi onların nəzərinə çatdırılır. Yuxarı siniflərdə olan təlimatçı
fəallar təhkim olunduğu ibtidai siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə fəal
uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da həmin üçlük fəaliyyətə başlayır.
Məktəbdə inventar saxlanılan otaq ayrılmış və bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər. Bu avadanlıqların əksəriyyəti
məktəbin əmək təlimi emalatxanasında məktəbli şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika halqaları və ağacları gətirməyə icazə
verilir. Bəzən də siniflər öz idman əşyaları ilə birlikdə məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə,
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa təhvil verilməsi, sonra isə lazımı
vaxtda istifadə edilməsi yaxşı olardı. Dərsin sonunda ləvazimatların uşaqlara paylanması məsləhətdir.
Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin məktəbdə şagirdlər tennis topundan,
halqalardan, raketlərdən, gimnastika ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb əldə etməli və təlimatçılar vasitəsilə fasilə dövründə
istifadə etmək üçün şagirdlərə verilməlidir.
Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı növləri üzrə basketbol, voleybol
meydançaları, yüngül atletika bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət tirləri,
turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və hündürlüyə tullanmaq üçün çalalar
düzəldilmişdir. Şagirdlər fasilə zamanı orada sərbəst və təlimatçının rəhbərliyi altında oynayır, rəqs,
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində təlimatçılar növbətçilik edirlər.
Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları yerinə yetirilir ki, bu da şagirdlərin
çox böyük marağına səbəb olur.
VII.5. Günüuzadılmış qruplarda idman «saatı»
Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli inkişafı üçün daha əlverişli
şərait yaratmaq və uşaqların tərbiyəsində ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və siniflər yaradılır. Ölkəmizdə
həmin iş böyüməkdə olan gənc nəslin təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş elmi-praktik konfransda bu məktəb
və qrupların məktəblilərin təliminə, tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif Nazirliyi və SSRİ Pedaqoji Elmlər
Akademiyası tərəfindən təşkil olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə şagird kontingentin sabit qalmasına
müsbət təsir göstərmişdir (Bax: «Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral).
Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və səmərəli təşkili şagirdlərin bilik,
bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə məktəblərdə məşğələlərin rəngarəng olması,
şagirdlərin yaşına, psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb etməklə yanaşı, eyni
zamanda valideynlərin ailədə işini yüngülləşdirir, səmərəli istirahətini təmin edir. Bütün bunlar isə
istehsalatda çalışan ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və idarədə fəallığını
artırır.
259
Günüuzadılmış məktəb və qruplar şagirdləri ictimai-faydalı əməyə, dərnək və bölmələrə cəlb
etməklə, onların mədəni istirahətini təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir.
Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və Bakı şəhərinin günüuzadılmış
məktəblərində, qrup və siniflərində şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər də diqqəti özünə cəlb etmir, zəif
təşkil olunur, hələ də bir sıra gənc tərbiyəçilər qruplarda yazılı və şifahi ev tapşırıqlarını, texniki
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün tələbləri səviyyəsinə hələ də çatdıra
bilməmişlər. Bu sahədə çoxlu səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə oturmaqla,
bir qrup tərbiyəçilər isə şagirdləri məktəbyanı sahəyə çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq
lazımdır ki, təbii hərəkət vərdişlərinin formalaşması hərəkət sürətinin, gücün, cəldliyin və davamlığın
inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır.
Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar üçün ayrılmış idman saatı müxtəlif
mütəhərrik və idman oyunları, ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır.
Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən tərbiyəsi müəlliminin köməyindən və
göstərişindən həmişə istifadə etməlidir. Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi dərslərindən xeyli fərqlənməlidir. Lakin
gün qruplarında keçirilən bədən tərbiyəsi məşğələləri başlı-başına buraxılmamalı, bilavasitə tərbiyəçinin
rəhbərliyi altında keçirilməlidir. Qruplara bacarıqla rəhbərlik etmək, şagird kollektivinin fəaliyyətini
düzgün istiqamətləndirmək və onların səylərini (düzgün) rəğbətləndirməyə ciddi səy göstərilməlidir.
Bunun üçün məşğələlərin forma və məzmununu tez-tez rəngarəngləşdirmək və şagirdlərin marağını
nəzərə alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir vermək lazımdır.
Uzadılmış gün rejimindəki bədən tərbiyəsi məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası
təmiz və dəyişilmiş otaqda keçirmək lazımdır.
I-IV sinif şagirdlərinin məşğələlərinin əsasını mütəhərrik oyunlar təşkil etməlidir. Bu oyunların
içərisində dərsdən uşaqlara tanış olan və onların daha həvəslə oynadıqları oyunların olması
məqsədəuyğundur. Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır.
Oyun uşağın sağlamlığını, orqanizmin həyat fəaliyyətini artıran mühüm vasitələrdəndir. Oyun fiziki
hazırlıqla yanaşı, uşağın estetik zövqünün yaranmasına, hisslərin inkişafına, baş beyin ali hissələrinin
fəaliyyətinin güclənməsinə müsbət təsir göstərir. O, eləcə də uşağın əhval-ruhiyyəsini yaxşılaşdırır,
emosionallığını artırır.
Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət verərək yazmışdır ki, yaşlı adamın
həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və
əhəmiyyətlidir.
Bundan əlavə, oyun uşaqlarda kollektivçilik, dostluq, təşəbbüskarlıq, qoçaqlıq, dözümlülük,
beynəlmiləlçilik və vətənpərvərlik kimi ən yüksək əxlaqi keyfiyyətləri aşılayır. Oyun müəllimin
rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun keçirilməsi uşaqlar üçün cansıxıcı
olmamalıdır. Müəllim məzmunlu, rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona
rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı şagirdlər arasında vəzifə bölgüsü
apararkən onların fərdi xüsusiyyətlərini, hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır. Təkcə
qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb olunmalıdır.
Bakı şəhərinin günüuzadılmış məktəb və qruplarında idman saatının necə qurulduğunu öyrənmək
məqsədilə bir sıra məktəblərdə müşahidələr apardıq. Məlum oldu ki, Xətai rayonundakı 254 saylı
məktəbdə bu iş digər məktəblərə nisbətən daha yaxşı təşkil olunmuşdur. Elə buna görə də həmin
məktəbin iş təcrübəsinə istinad etməyi lazım bildik.
Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına xüsusi diqqət yetirilir, məşğələlər
qış fəslində məktəbin böyük idman salonunda, payız və yaz fəslində isə məktəbyanı bağda meydançada
keçirilir. Yazda məktəbyanı sahə daha da gözəl görünür. Məktəb hər tərəfdən yaşıllığa bürünür. Uşaqlar
idman saatında bu yaşıllıqlarda oynamaqdan doymur, hey onyamaq istəyirlər.
Tərbiyəçi M.Mikayılova 11
b
sinfində apardığı məşğələni müşahidə etdik. İdman saatında uşaqlar
hamısı idman geyimində (trusi, mayka və idman ayaqqabısında) məktəbyanı sahəyə çıxıb düzüldü və
tərbiyəçinin göstərişini dinlədilər. Tərbiyəçi idman saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi.
260
«… Bu gün həm də «Gəlin gəzməyə gedək» oyununa keçək» sözünü bitirə-bitirməz şagirdlərin əhval-
ruhiyyəsi yüksəldi və üzlərində xoş bir təbəssüm yarandı. Məsmə müəllimə oyunun əhəmiyyəti haqqında
qısa məlumat verdikdən sonra onun məzmunundan, təşkili və keçirilməsi qaydalarından danışdı. Bundan
əlavə, müəllim oyunun qaydalarına hamının bir nəfər kimi riayət etməsini tapşırdı. Oyun başlandı:
oyunçular meydançanın müxtəlif yerlərindən kiçik dairə çəkib onun içərisində durdular (aparıcıdan
başqa).
Aparıcı şagird istədiyi oyunçuya yaxınlaşıb deyirdi: «Gəzməyə gedək». Dəvət olunan oyunçu bir
cərgəyə düzülüb aparıcının arxasınca gedirdilər. Bütün oyunçular öz yerlərindən çıxan kimi aparıcı onları
dairədən bir qədər aralı məsafəyə aparıb, işarə və ya siqnal verirdi. Aparıcı, hərə öz yerinə deyən kimi
bütün oyunçular qaçıb öz dairəsini tuturdu. Dairəsini tuta bilməyən oyunçu növbəti oyunda aparıcı rolunu
oynayırdı. Aparıcı rolunda bir dəfə də olsun çıxış etməyən şagirdlər oyunun qalibi hesab olunur və
oyunçular qarşısında tərbiyəçi müəllim tərəfindən rəəğbətləndirilirdi.Oyun maraqlı və yüksək intizamlı
keçirildi. Məsmə müəllimə məşğələnin axırında oyun haqqında uşaqların nə kimi təəssüratda olduqlarını
və növbəti məşğələdə hansı oyunları keçməyi arzuladıqlarını soruşdu. İdman saatında uşaqlar ancaq
oyunla kifayətlənməyib, Azərbaycana həsr olunmuş şeir söyləyir, Azərbaycan xalq rəqslərini ifa edirlər.
Rəqslər nağara və qarmonun müşayiəti ilə keçirildi. Çox gözəl haldır ki, rəqs edənlər də, musiqiçilər də
şagirdlərin özü idi.Bütün bunlar da məşğələnin rəngarəngliyinə, effektliyinə, xüsusən qrup uşaqlarının
istirahətinin səmərəli keçməsinə müsbət təsir göstərirdi.
287 saylı «Gələcək zəkalar» məktəbinin tərbiyəçi-müəllimi M.Qardaşəliyeva və 264 saylı
məktəbin tərbiyəçi-müəllimi E.Mirzəbəyova da idman saatını şagirdlərin yaş xüsusiyyətlərinə, estetik
zövqünə uyğun qurur və əsas məqsədin həyata keçirilməsinə yönəldir. Mətanət müəllimə valideynlər
qarşısında da çıxış edir, qruplarda idman saatının təşkili xüsusiyyətlərindən, fiziki tərbiyə
məşğələlərindən, mütəhərrik oyunlara geniş yer verilməsinin əhəmiyyətindən söhbət açmışdır. Mətanət
müəllimin bir «idman satını» müşahidə etdik. O, «Ovçular və dovşanlar» oyununu keçirdi. Oyunda
aparıcı rolunu müəllim özü oynayırdı. Müəllim «Dovşanlar meşəyə qaçdı» elan edən kimi, bütün uşaqlar
məktəbin bağçasına qaçıışdılar. Müəllimin «Ovçu gəldi» komandasından sonra isə «dovşanlar» öz
yuvasına qaçırdılar, pusquda dayanmış «ovçular» isə yerindən tərpənmədən «dovşanları» topla vurmağa
başladılar. Oyun üç dəfə təkrar olundu. Tutulan dovşanlar hesablandı və yeni ovçu seçildi. Oyun
şagirdlərin hərəkət fəallığı və böyük ruh yüksəkliyi şəraitində keçdi. İndii də günüuzadılmış məktəb, qrup
və siniflərdə tərbiyəçi işləyən müəllimlərin ehtiyacını nəzərə alıb onlara kömək məqsədilə bir neçə
oyunnun məzmununu verək:
Dostları ilə paylaş: |