şah qvardiyasından çıxmış qulamlar; 2. İri torpaq sahibləri
olan şiə təriqətli ali ruhanilər; 3. Mülki əyanlar; 4. Yerli əhə-
miyyətli əyanlar.
Qızılbaş hərbi-feodal əyanları I qrupda mühüm yer tuturdular.
Hərbi-feodal əyanların II təbəqəsi qızılbaş tayfasından olmayan
yerli türklərdən ibarət idi. III təbəqəsini şah qulamları içərisindən
çıxmış hərbi sərkərdələr təşkil edirdilər. II qrupa ali ruhani təbə-
qəsinin nümayəndələri daxil idilər və vəqf torpaqlarını idarə
edirdilər. Bundan əlavə, ali şiə ruhani nümayəndələri mülki hüquqla
xeyli əraziyə malik idilər. Ruhanilərə sədr başçılıq edirdi. O,
ölkənin baş ruhanisi hesab edilir, şahın nəvvabı-müavini sayılırdı.
Sədrlər vəqf sistemində böyük torpaq sahələri cəmləşdirib, dövlət
miqyasındı şiəliyi daha da geniş yaymaqla ölkədə öz təsirini
gücləndirir və ictimai-siyasi həyatın inkişafına kömək edirdilər.
Mülki işlərə baxılması tamamilə ruhanilərin əlində idi. Onlardan
şəriət məhkəmələrini aparan şeyxülislam, qazı təyin olunurdu. III
qrupa mülki əyanlar daxil idilər. Onların içərisində yerli türklərin
xüsusi yeri vardı. Çoxu sonralar Səfəvi dövlətinin mərkəzi bürok-
ratiyasının sıralarına daxil olmuşdu. IV qrupa yerli torpaq sahib-
karları daxil idilər. Qarabağda və Şirvanda əyanların güclü mövqeyi
vardı. Onların ali nümayəndələri məlik titulu daşıyırdı.
XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və
istismar olunan təbəqəsi kəndlilər idi. Vergi verən əhali ümumi adla
139
rəiyyət adlanırdı və ayrı-ayrı qruplara bölünürdü. İş heyvanı,
istehsal alətləri, toxumu olan, feodaldan aldığı torpağı özü becərən
kəndli hampa adlanırdı. Bu kəndlilər cütlərin sayına görə ayrı-ayrı
bölgələrdə daha kiçik dərəcələrə bölünürdülər. İstehsal alətləri
olmayan kəndlilər II qrupa aid idilər. Təsərrüfatsız və yardımçı
kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və
məşğuliyyəti olmayan yoxsul kəndlilər əkər adlanırdı və daha çox
istismar olunurdu. Azərbaycanda oturaq təsərrüfatla yanaşı,
yaylaq və qışlaqla bağlı olan köçmə təsərrüfatlar da vardı. Bunlar
əsasən maldarlıqla məşğul olan elatlar idilər. Köçmə təsərrüfatla
məşğul olan əhali patriarxal formada istismar olunurdu. Elatlar
orduda qulluq etməli, hərbi yürüş elan edilən vaxt hər tayfa məlum
sayda ümumi süvari qoşun verməli idi. Hər tayfanın mövqeyi onun
verdiyi döyüşçülərin sayına görə müəyyən edilirdi. Köçmə təsər-
rüfatlar oturaq təsərrüfatlara nisbətən az miqdarda vergi verirdi.
XVII əsrin ortalarından başlayan məhsuldar qüvvələrin inkişafı əs-
rin sonunda geriləmə ilə əvəz olundu. Azərbaycan kəndlisindən
alınan vergilərin sayı 35-ə çatırdı. Onlardan alınan torpaq və gəlir
vergisi- malcəhət, bəhrə, xərac verginin əsas hisəsi sayılır, natura
ilə ümumi məhsulun 1/5, 1/3 hissəini təşkil edirdi. Bu vergidən
1/10-i torpaq sahibkarlarına, 2/10 dövlətə çatırdı. Bağbaşı-məh-
sulun 1/10-nə bərabər idi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanların
otarılmasına görə alınırdı. Dəhyek (1/10)-bu vergi götürülən gəlirin
10%-i miqdarında alınırdı. Cüftbaşı (cütpulu)-əkib-becərmək üçün
1 cüt qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı-hər toxucu
dəzgahın istehsal etdiyi məhsuldan alınan vergi idi. İxracat-ümumi
və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi.
Dövlət canişinlərinin, hərbi xidmətdə olanların və əyanların
tələbatını ödəmək üçün alınırdı. Ot-alafa-yük heyvanları, atlar üçün
alınırdı. Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün
alınırdı. Bu 2 vergi bəzən pul ilə alınırdı. Sonralar alafa “at arpası”
adlındırılırdı. Künəlgə-əyanların kəndlinin evində qalmaq hüququ
idi. Əvrəz-daimi olmayan vergi idi, natura, yaxud mükəlləfiyyət
icra etməklə ödənilirdi. Rüsum dövlət canişinləri və ruhanilər üçün
140
natura ilə alınan vergiyə deyilirdi. Səvari-əhalinin hakim sülalənin
üzvlərinə, sərkərdələrə, yeni fəth edilmiş yerlərə (ya Novruz
bayramı münasibətilə) tanınmış adamlara göndərilən hədiyyə idi-
növruzi adlanırdı. Tərh-dövlətə və ya feodala lazım olan malın
bazar qiymətindən aşağı qiymətə alınması idi. Dəstəndaz-hakimiy-
yətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün verilən
vergi idi. Cizyə-xristianlardan alınırdı. Kəndlinin feodal və ya döv-
lətin nəfinə zorla, havayı işləməsi biyar adlanırdı. Biyardan suvar-
ma şəbəkəsində və dövlətin digər işlərində geniş istifadə olunurdu.
Bütün ailə üzvləri növbə ilə ildə 2 gündən 6 günə qədər biyara
getməli idi. Tüstü pulu və s. alınırdı. Bütün bunlar əhali içərisində
narazılığa səbəb olmuşdu.
XVII əsrin ortalarından başlayaraq şəhərlər yenidən keçmişdə
olduğu kimi, sənətkarlıq, ticarət, mədəniyyət mərkəzlərinə
çevrilməkdə idi. 60-70-ci illərdə Təbriz öz ərazisinə, zənginliyinə,
ticarətinə və əhalisinin sayına görə 2-ci şəhərə çevrilmişdi. Əha-
lisinin sayı 500 minə çatırdı, 47 mədrəsə, 600-ə qədər ibtidai mək-
təb, 320 məscid, Əlişah məscidi kompleksi (qacarlar dövründə
qalaya çevrildiyindən Ərk adland.), 200-ə yaxın karvansara, 7 min
dükan var idi. Gəncə ən iri şəhərlərdən biri sayılırdı. 1667-ci il
yanvarın 4-də Şamaxıda baş vermiş zəlzələdə əhalinin 70 mindən
çoxu həlak oldu. Lakin şəhər bərpa edildi. Şamaxıda ipək toxuyan
emalatxanalar işləməyə başladı. Şəhərin yaxınlığında Mücü kən-
dində ipəksarıyan və ipəktoxuyan dəzgahlar hazırlanırdı. Bakı
şəhər-qala idi. Bakı kvadrat formada olub, iç-içə qaladan ibarət idi.
Şəhərin qərbində minarəsiz məscid vardı. 3 yerdən darvazası vardı.
Liman şəhər kimi məşhur idi. Tranzit ticarətində mühüm rol
oynayırdı. Ərdəbil şəhəri ticarət yolu üzərində yerləşir, külli miq-
darda xam ipək istehsal edir, beynəlxalq ticarətdə mühüm yer
tuturdu. Dərbənd coğrafi mövqeyinə görə hərbi şəhər idi. Marağa öz
meyvələri, üzüm bağları ilə məşhur idi. Müqəddəm tayfası Ma-
rağada yerləşəndən sonra əhali vergilərdən azad edilmişdi. Əsrin
ortalarında Marağada 7 min ev var idi. Əhər öz təbii zənginliyi və
inkişaf etmiş əkinçiliyi ilə tanınırdı. Naxçıvanda 5 karvansara, bir
141
neçə hamam, ticarət mərkəzi, qəhvəxana, 2 min ev vardı. Əsrin so-
nunda Naxçıvanın iqtisadi, ticarət və mədəni həyatı zəifləmişdi.
Ordubadın b. şəhərlərlə, həmçinin xariclə geniş ticarət və digər
əlaqələri vardı. Culfanın həyatı XVII əsrdə müharibələr nəticəsində
faciəli olmuşdu. Əsrin 60-cı illərində əhali şəhərin yalnız şimal-qərb
hissəsində məskunlaşmışdı. 70-ci illərdə cəmi 30 ev qalmışdı.
XVII əsrin II yarısında Azərbaycanda şəhər əhalisinin sosial
tərkibi aşağıdakı qruplara bölünürdü: 1.Feodal zümrəsi, hərbi
feodallar, mülki bürokratiya, ali ruhani, iri, orta və kiçik
torpaq sahibləri. 2.Ticarətlə məşğul olan iri, orta və kiçik
tacirlər. 3.Sənətkarlar. 4.Şəhərətrafı torpaqların becərilməsi və
maldarlıqla məşğul olan əkinçilər.
Şəhərlərdə bütün hakimiyyət iri torpaq sahibi olan bəylər-
bəyinin əlində idi. Hər bir şəhər mərkəzi hakimiyyətin, yerli torpaq
sahibliyinin səlahiyyətini öz əlində cəmləşdirən mülki bürokratiya
fəaliyyət göstərirdi. Bu 2 təbəqə kübarlar adlanırdı. Ali din xadim-
lərinin sərəncamında vəqf qəyyumu kimi bütöv kəndlər, su
mənbələri və s. vardı. Feodal zümrəsi içərisində say hesabı ilə yerli
əyanlar üstünlük təşkil edirdilər. Bu təbəqə ölkənin idarə olunma-
sında həlledici rol oynayırdılar. Şəhərdə sənətkarlar və tacirlər də
mühüm yer tuturdular. Tacirlər həmişə həm mərkəzi, həm də yerli
hakimiyyətin möhkəmlənməsini istəyirdilər. Sənətkarlar şəhər
əhalisinin təbəqələri içərisində çoxluq təşkil edirdilər. Şəhərlərin
əkinçi əhalisi maldarlıqla məşğul olurdu. Şəhərin başında bəylər-
bəyi, xan və sultan rütbəsi olan hakim, həmçinin məlik dururdu.
Maliyyə işlərinin qaydaya salınması, dövlət xəzinəsinin doldurul-
ması vəzirin səlahiyyətinə daxil idi. Vəzir dərəcə etibarılə bəylər-
bəyidən aşağı olsa da müstəqil fəaliyyət göstərirdi. O, mərkəzi
hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Darğa
şəhərdə asayişi qoruyur, şəriət normalarına riayət olunmasına
nəzarət edir, hakim təbəqələrin göstərişlərinə əməl edirdi. Məhkəmə
işlərinə bir qayda olaraq qazı baxırdı. Bəzi şəhərlərdə qazının
vəzifəsini rütbəcə ondan yuxarı olan şeyxülislam yerinə yetirirdi.
Böyük şəhərlərdə məhkəmə işlərinə hər ikisi baxırdı. Sənətkar və
142
tacir təbəqəsinə vergi qoyulması, daxili problemlərin qaydaya
salınması ilə kələntər məşğul olurdu. Sənətkarlıq və ticarətin hər bir
sahəsində ona naib kömək edir di. Azərbaycanda ayrı-ayrı sənət-
karlıq məmulatlarının hazırlanması üzrə ixtisaslaşma gedirdi. 44-
dən çox sənət və peşə növü vardı. Yeni istehsal sahələri-çini qablar
və pəncərə şüşəsi istehsalı yaranır, odlu silah istehsalı genişlənirdi.
Onlarla müxtəlif növ parçalar toxunurdu. Şirvan xam ipək
istehsalında Yaxın və Orta Şərqdə Gilandan sonra II yer tuturdu.
Xam ipək Təbrizdə, Naxçıvanda, Marağada, Gəncədə də hasil
edilirdi. Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Marağa, Ərəş, Mərənd,
Xoy, Ordubad da əhəmiyyətli toxuculuq mərkəzləri hesab
olunurdular. Təbriz əsasən qızılı və gümüşü saplarla işlənmiş məx-
mər, atlaz, nazik ipək parçalar, qumaş, çalma, Ərdəbil tafta, darayı,
kələğayı, adi və zərbaf çadralar, Bakı qumaş parçalar hazırlan-
masında ixtisaslaşmışdı. Xarici bazarlarda əla Quba xalçalarına
tələb vardı. Abşeron, Qarabağ, Naxçıvan da bu sahədə geri qal-
mırdı. Polad, mis, qızıl, gümüş məmulatı istehsalında Azərbaycan
ustaları dünya şöhrəti qazanmışdılar. Şamaxı və Lahıcda mis
məmulatı, silah və zirehli geyimlər hazırlanırdı. Ağacişləmədə daha
çox nəzərə çarpan nəccarlıq (ərəb. dülgər, xarrat) idi. Ərdəbildə,
Şəkidə ipək parçalar, ipək tikmələr, ipək və yun qurşaqlar, mis
qablar, ağacdan şəbəkə, əmək alətləri, məişət əşyaları və s.
hazırlanırdı. Gəncə yaxınlığında hasil edilən misdən yerli ustalar
naxışlı qab-qacaq düzəldirdilər. Sənətkarlar 3 qrupa bölünürdü: 1.
Fərdi fəaliyyət göstə rənlər; 2. Xüsusi təşkilatlarda birləşənlər; 3. İri
feodal emalatxanalarında işləyənlər. Hər bir sənətkar sənət vergisi
ilə yanaşı, şəhər əhalisinin aşağı təbəqəsi kimi vergi verməli,
mükəlləfiyyətlər daşımalı idi. Təbrizdə 15 min dükan vardı. Oradakı
bazar bütün Asiyada ən böyük bazar idi-“ Qeysəriyyə” bazarı.
Naxçıvan, Ərdəbil, Bakı, Ordubad şəhərlərində ticarət də müstəsna
rol oynayırdı. Həftədə bir dəfə alver həftəbazarda gedir. Böyük
hərbi əməliyyatlar aparılan vaxtlarda ordubazarlar təşkil olunurdu.
Ordubazarlarda asayişə ordubəyi nəzarət edirdi. Burada malların
qiyməti sülh vaxtı başqa bazarlardan yüksək olurdu. Qələbə qaza-
143
nılanda ticarət qarət hesabına varlanır, məğlub olanda isə mallarını
itirirdilər. Karvansaralar xarici ticarətin mərkəzləri hesab olunurdu.
Burada topdansatış ticarət əməliyyatları aparılırdı. Bu karvansaray-
darın icazəsilə aparılır və xüsusi dəftərlərdə qeyd olunurdu. Karvan-
saraydar ticarətin qayda-qanunla aparılmasına, əmtəənin keyfiyyə-
tinin, onun çəkisinin və miqdarının dürüstlüyünə, razılaşdırılmış
qiymətlə rə nəzarət edirdi. Hər ticarət əməliyyatının ümumi məb-
ləğinin 2%-i onun zəhmət haqqını təşkil edirdi. Böyük karvansarada
hər bir tacir hücrə adlanan yer və anbar icarəyə götürürdü. Burada
qonaq evləri də mövcud idi. İri şəhərlərdə karvansara və qonaq
evləri birləşdirilirdi. Xarici tacir öz hücrəsi və anbarla yanaşı yaşaya
bilərdi. Osmanlılar Azərbaycandan cins atlar və dəvələr almağa çox
maraq göstərirdilər: Marağa, Mərənd, Qarabağ və Muğanda ye-
tişdirilən minik və yük atları. Osmanlılar Azərbaycan ipəyini, boyaq
maddələrini, toxuculuq məmulatlarını avropalılara satmaqla xeyli
gəlir götürürdülər. Azərbaycan tacirləri İtaliya və b. Avropa ölkələri
iqtisadi əlaqələr yaratmaq üçün Osmanlı tranzit ticarət yolundan
istifadə edirdilər. Məhsullar İstanbul, İzmir, Hələb şəhərlərinə da-
şınır, oradan isə dəniz yolu ilə Avropaya çatdırılırdı. Həmin şəhərlər
Avropanın Şərq ölkələri ilə tranzit ticarətində “ göndərmə mən-
təqələri” idi. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri
yaradığına görə multanı-hind tacirləri ticarət həyatında xüsusi
mövqe tuturdular. Abşeronun Suraxanı kəndində hindlilərin xüsusi
atəşpərəstlik məbədi vardı. Hind malları Volqa-Xəzər yolu ilə
Rusiya və Avropaya aparılırdı. Bakı, Şamaxı, Təbriz, Ərdəbil ticarət
daşımalarında mühüm rol oynayırdılar. Həştərxan vasitəsilə
Azərbaycanla Şərqi Avropa şəhərləri arasında daimi ticarət əlaqələri
yaranmışdı. Şərqi Avropa ölkələrindən tacirlər dəniz yolu ilə
Dərbəndə, sonra duz və neft satışında liman şəhəri olan Bakıya
yollanırdılar. Sonra İrandan keçib cənuba, oradan da Hindistana
gedirdilər. Səfəvi dövlətində 15-20 min hind taciri fəaliyyət
göstərirdi. 80-cı illərdə Şamaxıda 200-ə yaxın hind taciri yaşayırdı.
Şamaxıdan Hindistana çoxlu xam ipək, ipək parça, Bakıdan qara və
ağ neft, Abşeronda yetişdirilən zəfəran aparılırdı.
144
XVII əsrin 2-ci yarısında nominal pul vahidi dinar (tər-
kib.~2,4 q qızıl) idi. I Şah Abbas dövründə buraxılan və “abbasi”
adlandırılan pul vahidi ( çəkisi 2 misqal-4,64 q təmiz qızıl, dəyəri
200 dinar-2 misqal təmiz gümüş) dövriyyədə qalmaqda idi. XVII
əsrin 2-ci yarısında Azərbaycanda aşağıdakı sikkələr işlənmişdir:1.
Abbasi-200 dinar dəyər.; 2. Mahmudi-100 dinar; 3. Şahı-50
dinar; 4. Bisti (fars. “20”, 20 dinara = gümüş sikkə); 5. Qazıbəyi-
Şirvanşah Sultan Məhəmməd Qazinin şərəfinə- mis pul-5 dinar.1-ci
4 sikkə qızıl və gümüşdən, qazıbəyi isə misdən hazırlanırdı. Gümüş
pulların üzündə ortada “Allahdan başqa Allah yoxdur. Məhəmməd
onun elçisi, Əli isə nümayən dəsidir”sözləri yazılırdı. Bu sözlərin
ətrafında 12 imamın adları həkk edilirdi. Pulun arxa üzündə haki-
miyyətdə olan şahın adı, sikkənin kəsildiyi yer və tarix göstərilirdi.
Xırda mis sikkə lərin üzündə doğan günəş əks olunur, arxa üzündə
isə sikkənin kəsildiyi yer, tarix göstərilirdi. XVII əsrin son onil-
liyində ölkəyə gətirilən xarici ticarət də tənəzzülə uğramışdı. Pul
böhranı Səfəvi dövlətini sarsıdan səbəblərdən biri idi. Dövriyyəyə
çoxlu qəlp pul daxil olmuş, ölkədə əmtəə mübadiləsi acınacaqlı
vəziyyətə düşmüşdü. XVII əsrin sonunda Azərbaycan iqtisadiy-
yatının bütün sahələri dərin tənəzzül dövrü keçirirdi. Fırıldaqçılıq və
dövlət aparatındakı vəzifəli şəxslərin pul hərisliyi, satqınlığı kütləvi
hal almışdı. Bu durğunluq və tənəzzül çox uzun çəkmiş və ictimai
həyatın bütün sahələrinə mənfi təsir etmişdi. Azərbaycanın cənub
torpaqlarında suvarma sisteminin əsas mənbəyi olan yeraltı kanallar
şəbəkəsi-kəhrizlər 400 dəfə azalmışdı. Ticarət və sənətkarlıqla
məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın
həcminin azalmasına gətirib çıxarmışdı. Sikkələrin xarab olması,
qızıl və gümüş pulların dövriyyədən çıxması Səfəvilər dövləti
hüdudlarında ticarətin, əmtəə mübadiləsinin inkişafı üçün əngələ
çevrilmişdi. Şəhər iqtisadiyyatındakı tənəzzül Azərbaycan ictimai,
siyasi həyatında dərin böhrana səbəb olmuş xəzinənin, ayrı-ayrı
feodal əyanların gəliri azalmışdı. Hökumət əhalidən yığılan
vergiləri 3 qat artırmışdı. XVII əsrdən etibarən Avropanı Asiya ilə
birləşdirən və Afrika ətrafından keçən dəniz yolunun kəşfi ilə
145
əlaqədar qədim İpək yolu öz əhəmiyyətini tədricən itirirdi. XVII
əsrin 2-ci yarısında istismar olunan xalqın hakim təbəqənin zülmünə
qarşı mübarizəsi müxtəlif formalarda özünü göstərirdi. Bəzən
mübarizə üsulu dini xarakter daşıyır, xalq azadlıq hərəkatı şəklində
cərəyan edirdi, ya da qiyama çevrilirdi. Əhali kəskin ərzaq qıtlığı ilə
üzləşmişdi. “Oğurluq” və qarət artmış, varlıların taxıl anbarlarına
hücumlar çoxalmışdı. 1667-ci ildə Çuxursəd bəylərbəyiliyində 2 il
ərzində maaşları ödənilməmiş Qacar və Bayat tayfalarından olan
döyüşçülərin üsyanı baş verdi. Üsyançılara davam gətirə bilməyən
bəylərbəyi Səfiqulu xan qalaya sığındı. Lakin şahın təyin etdiyi
bəylərbəyi bu üsyanı amansızcasına yatırmağa nail oldu.
146
IX FƏSİL
AZƏRBAYCAN XVIII ƏSRİN BİRİNCİ YARISINDA
Plan:
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü və süqutu şəraitində.
2. Azərbaycan uğrunda Rusiya, İran və Osmanlı çəkişmələri.
3. Azərbaycan Nadir şahın hakimiyyəti dövründə.
4. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda İran əsarətinə qarşı
mübarizə.
1. Azərbaycan Səfəvilər dövlətinin tənəzzülü
və süqutu şəraitində
XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin
iqtisadi və siyasi böhran keçirirdi. Bəzi bəylərbəyilər və b. iri fe-
odallar müstəqilliyə can ataraq, şaha tabe olmaqdan imtina edirdilər.
Azərbaycan xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. Əhalinin və
onun əmlakının siyahıya alınması ( 1699-1702) nəticəsində ölkədə
toplanan vergi və mükəlləfiyyətlərin sayı artıtılmış, bu da xalqın
var-yoxdan çıxmasına səbəb olmuşdu. Feodal istismarının güclən-
məsi geniş xalq kütlələrinin müqavimətinə səbəb oludu. Azərbay-
canda ilk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Balakən bölgəsində,
daha sonra Təbrizdə və Muganda kəndli çıxışları baş verdi. 1711-
ci ildə Car camaatı Şamaxı şəhərinə hücum edib Səfəvilər döv-
lətinin Azərbaycandakı inzibati mərkəzinə od vurmaq qərarına gəl-
dilər. Şirvanlılar da silaha əl atdılar, Muğan əhalisi birinci olaraq
mərkəzi hakimiyyətdən üz döndərdi. Azərbaycanın cənubunda və
şimal-şərqində, habelə Cənubi Dağıstanda Səfəvi hakimiyyətinə
qarşı ciddi çıxışlar oldu. 1709, 1711-ci illlərdə Təbrizdə, 1709-
1715-ci illərdə Soucbulaq və Muğanda da xalq şah zülmünə qarşı
çıxdı (8, s. 501). Şirvan mübarizənin mərkəzinə çevrildi. Müşkür
mahalının Dəbəli kəndindən olan Hacı Davudun başçılıq etdiyi
üsyançılar Dərbənd, Şirvan və Xudata hücum etdilər, lakin 1719-
147
cu ildə xalq hərəkatı yatırıldı və Hacı Davud həbs edildi. 1720-
1721-ci illərdə Azərbaycanda Səfəvi zülmünə qarşı mübarizə
yenidən qızışdı (8, s. 501). Həbsdən qaçan Hacı Davudun Şirvanda
və Dağıstanda hakimiyyəti ələ almaq üçün bir neçə dəfə Rusiyaya
etdiyi müraciəti cavabsız qaldı. Hacı Davud Dağıstan feodalı-
Qazıqumuxlu Surxay xanın köməyi ilə 1720-ci ildə Şabranı və
Xudat qalasını tutdu. 1721-ci il avqustun 10-da Şamaxını ələ
keçirdi. Şamaxıdakı xarici tacirlərlə yanaşı rus tacirlərinə də zərər
dəydi, bəziləri öldürüldü. 1722-ci il martın 8-də əfqanlar İsfahan
yaxınlığında şah qoşununu əzərək şəhəri tutdular. Sultan Hüseyn
başda olmaqla bütün Səfəvi xanədanı həbsə alındı, şahın böyük oğlu
Təhmasib Astarada qaçmağa imkan tapdı və özünü II Təhmasib
adı ilə şah elan etdi. Bu vaxt Rusiya və Osmanlı dövlətləri Qafqazda
hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular.
2. Azərbaycan uğrunda Rusiya, İran
və Osmanlı çəkişmələri
I Pyotrun Xəzəryanı bölgələrə yürüşü. XVIII əsrin əvvəl-
lərinə qədər Rusiya hərbi təcavüz üçün qüvvəsi olmadığından Azər-
baycana qarşı yalnız iqtqsadi siyasət yeridirdi. Lakin bu siyasətin
az əhəmiyyətli olduğunu başa düşən I Pyotr (1689-1725) Xəzəryanı
bölgələri ələ keçirməyi qərara aldı. O, Xəzər-Volqa yolu ilə Şərq-
Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağı düşünürdü.
I Pyotrun əsas məqsədi Xəzərin qərb hissəsini işğal etmək,
Cənubi Qafqazda möhkəmlənmək idi. Ona görə də 1722-1723-cü
illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgə-
lərinə də yürüş nəzərdə tutulurdu. 1721-ci il avqustda Şirvan üs-
yanı zamanı Şamaxını ələ keçirən Hacı Davud və Surxay xanın
adamlarının rus tacirlərini öldürmələri I Pyotrun qərarını qətiləşdirdi
(9, s. 173). I Pyotr onları həm Rusiyanın, həm də Səfəvilərin ümumi
düşməni elan etdi. Hacı Davud kömək üçün Osmanlı sultanı III
Əhmədə müraciət etdi, sohra isə İstanbula gəlib özünün Şirvan ha-
kimi təsdiq olunması üçün razılıq aldı. Lakin Rusiya işğalçılıq
148
niyatində idi. Əvvəla, Rusiya iqtisadiyyatının Azərbaycan xam-
malına böyük ehtiyacı vardı. 2, Rusiya osmanlıların Cənubi Qafqaz-
da, Xəzəryanı bölgələrdə möhkəmlənmək cəhdinin qarşısını almağa
çalışırdı. 1722-ci ilin martında əfqanlar İsfahanı tutub, şah Sultan
Hüseyni taxtdan saldıqdan sonra Rusiya fəallaşdı və iyunun 18-də
Həştərxandan quru və dəniz yolu ilə Azərbaycana yürüşə başladı. I
Pyotr Cənubi Qafqazın xristian əhalisinə elan etdi ki, bu yürüşdə
məqsəd onları müsəlman zülmündən xilas etməkdir. 1722-ci il
iyunun 15-də Azərbaycan dilində “Bəyannamə” nəşr etdirib
Şirvana göndərdi: 1) Səfəvilərə qarşı qiyam edənləri, rus tacirlərini
öldürənləri cəzalandıracaq; 2) Osmanlıların bu bölgəni tutmalarının
qarşısını alıb, Səfəvi hakimiyyətini bərpa edəcək (8, s. 503; 10, s.
473)).
I Pyotrun bu bəyannaməsi əhalinin bir qisminin Rusiyaya
meylinə səbəb oldu. 1722-ci il avqustun 23-də Dərbənd şəhərinin
naibi İmamqulu bəy qala açarlarını I Pyotra təqdim etdi. Bu vaxt:
1) Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlü-
kəsinin yaranması; 2) Osmanlı dövlətinin rus qoşunlarının Xəzərya-
nı bölgələrə soxulmasına kəskin etiraz etməsi; 3) dağlarda qoşun
toplayan Hacı Davudun rusların irəliləməsinin qarşısını almağa
hazırlaşması I Pyotru, Bakının işğalını M.Matyuşkinə tapşıraraq
Peterburqa qayıtmağa məcbur oldu (3, s. 394-395). 1722-ci ilin de-
Dostları ilə paylaş: |