DAŞ YUXULAR 15
bәla çәkir, yenә dә özünә yığışmır. İki aydan sonra yaşı
әlli olacaq, di gәl on yaşlı uşaq kimidi. Ürәyi dilindәdi. Belә
qarışıq zamanda da dilini dinc qoymur. Ermәni yox ey, pis
biz özümüzük, deyir. Qorxub çәkinmir. Hәr yerdә deyir
bunu - teatrda, çayxanada.
Doktor Fәrzani gözlәrini geniş açıb bu dәfә xәstәnin
sifәtinә mәxsusi bir nәzәr yetirdi. Elә bil onu ilk dәfә
görürdü. Bayaqdan başdaşı kimi tәrpәnmәz dayanıb,
susan tibb bacıları da tәrpәşib xısınlaşdılar. Fәrzani
Nuvariş Qarabağlının әlindәn möhkәm yapışıb onu qapıya
sarı çәkәrәk dedi:
- Hә, di tәrpәn, cavan oğlan, burda daha sәnlik bir iş
qalmadı. Dәhlizdә әylәş, dincini al. Ya da get evә, necә ki,
lazımdı dincәl, yüz vur bәdәnә, başını bastır yat. Әgәr
istәsәn, sonra gәlәrsәn. Bu sәnin üçün apensit deyil ki,
tezcәnәk kәsib atasan, kapitalnı remont telәb olunur
burda, әn azından üç-dörd saat çәkәcәk, fikir elәmә.
Dostun yaşayacaq. Mәn ondan elә Otello düzәldәcәyәm,
Dezdomona hayıl-mayıl olacaq, bircә kәrә görәn kimi,
ürәyi gedib yıxılacaq.
Elә belә, danışa-danışa hәkim artisti dәhlizә ötürdü
vә ardınca qapını bağladı.
Hәmin an, yәni әmәliyyat otağının qapısı bağlananda,
Nuvariş Qarabağlı dәşәtli tәnhalıq, tәklik hiss elәdi. Elә bil
işıqlı dünya indicә üzünә örtülәn qoşatay qapının o
üzündә qalmışdı. Uzun, yarıqaranlıq koridoru qәbirstanlıq
sıxıntısı bürümüşdü. İşıq yanmırdı. Әtrafda ins-cins gözә
dәymirdi. Koridorun әks tәrәfindә, başdakı iki lay
pәncәrәnin şüşәlәri kor gözlәr kimi qaralırdı. Bu, iki