YUNİS NURİ
(23.1.1878-5.1.1950)
Qədim Azərbaycan ərazisində eyniadlı xanlığın mərkəzi olan İrəvan şəhərində peşəkar
teatrın inkişafını təminatlandıranlardan biri Yunis Nuridir. O, İrəvan Dövlət Azərbaycan Dram
Teatrının yaradıcısıdır. Görkəmli aktyor, bacarıqlı rejissor və yorulmaz təşkilatçı, müdrik teatr
xadimi olan Yunis Nurinin milli səhnə sənətimizin inkişafında xidmətləri misilsizdir. Yunis Nuri
onlarca gənci teatra cəlb edib və milli səhnəmizin pakiığını qorumaq yolunda böyük fədakarlıqlar
göstərib. Teatrın inkişafında tükənməz enerji ilə, coşğun ehtirasla və alovlu məhəbbətlə çarpışıb.
Həvəskar teatr truppasının Dövlət təsisatında, instutusional mədəniyyətin faktı kimi fəaliyyət
göstərməsi üçün uzun illər əzmkarlıqla, təkidli israrla mübarizə aparıb və yüksək amalına nail olub.
"Nuri" səhnə təxəllüsü olan Yunis Hacı Süleyman oğlu Süleymanov 1878-ci il yanvar ayının
23-də İrəvanda doğulub. Dindar atasının tövsiyəsi ilə altı il mollaxanada oxuyub, özü də həvəs və
maraqla. Ancaq bir il gimnaziyada oxumaqla və şagirdlərlə müəllimlərin birgə hazırladıqları
tamaşada oynamaqla həyat yolunu dəyişib. Hətta sonralar özü truppa yığıb, teatr tamaşaları
hazırlayanda əsas həvəskar qüvvələr onun gimnaziya dostları olub. O, gimnaziyada tam təhsil
almayıb, ancaq müəllimlərindən ona milli və dünya ədəbiyyatına, elmə, mədəniyyətə məhəbbət
bəsləmək duyğuları yadigar qalıb.
Qori Müəllimlər Seminariyasını bitirib İrəvan şəhərindəki gimnaziyaya müəllim göndərilən
mütəfəkkir maarifçi Firudin bəy Köçərli on il (1886-1896) bu şəhərdə teatr sənətinin tərəqqisində
möhtəşəm işlər görmüşdür. Maarifçi Eynalı bəy Sultanov rəmzi mənada estafeti ondan alaraq ömür
yolunun müəyyən hissəsini İrəvanda teatr sənətinin çiçəklənMəsmə sərf etmişdir. Onlardan sonra bu
müqəddəs yolu davam etdirənlərdən, varlığını teatr sənətinə bağlayanların ən öncülü məhz Yunis
Nuri olmuşdur.
Yunis Nuri səhnəyə ilk dəfə 8 dekabr 1890-cı ildə Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəli şah" komediyasında Şərəbanu xanım rolu ilə çıxmışdır. Bununla da səhnə
sənətinin sehrinə düşüb bütün taleyini onun çiçəklənməsinə yönəldən Yunis Nuri aktyor və rejissor
kimi fəaliyyət göstərmişdir.
İrəvan teatrının formalaşmasında bir müddət bu şəhərdə işləmiş nasir-dramaturq Cəlil
Məmmədquluzadə, naşir Məmmədağa Şahtaxtlı (Şahtaxtinski), buraya qastrol səfərlərinə gələn
Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Sidqi Ruhulla ilə çiyin-çiyinə çalışmışdır.
Yunis Nuri özünün müstəqil tamaşalarından olan Vasaq Mədətovun "Qırt-qırt" vodevilini
1903-cü ildə hazırlamışdır. Tamaşa Pənah xan Makinskinin evində ailə və ailənin simsarları üçün
göstərilmişdir. Tamaşanın xoş səsi-sorağı bütün İrəvana yayılmışdır və ona görə şəhərin sözükeçən,
sayılan adamları Pənah xandan xahiş etmişdilər ki, tamaşanı sarayın böyük otaqlarından birində və
ya həyətdə təkrar oynanılmasma icazə versin. İncəsənətə rəğbətli olan Makinski razılıq verib və
tamaşa daha böyük məhəbbətlə qarşılandığı üçün Yunis Nurinin inamı tam qətiyyətlənib. Bundan
sonra o, Nikolay Qoqolun "Müfəttiş" komediyasını hazırlayıb.
1905-1907-ci illərdə "şeytan" əməli ilə məşğul olub, "kafirlik", "mütrüblük" etdiyinə görə iki
dəfə ciddi bədən xəsarəti alması da Yunis Nurini amalından döndərə bilməyib. Elə bu arada Hüseyn
Ərəblinskinin İrəvana gəlməsi və qastrol tamaşalarının uğurlu nümayişi, həmin əsərlərdə yerli
həvəskarların çıxışı şəhərdəki azərbaycanlı artistlərə daxili mətinilk gətirib, mənəvi ruh verib.
Yunis Nuri gündüzlər qara fəhləlik edir, qəzet satır, axşamlar isə həvəskarları başına toplayıb
tamaşalar göstərirdı. O, dram kollektivi ilə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran
xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", Nəriman Nərimanovun "Nadanlıq", "Nadir şah",
"Dilin bəlası" ("Şamdan bəy"), Nikolay Qoqolun "Müfəttiş", Sultanməcid Qənizadənin "Xor-xor",
"Dursunəli və ballıbadı", "Axşam səbri xeyir olar", Rəşid bəy Əfəndiyevin "Qan ocağı", Şəmsəddin
Saminin "Dəmirçi Gavə", Üzeyir bəy Hacibəyovun "Arşın mal alan", "Məşədi İbad", Zülfuqar bəy
Hacibəyovun "Əlli yaşında cavan", Namiq Kamalın "Vətən", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər",
"Ev tərbiyəsinin bir şəkli", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ac
həriflər", Aleksandr Ostrovskinin "Kimdir müqəssir?" əsərlərini tamaşaya hazırlayıb.
1918-ci ildə erməni daşnakiarının Bakıda, Şamaxıda, Qarabağda, eləcə də İrəvanda
törətdikləri vəhşi qırğınlar zamanı Yunis Nuri İranın Xoy şəhərinə mühacirət edib. Xoşbəxtlikdən
İrəvandakı dram truppasının əksər üzvləri də ervvəni vəhşiliklərindən başlarını götürüb bura
qaçmışdılar. Yunis Nuri dəstəni burda da bir yerə toplaya bilib və repertuarlarındakı kiçik həcmli
məsxərələri, tədbil olunmuş vodevilləri yerli camaata göstəriblər. Hətta Xoy gənclərindən müəyyən
teatr həvəskarlarını da truppaya cəlb ediblər.
Siyasi hadisələr səngiyəndən, Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra Yunis Nuri
1922-ci ildə doğma Vətənə qayıdıb. Bala Əfəndiyevlə birlikdə İrəvanda dram dərnəyi yaradıb. Bir il
sonra gündəngünə genişlənən dram dərnəyinin yaradıcılıq nizamnaməsi rəsmi dairələrdə təsdiqlənib.
Dərnəyə rəhbərliyi Yunis Nuri edirdi. Kollektivin dövlət teatrına çevrildiyi günədək o, əvvəllər
hazırladığı əsərlərin əksəriyyətinə və həmçinin Mirmahmud Kazımovskinin "Nə qanır, nə qandırır",
Süleyman Sani Axundovun "Laçın yuvası", "İki yol", Mirzağa Əliyevin "Orada elə, burada belə",
Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura
düşdük" ("Hacı Qəmbər"), Jan Batist Molyerin "Zorən təbib", Hüseyn Cavidin "Şeyda" və "İblis"
pyeslərini hazırlayaraq tamaşaçılara göstərib.
1928-ci il martın 15-də Ermənistan hökumətinin əmri ilə İrəvan Dövlət Azərbaycan Səyyar
Teatrı yaradılıb. Bütün təşkilati işlər, truppanın toplanması, repertuarın müəyyənləşdirilməsi, texniki
təchizat və sairə məsələlərin həlli Yunis Nuriyə tapşırılıb. O, bu işi ləyaqət və vicdanla, sənətə
ehtiram və məhəbbətlə hasilə gətirib. Həmin ilin 14 aprelində teatr Jan Batist Molyerin "Zorən
təbib" komediyası ilə pərdələrini açıb. Yunis Nuri yenə də Təbib İlyas rolunda səhnəyə çıxaraq
alqışlara layiq uğur qazanıb.
Yunis Nuri xüsusi teatr təhsili görməmişdi. Səhnəyə məhəbbət, eşq, alov, ehtiras onun
yaradıcılıqla yoğrulmuş varlığındaydı. Bu eşq, bu ehtiras isə ona tanrı fitrətindən sanki pay
verilmişdi və o, fəhmlə sənətdə parlaq qələbələr qazana bilirdi. Xaraktercə qətiyyətli, məqsədi
uğrunda inadcıl, səmimi, mehriban, yumşaq təbiətli insan idi. Teatrın bütün kollektivi ona "Yunis
əmi" deyə müraciət edirdi.
Dram dəstəsinin həvəskarlıq fəaliyyəti dövründə, xüsusən İrəvan DADT-də Yunis Nuri bir
sıra rollar oynayıb. Ozünün daha çox dəyərləndirdiyi və şövqlə ifa etdiyi rollar bunlardır: Xlestakov
("Müfəttiş", Nikolay Qoqol), Nadir şah ("Nadir şah", Nəriman Nərimanov), Fərhad, Həsən kişi
("Bəxtsiz cavan" və "Ac həriflər", Əbdürrəhim bəy Haqverdıyev), Hacı Qəmbər ("Yağışdan çıxdıq,
yağmura düşdük", Nəcəf bəy Vəzirov), Təbib, Qazı ("Zorən təbib" və "Cancur Səməd", Jan Batist
Molyer), Atakişi, İmamverdi, Həsən, Aftil, Yanardağ ("Sevil", "1905-ci ildə", "Yaşar", "Almaz" və
"Od gəlini", Cəfər Cabbarlı), Rayçaran ("Hind qızı", Əbdülhəq Hamid), Hacı Qara ("Hacı Qara",
Mirzə Fətəli Axundzadə), Hacı Salah ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Şeyx
Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Qratsiano ("Otello", Vilyam Şekspir), Soltan bəy
("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov).
Qədim İrəvan şəhərinin özündə, Göyçə, Basarkeçər, Qarakilsə, Qaranamaz, Dilican,
Vedibasar, Uluxanlı... və bu kimi Azərbaycan mahallarında teatr sənətinin geniş miqyaslı fəaliyyəti
sənət fədaisi Yunis Nurinin adı ilə sıx bağlıdır. Səhnəni həyat amalına çevirmiş Yunis Nuri İrəvan
Dövlət Azərbaycan Dram Teatrı 1949-cu ildə müvəqqəti bağlanana qədər səhnədən ayrılmayıb.
Aktyor İrəvanda istehsal olunmuş "Zəngəzur" (Əhməd), "Anahid" (Kişi), "Göyçə gölü
balıqçıları" (Kəndli), "Dağ marşı" (Həsən), "Xaspuş" (Ata) və sair filmlərə çəkilib.
Azərbaycan teatr sənətinin İrəvan şəhərində inkişafındakı xidmətlərinə görə Yunis Nuri
1936-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Yunis Nuri 5 yanvar 1950-ci ildə İrəvanda dünyasını dəyişib.
Dostları ilə paylaş: |