TEATRŞÜNASLIĞIN FORMALAŞMA
MƏRHƏLƏLƏRİ
Teatrşünaslıq teatr sənətinin fəlsəfi dəyərləri, estetik prinsipləri, poetika xüsusiyyətləri, bir
sözlə, onun bütün tədqiqi və nəzəri problemləri ilə məşğul olan elındir.
Teatrşünaslığın üç əsas qolu var. Birincisi, tarixi-tədqiqat qoludur ki, milli səhnə sənətimizin
və yaxud ayrıca bir teatrın yaradıcılığının təşəkkülünü, müxtəlif inkişaf mərhələlərini tədqiq edib
araşdırır, elmi əsərlər ortaya çıxarır. Müxtəlif görkəmli səhnə xadimləri barədə yazılan
monoqrafiyalar, irihəcmli portret-kitablar da buraya daxildir.
Teatrşünaslığın ikinci qolu bütövlükdə səhnə sənətinin elmi nəzəri əsaslarını öyrənir. Burada
milli teatrın müxtəlif estetik prinsipləri, poetika özəllikləri, dünya teatrı ilə Azərbaycan səhnəsinin
elmi-nəzəri bağlılığı, aktyor məktəblərinin, rejissor üslublarının mahiyyət və səciyyələri, dəyərləri
araşdırılır. Milli teatrın konseptual poetika xüsusiyyətlərinin elmi modeli qurulur.
Operativ teatrşünaslıq üçüncü qol kimi səciyyələnir və özünü ilk növbədə teatr tənqidi kimi
realizə edir. Buraya teatrın cari problemləri, yeni tamaşalar barədə resenziyaları daxildir. Eyni
zamanda ayrı-ayrı sənət ocaqlarının çağdaş yaradıcılıq durumunun ən müxtəlif problemləri operativ
şəkildə mətbuata çıxarılır, elmi mübahisələr aparılır, qənaətlər çözələnib məntiqli nəticələrə gəlmək
üçün aydın mənzərə yaradır.
Azərbaycan teatrşünaslığı bu üç qolun üçündə də fəaliyyət göstərir. Fundamental
teatrşünaslığımız məhz onların küll halında götürülməsində özünün nailiyyət və çatışmazlıqlarını
daha aydın büruzə verir.
Maraqlıdır ki, hələ peşəkar teatrımız təşəkkül tapmamışdan əvvəl milli teatrşünaslıq
elmimizin müəyyən əsasları qoyulub. Mirzə Fətəli Axundzadə özünün məşhur komediyaları ilə
yanaşı, teatr sənətinə, onun xalqın maariflənməsində kəsb etdiyi böyük əhəmiyyətinə, mənəvi-əxlaqi
keyfiyyətlərinin inkişafına təsirinə, dünyagörüşlərinin nadanlıq çamırlığından xilas olmasında
oynadığı rola aid çox dəyərli nəzəri və estetik fikirlər söyləmişdir. Deməli, elə milli
teatrşünaslığımızın ilkin rişələri də kök etibarilə Mirzə Fətəli irsinə bağlanır. Bununla belə, sözsüz
ki, Axundzadənin teatra aid yazıları hələ peşəkar teatrşünaslıq deyildi və həiə fundamental əsaslarını
yaratmaq üçün ona müəyyən mərhələləri keçmək lazım idi.
Bu baxımdan milli teatrşünaslığımızın inkişaf yolunu şərti olaraq dörd mərhələyə bölmək
olar.
Dostları ilə paylaş: |