Birinci mərhələ (1873-1905). Bu dövr elmin ibtidai formalarının yaranması və ona
göstərilən ziyalı cəhdləri ilə xarakterikdir. 10 mart 1873-cü ildə Bakıda ilk dəfə "Lənkəran xanının
vəziri" tamaşası oynanıldıqdan on beş gün sonra, yəni martın 25-də "Kavkaz" qəzeti bu hadisə
barədə məlumat verib. Hətta onu da qeyd edib ki, Dünya bina olandan indiyədək birinci dəfədir
Azərbaycan dilində tamaşa oynanılır. Ta-maşadan 150 manat pul hasil olduğu da həmin məlumatda
göstərilir. Teatr tariximizdən bilirik ki, ilk tamaşanı oynayan teatr həvəskarları xeyriyyə məqsədilə
həmin il aprelin 17-də yenə Mirzə Fətəlinin növbəti əsərini, "Hacı Qara" komediyasını Nəciblər
klubu deyilən Bakı cəmiyyət yığnağı binasında göstəriblər. O vaxt Tiflisdə çıxan "Kavkaz" qəzeti
mayın 13-də həmin tamaşa barədə də xəbər dərc edib.
Beləliklə, Azərbaycanda teatrşünaslığın birinci mərhələsi başlayıb və 1906-cı ilə qədərki
dövr məhz ona aiddir. 1875-ci ildən 1906-cı ilə qədər Tiflisdə, Bakıda, İrəvanda, Baxçasarayda
Azərbaycan, rus, tatar dillərində nəşr olunan "Əkinçi", "Bakınskaya izvestiya", "Ziya", "Kəşkül",
"Kavkazskoye obozreniye", "Kaspi", "Tərcüman", "Novoye obozreniye", "Tiflisski listok",
"Nordar", "Şərqi Rus", "Həyat", "Baku", İranda çıxan "Həblülmətn", Peterburqda dərc edilən
"Teatralnaya qazeta" qəzetlərində, "Kavkazski vestnik" məcmuəsində Azərbaycan teatr prosesini
təcəssüm etdirən yazılar oxuculara çatdırılıb. Burada daha çox məlumat-informasiya məqsədi
güdülüb. Ancaq elə onların özləri də həm o dövrdə xalqı maariflənməyə səsləməsi, teatrın təbliği,
milyonçuları məmləkətimizdə bu sənətin tərəqqisinə köməyə çağırması bu gün həmçinin teatr
tariximizin öyrənilməsi baxımından çox qiymətlidir.
Maraqlı olanı bir də budur ki, həmin məlumatların əksəriyyətini çap üçün redaksiyalara məhz
azərbaycanlı maarifpərvər ziyalılar yazıb göndərmişlər. Düzdür, bəzən mətbuat səhifələrində teatra
aid, onun təşəkkülü, təşkili, yeni binaların tikilməsi barədə də nisbətən irihəcmli yazılar verilirdi.
Onlar sırf teatrşünaslıq yazıları olmasalar da, hər halda teatr prosesinin canlılığını, səviyyəsini,
mövcud qüsurları, ziyalıların bu işin tərəqqismə yardımlarının səviyyəsini göstərməsi baxımından
dəyərlidir.
Dostları ilə paylaş: |