STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
46
malik idi. 1989-cu ildə son dəfə SSRİ-də aparılmış əhalinin siyahıyaalınmasının
məlumatlarına əsasən, ümumilikdə 286 milyona yaxın əhalisi olan SSRİ-nin 134
milyon nəfəri rus dilindən ana dili kimi istifadə etmişdir. Eyni zamanda burada
yaşayan bütün millətlər, xalqlar və etnik qrupların nümayəndələri üçün rus dili
ikinci dil rolunu oynamışdır [2, s.306]. Rus dili eləcə də o dövrdə lingua franca
kimi Varşava müqaviləsi ölkələrində də geniş istifadə edilmişdir [16, s.68].
Bu gün də Rusiya Federasiyasında (RF) rus dilinin və mədəniyyətinin dün-
yada təbliğ edilməsi məsələsinə ciddi diqqət yetirilir. Bu istiqamətdə RF-də
bir sıra təşkilatlar fəaliyyət göstərir. Onların arasında RF Prezidenti V.Putinin
sərəncamı ilə 2007-ci ildə yaradılmış “Rus dünyası” Fondu xüsusi yer tutur. Bu
fondun yaradılmasında əsas məqsəd Rusiyanın milli sərvəti hesab edilən, eləcə
də rus və dünya mədəniyyətinin vacib hissəsi olan rus dilinin populyarlığının
artırılmasına, RF-də və xaricdə rus dilinin öyrənilməsi ilə bağlı proqramların
həyata keçirilməsinə dəstəyin verilməsidir [17].
Humanitar sahədə fəaliyyət göstərən və RF haqqında xaricdə müsbət
imic formalaşdırmağa çalışan daha bir təşkilat RF-nın Prezidenti V.Putinin
sərəncamı ilə 2008-ci ildə yaradılmış MDB-nin Xaricdə Yaşayan Həmvətənlərlə
və Beynəlxalq Humanitar Əməkdaşlıq İşləri üzrə Federal Agentliyidir (“Ros-
sotrudnicestvo”). O, elm, mədəniyyət, təhsil və rus dilinin əhatə dairəsinin
genişləndirilməsi istiqamətində proqramlar hazırlayır və onları xaricdə həyata
keçirir. Bu dövlət qurumunun birbaşa dəstəyi ilə dünyanın 50 ölkəsində yara-
dılmış 56 Elm və Mədəniyyət üzrə Rusiya mərkəzlərində sistemli şəkildə rus
dilinin öyrədilməsi üzrə kurslar fəaliyyət göstərir. İl ərzində bu kurslarda 19000
nəfər insan iştirak edir. Eyni zamanda xaricdə yaşayan həmvətənlərin uşaqları,
eləcə də qarışıq nikahlardan olan uşaqlar üçün də dünyanın 33 ölkəsində rus
dili kursları təşkil edilmişdir [18].
Qloballaşma şəraitində Azərbaycan Respublikasında da bir neçə beynəlxalq
dil geniş istifadə edilir. Təqdim edilən məqalədə qlobal lingua franca rolunu
oynayan ingilis dilinin və SSRİ dövründə böyük nüfuza malik olan rus dilinin
müstəqil Azərbaycanda millətlərarası ünsiyyət vasitəsi kimi əhatə dairələri
araşdırılır. Eləcə də türkdilli dövlətlər və xalqlar üçün aktual olan gələcək regi-
onal lingua franca ilə bağlı aparılan müzakirələrin bəzi məqamları işıqlandırılır.
1. Bu günün beynəlxalq dil seçimi - ingilis və ya rus dili?
Ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq” ideyasına əsaslanan və
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kurs ölkədə milli kimliyin
formalaşmasına və mədəni müxtəlifliyin qorunub-saxlanılmasına yönəlmişdir.
Etnik azərbaycanlıların (91.6%) [19] ana dili olan və hələ 1978-ci il Azərbaycan
SSR Konstitusiyasına əsasən dövlət dili (73-cü maddə) kimi təsbit edilmiş
Azərbaycan dili bu gün ölkənin bütün vətəndaşlarını birləşdirməklə yanaşı vahid
millətin formalaşmasının əsasını təşkil edir. Ana dilinin etnik kimlik prosesində
oynadığı vacib rolu nəzərə alaraq Azərbaycan dövləti eləcə də ölkənin polietnik
əhalisinin istifadə etdiyi digər dillərin də sərbəst işlədilməsi və inkişaf etdirilməsi
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
47
üçün müvafiq şəraiti təmin etmək məqsədilə
ahəngdar dil siyasəti həyata keçirir.
Bu baxımdan hamıya məlumdur ki, təhsil
(ilk növbədə ümumi təhsil) hər bir xalqın
milli və mədəni kimliyinin formalaşması-
na təsir edən ən vacib amillərdən biridir.
Azərbaycan Respublikasının Təhsil Nazir-
liyinin məlumatına əsasən, 2013-2014-cü
tədris ilində ümumtəhsil məktəblərinin
şagirdlərinin 92.73%-i (1197761 nəfər) öz
təhsilini Azərbaycan dilində, 7.04%-i (90896)
rus dilində, 0,10 %-i (1261 nəfər) ingilis
dilində, 0,09 %-i gürcü (1196 nəfər) dilində
və 0,04 %-i (520 nəfər) türk dilində almış-
dır [20]. Eyni zamanda qeyd etmək lazım-
dır ki, Azərbaycanda hələ sovet dövründə
təlim dili Azərbaycan dili olan ümumtəhsil
məktəbləri ilə yanaşı təlim dili rus və gürcü
dilləri olan məktəblər də fəaliyyət göstərmişdir. Təlim dili ingilis və türk dilləri
olan ümumtəhsil məktəbləri isə ölkədə müstəqillik əldə edildikdən sonra ya-
radılmışdır.
Beləliklə, 2013-2014-cü tədris ilində Azərbaycanın ümumtəhsil
məktəblərindəki şagirdlərin 8 faizə yaxını öz təhsilini xarici dillərdə almış-
dır. Bu qrupa ilk növbədə Azərbaycan Respublikasının polietnik əhalisinin
nümayəndələrinin, o cümlədən etnik rus (1,3%), etnik gürcü (0,1%) və etnik
türk (0,4%) (19) ailələrinin övladları daxildir.
Eyni zamanda etnik azərbaycanlılar da təlim dili rus, ingilis və türk dilləri
olan ümumtəhsil məktəblərində öz təhsilini davam etdirirlər. Bu, əsasən onların
valideynlərinin seçimi ilə əlaqələndirilir və fərz edilir ki, qloballaşma şəraitində
gənc nəslin xarici dilləri daha yaxşı bilməsi onun əmək bazarında rəqabətə
daha davamlı olmasına imkan yaradacaqdır.
Şübhəsiz ki, bu gün Azərbaycanda xarici dillərdən sərbəst istifadə etməyi ba-
caran yüksək səviyyəli peşəkar mütəxəssislərə böyük ehtiyac vardır. Dövlət bu
məsələyə ciddi diqqət verir və ölkənin ümumtəhsil məktəblərində və ali təhsil
müəssisələrində müxtəlif xarici dillər mütəmadi olaraq tədris edilir. Belə ki,
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına əsasən, 2013-2014-
cü tədris ilində ümumtəhsil məktəblərinin 87,05%-ində (3651 məktəb) ingilis dili,
54,65%-ində (2292 məktəb) rus dili, 7,63%-ində (320 məktəb) fransız dili, 5,39%-
ində (226 məktəb) alman dili, 0,33%-ində (14 məktəb) ərəb dili, 0,24%-ində
(10 məktəb) türk dili və 0,12%-ində (5 məktəb) fars dili tədris edilmişdir [20].
Azərbaycanda bir neçə pilot məktəblərdə ingilis və rus dillərinin eyni zamanda
intensiv öyrənilməsi ilə bağlı layihələr də həyata keçirilmişdir [21].
Ölkənin ali təhsil müəssisələrində də təhsil Azərbaycan dili ilə yanaşı, xari-
ci dillərdə aparılır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına
Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin
məlumatına əsasən, 2013-
2014-cü tədris ilində
ümumtəhsil məktəblərinin
şagirdlərinin 92.73%-i
(1197761 nəfər) öz təhsilini
Azərbaycan dilində, 7.04%-i
(90896) rus dilində, 0,10 %-i
(1261 nəfər) ingilis dilində,
0,09 %-i gürcü (1196 nəfər)
dilində və 0,04 %-i (520
nəfər) türk dilində almışdır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
48
əsasən, 2013-2014-cü tədris ilində baka-
lavr təhsil pilləsi üzrə tələbələrin 11,77%-i
(15791 tələbə) rus dilində, 4,12 %-i (5533
nəfər) ingilis dilində və 0,32% (424 tələbə)
türk dilində, magistr təhsil pilləsi üzrə isə
tələbələrin 9.93%-i (1095 tələbə) rus dilində,
8.02%-i (884 tələbə) ingilis dilində və 0,43%-
i (47 tələbə) türk dilində təhsil almışlar [20].
Xüsusi olaraq qeyd edilməlidir ki,
Azərbaycan Respublikasının Prezidenti İl-
ham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090
saylı sərəncamı ilə təsdiq edilmiş “2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xa-
rici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində 5000 nəfər azərbaycanlı gəncin
öz təhsilini Azərbaycan Respublikası üçün
prioritet istiqamətlər üzrə dünyanın müxtəlif
ali təhsil müəssisələrində davam etdirməsi
nəzərdə tutulmuşdur. Azərbaycan Respub-
likasının Təhsil Nazirliyinin məlumatına
əsasən, hal-hazırda 2286 tələbə bu proqram
çərçivəsində xaricdə təhsil alır, 821 nəfər isə
bu proqramın məzunudur [22]. Maraqlıdır
ki, Birləşmiş Krallıqda fəaliyyət göstərən
universitetlər azərbaycanlı gənclər arasında
öz populyarlığı ilə seçilir. Belə ki, bu proq-
ram çərçivəsində ən çox təhsil alınan beş
ölkədən ibarət siyahıya Birləşmiş Krallıq
(902 nəfər) başçılıq edir. Ondan sonra siyahıda Türkiyə (662 nəfər), Almani-
ya (427 nəfər), Kanada (221 nəfər) və Niderland Krallığı (144 nəfər) gəlir [22].
Beləliklə, tələbələrin əksəriyyətinin ingilisdilli ölkələrdə təhsil almağa üstünlük
verdiyi müşahidə olunur.
Azərbaycanda fəaliyyət göstərən “British Council” təşkilatının da bu
məsələdə müəyyən töhfəsi vardır. 1993-cü ildən Azərbaycanda fəaliyyət
göstərən bu təşkilat ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində
yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilmiş-
dir və onun əsas hədəflərindən biri ingilis dili bacarıqlarının inkişaf etdirilməsi
və beynəlxalq miqyasda tanınan imtahanların təmin olunmasıdır [23].
Vətəndaş Təşəbbüsləri Mərkəzi tərəfindən keçirilmiş sorğuya əsasən, ingilis
dili Azərbaycanda xarici dil kursları çərçivəsində öyrənilən ən populyar xarici
dil hesab edilir [24]. Məhz Azərbaycan hökumətinin apardığı fəal xarici siyasət
nəticəsində son iyirmi il ərzində Xəzər hövzəsindəki qaz və neft yataqlarının
istismarı ilə bağlı dünyanın aparıcı şirkətlərinin Azərbaycandakı fəaliyyəti, dün-
yanın mötəbər mədəniyyət və idman tədbirlərinin, o cümlədən “Avroviziya”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
16 aprel 2007-ci il tarixli 2090
saylı sərəncamı ilə təsdiq
edilmiş “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı” çərçivəsində
5000 nəfər azərbaycanlı
gəncin öz təhsilini
Azərbaycan Respublikası
üçün prioritet istiqamətlər
üzrə dünyanın müxtəlif
ali təhsil müəssislərində
davam etdirməsi nəzərdə
tutulmuşdur. Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinin məlumatına
əsasən, hal-hazırda
2286 tələbə bu proqram
çərçivəsində xaricdə təhsil alır,
821 nəfər isə bu proqramın
məzunudur.
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
49
Mahnı Müsabiqəsinin (ing. Eurovision Song Contest, fr. Concours Eurovision
de la Chanson) (2012), Birinci Avropa Oyunlarının (2015) və s. Azərbaycanda
keçirilməsi ingilis dilinin qlobal lingua franca kimi Azərbaycanın dil məkanında
daha geniş istifadə edilməsinə və onun öyrənilməsi ilə əlaqədar marağın art-
masına da səbəb ola bilər.
Bu baxımdan maraqlı haldır ki, bakalavr təhsil pilləsi üzrə “Xarici dil
müəllimliyi ixtisası” üzrə təhsil alan tələbələrin dörddə üçü ingilis dili üzrə ix-
tisaslaşır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına əsasən,
2013-2014-cü tədris ilində bakalavr pilləsi üzrə “Xarici dil müəllimliyi ixtisası”
üzrə ali təhsil alan 7180 tələbənin 76%-i (5459 nəfər) ingilis dili, 10,7%-i (767
nəfər) rus dili, 7,4%-i ( 533 nəfər) fransız dili, 4,6%-i (333 nəfər) alman dili,
0,5%-i (33 nəfər) ərəb dili və 0,8 %-i (55 nəfər) türk dili üzrə ixtisaslaşmışdır
[20].
Digər tərəfdən, Azərbaycanda “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası
üzrə əsas ali təhsil müəssisəsi hesab edilən və Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov
adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yara-
dılmış Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin məlumatına əsasən, 2013-2014-cü tədris ilində bu ali təhsil
müəssisəsində bakalavr təhsil pilləsi üzrə “Rus dili və ədəbiyyatı müəllimliyi”
ixtisası üzrə 433 tələbə təhsil almışdır [20]. Bu Universitetdə həmçinin Rusi-
ya Tədris-Mədəniyyət Mərkəzi (“Moskva auditoriyası”) 2002-ci ildən fəaliyyət
göstərir. O, Moskva hökumətinin və Rusiya Federasiyasının Azərbaycandakı
səfirliyinin köməyi ilə yaradılmışdır [25].
Eyni zamanda “Rus dünyası” Fondu tərəfindən 2008-ci ilin noyabrında
Bakı Dövlət Universitetində (BDU) də Rus Mərkəzi yaradılmışdır. Bu Mərkəzin
məqsədi “rus dili və mədəniyyətini təbliğ etmək, xaricdə rus dilinin tədris olun-
ması proqramlarını dəstəkləmək, mədəniyyətlərarası dialoqun inkişafı və xalq-
lararası qarşılıqlı anlaşmanın güclənməsi istiqamətində müxtəlif fəaliyyətlərə
imza atmaqdır”[26].
Azərbaycanda “Filoloq. Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə
mütəxəssislər hazırlayan daha bir ali təhsil müəssisəsi M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialıdır. Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyevin 15 yanvar 2008-ci il 2621 saylı qərarı və Moskva Dövlət
Universitetinin rektorunun 25 sentyabr 2007-ci il tarixli əmri ilə yaradılmış bu
ali təhsil müəssisəsində hal-hazırda beş fakültə - filologiya, tətbiqi riyaziyyat,
kimya, psixologiya və iqtisadiyyat fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində
universitetə daxil olmuş 105 abituriyentdən 30 nəfəri filologiya, 21 nəfəri kim-
ya, 16 nəfəri tətbiqi riyaziyyat, 25 nəfəri iqtisadiyyat və 13 nəfəri psixologiya
fakültələrində təhsil alır [27].
Eyni zamanda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin məlumatına
əsasən, 1 fevral 2002-ci il tarixində imzalanmış hökumətlərarası müqavilələr
çərçivəsində 2014-cü ilin iyununda RF-nin ali təhsil müəssisələrində də 205
azərbaycanlı tələbə təhsil almışdır (onlardan 102 nəfər bakalavr təhsil pilləsi
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
50
üzrə, 1 nəfər magistr təhsil pilləsi üzrə, 2 nəfər aspirantura və 100 nəfər
mütəxəssis), 292 məzun isə öz təhsilini artıq başa vurmuşdur [20].
Beləliklə, beynəlxalq dillər olan ingilis və rus dilləri Azərbaycanın dil
məkanında öyrənilməklə bərabər, eləcə də müvafiq olaraq istifadə edilir. La-
kin qlobal lingua franca olan ingilis dilinin Azərbaycandakı populyarlığına
baxmayaraq, əhalinin bu dil ilə bağlı bilik səviyyəsi və ondan ictimai həyatda
istifadəetmə bacarıqları SSRİ dövründə böyük nüfuza malik olan rus dili ilə
müqayisədə hələlik zəifdir.
2009-ci ildə Azərbaycan Respublikasında keçirilmiş siyahıyaalınmaya əsasən,
rus dilini mükəmməl bilən Azərbaycan vətəndaşlarının sayı ingilis dilini bilənlərə
nisbətən 9,5 dəfə daha çoxdur [28]. Məhz buna görə də rus dilinin Azərbaycanın
informasiya məkanındakı hazırkı mövqeyi hələlik çox güclüdür. Buna misal ola-
raq əhalinin rusdilli televiziya kanallarından və rus dilində fəaliyyət göstərən in-
ternet resurslarından istifadə etməsi ilə bağlı trendləri təhlil etmək kifayətdir.
Məlumdur ki, Azərbaycan Respublikasında milli tezliklərdə xarici televiziya
kanallarının birbaşa yayımlanmasına normativ hüquqi məhdudiyyətlər qoyul-
masına baxmayaraq, xarici dildə yayımlanan televiziya kanallarını peyk ante-
naları və ya kabel televiziya şəbəkələrinin xidmətləri vasitəsilə izləmək olar.
Məsələn, Azərbaycanda “BB TV Kommunikeyşn” MMC və “Connect” şirkətləri
radio və televiziya kanallarının rəqəmsal efir-kabel yayım fəaliyyəti ilə məşğul
olurlar. Hər iki şirkətin standart paketində rus, ingilis və türk dillərində olan
televiziya kanalları əks edilmişdir. Əgər “BB TV Kommunikeyşn” MMC şirkətinin
əsas paketində rusdilli kanalların payı 44%, ingilisdilli kanalların payı 12% və
türkdilli kanalların payı 16%-dirsə [29], “Connect” şirkətinin standart paketində
rusdilli kanalların payı 55%, ingilisdilli kanalların payı 19%, türkdilli kanalların
payı isə 14%-dir [30]. Beləliklə, hər iki şirkət tərəfindən yayımlanan rusdilli ka-
nalların sayı ingilis və türkdilli kanallara nisbətən üstünlük təşkil edir.
Azərbaycanda rus dilində fəaliyyət göstərən internet resursları da ingilis
dilində olanlara nisbətən daha populyardır. Məsələn, internet statistikası üzrə
ixtisaslaşan “Alexa” şirkətinin məlumatlarına əsasən, Azərbaycanda 20 ən po-
pulyar internet resursunun siyahısına daimi olaraq rus dilində və ya rus dili
versiyası olan Azərbaycan xəbərlər portalları daxildir [31].
Beləliklə, Azərbaycanın dil məkanında beynəlxalq dillər olan ingilis və rus
dilləri əhalinin müxtəlif qrupları tərəfindən uğurla istifadə edilir. Hər iki di-
lin öyrənilməsi və işlədilməsi üçün bütün imkanlar vardır. Eyni zamanda po-
pulyarlıq baxımından rus dilinin ingilis dilindən geri qalmasına baxmayaraq,
Azərbaycanda onun mövqeyi hələlik güclüdür və bu, hələ sovet dövründən rus
dilinin Azərbaycanın orta və ali təhsil müəssisələrində ikinci dil kimi öyrənilməsi
və istifadə edilməsi ilə izah edilə bilər.
2. Sabahın regional lingua franca axtarışında – ortaq türk dili?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi
“Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir. Bəlkə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
51
də, dünyada ikinci belə ölkələr tapmaq
çətindir ki, bir-birinə bu qədər bağlı olsun,
bir-birinə bu qədər dəstək versin” [32]. Dərin
ortaq tarixi köklərlə, oxşar mədəniyyət və
dillərlə səciyyələnən bu iki xalq bu gün ge-
osiyasi, geoiqtisadi və geostrateji baxımdan
biri-birini tamamlayır, beynəlxalq səviyyədə
keçirilən müxtəlif forum və toplantılarda,
beynəlxalq təşkilat və layihələrdə bir-birini
daim dəstəkləyir.
Anadolu türkcəsi və Azərbaycan türkcəsi
kimi adlandırılan türk və Azərbaycan
dilləri daha geniş bir türk coğrafiyasında
məskunlaşmış türkdilli xalqların dilləri ilə
eyni bir tarixi kökə mənsubdur. Bu gün türk-
dilli xalqları bir-birinə daha da yaxınlaşdır-
maq və onların ünsiyyətini asanlaşdırmaq
məqsədilə millətlərarası ünsiyyət vasitəsi
kimi ortaq türk dilinin yaradılması ətrafında
müzakirələr davam etməkdədir. Son məqsəd kimi belə bir regional lingua
franca yaradılarsa, o gələcəkdə BMT-də və digər beynəlxalq təşkilatlarda
beynəlxalq dil kimi rəsmi və ya işçi status da əldə edə bilər.
Bu kontekstdə millət vəkili Q.Paşayevanın fikrincə, “türkdilli ölkələrin real bir-
liyinin yaradılması baxımından mövcud mexanizmlər çərçivəsində ortaq dildən
istifadə olunması vacib amil kimi ön plana çıxır. Əvvəllər türkdilli dövlətlər ara-
sında keçirilən zirvə görüşlərində və yüksək səviyyəli digər toplantılarda əksər
hallarda rus dilindən istifadə olunsa da, TürkPA-nın İstanbul toplantısında hər
bir dövlətin nümayəndəsi ana dilində danışır, bu çıxışlar sinxron tərcümə edilirdi.
Bu həm türklərin bir-birlərini daha yaxından başa düşməsi üçün geniş imkanlar
açır, həm də hər bir türkdilli dövlətin özünəməxsusluğunu toplantı iştirakçılarına
çatdırmağa imkan verir. Bu mənada, türkdilli ölkələrin gələcəkdə vahid dildə da-
nışması ideyasının reallaşması istisna edilməməlidir” [33, s.59].
Lakin bu məsələ ilə bağlı hələlik müəyyən bir fikir müxtəlifliyi hökm
sürməkdədir, konkret olaraq “türk xalqlarının hamısı yekdilliklə birliyin vacib-
liyini qeyd etsələr də, söz ortaq türkcəyə gəldikdə, hər biri ya öz dilini, ya da
türk dilləri əsasında yeni bir dilin yaranmasını təklif edir” [34, s.66]. Eyni za-
manda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri
N.Cəfərov tərəfindən Türkiyə türkcəsinin ortaq türk dili kimi qəbul edilməsi
təklif etmişdir. Onun fikrincə, Türkiyə türkcəsi bu gün “artıq ortaq ünsiyyətdə
də istifadə edilir. Eyni zamanda bu türkcə digər türk dillərinin hesabına
zənginləşir” [35].
Beləliklə, türkdilli dövlətlərin və xalqların bir-biri ilə yaxın gələcəkdə hansı
lingua franca vasitəsilə ünsiyyət yaradacaqları hələlik bir qədər müəmmalı gö-
Bu gün türkdilli xalqları
bir-birinə daha da
yaxınlaşdırmaq və onların
ünsiyyətini asanlaşdırmaq
məqsədilə millətlərarası
ünsiyyət vasitəsi kimi ortaq
türk dilinin yaradılması
ətrafında müzakirələr davam
etməkdədir. Son məqsəd kimi
belə bir regional lingua franca
yaradılarsa, o, gələcəkdə
BMT-də və digər beynəlxalq
təşkilatlarda beynəlxalq dil
kimi rəsmi və ya işçi status da
əldə edə bilər.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
52
rünür, lakin hamını birləşdirən regional millətlərarası ünsiyyət vasitəsinə ehti-
yacın olduğu getdikcə daha çox duyulmaqdadır.
Nəticə
Bu gün Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanın prioritet
vəzifələrindən biri də neft və qaz resurslarının əlverişli istifadə edilməsinə
arxalanaraq, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət həyata
keçirməklə ölkənin beynəlxalq səviyyədə səmərəli əməkdaşlığa açıq olması-
na imkanlar yaratmaqdır. Bu siyasətin vacib hissəsi kimi Azərbaycanın müxtəlif
mədəni və tarixi irsə, böyük turizm potensialına, biznes üçün əlverişli şəraitə,
tolerantlıq və qonaqpərvərlik ənənələrinə malik bir ölkə kimi dünya miqyasın-
da müsbət imicinin formalaşdırılmasıdır.
Bu vəzifənin həyata keçirilməsində gənc nəslin üzərinə böyük məsuliyyət
düşür. Onların əksəriyyətinin gələcəkdə dövlət dili olan Azərbaycan dili ilə
yanaşı ən azı iki beynəlxalq dildə dünya miqyasında ünsiyyət aparması və
fəaliyyət göstərməsi üçün ölkədə uzunmüddətli dil və təhsil siyasəti həyata
keçirilməlidir.
Eyni zamanda xarici dil bilikləri bu baxımdan hər hansı bir xarici dövlətin po-
tensial təsir vasitəsi kimi deyil, əksinə Azərbaycan vətəndaşlarının əhəmiyyətli
bir üstünlüyü kimi qiymətləndirilməlidir. Məhz bu xarici dillər azərbaycanlı
gənclərin müasir dünyaya asanlıqla inteqrasiya etməsinə, digər ölkələrdən
olan həmyaşıdları ilə qlobal və regional əmək bazarlarında layiqincə rəqabət
aparmasına imkan yaradır ki, bu da öz növbəsində Azərbaycanın gələcək inki-
şafını təmin edən vacib şərtlərdən biridir.
İstifadə edilmiş ədəbiyyat:
1. Lingua franca (italyan dilində lingua franca — frank dili deməkdir) müxtəlif etnosla-
rın nümayəndələrinin bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri dil. Bu ifadə
vaxtilə Aralıq dənizi regionunda yaşayan xalqların bir-biri ilə danışdıqları qarışıq bir
dilə aid edilirdi.
2. Major World Languages. In: Encyclopedia of Bilingualism and Bilingual Education.
Edited by Colin Baker and Sylvia Prys Jones, Multilingual Matters, 1998, p. 301-307.
http://books.google.com.au/books?id=YgtSqB9oqDIC&printsec=frontcover&sourc
e=gbs_v2_summary_r&cad=0#v=onepage&q&f=false
3. BMT-nin Dag Hammarskjöld kitabxanasının rəsmi internet səhifəsi:
http://ask.un.org/faq/14463
4. Huntington S. The Clash of Civilizations and the Remaking of World Order, New
York: Simon and Schuster, 1996.
5. Böyük Britaniya Konsulluğunun rəsmi internet səhifəsi:
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
Dostları ilə paylaş: |