Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
243
Eksperimentdə statist cəlb olunmaqla əsl nəqliyyat vasitəsindən
və ya eyni markalı avtomaşından istifadə olunur. Nəqliyyat
travmasının növündən asılı olaraq statist hadisə şahidlərinin
ifadələrinə uyğun maşına yerləşdirilir ya da onunla yanaşı durur.
Əsas xəsarətlərin yerləşdiyi nahiyələr statistin paltarında işarələrlə
qeyd edilir. Zərərçəkənin bədənindəki xəsarətlərin lokalizasiyasını,
qüvvənin tətbiq nöqtələri, nəqliyyat vasitəsinin zədələri və
konstruktiv xüsusiyyətləri ilə tutuşdurub, eksperimentdə bu və ya
digər variantın ehtimalı müəyyən edilir. Nəticələrin
qiymətləndirilməsi çox vaxt kompleks məhkəmə-tibbi və avtotexniki
ekspertizanın keçirilməsini tələb edir.
Piyadanın bədənində hərəkətdə olan avtomaşınla toqquşma
nəticəsində törənmiş xəsarətlərə aid eksperiment metodikası
L.M.Fridman (1970) tərəfindən hazırlanmışdır. Maneken və
statistlərdən istifadə etməklə müxtəlif avtomobil növləri və traktor
travmalarında yol-nəqliyyat hadisələrinin şəraitlərini dəqiqləşdirmək
üçün istintaq eksperimentinin müvəffəqiyyətlə keçirilməsinə dair
nümunələr və tövsiyələr M.İ.Avdeyev (1976), A.A.Soloxin (1983),
V.L.Popov (1991), Ş.A.Səlimxanov (1992), Ş.M.Musayev (1999,
2000) və başqa alimlərin işlərində göstərilmişdir.
Çoxsaylı, uyğunlaşdırılmış və kombinə edilmiş xəsarətlər olan
bütün hallarda ayrı-ayrı təsirlərin ardıcıllığı və ölümün baş
verməsində onların rolu məsələsini həll etmək üçün, eksperiment
gedişində onun iştirakçılarından həyatın davam etməsini göstərən hər
bir tibbi məlumat, əsas həyatı funksiyaların sönmə ardıcıllığı və sürəti
- zərərçəkənin müstəqil hərəkətlər etməsi və hərəkətlərin həcmi,
tənəffüsün xarici əlamətlərinin, yerişin, hərəkət aktivliyinin və
reaksiya tezliyinin dəyişilməsi, qıcolma tutmalarının, qeyri-iradi sidik
və defekasiyanın, qusmanın, dərinin rəngində dəyişiklik baş verməsi,
qanaxmanın xarakteri və mənbəyi soruşulub dəqiqləşdirilir.
Hadisə yerinə baxış keçirilərkən və onu yenidən qurarkən,
hadisənin öz prosesində və ya ondan sonra (meyitə baxarkən, yerini
dəyişdirərkən) ətraf mühit əşyaları təsirindən təsadüfi, əlavə
xəsarətlərin yaranması mümkünlüyünə diqqət yetirilməlidir.
|