Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
255
Eksperiment obyekti öz bioloji xarakteristikaları və ölçüləri ilə
ölmüş şəxsin bədəninə yaxın olmalı, eksperiment keçirildiyi yer və
şərtləri (şəraiti) isə konkret işin şərtləri ilə dəqiq uyğunlaşmalıdır.
Məlumdur ki, meyitdə paltarların yerləşmə xüsusiyyətləri dolayı
yolla ölümün mümkün ola bilən səbəbini göstərə bilər (məsələn,
seksual). Bununla bərabər, paltar müxtəlif amillərin təsiri altında –
təbiət hadisələrinin, entomofaunanın və heyvanların fəaliyyəti
nəticəsində zədələnə və yerini dəyişə bilər.
İstintaq və məhkəmə-tibbi ekspertiza qarşısında qoyulan konkret
məsələlərdən asılı olaraq, orqanizmə digər fiziki amillərin -
barometrik, akustik, optik, radioaktiv təsirini modelləşdirmək
mümkündür. Yönəldilmiş işıqla insanın qısamüddətli görmə
qabiliyyətinin pozulması barədə ifadələrin yoxlanılması üzrə
eksperimenti keçirmək olar. (məsələn, qarşından gələn avtomaşının
faralarının işığı və s.).
Hər hansı hadisənin, faktın və ya təzahürün müəyyən şəxs
tərəfindən duyğu orqanları ilə qavraması mümkünlüyünün təyini
üzrə eksperiment müvafiq ifadələrin düzgünlüyünü qiymətləndirmək
üçün keçirilir. İnsanın müəyyən şəraitlərdə görmə, eşitmə və ya hiss
etmə qabiliyyətini yoxlamaq olar. İstintaq praktikasında bu kifayət
qədər yayılmış eksperiment növüdür. Onun aparılmasına məhkəmə
həkimi tez-tez cəlb edilmir. Çox vaxt onun rolu müstəntiqə məsləhət
verməklə məhdudlaşır. İstintaq hərəkətinin hazırlıq mərhələsində
mütəxəssis müvafiq şəxsi müayinə edir, onun dindirilməsində iştirak
edir və ya statistin seçilməsində və təcrübənin keçirilməsinin mütləq
şərtlərini düzgün təyin etməkdə müstəntiqə kömək edir. İnsanın təsvir
etdiyi hadisəni görə bilməsini yoxlamaq üçün ilkin dindirmə
prosesində şəxsin hər hansı bir xəstəliyə, görmə pozğunluğuna düçar
olmasını, müşahidə anında eynəkdən, kontakt linzasından və ya digər
optik cihazlardan istifadə etməsini, hansı məsafədən və hansı şəraitdə
(hava və digər) müşahidə etməsini aydınlaşdırmaq vacibdir.
Eksperimentdə bütün bu şərtlərə dindirilənin onları təsvir etdiyi kimi
riayət olunmalı, mütəxəssis isə bunların yerinə yetirilməsini
izləməlidir.
|