Şakir Musayev
312
Müstəntiqin icazəsi ilə məhkəmə həkimi tanıyan şəxsə istintaq
hərəkətinə dair suallar verə, ondan xüsusi əlamətlərin yerləşməsi,
travma, xəstəliklər barəsində verdiyi ifadəsini dəqiqləşdirməyi xahiş
edə bilər, yönəldici suallara yol vermək olmaz. Əgər tanıyan şəxs
ona təqdim olunan meyitdə konkret şəxsi tanıdığını söyləyirsə, bu
zaman ona bir daha hansı əlamət və xüsusiyyətlərinə görə meyiti
tanıdığı barədə izahat verməsi təklif olunur.
Bir çox bioloji identifikasiya əlamətləri şərti davamlıdır. Onlar
vaxt və yaşla əlaqədar, ölümdən sonrakı proseslər, zədələnmələr,
meyitin qaldığı şərait (yüksək və aşağı temperatura, su) və digər
hallarla bağlı dəyişilə bilər. Buna görə də məhkəmə təbabəti
sahəsində mütəxəssisin bir vəzifəsi də identifikasiya əlamətlərinin
davamlılığı, dəyişkənliyi, onların populyasiyada yayılması, müəyyən
yığımda unikallığı barəsində müstəntiqə ətraflı məlumat verməkdir.
Əgər tanınmaya təqdim etmə meyitin müayinəsinə qədər
aparılırsa, tanınmanın nəticələrini nəzərə almaqla ekspertizanın planı
dəqiqləşdirilir. Əlavə və laborator müayinələrinin sayı, ardıcıllığı,
meyitdən götürüləcək toxuma və hissələrin sayı, saxlama müddətləri,
identifikasiya üçün hansı əlavə materialların tələb olunması
müəyyənləşdirilir. Tanınma fotoşəkil və videoyazıya görə olunursa,
nəticənin obyektiv olması üçün onlar xarici əlamətləri oxşar olan
(bədən quruluşu, yaşı, boyun uzunluğu, sifətin forması, tüklərin
rəngi, cinsi) digər meyitlərin təsviri ilə təqdim olunur. Təsvirlərin
toplanmasında məhkəmə həkimi müstəntiqə kömək edə bilər. Qanuna
görə təsvirlərin sayı üçdən az olmamalıdır. Obyektlərin hədsiz çox
olması tanıyanın diqqətini yayındırar və nəticədə tanınmaya mənfi
təsir göstərə bilər. Meyitlərin şəxsiyyətinin təyin olunmasında video
və fototəsvirlərin səmərəliliyi təcrübədə təsdiq olunmuşdur. Bu
texniki vasitələrdən ekspertin gündəlik işində də istifadə etmək olar.
Şəkil miqyasla çəkilir və o, fiksə olunan detalları örtməməlidir.
Apparatın optik oxu obyektin səthinə perpendikulyar qoyulur. Ardıcıl
olaraq meyitin ümumi görkəmi (paltarda və paltarsız, meyit tualetinə
qədər və sonra), siqnalitik çəkilişə müvafiq başın görünüşü, xüsusi
əlamətlər çəkilir. Bu zaman işıq bərabər düşməli, kölgələr
olmamalıdır.
|