Maddə 267. Əlavə və təkrar ekspertiza
267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya
tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları
yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan
qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə
ekspertiza aparılır.
267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə
doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-
mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual
qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır.
Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın
aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat
zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.
267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki
ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir.
Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq
edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.
Dostları ilə paylaş: |