Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
63
Hüquqi yardımın göstərilməsi üçün əsas, rəsmi sorğu və ya
tapşırıqdır. Sorğunun və ya tapşırığın məzmunu və forması müvafiq
müqavilələrlə müəyyən edilmişdir.
Hüquqi proseduralara uyğun olaraq, sorğunun göndərilməsinin,
alınmasının və icra olunmasının təşkilini mərkəzi orqan yerinə yetirir
ki, hər bir dövlətdə bu orqan sərbəst müəyyən edilir. Mərkəzi orqan
funksiyasını adətən Ədliyyə Nazirliyi və Baş Prokurorluq icra edir.
Əgər sorğulanan mərkəzi orqan tapşırığın icrasına səlahiyyətli
deyilsə, onu səlahiyyətli idarəyə göndərir (məsələn, məhkəmə-tibbi
ekspertiza idarəsinə) və bu barədə sorğu edən tərəfi məlumatlandırır.
Azərbaycan Respublikasının vətəndaşı olan ekspert, onun razılığı
ilə digər ölkələrin ərazisində icraatında cinayət işi olan vəzifəli şəxs
tərəfindən prosessual hərəkətlərdə iştirak etməsi üçün çağırıla bilər.
Müqavilə tərəfinin birinin ərazisində yaşayan ekspertin, digər
müqavilə tərəfinin müvafiq icra müəssisəsinə çağırılması zamanı,
çağırışa gedilməməsi hallarında məcburiyyət vasitələrinin tətbiqi
təhlükəsi olmamalıdır. Çağırış, sorğu edilən tərəfin mərkəzi orqanının
vasitəçiliyi ilə ekspertə təqdim olunur. Digər ölkə ərazisinə çağırışa
getmə zəruridirsə, ekspertin şəxsi təhlükəsizliyi barədə müəyyən
təminatlar nəzərdə tutulmalıdır. Çağırışa könüllü gəlmiş ekspert
vətəndaşlığından asılı olmayaraq digər ölkənin ərazisində dövlət
sərhədini keçənə qədər törətdiyi əmələ görə cəzaya, cinayət və
inzibati məsuliyyətə cəlb edilə bilməz, qarovul altına alına bilməz. O,
həmçinin cinayət işi üzrə ekspert kimi verdiyi rəylə və ifadəylə bağlı
məsuliyyətə cəlb edilə bilməz, qarovul altına alına və cəzaya məruz
qala bilməz. Bir tərəfli sorğu ilə ekspert sorğu edilən tərəfin
səlahiyyətli orqanı tərəfindən dindirilə bilər.
Ekspertin məsrəfləri və qonorarların ödənilməsi xərclərini hər iki
müqavilə tərəfinin yurisdiksiyası çərçivəsində sorğu edən tərəf çəkir.
Ekspertə sorğu edən dövlətə gedib-gəlmə, orada qalma xərcləri, işdən
ayrıldığı günlərdə almadığı əmək haqqı və ekspertizanın aparılmasına
görə mükafat verilir. Çağırışda ekspertin sorğunun icrası ilə əlaqədar
hansı haqları almaq hüququ göstərilməlidir.
|